Xəbərlər

Qutsal Ruhani “Səfər Günü” Mərasimi

Ocaq Günsırası ilə 27 Sərt Ayı, 41-ci ildə (dekabr, 2019) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ruhani Səfər Günü” Mərasimini keçirdi. Ocaq Quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Ocağımızın Səfər Günü olayı ilə bağlı (fakt olaraq) bir neçə söz deyim. Biz həmişə çıxış edirik, söz deyirik, Ocağın arxivi sabah dəqiq olmalıdır, dəqiq bilinməlidir. Bəlgə olaraq ortada olmalıdır. İlk yol Ocağın xalqın içinə səfər eləməsi bu ayda baş verib. Bu o vaxt idi, hələ Ocaq yeni-yeni yaranmışdı, olduqca gərgin dönəm yaşayırdı. Hər şeyin yasaq olduğu bir dönəm idi. Xalqın içində milli söz, insani söz demək yasaq idi. Ancaq bu söz deyilməli idi. Hansısa nöqtədən Asif Ata işini başlamalı idi. Tərpətməli idi. Bunun üçün də xalqın içində olmaq gərəkirdi. Xalqın içində olmaq, söz demək, Ocağın ideallarını tanıtmaq, Ocağın ideyalarını öyrətmək, bu ideyalara çağırmaq. Xalqın içinə Ocaqçının səfəri qutsal bir olay kimi dəyərləndirildi, Atanın özü onu mərasim kimi Ocaq tarixinə yazdı. O çağdan bu çağa kimi 27 Sərt Ayını Ocağın Ruhani Səfər Günü mərasimi kimi gerçəkləşdiririk. Bizdən sonra da davam edəcək. Ocağın mahiyyətini ifadə eləyən, tarixini bildirən günlər var, Ocaq mərasimləri kimi qalır. Ocaq mərasiminə, bilirsiniz, qaçılmaz olanda qıraq adam qatılır. Yadınıza gəlirsə, Ocağın mərasiminə bir fotoqraf gəlirdi. Asif Ataya deyəndə düşündü, dedi, “Bizə bu gərəkdir, tarix üçün. Ona görə bu istisnaları gözə almaq olar. Ancaq Ocağın mərasimləri Ocaqçılar üçündür”. Eyni halda, ona belə bir söz də artırdı, dedi, Ocaq böyük bir məktəbdir. Bu məktəbi yaradanlar var. Bu məktəbin ləyaqətiylə yaşayanlar var, onu yaşadanlar var. Ona görə mərasimlərdə olmağı ancaq Ocaqçlar haqq edir. Ata İnsana İnam Ocağı yaradıb. Ancaq hər şeyin qabağına bir bərabərlik işarəsi də qoymur. Mən heç bir vaxt ayrı-seçkilik eləmərəm. Ancaq mənim üçün Ocaqçı ilə Ocaqçı olmayanın fərqi yoxdursa, heç İnsanlıq gərək deyil. Bu fərq özü yaranır. Sən bəşər övladı – içinlə, kimliyinlə, mənəviyyatınla toplumdan ayrılırsan. Özün toplumdan ayrılıb üstün keyfiyyətlərə çatırsan. Ondan üstünlüyə qalxırsan. Mən süni şəkildə səni qaldırıb yuxarı qoymuram. Sən mənəviyyat dünyası yaratmısan içində. Ancaq öz millətinə üstdən aşağı baxmırsan, – sən kütlədən üstün olsan da.

Heyvani yaşayanla insani yaşayan eyni deyil. Onlar arasında bərabərlik işarəsi qoymaq mümkün deyil. Bu açıdan… Eyni halda, Asif Ataya qədər bir çox ruhaniyyat olayları olub. Onlar öz çağında qəbul olunmayıb. Yüz ildən sonra qəbul olunub. Öz çağında qəbul olunan İslamdır. İslamı da bilirsiniz, keçmişə üz tutmağın mənası yoxdur. Qılınc götürüb. Bu bədbəxtin başını yarıblar Məkkədə, gedib özünə qılınclı dəstə düzəldib, Məkkədən Mədinəyə gedişini müqəddəs gün elan edib… Bu ayrı qonudur. Tarixin ironiyasıdır. Dönə-dönə demişəm, dönə-dönə yazmışam, Məhəmməd heç yerdə insana yalvarmayıb, daşı ətəyindən tök, heyvanlıqdan uzaqlaş deməyib. İnsanlığa yaxınlaş, Allaha yaxınlaş. Ya qəbul eləməlisən, ya da boynunu vuracam deyib. Biz Ocaq olaraq, heç kimə həqiqətin gözəlliyini sırıya bilmərik. Əgər insan özü götürmürsə, götürmək istəmirsə, nəyisə ona vermək, onun iradəsini zorlamaq özü səfehlikdir. Həqiqəti zorla verməzlər. Sən hər yerdə öz sözünü deyirsən. Hər yerdə öz işini aparırsan. İçində həqiqətə ehtiyac duyan adam, gərək bilən adam sənin dediyinə gələcək. Ehtiyac duymayan olanaqlarını özüylə qəbrə aparacaq. Onu zorla necə gətirib adam yerinə qoya bilərsən. Necə ona zorla xeyir vermək olar? Mümkün deyil axı. Ruhaniyyatın işi zor deyil. Ruhaniyyat yüz illərdən sonra qəbul oluna bilər. Min illər yol gedə bilər. Ölçüyə çevrilər, yaşam ölçüsünə. İslamda variant yoxdur. Zorda  variant yoxdur, zorda inqilab var, üsyan var, qan var, qada var. Qan olan yerdə ruhaniyyat yoxdur. Qoy sənin çağırışın, işin gec qəbul olunsun. Qoy səndən sonra qəbul olunsun. Ancaq sənin haqqın yoxdur zor göstərəsən. Söz yox, biz bizdən qıraqdakıların hamısının bir gündə dönüb kamil insan olacağını vəd vermirik. Biz özümüz toplumun yaşadığı geriliyə bərabər yaşamaq istəmirik. Biz istəmirik heyvan kimi yaşayaq. Biz istəyirik insan kimi yaşayaq. Ömrümüzdə yalan olmasın, eybəcərlik olmasın, əyrilik olmasın… Biz bunu istəyirik, buna çalışırıq. Özümüzün yetdiyimizə, yetmək istədiyimizə də xalqı çağırırıq. Doğru olan budur, yaşamın ölçüsü budur. Bunu zorla verməzlər. Səndən qıraqda bunu gec götürürlər, tez götürürlər, götürə bilirlər, götürə bilmirlər, bu, ruhaniyyatçını əndişələndirməməlidir. Ruhaniyyatçının tarazlığını pozmamalıdır. Niyə pozmamalıdır? Sən öz yaşadığına, yaşamaq istədiyinə çağırırsan. Ancaq o, götürmək istəmir. Sən də durub onunla qovğa eləyirsən. Qovğa eləmək özü zordur, zorla verməkdir. Onun içini oyatmadan, düşündürmədən zorla verməkdir. Hədəf insanın içindəkini oyatmaqdır. Deyirik, İnsan özündə Mütləq gəzdirir, İnsanlıq adlı Məna gəzdirir. İnsanlıq adlı Mənanı baltayla oyatmazlar, sevgiylə oyadarlar. Ağlının gözünü açmaqla oyadarlar. Ona görə Ocaqçılıq böyük bir olaydır. Ancaq bu o anlama gəlmir ki, insanlar qəbul eləmir, biz də elə gözləyirik havaxtsa qəbul eləyəcəklər, elə deyil. Biz maksimum dərəcədə çalışırıq, haray çəkirik, söz deyirik. Min dəfə gedəcəyik bir yerə. Min dəfə deyəcəyik. Min bir dəfə də eşitməyəcəklər. Yenə deyəcəyik. Çünkü bizim dərk elədiyimiz həqiqət budur. İnsanlığın hikmətinin açarı budur. Hər yerdə, gözümüzün qabağında evlərimizin içində belə, insanlığın hikmətini öldürməyə çalışırlar. Hər yerdə. Bir qom adam İnsanlığın hikmətini hər yerdə qorumağa çalışır, nəylə? Yabayla, baltayla, dəhrəylə, yox, qutsal bir ömür yaratmaqla. Hər şey sənin çevrəndə cərəyan eləyir, heç nə sənin içinə girə bilməz. Çünkü həqiqət sənin içindən yayılır onun içinə. Sənin içində onun işığını heç kəs söndürə bilməz. Əgər səndə o iç varsa, o için sənin özündən yanırsa, səni heç kim söndürə bilməz. Ata ona görə deyir, İnsan dünyanın gözündən düşüb yaşaya bilər, öz gözündən düşüb yaşaya bilməz. Onun açarı budur. Öz gözündən düşmə. Öz içində qəti ol, möhkəm ol, əyilmə. Sənə qıraqdan daş atacaqlar, ağ deyəcəklər, qara deyəcəklər, nə deyəcəklər desinlər, gör sən özün özünə nə deyirsən, gör sən özün özünü necə tanıyırsan? Kimsən sən? Bircə dəfə sən özün özünə kim olduğunu deməlisən ki, o kimliyini dərk edib biləsən, o kimlik əsasında yaşayasan, qıraqdan hamı səni o cür görsün. Heç kim özündə əyrini, doğrunu görə bilmir, adi yaşam normalarına görə. Hamı başqasında görür əyrini, özündə görmür. Çünkü heç kim özünə baxmır, başqasına baxır. Özünə baxsa, özündəki əyrini görər. Asif Ata deyir, qayıt özünə bax. Özündəki əyrini gör ki, əyriylə döyüşə biləsən. Başqasındakı əyrini görüb də sən başqasındakı əyriylə döyüşə bilmirsən, başqasıyla döyüşürsən. Ondakı əyriylə döyüşə bilmirsən. Çünkü ondakı əyri ilə o özü döyüşə bilər. Mən həmişə vurğu eləmişəm, həmişə yazmışam da. Neçə illərdir yazıram. Mənimlə döyüşmək gərək deyil. Mən özüm özümü döyürəm. Mən özüm özümlə döyüşürəm. İnsan özüylə döyüşdüyü dərəcədə kamilləşir. İdrakı böyüyür, mənəviyyatı böyüyür, iradəsi böyüyür, şəxsiyyət olur, öyrətmən olur. Özünü döymək – özündəki balacanı döymək deməkdir. Başqasındakı balacanı döyə bilməzsən, sən gərək onunla qovğa edəsən. Sən niyə filan şeyi elədin?! O da deyir yaxşı elədim. İndi gəl sən Şəri ortadan götür. O özü özünə deməlidir, niyə edirsən. Nə qədər ki, insan özünü görmür, nə qədər ki, insan özüylə döyüşmür, onda ancaq heyvani instinktlər işləyəcək. Heyvani instinktlər də mühafizəkar instinktlərdir. Özünüqoruma instinktləridir. Özünüqoruma özündəki balacanı qorumağa yönəlir. Sən ona qıraqdan deyirsən filan şey əyridir, düz deyil, deyir əyri özünsən. Heç bir vaxt demir düz deyirsən. Yalnız böyük insanlar deyir düz deyirsən. Çünkü böyük insanlar öz içində yol keçir. Ancaq balaca insana deyərsən filan şey belədir, deyir get özünə bax. Ona görə atalar deyib: “öz gözündə tiri görmürsən, başqasının gözündə tük seçirsən”. Özünə baxmaq, özüylə döyüşmək – İnsanı yaratmaq üçün böyük oxuldur. İnsan nə qədər ki, olmaq istəmir, nə eləyirsən elə, heç nəyi düzəldə bilməyəcəksən. İnsanın da olmaq istəməsi üçün nə gərəkdir? Elə belə durub deyəcəksən yaxşı adam olmaq gərəkdir, o da deyəcək mən də bilirəm yaxşı adam olmaq gərəkdir. Sən ona öyrədəcəksən, sən içində Mütləq gəzdirirsən, bu Mütləqi dərk edib ona inanmaq gərəkdir. Onda düşünəcək. Asif Ata ona görə deyir: düşündük, daşındıq, Ocaqlaşmaq yolu tutduq. Ona görə deyir: “İnsanlaşın, İnsanlaşdırın, Bəşərin nicatı insanlaşmaqdadır”. İnsan əgər özünü görməyə başlayarsa, dönüş Yaranar.

Bizə qədər də tarixdə döyüşlər aparıblar. Onlar bizə örnək olublar. Həyatımız onlara görə bu günə kimi gəlib çıxıb. İnsan niyə mütləq heyvanlaşmır, çünkü hər dönəmdə, barmaq sayda olsa da, şərlə döyüşən var. Şər mayaya girə bilmir. Ona görə mən bununla bağlı yazmışam, din deyir xeyir də, şər Allahdandır. Ancaq Asif Atanın fəlsəfəsi deyir, Şər Mütləqdən ola bilməz. Əgər Şər Mütləqdən olarsa, onda yaşam var ola bilməz. Niyə ola bilməz? Bunun fəlsəfəsini biz izah edirik. Hər bi şeyin mayasında, özülündə gəlişmə deyilən bir şey var. Hər bir mayada xeyir var. Əgər mayada şər olsaydı, gəlişmə olmazdı. Həyatın özülündə, mayasında şər yoxdur. Gəlişmədə şər yox, xeyir var. Şər nədir?! – Bir var Mənadan oluşan olay, təzahür, bir var təzahürdən yaranan təzahür. Məsələn, insan adlanan varlıq İnsanlıq adlı mənanın oluşmasıdır, görsənişidir (təzahürüdür). İnsanın özünün əməlləri bu biçimin, yəni təzahürün elədikləridir. Təzahürdən yaranan təzahürlərdir. Təzahürdən yaranan təzahürlər əyri də ola bilər, düz də ola bilər. Şər də ola bilər, xeyir də ola bilər. Mənadan gəlmir şər. Mənadan gələ bilməz. Yəni belə deyək, Məna şər doğa bilməz. Ona görə Ata deyir, Şər Xeyirin yoxluğudur. Şərin öz mahiyyəti yoxdur. Bu bizə belə bir səbəb verir ki, dünya heç bir vaxt məhv olmayacaq. Çünkü dünyanın mayasında xeyir var. Böyük bir nikbinlik verir Asif Atanın dünyabaxışı bizə. Buna dayanıb da mən belə bir şey yazmışam (“Özümə suallar gündəliyi”mdən bir şey deyəcəm): Yeni dünyabaxışda yeni olan nədir? – Dünyanı Əzəli, Əbədi saymaqdır. Bizə qədər dünyanı ötəri, fani sayırlar. Dünyanı Əzəli, əbədi saymaq o deməkdir ki, əzəli, əbədi olan dünyada əbədi ömür yaratmaq gərəkdir. Gözəllikləri ömrə gətirmək gərəkdir. Yaşatmaq gərəkdir. Bəri başdan sən dünyaya fani deyirsən. Mən kamilləşə bilmərəm belə. Çünkü mənim ömrümə gətirmək istədiyim gözəlliklərin hamısı fani sayılır, heç sayılır. Hər şey solub gedəcək. Belə olan halda, mən necə inana bilərəm ki, əbədiyyət bağçasını becərməliyəm?! Ona görə də biz deyirik, dərk edirik, dünya fani deyil. Dünya əzəlidir, əbədidir. Əzəli, əbədi dünyada əbədiliyə çatacaq ömürlər yaranmalıdır. Gözəlliklər yaşamalıdır. Onda insanlıq hikmətini heç kim öldürə bilməyəcək. Onda evlərimizin içində bizə üsyan olmayacaq. Bu açarı insana vermək gərəkdir. Gözəlliyi ona vermək, ona daddırmaq gərəkdir…

Mərasimimizdə vurğu elədiyimiz bu məsələlər, xalqa anlatmaq istədiyimiz məsələlərdir. Asif Ata belə sual qoyur: Niyə din yoxdur, İnam var? Niyə peyğəmbər yoxdur, Ata var? Öyrədin deyir xalqa bunu. Niyə din yoxdur, İnam var?! – Çünkü olmalıda din yoxdur, əbədi sabahda din yoxdur, İnam var. Çünkü İnamda yalan yoxdur, əbədi sabahda da yalana yer yoxdur. Din də yalandır. Öyrədin ki, peyğəmbər yoxdur, Ata var. Çünkü peyğəmbər oyunbazdır. Atalıqda yalan yoxdur. Həqiqət odur ki, Əzəli, Əbədi olan var. Əzəli, Əbədi olana insan ömür verər. Fani olana insan ömür verməz. Neyləyirsən elə, min ildir müsəlmanı inandıra bilmirlər ki, Allah yaxşı şeydir. Niyə inandıra bilmirlər? Yəni inandıra bilmirlər nə deməkdir? Kim əməl eləyər ona? Yalana, cəfəngiyyata necə əməl eləsin?! Dünya fanidir deyə-deyə hər şeyi gözdən saldılar. 5 günlük dünyadır deyib, dünyanı tamam mənasızlaşdırıblar. Dünyanı mənasızlaşdırmaq insanın süqutudur. Ona görə Ata deyir, Allah yoxdur, Mütləq var. Səmavi dinlər Allahı uydurdular. Mütləq olanı oyuna çevirdilər. Mütləq olan, Əzəli, Əbədi olan Məhəmmədin, ya o birilərin dediyi kimi oyunbazlıq eləməz. Onların dinində Allah oyunbazlıq edir. Mütləq dünyanın ahəngini, gözəlliyini sağlayır. Dünyanın qutsal nizamı var. Pozulmur, dağılmır. Ata bu həqiqətləri içindən haray çəkir. Ona Cəbrayıl adında nəsnə söz daşımır. Ona Mənadan gələn söz, əslində öz içindən gəlir. Məna İnsanın öz içindədir. İnsanla iç-içədir. Ordan gəlir, mücərrəd göylərdən gəlmir. Həqiqət göylərdən daşınan bir şey ola bilməz axı. Sən Cəbrayıl adlı kasetdən söz dinləyib həyatı necə qura bilərsən?! Kasetdən nə istəsən yaz, mənimki deyil. Mənim içimdə bitirdiyim, bəslədiyim mənimdir. Mənim içimdə əkdiyim ətirlidir. İnsanlığa o gərəkdir.

Asif Atanın yaratdığı həqiqət budur ki, insanı aldadırlar, insanı məhv edirlər, onu qurtarmaq gərəkdir. İnsanı qurtarmaq gərəkdir ki, milləti qurtarasan. Doğruçu insan, inanılan insan, ləyaqətli insan, fədakar insan yoxdursa, göyə dırmaş, nə edirsən et, mənası yoxdur. Yalançı ümidlər, yalançı görsənişlər olacaq, yalan, yalan, hər şey yalan. Asif Atanın yaratdığı, qoyduğu məktəbdə hər şey gerçəkdir, doğrudur. Başqa yerdə heç nə gerçək deyil. Hamısı oyun, hamısı yalan. Həyatı səhnəyə çeviriblər. Hər şey oynanılır. Aktyordur cəmiyyət. Hər şeyi rola çevirib oynayır. Heç bir səmimiyyət yoxdur, heç bir doğru olan yoxdur.Həyat oyuna çeviriblər. Asif Ata həyatı oyundan qurtarmaq üçün var. Biz ona görə ondan pirim deyib tutmuşuq. Biz ona görə varıq. Vay o günə ki biz olmayaq. Vay o günə biz bu həqiqəti yaşamayaq, yaşatmayaq. Yaşatmalıyıq.

Mən yazmışam, əgər Asif Ata Atatürkün dönəmində olsaydı, qətiyyətlə deyirəm, Atatürk onu qəbul edərdi, Onun İnamını topluma vermək üçün çabalar göstərərdi. İndi Tolstoy haqqında da bu qənaətə gəlmişəm, o deyir: “mən demirəm, mənim inancım bu çağa qədər olmuşlar içərisində ən gözəli, ən yaxşısıdır. Mən deyirəm, bu çağa qədər olanlar içərisində daha sadə, daha anlaşıqlı, daha tez eşidilən, tez anlaşılan inanc mənim inancımdır. Əgər bundan daha yaxşı, daha gözəl inanc tədqim eləsələr, məmnuniyyətlə, mən onu götürməyə hazıram”. Onun qəbul elədiyi xristianlığı biz bilirik. Xristianlıqdan qat-qat zirvədə dayanan Asif Atanı Tolstoya təqdim eləsəydin, məmnuniyyətlə onu götürəcəkdi. Onlardan da başqa, axtarışda olan böyüklər haqqında da o düşüncədəyəm, onlar Asif Atanı götürərdilər. Asif Ata zamanları aşıb. Tarixləri aşıb. Bu bizim üçün də böyük xoşbəxtlikdir. Bizim çağımıza düşüb. Onu götürmək böyük ləyaqət tələb edir. Biz də Asif Atanı götürək, onu xalqın içinə aparaq. Onun İnsanlıq həqiqətini xalqın içinə daşımaq ruhani səfər adlanır. Ruhani Səfər mərasimi bu deməkdir.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız var olsun!

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Başqa mərasimlərdə olduğu kimi, Səfər mərasiminin də öz yükü, ağırlığı var. Bu yük birinci növbədə Ocaqçıları kökləmək funksiyası daşıyır. Ocaqçı səfər əhvalında olur. Ocaqçı Ocağa elə-belə gəlməyibdir. Gələ ya say artıra, ya yaxşı kişilərlə, qardaş-bacılarla otura-dura. Nəfəsi genələ bu dünyada. Özünün hayında deyil. Ocaqçının acısı, harayı – yaşadılmayan İnsanlığın harayıdır. Ən böyük mərasimimiz həyatdan qopmağımız olubdur. Ocağa gəlməyimiz olubdur. Amal yükünə çiyin verməyimiz olubdur. Səfər təkcə yurddan yurda səfər deyil, ölkədən ölkəyə, kənddən kəndə… səfər ən dərin ruhsal anlamda özünü arayır, axtarır. Tapanda xoşbəxtliyi ordan yaranır. Bəzən hər hansı bir məclisə gedirsən, heç söz demirsən, ancaq əslində hamıdan çox yaxşı söz deyirsən. Halınla, varlığınla qıraqdakıların diqqətində olursan.

30 illik Ocaqçılıq həyatımda haray çəkmişəm, sözlər demişəm, ən gözəl etkiləyəni səmimi deyilənidir. Əslində qeyri-səmimi heç nə demirik. Ancaq səmimiyyəti də qarşındakına çata biləcəyi səviyyədə demək məsələsi var. Daha əzmli olursan, daha ehtiyatlı olursan, üzün ürəyinlə tamam bağlanır. Süni yaranan üz deyil bu. İçdən gələn bir yanğıdır. Çağ olub ölkədən ölkəyə də səfər eləmişəm. Demirəm, Rusiyada hansısa bir yerdə kütləvi görüş keçirmişəm. Cəhdlərim olub. Ancaq elə durum olub, dünyanın soyuq şimalında Məhərrəmlikdir deyə mənim tələbələrlə görüşümə əngəl olublar. Rusiya hara, Məhərrəmlik hara? Böyük bir universitetin prorektoru Azərbaycanlıdır, özü də onun kabinetində söhbət edirik, bax bu düşüncələri demək istəyirəm, ədəbiyyat da aparmışdım, geniş söhbət elədim, deyir bağışlayın, Məhərrəmlikdir, buna icazə verə bilmərik. Deyirəm, axı Məhərrəmliyin buna nə dəxli var? Məhərrəmliklər deyilmi bizi özümüzdən alıb özgələşdirən. Adamların birinci növbədə düşüncələri köhnəlir, kiminsə əlindən onu alıb, bunu yığım, bu cür var. Gələcək onu maraqlandırmır da…

Dağ səbri gərəkdir, ona dözəsən. İnsan hansı günə qalıb? Sənin savadlın bu gündədir.

İnsan içində özünü tanıyır, içindəki şərlə döyüşür, özünü bir şəxsiyyət kimi formalaşdırır. Ömür boyu söz demək qüdrətinə yüksəlir. Birinci anladırsan vətən haqqında. Vətən təkcə coğrafi ərazi deyil axı. Vətən o böyük dəyərlərin yarandığı ərazilər deyil, böyük dəyərlərlə yaşayan xalqdır. Nəiminin sözü: torpaqdan öncə xalqı xilas eləmək gərəkdir. Xilas eləmək nə deməkdir? Bunların hamısını təmaslarımda həmişə demişəm. Bu dəyərlər əsasında yaşamırsansa, sən xalq deyilsən. Sən özünü əsir almısan, səni ruhun, düşüncələrin əsir alıb. Sənin torpağını əlindən almağa nə var ki?

 

Səfər mərasimi – Ocaqçılarla bir masa arxasında üz-üzə oturub ürəkləşməkdir. İstər-istəməz burdan çıxanda daha yüksək, döyüşkən əhvalda olmuşam. Köklənmişəm. Çıxmaq gərəkdir, demək gərəkdir. O fərəhlə yaşayanda adam güclənir. Milli bir iş görürsən, onu vurub uçurmaq istəyirlər. Ancaq bütün bunlarla bərabər, onlarla körpən kimi davranırsan. Bu, ürəkləri etkiləyir. İstər-istəməz sənin düşüncənə hörmətlə yanaşırlar…

Ocağa gəldiyim gündən bu günə kimi səfər əhvalı mənim içimdə olubdur. İnsanın bütün problemləri ondan yaranır ki, özündən başlamır. Üzünü böyüklərə tutmur, İşıq ola bilmir. İşıq yanmasa, ətraf işıqlanmaz axı. Özün yanmalısan, özün dözməlisən bu dərdlərə. Bunun üçün də birinci növbədə ömür yaratmaq gərəkdir. Ömür bəzən söz deməyəndə də söz deyir. Söz deməyəndə də əhval yayır. Nə xoşdur sizinlə birlikdə burda söhbət eləmək. Sözümü bitirirəm. Atamız Var olsun!

Soylu Atalı: Səfər mərasimini hərtərəfli demək gərəkdir. Biz təkcə səfərin məzmunu ilə bağlı söz demirik, həm də görülən işlərlə bağlı hesabat veririk. Görülən işlər var ortada. Nə qədər işlər var, nə qədər ünsiyyətlər var. Onları da dilə gətirmək gərəkdir. 41-ci ilin səfər əməllərini hesabat kimi yazıb gətirməlisən. 41-ci ilin əməlləri öncəki illərlə tutuşduranda azalıb. Ancaq görülən işlər var. Görüşlər var. Mən həmişə sizə telefonla zəng vurub deyirəm görüşdüm, söhbət etdim. Bunu qeydə almalısınız. Ocaq görüşləri kimi ümumiləşdirib hesabat vermək gərəkdir. Axşam gündəliyimi yazırdım. O gündəliklərim hamısı Ocaq tarixidir. Mənim ömrümə bağlı, çevrəmə bağlı nə varsa, hamısı yazılır. Günev də yazırdı.

Günev Atalı: Əvvəllər yazırdım, ancaq başdan-ayağa budur. Harda oluramsa söhbət edirəm. Hamısını yazsam, çatdırmıram da heç. Gərək bilmədim hamısını sadalamağı, oxşar olaylardır.

Soylu Atalı: Doğru deyil. Bunlar Ocaq tarixidir. Ocağın sənlə bağlı tarixi də Ocaq tarixidir. Bilirəm, vaxt aparan şeydir. Ən azından bir şeyi düşünün. Sizcə, Ata hansısa dediyi bir sözü hansısa bir dövrə görəmi deyir, yoxsa həmişəlikmi deyir?! Ata deyir, Ocağımızla bağlı ən adi görünən əməl belə yazılıb sabaha çatdırılmalıdır. Necə biz ona əməl eləməyə bilərik?! O sənə adi görünə bilər. O, adi deyil. Ona görə biz Ocaqla bağlı gördüyümüz işləri yazmalıyıq. Bunlar ömrünün fərəhini bədii obraza çevrimək üçün deyil, qısa konkret, 3-5 cümlə ilə fakt yazmaq gərəkdir. O faktın arxasında hansı ömürlər durur, hansı fərəhlər yaşanır, onu Gələcək bilər. O fərəhi ifadə eləmək üçün gərək dəftərləri doldurasan. Güntay birdən elə  söhbət eləyir, birdən elə fərəhlənir, zəng eləyir, ona deyirəm faktı da yaz, yeri gələndə fərəhi də yaz. Yazmalısınız da. Ömür yoludur bu. Sən yaşayırsan. Sənin yaşamını kim yazmalıdır? Səndən sonra sənin ömrün örnəkdir. Yaşantıların örnəkdir. Sən bu xalqın içindən doğulub çıxmısan. Göydən zənbillə düşməmisən. Yerin deşiyindən çıxmamısan. Xalqın övladı sənə baxmalıdır, sənin ömründən örnəklər götürməlidir. İnanmalı, güvənməli, dayanmalıdır. O inanmalıdır belə bir yaşam mümkündür. Onu inandırmaq üçün örnək vermək gərəkdir. Ortaya fakt qoymaq gərəkdir. Kim eləyəcək bunu. Siz bilirsiniz, mən ayrıca sufiliklə uğraşdım. Bir neçə dəfə qayıtdım. Sufilik mənim üçün ölçü deyil. Ancaq mən Asif Ataya qədər olan bütün nəsnələri öyrənirəm ki, Asif Atanı təsdiq eləyəm. Hamısını öyrənirəm, tutuşdurmalar aparıram. Qayıdıram, Asif Atanı təsdiq edirəm. Bunu mən süni şəkildə eləmirəm. Bütün düşüncələrim qayıdıb Asif Atanın üzərində bərkiyir. Mən özümə o qədər suallar verirəm, o qədər şübhəylə yanaşıram, elə şeylər var onun üzərinə gedib qayıdıram. Sufiliklə ciddi uğraşmışam mən. Bizim hamımızın Asif Atadan eşitdiyimiz bir hikmət var, Əl Rabiyyə haqqında Ata deyir: Əl Rabiyyə gözəl qadın olub, ona çoxları aşiq olub. Ancaq o onun dalınca düşənlərə hiddətlə deyib, məndən əl çəkin, mənim yarım O’dur. O qədər aşiq olub, o qədər vurulub. Onun içindəydi o hikmət. O hikmət yazılmasaydı, o aşiqanə münasibət yazılmasaydı, biz hardan biləcəkdik. İndi Günev, sənin aşiqlik tövrün yazılmasa, Gələcək hardan biləcək.

 

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Mən hər il hesabat hazırlayırdım. Bu ilimizdə Soylu Atalının bireysəl görüşləri olub. Soylu Atalı Borçalıya səfərlərində söhbətlər edib, ədəbiyyatlar verib. Günev Atalının yaşadığı yerdə toplu insanlarla söhbətləri olub. Rusiya səfəri olub, orda da söhbətləri olub, ədəbiyyatlar bağışlayıb. Mənim Od Ayında Quba, Xaçmaz bölgələrinə səfərim olub. Orda Kitab Evlərində, Tarix-Diyarşünaslıq muzeylərində söhbətlərim olub, Ocaq ədəbiyyatları vermişəm…

Səfər nədir? Bir var öz ömrünü yaşayırsan, ömründən sonranı düşünürsən. Səfər ömründən sonranı düşünməkdir, ömründən sonrakını qurmaq əməlidir. Ona görə də hər səfər insanı içindən quran, özünə tanıdan, öz halını, xarakterini, səviyyəsini göstərən bir olaydır. Səfərdə insan tanıyır özünü, bilir özünü. Qıraqdan özünü görə bilir. Hər səfərdən sonra biz daha da böyüdük. Çətinliklərlə görüşdük, daha da doğmalaşdıq. Səfərlərimiz azdır, artmalıdır. Bunu özüm üçün deyirəm. Bəzən olur özümdən güc alıram, ancaq indi daha çox Ocaqdan güc alıram. Ocaqçıların halından, yaşamından güc alıram. Var olsun Ocaq, var olsun Ata!

Atamız Var olsun!

Soylu Atalı: Nurtəkin deyir Ocaqçılardan güc alıram. Günev də deyir, mərasim təkcə o deyil gəlib Ocaqdaşlarınla üz-üzə oturasan. Hər ikisində, yerinə görə, doğru təyinlər var. Hara gedirsən get, sən gedib əyri görürsən, eybəcərlik görürsən, ruhunu incidir. Ancaq sən düşünürsən, dünya bu deyil, mənim öz dünyam var. Bu dünyana gələndə sən ayrı bir havada olursan. Bilirsən burda hər şey gerçəkdir, doğrudur. Adam bununla nəfəs alır, bununla yaşayır. Onunla var olur. Bu böyük məsələdir. Heç bir yerdə gedib tapa bilməzsən, 3-5 adam bir araya gələ, bu qədər bir-birinə güvənə. Bu qədər bir-birinə inana, bir-birini sevə. Bu qədər bir-biriylə təmas bağlaya. Hər hansı bir Ocaqçıda yanlış görə bilərsən, ancaq ümumOcaq ortamında hər şey doğrudur, hər şey gerçəkdir. Orda yanlış yoxdur. Biz hamımız yetkin ola bilərik, olmaya bilərik, səviyyəmiz bütöv olar, hardasa çatışmazlıqlarımız olar. Qüsurumuz olar, yanlışlarımız olar. Ancaq biz bu ortama gələndə hər birimizin içi, yaxşı anlamda, bu ortama tabe olur. Bu ortama tabe olduğu üçün heç birimizdə yanlış özünü göstərə bilmir, göstərə bilməz. Başlıca olan budur.

Günevin bayaq dediyi məsələ Rusiyada qarşıma Məhərrəmlik çıxıb. İnsan hara gedir getsin, o daşıdığı yükü, öz xarakterini, öz dünyagörüşünü, baxışını qoyub getmir, özüylə aparır. Bizim işimiz bəşəri işdir. Bəşəri döyüşdür. Hara gedirsən özünlə aparırsan. Hara gedirsən, bilirsən qarşına nələr çıxa bilər. Şər hər yerdədir. Bizim də döyüşümüz onunladır. Bizim işimiz də bir millətin içərisində sağlam çevrə yaratmaq deyil, bunu bəşər səviyyəsinə qaldırmaqdır. İnsanlaşma bir insana, beş insana özgün deyil. Biz əgər öz millətimizi seviriksə, bəşərlə uğraşmalıyıq. Mümkün deyil, sən bir coğrafiyada, bir millətin həyat nizamını yaradasan, insanlığın nizamını yaradasan, qonşun davakar ola, sənin millətin də dinc yaşasın, mümkün deyil. Sən sancmayacaqsan, gəlib səni sancacaq. Ona görə də ümumbəşəri səviyyədə döyüş. Millətini sevirsən, Döyüşün bəşəri səviyyədə olmalıdır. Millətinə verdiyin dəyəri bəşərə də verməlisən. Ruhaniyyatın tələbi odur.

Biz hamımız bur ortamda eyni düşüncəli insanlarıq. Bir mənəviyyatın daşıyıcısıyıq. Atanın mənəvi övladlarıyıq. Bizim aramızda mübahisəyə yer yoxdur, birimiz nə deyirik, o birimiz onu anlayırıq. Bizdən qıraqda isə hamı bizim kimi düşünmür. Sən sənin kimi düşünməyənlərin içərisinə girirsən, söz deyirsən. Bütün sorumluluğunla, varlığınla girirsən. Sənə basqı göstərə bilərlər, sənə söz deyə bilərlər, başqa ideya daşıyıcıları deyə bilərlər, sən düz demirsən. Yəni çox şeylərlə üz-üzə gələ bilərsən. Sən bütün bunları bilərək xalqın içinə çıxırsan. İnsan sevgisiylə çıxırsan xalqın içinə. Bu həqiqəti ona anladacam deyə çıxırsan. Səfərin anlamı budur. Sən öz sözünü deyirsən. Bizim işimiz əkinçilikdir. Harda görmüsən tarlada dən əkəsən, sonra durub bir-bir onun üzərində oynayasan. Sən ək, harda bitəcək, bitəcək. On beşi bitməsə də, beşi bitəcək. Bizim işimiz odur. Ata niyə deyir, Ocaqçılıq ruhani bağbanlıqdır. Mən bağa girirəm, bağda nə qədər gül-çiçək var, qulluq göstərirəm. Hansı solacaq, hansı solmayacaq, onu bilmirəm. Mən hamısına qulluq göstərirəm, çünkü mən bağbanam. Mən hikməti anladıram. Kim götürəcək, kim götürməyəcək, özü bilər. Ruhaniyyat budur.

Siz qayıdın Ocağın öncəki zamanlarını oxuyun, özünüzü görün. İkicə qız hər yerə səs saldınız. Nə qədər səfərlər, görüşlər. Asif Atanı Azərbaycanla bir elədiniz. Bizə suallar verirdilər sizin sayınız nə qədərdir? Deyəndə inanmırdırlar. İnanmırdılar barmaq sayda insanlar bu boyda iş görürlər. İçində eşq olsa, heç nə səni saxlamaz. Zirvələr fəth edərsən. Aşiqlik odur.

Göylü Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.):  Səfər – özünə səfərin davamıdır. Mənim yurda səfərim ən son Biləcəridəki bəlli oxul olayı oldu. Gerçək gözlə baxanda bizim qarşımızı aldılar, tövsiyələr verdilər, bir daha bu şeylər olmasın deyə. Bu, işin görünən tərəfi. Ancaq özüm üçün dönə-dönə araşdırmışam, göz qorxmamalıdır. Tutalım oxulda görüş olmadı, bunun başqa yolları da var. Mənim yurda səfərimin qarşısını kəsən əslində içimə səfərin qırıldığı nöqtə olubdur. Mən içimə səfəri dayandırdığım gün yurda səfərim də dayandı. Səbəbləri bilirəm. Soylu Atalı da bayaq vurğuladı. İstəyəndə başqalarını qınamaq, səbəb olaraq çox şeyləri göstərmək olur. Ancaq əsas özüylədöyüşü təmin etməkdir. Özüylədöyüş varsa, qalan şeylər hamısı təbii şəkildə olur. Ancaq dayananda, doğrudan da, Ocaqçılıq dayanırmış. Bunu görə-görə gəldik. Özümə diləyim, gələn il ruhani səfər mərasimində söz demək haqqı qazanmaq. Bu haqqı gerçəkdən qazanmış ola bilmək. Ataya layiq olmaq istəyirəm.

Soylu Atalı: Ocağa gələnlərin, gedənlərin çoxu təhsil almış adamlardır. Təhsil almayan adamlarımız da var. Ali Təhsil hər şey deyil. Kim idi Babək?! – Tuluqda yağ satanın oğlu. Kim idi Nəimi?! – Sıradan papaqçı. Bəşəriyyətə minilliik söz dedi. Ocaqçının təhsilinin olub-olmaması önəmli deyil. Ancaq onun içi nədir? Hardasa xatirimə gəlir, bir filmdə izləmişəm, öndərinə deyirlər, sənin içində olan insanlar hazırlıqlı, çevik manevr eləməyi bacaran adamlar deyillər. Deyir mənə millət üçün belələri gərəkdir. Hazırlıqlı operativ insanlar deyil, özündən keçən, ləyaqətli insanlar gərəkdir. Milləti belələri qurtarır. Millət üçün də, vətən üçün də böyük elmi olan, böyük təhsili olan adam gərək deyil. Olsa da, pis olmaz. Əsas odur, içi ola, eşqi ola, ürəyi ola. Gərək içində sevgin olsun, inamın olsun. Sizif nəyə görə əlindəki dəyirman daşını dağın başına qaldırır. İnamına görə. İnadında bir inam var. İnam insanın içindən doğrunu bula bilmək, doğru ola bilmək hikmətini öyrədir.

Türkel Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.):  Günümüzdə insanların bir-birinə münasibəti təmənna, faydalanmaq üstə qurulub. Qaçılmazlıqları anlamaq olar bəlkə də. Ancaq bütövlük təşkil eləmək, faciəyə aparır get-gedə. Bu fəlakət gündən-günə dərinləşir. Fəlakətlərin dərinləşməsi isə çoxluğu ayıltmır, düşündürmür. Ayılmaq da istəmir sanki. Çünkü inamsızlaşır. Ocaq bu inamsızlıqdan qurtarmaq üçün nicat yoludur. Ocaqçılar xalqı ayıldanlar, sabaha aparan yolu işıqlandıranlardır. Gördüyüm, tanıdığım, bildiyim hər kəs ümidsiz danışır hər şeydə. Bu ayılmaq demək deyil. Onu dərk eləmir. Bu səbəbdən gileyliyin, ümidsizliyin səbəbini özündən başqa hər şeydə görür, umur. Özündən ummaq, başlamaq hünər tələb eləyir. Bunun olduqca ağır olduğunu dərk eləyirəm. Gileyli əhvalı yaxın qoymuram halımı etkiləsin. Bu hünərə hər kəs yetə bilmir. Çünkü heç kəs içinə səfər etmir. İçində axtarmamaq faciənin səbəbini cəmiyyətdə görmək – öz ölülüyünə bəraət qazandırmaqdır. Adamların indiki səfərləri dini ziyarətlərə getməkdir. O ziyarətdə insan özüylə üz-üzə qalmır, böyüklüyü tanımır. Ocaqçının içinə səfəri özüylədöyüşdən başlayır. Düşünəndə adamların başına nə cür fəlakət gəlməlidir ki, ayılsın. Belə qənaətə gəldim ayılma olmayacaq. Tərsinə insan gerçək çətinliyə düçar olduqca cismani yaşamı ilə vuruşacaq. Çünkü onun yaşamı adi məqsədlərlə keçinir. Ocaqçı ömründəki ali məqsəd ruhsal varolmadır. Bu səbəbdən Ocaqçı yaşamı həqiqət üstə köklənmək, sabaha doğru yol almış əbədi səfər üstə inamlı ömür yolu getməkdir.

Atamız Var olsun!

Soylu Atalı Ocaq hədiyyələrini sundu. Hədiyyələr, Göylü Atalının Bilən Atalı üçün hazırladığı, iki abedə (Ocaq-türk abesi, latın abesi),  Mütləqə İnam kitabı idi.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Mərasim sona yetdi.

  

Yazıldı: Çiçək Ayı, 42-ci il. Atakənd.

(aprel, 2020. Bakı).

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir