Xəbərlər

Qutsal “Şərqilik” Bayramı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 12 Ata Ayı, 46-cı ildə (sentyabr 2024) Qutsal “Şərqilik” Bayramını gerçəkləşdirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Gün’ümüzün adı “Şərqilik” Bayramıdır. İstəyirəm bu bayramda Ocaqda ölənlərimizin adını anaq, onların adına ayağa duraq: Sabahlı, Bağban, Amaltay bizimlədir, həmişəlik.
Şərqilik bayramı niyə keçirilir, onunla bağlı bir neçə söz deyəcəm. Nəyə görə Asif Ata özəl olaraq Şərqlilik qonusunu ideya sisteminə salıb, nəyə görə Şərq məsələsinə ayrıca önəm verir?! Belə götürəndə bunun qısa cavabı belə olardı, – Şərq (Doğu), eləcə də bizim yaşadığımız bu ölkə bəşəriyyətin insani ölçülərlə yaşaması üçün çox çabalar göstərib, çox ideyalar verib. Çox da çətinliklər ortaya çıxıb. Ancaq bu gün bəşəriyyətin nizam ölçüsü sıradan çıxıb. Bu baxımdan da düşünmək olar, Asif Ata Şərqilik məsələsinə ona görə özəl önəm verir ki, bəşəriyyətin yaşam ölçüsündə bir gəlişmə, bir yenilik yaratsın.
Bilirsiniz ki, bir çox dini, fəlsəfi dünyagörüşlər yaranıb. Bizim indiki çağımızdan min illər öncədən bu sürəc başlayıb, indi də gedir. Keçmiş dönəmdə yaradılan dünyabaxışların çəkisi, etkisi olub, özündən sonrakı çağlarda iz buraxıb, özündən sonrakı çağlara yön verib. Bunu biz dana bilmərik, istəsək də, istəməsək də, bu belədir. Fəlsəfi dünyagörüşlər bir ayrı məsələdir, onların məktəbi, yönü haqqında çox vurğu eləmək istəmirəm. Əsasən ruhsal (irfani) dünyagörüşlər üzərində dayanmaq istəyirəm. Hər bir ruhsal dünyagörüş yarananda, onun yaradıcısı həm ideyalar verir, həm də rituallar yaradır, ibadət yönü yaradır. Necə ibadət etməliyik, hansı ritualları gerçəkləşdirməliyik, bunları yaradıb ortaya gətirirlər. Bunları nəyə görə yaradırlar, gərəkdirmi?! – Baxın, ayrı-ayrı düşüncə adamları, bilim adamları, toplumsal adamlar özləri ilə ölçüb düşünər ki, gərək deyil. Yəni düşünər ki, onun çalışmaları var, bilik əldə etməsi var, başqa yöndən özünü formalaşdırması var. Ona görə onun ibadətlərə, rituallara gərəyi yoxdur. Bunun özü də yanlışdır, toplumu bütöv götürmək gərəkdir. Biz daha çox toplumun durumundan çıxış etməliyik. Bilirsiniz, hər bir yeni ideya yaranana qədər toplum hansısa bir ideyaya tapınmış olur. İdeyanı özünə xatırlatmaq üçün, özünü tərbiyə etmək üçün (ideya yiyəsinin ortaya gətirdiyi) ibadətləri, ritualları həyata keçirir. Toplum öncəki vərdişlərdən ayrılmaq üçün yeni vərdişlərə köklənməlidir. Bunu etməlidir ki, onun şüurunun yönü dəyişsin. O ibadət nə dərəcədə sağlamdır, nə dərəcədə bütövdür, bütöv deyil, bu, məsələnin başqa bir yanıdır. Ancaq dediyim kimi, insanları yeni ideyaya alışdırmaq gərəkdir. Yeni ideyaya təkcə fəlsəfi izahlarla alışdırmaq olmur. Bunun üçün ibadət yönü var, ibadətlər yolu ilə bu addımları atmaq gərəkdir. Söz yox, ibadətlərin yerinə yetirilməsi üçün, daha doğrusu, ibadətlərlə tərbiyə olunmaq üçün bu ibadətlərin arxasında sağlam ideyalar olmalıdır. Əgər sağlam ideyalar olmasa onda ibadətlər adamı çaşdırır, müti saxlayır, azadlığın yolunu göstərmir, insana kamillik yolunu öyrədə bilmir. Gərək güclü ideya olsun ki, sadə toplumun vərdişlərlə yeni ideyaya üz tutması baş versin. Asif Ata da bir dünyagörüş yaradıb, bu dünyagörüşün qurallarını, rituallarını yaradıb. Onlardan biri Şərqilik Bayramıdır. Şərqlilik Bayramı dediyim kimi, Şərqin bir çox gərəkən özəlliklərini bərpa eləmək, gəlişdirmək, insanlara çatdırmaq, insanlara öyrətmək məqsədi daşıyır. Biz hər il Novruz bayramı keçiririk. Nəyə görə keçiririk, Novruz bayramı xalqın qədim gələnəklərindən biridir. Bu bayramı bir dəfə keçirmirsən, hər il keçirirsən. Novruza xas davranışlar həyata keçirirsən, biş-düş edirsən. Bir sözlə, bu “Novruz” adlanan bayram sənin yaddaşında oturuşur, bərkiyir. Bayram sənə səni xatırladır, sənə sənin kimliyini öyrədir. Yüksək səviyyədə öyrədir, aşağı səviyyədə öyrədir, yenə deyirəm, bu ayrı məsələdir. Bax belə bir tendensiya var, bu tendensiyanı biz gözardı edə bilmərik. Bu gərəkdirmi, gərək deyilmi, belə söhbətlər etmək olmaz. Bu gərəkdir. Baxın, biz ruhsal bilikləri Şərqdən öyrənirik, elmi bilikləri, texnoloji bilikləri ən çox Batıdan (Qərbdən) öyrənirik. Ancaq bizim üçün daha önəmli hansı biliklərdir?! – Mən düşünürəm, ruhsal biliklərdir. Texnoloji biliklər insanın mövcudolma koşullarından (şərtlərindən) biridir. İnsanın var olmaq koşulu deyil. İnsanı var edən ruhsal biliklərdir. İnsan ruhsal biliklərlə tərbiyə oluna bilir. Texnoloji biliklərləqazanc əldə edir, çörək qazanır. Ruhsal biliklər olmazsa bizim varoluşumuz üçün texnoloji biliklər heç bir rol oynamaz. Ədalətli bir ortam yaranmalıdır, insanların yaşamaq, dolanmaq haqqı tanınmalıdır. Baxmayaraq ki, dolanmağa daha çox texnoloji biliklər gərək olur, ancaq texnoloji biliklərin insana gərək olması üçün ruhsal nizam gərəkdir. Bizim yolumuzun səmti ruhsal biliklərdən oluşur, şəkillənir. Biz ruhsal bilikləri minillər öncədən başlayaraq, Asif Ataya qədər böyük düşüncə adamlarından öyrənirik. Onların hamısında gözəlliklər var, bunlar gərəklidir. Ancaq biz bir millət olaraq, formalaşmalıyıq, qurulmalıyıq. Bizim millət olaraq qurulmağımızda ayrı-ayrı mütəfəkkirlərin, düşüncə yiyələrinin qatqısı var. Bizə ruhsal yön verirlər, biz onlardan bəhrələnirik. Ancaq onlar bizə milli oluşum vermirlər. Milli oluşumu bizə Asif Ata verir. Ona görə biz milli oluşumumuz üçün Asif Atanın yoluna üz tutmuşuq. Biz bu oluşumu Asif Atanın ideyaları ilə gerçəkləşdirə bilərik. Yenə deyirəm, bizdən öncəki mütəfəkkirlərin düşüncəsini öyrənib bəhrələnirik, ancaq bunların içində bizə yön verən millətin öz içindən çıxan, millətin öz düşüncəsini şəkilləndirən biri ola bilər. Asif Ata bəşəri dəyərlərin üzərindən xətt çəkmir, sadəcə görür ki, bizim millət olmağımız üçün gərəkən özüllər yetərsizdir. O özü milli bir sistem yaratdı. Biz Asif Atanın milli, insani sistemindən yararlanırıq, daha doğrusu, onu qururuq. İstəyirik ki, toplumumuz bu həqiqətləri bizimlə bir yerdə öyrənsinlər.
Milli oluşum sistemində çox şeylər var.  Ruhsal yön birinci koşuldur. Dil məsələsi var, abe var, mədəniyyətin başqa yönləri var. Bizim üçün bütün bəşər mütəfəkkirlərinin hamısının dediyi gözəl sözlər dağınıq durumdadır, sistem halında deyil. Dəyərlər bizim həyatımızda olanda sistem olur, biz bu ölçü əsasında yaşayanda, davrananda sistem olur. O sistem bizim ulusal dəyərlərimizdən yarana bilər. Bu sistemi bizə Asif Ata yaradıb. Buna milli özünüqoruma sistemi də demək olar. Ona görə burda dil məsələsi, mədəniyyət məsələsi çox ciddi önəm daşıyır. Hər hansı bir millət bəlli bir mədəniyyət daşıyır. Məsələn bizə, türk olaraq, Azərbaycan olaraq, bu mədəniyyəti yunanlar verə bilməz, çinlilər verə bilməz, hindlilər verə bilməz, başqaları verə bilməz. Çünkü onlar özünəxaslığını ortaya gətirirlər. Onların özünəxaslığı bizim özünəxaslığımız deyil. Bax, bu məsələyə özəl baxış sərgiləmək gərəkdir. Bəzən deyirlər, Asif Atanın dediyi filankəsdə də var. Bunlar doğru yanaşmalar deyil. Kimdə nə varsa var, çox gözəl. Hansısa bir xalqda mədəniyyətin, irfanın hansısa bir gözəllikləri var, qoy olsun. Onlarda var deyə bizdə olmalı deyilmi, biz onu özümüz qurmalı deyilikmi, biz özümüz özümüzə ev tikməli deyilikmi?! Başqalarının evi var, lap gözəl. O onun evidir, mən gedib başqasının evində kirayə qala bilmərəm. Bax, bütün məsələ odur. İrfan məsələsi sanki bir ailənin evi kimi bir məsələdir, o dərəcədə önəmlidir.
Bu yaxın günlərdə ortaq türk abesinə keçid elədilər. Öz-özlüyündə yaxşı baxmaq olar, ancaq bu bir şey deyil. Latın qrafikalı abedən ortaq türk abesi düzəldiblər. Bir toplumsal düşüncəli adam da götürüb bizim Ocaq-türk abesini paylaşıb.Vurğu edir ki, keçirsiniz öz abemizə keçin (onlar əlifba deyir, əlifba ərəb sözüdür, mən abe deyirəm). Bunu mən ayrı-ayrı çağlarda yazmışam, yəqin ki, oxuyublar. Nəyə görə biz yenə də aşama keçməliyik, ortaq abeyə keçirsən çox yaxşı. Onsuz da kiril abesi ilə yazan Orta Asiyalılar latın qrafikasını öyrənməkdə çətinlik çəkəcəklər. Hazır o çətinliyi bəri başdan elə türk abesinin özünə sərf eləsinlər. Yəni görürsünüz abe məsələsini gündəliyə gətirirlər. Buna qarşı olanlar da bizim abeni gündəliyə gətirirlər. Sabah Asif Atanın ideya sistemini bütövlükdə gündəliyə gətirəcəklər. Bu gün əski baxışları qəbul etməyənlər, əski baxışların bizim millətimizə zərər verdiyini düşünənlər zaman-zaman gəlib çıxacaqlar bizə. Filan baxış zərər verir, gəlib çıxacaqlar Asif Ataya. Deyəcəklər, gəlin elə özümüzünkünü ortaya gətirək, qəbul edək. Gətirəcəklər ortaya, bunun çağı var. Ancaq mən sizə bəri başdan deyim, açığı mən istəmərəm o çağ tez gəlsin. Çünkü bu gün Asif Ata adına ortaya çıxan, Asif Ata adına davranan adamlar var. Bunlar Asif Atanı bilmirlər. Asif Ata yaxın gələcəkdə qəbul olunsa, onu çox pis dinə çevirə bilərlər. Bu çox qorxunc görsənişdir. Mən istəyərəm bir az gec olsun. Ancaq biz özümüz tez olaq, hər mənada Ocaqlaşaq, hər mənada yetkinləşək. Biz özümüz Asif Ata öyrətmənləri kimi ortaya gələk, ortada olaq. Çünkü axtaranlar bizi görməlidirlər, bizə üz tutmalıdırlar. Ayrı-ayrı çağlarda bizimlə bağlı axtarışlar olur. Lap bu günlərin özündə, sizə örnək verirəm, bizim abeni üzdə olanlardan biri paylaşıb, ortaq abe-yə keçənlərə üz tutub, “keçirsiniz gəlin buna keçək” yazıb. Bu“abe” olmasaydı o soydaşımız nəyi göstərəcəkdi, olmayan şeyi göstərməzlər ki. Biz onu işləyib hazır ortaya gətirmişik, bu üzdən insanlar deyirlər, hazırı var, gəlin bunu qəbul edək. Ona görə deyirəm, Ocağın başqa çalarlarını da hazır, yetkin şəkildə ayaqda tutmalıyıq, özümüz onun arxasında olmalıyıq ki, gərək olanda bizə üz tutsunlar. Çaşmasınlar, üz tutmağa ünvan olmalıdır. Biz ünvan olmalıyıq.
Bu gün Asif Atanın Ocağı hər yöndən hər kəsin baxışında olan bir məsələdir. Asif Atanın Ocağı hazır milli sistemdir, məktəbdir, öyrənmək üçün məktəbdir. Yaşamaq üçün milli bir sistemdir. Bu sistemdə ciddi öyrətmənlər gərəkdir ki, insanlarımız tutuşdurma aparanda bilsinlər ki, Ocaq onun üçün tək milli yöndür. Söz yox, Ocaq tək milli yöndür, başqa bir milli yön yoxdur. Başqa milli nəsnələr ola bilər, onları danmırıq. Ancaq bir milli sistem olaraq, Ocaq var. Mən düşünürəm, bizim bu çağa qədər həyata keçirdiyimiz istənilən qurallarımız, rituallarımız İnsanlığın ölçüyə çevrilməsinə, milli sistemin oluşumuna qulluq edir. Eyni halda, adını çəkdiyimiz “Şərqilik Bayramı” da həmin quralların bir cəhətidir. Bayaq dedim Ata öz Ocağının milli bir sistemə çevrilməsi üçün onun hardan qaynaqlandığını, hardan gəldiyini vurğu edir. Bu, Şərqdən gəlir, bu Şərqi dəyərdir. Asif Atanı Şərqə verməlisən. Asif Ata Şərqi dəyərlərin ən yüksək səviyyədə bir sintezidir. İndi Asif Atanın dönəmidir, Asif Atanın çağıdır. Şərqilik bayramımızın önəmi bu qədər aydındır. Mən sözümü bitirirəm.

Altay: Mən də əlifba məsələsi ilə bağlı demək istəyirdim. Hazır əlifba varsa, məncə yenisinə ehtiyac yoxdur. Özümüzə müraciət yoxdur, yeni nəsə yaratmaq istəyirlər. Yaxşı olar ki, bu əlifba bütün türk dövlətlərinə təqdim olunsun, bunun üzərində müzakirə etsinlər.

Soylu Atalı: Biz hamımız bilirik, Doğu nə gündədir. Nə yazıqlar, Doğunu daha çox “İslam”a bərabər götürürlər. Siyasətin başında duran hegemon güclər də Doğunun İslamın etkisindən çıxmasını istəmirlər. Niyə istəmirlər, çünkü islam xəttində doğulular dövlətin başına gələndə hamısı mal-mülksevər, hərəmxanasevər olurlar. Onları pulla satın almaq asandır. İslam inkişaf demək deyil. Doğuda İslam geniş yayıldığına görə onu İslama bərabər götürürlər. Ancaq Doğuİslama bərabər deyil. Mən indi hind fəlsəfəsiylə uğraşıram. Qabaqlar epizodik olaraq uğraşmışdım, indi köklü uğraşmaq istəyirəm. Hindlilərin doqquz fəlsəfi-irfani məktəbi olub. Onların hər biri özündən sonrakılara güclü etki göstərib. Yunanlara, ərəblərə, elə lap türklərə də etki göstərib. Baxmayaraq ki, bizim Avesta bilik məsələmiz olub, Göy Tanrıçılıq xəttimiz olub. Ancaq Göy Tanrıçılığın fəlsəfəsi dərin, ciddi işlənməyib. Hindlilərdə o məktəblər işlənib. Onların hamısı bir-birinə qarşı ələşdirici (tənqidi) mövqe tutublar. Onların hər biri bir-birindən sonrakı aşama deyil, hamısı,aşağı-yuxarı, eyni vaxta olub. Paralel olaraq bir-birinə, tənqidləriylə, daha nələriylə, güclü etki göstəriblər. Bu gün də onların o məktəbləri dünyaya öz etkisini göstərməkdədir. Bax bizim sorunumuz nədir, – qədimdə heç bir irfani sistemimizin fəlsəfəsi işlənməyib, bu gün də işlənmir. Hərə bir addım atanda addımını islama hesablayır, qorxurlar. İslama hesablandığına görə də bizim dəyərlərimizin fəlsəfəsi açılmır. Bu böyük bir sorundur. Bizim toplumumuz, bütövlükdə götürəndə türk toplumu ciddi ölçü götürməlidir. Yəni türk toplumlarının içərisində olan ayıq-sayıq, millətçi adına ortaya çıxan adamlar ciddi ölçü götürməlidirlər ki, bu cəsarəti özündə Asif Ata tapıb. Milli dəyərləri islamın basqısından qurtarıb, onun fəlsəfəsini yaradıb. Yaratdığı Ocaq sistemiylə onun qorunmasını həyata keçirir, inkişafını formalaşdırıb ortaya gətirir. Bu olduqca gərəkli, düşünülməli bir məsələdir.
Burda sorun nədədir, konkret Azərbaycanda millətçi adıyla ortaya çıxanların böyük çoxluğu İslam-ərəb qafalıdır. Ona görə ortaq adına vurğuladıqları nə varsa, məzmun, biçim baxımından özününkü deyil. Türklər ortaq abe yaradırlar, türklüyə dəxli yoxdur. Sabah da buna bənzər bir şey yaradacaqlar, adını ortaq qoyacaqlar. İndi guya ortaq abe yaradıblar, bir çox adamlar sosial şəbəkələrdə durub nağıllar danışırlar ki, ortaq türk abesi qabaqlar ərəb abesi olub. Onu əsas götürürlər. Belə-belə problemlər çıxır ortaya. Ona görə də bu problemlərin hamısının çözümü mən düşünürəm ki, Asif Atadan, Asif Atanın Ocağından keçir.
Biz bilirik ki, bütün bəşər xalqlarının böyükləri, dahiləri öz xalqları içərisində hardasa bir nizam, sistem yaratdı, sonra məktəb yaratdı. Biz də onlardan bəhrələnirik. Ancaq onların çətirinin altında ola bilmirik. Çünkü onların çətiri onların milli varlığının çətiridir, onların milli varlığını, özünəxaslığını ifadə edir. Biz ümumbəşər səviyyəsində öz sistemimizi yaratmışıq. Yəni bizim milli oluşumumuzun yönünü Asif Ata yaradıb. Dünya xalqlarının böyüklərini danmırıq, ancaq biz bizi var edən Asif Atanı qəbul edirik. Onların hamısını qəbul eləsək dağınıq bir duruma düşərik, millətləşə bilmərik. Millətləşməyimiz üçün bizi ayaqda tutan, bizə yol, yön göstərən Asif Atadır. Biz onu xalqa verməliyik. Onu öyməklə, gülüm, çiçəyim deməklə xalqa verə bilməzsən. Onun fəlsəfəsi açılmalıdır, dünyagörüşünün əsasları açılmalıdır, öyrənilməlidir, izhar olunmalıdır. Onda biz xalqın içində Ocaq sistemi oluşduracaq, məktəbini yarada biləcəyik. Yoxsa (bütün məsələlər belədir), Ocağı bilməyən adamların əlində, dilində Asif Ata dinə çevrilə bilər. Asif Atanı bundan qorumalıyıq. Bunu diqqətdə saxlamağımız gərəkdir…

“Ata Ruhunu Ürəyimizdə aparırıq! Atamız Var olsun!” çağırışı ilə törən başa çatdı.
Bayram quralları yerinə yetirildi.

Ata Ayı, 46-cı il.
(sentyabr, 2024).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir