Asif Atanın Mütləqə İnam Ocağı 27 Sərt Ayı, 44-cü ildə (dekabr, 2022) “Ruhani Səfər Günü” Mərasimini gerçəkləşdirdi.
Mərasim quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Qutsal Səfər Günü Mərasimini həyata keçiririk. Ocaqda ölənlərimizin adını anırıq: Sabahlı, Bağban, Amaltay bizimlədir. Onların adını həmişə anırıq, özümüzlə bir sayırıq.
Bəşər həyatında İnsanlıq gəlişməyə başlayandan, insanın özünü tanıması, özünü dərk eləməsi prosesi ortaya gələndən üzü bu yana insan özünü qurma, özünü qoruma, özünü varetmə ölçüləri haqqında düşünüb. Aşama-aşama bu ölçüləri yaradıb ortaya gətirib. Bəşər həyatında, tarixində belə şeylər baş verib, davam edib, bu gün də davam edir. Biz də, Asif Atanın Mütləqə İnam Ocağı olaraq, Asif Atanın yurdumuzda başladığı Mütləqə İnam Ocağının qurallarını həyata keçirməklə, tələblərini yerinə yetirməklə ideya prinsiplərini oluşdurmağa, xalqlaşdırmağa, insanlaşdırmağa çalışırıq. Əslində bu, xalqın özünü qoruma sistemidir, yəni ruhani sistemidir. Xalqın özünü qoruma sistemi ideologiyadan olmur. Xalqın özünü qoruma sistemi siyasətdən olmur. Xalqın özünü qoruma sistemi ədəbiyyatdan, eləcə də başqa yönlərdən olmur. Xalqın özünü qoruma sistemi ruhaniyyatdan olur. Buna görə insanlar həmişə ruhani gəlişməni ölçüyə çeviriblər. Bizim də yurdumuzda – Azərbaycanda insanların anlayıb anlamamasından, bunu bilib bilməməsindən asılı olmayaraq, xalqın özünü ruhani qoruma sistemi formalaşıb. İndi buna yiyə çıxmaq gərəkdir. Xalq ruhani anlamda özünü qorumaq, var olmaq istəyirsə gec, ya tez, bu ölçünü bütövlükdə öz həyat prinsipinə çevirməlidir. Çevirəcək də. Xalqın ruhani özünüqoruma sistemini çoxluq yaratmır, xalqın içində ortaya çıxmış titanik elm adamları, alimlər yaratmır. Heç filosoflar da yaratmır. Xalqın ruhani özünüqoruma sistemini sözü yaradanlar yaradır. Sözü tanıyanlar, sözü yaşadanlar, sözlə yaşayanlar yaradır. Sözü yaradarsan yaratdığın söz sənin, xalq olaraq, həyatını bəlirləyər. Yaratdığın söz sənin kimliyini bəlirləyər. Yaratdığın söz sənin varlığını ifadə eləyər. Sözü də alim, yazıçı, ədəbiyyatçı yaratmır, sənətçi, texnologiyaçı yaratmır. Sözü ruhaniyyatçı yaradır. Ruhaniyyat da gərək xalqın özünün milli varoluşu açısından özünün içindən oluşa, içindən yarana. Qıraqdan götürdüyün ruhaniyyat, tarix də göstərir ki, xalqın varoluşunu doğrultmur. Ruhaniyyatı bütün xalqlar yaratmır. Az-az ruhani sistemlər yaranıb. Başqa xalqlar da onu qəbul edib. Ancaq məsələ bundadır, gərək yaratdığın ruhaniyyat hansısa bir xalqın içində, yəni onu yaratmayan xalqın içində, o xalqın mədəniyyətini, özgürlüyünü, ruhani bağımsızlığını qoruya, ona yardım edə. Tərsinə olarsa, o xalqdan xalq olmaz. Məsələn, bəşəriyyətin ən çox kəsimi xristiandır. Xristianlığı qəbul etmiş xalqlar xristianlığa dayanaraq, yəni İsanın dediyi, yaratdığı Allaha dayanaraq, öz milli müəyyənliklərini ortaya qoydular. Öz milli mədəniyyətlərini ortaya qoydular. Əgər öz milli mədəniyyətlərini ortaya qoymasaydılar, özlərində o ruhaniyyatın ölçüsünü, özülünü yaratmasaydılar , onda bəşəriyyət monoton, anlamsız bir varlığa çevrilərdi. Bizdə durum fərqlidir. Nə yazıqlar, müsəlman aləmində bu dediyim özünü doğrultmur. Fransız xristiandır, ancaq fransızdır. Alman xristiandır, ancaq almandır. Türk müsəlmandır, müsəlmandır. Türk deyil. Müsəlmandır, bu müsəlman öz mədəniyyətini yaratmağa qorxur, müsəlmanlıqdan qorxur. Mədəniyyətini yaratmır, milli müəyyənliyini yaratmır, ortaya gətirmir. Bu açıdan din məsələsini, ruhaniyyat məsələsini istənilən xalq, əgər özü yaratmayıbsa, axıra qədər, bütün çalarları ilə içinə buraxmalı deyil. Yenə mən haşiyə olaraq sizə xatırlatmaq istəyirəm, vaxtilə araşdırırdım ki, Asif Ata başqa xalqların etnik mahiyyətinə girirmi (müdaxilə edirmi)? Niyə deyirəm içinə tam buraxmalı deyil, çünkü onu içinə olduğu kimi buraxarsansa, bu sənin mahiyyətinə girmək (müdaxilə etmək) olur. Sən bütünlüklə çevrilib o olursan, səndən bir şey qalmır. Sən onu elə ölçüyə çevirməlisən, o ölçü əsasında, etnik bəlirliyini (müəyyənliyini), mədəniyyətini, bağımsızlığını, ruhani özgürlüyünü qoruyub saxlaya biləsən. O baxımdan deyirəm biz, bəşər həyatında, ən dolğun, ən doğru bir ölçü veririk. Niyə bu cür əminliklə deyirəm, bunu deməzdən öncə bir haşiyə çıxım. Biz yeni Allah yaradırıq. Bizə qədər bəşər xalqları ayrı-ayrı Allahlar yaradıblar. Yaratdıqları Allahlarla özlərinə hamilik ediblər, ya da ağalıq ediblər, fərqi yoxdur. Yaratdıqları Allah nə dərəcədə onların özləri ilə iç-içə olub, onları ağ günə, azadlığa çıxara bilib, bilibmi, bunu zaman-zaman araşdırıb öyrənirik. Belə sonuca gəlirik, heç birində dolğun, bütöv müsbət sonuc, ya da bəlirti deyək, əldə eləmək olmur. Niyə olmur, orada genel insanlığın çıxarları əsas götürülmür. Orada dövrü, zamanı nizama salmaq, yola vermək məqamları aparıcı rol oynayır. Həm aparıcı rol oynayır, həm də birgəyaşayış nizamı onların istəklərinə uyğun qalır.Yəni doğrulmur. Ortaya qoyduqları ölçü ilə qurtuluşu başa gətirmək olmur. Deməli, mütləq məhdudiyyətlər yaranmalıdır. Sınırlar bəlirlənməlidir, bu sınırlardan qırağa çıxmağa meydan verilməməlidir. O sınırlardan da qırağa çıxa bilməyəndə, o qəliblərin içərisində hamı öz bəlirliyini tapa bilmir, öz kimliyini tapa bilmir. Bu açıdan deyirəm, Asif Atanın “İnsanlaşın, İnsanlaşdırın” çağırışında genel bir prinsip var: – İnsan ruhani varlıqdır, o, ruhani azadlığına mütləq qovuşmalıdır. Nisbi yox, mütləq qovuşmalıdır. Ona görə Ata deyir, ya hər şey, ya heç nə. Varsa olsun, yoxdursa yoxdur. Ata nisbi ilə barışmır. Sən elə orda-burda özünü yırt, danış ki, mütləq yoxdur hər şey nisbidir. Özün bilərsən, nə qədər istəyirsən Mütləq yoxdur deyə bağır. Ata deyir, yalnız Mütləq olan həqiqətdir. Mütləq olmayan, nisbi nə varsa həqiqət deyil. Bu açıdan mən yanaşıb deyirəm, Asif Ata dolğun, doğru bir ölçü verir. Bu doğru, dolğun ölçü ilə sən öz milli-insani bəlirliyini ortaya gətirirsən. Bura siyasət girmir. Siyasət girsə onda ruhaniyyat aradan gedir. Bura qədərki ruhaniyyatların hamısının içinə siyasət girib. Niyə girib, mən belə düşünürəm, boşluq tapıb deyə girə bilib. Ruhaniyyatın birgəyaşayışı nizamlamasında boşluq tapıb ki, siyasət ora girə bilib. Ya da ruhaniyyat sistemi bütövlükdə dövlət strukturlarına yansımayıb. Ona görə də siyasət ora yeriyə bilib.
Asif Atanın Ruhani dövlət ideyası var. Ruhani dövlət ideyası odur, dövlət siyasi qanunlarla deyil, insani qanunlarla idərə olunmalıdır. Bunun da prinsipləri var. Ona görə Atanın dediyi bu məsələlərə dayanıb deyirsən, əgər ruhaniyyata siyasət girə biləcəksə, onda ruhaniyyat olmayacaq, siyasət olacaq. Gərək ruhaniyyata siyasət girməsin. İndi biz bunu deyirik, çox adamın başına batmır. Nə danışırsınız, siyasətsiz həyatmı olar, siyasətsiz dövlətmi olar?! Asif Ata deyir, olar. Nə deməkdir olar, ya olmaz?! Olmaz deyən niyə deyir olmaz?! Olmaz deyən söz yox, məsələni ölçüb-biçib, hesablayıb demir. Sadəcə olaraq beyninə batmır ki, bu mümkün deyil. Bəs olar deyən niyə deyir olar?! Olar deyən olmaz deyənin deyə bilmədiyini də deyir. Deyir, sən düşünərsən filan şey olmaz, alınmaz, çünkü həyatda insanlar hamısı xaraktercə, keyfiyyətcə standart deyil. Hamısı standart olsun, bunları da proqramlaşdırasan, hamısı da eyni cür yaşaya, eyni cür davrana. Belə bir şey, söz yox, mümkün deyil. Asif Ata demir, mən səni proqramlaşdıracam. Sənə belə bir şey vəd eləmir. Asif Ata deyir ki, sən dövlətinə, dövlətin idarə olunmasına, xalqın mədəni birgəyaşayış nizamına ölçü gətirməlisən. Bu ölçünün adı İnsanilikdir. Nəyin varsa, onunla tutuşdurursan, onunla yönəldirsən, onunla yönətirsən (idarə edirsən). Onunla elə, ondan qırağa çıxma. Sən də durub deyərsən yaxşı, mən bununla yönləndirirəm, ancaq mən neyləyim, sabah biri, bir dərədə, o birinin başını kəsəcək. Kəsəcək, tutub salarsan içəri. Yəni bu, Asif Atanın dediyinə qarşı deyil. Ədalət məhkəməsi deyilən bir şey var. Mühakimə edib qoyacaqsan içəri. Asif Ata buna qarşı deyil ki, sən baş kəsəni mühakimə elə, burax azadlığa. Sadəcə deyir, baş da kəsəcək, oğurluq da edəcək. Onu da dövlət ədalətlə, qanunla mühakimə edəcək. Mən sənə deyirəm, nə edirsən et, mühakimə edəndə də mənim dediyim ölçüdən qırağa çıxma. İdarə edəndə də, yaşayanda da ölçüdən qırağa çıxma. Mən sənə verdiyim ölçü ilə idarə elə, o ölçü ilə yaşa, onunla davran. Qırağaçıxmaları da yenə onunla nizamla. Ona görə mən hesab edirəm, əgər dövlət ruhani qanunlarla, yəni insani qanunlarla idarə olunarsa birgəyaşayış nizam tapar. Ruhani qanunlarla idarə olunmaq nə deməkdir?! Mən bununla bağlı çox düşünmüşəm. Ruhani qanunlarla idarə olunmaq odur ki, dövlətin başına istənilən adam gələ bilməz. Dövlətin strukturlarına istənilən adam dırmaşa bilməz. Həmin o başkəsənlikdən, dələduzluqdan bir çimdik kimdəsə varsa, ora gələ bilməz. Dövlətin strukturu bu dərəcədə həssas qorunmalıdır. Dövlətin başına ayrıca mənəviyyat məktəblərində, ruhaniyyat məktəblərində insan yetişdirməlisən. Deyək ki, diplomat yetişdirməlisən. O yetişdirdiyin sənin ölçünü ayaqlar altına almasın, ədalətli yönətsin. Ona görə deyirik, mümkündür. Niyə mümkün olmasın, götür məktəblər aç, yarat, yetişdir. Ona mən dərs deyəcəm, mən dərs deyəndə bilirəm necə dərs deyəcəm, mən yetişdirəcəm onu. Sənin imtahanın mənim üçün önəmli deyil, mənim gözüm var, ağlım var, görürəm kim necə davranır, kim hara layiqdir, hara layiq deyil. Bu gedişi o məktəblər hazırlamalıdır. Asif Atanın dediyi Ruhani dövlət ideyasının başlıca prinsiplərindən biri budur. Ocaq Ailələri ona görədir. Bölgələrdə Ocaq Ailələri yaransın, Ailədən Ailə doğsun, ruhani öyrətmənlik eləsin, ruhani bağbanlıq eləsin.
Ailə Günlərində keçirdiyin tədbirlər var. Bunlar elə məktəbdir. Orada insan hazırlayırsan, öyrədirsən. Özüylədöyüş deyilən bir şey var, hesabat verirsən, aydınlaşdırırsan, bir yana çıxarırsan. Əslində bu, ən gözəl məktəbdir. Demirəm bununla məhdudlaşsın, dövlətin özünün Ailə Günlərindən başqa da bu prinsipə dayanan məktəbləri olmalıdır. Asif Ata Ruhani Səfər Günü yaradıb, bunu Mərasimə çevirib. Niyə görə yaradıb, ona görə ki, biz xalqın içində olaq, olduqca onun ruhani özünü qoruma sistemini verək, bunu xalqa anladaq. Sözümüzlə, ədəbiyyatımızla, kitabımızla onları verək. Zaman-zaman onların qulağını dolduraq. Xalq getdikcə uçuruma gedir, uçurumdan çıxış yolu axtarır. Çıxış yolu olaraq, yaratdığını verirsən. Səfərlər ona görədir. Xalqın qulağı dolsun, zamanı gələndə desin yol var, dönmək gərəkdir. Bir olmaq, bir araya gəlmək, bütün pozuntulara dur demək gərəkdir. Bu işi sözü yaradanlar edəcək. Bu işi eqoist alimlər eləməyəcək, bu işi eqoist yazıçı eləməyəcək. Bu işi sadə xalqın sadə balaları edəcək. Ağlı, düşüncəsi, şüuru, mənəviyyatı olan, həm də bu işə içindən bağlı olan, yaşayan, yaşadan, könül verən, insanlığın qurtuluşunu bunda görən insanlar zaman-zaman bir araya gəlib bu işi nizama salacaq, bu işi görəcək. Ruhani özünü qoruma sistemi bu deməkdir. Bizim də Ruhani Səfər Günümüz bu anlamı daşıyır.
Biz səfər etməliyik, səfərlərimiz olmalıdır. Son illər, açıq deməliyik, biz səfər baxımından zəifləmişik. Bu zəiflikdən çıxmalıyıq. Atanın ölümündən sonrakı illərlə tutuşduranda çox zəifləmişik. O illərdə biz ayda bəzən 20-25 səfər edərdik. Bölgələrdə olardıq. Bu, zarafat deyil. O dərəcədə olmasa belə, ayrı-ayrı məqamlarda yenə səfər etməliyik. İndi çətinlik çoxdur. İnsanlar daha çox ehtiyac içində yaşayırlar. Ona görə bu insanlara ideya vermək qabaqkından qat-qat çətindir. Çünkü insan bilmir qarnını düşünsün, ya sənin dediyini düşünsün. Ancaq buna baxmayarq, biz öz addımımızı dala qoymalı deyilik. Çünkü bilirik, bunlar elə ehtiyac içində yaşayan insana gərəkdir. Ehtiyac içində yaşamasaydı, yeni ideyalara gərək qalmazdı. Niyə ehtiyac içinə düşmüsən, bax bu dediklərimizdən uzaq düşdüyün üçün, dediklərimiz olmadığı üçün. Bu durumdan çıxmağın yolu budur. Sən bütün günü otur, qarnını düşün, çörəyini düşün. Heç kim gətirib sənə çörək verən deyil. Sən gedib nə qədər orda-burda əziyyət çəkirsən çək, gündəlik nə əldə edirsən et, ordan o yana əldə edə bilməyəcəksən. Guya sən mənim dediyimi bir qırağa qoyub canını ehtiyaca fəda etməklə nə əldə edəcəksən?! Bu şeyləri sən düşünməlisən, mən düşünməliyəm, sənin arxanca gələn düşünməlidi, evindəki düşünməlidir, qonşundakı düşünməlidir, balaların düşünməlidir, xalq düşünməlidir. Bu düşüncəyə yiyə çıxmaq gərəkdir. Gələcəyin bu düşüncəyə yiyələnməkdən keçir. Ruhani Səfər Günümüzün anlamı budur.
Mən özüm bilərəkdən burdan başladım. Yəni bilməyərəkdən qaydanı pozmamışam. Qayda nədir, birinci Ocağa Evlad qəbulunu təsdiq eləmək gərəkdir. Biz Ömürtayın Ocağa gəlişini qəbul etmişik. Onu Mərasim səviyyəsində sunmaq gərəkdir. Biz indi həmin qaydanı bir yerdə eləyəcəyik. Ömürtay bizə Ocağa gəlişinin məqsədini qısaca oxuyacaq, anladacaq, adının mənasını dinləyəcək, “Bayraq Andı” içəcək, sonra sizin sözünüzü dinləyəcəm. Buyur, Ömürtay.
(Ömürtay Atalı Ricasını oxuyur – G.A.)
Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali səcdə ilə!
Qutsal Rica
Mən, Qasımov Rafiq Vaqif oğlu 1986-cı ildə Şəki şəhərində anadan olmuşam. Uzun illər həyatımı boş və mənasız yaşamışam. 20 yaşımdan sonra məndə mütaliəyə maraq yaranıb. Bu illər ərzində daim Həqiqəti axtarmışam. Ocağı tanıdıqdan sonra Həqiqətin Atanın ideyalarında olduğuna, məndə, daxilən inam yaranıb. Ona görə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalıdan rica edirəm ki, məni Ocağa qəbul etsin.
Ulu Atam qarşısında and içirəm ki:
Mütləqə İnam uğrunda,
Kamil İnsan uğrunda,
Ruhani Cəmiyyət uğrunda,
Müstəqil Vətən uğrunda,
Özümlü Şərq uğrunda,
Ləyaqətli Bəşər uğrunda ömrümün sonuna qədər ruhani mübarizə aparacağam. Ocağımızın Odu sönməzdir!
(Soylu Atalı Ömürtay adına yazılmış Ruhsal Bəlgəni oxuyur – G.A.)
Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali səcdə ilə!
Asif Ata Evladı Ömürtaya
Ruhsal Bəlgə
(Ruhani Sənəd)
Bəlirsiz dünyada qutsal ömür yaratmaq gərəkdir. Toplumun qaranlıq yaşamında işıqlı ömür yiyəsi olmaq gərəkdir. İnsani ölçü yaratmaq üçün uca ömürlər gərəkdir. Ömür mənalananda özü ölçü olur.
Şöhrətə, hakimiyyətə, siyasətə, məişətə qurban verilən ömür mənasız ömürdür, həyata aldanmaqdır. Həyata aldanan var olmur. Var olmaq üçün Amallaşan, İnsanlaşan ömür yaşamaq gərəkdir.
Ömrünün ixtiyarını öz əlinə al. Onu zamandan yüksəyə qaldır. Zamanla ayaqlaşan ömür sabaha getmir.
Ocağa ömür qat, Ocaq yardımçın olacaq. Ömürlərə, böyüklüyə tay olmağını diləyirəm. Ömürtay adını sənə hala edirik.
Adına layiq ol!
Ata Ruhu sənə yar olsun.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
13 Xəzan Ayı, 44-cü il.
(Ömürtay Atalı Bayraq Andını içir – G.A.)
Soylu Atalı: Bununla da qutsal qurallarımızı yerinə yetirdik. Bu gün Mərasimdə bir daha təsdiq etdik, Qasımov Rafiq bəy bizim üçün həmişəlik Ömürtaydır, özü üçün də bunun həmişəlik olmasını arzulayıram. Bizim indiyə qədərki fiziki kimliyimiz toplum üçündür, iş yerimiz üçündür. Ocaq üçün, xalq üçün biz elə Ömürtaylarıq, Soylularıq. Mənim rəsmi sənədlə adım Soylu deyil, ancaq qonşularım, evimin içi məni bu adla çağırır. Məni toplumda elə Soylu çağırırlar. Çünkü mənim ömrümü mənalandıran, mübarizəmin anlamını özündə daşıyan, ömrümün yönünü bəlirləyən Soylu adıdır, Soylu imzasıdır, həmişəlik. Sənin də ömrünü bəlirləyən, mənəviyyatını ucaldan, bəlirləyən, səni bu xalq üçün var edən, xalqı sənin üçün səninlə var edən bir məzmun, bir məna daşıyan addır. Xoşbəxt ol, nişanəni həmişə özündə saxla, Mərasimlərə gələndə gətir.
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Qardaşımızın gəlişini qutlayıram. Bütün dünyabaxışların yayanları olub. Tək bir adamın işi olmayıb. Bütün dünyabaxışların tərəfdarları olub. Hamısı da əzab-əziyyət çəkib. Məsələn, İsanın həvariləri böyük bir ağacın üzərinə xaçı vurub kəndbəkənd, şəhərbəşəhər gəzirdilər, döyülürdülər, söyülürdülər, ancaq sözlərini deyirdilər. Biz nəyi qəbul edirik, etmirik, bu ayrı məsələ. Məhəmmədin ardıcılları eynilə. Yəni dünyabaxışların ilkinləri, daşıyıcıları gərəkdir. Bu iş, az qala dünyabaxış yaradanın yarısıdır. Nə bütöv demək olmaz, nə də çox balacalaşdırmaq olmaz. Asif Ata Evladı Asif Ata ilə müqayisədə görünməyəndi demək olmaz. Necə yəni görünməyəndir, o boyda Asif Atanı elə görən ilk onlardır. Ömrü ali, ülvi, pak, qutsal, gərəkli bir yola həsr etmək üçün birinci növbədə ömrünün sahibi olmalısan. Bu sənin ömrünün sahibi olduğunun ilk təsdiq günüdür. Bu gün münasibətilə səni qutlayıram. Atanın mənə arzuladığını sənə arzulayıram, sənə ağır, mənalı bir ömür arzulayıram.
Qeyri-adilik anlaşılmaz olar, ancaq maraqsız olmur. Səni anlamadıqları dövrlər olacaq, adına da güləcəklər, yeni davranışın təəccüb doğuracaq. Bu aşamanı keçməlisən. Bu aşama səni yormasın. Ancaq vaxt gələcək, maraq üstün gələcək insanlara. Sən özün bir kitab olursan, özün bir örnək olursan. Bunun üçün də özüylədöyüş gərəkdir. Çünkü şərsiz insan doğulmur. Çünkü tarixdə olmayıb ki, kimsə anadan pak, aydan arı, sudan duru, qutsal bir varlıq olaraq, ortaya çıxsın. Ən yaxşısının da, hardasa səhvləri olub, səhvlərini düzəldib. Bunu özüylədöyüş adlandırmasa da.
Birinci, özünü öz gözündə uca tut. Uca əməllərlə, uca duyğularla, uca münasibətlərlə, qeyri-adiliklə, özünü toplumun mövcud durumundan üstün bilməklə uca tut. Ata deyirdi, dünyanın gözündən düşüb yaşamaq olar, öz gözündən düşməklə yaşaya bilməzsən. O ucalıq qıraqdan görünəcək. Mütləq bir gün baxıb görəcəksən ki, Rafiq bəy olub ulu ömürlərə tay. Yəni İnamlının, Soylunun ömrü ilə ömürlərə təndir. Adi ömürlərə yox, əsil ömürlərə. Ocağa nə qədər adam gəlib gedib, hamısı da and içib. Nisbi mənada yanaşan çox rahat qayıdıb. Çox rahatca, bayaq Soylu qardaşımın da dediyi kimi, siyasətlə birləşib, indi iqtidarın komandasında Laçın yolundadır. Oyunun içində oynayır. Artıq bu nisbi yanaşmadır, bu Mütləqçilik olmadı. Bu da din kimi oldu. Həm belə deyirəm, həm elə deyirəm. Həm bir az güzəştə gedirəm. Məqam olur biz bəlli mənada addımı dala qoyuruq. Neyniyək, körpəni öyrədirsən, xəstəliyini sağaldırsan, xeyirli əməl edirsən, o da üzünü cırmaqlayır. Yeri gələndə belə şeyləri başa düşmək olar. Ancaq içində addımı dala qoymaq, içində yüklənəsən, deyəsən ki, bu dünyaya bunun xeyri yoxdur, bu xalqa bunun xeyri yoxdur, olmaz. Orta əsrlər başqa idi, orda eşidilirdilər, imamlardan çəkinirdilər filan. Ancaq indi ondan asandır. Ona görə ki, burda danışırsan sənə iki min adam birdən qulaq asır. Bir də tarixə baxırsan. Tarixdə bu kimi olayların necə ərsəyə gəldiyinə baxırsan. İnanırsan ki, dörd-beş nəfərdən ibarət deyil bu dünya. Sadəcə olaraq, dörd-beş nəfər bu dünyanın sözünü deyənlərdir, ilkinlərdir. Bu dünya həqiqət acıdır başdan ayağa.
Səfər Gününün məğzi barədə qardaşımız ətraflı danışdı. Xalqlaşma yönündə, yolunda, uğrunda göstərilən hər hansı bir çaba səfərdir. Hökm deyil bu şəhərdən o şəhərə gedəsən. Qonşuya da gedə bilərsən səfər üçün. Təsadüfi adamlarla da söhbət edə bilərsən, avtobusda da söhbət edə bilərsən, yasda, toyda, yığıncaqlarda. Hökm deyil çox adam olsun, lap bir nəfər olsun. Bunları eləmək üçün gərək insan özü yaransın. İnsan özüylədöyüşlə yaranır. Özündəki şəri döydükcə içəridə xeyir oyadır. Mən ötən ilin çox müddətini xəstə keçirdim. Özü də adi bir xəstəlik deyildi. Bu dəfə bəzi səbəblərdən əsəblərim yoruldu. Düşünürdüm yaxşı əməlim olmayıb, bu dəfəki Səfər Mərasimində deyiləcək hesabatım yoxdur. Ancaq oturub düşündüm, görürəm bir ildə xeyli səfərlərim olub. Öncə onu deyim, amalla bağlı üç dəfə Beyləqana səfər etmişəm. İnam Evinin bəzi işlərini görmüşəm, həyətini suvarmışam. Ağcabədinin bir kəndində yas yerində olmuşam. Orda bir rəğbətçimiz var. Ünvanını, telefonunu verib, bizə gəlin, bu söhbətlərimizi davam edək deyib.
Qobustanın Xilmili kəndində olmuşam, söz demişəm. Qobustanın Təklə kəndində olmuşam, orda çıxış etmişəm. Qobustanın Təzəkənd kəndində olmuşam. Hamısında da ədəbiyyat vermişəm. İki həkimlə söhbət etmişəm. Soruşublar, bu düşüncələr hardan gəlir?! Mən də Asif Atadan, Ocaqdan danışdım. Kitab da verdim, buraxılışlar da verdim. Yaxşı münasibətimiz yarandı.
Da Vinçi qospitalında bir həkimlə söhbət edib, ədəbiyyat vermişəm. Bu yaxınlarda qardaşımın ölümünün ikinci ildönümü oldu. Ocağa da məlumdur, qardaşım ömrü boyu mənimlə əks münasibətdə olub Ocağa görə. Gah xoşu gəlib, tərifləyib, gah da qarşı çıxıb. Əsaslı məsələ də olmayıb ortalıqda. Zaman-zaman onun yas məclislərində də danışmışam. Bu dəfə icazəli oldu. Böyük oğluna dedim, mən istəyirəm burda danışam, ürəyimi boşaldam. Hamı da bilir ki,qardaşımla neçə il danışmamışıq. İndi qardaşım ölüb, bu mənim içimdə nisgil kimi qalıb. Ancaq Soylu mənə demişdi bəlkə barışasan, birdən belə bir şey olar, səni pis etkiləyər. Mən də demişdim eləməz. Bir az qəzəbim, hiddətim artıq idi o vaxtlar. Ancaq ortada ölüm var, həm də illər keçib. Dediyim kimi, onun yas məclisində nə qədər söz dedim, Asif Atanın ölümə münasibəti barədə danışdım. Sonda da cəhalətin törətdiyi fəlakətləri dedim, bizdən də yan keçmədi. Bizi də cəhalət belə elədi, o nisgil içimizdə qaldı. Mütləqlə təması dedim. Qulaq asdılar, heç bir etiraz-filan yox idi. Öncə bacılarım rahatsız olurdu, sonra gördülər etiraz yoxdur. Hətta molla özü də heyranlıqla qulaq asırdı. Yaxında sonevliyə, öz ölüləri üçün gələnlər də vardı, dayanıb mənim nitqimə qulaq asırdılar.
Harda varamsa orda danışıram. Ola bilməz ki, sən harasa gedəsən orda söhbət olmasın. Söhbətlərin də bir tərəfi gəlib sorunlara dayanır. Bu da səbəb verir ki, sən o sorunların əlacını deyəsən. Burdan yaranır. Ordan da bir nəfər çıxır. Lap çıxmasa da olar.
Rayon mərkəzinə gedəndə də söhbətlər etmişəm. Sumqayıtda da olub, evimə gələn qonaqlarla da belə söhbətlər aparmışam.
Rusiyadan gələn qaynım oğlu var. Atası həmişə onu məndən qoruyurdu ki, mənim balama belə şeylər öyrədib pozma. İndi o uşağın atası ordadı. Özü gəlir ki, indi azadam, sənə qulaq asa bilərəm. Belə söhbətlərim həmişə olur. Sözüm bu qədər. Hamınızla fəxr edirəm.
Atamız Var olsun.
Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Ömürtayı qutlayıram, Ocağımıza xoş gəldin. Düşünürəm ki, biz Ocağa gələndə necə bir fərəh yaşamışıq, sən də o fərəhi yaşayırsan. Bu addımların, ilk günlərin bizə tanışdır. Daha uca içdən yaradılış, daha uca əməllər gözləyirik səndən.
(Nurtəkin Atalı 44-cü ilin Səfər hesabatını oxuyur – G.A.)
Bu il də səfərlərimiz olub. Soylu bəyin dediyi kimi, öncəki illərə nisbətən əməllərimiz azdır. Ancaq hara getmişiksə, harda olmuşuqsa orda da söz demişik.
6 Qar Ayı Soylu Atalı Aydın Novruzoğlu ilə birlikdə MGTV-də Qazaxıstan olayları ilə bağlı suallara cavab verib. Bu internet televiziyada canlı olaraq yayımlanmışdır.
Qar Ayı boyunca Göytəkin Atalı rəğbətçilər – Şahanə, Yeganə, Nigar xanımla telefonda söhbətlər aparıb, xalqlaşıb.
Günev Atalı səhhəti ilə bağlı getdiyi xəstəxanada həkimləri ilə Ocaq söhbəti edib, ədəbiyyat bağışlayıb.
20 Qar Ayı, Soylu Atalı əslən Güney Azərbaycandan olan Şapur Qasımi ilə görüşüb, söhbətləşmiş, ona Ocaq ədəbiyyatı bağışlamışdır.
18-19 Köçəri Ayı, Soylu Atalı Göyçaya səfər edib. Bilən Atalının təşkilatçılığı ilə ayrı-ayrı görüşlər keçirib, Ocaq ədəbiyyatları bağışlayıb.
8 Günəş Ayı, Bilən Atalı Yardımlıdan olan tarix müəllimi Şamxal bəylə görüşmüş, Ocaqla bağlı, türkçülük yönündə söhbət etmişdir.
31 Günəş Ayı, Soylu Atalı Günev, İnamlı Atalılarla birlikdə Atagün Elinə səfər etmiş, İnam Evində Təvəkkül bəyin təşkilatçılığı ilə ayrı-ayrı şəxslərlə görüş keçirmişdir. Ordakılara Ocaq ədəbiyyatları bağışlanmışdır. Görüşdən sonra Təvəkkül bəyin evində də qohumlarla söhbət davam etmişdir.
10 Çiçək Ayında Nurtəkin Atalı Soylu Atalı ilə qısa videogörüntü çəkərək youtube kanalında yayımlamışdır.
12 Çiçək Ayında Soylu Atalı Asif Atanın kitablarını oxumaq istəyən Araz Mansurovla görüşmüş, söhbətləşmiş, Ocaq ədəbiyyatları bağışlamışdır.
26 Çiçək Ayında Soylu Atalı Dünya Türk Ocaqları Genel Mərkəzi ofisində M.S.Ordubadinin 150 illik yubileyi ilə bağlı tədbirə qatılmış, söz söyləmiş, tədbirə qatılanlara Ocaq ədəbiyyatları vermişdir.
28 Çiçək Ayında Soylu Atalı İnamlı Atalı ilə birlikdə Dünya Türk Ocaqları Genel Mərkəzi ofisində olmuş, Ocaq yönlü söhbətlər etmişlər, Ocaq ədəbiyyatları bağışlamışlar.
3 İşıq Ayında Soylu Atalının evində Nurtəkin, Günev, İnamlı Atalılar, İlqar Tağı, Fərman Salmanlı görüşüb söhbət etmişlər.
9 İşıq Ayında Soylu Atalı evində atasına anım günü keçirmiş, Ocaq yönlü söhbətlər etmişdir.
İşıq Ayında Soylu Atalı işlə bağlı təlimdə milli-mənəvi qonularda söhbətlər etmişdir.
30 İşıq Ayı, Soylu Atalının evində Soylu, Günev, İnamlı Atalılar şair Əhməd Fərhadın da qatqısıyla görüşmüşlər, söhbət etmişlər.
4 Şölə Ayında Ocaqçılar Ağstafada “Ata Sonevini Ziyarət Günü” törəni keçirmiş, Törəndən sonra Aydın bəyin təşkilatçılığı ilə Ağstafalı şairlər, yazıçılarla görüş keçirmiş, Ocaq ədəbiyyatları bağışlamışlar.
9 Şölə Ayı, Soylu, Günev Atalılar 3 nəfərlə görüşüb söhbətləşmişlər, onlara Ocaq ədəbiyyatları bağışlamışlar.
11 Şölə Ayı, Soylu Atalı 5 adamla bir araya gəlib söhbət etmiş, onlara Ocaq ədəbiyyatları bağışlamışdır.
6 Qürub Ayında Soylu Atalının evində Nurtəkin, Xan Rəsuloğlu, Mətləb bəy görüşmüş, söhbət etmişlər.
7 Qürub Ayında Soylu Atalı qatıldığı qonaqlıqda Borçalıdan olan 3 adamla Ocaqyönlü söhbət etmişdir.
8 Qürub Ayı, Soylu, İnamlı Atalılar youtube kanalı “Kanal 13”-ün müxbiri ilə görüşmüş, söhbət etmişlər. İki müsahibə hazırlanmış, “Kanal 13” və “Təbriz Tv” youtube kanallarında yayımlanmışdır.
10 Qürub Ayında Soylu Atalı Həmid, Əziz bəylərlə görüşmüş, söhbət etmişlər. Onlara Ocaq ədəbiyyatları bağışlamışlar.
Od-Qürub Aylarında “Hüriyyət” qəzetində Soylu Atalının “Ölüm Mütləq Yoxluq” deyil adlı yazısı yayımlanıb.
13 Qürub Ayında “Kanal 13” Tv-də Soylu Atalının müsahibəsi yayımlanıb.
18 Qürub Ayında Soylu Atalı qonşuda yas yerində Ocaqyönlü söhbətlər edib.
21 Ata Ayında “Azərbaycan gəncliyi” qəzetində Soylu Atalının “Varlığa Doğma” yazısı çap olunub.
26 Qürub Ayında Günev Atalı 4 şəxslə Ocaq söhbəti edib, 2 adama Ocaq ədəbiyyatı bağışlayıb.
16 Ata Ayında Soylu Atalı Türkiyənin youtube kanalı MGTV-də Azərbaycan-Ermənistan qonusu üzərindən suallara cavab verib.
Qürub Ayında Nurtəkin Atalı Quba, Şabran, Xaçmaz bölgələrinə səfər etmiş, ordakı Kitab Evlərində olmuş, söhbətlər etmiş, Ocaq ədəbiyyatları bağışlamışdır. Həmçinin H.Əliyev Mərkəzinə, tarix-diyarşünaslıq muzeylərinə də getmiş, söhbətlər etmiş, Ocaq ədəbiyyatı bağışlamışdır.
8 Xəzan Ayında Soylu, Günev Atalılar Beyləqana səfər etmişlər. İnam Evində olub söhbət etmişlər.
15 Yağış Ayında Soylu Atalı MGTV-də çıxış etmiş, suallara cavab vermişdir.
Soylu Atalının iş yerində ayrı-ayrı şəxslərlə görüşü, sosial şəbəkələrdə aktiv yazılar paylaşması, internet qəzetlərdə ardıcıl gündəmlə bağlı yazıları, sosial şəbəkələrdə verilən sorulara cavabları da ilimizin xalqlaşma uğurlarındandır.
Günev, İnamlı Atalıların getdiyi yerlərdə qohumlar arasında söhbətləri çox olub.
Bilənin iş yerində adamlarla söhbəti davamlı olub, ədəbiyyat bağışlayıb, Soylu Atalının Göyçayda görüşlərini təşkil edib.
Göytəkinin ardıcıl olaraq sosial şəbəkədə yazılar paylaşması Xalqlaşma əməlidir. Soylu Atalının yazılarını yazan, tədbirlərin səsdən sözə çevrilməsində fədakarlıq edən bacımızın əməli təqdirəlayiqdir.
Son zamanlarda Ata haqqında yazıların çıxması da təsadüfi deyil. Ocaq fəaliyyətdə olmasaydı, Soylu Atalının gündəmlə bağlı yazıları, Ocaq əməlləri olmasaydı bu yazılar da yazılmazdı. Bu da bizim əməllərimizin sonuclarından biridir.
Soylu Atalı: Haqqında söhbət gedən yazılardan ikisi Xanəmir Telmanoğlunun Asif Ata ilə bağlı yazdığı yazıdır. Eləcə də ondan qabaq Ədalət Abdinov adlı bir şəxsin Asif Atanın adını hallandırması, hətta onunla dost olmasını vurğulaması, bunların hamısı bir tərəfdən bizim əməli fəaliyyətimizin, çalışmalarımızın uzantısıdır. Demirəm onların niyyəti pisdir. Ancaq o addımların heç biri Ocağı ifadə eləmir, Ocağı doğrultmur. Xanəmir Telmanoğlunun başqa bir əməli də olub. Sənədli film hazırlayıb geniş yayımladı. Bu sənədli flimdə də Ata ilə, Ocaqla bağlı nə gərəkdirsə dedik. Başqaları da olub, internet tv-lər də çağırırlar. Biri var bizi çağırıb bizi dindirirlər (məsələn Hüriyyət Tv), biri var özləri addım atırlar. Mənə Xanəmir Telmanoğlu özü link göndərmişdi. Mən də sizə göndərdim ki, xəbəriniz olsun. Xanəmir Telmanoğlunun niyyəti pis deyil. Ancaq o istəməyərəkdən əslində Asif Atanı Süleyman Rüstəmlə eyniləşdirir. Asif Atanın adına ən yaxşı küçə olmalıdır, dövlətdən tələb etməliyik bunu, heykəli qoyulmalıdır-filan, bunlar Asif Ata üçün deyil. Birincisi bu rejim, bu hakimiyyət onu eləməz. İkincisi o deyilənlər Asif Ata üçün deyil. Asif Ata bu cür ucuz şöhrət məsələlərini rədd edirdi. Bizim Ailə Günlərimizə, bayram tədbirlərimizə dəfələrlə qıraq adamlar qatılıb. Akademiyadan alimlər qatılıb, ayrı-ayrı adamlar, sənət adamları qatılıblar. Hamısına da söz verəndə Asif Atanı tərifləyiblər. Sadəcə tərifləyiblər. Onlar Asif Ata haqqında yüksək söz deyə bilməzlər axı. Çünkü Asif Atanı dərindən tanımırlar. Asif Ata haqqında, onun kimliyi ilə bağlı biz deyə bilərik. Biz, bizdən qıraqda Asif Atanın adına deyilən təriflər üçün başdan-huşdan getməməliyik. Biz elə şeylərə meyil etməməliyik, ağız suyu axıtmamalıyıq. Belə məsələlərdə Düzgün çox yanlışlara yol verir. Ədalət Abdinov köhnə kommunistdir. Asif Ata haqqında iki kəlmə söz deyir, tərifləyir, dost olduğunu yazır, Düzgün onu reklam edir. Bəyəm Asif Atanın dostu olmaq belə asan idi?! Asif atanın şöhrəti ilə bağlı bizim mənəvi dilənçilik eləməyə haqqımız yoxdur. Belə şeylər Asif Atanı azaltmaqdır. Ocağı bilməyənlərə deyə bilməzsən yazma, özü bilər, tərifləsin. Ancaq biz belə şeyləri reklam etməli deyilik.Yaxşı niyyətlə olunsa belə, gərək deyil. Sizə bir də xatırladıram. Atanın sağlığında Mərasimdə kimsə dedi, universitetin filan professoru Ata haqqında yaxşı sözlər dedi. Ata Mərasimdə hiddətlənmişdi. Dedi ki, görünür Ata hardasa səhvə yol verib ki, o professor Asif Atanı tərifləyir. O nə bilir, Asif Ata haqqında yaxşı söz desin. Onların boyu çatmaz ona. Bunu Asif Ata yekəxanalığından demir. Həqiqət budur. Ona görə bizim ölçümüz Mütləqilik ölçüsüdür. Ona görə kim tərifləyir özü bilər. Ağzını Allah yoluna qoyana isə tutarlı cavab veririk. Yazılarımız da var, mətbuatda da gedib. Yuxarıda da vurğuladım, bizim dəfələrlə tədbirlərimizə akademiyadan – fəlsəfə institutundan, ədəbiyyat institutundan qatılan alimlər tərifləyirdilər Asif Atanı. Asif Atanın fəlsəfəsini açmırdılar, düşüncəsini, milli istəklərini açmırdılar, sadəcə tərifləyirdilər. Ona görə deyirəm, Ocağı elm adamları yaratmayacaq. Onlara bel bağlamaq olmur. Özündən qıraqdakılara ümid bəsləmə. Özünə ümid bəslə, özün elə. Qıraq eləyəcəksə gəlib Ocağın içində olsun. Ocağın içində olan eləyə bilər onu. Ocağın bu prinsiplərini, ölçüsünü Ocaqçılar bilər. Mizan tərəzidir bu. Asif Atanın işinin, yolunun gələcəyi var. Bütün bəşəriyyətə dərs deyə biləcək bir sistemi var ortada. Onu biz niyə ucuzlaşdırmalıyıq, niyə adiləşdirməliyik?! Niyə özümüz öyrənib dərk eləməyək ki, qıraq-bucaqdan kiminsə lokal təriflərinə uşaq sevinci ilə, uşaq fərəhi ilə yanaşaq. Bunu vurğu edirəm ki, öz ölçümüzü bilək.
İnamlı Atalı ( Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mən də ilk növbədə qardaşımızın Ocağa gəlişini qutlayıram. Ona dolu, dolğun bir ömür arzulayıram. Qardaşımızın ona verdiyi ada layiqli bir ömür yaşamasını diləyirəm. Bəli, Asif Ata bəşər aləminə, bəşər tarixinə İnam gətirib. Mən dinləri inam saymıram. Ona görə ki, bu adamlıq halından, cəmiyyət halından yaranır, eyni zamanda toplumun cismaniliklə, maddiyyatla bağlı dəyərlərinə söykənir, ona ruhaniyyat sistemi demək olmaz. Onu tam ruhaniyyat adlandırmaq olmaz. Dinlərin də bəşəriyyətə nizam gətirmələri olub, biz bunları nisbi sayırıq. Uydurmalarda hər şey öz etkisini itirir. İnam birinci növbədə həqiqəti ifadə etməli, yalansız olmalıdır. Bu açıdan insan inanmalıdır ki, özündən başqa olan varlıqlardan onun fərqli bir yaranışı var. O ruhani varlıqdır. İnsan birinci növbədə buna inanmalıdır. Ruhani varlıq olması “insan kimdir” sualının birinci cavabıdır. İnsan kim olmalıdır, bu ruhani varlıq kimi inamımızda təsdiqini tapır. Öz idrakımızla biz onu əsaslandırırıq. Cavab veririk, bu cür ruhani tələblərə cavab verən varlıq insan ola bilər. Qatqılı gedişlərə uyan (bir az ondan, bir az bundan olan), qardaşımızın dediyi kimi, nisbi olur. Nisbi də insanlığı tam ifadə eləmir. Bu açıdan insan bildi ki, insan kimdir. Sonra “mən kiməm” sualı ilə içindəki dünyanı təhlil edir, xeyirlə bərabər şər çalarlarının da olduğunu aydınlaşdırırsan. Biri var insan bilməyərəkdən öz içindəki səhvlərə bəraət qazandıra. Ancaq Ocaqda, qardaşımızın dediyi qaydada, bu ölçü sistemi ilə bütün hərəkətlərimizə, bütün düşüncələrimizə, sözümüzə qiymət verə bilirik. Onu o ölçü ilə, nizamla tərəziyə çəkə bilirik.
Bizim bu günkü Mərasimin tələbinə gəlincə, demək olar, Ocaqçı hara getdisə səfərdir. Mən burda qabaqkı mühitimdən aralandım, bir az təcrid oldum. Orada əlaqələrim lap geniş idi. Ancaq burda da harda olmuşamsa ruhani qonularda söhbətlərim olub.
Bu gün də işlə əlaqədar bir yerə çağırmışdılar. Ora getmişdim. Orda da həyatda iqtisadiyyatın qurulması haqqında söhbət gedirdi. Orda gözəl söhbət ortamı yaratdım. Dedim əgər insan özünü insan kimi təsdiq edə bilmirsə, onun əlinə hansı sistemi versən, o sistem axırda gedib dalana dirənəcək, nisbi olacaq, zay olacaq. Bu qonuda gözəl söhbətimiz oldu.
Ən çox özümlə məşğul oluram. Öz daxili dünyamı özüm üçün tam nizama salmaq, onun cilovunu əlimə yığmaq istəyirəm. Burda da qardaş-bacılarımızın ifadələrindən güc alıram. Mərasimlərdən əlavə hər bir söhbətimizin özü mənim üçün bir məktəb olur. Ayrıca ən çox Soylu qardaşımla düşüncə bölüşmələrim olur. Bu çox gözəl alınır. Mərasimdə bir qədər məsuliyyət adamı sıxır, ancaq orda sıxıntısız alınır. Məni gözəl etkiləyir. Hesabatım bu qədər.
Atamız Var olsun.
Soylu Atalı: Atanın ölümündən sonra Mərasimlərdə gərginliyi ən çox mən yaşamışam. Mən hər Mərasimə gedəndə gerçəkdən elə bilirdim Atanın qarşısına gedirəm, Atanın qarşısında çıxış edirəm. Bu, sorumluluq məsələsidir. Sözə, davranışa qarşı sorumluluq. Xalqın gələcəyi ilə bağlı, insanlığın varlığı ilə bağlı iddia qoyursan ortalığa, söz deyirsən. Bunun sorumluluğu balaca ola bilməz ki. Genelliklə bəşər səhifəsində Ocaq Mərasimlərinin özünün ayrıca bir səhifəsi var, olacaq da. Bu böyük sorumluluqdur.
Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mərasimimiz qutlu olsun. Ocağa yeni gələn qardaşımızı qutlayıram, uğurlar diləyirəm.
Mənim səfərlə bağlı hesabatım yoxdur. Qonuda qoyulan özüylədöyüşün təsdiqi ilə bağlı danışmaq istəyirəm. Özüylədöyüş – insanı özüylə üz-üzə qoyan, özünü tanıdan ideyadır. Özüylədöyüşün mənə yetirdiyi müsbət yanları hər günümdə, hər anımda görürəm. Öncələr çox şeyi nəzərdən qaçırırdım. Ya da belə desəm doğru olar, özümdən qaçırdım. Ancaq zaman keçdikcə özünə nəzarət mənimlə yaşayırmış kimi bir hal yaranıb. Elə bil mənimlə bərabər yaşayan, məni sorğulayan, məni daim izləyən biri var. Öncələr mənimlə bərabər qorxu vardı. Bu qorxu məni çox vaxt nələrdənsə çəkindirərdi. Ancaq qorxu sınırını aşa bilən nələrsə də vardı. Elə şeylər vardı ki, mən onları yaşamaq istəyirdim, imtina alınmırdı. Qorxunun çizdiyi çevrənin içində həyat ölürdü, yaşamaq mənasızlaşırdı elə bil. Ancaq özüylədöyüş bu dediklərimin tərsini yaşadır mənə. Qorxunun yetirdiyi bədbin halların yerini özüylədöyüşdən gələn fərəh doldurur. Qorxu məni balaca saxlayırdı, müti saxlayırdı. Ancaq fərəh içimdə sevgiyə, heyrətə yol açır, məni böyüdür. Bu gün bəlkə də mənim özümlə bağlı yetmədiyim çox şey var. Ancaq bilirəm ki, mənim ömrüm özüylədöyüş əsasında qurulur. Mənim özünə nəzarətim, özümə suallarım mənimçün insanla bağlı, insanlıqla bağlı bir çox sirləri açacaq.
Atamız Var olsun.
Soylu Atalı: Özüylədöyüşün gücü o vaxt artır, o vaxt daha böyük etkilər yarada bilir ki, özüylədöyüş konkret hədəflərə yönəlik hesabatlar üzərində ifadə olunur. Nədə, necə?! Özüylədöyüşün fəlsəfəsi haqqında yetərincə danışa bilərik, ancaq konkret olaraq, öz üzərində hər bir Ocaqçı özüylədöyüşün yaratdığı etkiləri dilə gətirməyi bacarmalıdır. Məsələn, bir fakt deyim. Tutalım, biz bilirik ki, içimizdə hansısa proseslər gedir, nəsə dəyişiklik gedir. Bunları sadəcə olaraq ifadəyə gətirmək gərəkdir. Onda onun gücü beş dəfə artır. Başqasına da yansıyır. Bu hər bir Ocaqçıya özgündür. Bundan çəkinməmək gərəkdir. Özüylə döyüşmək özünə daim nəzarət eləməkdir. Özünə nəzarət nədir, özündə öz davranışlarını, işlətdiyin ifadələrin hamısını bilmək. Özünə şüurlu şəkildə, ruhani bir varlıq olaraq yanaşmaq, özünü nəzarətdən qoymamaq. Necə gəldi, heyvanlar necə instinktlə davranır, ora gedir, bura gəlir, otlayır, durur, insanlar da, açıq deyək, çoxluq olaraq elə yaşayır. Özüylə döyüş sənə imkan verir, əyri gələni tanıyırsan, qırağa qoyursan. O əyrini bir də eləmirsən. O əyrinin tələbinə bir də əməl eləmirsən. Düz gəlir, düzü gəlişdirirsən. Düzə arxa durursan, yiyə çıxırsan. Yəni özünə nəzarət, özünü tanıma, özündən gələnləri bilmə, onlardan gələn nələrisə dışlamaq, nələrləsə iç-içə olmaqdır. Dediyim kimi onun da gücü konkret faktlar, hesabatlar üzərində qurulanda birə beş artır.
Özüylədöyüş məsələsi Ailə Gününün məsələsidir. Bu Mərasimdir. Mərasimdə yada düşər, hansısa bir məqamı özəl vurğulamaq olar. Ancaq Mərasim “özüylədöyüş hesabatı” yeri deyil. Ailə günü hesabatı verəndə bunları incələmək olar.
İnamlı Atalı: Soylu, biz Ocaqda olan vaxtlar izharlarımızda bir cümlə vardı, ürəyimizdən çirkin duyğular keçməsin. O mənə nə qədər kömək elədi. O bir cümlənin gücünü şəxsən öz üzərimdə mən hiss eləmişəm.
Soylu Atalı: Sözün etkisi var. Söz özünə bənzəyəndə, doğru olanda gücü daha çox olur. Çünkü daha çox enerji yarada bilir.
Ömürtay Atalı: Mən Ocağa gəldiyim, sizlərə qatıldığım üçün çox sevinirəm. Sizi yaxından tanıdıqca doğru yolda olduğumdan əmin oluram. Çalışıram Atanın fəlsəfəsini daha yaxşı öyrənim. Xalqlaşma əməllərinə başlayım. Hələ ki yolun başlanğıcındayam, ona görə öyrənmə aşamasındayam. Çalışıram Ocağa, Atanın düşüncəsinə, ideyasına sadiq olum, başa düşüm. Öz həyatımda yaşayım, başqa insanlara örnək olum. Hamınıza təşəkkür edirəm.
Soylu Atalı: Ömürtay çox yaxşı oxucudur. Həm də oxuması onu düşüncə adamına çevirir. Mən ona demişdim duyğularını yaz. Çünkü elə duyğuları yaranır, məni heyrətə gətirir. İnsanın yaşaması budur. Bizi toplum da, din də özümüzdən ayırır. Başlıcası siyasət bizi özümüzdən ayırmaq üçün yaranıb sanki. Onu insanlar yaradıb. Özlərindən ayrılıb yaradıblar. Özlərindən ayrılıb yaratdıqları onları daha da özlərindən ayırır, ayrı saxlayır. Siyasət insanı biologiyaya, heyvana bərabər saxlayır. İnsanın öz mahiyyətinə bərabər yaşadığı istənilən an onun yaşaması deməkdir. Ağ gün odur. İnsan şüurlu, mənəvi, ruhani yaşayır, yəni öz mahiyyətinə tən yaşayır. Heyvandan ayrılır. Sənin azadlığın heyvandan ayrılmağındır. Heyvandan nə qədər ayrılırsan, bir o qədər yaşayırsan. Heyvana enirsən, ömür gedir boşuna. Günlərin bir günü torpağa qarışıb olmayacaqsan. Əgər öz mahiyyətinə bərabər yaşantıların olmasa sənin sonun da bilinmir. İndi insanlar üç arxadönənindən o tərəfi də tanımır, heç ilgilənmir. Çox qəribədir, indi heç babasının atasını tanımır nəvə. Bunu ona deyən də yoxdur. Bizim öz mahiyyətimizə, öz insani kimliyimizə bərabər yaşamağımızın gözəlliyi bir ayrı, bir də sən öz insani kimliyinə mahiyyətinə bərabər yaşayarsansa səni nəvən deyil, min arxadönənin də tanıyacaq. Mahiyyətinə bərabər yaşayan, xəlqi yaşayan, insani yaşayan zamandan yüksəyə qalxır, genel axarda itib-batmır. Buna görə də bizim başlıca olaraq işimiz, yaşantımız öz mahiyyətimizə bərabər yaşamağımızdır. Mənə vaxtilə qohumlarım deyirdi, bu Ocaq sənə nə verir. Onlar həmişə maddi cəhətini düşünür, yəni maddi olaraq nə verir. Mən işin mənəvi yanını izah edirəm, nələr verirsə, onu deyirəm…
Mərasimimizi sona çatdıraq. Atanın dediyi kimi, düşüncədən artıq sözə gərək yoxdur. Biz də o prinsipə sadiq qalırıq. Sözümüz olanda deyirik. Yetər ki, söz mənalı söz olsun.
Ocaq Yükümlüsü Evladlıq nişanələrini sunur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Mərasim sona yetir.
14 Köçəri Ayı, 44-cü il. (Fevral,2023)