Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal “Şərqilik” Bayramında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 12 Ata Ayı Ayı, 38-ci ildə (sentyabr, 2016) İnam Evində qutsal “Şərqilik” Bayramı keçirildi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Ocağın qutsal gününə başlayırıq. Ocaq bayramlarından biri olan “Şərqilik” bayramını həyata keçiririk. Bu bayramda söz deməzdən öncə Ataya səcdə qılıram, Bayrağımızı öpürəm.
Ocağımızın illərlə bir-birinə calanan və davamlı şəkildə qaydalaşan tədbirləri, törənləri Ocaqçı taleyinin əsas faktlarından biridir. Zaman-zaman çox çətinliklər yaşamışıq. Toplum bir çətinlik yaşayr, biz fərqli çətinlik yaşayırıq. Toplumun yaşadığı çətinlik sosial həyatla bağlı olan çətinlikdir. Hər kəs bunun uğrunda çarpışır. Burada biz toplumu anlayırıq, ancaq bu çarpışma çıxış yolu deyil. Təbii ki, insan ac otura bilməz. Ancaq bu aclığı doğuran nədən çarpışılan yönün özündə deyil. Bunun nədəni ondan qıraqdadır. Nədən – insanın heyvanat aləminə qarışmasındadır. Bizim toplumumuz ən çox Batı dünyasına meyillidir. Deyirlər ki, Batıda insana münasibət çox fərqlidir. Mən deyirəm ki, Batıda heyvana da münasibət çox fərqlidir. Adama münasibət necədirsə, heyvana da münasibət elədir. Pişiklə adama münasibətin arasında fərq yoxdur. Onu da sığallayır, bunu da sığallayır. Bu fərq insanın insan olmasını ifadə eləmir. Səhərdən axşama toplum otlayır. Sənayeləşmənin sonucu budur. Sənayeləşmə dünyanı ağzına alıb, insan xoşbəxt deyil. Dedilər ki, elmi gəlişdirək, dedilər sənayeni gəlişdirək, insanı xoşbəxt edək. Hanı o xoşbəxtlik. Batıya üz tutanlar Doğunu gerilikçi sayır. Gəlin görək Doğu nədə geridə qalıb, Batı nədə qabağa gedib? – Batı sənayeləşmədə qabağa gedib, Doğu sənayeləşmədə geridə qalıb. Bu fərq deyil. Tutalım ki, Doğunu da Batının sənayeləşməsi səviyyəsinə çatdırdın. Nə baş verəcək? – İnsan xilas olmayacaq. Kapitalizm məgər Azərbaycandadır? Kapitalizm Batıdadır. Kapitalizm pulçuluq deməkdir. Məgər Avropada, sənayenin gəlişdiyi yerlərdə, doğrudanmı insan xoşbəxtdir? Doğrudanmı hamı sosial təminatını tapıb? Heç yerdə də tapmayıb. Əgər tapmış olsaydı, bu cür süni şəkildə insanları qırmaq haqqında planlar cızılmazdı. Qidalarla, dərmanlarla, xəstəliklərlə, nələrlə insanların sayını azaltmaq haqqında düşünməzdilər, əgər insan xoşbəxtliyini tapmış olsaydı. Tapmayıb. Səhərdən axşama insan işləyir. İki adam tapmırsan ki, mənəvi ehtiyacını ödəyəsən. Sözə ehtiyac aradan qalxıb. Mənəviyyata ehtiyac tamam aradan qalxıb.
Doğunu İslama bərabər götürürlər və geri sayırlar. İslamı kim qoruyur – Batı. Yalandan danışırlar, deyirlər ki, İslamla Batı döyüşür. Hardadır o döyüş? Mən görmürəm. Daha da İslamı gəlişdirir Batı. Məgər Türkiyədəki Ərdoğanın İslamı Nurçuluq deyilmi, bu, Amerika İslamı deyilmi? Məgər Vəhabiliyi ingilislər yaradıb arxasında durmurmu? Nəyiylə döyüşür? Dünənə kimi Şiyə ilə Sünnü döyüşürdü (bu döyüş hələ də aradan qalxmayıb), indi yeni cırmaqlaşmalar olur. Kimsə deməsin ki, İslamı bu kökə Batı salıb. Şiyə-Sünnü dalaşanda heç Batının arxasında duran ABD yox idi. Ancaq Batı İslamın geriliyindən özünəyarar şəkildə yaxşı qullanır. Çünkü Batı çox yaxşı bilir ki, cəhalət onun əlində yeganə vasitədir, açardır. Cəhalətlə basa bilir, əzə bilir, imperiyasını genişləndirə bilir. Bunu kor olasan ki, görə bilməyəsən. Bunu qanmaq üçün heç kimdən dahilik tələb olunmur. Bu qədər açıq, bu qədər çılpaq duruma deyəsən ki, bu elə deyil, belədir.
On illərlə partiyalar yaradırlar. Yüyürhayüyürdür. 20 ildir partiya yaradıblar, bir şey əldə edə bilmirlər, onu satırlar, bunu satırlar, xəyanət edirlər ki, Batıdan qrant alacaqlar. Yaranan hal budur. Ortada olan budur. Ona görə də biz Asif Atanın dünyagörüşünə üz tuturuq. Bir qom adam. Biz bundan yorulmuruq, təntimirik. Çağırışımıza 5 adam gələndə də biz həmin adamlarıq, 50 adam gələndə də. Həmin istəkdəyik, həmin döyüşdəyik. Əgər Azərbaycan insanının şüuru budursa ki, mən onu insanlaşma süfrəsinə çağırıram, onunla mənəviyyat ehtiyacımı ödəməyə çağırıram, o isə bunu anlamır, heyvanı boğazlayıb bayram edirsə, onun şüuru ilə mübarizə aparmaq gərəkdir. Fəlakətlərin nədənini bu məsələlərdə axtarmaq gərəkdir. İki adam tapa bilmirsən ki, bunların sözünə güvənəsən, söykənəsən. Hamı evinin içində kompüterin qarşısında oturub səhərdən axşama, axşamdan səhərə qədər. Onun insana ehtiyacı olar? Kompüterə ehtiyacı olanın insana ehtiyacı olar? Ayrıla bilmir kompüterdən. Görün insana qarşı elə sevgisi varmı? Gözləyin kompüterdə, bir cümlə mən yazım məzələnim, birini də o biri yazsın məzələnsin. Sonra da görüm nə qədər adam bunu bəyəndi, komputerin dilində laik etdi… Görün hara gəlib çıxmışıq? Hara gəlib dayanmışıq? Heç kim başa düşmür ki, bu gedişlə sabah heç kim sənə sayğı duymaycaq. Sənin şeirini heç kim oxumaycaq. Sənin kitabını heç kim oxumayacaq. Sənin düşüncəni heç kim dinləməyəcək. Evimizin içində fəlakətlər yaradıblar. Hamımızın şüurumuzu silirlər.
Bəs biz niyə Doğu, Doğu deyirik. Asif Ata nəyin harayını çəkir? Sovet dövründə də çəkirdi, bu gün də həmin şey aktualdır, sabah da aktual olacaq. O deyir ki, dünyanı işığa çağıran peyğəmbərlər olub (Zərdüştlər, Buddalar). Onların uca çağrışlarını yaşatmaq gərəkdir. Çünkü nə qədər ki, insan mənəviyyatı tanımayacaq, nə qədər ki, mənəviyyatın qədrini bilməyəcək, heyvanla yaşadın, ya insanla yaşadın, fərq aradan qalxacaq. Sürüləşmə gedir kütləvi şəkildə. Fərdiləşmə getmir. Bizim bütün varlığımız, düşüncəmiz nələrəsə qurban verilir. Biri deyir Zərdüşt bizim deyil, biri deyir Babək bizim deyil, biri deyir Dədə Qorqud “əleyhisəlam” zamanında ortaya gəldi. Biri deyir Füzulinin yaranmasında İslamın rolu var. Bu o deməkdir ki, sənin bütün özülünü uçurur, səni havadan asılı qoyurlar. Millət kimi hər şeyini uçurur, hər şeyini qurban verir. İslamın xeyrinə hər şeyini ləğv edir, rədd edir. Sonra da deyir ki, Şərq İslam Şərqidir.
Biz ayrı cür düşünürük. Bizim Şərqiliyimizin mahiyyətində Od işığı ideyası durur. Cəfəngiyyat durmur axı. İnsana münasibətim Od işığı ideyasından formalaşıb. Bu gün ondan ayrılmışam. O yoxdur, ona görə İslam qaranlığına qapılmışam, vətənimi itirirəm, insanımı itirirəm, hər şeyimi itirirəm. Məsələ budur.
Bir misal çəkim, Gürcüstanda İran əməlli-başlı İslamlaşma işi aparır. Niyə bunu apara bilir Gürcünün içində? Gürcünün nəyinə gərəkdir? – Gürcü yaxşı bilir ki, Borçalıdakı azərbaycanlı toplum islamlaşdıqca təfəkküründə vətən silinib gedir. Ümmətin vətənə ehtiyacı yoxdur. Gürcü toponimləri asanlıqla dəyişəcək. Onda heç o toponimlər uğrunda ümmət mübarizə aparmayacaq. Ləbbeyk deyib qara bayrağın altına yığışacaq.
Ona görə Asif Ata heç vaxt Doğunu İslama bərabər götürməyib. Doğunu Budda imtinaçılığına bərabər götürüb. İnsan gerçək olaraq öz içinə üz tutub, öz içində yaradır, öz duyğularında imtina edir. Həyatın özündə, mücərrəd göylərdə yox. Mücərrəd gələcək, mücərrəd o dünya üçün yox. Gerçəkliyin özündə. Sufi arılığına, Hürufi insançılığına bərabər götürüb.
Bu gün Batının sənayeləşməsi bizim gerçəkliyimizi cəfəngiyyata çevirir. Nə deməkdir cəfəngiyyat? Məsələn, sevgililər öz xəyallarında münasibət qururlar – öz sevgilisiylə uca qayanın başında, çiçəklərin arasında. Xəyallarında qururlar bunu. Xəyallarında qurduqları romantika gerçəkliyə zidd deyil. Ancaq İslam deyir o dünyada (cənnətdə) sənə böyük tale hazırlanıb. Bu dünyadan əl çək… Bu, gerçəkliyi inkar edən xəyalların cəfəngiyyatlaşmasıdır. Orada xəyallar gözəlləşir, gerçəkliyə uyğundur – insanın sevdalı xəyalları, insana münasibəti, sevgilisinə münasibəti. Bu xəyallar cəfəngiyyat deyil. İnsan o xəyalların dalınca gerçəkliyi gözəlləşdirməyə doğru uçur. Ancaq İslam gerçəkliyi inkar edir, həyatı inkar edir, dünyanı inkar edir başqa dünya xatirinə. Cəfəngləşir münasibət, xəyallar. İndi cəfəngləşən xəyallara qapılan insanlara milli, insani ruh ver görüm necə verirsən. Ona görə Asif Atanın İslamla döyüşünü başa düşmək gərəkdir. Nə üçün döyüşür, nə üçün rədd edir onu? – İnsanda yüksək təfəkkürü öldürür. Sənayeləşmə də onun kimi. Gerçəkliyimizi cəfəngiyyatlaşdırır. Səhərdən axşama sənin vaxtın qalmır 5 dəqiqə oturasan. İnsanlar qarışqa kimi işləyir. Adam dəhşətə gəlir. Asif Ata deyirdi ki, insanın vaxtının və əməyinin çox cüzi bir hissəsi bəsdir ki, öz təminatını həyata keçirsin. Özünün bütün problemlərini həll eləsin. Səhərdən axşama çalışırsan, yüyürürsən, nə təminatın var, nə də sən ondan əl çəkmirsən. Təminatı olan da əl çəkmir. Gerçəkliyin öldürülməsidir, mənasızlaşdırılmasıdır bu gediş. Yaxşı, həyatın mənası nədir bəs?! – Heyvan olmaqdan iyrənmək gərəkdir. İnsanlar heyvan həyatı yaşamaqdan iyrənmirlər. Yüyürürlər ona. Sən onunla necə oturub böyük idealdan danışasan, sevgidən danışasan, insan xilqətinin gözəlliklərindən danışasan, təfəkkürün əsrarlı axtarışlarından danışasan. Necə danışasan onunla?! Sənə lağ edər. Deyər ki, geridə qalıb bədbəxt. Hələ 21-ci yüzildir, xəbəri yoxdur, ideallardan danışır. Camaat az qalır ki, sənaye, texnologiya vasitəsilə üzünün rəngini bir anda dəyişsin, bunlar da durub mənə insan idealından danışır.
Ona görə də çox ayıq və çox dərin ərdəmlik gərəkdir Asif Atanı eşitməyə. Bir azdan bundan ağır durum gələcək. Bir adam tapa bilməyəcəksiniz ki, ona etibar edəsiniz. Ona ürək qızdırasınız. Ona ürəyinizi açıb deyəsiniz. Onun üzünə baxıb nikbinləşəsiniz. Belə adam tapa bilməyəcəksiniz. Tapsanız ancaq Asif Atanın Ocağında tapacaqsınız. Toplum sürətlə uçuruma doğru gedir.
Biri mənə deyir, doğrudan da, sizin tədbirdə adam mənəviyyatla görüşür. Doğrudan da, bir az düşüncələr təmizlənir. Sonra da deyir, bağışlayın, mən sizin tədbirə gələ bilməyəcəm, qurban bayramına çağırıblar. Budur…
İnsan söz verir, sən arxayınsan ki, o sənə söz verib, fərq eləməz, həyatın bütün məsələləri ilə bağlı, fikirləşirsən ki, səni yarı yolda qoymaz. Görürsən tamam tərsinə olur. Sən mənəviyyat adamına çevrilsən, sözü bütöv adama çevrilsən, cəsarətli adama çevrilsən, yalançılıqdan xilas olsan, əyrilikdən xilas olsan, aldatmalardan xilas olsan, onda gör sənin gücün hara qalxar. Mənim yazığım gəlir toplumumuza. İllərlə mitinq keçirirlər, sevinirlər ki, 5-6 min adam gəldi. Bu sayla yalançı təsəllidən uzağa getmək olmaz axı.
Həm insanlar acından ölür, həm basqı altında əzilir, hər kəs ayrılıqda hakimiyyətdən çiyrənir, məmurdan çiyrənir. Həm də bir yerdə söz birliyi yoxdur, əməl birliyi yoxdur. Heç kim heç kimə inanmır. Heç kim heç kimin çağırışını eşitmir. Heç kim heç kimə etibar eləmir. Deyir boş şeydir. Sözün arxasında durmaq yoxdur. Heyrət yoxdur, təpər yoxdur. Hamı beləcə dağılıb gedir, uçurulub gedir, məhv olub gedir. Bütün bunların hamısını araşdırarsan, görərsən, Asif Ata nə üçün deyir ki, düşündük, daşındıq Ocaqlaşma yolu tutduq. Ocaq Ocaqçılığında niyə israr edir? Çünkü mən bilirəm bundan ayrı yol yoxdur. Bundan ayrı çıxış yolu yoxdur. Sən burda bərkiməsən, başqa heç bir yerdə işin alınmayacaq. Bu ideyada, bu fikirdə, bu düşüncədə, bu məfkurədə sən bərkiməsən, heç bir işin alınmayacaq. Bunu düşünməlisən. O kəslər ki, böyük dəyişikliklər istəyirlər, doğrudan da, ağırlığın, basqıların altından çıxmaq istəyirlər, onlar bunu düşünməli, dərk eləməlidirlər. Harda bərkimək olar, nədə bərkimək olar. Hansı ideyayla silahlanım, hansı düşüncəylə silahlanım. İdeya məsələsi var burda. Dış qüvvələr bizim üçün heç nə düzəltməyəcək. Bizi ancaq oyuncağa çevirəcəklər. Necə ki, çevirirlər də. Gözünüzün qabağındadır bu saat Orta Doğuda gedən proseslər. Amerika bu yandan, Rusiya o yandan, Ərdoğan Türkiyəsi bu yandan oynayır. Hamınızın gözünüzün qabağındadır məsələlər, nə baş verir, hara çəkirlər, nəyi nəyə qurban verirlər, niyə verirlər… Bunların hamısının fövqündə duran bir şey var. İdeya bütövlüyü, düşüncə bütövlüyü, insan bütövlüyü. Millət də ondan yaranır, vətən də ondan yaranır, dünya da ondan yaranır. İnsanlara qəribə gəlir, ruhaniyyat tarixini, inqilablar tarixini araşdırın, təhlil edin, görün nə görəcəksiniz. Görəcəksiniz ki, dünyaya yayılan böyük məsələlər balaca qəsəbədən başlayıb. Böyük ideyaların da dünyalaşması bir ölkədən başlayır, bir toplumdan başlayır. Onun içində bu oturuşduqca dünyaya yayılacaq. Bundan sonra qıraqdan sənə nə düşüncə verəcəklərsə, görəcəklər ora girmir. Bunun öz düşüncəsi var, öz idealı var, ideyası var, öz baxışı var, öz mübarizə yönü var.
Öz içində yaranan ideya xalqı, toplumu bir araya gətirir, toplum bütünlüklə düşüncə sisteminə bağlı olur, Birliyi, yönü olur, yöntəmi olur. Bütün məsələ odur.
Bunların hamısının xətti, yönü bağlıdır bu gün bizim üz tutduğumuz Doğusal dəyərlərə. Məsələn, Azərbaycandan başlayan Od işığı ideyasına, Buddadan başlayan İmtinaçılıq ideyasına, Sufilərdən başlanan arılanma tələbinə, Hürufilərdən başlanan insan sevgisinə. Biz onlara dayanırıq, onlardan bəhrələnirik. Onların üzərində oluşuruq, gəlişirik. Bizim üçün Doğu budur. Doğusallıq (Şərqilik) adını törənləşdirməyimizin anlamı budur. İstəyirik insanlarımızın qəlbini ona bağlayaq, sevgisini ona bağlayaq. Bayramını ona bağlayaq – dananın, öküzün, qoyunun boğazını kəsməkdən ayırıb ona bağlayaq.
Hər bir şeyi dərk eləmək üçün onu bütöv götürmək gərəkdir, ona bütöv yanaşmaq gərəkdir. O sıradan Asif Atanı. Asif Atanın istəyini, düşüncə sistemini bütöv götürmək gərəkdir. Hara istəyirsən get, hara yönəlirsən yönəl, sənin özünün bəlli bir orbitin olmalıdır. Planetin bir orbiti var, bu orbitdən qopanda o, məhv olur. İnsanın da bir mənəviyyat sistemi var, orbiti var. Millət sistemi, orbiti var. Bu orbitdən qopanda hər şey məhv olur. Sosial həyatından tutmuş bütün düşüncə sisteminə qədər, hamısı məhv olur. Bunu anlamağa, bunu qorumağa çağırırıq. Atanın dediyi kimi, addım-addım, ağac-ağac, hal-hal, fərd-fərd. Yorulmadan, usanmadan, tükənmədən, qana-qana, öyrənə-öyrənə, böyüyə-böyüyə (içəridə). Mən də sizi belə bir düşüncə tələbilə qutlayıram. Hər birinizi sevgimlə qarşılayıram, doğmalığımla qarşılayıram. Burda olan-olmayan, gələn-gəlməyən hər kəsi. Gələ bilməyənləri ucdantutma qınamaq həvəsində də deyiləm. Qınayaram o adamı ki, bu tədbiri Qurban bayramına qurban verib. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Var olun. Beyniniz yorulmaz olsun. Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edərək bayrağı öpür – N.A.): Hər bir dünyabaxışın özünü təsdiqi üçün, əsaslandırması üçün mərasimləri olur, ritualları, toplantıları olur. Yəni həyata müdaxilə eləmək üçün quralları olur. Asif Ata Ocağı da “İnsanilik” Bayramı keçirir, bütünlüklə Mütləqə İnam ideyalarına tapınan bayram. Şərqilik bayramı, Bəşərilik bayramı… hər biri Asif Atanın baxışından dəyərləndirilir və qiymətləndirilir. Eyni zamanda Asif Ata Ocağının fikirləri, ideyaları bir daha əsaslandırılır. Bizim də bayramlarımız bu fikrə söykənir. Bu gün “Şərqilik” Bayramı deyəndə biz Şərqi ala bayraq edib göylərə qaldırmaq və Batını pisləmək istəyində deyilik. Şərq də elə arı-duru deyil ki. Ancaq buna obyektiv, həqiqət yönündən yanaşanda görürsən ki, Doğuda despot da olub, elə Doğunun qəddini əyən İslamın özü Doğuda yaranıb. Ancaq bütövlükdə götürəndə, Asif Ata ideyalarına əsaslanaraq Doğuya baxanda, Doğuda daha çox gözəlliklər öyrənirsən nəinki Batıda.
Bu gün bizim toplumumuz Qurban bayramı deyilən bir olayı həyata keçirir. Dünən mən rayonda olanda yanacaqdoldurma yerində bir cavan oğlan mənə dedi ki, baba, səni təbrik edirəm. Dedim, oğul, nə münasibətlə? Dedi həzrəti İbrahim Allah yolunda oğlunu qurban kəsirdi. Mən bu oğlana onun öz anlamından yanaşdım. Dedim Allahın niyə ehtiyacı var idi İbrahim balasının qatili olsun?! Sən balanı kəsərsənmi? İki daşın arasında oldu bu söhbət. Nə deyirdimsə, uşaq deyirdi düz deyirsən. Çevrəmizə adamlar toplandı. İnsanlarımızın sözə ehtiyacı da var. Yeni fikrə, yeni sözə. Görürlər bu adam (mən) başqa hava çalır. Mən onlara deyirəm illərdir bu bayramdan imtina etmişəm, başa salıram, əsaslandırıram nəyə görə. Filankəs balasının başını kəsir. Bu dəlilikdir axı, insanlıq deyil. Bu canilikdir, yırtıcılıqdır, vicdansızlıqdır ən azından. Namərdlikdir balanın başını kəsəsən ki, Allaha xoş getsin. Əgər bu belə Allahdırsa, onda o, kimə gərəkdir?! Dünyanın gözünə təpdiyi bu adət özü eybəcərləşir axı.
Sonra onlara dedim, sizin haqqınız var, nəyəsə etiraz edəsiniz, sual verəsiniz. Bəlkə orda 30-40 adam toplaşmışdı. İşlər də dayanıb. Maşınlar da siqnallayır ki, benzin doldursunlar. Ünvanımı verdim, bir-iki kitab da bağışladım ordakılara. Dedim gəlin, Asif Ata ideyalarıyla tanış olun.
3-4 gün öncə Ağcabədinin ucqar bir kəndindən söhbətə gəlmişdilər. Yaxşı söhbət elədik. Soylu Atalıya da zəng elədim ki, səni eşitmək istəyirik. Soylu Atalı da onlara söz dedi. (İnsanların söz eşitmək ehtiyacı var).
Qonu var: Asif Ataya söykənib Doğusal dəyərləri necə qiymətləndirmək olar? Doğudan danışırıq, Asif Atanın fikirləri təsdiqlənir. Soylu qardaşım vurğuladı: sən kamil olmasan, bütöv olmasan, düzgün olmasan sənin sözün 2 metr o yana getməyəcək. Bunun üçün özün gərək kamil olasan. Özün əsaslandırdıqlarını Mütləqə uyğun deyə biləsən. Bu bir yanğıdır. Uçmuşuq, dağılmışıq. Bu gün qurulmaq istəyirik. İstəyimiz də odur ki, Doğusal dəyərlərin davamı kimi qurulaq.
Atamız Var olsun!
Soylu Atalı: Ağrımızın böyük cəhəti odur ki, Batı elə bir kurs, elə bir addım götürdü ki, burada bütünlüklə insanlıq zədə götürdü. Bizi ağrıdan, acıdan odur. Bəşəriyyəti biz bütöv götürürük. Məsələ burasındadır ki, bu gün biz Doğuda da yaxşı bir şey görmürük. Ancaq dünyada az-çox nə varsa, Doğudakı klassik gələnəklər üzərində var. Batıda olan az-çox yaxşı nələrsə yenə də Doğuda klassik gələnəklər üzərində var. Doğuyla Batını tutuşduranda klassik dəyərlər, klassik gələnəklər yönündən tutuşdururuq. Bu gündə isə tutuşdurulası bir şey yoxdur.
Despotçuluqla, hərəmxana ilə bağlı bir şeyi vurğulamaq istəyirəm. Hərəmxana eybəcərliyi Doğuda olub. Qədim zamanlarda işrət eybəcərliyi əsas etibarilə şahların saraylarında mövcud olub. Batıda da saraylarda olub. Ancaq sonra bu eybəcərlik Batıda ictimai həyatın bütün sahələrini bürüyüb. Ordan yayılıb ictimai həyata. İndi hər yerdə var. Fəlakətdir bu. Bir vaxtlar saraylarda olanlar indi dünyanın hər yerinə yayılıb.
Asif Ata deyirdi elmə qarşı, gəlişməyə qarşı çıxmaq olmaz. Ancaq eyni zamanda Asif Ata gəlişməyə qarşı çıxan görünür. Nədə görünür? O, deyir, sənayeləşmə hardasa dayanmalıdır. Bu qədər sürətlə gedən sənayeləşmə hər şeyi qırıb tökür, heç nəyi – İnsanlığı, mənəviyyatı nəzərə almır. Sənaye vasitə olmalıkən məqsədə çevrilibdir. Ata ona görə deyir ki, əgər insanı nəzərə alsalar, mənəviyyatı nəzərə alsalar, sənayenin olanaqları insana, mənəviyyata uyğun qurulacaq. Pulçuluğa uyğun qurulmayacaq. Bu gün məhv eləyir, ancaq həm də insanın həyatı üçün ölçüyə çevrilir. İnsanın həyatını qura bilməz axı belə bir ölçü. Ona görə Ata sənayenin bu cür gəlişməsinə qarşıydı. Sənayeləşmə bir yerə qədər olmalıdır. İnsanın var olmasına qulluq eləyə-eləyə getməliydi, ayaqlaya-ayaqlaya getməməliydi. Fəlakət ondadır. Bu boyda sənayeləşmə qabağa gedir, bəs insan? Dünyanın hər yerində insan pis gündədir. Bizim kimi balacalaşmış dövlətlərdə, cırtdan dövlətlərdə həyatın amansızlığı daha çox qabarır. Bu tip dövlətlərdə despot olmaq qaçılmazdır. Bu cür dövlətlərdə despotları da qoruyurlar bir yerə qədər. Özünüz yaxşı fikirləşin. Azərbaycanın bu günü ilə bağlı olduğu üçün Azərbaycanın üzərində vurğu edirəm. 25 il az vaxt deyil. Doğrudanmı, Batı bizim despotların arxasında durmasaydı, onları yıxmaq çətin olardı? Çoxdan yıxardı xalq. Arxasında durur ki, yıxa bilmirsən. Onu qəbul edir, onunla hesablaşır. Onunla alver edir, onunla bağlaşır. Bütün məsələ, eybəcərlik budur. Ölçüyə çevrilibdir bu. Balaca dövlətləri xərcləyirlər özləri üçün. Onun başında duranın əliylə də bütün xalqı xərcləyirlər, bütün sərvətləri xərcləyirlər, başında duranları da qoruyurlar. Çünkü onun hədəfi odur, insanlaşma deyil. Mənəviyyat deyil onun hədəfi. Onun hədəfi qazanmaqdır, pulçuluğu qorumaqdır. Ayrı hədəf yoxdur. Demokratiya boş sözdür. Demokratiya deyilən bir anlayış işləmir heç yerdə. Azadlıq yoxdur, hərcayilik var. Eybəcərlik var, qarışıqlıq var. O ideologiya, doğrudan da, yaxşı bir ideologiya olsaydı, niyə gözəl sonuclar görmürük?! Onun arxasında batı Avropa durur, belə bir ideologiya necə olur ki, dünyada uğurlu bir şeyə çevrilmədi. Yüz illərdir. Kapitalizm 16-cı yüzildən zirvəyə qalxa-qalxa gəlir. Necə oldu onun ölçüsü böyük uğurlar yarada bilmədi, böyük gəlişmələr yarada bilmədi?
Belə məsələlər təbii şəkildə ona gətirib çıxarır ki, dünya bir xətt üzrə məhv olur.
Nurtəkin Atalı (Ataya səcdə edib bayrağı öpür – Ü.A.): Hər zaman eyni dövrdə iki tarix yazılıb – dünyanı gözəlləşdirmək, ülviləşdirmək istəyənlərin və dünyanı qaranlığa qərq etmək istəyənlərin tarixi.
Eyni dövrdə həm Əmir Teymurun ölkələri fəth etməsinin, insanların qanını tökməsinin “hünərləri” yazılırdı, həm də Hürufilərin “Ənəlhəq” həqiqəti ürəklərə yazılırdı.
Eyni dövrdə həm Xəlifət tarixi yazılırdı, dinin qara duman kimi ölkələri, nəsilləri bürüməsi yazılırdı, həm də Babəkin qəhrəmanlıq salnaməsi yazılırdı. Zamanları ötən ruhu bu gün də çağırır millətini.
Eyni dövrdə həm İngiltərə tarixi yazılırdı, həm də silahsız, ancaq ruhu güclü bir insanın – Qandinin millətini azadlığa səsləməsi yazılırdı.
O gücdə ki, İnsanilik yoxdur, o güc deyil. Güc İnsanlıqda, insani əməllərdədir. O insani əməllərdir dünyanı əyilməyə, qaranlıqlaşmağa qoymayan.
Ən qatı qaranlığı kiçik bir işıq şöləsi yarır, o daha qaranlıq olmur. Ona görə də nə qədər qan-qada, fəlakət, bəla dünyanı tutsa da, bir insanın azadlıq çağırışı fatehlərin qəddarlığından, amansızlığından üstün olub.
Doğunu Doğu edən ruhlu insanların millətinə verdiyi dəyərlər olub ki, o dəyərlər Doğunu ifadə edib. İndi Doğunun özünə yadlaşması, özgələşməsi özünə xəyanətidir. Bu, Doğu dəyərlərini yaradan insanlara xəyanətdir. Ata deyir ki, qıraqdan nə gəlirsə, özgələşməyə qulluq edir. Özündə olanı dəyərləndirmək, özündə yaratmaq, qorumaq gələnəyi yaranmalıdır.
Dövrlər həmişə bir-birinə bənzəyib. Yenə də dünyanın qan-qadalı, savaşlı-qırğınlı çağında Ocaq İnsanlaşmaya çağırır. Yenə də dünya tarixi yazılır, bir yanda isə ruhaniyyat tarixi. Yenə də qaranlıq qatılaşır, ancaq qaranlığı yaran işıq sönmür, çünkü Ocaqda İnam yaşayır, İdrak yaşayır, Mənəviyyat yaşayır, İradə yaşayır.
Ata deyir, biz istəyirik Azərbaycan təzələnsin, Azərbaycan Şərqin Məkkəsi olsun.
Ocaq buna çalışır. Əgər Azərbaycan, doğrudan da, Məkkə olarsa, onda Şərq təzələnər və dünya təzələnər.
Bayramımız qutlu olsun. Atamız Var olsun!
Soylu Atalı: Bayaq mən Od işığı ideyası dedim. Onu da elə-belə demədim. Həyatı qaranlığa qərq edirlər, onun içərisində balaca bir işıq yandırırlar ki, işıqlıdırlar. Bu, sənayeləşməyə də özgündür, dinə də özgündür. O qədər həyat amansızlaşır, sərtləşir ki, onun içində balaca bir gəlişmə olanda, balaca bir uğur ortaya çıxanda o, işıq kimi görünür sanki. Ancaq mənəviyyat o deyil. Mənəviyyat elə bir işıqdır ki, təkcə qaranlıqda işıq olduğunu sübut eləmir, işıqda da işıq olduğunu sübut edir. Günəş kimi. Bizim həyatımızı qaranlığa qərq edib də onun içində balaca işıq yandırmağın anlamı yoxdur. İnsanlığı öldürüb həyatı qaranlığa çevirirlər. Sonra da yardımlar, paylar ayırmaqla guya ki, xilas edirlər. Bütün dövrlərdə belə olub. Bunu niyə deyirəm? Nurtəkin Qandiylə ingilis diplomatiyasını tutuşdurdu. Doğrudan da, ingilis azğınlığına qarşı, ingilisin üzdəki gücünə qarşı nə dayanmışdı? – Qandinin Hindistan sevgisi, Azadlıq segisi dayanmışdı. Dışarının etkisinə qarşı içərinin qətiyyətli birliyi gərəkdir. Bizdə də bu birlik yaranmalıdır.
Biz qüdrətli, müstəqil dövlətə çevrilsək, biz idarə olunmayacığıq. Biz elə özümüz-özümüzü idarə edəcəyik. Bizim qıraqdan olan idarəyə ehtiyacımız yoxdur, ağlımız da var, düşüncəmiz də. Özümüz idarə edəcəyik. Yəni bu sistem pozulubdur. Dünya imperializmi bu sistemi pozur. Sizin də bildiyiniz bəlli qruplaşmalar var. Komitet 352-ni hamınız bilirsiniz. Onu biz yaratmamışıq ki, onlar yaradıb. Komitetin məqsədi nədir, onu da siz bilirsiniz. Bütün bunların hamısının qaynağı bir yerdən gəlir. Ayrı-ayrı yaxşı cəhətlər bizi aldatmamalıdır. Bütün hər şey eybəcər, murdar ola bilməz axı. Batının münasibətində də hər şey eybəcər ola bilməz. Niyə olsun ki?! Mənə deyirdilər ki, H.Əliyev yaxşı işlər də görüb. Deyirik axı o dövlətin başçısıdır, o ancaq pis iş görə bilməz ki. Yaxşı iş də görməlidir ki, hakimiyyətdə otursun da. Dünyanın da başında duranlar elədir. Yaxşı işlər də görməlidilər ki, mütləq inamsızlıq ortaya çıxmasın. Əgər mən görsəm bu ancaq eybəcərlikdən ibarətdir, mən inanmaram ona. İnandırmaq üçün yaxşı işlər də ortaya gətirirlər. Ancaq biz bütöv yanaşırıq. Asif Atanın “ya hər şey, ya heç nə” prinsipi var. Onun ölçüsü Mütləqilikdir. İnsana, dövlətə yanaşması Mütləqilik ölçüsü ilədir. Mənə ədalət verirsənsə, ədalət ver, nisbi ədalət vermə. Məni öncə dilənçi kökünə salırsan, bütün malımı, mülkümü əlimdən alırsan, sonra da götürüb mənə yardım edirsən. Mənə yardım eləmə, qoy bunu mən öz zəhmətimlə, ağlımla qazanım. Öncə qamarlayıb sonra dilənçi payı verirlər. Ədalət verirsənsə, mənə bütöv ədalət ver. Həqiqət verirsən, bütöv həqiqət ver, yarımçıq, nisbi, ziddiyyətli vermə. Onun içində mən özümü tapa bilmirəm. 50 adamın içindən 5-nin qarnı doyacaq, 45-i ac qalacaq. Mənim sosial həyatımı bərpa edirsənsə, bütöv elə. Seçmə, təbəqə yaratma. Sinif yaratma, bütün məsələ ondadır. Ata həmişə vurğu edirdi ki, Batının söz azadlığı ideyasından ciddi yararlanmaq gərəkdir. Ancaq Batıya aldanmamaq gərəkdir. Onun filan ideyasından yararlanmaq gərəkdir, ancaq aldanmaq gərək deyil.
Bir neçə kəlmə sonlandırıcı söz demək istəyirəm. Mən sizin hər birinizə, burda olmayan amaldaşlarımıza da üzümü tutub demək istəyirəm, Asif Atanı gəlin bütöv öyrənək. Gəlin onun çağırışını dərindən eşidək, üzdəki gedişlər bizi aldatmasın. Çətinliklər bizi sındırmasın. İnsana, gələcəyə inamımızı öldürməsin. Çünkü hələ bu kapitalizm bizdə yeni başlayıb. Bu elə bir seldir, bütün həyatımızı ağzına alıb yuya-yuya gedir. Bu bir yerə qədər gedəcək, bizdən asılı deyil.
Bir vaxtlar dünyada iki cəhbə var idi, biri Sovetlər dünyası, bir də Batı dünyası. Bunlar həm çəkişirdilər, həm də güzəştə gedirdilər bir-birlərinə, istər-istəməz addımı dala qoyurdular hardasa. Hardasa, bir tarazlıq var idi, nizam var idi. Mən demirəm ki, sosializm yaxşı şeydir. Onun da yaxşı cəhətləri, fəsadları var. O yerdə ki, millətin şüurunu məhv edirsən, orda nə qədər istəyirsən yaxşı qayda-qanun yarat, gec-tez o dağılacaq, o dağıntıdan daha böyük fəlakətlər ortaya çıxacaq. Bizim həyatımızın bu gün qaranlığa qərq olmasının bir nədəni də sosializmdir. Sosializmdə ədalət bütöv olmadığı üçün, insana münasibət tam olmadığı üçün, milli dəyərlər gözardına vurulduğu üçün, milli dəyərləri yaradan və düşünən insanlar repressiyaya uğradıldığı üçün bütün fəlakətlərin sonucu olan bugünkü həyatımız meydana çıxıb. Ancaq bütün bunlara baxmayaraq, indikindən fərqli bir nizam var idi. Çünkü iki qütb var idi. İndi bir qütb var. Sosializm yoxdur, ancaq kapitalizmdir (bunu Asif Ata özəl olaraq vurğulayırdı). Kapitalizm dünyasında da elə yırtıcı, vəhşi çəkişmə gedir ki, bunun qarşısında durmaq, doğrudan da, çətindir. Təbəqələşən cəmiyyətin üst təbəqəsi özünü qoruyur. Təbii ki, mənəviyyatsızlıq ağırlığından qoruya bilmir, ancaq sosial sorunlarından özünü qoruyur. Kim qoruya bilir, kim qoruya bilmir, bu məsələ deyil, sadə toplum, sadə insanlar qurban gedir. Bu fəlakətli bir yürüşdür. Bu qədər sosial şəbəkə yaradıblar, hər kəs orda söyür, heç şərin başından balaca bir tük də düşmür, düşməyəcək də (əslində söyülən şərin lokal görüntüləridir, özü deyil). Şərlə döyüş, onu kökündən məhv eləməyə qadir olan ideya ilə yaraqlanan insanlarda olur. Ona qarşı olan, doğrudan da, özül prinsiplər, özül ideyalar yaranır, bu ideyalarla insanın ağlı, düşüncəsi, mənəviyyatı birikir, bərkiyir. O insanın mübarizəsi bütöv olur, həryönlü olur. Bu gün hər kəs ədalətsizlikdən gileylənir. Ədalətin nə olduğunu, necə yetməyi deyirsən, adamlar üzünü o yana tutur. Bəs niyə ədalət istəyirsən, kim verəcək onu sənə, hardan verəcək?! Hamı həqiqət istəyir, ancaq Həqiqəti heç kim savuna bilmir. Heç kim həqiqəti ürəyinə yükləyə bilmir.
İstəyirlər aclıq olmasın. A balam, aclıq necə olmasın axı. Uçurumda durub deyirsən ki, fəlakət olmasın. Sən elə öz duruşundan fəlakətə düşüb gedirsən. Yəni düşüncəli yaşayan, şüurlu yaşayan, özül səviyyəsində döyüşən insanlar gərəkdir. Heç kim ayrı-ayrılıqda “axı mən kiməm” deməməlidir. “Mən axı nə edə bilərəm” deməməlidir. Ruhaniyyat tarixinə baxın. Ruhaniyyat tarixi harda qələbə çalıb, bölgələrdə, kəndlərdə, heç bir elmi olmayan insanların içində. Çünkü elmi olmasa da, onun içində mənəviyyat tələbi var. Bütün dövrlərdə elə olub. Dinlərin özünü biz qəbul eləməsək də, onların çabalarında müsbət şeylər də olub. Onlar harda oturuşub – sadə insanların içində. İdeya qurucuları sadə insanların içindən çıxır. Möhtəşəm qüdrətli şəxsiyyətlərə çevrilirlər. Virtual aləmdə yoxdur o. Min dənə informasiya ilə beynini dolduran, “mən özüm də hər şeyi bilirəm” deyən onu eləyə bilmir, onu gerçəkləşdirə bilmir. O cür gərəksiz informasiya ilə içi dolub-daşan insanlardan gözləmirəm. Mən sadə insanlardan gözləyirəm. Saf insanlardan gözləyirəm. Mənasız iddiası olan alimlərdən gözləmirəm. Mən aliməm deyib boş-boşuna döşünə döyənlərdən gözləmirəm. Onun quru iddiadan başqa, xudbinlikdən başqa heç nəyi yoxdur. O örtülüb. Ona görə bizim insanlarımız, həqiqət axtarışında olan insanlarımız bunu düşünməlidir. Bu gün üzdə olan insanlara görə insan obrazından əl çəkmək olmaz. Ona qarşı inamı itirmək olmaz. Ümid onadır. “Fəlakəti yaradan insandır, xilas da yaradan insandır” deyir Asif Ata. “Mütləqilik” kitabını oxuyuram, ürəyimi riqqətə gətirir oxuduqca. Ona ön söz yazacam. Bu qədər fəlakətləri sadalayır, fəlakətləri sadalamasında belə adam nikbinləşir, bədbinləşmir. Deyir ki, günah insandadır, sadalayır və deyir ki, xilas da insandadır. Uçuran da insandır, quran da insandır. İnsana ümidi itirmək olmaz. Asif Atanın ideyasının adı İnsana İnamdı. Min il inan, usanma. Sən bir xalqsan, xalqın min il ömrü var. Ona görə min il usanma, bezmə. Deməkdən, çağırmaqdan usanma, Allahlıq vaxtıdır. İnsanı sürüyə çevirirlər, indi insanı sürüdən xilas etmək üçün Allah olmalısan. Allah qüdrətlilər, Allah təfəkkürlülər çıxmalıdır ortaya. Elə-belə gileylənməklə, insanı yamanlamaqla heç nə hasil olan deyil. Ağlaşma qeyrətsizliyi yaranır, ağlaşma millətsizliyi yaranır, ağlaşma şüursuzluğu yaranır. Ağlaşma düşüncəni məhv edir, giley vətən sevgisini məhv edir. Milləti yamanla, yamanla, vətəni yamanla, yamanla, axırda heçə çevirirsən.
Millət sənsən, səndən başlayır. Vətən sənsən, səndən başlayır. Bax, bu şüurla bərkimək gərəkdir. Türk varlığına yönəlik düşünən insanlara bu yeriməlidir. Vətən səndən başlayır, millət səndən başlayır. İçinə bax gör sənin için nə gündədir? Sənin için gözəldirmi, yetkindirmi, bütövdürmü, bütöv olsa sən ağlaşma qura bilməzsən. Milləti döymək ayrı şeydir, söymək ayrı şeydir. Millətdəki balacalığı döyməlisən. Millətdəki balacalığı qüdrətlə döyə bilərsən. Özündə qüdrəti yaradırsan ki, millətdəki balacalığı döyə biləsən. Ona görə də özündə insanın qüdrətinin olanaqlarını yarada biləsən gərək. Ata Mütləqə elə xitab edir – səndən içimdə ali bir surət yaradacam, mənəviyyatımda, ömrüm boyu ona qulluq edəcəm… Çünkü qurtuluşum odur. Çünkü bəşərin nicatı ondadır. “İnsanlaşın, insanlaşdırın!”.
Mən bununla da sözümü bitirirəm, Bayramımız qutlu olsun!
“Şərqlik Bayramı üstə Mütləqlə Təması” Göylü Atalı, “Şərqilik” şərqisini Soylu Atalı oxudu. Bayramın son quralları yerinə yetirildikdən sonra çay süfrəsində doğmalaşmaqla söhbətlər davam etdi.
Ata Ayı, 38-ci il.
(sentyabr, 2016).