Xəbərlər

Qutsal “Ruhani Səfər Günü” törənində deyilmiş fikirlər

Ruhani Səfər GünüAsif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 Qutsal “Ruhani Səfər Günü” törənində
deyilmiş fikirlər

Ocaq Günsırası ilə 27 Sərt Ayı, 37-ci ildə (dekabr, 2015) İnam Evində “Ruhani Səfər Günü” törəni keçirildi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Asif Atanın Mütləqə İnam Ocağı “Ruhani Səfər Günü” törənini həyata keçirir. Bu törəndə söz deməzdən öncə Atamıza səcdə ilə Bayrağımızı öpürəm. Ocağımızın Qutsal günüdür və Ocağımızı yaşadan günlərimizdən biridir. Mənaca Ocağı ifadə edən, Ocağın qurum olmasını ifadə edən, yaşadan bir gündür. Bu gündə biz Sabahlını, Bağbanı, Amaltayı anırıq və onları öz yanımızda bilirik. O kəslər ki, Atadan “Nişanə” aldılar və Ocaqçı kimi öldülər, onlar Ocağın həmişəlik Evladı olaraq qalırlar.

Asif Atanın yaratdığı, yazdığı qurum və quralları Ocaqçılar ləyaqətlə yaşadırlar, bundan sonra da, təbii ki, davam eləməlidir. Bu gün bütün gedişlər, toplumun halı, yaşatdığı gələnəklər hamısı Ocağı yaşatmağa qarşıdır əslində. Yəni insanlarımızın həyatına girməklə, bu cür ərdəmli, gərəkən məsələləri yaşatmaq yolunda əngələ çevrilirlər. Düşüncələrdə qarşıdurma (münaqişə) yaradılır. Əslində həyatın, toplumun özündə olan qarşıdurmalar ayrı-ayrı idarə olunan olaylarla ağıllarda, düşüncələrdə qarşıdurmalara çevrilir. Ocaqçı ömründə bunların qarşısını Ocaq almalıdır.  Ocağın da bunun qarşısını alması üçün tələbi birdir – Atanın qoyduğu quralları olduğu kimi, Ataya layiq yaşatmaq. Ruhani Səfər Günü mərasimimiz Asif Atanın yaratdığı olaydır, yazdığı qaydadır, bunu “Ruhani Hökmlər” kitabından bilirsiniz. Ata, illər öncə, Ocağının mərasimləşməsinə başlayandan bir-iki sonra, bu mərasimi ortaya gətiribdir. 30 ildən bəlkə də çoxdur, bu mərasim həyata keçirilir, yaşadılır.

IMG_8794

Bizdən qabaqkı çağlarda da, hamınız bilirsiniz ki, insanın qurtuluşunu düşünən, ona qurtuluş ideyasını verməyə çalışan adamlar daim səfərlərdə olublar. El-el, oba-oba, kənd-kənd, ölkə-ölkə gəziblər, karvanlara qoşulublar, ayaqla gediblər. Hardaydı indiki kimi bu qədər olanaq (imkan). O insanlar, bilmirəm, bəlkə o dövrün məntiqi, tələbi elə bir hal yaradıb. Ya öncədən insanların içində bu hallar olub. Get-gedə, həyat dəyişdikcə insanın məişətində, həyatında yaşayan qaydalar dəyişdikcə, sadələşdikcə, bəlkə belə deyim, asanlaşdıqca insanların gəzməyə, səfərə yanaşması da dəyişib. O çağları düşünəndə bizə çətin gəlir. Həm çətin gəlir, həm bəlkə də gülünc gəlir. İndi o dövr deyil, ayağına çarıq geyib düşəsən yollara, bölgə-bölgə səfər edəsən. Bir az da bu adamların ağlında gülünc hal yaradar. O dövrkü insanların ağlında yaranmırdı, onlar bunu yaşayırdılar. Biz də, təbii ki, o dövrü yaşamırıq, başqa dövrü yaşayırıq, o cürə edə bilmərik, bu dövrdə olduğu kimi edərik.

Bütün bunlardan asılı olmayaraq, səfərin bir anlamı var – insanla üz-üzə olmaq. Nə qədər sosial şəbəkələr yaranırsa yaransın, səfərin yerini verə bilməz. Sosial şəbəkədə yazı qoyursan, heç oxuyub axıra çıxmırlar. Tək-tək adamlar olur ki, çoxluq etibarilə, status deyirsən, nə deyirsən, iki cümlə ilə yetərlənir. İki cümlədə Xeyiri vermək olmaz. Şəxsiyyəti tanıtmaq olmaz, Yolu tanıtmaq olmaz. Buna görə səfər böyük olaydır, səfərin önəmi də olduqca böyükdür. Biz də bunu anlayırıq, çalışıb əlimizdən gələni edirik. Doğrudur ki, son vaxtlar bizim səfərlərimizin halı zəifləyib, lap qabaqkı, Atanın ölümündən bir az sonrakı, günlərlə tutuşdursaq, indi xeylı azalıb. Bu bizim ümumi çətinliklərimizlə bağlıdır, çətinliyimiz də çoxalıb. Mənə elə gəlir, biz düz edirik ki, arxivyaratma işi ilə məşğuluq, tədbirləri işləyirik, yazırıq. Çünkü bilmirik hara qədər etki göstərəcəyik topluma. Əsasən iş bizdən sonra gedə bilər, bizdən sonra getməsi üçün bütün qaydaların anlamı yazılıb, qorunub saxlanmalıdır. Davranışdır, mərasim aparmadır, səfərlər, görüşlər keçirmədir, Atanı ifadə eləmədir, mərasimi ifadə eləmədir, bunların hamısı qaydalardır. Bir var bu qaydaların anlamını kitaba yazasan, nə qədər istəyirsən kitaba yaz, kitaba yazılanı toplum heç vaxt ifadə edə bilmir. O, öz ağlına çatan kimi ifadə edir. Özünə də görürsən yanlış çatır, doğru çatmır. Ancaq bunu əməldə, yaşamda göstəririksə və onu yazırıqsa bu, canlı örnəkdir. Canlı örnəyi hər kəs görür. Nə etmək gərək olduğunu da bilir.

Ruhani Sefer gunu

Söz yox ki, bizim ötən illərimizdə də, 37-ci ilimizdə də, Ocaq olaraq çoxsaylı işlərimiz olub. Səfərlərimiz olub, görüşlərimiz olub. Bu görüşlər kütləvi olub, fərdi olub. Ocaq tədbirlərinin özü də bir səfərdir. Mən ona görə həmişə vurğu eləyirəm ki, çalışaq yeni adamlar olsun. Nə qədər gəlsələr bizi dinləyər, bizdən öyrənərlər Atanın işini. Bunlar olduqca gərəklidir. Bunlar da səfər halıdır, səfər olayıdır. O şey ki, Ocaqçının üz-üzə oturub soraq verməsi ilə sonuclanır, özünu göstərməsi, ifadə etməsi ilə sonuclanır, bunlar hamısı səfərdir.

Səfərlərimizlə bağlı hesabat da olacaq yəqin ki. Mən onları qabartmayım, ancaq bir neçə kəlmə istəyirəm, ümumi səfərin məzmunundan doğan  prinsiplərə toxunam.

 Bu gün bütövlükdə dünyanın yaşadığı, yaşatdığı qurallar ki var, o quralların hamısı bəlli sivilizasiyanın içində oturuşub. Bəlli sivilizasiyanın tələbinə, məntiqinə cavab verir. Bəlli sivilizasiya da indi demokratik quruluş olan ideoloji-siyasi sivilizasiyadır. Bu sivilizasiyanın da topluma bağlı, sosial həyata bağlı nəyi varsa, hamısı kapitalizm quruluşuna bağlıdır. Demək, bizim sosial qayğılarımız, normativlərimiz hamısı kapitalizm quruluşunun tələblərinə uyğundur. Kapitalizm quruluşu da öz tələbləri ilə daim insan üzərində yeni əməllər sınaqdan keçirir. Yeni-yeni sınaqdan keçirilən əməllər də hamısı insan üzərində basqıya çevrilir. Bu qarşısıalınmazdır, çünkü quruluşda əsas hədəf, əsas istək insanı istər mənəvi cəhətdən, istər sosial-məişət cəhətdən ağ günə çıxartmaq deyil, onun yaşamı ilə bağlı narazılığını necəsə yola verməkdir. Bu yola vermək az bir çəkidə güzəştlərlə olur, az bir çəkidə nələrəsə əməl etməklə olur, əsas çəkidə isə susdurmaqla olur, basdırmaqla olur. Buna görə də toplum getdikcə həm ümidini itirir, həm də çətinliklərə dözə bilmir. Bizim toplumumuzu sosial baxışlara görə yüz il bundan öncəki çağlarla tutuşdurmaq olar. Elə bil ki, elm qabağa gedir, insanların geyimi dəyişir, davranışı dəyişir, ancaq  sosial həyatı yüz illər öncəki ilə tutuşdurmalı oluruq. Deməli, sivilizasiya nə qədər qabağa gedirsə, insanların həyatı ondan filan qədər dala qalır. Gəlişmə (inkişaf) deyilən bir şeylər insanların həyatı ilə tutuşduranda çox qabağa qaçır. İnsanın həyatı ona çata bilmir. Elə hal yaradırlar ki, insan öz həyatını bu gedişin, bu zamanın ayağı ilə yan-yana qoya bilmir. Buna görə bütün hallarda çətinliklər qaçılmazdır. İnsanların bir-birilə cırmaqlaşması qaçılmazdır, çünkü insanlar bir-birinin hesabına yaşamağa çalışır. Biri o birinin hesabına dolanır. Burda həm qanunauyğunluq var, həm də qanunauyğunsuzluq var, ziddiyyət var. Uyğunluq nədir, ziddiyyət nədir? Uyğunluq odur ki, əgər bəşər övladı toplum halına gəldisə, dövlət qurdusa, birgə nizamı, yaşayışı olsun deyə bunları ortaya gətirdilər. Bunları ortaya gətirdikləri üçün istər-istəməz birinin malını o biri alır, bir-birinin hesabına dolanır. Bir də var tüfeyli münasibət qurmaqla başqasının hesabına dolanmaq. Yəni başqasını qamarlamağın hesabına dolanmaq. Atanın iqtisadiyyatla bağlı bir sözü var ki, aldığın qədər ver, verdiyin qədər al. Qarşılıqlı münasibət yaransın, asılılıq yaranmasın. Təkcə dövlətlərarası münasibətə aid deyil ki, bu həm də insanlararası münasibətə aiddir. Yəni insan, sənin kartofun var, nəyin var, sən ona satırsan, o öz məhsulunu sənə satır, balanslaşır, sən də dolanırsan, o da. Qiymətlər elə tarazlanmalıdır ki, nə sən əzab çəkəsən, nə də bu əzab çəkə. Yoxsa sən burda öz malını baha satırsan, çalışırsan burda artıq qazanasan, unutma ki, qarşıdakı da öz malını baha satıb qazanmağa çalışır. Sonucda bu olur ki, sən də artıq qazanıb baha satırsan, o da. Bu da ziyan gətirir. İnsanın guya yaşamaq hissi baş qaldırdığına görə tamamilə toplumsal münasibətlər zədə götürür. Ona görə də, insanlıq məsələsi üçün, ömrünü izafi nəsnələri qazanmağa həsr eləmə, göz dikmə, insanlığa həsr elə, mənəviyyatını qur, insan kimi özünü təsdiq elə, həyat gözəl olsun, dünya gözəl olsun, yaşam gözəl olsun. Ata bunu deyir. Ancaq bunu, bizi fiziki olaraq içinə alan sivilizasiya demir axı. Ona görə də biz gəlib elə bir aşamaya dayanmışıq ki, ya gərək toplumdan biri olaraq həyat uğrunda mübarizəyə qoşulaq, ya gərək həyatımızı elə nizamlayaq ki, minimum yaşamla qane olaq, Ocağımızın tələblərini yaşadaq. Bizim qarşımızda duran budur, biz ayrı şey ola bilmərik. Həyat uğrunda qovğaların içinə girmək bizi tamam üzə bilər. Tükənə bilərik. Ocağı itirə bilərik. Ocaq prinsiplərini itirə bilərik, həyatımız olar heç. Bu günə qədər uğrunda savaşdığımız ideallarımız olar heç. Güzəran ağırlaşdıqca sənin xəbərin olmur necə onun içinə girirsən. Ocaqçıların bir-biri ilə bağlılığı, tədbirdə ünsiyyətləri, görüşmələri hamısı Ocaqçını həmin asılılıqdan, həmin korafəhim durumların içinə girməkdən qoruya bilər. Buna çalışmaq gərək, buna tam yetmək gərəkdir. Bəşəriyyət Asif Ataya qədər keçdiyi aşamaları tarixə yazıb, bizə sunub. Dinlər yarandı ki, insanları qurtarsın. Din insanı qurtarmaq üçün bütün insani prinsipləri normaya çevirmədi, qaydaya çevirmədi. İnsanı qismən təmin elədi. Qismən olan qaydalar da, insan qabağa getdikcə, elm aşkarlandıqca, insanı yarı yolda buraxdı. Din insanı qorumaq üçün normativlərin yanına xurafat bağlayır, yalan bağlayır. Biz, bəşər övladı olaraq, bir çağlar xurafata bel bağlamışıq. Ona inana-inana, bel bağlaya-bağlaya həyatımızı qurmuşuq. Həyatımız kiminsə əlində olub, pis anlamda idarə olunmuşuq. Yenə kimlərsə çox yeyib, biz az yemişik, sonra elm gəlişib, quruluş dəyişib, gəlişmə dəyişib. Yeni normalar, normativlər ortaya çıxıb. İndi din bizi köhnə çağa bağlayır.

Elmi gəlişmə də ayrı bir şeyə bağlamağa çalışır. Elmlə ruhaniyyat arasında yaranan qarşıdurma bəşər övladını məhvə sürüyür, uçurur. Çünkü insanın şüuru, ruhu, mənliyi bu tərəfə bağlıdır, sosial həyatı isə o tərəfə. Bu da birliyi aradan qaldırır, elmlə ruhaniyyatı birgə qəbul etməyə əngəl olur. İnsan ayrılır, nə ondan olur, nə bundan. Asif Ata qarşıdurmanı aradan qaldırır. Əgər bu gün bəşəriyyət Asif Atanın ideyalarını öz həyatına tətbiq edərsə, 500 il sonra, elm hara dəyişir dəyişsin, Asif Atanın prinsipləri də özündə daşıdığı qanunauyğunluqları daim insanlığa uyğunlaşdırır. Başqa sözlə, gəlişmə özü buna uyğunlaşır. Bunlar bərabər gedir, iç-içə gedir. Biri dalda qalıb, biri qabağa getmir Atada. Ata insan həyatının qarşısında elə şərtlər qoyur ki, insanı elə bir prinsiplərə bağlayır ki, o prinsiplərlə davranarsansa, sənin qabağa getmələrin, gəlişmən insana qarşı olmaz. Yəni insanlığı ölçü elədiyinə görə sosial həyatda nə dəyişiklik edirsən elə, insanlığa qarşı eləməyəcəksən. Eləməyəcəksənsə, sənin gəlişmən insanlığın tələbi altında olacaq. Ata onu birləşdirir. Ona görə biz təkcə özümüzü  düşünmürük. Sayca az, mənaca böyük bir olayıq, gücük. Atanın bizə öyrətdiyi planları içimizə çevirəriksə, bəşəriyyətin 100 illər bundan sonrakı aqibətini ruhsal mənada bəlli eləmiş oluruq. 100 ildən sonra bəşəriyyət öz aqibətini sənin bəlli elədiyin prinsiplər üzərində qurub, insan kimi nəfəs ala biləcək. Bu nəzəri həqiqətdir, ancaq bu nəzəriyyə ehkama, xurafata bağlı olan, gəlişməyə zidd olan nəzəriyyə deyil. Həyata keçəcək bir nəzəriyyədir. Bundan ötrü nə gərəkdi? Bu çətinliyin içində Ocaqçının ağlı, ürəyi gözəl işləməlidir. Əgər Ocaqçının ağlı, ürəyi gözəl işləyəcəksə, onda onun ömrü, çalışması daim örnək olacaq. Başqa cür olsa, burda biz yalnız Atanın dedikləri ilə qulağımızı doldurarıqsa, qulağımıza doldurduqlarımızı gedib başqa yerdə deyəriksə, heç kim inanmayacaq, dəyişiklik olmayacaq. Onu yaşayarıqsa, ömrümüzdən, üzümüzün ifadəsindən, içimizin arılığından, duruluğundan sunarıqsa insana, o inanacaq. Bu vaxta qədər hər kəs hər kəsə yaşanmayan nəzəri ideya verir. Biz nəzəri ideya vermirik, biz yaşanan ideya veririk. Ləyaqətə dayanan, ömrə girən və ömrün məzmununa çevrilən ideya veririk, ideal veririk. Kim nə dərəcədə buna yetib, bunu verə bilib – bizim səfərlərimizin əsasında bu durmalıdır. Çünkü quru sözlə bundan sonra heç kimi inandıra bilməzsən. Getdikcə də anarxiya artacaq, getdikcə insanların bir-birinin gözündən düşməsi artacaq. Davakarlıq, cırmaqlaşma, bir-birinə qarşı söyüş, təhqir, hamısı getdikcə artacaq. Bunun üçün Ataya dayana biləcəksən, ya bilməyəcəksən, bax bunu özün öyrən. Ataya dayandığın qədər sənin atdığın addım iş görəcək. Ata içində dayandığı qədər sənin səfərdə gördüyün əməl iş görəcək. İnamın, fərəhli harayın inandıracaq insanları. Dünyanın axırı deyil deyəcək. Dünyanı ölməyə qoymayan insanlar var deyəcək. Bunu eləmək asan deyil. Hər kəs öz evində öz işinin peşində olarsa, bu iş asan olmayacaq. Bu vaxta qədər az sayda Ocaqçılarımız böyük ləyaqət göstəriblər, hamısı böyük sarsıntılar yaşayıblar, əzab çəkiblər, hərə özünə xas. Ancaq Atanın yolundan, Atanın arxasından dönməyiblər. Bu çox böyük qeyrətdir. Bu, 100 illər bundan sonra da örnək götürüləsi, fəxr olunası bir haldır. Ocaqçılarımız bu vaxta qədər az və ya çox mənada bunu ifadə ediblər. Bunun qədrini bilməliyik.

IMG_8811

Ocağa Evlad gətirmək çətinliyini gözə almaq və öz ləyaqətinin cazibəsi ilə yeni Evladlar gətirmək gərəkdir. Davamlı şəkildə cəhd eləmək, istər Evlad gətirmək üçün, istər Ocağa bağlamaq üçün. Belə bir işin peşində olmaq gərək. Usanmamaq, yorulmamaq. Gəlin biz zamanı yoraq. Zamanı yormağımız üçün birgə, doğmacasına, qardaşcasına, bacıcasına tükənməyimizin qarşısını ala bilərik. Doğmalıq artmalıdır, inam artmalıdır, sevgi artmalıdır, sağlam ünsiyyət artmalıdır. Balaca yanlışları bir-birinin başına çırpmamaq, suçlardan böyük fil düzəltməmək. Bir-biri ilə döyüşmək adında bizim ölçümüz yoxdur, bizim özüylədöyüş adında ölçümüz var. Hər kəs özüylə döyüşür. Ancaq bu o demək deyil ki, hər kəs arxayın olmalıdır ki, onsuz da mənə qıraqdan nəzarət yoxdur. Elə deyil, sən öz mənəviyyatını qur, niyə gözləyirsən ki, qıraq sənə desin, ya deməsin. Ataya dayan, qur içini. Ataya niyə güvənirik biz? Bir halda ki, biz bütöv bəşəriyyəti Ataya güvənməyə çağırırıq, kimlərsə kapitalizmdən güc alıb dünyanı dağıdır, biz də Atanın böyük hikmətindən, ideyalarından güc alıb dünyanın dağılmasına dirəniş göstərək. Bunu da biz özümüzlə xalqın içinə daşıyaq. İstər fərdi görüşlərdə, istər çoxsaylı görüşlərdə. Onda xalqın içində bizim ruhsal etkimiz özünü göstərəcək.

Bəzən adamlarla söhbət edirsən, deyir ki, siz deyənlər nə gözəldi, elə siz deyənlər doğrudur, yoxsa məhv olub gedir dünya. Artıq bizə yaxın olanlar bunu görməyə, düşünməyə başlayır. Birdən-birə gücü çatmır, kütləvi şəkildə bura gəlmir, bu bizdən asılı deyil. Bizim etkimizlə şəxsiyyətlər yaranmalı və sosial həyatı, dövlətin nizamını onlar yönətməlidir. Dəyişiklik onda olacaq. Biz təməl yaradırıq. Bu təməlin üzərində nələr qurulacaqsa, o bizim işimiz deyil.

Mən bununla da Ruhani Səfər Günümüzdə sözümü bitirirəm.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 IMG_8819

Günev Atalı (Ataya səcdə ilə sözünə başlayır – Ü.A.): Səfər Günümüzlə bağlı mən ötən ilə göz yetirdim. Səfərlərdə olmuşam. Təbii ki, bütün ömür səfərləşir əhvalımızda. Harda oluruqsa, biz insanlarla üz-üzə oluruq. Həyat bizə öz çatışmazlıqları ilə olanaq (imkan) verir ki, söz deyə bilək. Hər yanda etiraz, hər yanda rahatsızlıq, bəlli sorğular doğurur. Bu sorğulara cavab verərkən Ataya, özümüzə yanaşma bildiririk. Bu da səfər əhvalının həmişəlik içimizdə olması ilə bağlıdır.

Olduğum səfərlərin hərəsindən bir cümlə, iki cümlə yazmışam.

 

xxx

Ağcəbədi bölgəsinin Şitilçilik adlanan yaşayış yerində Rafael adlı Ocaqsevərin evində xeyli sayda adamlara Ocağımızın sorağını verdim. Orda qəzet buraxılışlarımızdan da paylamışam, söhbətlərimiz dinlənilib, yaxşı yanaşma olub.

 

xxx

Beyləqanın Günəşli kəndində Elxasın təşkil elədiyi adamlarla görüşdüm. Uğurlu dinlənildi, çoxlu adam var idi. Öyrətmənlər də var idi, sıradan adamlar da. İllərlə mənim haqqımda eşitdikləri ağlı-qaralı yanaşmalarla bağlı çoxlu suallar verdilər. Hər bir sual da Ocağımızın yenidən açılmasına, tanınmasına gətirib çıxarırdı. Heç bir etiraz olmadı, elə  heyrətlə qulaq asırdılar.

xxx

Ata Sonevini Ziyarət Günü Elxasla Ağstafaya getdik. Qayıdanda Murov dağında çay qırağında “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı söyləyərkən qıraqdakıların heyrətinə səbəb oldu. Bir çox adamlar çayın qırağında dincəlirdilər, çayxana kimi bir yer idi. Orda əhval yarandı ki, “Ricalar”ı deyək. Murov dağları, çayın şırıltısı, əhvallar yaxşı, bir az hündürə qalxdım, hamı da görürdü. Nümayiş elətdirmirdim, bu mənim içimdən gəldi. Elxas da bunu çəkdi. Camaat yaxın idi, dinlədilər, sonra siz kimsiniz deyə soruşdular. Biz söhbətlər aparıb aydınlaşdırdıq.

 

xxx

İsmayıllının Aşıq Bayramlı kəndində Ocaqsevər Elçinin qohumlarıgildə oldum. Bir neçə nəfərin qatqısı ilə söhbət elədik. Orda gecələdik, evlərində ustalar var idi, qohumlar var idi, yaxşı suallar verdilər. Mən də təşnə idim belə danışmaq üçün, uğurlu söhbətlər elədik. 12 Şölə Ayında.

 

xxx

Elananın atasının  ildönümündə bir neçə nəfərin istəyi ilə Ocağımıza aid çoxlu suallara cavab verdim. Sayğı ilə dinlənildi. Etirazçılar da var idi, o söhbəti bura qatmayın deyənlər də var idi. Ancaq ən çox dinçilərin özü “niyə qoymursunuz, bu kişi söz demək istəyir axı” deyirdilər. Ona görə sakitlik yarandı. Bu yöndə söhbət bir neçə gün davam etdi.

 

xxx

Ağcabədinin Cəfərbəyli kəndində (yas mərasimində) elədiyim ağır məzmunlu söhbətdən sonra etirazçıların və sevərlərin qarşıdurmasına səbəb oldu. Sonuc etirazçıların qovulması oldu. Söhbət edib qurtarandan sonra, bilirdilər ki, mənim kitabım çıxıb, gəlib kitab istədilər, mən də kitabımdan verdim. Könül xoşluğu  ilə ayrıldıq. Mən ordan ayrılandan sonra o kitabları yığıb yandırmaq istəyən bir nəfər olub, etiraz ediblər. Sonra bu etirazçılarla sevərlərin qovğası olub. Axırda pis fikirliləri qovublar.

IMG_8822

xxx

Kənd məclislərinin birində İnam Evindən söhbət düşdü. Bunun nə demək olduğunu bilmək üçün bir neçə adamda Məbədi ziyarət etmək istəyi yarandı. Səhəri 6 nəfərlə İnam Evinin Amal Bağını ziyarət etdik. Söz dedik, suallar cavablandı. Məbədin başqa ünvanlardan fərqi izah olundu. 17 Qürub Ayı.

 

xxx

Ağcabədinin Hüsülü kəndində Eldəniz adlı biri ilə tanış oldum. 7 nəfərlə birgə etdiyim söhbətdə Ocağımızın sorağını verdim. Həmin kənddə çoxsaylı Ocaqsevər tanışlar var artıq.

 

xxx

Ağdam bölgəsinin Bayat kəndində söhbətim Məhəmməd adlı bir öyrətmənin heyrətli marağı ilə qarşılandı. İşlədiyi məktəbdə görüş təşkil eləməyə söz verdi. Xeyli sayda ədəbiyyat payladıq. 13 Xəzan Ayı.

O ki qaldı əhval məsələsi. “Ömür başdan-ayağa səfər əhvalında olmalıdır” nə deməkdir mənim üçün. Bu obrazda mən həmişə söz, fikir deyirəm. Məcnuna kim gəlib nə deyirdisə, heç nə ona maraqlı deyildi. Deyirdi Leylidən sözün var de, yoxdusa xoş getdin. Dünyada mənim üçün heç nə maraqlı deyil Ocaqdan başqa. Ancaq bütünlüklə Ocaq işi görəndə, Ocaq addımı atanda, hər hansı bir daşı daş üstünə qoyanda mən yaşayıram, nəfəs alıram. Yoxsa Cəlil Məmmədquluzadənin “Ölüləri” kimi, həmin anımı elə sayıram ki, mən yoxam. Əhval həmişə içimdədir. Həmişə dartınıram, gedirəm. Ocağın səfərini edirəm, Ocağın bir kitabını götürürəm, içimə səfər edirəm, tutuşdururam oxuduqlarımla, bu da məndə səfər əhvalı yaradır. Atamız Var olsun!

Soylu Atalı: Ata ki deyir artmayan azalır, baxın, Atanın ölümündən sonra bir çoxları Ocaqdan uzaqlaşdılar. Niyə uzaqlaşdılar? Nə Ata sağ deyildi sözü onları ayaqda saxlasın, nə özlərinin sözü olmadı ki, onları ayaqda saxlasın. Ona görə yoruldular və  gedib hardasa nəsə deməyə utandılar. İndi həmin o “Artmayan azalır” məsələsinə gəlib çıxırlar. Bəzən kimsə fikirləşir ki, yaxşı nə deyim? Görürsünüzmü deməyə necə söz var (Günevə işarə verir-Ü.A.). Adam yaşayanda yaşadığından çıxış edir, sözü olur danışmağa. Bir an təsəvvür edin ki, burada vurğulanan görüşlərin heç biri olmayıb. Günev arada-bərədə təsərrüfatla məşğul olub, elə evində olub. Mən Ocaqçıyam deyə oturub. Bu dediklərini yaşamadan demək olmur axı. Ancaq ruhsal yaşamın artıq sənin stimuluna çevrilir. Ruhsal yaşamın varsa, onu demək halın yaranır, sözün yaranır. Ona görə də Ocaqçı nə deyim, necə dedim sorğusu ilə üz-üzə qalmamalıdır. Ən çox adamın sözü, insanlarla görüşəndə olur. Qırağa çıxanda uğurla qarşılaşırsan, başqasının halsızlığıyla, özünün nikbinliyinlə-filan. Bunlar içəridə çox gözəl sfera yaradır. Ona görə Atanın ən böyük tələblərindən biri o idi ki, Amal xurcunu çiyninizdə olsun.

Nurtəkin

Nurtəkin Atalı: (Ataya səcdə edib Bayrağı öpür – T.A.). Mən istəyirəm Səfər Hesabatıma başlayım. Keçən “Ruhani Səfər Günü” Törənindən bu törənə qədər olan səfərlər:

Qar Ayında Ocaq Yükümlüsü Soylu Atalı Amaldaşları Göylü və İnamlı Atalılarla, eləcə də Ocaqsevər İlham Mustafa ilə Sabirabad rayonuna ruhsal səfər etmiş, beş ünvanda üst-üstə yüz qırx nəfərə qədər insanlarla görüş keçirmişdir. Bu görüşləri İnamlı Atalı təşkil etmişdir. İlham bəy öz avtomobili ilə Ocaqçıları görüş ünvanlarına çatdıraraq işin uğurla başa çatmasını təmin etmişdir.

Görüşlərdə Asif Atanın “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sistemi izah edilmiş, Mütləqə İnam Dünyagörüşü haqqında bilgi verilmişdir. Hər bir görüşdə gənclərə çoxsaylı Ocaq ədəbiyyatları da bağışlanmışdır.

Köçəri Ayında İnamlının təşkilatçılığı ilə Soylu Atalı Bakıda Gimnaziya öyrənciləri və öyrətmənləri ilə görüş keçirmişdir. Görüşə 40-dan çox qatılan olmuşdur.  Öyrətmənlər və öyrəncilər söhbətdən məmnun qaldıqlarını və yenidən görüşmək arzusunda olduqlarını bildirmişlər. Onlara çoxlu sayda Ocaq ədəbiyyatları da bağışlanmışdır.

Köçəri Ayında Soylu Atalı Sabirabad rayonunda yenidən çoxsaylı gənclərlə görüş keçirmişdir. Görüşü Ocağın Evladı İnamlı Atalı təşkil etmişdir. Onlardan başqa bu görüşə Göylü Atalı və Ocaqdostu İlham Mustafa da qatılmışdır. Səfər millətsevər aydın İlham Axundun fədakarlığı sayəsində gerçəkləşmişdir. O, özünün şəxsi avtomobili ilə Ocaqçıları bölgəyə apararaq görüşün baş tutmasına yardımçı olmuşdur. Görüşdə gənclərə və öyrətmənlərə Ocaq ədəbiyyatları bağışlanmışdır.

Od Ayında Nurtəkin Atalı Quba bölgəsinə səfərlər etmiş, ordakı Mədəniyyət şöbəsinə, Kitab evinə, Quba soyqırım Abidə kompleksinə, Qubanın yerli televiziyasına getmiş, söhbətlər aparmış, Ocaq ədəbiyyatları bağışlamışdır.

Üstün Atalı Qürub Ayında Xaçmaz bölgəsinə səfər etmiş, orda Kitab Evinə, Diyarşünaslıq muzeyinə, Rəsm Qalereyasına, Gənclər Kitb Evinə, Mədəniyyət evinə getmiş, söhbətlər aparmış, Ocaq ədəbiyyatları bağışlamışdır.

Şabran bölgəsində Mədəniyyət evinə, Xaqani Poeziya evinə, Mərkəzi Kitab evinə getmiş, söhbətlər aparmışdır.

Qürub Ayında Göylü Atalının Təbrizə səfəri baş tutmuşdur. Təbrizdə getdiyi ailə ilə söhbətlər etmiş, ədəbiyyat bağışlamışdır.

Yağış Ayında Nəiminin 675 illiyi ilə bağlı İnam Evində tədbirin keçirilməsi də ruhsal əməldir, xalqlaşma uğurudur.

Yenə də Yağış Ayında “İnam Evi” dərgisinin çıxması xalqlaşma əməyi və fərəhidir.

Yağış Ayında Ocaqdostu Vaqif Ucatayın təşkilatçılığı ilə Soylu Atalının Rəssamlıq oxulunda 40-a qədər öyrənci ilə görüşü keçirilmişdir. Görüşün nizamını və lentə alınmasını Göylü Atalı yerinə yetirmişdir. Görüş heyrətlə qarşılanmış, ordakılara Ocaq ədəbiyyatları hədiyyə edilmişdir.

12 Çiçək Ayında Elçin bəy və Gülnarə xanıma Beşikbaşı Törəni keçirilmişdir. Onlara beşik bağışlanmış, Ocaq quralları üstə söz deyilmişdir.

Bu ilimizdə Ocaq quralları ilə Yas törənləri də keçirilmişdir.

Köçəri Ayında Elmira xanıma Yas törəni keçirilmişdir. Od Ayında Günevin anasının anım törəni keçirilib, kənddə Ocaq quralları yerinə yetirilib, söz deyilmişdir.

10 Xəzan Ayında Güntay Atalının nənəsinin ölümü ilə bağlı Ocaq Yükümlüsü (Soylu Atalı) İnamlı və Güntay Atalılarla birgə Ucara getmiş, Yas törəni keçirmişdir. Bu tədbirlərin hər biri yazılmış, səsdən sözə çevrilmiş, saytlarda yayımlanmışdır.

Bundan başqa Ocaq Yükümlüsünün fərdi söhbətləri, görüşləri olmuşdur. Günev Atalının kənddə ayrı-ayrı adamlarla, hüzür yerlərində kütləvi şəkildə söhbətləri olmuşdur.

Günəş Ayında Günevin kitabı – “İnamlı illərimin harayı”, Çiçək Ayında Ulusəs Atalının “Sabahlı inamım” adlı bitikləri çap edilmişdir. Ocaq quralları – Beşikbaşı və Yas qurallarının kitabları yenidən basılmışdır. Bu əməllərdə Soylu Atalının, Göylünün, Nurtəkinin əməyi, Güntay Atalının maddi fədakarlığı bənzərsizdir.

Bundan başqa Günsıramız çap olunub. Atanın 80 illik törəninin keçirilməsi də xalqlaşma əməlidir. Orda böyük zəhmətlər, maddi fədakarlıqlar var idi. Tədbirdən öncə və sonra Göylünün, İnamlının, Güntayın ciddi fədakarlığı olmuşdur.

IMG_8833

Ömür Ruhsal səfərlə zənginləşməlidir ki, yetkinləşsin

Səfər – Ocaqçının addım fərəhidir. Özüyləgörüş və özünütəsdiq əməlidir. Səfərdə aşkarlanan hal, uğur və uğursuzluq Ocaqçını bir yerdə dayanmağa qoymur. Uğur olanda daha böyüyünə can atır, uğursuzluq olanda onu ötməyə çalışır. İstənilən halda gediş, gəliş fərdi yetkinləşdirir.

Çətinlik həmişə olub, çətinlik həmişə də olacaq. Bizim dayağımız – ruhumuz və birliyimizdir. Həm özümüzə inam, həm də Ocaq dünyamıza inam bizi həyatın da, zamanın da gedişlərində sapmalardan, azmalardan qoruyur. Ən böyük və əsas uğurumuz budur. Ata Kamil Evlad istəyəndə kamil birlik istəyirdi. Çünkü birlik olmadan heç bir əməl davam edə bilməz. Ayrı-ayrı əməllər həyatda da olub. Ancaq əməllərin davamı, çoxalması və yetkinləşməsi üçün yol gərəkdir ki, bunu da yaratmışıq.

Ocaq ona görə dayanıqlıdır ki, biz dayanıqlıyıq. Əməllərimiz yeniləndikcə, artdıqca özümüz də yenilənirik, yetkinləşirik.

Ocaq əməllərini yerinə yetirdikcə həyatdan ayrıldıq, ömrümüz dəyərləndi. Əməlləşdikcə imtina da öz-özünə yarandı elə bil. Çünkü zamanı həyata deyil, Amala xərclədik, qazandıq.

Ocaqda bizim daha bir uğurumuz Ocaq Yükümlüsünə olan yanaşmadır. Soylu Atalının Ocağı aparması, görüşləri, təhlilləri, hər bir Ocaq əməlini başlanğıcdan axıra qədər diqqətlə yerinə yetirməsi və Ocaqçılar tərəfindən də görülən əməllərə nəzarəti, onları yeni-yeni əməllərə yönəltməsi Ocağın bugünkü halını, dayanıqlığını, yetkinliyini yaratdı. Əsil yanaşmanı, əsil davranmanı, əsil yönətməni biz ondan öyrənirik. Doğrudan da Ata ilə bizim aramızda körpü ola bildi Soylu Atalı. Bugünkü günümüz, halımız bizim nikbinliyimizi və inamımızı təsdiq edir. Yolçu ola bilməyimizi göstərir.

“Yol” Kitabında Atanın belə bir fikri var: “Xalqı Ata Əqidəsi ətrafında birləşdirmək. Əqidəni Şərqə və Dünyaya yaymaq. Əqidə üçün yaşamaq, Döyüşmək və ölmək!”

Yəni son nəfəsinə, olanağına, olanaqsızlığına qədər özünü Amala ver. Onda yaşayacaqsan. Atatürkün də belə bir sözü var ki, mən sizə ölməyi əmr edirəm. Ata da deyir ki, yaşamaq, döyüşmək və ölmək. Yəni son nəfəsinə qədər ömrünü Amala vermək. Amalda ölmək – ölümsüzlüyə qovuşmaq deməkdir. Atamız Var olsun!

 Soylu Atalı: Gözünü həyata Amalda yummalısan. Onu deyir. Fiziki ömrün Amalda sona çatmalıdır. Ocaqda, görünür, göstərilir, sübut olunur ki, nə qədər böyük işlər var. Bu işlər də baxın görün, elə belə halla başa gələrmi? Gəlməz. Bir vərəqə sığışdırılan o əməllərin hər biri nə qədər böyük zəhmət, özündənkeçmə, ləyaqət hesabına ortaya gəlib. O əməlləri sıradan ömür heç vaxt ortaya gətirə bilməz. Sənin inamın və sevgin nə qədər güclü olmalıdır. Düşüncən nə qədər uzaqlara baxan olmalıdır ki, o əməllər o biçimdə ortaya gəlsin. Bəzən hər şeylə təmin olunmuş bir təşkilatın görə bilməyəcəyi işləri görür Ocaq. Nəyin hesabına? Özündənkeçmənin, inamın, ləyaqətin hesabına. Təkcə bu xalqa örnək deyil, bütövlükdə Bəşər xalqına örnəkdir. Baxmayaraq ki, tarixdə bənzəri özündənkeçmələr olub. Bənzəri özündənkeçmələr də bütün xalqlara örnəkdir. Bəşəriyyətin harasında olursa olsun, ümumi insanlığa yol almış, qulluq eləmiş hər bir kəs bütün çağlarda bütövlükdə bəşəriyyət üçün örnək olur. Mən bunu bu əməllərin sayılmasından sonra vurğu eləyirəm. Bunu kitab cümlələri kimi vurğu eləmirəm. Kiməsə nəyisə artırıb demirik ki? Fakt var ortada.

 Göylü

Göylü Atalı: Səfərə getmək o deməkdir ki, həqiqəti təmsil eləyərək gedirsən. Bundan ötrü də haqq eləməlisən bunu. Haqq eləmək, yəni içində eşqi ayaqda tuta bilmək deməkdir. İdealına, yurduna, ulusuna sevgin, sayğın o dərəcədə yüksək olmalıdır ki, səfəri bacarasan. Ümumiyyətlə, son illərdəki əhvalımı gözdən keçirdim ki, niyə fərdi səfərim alınmır axı? Hər dəfə özümə söz verirəm, yenidən başlayıram. Ancaq həvəsdən o yana getmir, məqama bağlı qalıram. Dediyim məsələdir. Eşqi içində tuta bilmək. Gərək getdiyin yerlərlə ömrün təzad yaratsın. Bənzəməyəsən. Əhvalın o qədər yüksək olmalıdır ki, sözü də deməyi bacarasan. Özümdə bunu yetirirəm. Həyat nə qədər amansız olsa da, nə qədər çətinliklər üst-üstə gəlsə də, eşqə tapınsam, hamısını ötmək mümkündür. Atamız Var olsun! Bayrağımızı öpürəm.

 Turkel

Türkel Atalı (Ataya Səcdə ilə sözünə başlayır): Səfər Günü mərasimlərinin birində Ocaq Yükümlüsü Üstünə deyir ki, beş ay bundan qabağa qədər sən ən çox söz deyirdin, indi hal deyirsən. Mən də hələ ki, “Ruhani Səfər Günü” Mərasimlərində söz deyirəm. Halımın ifadəsi üçün səfər əməlim yoxdur. Səfər əməlimin olmaması cəmiyyətlə, zəmanəylə barışmazlığımın yarımçıq olmasıdır. “Ruhani Səfər Günü” mərasiminin mənə hələ ki, hal etkisi var. Mərasimdən aldığım hal sayəsində özümə, Amaldaşıma yanaşmam yenilənir.

 Din cəmiyyəti avamlaşdırdığı üçün adamlar gerçəkliyi görmür. Fiziki, cismani əskiklikləri bilir. Əsil əskikləri görmür. Çünkü ruhunu dinin ixtiyarına verib. Bu səbəbdən də ruhsuzdur. Əskikliklər bilinmədiyi üçün cəmiyyətdə birlik yoxdur. Nələrsə bir araya gətirir adamları. Atanın dediyi kimi, əskikliklər bir yerdə olurlar – Bir olmurlar. Ocaqda fərd özümləşmə yolu tutub. Ata deyir – özümləşməlisən ki, dünyaya gərək olasan. Bu səbəbdən də səfərlərdə Ocaq harayının əsasında İnama çağırış dayanır.

Yenə Atanın bir fikrinə dayanıram. Din – Məscidlərdə, kilsələrdə – müəssisələşir. İnam – müəssisələrə sığmır, – ömürlərdə, Aqibətlərdə yaşayır. İnamımızı ömrümüzdə yaşayırıq. Aqibətimizi yaratdığımız dərəcədə xalqın sabahını, aqibətini yaradırıq.  Ata deyir: gerçəkliyi ötmək üçün gerçəkliyi görmək gərək. Cəmiyyət gerçəkliyi bilmir. Çünkü din əsarətindən, cəfəngiyyatından azad ola bilmir. Səfərlərdə Ocağın məqsədi gerçəkliyi ötmək üçün, xalqa İnam Yolu göstərməkdir.

 Üstün

Üstün Atalı (Ataya Səcdə ilə sözünə başlayır – T.A.): Hamımızın Səfər Günümüz qutlu olsun. Səfər elə bir duyğudur ki, hamımız yaşayırıq. Biz Ocaq görümündə deyirik ki, xalqa səfər var, bir də özünə səfər var. Mənim üçün bunun üçüncü tərəfi həm də amaldaşlarımın işinə, ömrünə, əməllərinə səfərdir. Amaldaşlarımın uğuruna sevinirəm. Sevinirəm ki, o səfərdə mən də olmuşam. Onun uğurlarından həm də öyrənirəm.

Həyat bir burulğan kimidir. Hər şeyi özünə çəkib aparır. Ya Ocağa gəlmək, ya da o burulğanın içində batmaq olar. Ocaqçını görəndə içimdə o əminlik artır. İndi aldığını həm də vermək halı yaşayıram. Bayaq Nurtəkin səfər hesabatını oxudu. Ağlımda o biri səfərlərim qalıb. Təəccüblü gəldi ki, bu il az səfər eləmişəm. Səfərə çıxanda bilirəm onun çətinliyini, ancaq həm də fərəhini. Bu gün Səfər Günü ilə bağlı içim fərəhlə doludur. Hardasa Ocaqçılıq görəndə elə bil işıq görürəm. Atamız Var olsun!

 Günev Atalı: Təsdiqimizi Ocaqda görürük, Ocağa söykənirik. Dünya bizə ya dəli deyəcək, ya güləcək. Ancaq mən haqlı olduğumu Ocaqda görürəm. Qoy dünya nə deyir desin, Ocaq mənə afərin deyir.

 Soylu Atalı: Ata onun əleyhinə deyildi ki, Ocaqçı Atanın, Ocağın “afərin”i üçün addım atır. O “afərin”in çox böyük rolu var. Bir var o “afərin”i sənə hansısa qəyyumluq gözüylə baxan desin. Bir var sənin çiyindaşın desin, ürəkdaşın desin. Elə şeylərin insan ruhuna, duyğularına ciddi etkisi olur.

Bir neçə kəlmə indiki gedişlə bağlı fikirlərimi deyim. Mən məcburam, izləyirəm, təhlil eləyirəm, yazıram. Həm özüm üçün bəlli mövqe yaradıram, həm də qıraqdakılara Ocağın mövqeyini çatdırmaq üçün bu addımı atıram. İstər-istəməz ola bilər ki, sizə də gedişlərlə bağlı suallar verilir. Biz bu cür suallara ruhsal cavab veririk. Bu cavablarda Ocağın mövqeyi sunulur.

Bu gün dünyanın biryönlü olmasını saxlamağa çalışan, siyasəti yönətən güclər var dünyada. Siyasal adamların dilində birqütblü dünya deyirlər buna. Sovetlərin dağılması artıq bir zərurətə çevrilmişdi. Çünkü sovetlərin nizamı, quruluşu, halı, ideoloji davranışı, insana bağlı olmadığı üçün, heç bir üstünlük əldə eləməmişdi. Daha doğrusu, insana bağlanmamışdı ki, hansısa üstünlük əldə eləsin. Əgər dünyanın bir başında kapitalizm deyə bir quruluş varsa, o biri başındakı quruluş ondan qorunmaq istəyirsə, çox əsaslı üstünlüyü olmalıdır. Əsas üstünlük də insana bağlıdır. İnsana, millətə bağlı olmadığına görə labüd şəkildə dağılmalıydı. Baxmayaraq ki, onun sosial, iqtisadi həyatı indiki dünyadan yaxşı idi. Hər kəs aldığı əmək haqqıyla yaşaya da bilirdi, səfərlər də eləyə bilirdi, dincələ də bilirdi. Ancaq dağıldı. Ona görə dağıldı ki, millətə, insana dayanmadı. Dünyanın bir başında duran güc hər şeyi uçurmaqla özünün təkcəliyini sübut eləməyə çalışırdı. Bu gün də həmin oyun gedir. Əslində tarix boyu hər bir imperiyanın qalxındığı kimi endiyi də var. Bəlli bir aşamaya qədər qalxır, bütün içalatı üzə çıxmağa başlayandan sonra isə enişi başlayır. Çünki artıq onu eşitmir başqaları. Mən səni güc bilirəm ki, məni qoruyasan. Ancaq görürəm ki, özünü qorumaq üçün məni ayaqlayırsan. Ona görə hamı sənin ayağının altından çıxmağa başlayır. Həm Amerika imperiyası, həm də ayrıca Avropa Birliyi imperiyası olduqca ciddi zədə götürüb. Özlərini qorumağa çalışırlar. Özlərini qorumaq üçün, irəliyə addım atmalarını təmin eləmək üçün burada başqa iddialıları qarşı-qarşıya gətirirlər. Onları bir-biriylə döyüşdürüb zəif salmaqla, özlərinə yol açmağa çalışırlar. Bu güclərin qarşısında hələ ki, iki imperiya dayanıbdır. Onlardan biri Rusiyadır, biri Çindir. Rusiyanı bəlli bir yerə qədər zəiflədiblər. Onların qarşısında bir də güc kimi Türkiyədir. İndi dünyanın o başına yol açmaq üçün öz əməklərindən istifadə eləmirlər. Çünkü özlərinin əməyi qalmayıb. Hədəf Rusiya imperiyasını çökdürmək, onu idarə olunacaq bir yönə gətirməkdir. Qarşıdakı aşama Çin imperiyasına yanaşmanın aydınlaşması olacaqdır. Türkiyədən çox qullanıblar bu vaxta qədər. İndi üzdən belə görünür ki, Ərdoğan müstəqil addım atır. Halbuki buyruqda Ərdoğan Türkiyəni daha amansız fəlakətlə üz-üzə gətirir. Yeni Osmançılıq ideyası Ərdoğanın qafasını qarışdırıb. Ancaq dünyaya ağalıq eləmək istəyənlər Ərdoğanın Osmançılıq ideyasını sükutla seyr eləmirlər. Nəinki o güclər, Rusiya özü belə, yeni Osmançılıq ideyasına qarşı hər şey eləməyə hazırdır. Sizə də bəlli olduğu kimi, Türkiyənin Rus uçağını vurması, əslində Amerika və Avropa imperiyasının qorunması üçün bir faktdır. Rusiyanı bu qədər iqtisadi basqılar altına alırlar. Görürsüz, Rusiya boğulduqca daha çox zərərlər verməyə çalışır. İstəyirlər ki, Rusiya əl-qol atmağa başlayanda qarşısına daha bir gücü qoysunlar – Türkiyəni. Onun zərbələri Türkiyəyə dəysin. Ona görə də Türkiyəylə Rusiyanı üz-üzə gətirməyə meyillidirlər. Ancaq necə gətirməyə meyillidirlər? Türkiyəylə Rusiyanı Türkiyənin sınırları içində deyil, sınırları dışında üz-üzə gətirmək istəyirlər. Başqa sözlə, Türkiyəylə Rusiyanı Suriyada üz-üzə gətirməyə çalışırlar ki, NATO Türkiyənin arxasında durmasın. Çünkü NATO-nun belə bir prinsipi var, əgər NATO birliyinə girən ölkələrin hər hansı birinin sınırı toxunularsa, onda NATO onun tərəfindən döyüşür, onun toxunulmazlığını, sınırını bərpa eləyir. NATO Türkiyə tərəfindən döyüşmək istəmir. Ona görə onu çəkir ki, Suriya sınırında Rusiyayla üz-üzə gəlsin. Deyəcək sənin sınırın toxunulmur ki, gedib başqa ölkənin sınırında bir-birini qırırsınız.

Böyük savaş gözlənilmir. Ancaq bilmək olmaz, hansı gözlənilməzlik ortaya çıxa bilər. Çalışırlar ki, Türkiyəylə Rusiya döyüşsün, canlı qüvvə itirsin, hər ikisi Amerika və Avropa Birliyi imperiyalarından daha ciddi asılı duruma düşsün. Daha ciddi asılı duruma düşərsə, o imperiyaların diktəsiylə addım atmağa məcburolurlar. Belədə Amerika, Avropa Birliyi artıq Çinin siyasi sınırında dayanmalı olacaq. Ondan sonra Amerika və Avropa Birliyi imperiyalarının dünyanı birgə idarə etməsinə çalışacaqlar. Hədəf budur.

Türkiyədə də Ərdoğan yeni Osmançılıq ideyasıyla türk toplumlarının bir araya gəlməsinə daha az çalışdı, nəinki İslam birliyi yaratmağa. Buna da, dediyim kimi, dünya imkan verməyəcək. 2003-cü ildə Amerika-İngiltərə koalisiyası İraqa girəndə Türkiyəni dəvət elədilər ki, sən də bizlə bir yerdə İraqa gir. O vaxt məqsəd bu idi ki, Amerika-İngiltərə koalisiyası İraqda oturacaq, Türkiyə də Kərkük, Ərbil, Mosulda oturacaq. Beləliklə, yenə də bölgədə NATO gücü əsas söz yiyəsinə çevriləcək. Bunu istəyirdilər. Onda Türkiyə o addımı atsaydı, uduşu da var idi. O vaxt Ərdoğan o addımı atmadı. İndi isə iş gəlib başqa aşamaya keçib, Ərdoğan təkbaşına İraqa girir. Buna da bütün dünya etiraz elədi. Əgər dünya gücləri buna imkan vermirsə, necə olur sən İraqa girib orda möhkəmlənəsən. Öz coğrafi sınırını genişləndirəsən, hətta sən hansısa güc etkisi halına gələsən. Buna görə alınması çox çətindir. Ərdoğan ciddi səhv eləməkdədir. Bu səhvdən Türkiyənin özü də zədə götürür, Quzey, Güney Azərbaycan, bütövlükdə Orta Asiya, türk toplumları zədə götürür. O zədənin adı nədir? Türkiyə dayanıqlı, söykənəcəkli etibarlı bir güc tapa bilməyəcək. Çünkü nə Amerika, nə Avropa Birliyi, nə Rusiya, nə başqası Türkiyənin söykənə biləcəyi, etibar eləyəcəyi güclər deyil. Türkiyənin etbiar eləyəcəyi güc Türk Birliyi olmalıydı. Onu da o yaratmadı. Etibar eləyəcəyin dayağı yaratmalıydın. Güney Azərbaycanın götürdüyü zədə ondan ibarətdir ki, Güney Azərbaycan fəal hərəkətə keçə bilərdi, özünün bağımsızlığını düşünə bilərdi. Dünyanın indiki gedişindən yararlanaraq özgürlüyünü təmin edə bilərdi. Bütün bunların hamısı zədə götürməkdədir. O birliyi yaratmamaq təkcə Türkiyənin suçu deyil, həm də Azərbaycanın, həm də Orta Asiyanın suçudur. O suçda payı olanlar onun çətinliyini yaşamaq zorundadır. Azərbaycanda da iqtisadi krizis ki biz qarşılaşırıq, bunların hamısı həmin yanlışların sonucudur. Həyatımız, yaşayış səviyyəmiz aşağı düşür. Ona görə ki, dünya siyasəti daim dağıdıcılığa hesablanıb. İnsanları çətinliklərlə üz-üzə qoymağa hesablanıb. Onun dalğaları da dünyanın bütün ölkələrini tutur. Mümkün deyil ki, bu cür böyük qazanda qaynayan əhvallardan hansısa ölkə qıraqda qalsın. Kimi çox tutacaq, kimi az. Məsələ nisbi xarakter daşıyır. Ocaq olaraq bizdən asılı olan bir şey yoxdur. Biz siyasətə etki göstərəsi deyilik. Əslində ideya baxımından o gücdəyik. Atanın ideyalarıyla bütün dünyaya etki göstərmək olar. Ancaq indi dünya bunu qəbul eləmədiyi üçün deyirəm ki, biz o gücdə deyilik. Ona görə biz Ocaq olaraq indiyə qədər nə iş görmüşüksə, o işi görürük, görməliyik. Bizim öz işimiz var.

 Nurtəkin Atalı: Soylu, Amerikanın Azərbaycana qarşı sanksiyaları hardan doğur?

Ruhani Sefer Gunu

 Soylu Atalı:  Onunla bağlıdır ki, bu gün Azərbaycan heç cür tərəf seçə bilmir.

 Nurtəkin Atalı: Yəni Azərbaycan hansısa yol seçə bilər?

 Soylu Atalı: Düzü, bunun ciddi politik əsasları var. Mən onları o qədər də dəqiq bilmirəm. Eyni halda gedişin özü Azərbaycanla bağlı mənə nikbinlik vermir. Hətta məni qorxudan bir şey var ( kaş o baş verməsin). Vətəndaş qarşıdurması yarana bilər. Vətəndaş qaşıdurmasına necə gedib çıxmaq olar? Təkcə o sanksiyanı tətbiq eləməklə deyil ki. Sanksiyanı tətbiq eləyəcəksən, Azərbaycan hakimiyyəti də gedəcək Rusiyanın yanına. Qarabağı da istəmir. Deyəcək bir-birimizlə dolanaq. Ancaq sənə elə nökərlik eləyim ki, özüm də öz hakimiyyətimi qoruyub qalım. Elə olanda dünyaya ağalıq eləmək istəyən bir qüvvə necə buna seyrçi qala bilər ki?! Yaxın gələcəkdə ürəkaçan bir durum görmürəm. Sosial həyatımızda çətinliklərimiz artacaq. İşsizlik getdikcə çoxalacaq. Necə ki, indi qarşısıalınmaz olaraq gedir.

 Ulusəs Atalı: Niyə Batıya tərəf getməsin? Bilir ki, ölkədə vətəndaş müharibəsi olacaq.

 Soylu Atalı: Azərbaycan niyə qəbul eləyə bilmir. Çünkü Batı Azərbaycan iqtidarına deyir ki, mənim kadrlarımı içəri salıbsan. O da buraxmır. Çünkü onda onlar daha sərbəst davranırlar, toplumu çağırırlar, hakimiyyətin laxlanmasını sürətləndirirlər. Hakimiyyət buraxmayanda, o da sanksiya tətbiq eləyir. Bu hakimiyyət hətta Suriya variantını belə gözə ala bilər.

O insanlar ki, başqalarının kadrlarıdır. Onlar fəallaşırlar. Onlar ortada olanda həmin demokratik seçki deyilən bir şey gəlir ortaya. Batı onların arxasında durar. Demokratik seçki də odur ki, xalq bezib səndən. Qarşındakı da, nə olmağından asılı olmayaraq, onları seçəcək. Onu da seçəcək, buranı Amerikanın qüvvəsi idarə eləyəcək. İndi hələlik hakimiyyəti yarı rus, yarı Amerikanın qüvvələri idarə eləyir. İndi Batı da deyir yarı söhbəti qurtardı. Bütöv olmalıdır.

 Yasin Türksoy: Söhbətimiz siyasiləşdi.

 Soylu Atalı: Biz Ocaq olaraq siyasətin içinə girmirik. Ancaq eyni zamanda siyasi gedişə münasibət bildirməkdən qırağa durmuruq. Biz Ocaq olaraq da, şəxs olaraq da, dünyanın bir parçasıyıq. Ayrı cür biz din səviyyəsinə gedib çıxa bilərik ki, o da yolverilməzdir.

 Yasin Türksoy: Atanın bayrağı altında siyasətə mövqe bildirməyin gələcəkdə zərəri ola bilər?

Soylu Atalı: Heç bir zərəri yoxdur. Tərsinə, biz gələcəkdə daha geniş, daha dolğun yanaşmalar sərgiləyəcəyik ki, dünya hara gedir? Həqiqəti biz deməliyik. Politoloqlar demir axı həqiqəti. Onlar üzdə olanları təhlil eləyir. Altda olanları ruhaniyyat deyə bilər. Çünkü Ruhaniyyat hamısını görür. Atanın “Qorbaçovşina əks inqilabı” adlı kitabı var. Ona görə demirəm ki, Ata eləyib biz də eləyək. Ümumiyyətlə, burda qəbahət yoxdur. Dünyanın gedişi Ruhaniyyat deyil ki, mən durub Ruhaniyyatı qiymətləndirim. Ruhaniyyat ancaq Ocaqda var. Dünya siyasətlə yaşayır, eybəcərliklə davranır. Biz indi o eybəcərliyin adını tutmayaq ki, eybəcərlik sözünü işlətmək olmaz?! Biz ətrafımızda baş verənlərə göz yuma bilmərik ki? Bilməliyik və deməliyik. Tərsinə, biz bunu daha çox deməliyik toplumun içində. Nə baş verir, niyə baş verir? Bir var hadisələrə politoloji qiymət vermək, bir var ruhsal qiymət vermək.

Bir neçə kəlmə sonluq istəyirəm deyəm. Atanın Bitiqlərini Ocaqçıların yenidən oxuması gərəkdir. Məsələn, “Mütləqə İnam” Bitiyini. Əhvalları yeniləmək, duyğuları yeniləmək, Ocaqla bağlı biliyi yeniləmək. Atanın Bitiqlərini mənim daha böyük ehtiyacım var oxumağa…

Bununla da Qutsal Ruhani Səfər Günümüzün Törən hissəsi başa çatır. Törənlə mərasim sinonim söz deyil. Arada mərasim sözünü də işlədirəm.

Güntay mənə kitab bağışlayıb. Düzdür, bu bilavasitə Ocağa bağlı olmasa da, Nəiminin “Cavidannamə”sini Türkiyədən gətirdib qardaşımız. Bu gözəl bir gələnəkdir, qeyrətdir, sorumluluqdur. Mənim rahatsızlığımı duyan kimi ordan aldırtdı, gətirtdi. Mən bu kitabı oxuyub Ocaq baxımından təhlil eləmək istəyirəm, qiymətləndirmək istəyirəm. Hürufiliklə bağlı Ocağın özünün baxışı var, bir də Ocaqdan qırağın baxışı var. Qıraq baxışları çoxluq baxımından doğru saymırıq…

Qutsal Ruhani Səfər Günümüz başa çatır. Ocaqçılarımızın, diləyim odur ki, uğuru davam eləsin. Özüylədöyüş, Ruhsal səfər, Ruhsal quruculuq, Ruhsal əməlçilik davam eləsin. Biz onunla yaşayırıq, var oluruq. Ondan qıraqda bizim nə varlığımız var, nə də özünütəsdiqimiz var. İşlərimizin nizamını çalışın pozmayın. Ən çox yazılarımızla, kitablarımızla, saytlarımızla məşğul olanda. Ən çox sorumluluq – Nurtəkin, Göylü, Güntay, Üstün bunların boynuna düşür. Türkel də son vaxtlar səsdən sözə çevirmədə çox iştirak eləyir.

İndi isə Atamızın adından Nişanələrimizi qəbul eləyirik.

Ocağın işlərinin çoxluğu Ocaqçıları çaşdırmasın. Ailə Günlərini elə-belə keçirməyin. Ciddi hazırlaşıb, söz demək gərəkdir. Söz hazırlığınız olmasa, onda arxayınlaşacaqsız. Çalışın ki, hazırlığınız olsun, adam da çağırın. Ailə Gününün məqsədi odur. Həm Ocaqçını qurur, həm də üç-beş adam gətirib onun qulağını Ocaqla doldurur.

(Nişanələri Ocaqçılara verir – T. A.)

Bununla da mərasimimiz başa çatır.

“Ata Ruhunu ürəyimizdə aparırıq!”,

“Atamız Var olsun!” səcdəsiylə törən sona yetir.

 

Qar Ayı, 37-ci il. Saray-Soylu.

(yanvar, 2015).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir