Xəbərlər

Qutsal “Şərqilik” Bayramında deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal “Şərqilik” Bayramında deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 12 Ata Ayı, 36-cı ildə (sentyabr, 2014) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Şərqilik” bayramını həyata keçirdi. Bayram qurallarını yerinə yetirdikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Bayrama açılış sözünə başladı: Ocağımızın fəaliyyəti həm tədbirləri həyata keçirməklə bağlıdır, həm də bir sıra xalqda aparılan işlərlə bağlıdır. Bu cəhətdən vurğu eləmək istəyirəm: biz son dərəcə ciddi, hərtərəfli xalqın içində oluruq sözümüzlə, ideyamızla, varlığımızla. Xalqın içinin hara qədər endiyinin də fərqinə varırıq. Çağırırıq xalqımızı. Çox maraqlıdır ki, xalqın içində rəsmiyyətə inam var, mənəviyyata inam yoxdur. Ona görə də xalq elə bilir ki, onun taleyini rəsmiyyət həll edir, onun taleyini rəsmiyyət qura bilər. Xalq dediyimiz, bu baxımdan, ümumi kütlədir. Əslində biz xalq deyə düşünəndə, hər zaman xalqın içində onu düşünən insanları görürük, kütlə isə görünmür. Ancaq məsələ burasındadır ki, xalqı düşünən insanlarla yerdə qalan toplumun müəyyən bir qurucu əlaqəsi var və yaxud olmalıdır. Ancaq nə görürük, – bu əlaqə on illərlə, yüz illərlə xalqın içində mütəşəkkil xarakter daşımayıb. Heç kim düşdüyü durumun təhər-tövrünü düşünmür. Biz bunu düşünürük. Mən hər zaman vurğu edirəm, Asif Ata Ocağı olaraq, bizim iddiamız çox ciddi əsaslara dayanır və qətiyyətlə sübut edirəm ki, o əsaslar yeganədir. Azərbaycanda fərdi qaydada Azərbaycansevərlər var, ancaq köklü şəkildə, ideya, prinsip baxımından Azərbaycanın yükünü daşıyan heç bir qüvvə də yoxdur, şəxs də yoxdur. Bunu sizə qətiyyətlə deyirəm. Ona görə də günü-gündən müşahidə elədiyimiz bir şey var, bizim içimizdə uçub-dağılma gedir. Ziyalı sayılan insanlar belə qırılır, ümidləri itir. Mənə deyənlər olur ki, belə getsə, bu xalqdan heç nə çıxan deyil, heç nə alınmayacaq. İnsanların qəlbi boşalır, ürəyi millət sevgisindən, millətin gələcəyinə ümiddən boşalır. Doğrudur, bu tip gedişatı müşahidə edib qiymətləndirən, dəyərləndirən insanlar var, onlar da deyir ki, biz məhv oluruq, uçuruq, dağılırıq. Bunu demək azdır. Yaxşı bəs neyləyək? Heç kim “neyləyək” məsələsinin altına çiynini vermir. Ocaq isə öz işində davamlıdır. Bizim mühitimiz var. Bu mühiti də biz təkcə Ataya sədaqətimizə, ona olan münasibətimizə görə qurmuruq. Maksimum dərəcədə özünü həsretmə, ciddi əməllər görmə səviyyəsində qoyuruq. Belə gündə Ocaq kimi mühiti qorumaq olduqca çətindir. Əgər insanımız da özü umacaqsız olaraq xalqının gələcəyini düşünüb yükün altına çiynini vermirsə, qətiyyən o, davamlı şəkildə bu mühitə yar olmayacaq. Atanın sözü var: “dünya hərcayidir, sən hərcayi olma. Dünya dağılsa da, sən hərcayi olma… Öz yolunla get. Onda dünyanı taparsan”. Müdriklər, örnək olanlar ona görə müdrik və örnəkdirlər ki, ona görə bu günə onların örnəyi, müdrikliyi çatır ki, onlar dünya dağılsa da, yoldan sapmayıblar. Dünya dağılıb, dağıla-dağıla gedib. Onlar yoldan sapmayıblar. Onların ümidi başqa şey axtarmayıb. Sizif aqibəti yaşayıblar. Ocaqdan da elə bir aqibət tələb olunur. Həyat getdikcə ağırlaşır. Həyat yeriyir hər kəsin üzərinə. Qıraqdan adamlar elə hesab edir ki, onların dərdi-səri çoxdur, Ocaqçıların dərdi-zadı yoxdur. Üstün xanım iki daşın arasında Azərbyacanı qarış-qarış gəzdi gəldi, neçə bölgəyə getdi. O rayonlarda həmişə xoşgəldin demirlər ki. Mən özüm neçə rayonlarda olmuşam. Həmişə xoşluqla qarşılanmamışıq. Həm deyir ki, Azərbycan pis gündədir, həm də deyir ki, neyləyə biləcəksiniz siz? Siz nəyə gəlmisiniz? Sənin sözün neyləyəcək axı? Mən də deyirəm, mənim sözüm darı kimi qulağını dələcək, əgər sən qulaq şəkləsən. Qulağına pambıq tıxamısan, mən nə bilim neyləyəcək? Qulağından pambığı çıxart, görəcəksən mənim sözüm neyləyəcək. Bir yazı yazmışdım ki, “Söz Tanrıdan sonradır. Ancaq Tanrını da tanıdan sözdür”. Əgər söz Tanrını tanıdırsa, sənə Tanrını bəxş edirsə, necə yəni söz neyləyəcək. Asif Ata illər öncə Moskvadan Azərbaycana qayıdanda çox ciddi arzularla, ümidlərlə qayıtmışdı. Belə edəcəyik, elə edəcəyik. Onu hansı aqibət gözləyirdi, bilmirdi. O deyirdi ki, Azərbaycanın yəqin ki, məndən başqa da 3-5 düşünəni, sevəni var. Ancaq gəlib gördü ki, yoxdur, Azərbaycan çöküb. Ancaq yoxun içinə girdi. Yoxluğun içində ideya yarandı. Bu gün bizim varlığımızın təsdiq olunması üzərində israr edir Asif Ata. Onun başladığı yolda yüz il, min il çağırış olur.

O gəlib Azərbaycanı bu gündə görəndən sonra fikirləşdi, təkcə SSRİ ilə bağlamaq olarmı Azərbaycan xalqının fəlakətini? SSRİ ilə bağlamadı. Bilirdi ki, Azərbaycanın taleyini SSRİ ilə bağlasa, onu dərk edə bilməyəcək. SSRİ-dən öncə də başqa “SSRİ”-lər olub, bundan sonra da olacaq.

İllər öncə mətbuatda yazmışdım ki, nə qədər ki, müstəqil deyilik, daim onun-bunun qarşımızda qoyduğu öhdəlikləri ödəyəcəyik. Bu gün də Avropa Şurası deyilən bir qurum sənin dövlətinin qabağında öhdəlik qoyur. Azərbaycan dövləti başqa dövlətlər qarşısında öhdəlik götürür. Nə deməkdir bu?! Sən bu xalqın qarşısında öhdəlik götürməliydin. Sən bu xalqın qarşısında öhdəlik götürə bilmirsən, ona görə yadelli qüvvələrin qarşısında öhdəlik götürürsən. O öhdəlik də ondan ibarətdir ki, Azərbaycanda hay-həşirə meydan ver. Qoy içini çalxalasın, qarışdırsın, mən də gəlim yaxşı oturum. Öhdəliyin tələbi odur. Sərbəst toplaşmaq nə deməkdir?! Kim toplaşır sərbəst? Göstərin mənə sərbəst toplaşanların ağlını, ləyaqətini, vətən sevgisini, millət sevgisini. Sərbəst toplaşan ya hakimiyyət azarından ölür, ona görə toplaşır, ya da acından ölənlərdir. Onların içində Vətəni sevən barmaq saydadır. Sən də başqasının qarşısında öhdəlik götürürsən. İndi ki, SSRİ yoxdur. Deməli, ruhu çökdürülüb. Ruhu dəyişib, dəyişdirilib. Ürəyinin içi dəyişib. Ziyalısının ürəyinin içi boşdur. Ayrı şey dolub ora. Ona görə də Asif Ata dedi ki, yeni dünyabaxış – Mütləqə İnam dünyabaxışı yaradıram. Dedi ki, Mütləqə İnamı yaradıram ki, insan var olsun, Azərbaycan bəşəriyyətin gələcəyində öz varlığını təsdiq eləsin. Azərbaycan tək bizə bağlı  hadisə deyil, o həm də ümumşərq hadisəsidir və ümumşərq dəyərlərinin bir hissəsidir. Bu gün məqsədyönlü şəkildə Şərq dediyimiz bir hadisəni hər vasitə ilə məhv edib gözdən salırlar. İŞİD-i yaradır sübut eləsin ki, Şərq dediyniz sürüdür, özü də terrorçu, başkəsən sürüdür. Siz busunuz. Ayrı-ayrılıqda o, ərəb kimi görünür, ancaq Şərq adı tutanda sən də ona qarışırsan. Həmin inkişaf etmiş Avropa, həmin inkişaf etmiş Batı öldürür Şərqi, Şərqiliyi. Batı istəyir ki, İslam qalsın. İslam qalsın ki, ondan İŞİD düzəldə bilsin və onunla regionu qarışdırsın. Ancaq islam deyilən bir şeyin hayı-həşiri də var, o hay-həşir qara kütlənin biryerdəliyi demək olar. Onlar bir araya gələ bilər, birdən xəlifə yarada bilər. Xəlifə yaranmasın, ancaq islam olsun. Bizdə deyirlər ki, islamla döyüşürlər. İslamla döyüşmürlər. İslamın xəlifə yaratmaq arzusuyla, meyliylə döyüşürlər. Ümumilikdə isə islamı istəyirlər. Onlardır təriqəti içimizdə qoruyub saxlayanlar. Nurçuluğun yiyəsi kimdir, Amerika deyilmi? Vəhabiliyin yiyəsi İngiltərə deyilmi? Başqa şeylər də çıxacaq ortaya. Sabah vəhabilik ortadan qalxsın, bütün region vəhabiliyə qarşı birləşsin, vəhabilik heçə çevrilsin, başqa bir vəhabi ştrix ortaya çıxacaq. Mən sizə bunu deyirəm. Dayanmayacaq, çıxaracaq yenə.

Asif Ata da deyir Şərq bu deyil. Asif Ata deyir Şərqdə Buddanın imtinaçılıq fəlsəfəsi olub. Biz adını çəkəcəyim təlimlərin heç birini əsaslı saymırıq. Ancaq bunları heç nə də saymağa haqqımız yoxdur. Onların hər birindən öyrəniləsi, bəhrələnəsi, üzərində təşəkkül tapılası nələrsə var. Boşuna deyil. Əgər Buddanın imtinaçılıq fəlsəfəsinə bəşəriyyət qulaq kəsilsəydi, təbiətin başına bu cür oyun açmazdılar. Ekologiyanın məhvi bu cür sürətlə getməzdi. Sənayeləşmə bu həddə gəlib çatmazdı. Səfalət bu həddə gəlib çatmazdı, imtinaçılıq fəlsəfəsi qəbul olunsaydı. Şərqi ona görə qəbul eləmirlər. Birdən qəbul edərəm, Buddanın imtinaçılıq fəlsəfəsi dirilər. Buddanın imtinaçılıq fəlsəfəsi dirilsə nə olacaq? Onda Rokfellerlər gedəcək zibilliyə. Onda Obamaların milyardları gedəcək zibil yeşiyinə. Daha doğrusu əllərindən çıxacaq. Ona görə istəmirlər Budda­nın imtinaçılıq fəlsəfəsi yaşasın. O boyda Avropaya yayıldı İsaçılıq. Daha doğrusu xristianlıq. İsanın insan sevgisini öldürdülər. Qəbul eləmədilər ki, birdən başqa bir mərhələ başlaya bilər. Başqa bir mərhələ başlayanda nə olur? Onda Avropa dünyaya ağalıq iddiasından qırağa durur. Başqalarının başı üstündə dəyənəklə durub demir ki, mən sənə göstərdiyim yolla getməlisən. Nə ərəb, nə Batı Məhəmmədin Allah sevgisini yaşatmadı, diriltmədi, öldürdü. Məhəmmədin Allah sevgisini diriltsəydilər, yaşatsaydılar, doğrultsaydılar, onda düşünürəm ki, dünyada fərqli münasibətlər olacaqdı. Nəhayət, Hürufilərin insan sevgisi, insanı Allaha tən götürməsi onlara lazım deyildi. Ona görə də Şərqi gözdən salmalıydılar. Ona görə Şərqi ikinci dərəcəli saymalıy­dılar.

Yaxud sufilərin Allaha qovuşmaq diləyi. Qəbul eləmək olmazdı bunu. Qəbul eləsəydi, onda indikilərin sənaye yürüşü dayanacaqdı. Dünyanın diqqətində neft oyunları olmayacaqdı. İnsan məsələsi olacaqdı. Yalançı, demokratik azadlıqlar oyunu, ideoloji yalançılıqlar olmayacaqdı. Onu deyəcəkdilər ki, yerlə göyün sahibi İnsanla Allahın birliyidir. Ancaq deməmək üçün Şərqi öldürdülər. Şərqi gözdən saldılar onu deməmək üçün.

Şərqiliyin mahiyyəti muğama dayanır. İndiki gedişatda, indiki demokratiya həşirində, cəfəngiyyatında sənin muğamın nə dərəcədə Şərqiliyi ifadə eləyir? – Eləmir. Görün nə qədər dəyərlər var ki, bu dəyərlər tanınsaydı, dərk olunsaydı, qiymətləndirilsəydi, dünyanın ahəngi başqa olacaqdı. Asif Ata onu düşündü. Qətiyyən o, dünyanı Qərbə, Şərqə bölüb Qərbə nifrət bəsləmək haqqında düşünməyib. Heç biz də düşünmürük. Dünyanın bir hissəsinə nifrət aşılasın, qətiyyən onu düşünməyib. Avropanın içində olan ayrı-ayrı ədəbiyyat adamları… Şərq ruhuna doğma olan yalnız ədəbiyyat adamları olublar. Ruhaniyyat adamları yoxdur Avropada. Ədəbiy­yat adamlarının içində də ruhaniyyat var. Ona görə də Asif Ata “rədd olsun Batı, Şərq hər şey olsun” demirdi. Dünyanın özü olması üçün dünyaya Şərqi dəyərlər lazımdır. Yəni dediyimiz kimi, Budda imtinaçılığı lazımdır, Zərdüşt dünyaçılığı lazımdır. Zərdüşt dünyaçılığının üstündən elə xətt çəkiblər ki. İsanın insan sevgisi, Məhəmmədin Allah sevgisi  birləşməliydi, birləşdiril­məliydi. Ona görə də Asif Ata Mütləqə İnam yaratdı və dedi, Mütləqə İnam öz ideyaları, prinsipləri baxımından bütöv bir hadisədir. Bütün bu deyilənlərin hamısını əhatə edir, özünün içinə ala bilir. Onların hər biri ayrı-ayrılıqda bir cəhətdir. O cəhətləri də heç kim birləşdirmədi. O cəhətləri elə Asif Ata birləşidirir. Həmin cəhətləri birləşdirib onun təmiz mayasını yenidən qaytarır dünyaya. Və deyir ki, onu yaratmaq, yaşatmaq və bayram eləmək lazımdır. Biz də bir qom adam inadla onu bayram edirik. İçimizdəki Şərq sevgisini bayram edirik. Hələ Şərqilik deyə bir məzmunu az adam anlayır, tanıyır. Az adam onunla uğraşır, ona görə az adam onu bayram edir. Nə qədər ki, çox adam onu bayram etmir, nə qədər ki, ümumşərq onu bayram etmir, onda dünyanın ümumi halının dəyişməsindən söhbət də getməyəcək. Neyləyirsən elə, bundan qıraqda heç nə alınan deyil. Heç kim insanla məşğul olmur. Hamı qıraqdan insana xoşbəxtlik vermək istəyir. Götürmür axı bu, sənin verdiyin xoşbəxtliyi. Bunun içində xoşbəxtlik əkməyə sənin mühitin yoxdur. Mənim içimdə gərək mühit ola ki, sən xoşbəxtlik əkəsən. Sənin xoşbəxtliyin cəfəngiyyatdır axı.

Biz burada (gedişat yazısında) mövzu qoymuşuq – Mütləqə İnam dünyabaxışında Şərqilik təməl ideyadır. O dediyimiz məsələlərə görə təməl ideyadır. Biz özünü millətçi sayan insanlarla da söhbət edirik. Onlar millətdən danışırlar, Şərqdən söhbət düşəndə deyirlər ki, Şərqdə heç nə yoxdur, bataqlıqdır. Regionda gedən prosesləri görürlər, deyirlər ki, Şərq bataqlıqdır. Şərqdə Şərqilik deyilən məzmunu görmürlər, araşdırmırlar, öyrənmirlər, düşünmürlər. Şərqdə hərəmxana görürsən. Şərqdə şahların eyş-işrətini görürsən. Hərəmxana şahların sarayında idi. Ayrı-ayrı fərdlərin ixtiyarında idi. İndi Avropada kütləviləşib, hamılaşıb. Bir vaxtlar pulçuluq yalnız şahların saraylarında idi Şərqdə. O saraylardan qıraqda mənəviyyat adamları var idi, sufilər var idi. O saraydan qıraqda şəxsiyyətlər var idi. Başına insanları toplayırdı, onlara mənəviyyat öyrədirdi. İndi pozğunluq kütləviləşib, hamılaşıb. Quldarlıq, feodalizm, kapitalizm, sosializm deyilən quruluşlar bir-birini əvəz edirdi, insan da gözləyirdi ki, bu quruluşlar bir-birini əvəz elədikcə yaxşı şeylər olacaq. Bundan ona keçdikcə müsbət şey olacaq, onun  təbliğatçıları var idi. Onun arxasında institutlar dayanırdı. Quldarlıq pis şeydir, feodalizm yaxşı şeydir–  təbliğatlar olub. Sırıyırdılar. Bu gün heç kim kapitalizm demir quruluşun adına, hamı demokratik quruluş deyir. Halbuki bizim yaşadığımız quruluş pulçuluqdur, kapitalizmdir. Pulla baş kəsirlər. Pul allahın yerində durur. İnsan gözləyirdi ki, quruluşlar dəyişəcək, quruluşdan quruluşa keçdik­cə müsbət yönlər yaranacaq. Yaranmadı. Çünki hamı quruluşu dəyişir, heç kim insanı dəyişmir. İnsanla heç kim məşğul olmur, olmadı. Asif Ata gəlib ki, insanla məşğul olsun. İnsanla məşğul olur ki, insan özünə qənim kəsilən quruluş yaratmasın.

Dünən Şərqdə həm ərəblərdən gələn hərəmxanalar olub, həm də adını çəkdiyim uca keyfiy­yətlər vardı. Zərdüşt dünyaçılığı, Budda imtinaçılığı. İsanın başına daş vururdular, yenə deyirdi ki, insanı sevmək lazımdır. Məhəmmədin başına qaynar su tökürdülər, yenə deyirdi ki, Allah böyükdür, Allah birdir. Dönmürdü dediyindən. Hərəmxana ilə yanaşı bunlar da vardı. Şərq dünən nə olub, bu gün də gözümüzün qabağında görürük. Bu gün Şərq yoxdur. Şərq deyilən bölgənin içini o qədər qatıb-qarışdırıblar ki, bu bölgədə, bu regionda it yiyəsini tanımır. Sabah nə olacaq, heç kimin heç nəyə gümanı da yoxdur. Həmin ruhu əlindən aldılar. O ruh idi Şərqin içində işıq kimi yanıb ona gələcəyi nişan verən. O ruhu öldürdülər. Şərqilik ruhunu öldürdük­lərinə görə bütün dünya çalxalanır. Şərqin gələcəyi dirilməlidir. Bizim üçün “gələcək” təkcə nəzəri sözdən ibarət deyil. Biz bilirik onun arxasında nələr durur. Ancaq həm də fikir, söz, ideya hər şeydir. Ordan başlayır. Nə vaxt olacaq, biz deyə bilmirik. Ancaq Şərq Asif Atanın Mütləqə İnamıyla yenidən öz Şərqiliyini bərpa edəcək. Ya bərpa edəcək, ya da Şərq yoxdur. Amma biz dünyanın yox olacağını qəbul eləmirik, ona görə yox ki, özümüzə təsəlli veririk. Çünki məğz, mahiyyət budur. Məna yoxolmanın əleyhinədir. Bununla sözümü bitrirəm. Mən sizin ürəyinizə Atanın ideya, fikir günəşini arzulayıram. Mən Atanın Şərqiliklə bağlı böyük arzularını ifadə elədim qısa, sizi belə bir ləyaqətin, ümidin işığına boylanmağa çağırdım. Siz buna boylanın və boylandırın. Bunu demək lazımdır. Deməkdən usanmamaq lazımdır.

Əgər xalqını sevirsənsə, vətənini sevirsənsə, əgər ailəni sevirsənsə, anaları sevirsənsə, bunu vermək lazımdır. Xilas eləmək lazımdır. Öz övladını xilas eləməyin də yolu budur. Çünki sənin balan evindən çıxdı, uçuruma düşür. Balanı xilas eləməyin yolu budur. Zəmin yaradırsan yaşamaq üçün, xalq olmaq üçün. Belə bir zəmin üstə biz daim davamlı mübarizə aparırıq. Azalmırıq, artırıq. İçimiz böyüyür, əməlimiz çoxalır. Səsimiz-sorağımız genişlənir. Kim hara qədər nə götürə bilir götürür. Götürməyənə də biz deyəcəyik. Eşitməyəni də biz çağıracağıq. Çünki biz ayrı yol tanımırıq, ayrı yolu doğru saymırıq. Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun!

Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bayramımız qutlu olsun. “Şərq – dünən, bugün, sabah” qonusunda düşündüklərimi oxuyacam.

Dünənki Şərq – ehtizazlı, vəcdli, yaradıcı, ruhaniyyatçı. Şərq ruhu deyilən bir şey var. Kim Şərq deyəndə ağlına nə gəlirsə, o başqa. Ancaq əsil Şərq ruhu Şərqin peyğəmbərliyində, musiqisində, bədiiyyatında, ədəbiyyatında, insanların bir-birinə ülvi, müqəddəs münasibətlərində ifadə olunub ki, o münasibətə indi dünyanın ehtiyacı var. İnsan nəyə heyrət edirsə, odur. İnsan nəyə aşiq olursa odur. Rumilərin, Nəsimilərin, Füzulilərin, sufilərin, Qandilərin, Babəklərin aşiqliyində ifadə olunub Şərq ruhu. İndi adamlar bir-birlərində səhv görəndə sevinirlər, bir-birlərinin çatışmayan cəhətlərini görəndə gözdən salırlar. Rumi, Nəsimi, sufilər, Füzulilər isə heyrətini ifadə etməyə söz tapmırdılar. Ülviyyət, müqəddəslik, sevgisində göyə qədər ucalmaq vardı o münasibətlərdə. Nə qədər açsan da açılır, nə qədər desən də az olur, nə qədər ifadə etsən də tam olmur.

Şərq deyəndə islamı başa düşürlər. İslam Şərqdə yaransa da, Şərq ruhunu ifadə etmədi. Çünki insana uca münasibətiylə ölçülür Şərq ruhu. İslamda isə insanı bəndəçiliklə öz gözündə alçaltmaq var. Öz qismətiylə barışdırmaq var. Dünyanın keçiciliyinə inanan müqəddəsliyin nə olduğunu bilmir. Dünyanın keçiciliyinə inanan insanda uca, ülvi cəhətlər görmək, vətənə aşiq olmaq, millətinin sabahında öz ömrünü görmək sorumluluğuna və fərəhinə yetmir. Yalnız aşiqlər fədakarlığa yüksəlir. Yalnız aşiqlər ideallar uğrunda, insanilik uğrunda özündənkeçməyə yüksəlir. Dünyanın faniliyinə inanan isə bunlardan məhrumdur. Deyə bilərsiniz ki, dindarlar da özlərini ideyaları uğrunda ölümə verirlər. O əməldən ki, insanlara, insaniliyə, bəşərə işıq, fərəh, gərəklilik gəlmir, o əməl heçdir. İnsaniliyə qarşı olan əməl şərdir.

Biz türk kimi doğulmuşuq, Şərqli kimi doğulmuşuq. Türk bir millət olaraq Şərq ruhunu ifadə edir – birsifətliliyində, döyüşkənliyində, inanclılığında. Ata deyir ki, “türklük – Göylükdür. Türk irqi hardasa Göy irqidir. Sazlıq – Tanrıçılıqdır, Göylə Yerin birliyidir”. Bunlarla türk ruhu özünü ifadə edib Şərqiliyə doğma. Türk ailəsi, türk qadını da xüsusi olub. İndi Şərq qadını deyəndə başı çadralı qadın nəzərdə tutulur, türk qadını görünmür, bilinmir. İndi Şərq deyəndə çalmalı, əbalı kişilər ağla gəlir. Türk kişisi görünmür, bilinmir.

Bugünkü Şərq fəlakətlər içindədir. Şərqin qüsuru o oldu ki, Qərblə müqayisə ediləndə özünü kiçik gördü. Qərbin texniki inkişafı qarşısında özünü balaca bildi. Ruhunu qoruya bilmədi, ruhu geridə qalmışlıq kimi göründü özünə. Ona görə də yiyəsi olmadı dəyərlərinin. Rumilərin münasibətinə qara yaxırlar. Elə deyirlər ki, kiçilsin öz gözündə Şərq, öyünməyə yeri olmasın. Keçmişinin gələcəyə yolu bağlansın. Çünki yalnız böyük, ali, uca münasibət keçmişdən gələcəyə yol salır. O yolu pozmaq, körpüləri uçurtmaq amaclıdır ləkə yaxmalar.

Nə qədər bu ülvi münasibətləri desək azdır. Çünki münasibətlə öyünmək azdır, o münasibəti davam etmək lazımdır. Hər şeyi dəyərləndirə bilməməyimizdəndir ki, elə bu günün özündə də heç Atadan bir kəlmə oxumamış, Evladın ömrünü, yolunu bilməmiş “Şəxsiyyətə pərəstiş” adı qoyurlar Ata-Evlad münasibətinə. Çünki özümüzdə olana xor baxmaq öyrədilib. Özünü dəyərləndirib sevmək, qorumaq öyrədilmir.

Şərqin özü də özünə yağıdır, dünya da. Dünyanın yağılığından Şərq dağılmaz, özünün özünə yağılığından məhv olar.

İndi Şərq deyəndə geri qalmış mədəniyyət, geri qalmış iqtisadiyyat, siyasət başa düşülür. İnkişaf səviyyəsi Qərblə ölçülür. İndi dünya Qərbdən ibarətdir. Qərbin dünyaya sırıdığı kriteriyalardan, mədəniyyətdən, siyasətdən. Qərbçilikdən başqa yol bilinmir, tanınmır, gedilmir. Ya Qərb mədəniyyətinə uyğunlaşmalısan, ya da dünyadan geridəsən. Ya Qərb siyasətiylə hərəkət etməlisən, ya da sabahın “təhlükədədir”. Ya Qərb iqtisadiyyatıyla inkişaf eləməlisən, yoxsa aclıq qapıdadır. İqtisadiyyat nədir – az vaxtda, az məsrəflə çox qazanc əldə etmək. Burada mənəvi çöküş qulağa girmir.

Bunun nəticəsidir ki, xəstəliklər artır, bəşərin gələcəyi təhlükə altına düşür. Təbiətin durumu göz qabağındadır. Adam təbiətə yağı kəsilib. Təbiət də ekoloji problemlərlə cavabını verir Adamlığın. Qərb siyasəti güclü dövlətlərin rəiyyət ölkələr üzərində həyata keçirdikləri zorun, gücün tətbiqidir, onları öz istədiyi kimi idarə etməkdir. Qərb istədiyi vaxt inqilablar edir, istədiyini mənimsəyir. Elə Qərbin siyasətinin sonucudur ki, Şərq ölkələrində dinin, dini təriqət­lərin insanlar üzərində amansızlıqları xof yaradır. Dünyada sanki yarış gedir. Hər kəs öz adıyla qorxutmaq istəyir. İnsan haqqı deyə-deyə, insan haqqını “müdafiə” edə-edə insansızlaşıb dünya.

Ocaq öz ideyaları ilə elə Şərq ruhunu ifadə edir. Ocaqçılıq elə Şərqçilikdir deyir Ata. Ocaq ideyaları ilə bəşərin sabahını – İnsaniliyin var olduğu sabahı yaratmaq olar. Adam özüylə döyüşməlidir ki, İnsan olsun. Adam özüylə döyüşməlidir ki, İnsanlıq fərəhinə çatsın. İçindəki azğınlıqdan, quldurluqdan, həsəddən, şəhvətdən, ağalıqdan, köləlikdən arınmayınca dünya düzəlməyəcək. İnsandan başlanır hər şey. Ata deyir yeni cəmiyyət yaranmalıdır. Ağalıq Atalıqla əvəz olunmalıdır. Dövlətin başına gələn xalqın sabahını düşünən insan olmalıdır. Nə kapitalizmi, nə sosializmi qəbul edir Ata. Zəhmətkeş mülkiyyətə sahib  olmalıdır. Dövlət xalqı qorumalıdır. İnsani, milli və bəşəri ideyalarla yüklənməlidir siyasət də, iqtisadiyyat da, mədəniyyət də. Müstəqil iqtisadiyyat, müstəqil siyasət, müstəqil mədəniyyət. Bu ideyalarla Özümlü Şərq yaranacaq. Şərq özümlüyünü qorumalı, məhz Şərq ruhunu ifadə edən dəyərlərini yaşatmalıdır. Şərq özümlüyünü qoruyarsa, yaşadarsa, bu Qərbin də xeyrinədir. Ata deyir ki, “biz Qərbin əleyhinə deyilik, Qərbçiliyin əleyhinəyik. Qərbçilik – Şərqin özgələşməsidir. Qərbçilik – Qərbin özünün də özgələşməsidir”. Ona görə də İnsanilik, özümlük, millilik, bəşərilik ideyası – Ocağın ideyaları dünyanın xilas yoludur.

 Soylu Atalı: Qərbçilik sənayeyə münasibətdir, Şərqçilik insana münasibətdir. Baxın, bu gün o görünməyə bilər. Ancaq doğrudan da Şərqçiliyin insana münasibətini – dünyada iki tərəf yaranıb da, o tərəflərin böyüklüyü və ya kiçikliyi məsələsi ortadan qalxarsa, o təbəqə aradan qalxarsa və o böyük güc zəif tərəfə müdaxilə etməzsə, onu sıxışdırmazsa, mən sizi əmin edirəm ki, Şərqdə insana ali münasibət bərpa olunar. O imkan var, o hal var. Zəif adamı döyürsən, o nəyləsə cavab vermək istəyir. Şərq o zəif tərəfin yerindədir. O, çaxnaşmalarıyla, nəyiyləsə ortaya çıxmağa çalışır. O zəiflərin ortaya çıxmasından da başqa cür istifadə edirlər. Zəiflərin çabalarıdır ki, İŞİD deyilən bir şeyi Qərb özü yaradıb ortaya çıxarır. Həmin məsələlərdir hər biri. Bir tərəfdən Şərq dövlətlərinin başında duran adamlar xalqın imkanlarını mənimsəyir, bir tərəfdən də xalqın ümid bəslədiyi sərvəti daşıyırlar qırağa. Bunu da həmişə müqayisə aparırlar. Mən həmişə deyirəm, bizi Avropanın inkişaf etmiş ölkələriylə müqayisə aparırlar. Orda əhalinin yaşam tərzi əladır deyirlər. Əslində əhalinin yaşam tərzi heç də deyildiyi kimi deyil. Üstünlük var. Onu yaradan nədir? Bizim ölkəmizdə başda duranlar xalqın payını, haqqını  mənimsəyirlər. Ordakılar isə xalqın imkanlarını mənimsəsələr də, bizdən daşıdıqları ilə xalq üçün müəyyən balans yaradırlar. Üstün­lük odur əslində. Sənin nemətin, sərvətin o qüvvələrin üzünə bağlı olsun, görün Avropada inqilablar tüğyan eləyir, eləmir. Deyirlər Avropada qanun işləyir. Qanun nə deməkdir? Kim qanun yazır, – kapitalist, pulçu. Qanun nə vaxt sadə insanların mənafeyinə qulluq göstərir? Sadə insanlarla hakim təbəqənin qanun qarşısında məsuliyyəti nə vaxt bərabər olub? Pullu ilə pulsuz, hakimlə məhkum, vəzifəli ilə vəzifəsiz – nə vaxt bunlar qanun qarşısında bərabər olublar? Tarixdə belə şeyə rast gəlinməyib. Ona görə Asif Ata israrla vurğu edir “İnsanlaşın – İnsanlaşdırın. Bəşərin nicatı insanlaşmaqdadır!”. Bu ideya yürüməlidir. Başqa ideyalar yürüməli deyil.

Asif Ozan: Hesab edirəm ki, burda əyləşənlər hamısı mənim könül və mənəviyyat dostlarımdır. Çoxdan qənaətə gəldiyim bir fikri deyim: kim Asif Atanın qoyduğu yolu sevirsə, deməli, məni də sevir. Kim Asif Atanınn qoyduğu yolun və təlimin davamçısıdırsa, demək, mən də onları sevirəm. Bu ideyanın daşıyıcısı həm də mənim könül dostumdur, könül sirdaşımdır. Mən Asif Atanın yolunu araşdıranda və bu yolun dəyərini verəndə burda oturanların heç biriylə tanış deyildim. Bu gün Azərbaycanda, ideyasızlığın hökm sürdüyü bir dövrdə, sovetlər dönəmində heç olmasa ideya adına bir reallıq var idi, ideologiya var idi. Ancaq bu gün ideyasız bir mühitdə gerçəkdən də xalqın sabahını düşünən bir təlimin arxasında dayanıb bu yükü daşıdığınıza görə hər bir Ocaqçıya mən təşəkkür edirəm. Çox ağır bir yükün altına girmisiniz. Bu prinsipləri doğruldursunuz. Bir reallıq var ki, Azərbaycan xalqına sırf özünün mənəviyyatından, onun tarixi ruhundan doğan bir təlim, bir dəyərlər sistemi lazımdır. Asif Atanın yaratdığı təlim Azərbaycan xalqının, bütövlükdə Türk Dünyasının ruhundan doğan bir dəyərlər sistemidir. Biz bilirik ki, istər xristianlıq, istər iudaizm, istərsə də onlardan əvvəlki dünyagörüşlərdə cəmiyyətə yeni normativlər gətirmək, yeni dəyərlər sistemi vermək uğrunda mübarizə tarixidir. Biz səmavi dinlər deyilən dinlərin tarixinə nəzər salsaq, görərik ki, Şərqdə, doğrudan da, istər Hindistanda, istər Misirdə mifologiya formasında yaranan bir sıra ierarxik təlimlər əslində cəmiyyətin sosiallaşmasına xidmət edən dəyərlər sistemi təqdim edən dini bir ideologiya idi. Brahmanizm, ondan əvvəlki krişnaizm, Misirdə yaranan mifologiya, diqqətlə nəzər salanda görürsən ki, sonradan iudaizmə, xristianlığa, islama gəlmiş dəyərlər sisteminin kökündə, təməlində dayanan həmin dəyərlər sistemidir. Hətta bir haşiyə çıxım. Bir dəfə Şərqşünaslıq institutundan, tanınmış bir professorumuza dedim ki, mən sizə mətn oxuyacam, siz müəyyən edin, bu mətn hardandır. Mən götürdüm qədim Misir mifologiyasından bir didaktik material oxudum. O da dedi ki, burda çətin nə var ki, bu, Qurandandır. Bir neçə mətn yenə oxudum, dedi ki, Qurandandır bu mətnlər. Kitabı onun qabağına qoydum, gördü ki, qədim Misir mifologiyasıdır. Qədim hind, misir mifologiyası elə bir didaktik materiallar toplusudur ki, orda cəmiyyətin sosiallaşması, cəmiyyət­də yeni münasibətlər qurmaq üçün yeni bir dünyagörüşü dayanır onun kökündə. Sonradan qədim dünyagörüşü iudaizmə, xristianlığa, Qurana gəlib çatmış hekayətlər formasında topludur. Ona görə də Qərbdə iudaizmi, xristianlığı, islamı İbrahimi dinlər adlandırırlar. Təkallahlıq İbrahim­dən gəldiyinə görə İbrahimi dinlər adlandırırlar. Nəyə görə bu girişi verdim. Çünki Şərq həmişə yeni dəyərlər sistemi və ya yeni dəyərlər yaradıcısı olub. Ancaq bizim bəlamız ondan ibarət olub ki, biz yaratmışıq, bunun əsasında qurulmamışıq. Qərbin yeni texnologiya istehsalı səviyyəsində bizim də yeni mənəviyyat quruculuğumuz olubdur tarixdə. Ancaq bu qurduğumuz dəyərləri Qərb bizdən daşıyıb, mənimsəyib, özümləşdiribdir, bizsə onları atmışıq. Bunun kökündə o dayanır.

Qısaca haşiyə çıxım. Bir gender bərabərliyi adlanan modeli bu gün  Azərbaycana gətirib çıxarıblar. Onu qanunvericilik səviyyəsində bu gün-sabah bizə qəbul elətdirəcəklər. Burdan o məna çıxır ki, Azərbaycan xalqı tarixən ailə nə olduğunu bilməyib, kişi və qadın münasibətlərini qura bilməyib, bu gün Qərb bu dəyərləri bizə öyrədir. Belə bir biabırçılıq, rüsvayçılıq ola bilməz ki, tarixən ağsaqqalılıq institutuyla öyünən və bu gün Qərbin qabağına qoyub öyrəndiyi modeli dünyaya biz verdiyimiz halda, – ağsaqqallıq modelini, institutunu, bu gün Qərb bizə yeni bir ailə modelini təqdim edir. O model ki, özünüz bilirsiniz, bu gün Qərbdə ailə, qadın-kişi münasibətləri hansı səviyyədədir. Qərbdə kişi və qadının bioloji fərqi aradan qalxıb, yoxdur. Belə bir modeli bu gün Azərbaycana sırımaq əzmindədir Qərb. Ona görə də Asif Atanın 20-ci yüzilin ikinci yarısında Azərbaycan reallığına, Azərbaycan ictimaiyyətinə gətirmək istədiyi və gətirdiyi dəyərlər sistemi bu gün ciddi şəkildə qorunmalı, sevilməli və təbliğ olunmalıdır. Sizin bölgələrə səfər eləməyiniz, bölgələrdə azından 10-20 adama söhbətdən sonra bir adamın belə, bu söhbət qulağında qalması, onun şüuruna yeriməsi uğurdur. Mən hesab edirəm ki, bizim milli mənəviyyatımızın, milli kimliyimizin, milli şüurumuzun xilası yolunda Ocaqçıların atdığı bu addımlar çox böyük alqışa layiqdir. Mən həmişə əminliklə deyirəm ki, Azərbaycan xalqının bugünkü, məhz mənim yaşadığım dövrün tarixində qalacaq ən önəmli hadisə Ocaqçılıq hərəkatıdır. Ona görə ki, Ocaqçılıq hərəkatı  bizi özümüzə, türkçülüyümüzə qaytarır, Şərqçiliyi­mizə qaytarır. Bunun arxasında durmaq, bu yükü daşımaq böyük şərtdir. Bu yolda sizə uğurlar arzulayıram.

Qısaca olaraq bir-iki məqama toxunmaq istəyirəm. Bayaq Şərq haqqında, hərəm institutu haqqında danışıldı. Əslində türkün istər Dədə Qorqudunu, istərsə də Dədə Qorquddan əvvəlki bütün dastanları götürüb birbəbir təhlil eləsək görərik ki, türkün heç bir nağılında, dastanında hərəmxana institutu yoxdur. Götürün Azərbaycan dastanlarını, hətta məhəbbət dastanlarını, islamın qəbulundan sonra yaranan məhəbbət dastanlarını, islamaqədərki dastanları, Koroğlu dastanını. Siz fikir verin, xalqın şüuruna hərəmxana institutu yenə də girmədi. Türkiyənin, Səfəvi dövlətinin, yaxud Şərq ölkələrinin saraylarında sultanlar hərəmxana institutu yaradırdısa, bu, türkün düşüncəsindən gələn bir institut deyildi. Bu, sırf ərəbin düşüncəsindən gələn bir institut idi. O institut ki, ərəb qadını nə hesab edir, biz bu gün də bilirik.

Mənim türk qadınımı at belindən salıb ona çadra geyindirən bir şüurdan, təbii ki, imtina eləməliyəm. Hesab edirəm ki, Ocaqçılıq bu yolda ciddi işlər görən, bizi həmin şüura, həmin düşüncəyə səsləyən bir təlimdir, bir dünyagörüşüdür. Mənə doğma bir dünyagörüşdür, içimdə yaşatdığım bir dünyagörüşdür. Daşıdığınız yük ağırdır, ancaq bunu fərəhlə daşıyırsınız. Doğrudan da, yükünüzdən böyük fərəhiniz yoxdur.

Soylu Atalı: Bir məqam mənim diqqətimi cəlb elədi. Uğurlu deyimdir ki, Asif Atanı sevən elə məni sevir. Asif Ataya münasibət mənə münasibətdir. Bu, nə deməkdir? Yəni Asif Ataya münasibət bir alim kimi, bir ziyalı kimi münasibət deyil, bu, insana münasibətdir. Yəni ona görə ona münasibət mənə münasibətdir.

İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Bu gün “Şərqilik” Bayramını qeyd edirik. Gerçəkdən baxanda, Soylu bəyin vurğuladığı kimi, Şərq yoxdur. Şərq var, Şərqçilik yoxdur. Görünən Avropanın kiçik bir modeli var. Hər şey küçələşib. Zərdüşt də, Babəkimiz də, Nəsimimiz də itib, yalnız xatirələr qalıb onlardan.

Şərq– ruhani dəyərlərin ifadəsi və müəyyən mənada insanların bu dəyər əsasında yaşadığı bir məkan olub. Vətən qutsallığı, sevgisi Şərqdə mövcud olub. Böyük-kiçik yeri, övlad-valideyn münasibəti, kişi-qadın ləyaqəti üstün tutulub, yeri göstərilib Şərqdə. Hər şey ruhani qiymətlə ölçülüb – insanilik əzəl olub. Bəşər mədəniyyətinin zənginləşməsində məhz Şərqi dəyərlər daha çox üstünlük təşkil edir. O fəlsəfə ki, insana dayanmır, onun gücünə, qüdrətinə inanmır, o fəlsəfə ruhaniyə yox, maddiyə dayanır. Ona görə də insanın əbədiliyinə, əzəliliyinə, sonsuzluğuna bağlı yön yarada bilməyib.

Hardasa Qərb fəlsəfəsi dini zəmin üzərində bərqərar olub, dindən bəhrələniblər Qərb fəlsəfəçiləri. Şərq fəlsəfəçiləri isə əsasən idraka, fəhmə, ruhaniliyə əsaslanıb.

Ruhun gözüylə baxanda Şərqin nə qədər möhtəşəmliyi üzə çıxar. Ataya qədər biz Zərdüştün sadəcə peyğəmbər olduğunu bilmişik. Onun ideyaları tam olaraq bizə çatdırılmayıb. Əslində Zərdüştçülük – insan peyğəmbəridir, insanın daxilən təmizlənməsidir. İşığın zülmət üzərində qələbəsinə inamdır.

İşıqçılıq hadisəsi – Babəkliyimiz adında Peyğəmbərliklə qəhrəmanlığın vəhdəti hadisəsidir. Şərq bəşərə hürufiliyi verib. O hürufiliyi ki, insanın Allah səviyyəsinə ucalması hadisəsidir. Bunlar Ata fəlsəfəsinin gücü sayəsində görünür – göstərilir topluma.

Ümumşərq hadisəsi olan Sufiçilik – İnsanın Allaha qovuşmaq istəyidir.

Füzuliliyimiz var, Muğamlığımız var – hamısı Şərqi dəyərlərdir.

Şərqin – Şərqilik mahiyyətini bayram edirik. Biz bugünkü Şərqə mənanın gözüylə baxırıq və deyirik ki, Şərq göründüyündən artıqdır, yüksəkdir. Onun Qərbi təqlid etməsinə haqqı yoxdur. Bəşəriyyətə peyğəmbərlər bəxş etmiş Şərq bu gün peyğəmbər sözünü eşitmir, hərcayi söz eşidir. Hədəfimiz Şərqi qədimliyinə qaytarmaq, onun özünəməxsusluğunu yenidən bərpa etməkdir. Bu, Asif Atanın Mütləqə İnam adlı həyat sistemi ilə oluşacaq. Bu indiyə qədər yaradılmış təlimlərin təkrarı deyil, onlardan daha mükəmməl ruhani bir sistemdir. Bu sistemi həyat tərzimizə çevirməklə həqiqi azadlığımıza çata biərik. Bu həm də Şərqiliyin dünyalaşması deməkdir. Atamız Var olsun!

 Soylu Atalı: Bir məqama toxunum. İnamlı bəy yəqin ki, bir araya gəlmək mənasında vurğu edir ki, elə əsil türklər Ocaqdadır. Bir əqidəyə gəlmək baxımından deyir. Türk ruhlu insanlarımız var, sadəcə olaraq onlar bir arada deyillər.

 Bir məqama da toxunum. Onun narahatlığını qəbul edirəm. Ancaq Saz muğamın bir qolu deyil. Saz müstəqil hadisədir, özü də muğamdan qədimdir. Saz türk ruhudur. Nə muğam, nə saz bir-birinin üstünə kölgə sala bilməz. Qoşa qanad demək olar onlara. Saz böyük hadisədir.

İnamlı bəyin çıxışında Şərq iki mənada təhlil edilir. Bir var Şərq ruhu, Şərqilik, bizim içdən gördüyümüz, bir də var Şərqin bugünkü iflası. Bu iki məqam vurğulanır, onlar ziddiyətli görünə bilər. Sadəcə olaraq, Şərq bu idi, bu olub. Yaxud bu olmalıdır. Bu çıxışı belə təsnifatlandırardım. Birtərəfli yanaşmaq olmur. Nə Şərqi vurmaq olmaz ki, bu heçdir, nə də birtərəfli qaldırmaq olmaz ki, o hər şeydir. Nə heç nə deyil, nə hər şey deyil. Dünən də həmin problemləri Şərq yaşayıbdır. Dünən də həmin məqamlar olub. İstər dini təlimlərdə, istərsə də fəlsəfədə, ədəbiyyatda özünü göstərib. Asif Ata İnam yaratdı, ona görə yaratdı ki, Onu çağına qədər yaranmış dünyagörüşlər təmin etmədi. Öz ölçüsü var – Mütləqilik ölçüsü – ya hər şey, ya heç nə. Bu prinsiplə yanaşmasa, onda dünya düzəlmir. İnsan İdeala can atmasa, özünü İdealla müqayisə etməsə, özünü dünənlə, qonşusu ilə müqayisə eləsə əmələ gəlmir. Ata həmişə vurğu edir ki, insan özünü Mütləqlə müqayisə eləməlidir. İntibah məsələsi odur ki, insan barışmamalıdır olduğu səviyyə ilə.

Buddanın imtinaçılıq fəlsəfəsi var. Bu fəlsəfə adi məsələ deyil. Niyə Şərqi vururlar, qəbul eləmirlər? Biz Batı dünyasının düşməni deyilik, ancaq konkret olaraq Batı dünyasının siyasi mövqeyi var. Bu mövqe də odur ki, dünya mərkəzləşməlidir, bu mərkəzin də sahibi, ağası Batı olmalıdır. Bütün prinsiplər də onun üzərində qurulub. Bütün addımlar onun əsasında atılır. Bütün planlar da o istəyi həyata keçirmək yönündə cızılır. Məsələ burasındadır ki, Buddanın imtinaçılıq fəlsəfəsini bəşəriyyətə təqdim edərsən, onda indiki sənaye yürüşü dayanır. İndiki səviyyədə insanı qamarlayan gedişlər dayanır. Düşünməlisən. Düşünməlisən ki, təbəqələr aradan qalxmalı­dır. Bu qədər ierarxiya yarana bilməz. Bu qədər soyğunçuluq, talançılıq yarana bilməz. Bəşəriy­yət bir tərəfdə acından qırılır, bir tərəfdə isə eyş-işrət… Bir yazı üzərində işləyirəm – “Tərəqqi və antitərəqqi” adında. Hüqonun əsərində yepiskopun diliylə deyilir ki, “Fransada neçə milyon nə qədər 3 deşikli odalar, yəni 2 pəncərəsi, 1 qapısı olanlar, filan qədər 2 deşikli olanlar, yəni 1 pəncərəsi, 1 qapısı olanlar. 1 deşikli filan sayda, 1 qapısı olanlar. Bu ona görə var ki, qapı-pəncərə vergisi mövcuddur. Bunu nəzərə alın ki, bu gün böyük aclığın, isitmə xəstəliklərinin, fəlakətlərin  hamısının səbəbi odur. Mən qanun əleyhinə deyiləm. Ancaq Allah insana hava verir udsun. Qanun isə o havanı insana satır”. Çox ciddi məsələdir. Bəşəri məsələdir. Fransadan götürdüyü bir məsələni necə qoyur? Söhbəti o məsələnin həllinə doğru aparır. Bu, mənim yazım üçün bir zəmindir. Dediyim nədir – həmin Buddanın imtinaçılıq məsələsinin doğmasıdır, ədəbiyyat vasitəsilə onu vurğu edir. Yaxud da Zərdüştün dünyaçılıq ideyası var. Zərdüşt dünyanın gözəlləşməsi, aliləşməsi üçün ideya irəli sürürdü və deyirdi ki, dünyanın ahəngi insanın xeyirə qovuşmasından keçir. Xeyirin şər üzərində – Hürmüzdün Əhrimən üzərində qələbəsindən keçir. Bu, ciddi ideyadır. Bu ideya bu gün də aktualdır. Yaxud da götürək İsanın insan sevgisi. İsanın başına min oyun açırdılar, ancaq o, insan sevgisindən geri durmurdu. Yaxud Məhəmmədin Allaha vurulması. Ərəblərin içində, bütpərəstlikdə birdən-birə bu, Allaha vuruldu. Ərəblərin içərisində “Allah birdir” deyə başladı haray çəkməyə. Bunların hamısı Batı dünyası tərəfindən vuruldu. Qorunmadı, əksinə, gözdən salındı. Ona görə ki, bu gün dünyanı ağzına alan kapitalizm sənayeçiliyinə “dur” demək lazım idi. Pulçuluğa “dur” demək lazım idi. Onda Rokfeller gedir zibil yeşiyinə… Şərqiliyi bu cür vurdular. Düzdür, Şərqi dəyərlər Şərqiliyi bu cür əhatə eləməmişdi. Ancaq Şərqin mayasından çıxıb o. Ona biz üz tutsaq, ona tapınsaq, dünya ayrı cür olar. Demirəm ki, məmə deyəndən pəpə yeyənə hamı elə “qurdla quzu yanaşı otlayacaq” prinsipi ilə yaşayacaq, yox. Ancaq hər halda, dünya indiki olmayacaq. Asif Ata o dəyərləri qiymətləndirir. Deyir ki, filan dəyərlərin hər biri özü bir cəhətdir. Asif Ata bu cəhətləri birləşdirir və bütövləşdirir. Deyir ki, hər şeydə olan nisbi prinsiplər məhz Mütləqə İnamda aradan qalxır. Həyatımıza nisbilərlə gəlmir, mayasında nəyi varsa onunla gəlir. Yenidən gəlir, yenidən bərpa olunur. Şərqilik məsələsinə bu cür qolobal yanaşma, geniş yanaşma əzmindəyik. Həm bu cür böyük prinsiplər, böyük şəxsiyyətlər, çağırışlar, həm də bu tərəfdən böyük fəlakətlər. Bu gün hər kəsə bəllidir, mövzuları sadalamaq istəmirəm. İŞİD deyilən bir qara qüvvə adam öldürməni çox asan həyata keçirir. Niyə bunu asan eləyə bilir, axı bu insandır. O nəyi itirib? Bir var insanın əvvəlcədən müəyyən bir tərbiyəsi olsun, müəyyən yaşa gələndən sonra dəyərlər onun gözündən düşsün, onun üçün müsbət bir dəyər qalmasın, onda beləsindən tərbiyəsiz adam həyatda olmayacaq. Çünki onun üçün dəyər yoxdur artıq. O, hətta qatil ola bilir. Şərq xalqlarını qatilliyə sürümə var. Ərəbin ruhsuzluğuna haqq vermirəm, ancaq ruhsuzu ruhlu edərlər, qatil yox.

Bizim problemlərimiz çoxdur. Ona görə də çıxış edəndə ən çox millətçilik zəminində söhbət gedir. Qıraqdan dinləyənlər bəzən mənə sual verirlər ki, deyəsən Asif Atanın Ocağında millət­çilik əsasdır. Mən deyirəm ki, Asif Ata təkcə millətçi deyil, o,  milli olduğu qədər bəşərçidir.

İndi də Şərqilikdən söhbət gedəndə yenə millilikdən söhbət gedir. O da yenə türk ruhunun ciddi zədə götürməsinə görə insanlarımızı düşündürən məsələdir.

Şərq ruhu türk ruhunda necə görünür, Asif Ata bunu “Ocaq məramı” yazısında verib. Onu sonda oxuyacam…”.

Müslüm bəy tədbirə dəvət üçün təşəkkür etdi. Vurğuladı ki, Asif Atanı böyük təfəkkür sahibi kimi, fiolosof kimi qəbul edir və kitablarını oxuyur, özü üşün analiz etməyə çalışır.

Kamil bəy tədbirə dəvət üşün təşəkkür etdi, fərqli baxışlardan doğan suallarının yarandığını dedi. Ocaq Yükümlüsü bayramın mərasim hissəsindən sonra onun suallarını cavablandıracağını söylədi.

Qonaqlar Taleh bəy, Nizami bəy tədbirin gedişatından məmnun qaldıqlarını söylədilər.

Ocaq Yükümlüsü Asif Atanın “Ocaq məramı” yazısını oxudu.

 Bayram hədiyyəsi olaraq yeni çapdan çıxmış “Türkdən başlayan Yeni Bəşər İnamı” kitabı və Asif Atanın “İçdən Yaranma” kitabı iştirakçılara təqdim edildi.

Bayram qurallarının sonda icrası ilə bayramın mərasim hissəsi başa çatdı. Bundan sonra çay süfrəsi ətrafında doğmalaşma söhbəti getdi.

                                                               Atamız Var olsun!

Ata Ayı, 36-cı il. Atakənd.

(sentyabr, 2014. Bakı.)

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir