Xəbərlər

Qutsal “Şərqilik” Bayramındakı çıxışlar

Ocaq Günsırası ilə 12 Ata Ayı, 41-ci ildə Asif Ata Ocağı Qutsal “Şərqilik” Bayramını həyata keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı:  Qutsal Günümüzə başlayırıq. Bu gün 41-ci ilimizin “Şərqilik” Bayramını həyata keçiririk. Ölənlərimizi – Sabahlını, Bağbanı, Amaltayı həmişəlik Ocaqda bilirik. Onların adını anırıq, onlarla ruhən bir yerdə olduğumuzu vurğulayırıq.

Bu gün biz Asif Atanın Mütləqə İnam Ocağı olaraq, Atadan sonra 22 ildir Onun Ocağını yaşadırıq. 21 ildir Bayramları həyata keçiririk. Bayram tədbirləri bizim üçün həm ruhsal fərəhçilik anlarıdır, həm də mərasim gərginliyidir. Daha çox mərasim gərginliyidir. Çünkü biz Bayramı çox üzdə süfrələşdiririk, musiqiləşdiririk. Biz Bayramı əsasən törənləşdiririk. Biz Bayramı həm də daha çox böyük sözlə yaşadırıq, vurğu edirik. Bizim bayramlarda dediyimiz sözlər çox uca sözlər olub. O sözü toplumumuza eşitdirmişik, yenə də eşitdiririk. Öyrədirik, öyrətməyə borcluyuq. Çünkü toplumun bilmədiyi bir ehtiyacı var. Dərk eləmədiyi bəlkə də bir ehtiyacı var. Biz bilirik bu ehtiyacı. Ocaqçılarımız Ocağı yaşadanda bilir bu ehtiyacı. Yaşatmayanda, əlbəttə, bilməz. Ona görə də biz Ocağı onun törənlərində, bayramlarında ən uca sözlərlə yaşadırıq. Əgər biz mənəvi anlamda yaşamaq istəyiriksə, bayramları, törənləri yaşatmalıyıq. Bu həyatda, gedişdə yaşamağın başqa bir sevinci, sevgisi yoxdur. İnsanların sevinci yalnız ailələrində balaca, lokal uğurlara bağlıdır. Sevincləri insanlığın uğurlarına bağlı deyil. Çünkü insanlıq yaşamır, yaşadılmır. Mən ona görə deyirəm, əgər biz özümüzü insan ömründən saymaq, duymaq istəyiriksə, Ocağı, Onun bayramlarını, törənlərini yaşatmalıyıq.

Bu ay çox təzadlı bir ay sayıla bilər toplum üçün də. Toplum üçün o anlamda sayıla bilər, biz varıq. Biz geniş görünsək də, az görünsək də varıq. Toplum bu gün vəhşi bir ağlaşma peşindədir. Biz isə bayram keçiririk. Toplum çox anlamsız, yöndəmsiz bir yas həyata keçirir. Biz bayram həyata keçiririk. Ona görə bu günlər, bu ay bir az təzadlıdır. Biz bundan sonra çox uca bir gün də keçirəcəyik – “Ata Günü”. Bu ayda Atanın toplumumuz üçün, bütövlükdə insanlıq üçün uyğun bildiyi, ağırladığı, uğurladığı bir Şərqilik Bayramı həyata keçiririk. Eyni halda, bəşəriyyətə insanlığın bənnası, memarı, atası deyək, bir insanın varlığından soraq veririk “Ata Günü” adında. İnsanlığın yaşaması, var olması, doğru anlamda, Asif Ataya bağlıdır. Hər kəs insanlığa özgün olmayan addımların peşindədir. Hər kəs qara gününə qara göz yaşı tökür. Heç kəs getdiyi yolun sevincini duymur. Sabahamı gedir, sabahsızlığamı gedir, uğuramı gedir, uğursuzluğamı gedir?! Bunu duymur, yaşamır. Ona görə də toplum olduqca acınacaqlı qara gündədir. Siyasətdən aman gözləyənlər var, dindən nicat gözləyənlər var. Biz Asif Atanın Ocağı olaraq, insanlığa ciddi soraq gətirirk ki, sizə nə dindən, nə siyasətdən, nə dövlətdən nicat yoxdur, qurtuluş yoxdur. Sizə qurtuluş ruhaniyyatdandır. Dünya ruhaniyyata arxa çevirib. Dünya dini yaşatdığına görə ruhaniyyata arxa çevirib. Dünya siyasətlə qarışdığına görə ruhaniyyata arxa çevirib. Ruhaniyyat yoxdur. O ruhaniyyat ki yoxdur, onu yaradırıq, yaşadırıq. Yaşadıb da insanlığın böyük sorağı kimi bu millətə, bütövlükdə, bəşəriyyətə çatdırırıq. Niyə deyirəm, dinə tapındığın dərəcədə ruhaniyyata arxa çevirəcəksən? Din insanla, Allah ilə oyun oynayır. Din insanlıqla oyun oynayır. İnsanlığı yaratdığı, yaşatdığı görüntüsü yaradır. Çox böyük bir ayıb həyata keçirir. Ona görə də ruhaniyyat sıradan çıxır. Oyun olan yerdə ruhaniyyat ola bilməz. Məhəmməd çox böyük xəta işlədib. Bu xətanı biz, onu qəbul edənlərə anlatmağa çalışırıq. Məhəmmədi qutsal sayırsan. Məhəmmədi qutsal saymaq olmaz. Çünkü o baş kəsib, qan töküb, savaşlar aparıb, savaşlar həyata keçirib. O savaşlara şəxsən qatılıb. Yalvarmayıb insanlara, daşı ətəyinizdən tökün deyə. Tərsinə, insanların boynuna qılınc sürtüb. Bunu bəşəriyyət anlamalıdır. Nə qədər sənin sevginin yönü, gözünün baxarı yalana, oyuna doğrudur, ruhaniyyat yaşaya bilməz. Biclik aradan gedə bilməz, ləyaqətsizlik ortadan qalxa bilməz. Baxın, bu gün bizim dövlətimiz baş mollaların əliylə aksiyalar təşkil eləyirlər – qanvermə. Onun cahil toplumu gedib təpəsini yarıb qanını yerə tökməsin deyə. Qanını stəkana töküb versin bunlara. Onlar da onu satsın, pul qazansın. Məhəmmədin dinini belə qoruyurlar. Bir dəfə televiziyaya iki aydını çıxardıb demir, bu aşura ayını (ərəbcə məhərrəmlik ayı) ilin başına dolandırmayın. İlin başına dolandırıb bu milləti cahil saxlamayın. Təbliğat aparmır, maarifləndirmir. Dövlətdən nicat umanlar, niyə umursan? Dindən, siyasətdən niyə nicat umursan? Bunların hər biri antiinsani, antiruhanidir.

Dünyada ərəblərin torpağı, məbədi müsəlmanlar üçün qutsal sayılır, ziyarətgah sayılır. Ancaq bu məbədlərin beş metrliyində antiinsani, antibəşəri terrorlar həyata keçirilir, qırğınlar törədilir. Necə ruhaniyyatdır bu ruhaniyyat, o toplumu bu ruhaniyyat yönəltmir. Onu yönətənlər ruhaniyyata qarşı olanlardır. Onlardan terrorçu düzəldir, qırğınçı düzəldir, antiinsani şəbəkə düzəldir i. a. Dünyanın gedişini yaxşı araşdırsaq, aydınlaşdırsaq görərik, Asif Ata bir möcüzə olaraq insanlığa görünür. Biz bunu bayram sayırıq. Bunu insanlar bəlkə də başqa türlü anlayırlar, qəbul eləyirlər. Görəsən bunlar dəlidirlər, nəyi bayram eləyirlər? Ancaq dünyanın bu gedişində, belə bir azğınlığın içində bapbalaca şam işığı yandırırsan insanlığın adına, İnsanlığı qoruyursan, insanlığın balaca bir ünvanını yaradırsan, onu ruhsal-mənəvi istehkamlarla qoruyursan. Onu yüksək söz istehkamlarıyla qoruyursan. Asif Ata bir möcüzə olaraq çalışıb. Ağıla sığmayan, gözlənilməyən. Hər kəs başqa bir şey gözlədiyi halda, heç kimin gözləmədiyini ortaya çıxardır. Əslində hər kəsin gözlədiyini ortaya çıxardır. Ona görə deyirdi, “xalq sizi gözləməyən görünür”. Əslində gözləyir. Özü üzdə gözlənilməyən addımlar atır. Ancaq bilir, o dərində, içdə gözlənilir. Belə bir işi ortaya gətirib, bu işi dərk eləyərək, qanaraq, sevərək, sevinərək yaşadırıq. Sayımız azalır. Vaxt eləyib 3-5 adam çağıra da bilmirik. İşin yükü bir yandan bizi yükləyir. Ancaq dərində, içdə dönməz, sarsılmaz bir ruh yaşadırıq. O ruh ki, biz yaşlaşırıq, yoruluruq fiziki açıdan, ancaq o ruh ki, onu biz yaşadırıq o ruh bizdən sonra çox böyük toxumlar səpir. Çox böyük sevgiylə inanırıq buna. Elə toxumlar səpir, heç vaxt sabahkılar deməyəcək, bu keçmişdə qaldı. Babəkə, Nəsimiyə keçmişdə qaldı deyə bilərsən bəlli çalarlarıyla. Asif Ataya deyə bilməyəcəksən keçmişdə qaldı. Yaxın 10 ildən sonra da, 50 ildən sonra da, 100 ildən sonra da deyə bilməyəcəksən o keçmişdə qaldı. Çünkü insanlıq, onun gözəlliyi keçmişdə qalmır. İnsanlıq mənada qalır. Məna da sabahlıdır. Biz Mənaya üz tuturuq. Gələcəyə, sabaha üz tuturuq. Biz gələcəyin, sabahın nemətlərini qoruyuruq. Ona görə də çox ürəklə yaşamaq, yaşatmaq gərəkdir Atanı, Ocağı, Atanın böyük sözünü. Mənim üçün bizim bugünkü Doğusal (Şərqilik) Bayramımız belə bir gözəl bəşəri, insani anlam daşıyır. Mən də onu qısaca sizinlə bölüşdüm, paylaşdım, ürəkləşdim. Sözümü Atamızın adına səcdəylə bitirirəm.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Atamızın bayrağını bir daha öpürəm.

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Doğunun qurtuluşu bu gününü ötməsindədir. Belə düşünmüşdüm bu haqda. Neçə illərdir Şərqilik barədə söz deyirik, Doğu ruhaniyyatından, Doğu qutsallığından, Doğu peyğəmbərliyindən. Hardasa tutuşduranda Batıyla Doğu deyəndə, əlbəttə, üstünlük həmişə Doğuda olub. Doğunun ruhaniyyatı da onun irassionallığında, yəni duyğusallığında olubdur. Bu bəzən ifrat dərəcədə olub. Batıdan da bəlli anlamda geridə qalmasının səbəbi təkcə elə duyğusallığından oldu. Duyğusallıq gözəl şeydir. Biz demirik bu onun günahıdır. Batının Şekspirinin Romeo və Cülettasıyla, Doğunun Füzulinin “Leyli və Məcnun”u ilə tutuşduranda nə qədər böyük fərq var. Bu məhəbbət dastanını, poemasını Füzuli nədə görür, Batının Şekspiri nədə görür? Bunun həmişə fərqindəyik. Ancaq məsələ bundadır, bu gün gizlətməli hal deyil, Doğu Batıdan geri qalıbdır. Batının ardınca sürünməkdədir. Bəs Asif Atanın Ocağı olaraq, Doğuya nə veririrk biz? Bu toplantını keçirməklə nə istəyirik Doğudan? Doğu zəka ilə duyğunu birləşdirməlidir. Nəinki Doğu, bütün bəşəriyyət. Duyğusuz ağıl, ağılsız duyğu həmişə geriliyə aparacaq. Batı bəlli sahədə geriyə getdi. Doğu da bəlli sahədə. Ancaq ağıl duyğuyla, duyğu ağılla nizamlananda Doğu öz əzəli mahiyyətinə, qurtuluşuna qovuşacaq. Bu da Doğunun gələcəyi deməkdir. Eləcə də bəşəriyyətin, insanlığın gələcəyi deməkdir. Asif Atanın Ocağı olaraq, cəmiyyət bayramlarının məzmununu dəyişirik. Adətən bir uğuru bayram eləyirlər. Ancaq burda İnsanilik, Xəlqilik, ya da Şərqilik, bu, məsələn, Bəşərin bəşərləşməsidir. İnsana biz haray çatdırırıq. Deyirik, sənin ağlınla duyğun birləşməlidir, gözəlləşməlidir. Onda sənin özündənkeçmən də, eşqin də, məhəbbətin də, yaşamın da, mövqeyin də bəlli olacaq. Mənim bu bayramda demək istədiyim söz Doğunun özümlüyünə dayanır. Sözümü bununla da bitirirəm. Doğu özünü yenidən nizamlamalı, yeniləməli. Bunun üçün Mütləqə İnama gəlməlidir. Asif Atanı eşitməlidir. Əgər dinləyəcəksə, xilas olacaq.

Atamız Var olsun!

Soylu Atalı: Ata Doğunu deyəndə, söz yox, coğrafi bir məkanı vurğulamır. O Doğu deyəndə daşıdığı anlamı gözə alır. Məsələn, Doğuda deyək, Çin də var. Ancaq Çin ruhaniyyat xalqı deyil. Doğuda başqa xırda dövlətlər də var. Ya da Doğu ruhu, Doğu ruhaniyyatı hansısa Batı ölkələrində özünü göstərsə, o da Doğusallıqdır. Ata həmin anlamı gözə alıb deyir, Doğu coğrafiya deyil. Ata Doğu-Batı deyərək onları coğrafi anlamda qarşı-qarşıya gətirmir. Daşıdığı məna məsələsini qarşı-qarşıya gətirir ki, sənin daşıdığın məna olanaq vermir insanlığın gözəlliyi görünsün. Ona görə Ata deyirdi, hardasa texnologiyaların gəlişinə “dur” deməli olacaq bəşəriyyət. Çünkü o texnologiyanın gəlişməsi insanlığın ayılmasına macal vermir. İnsanlar texnologiyaların dalınca qaçır. Texnologiya insanın tamahına çevrilir. Tamahının dalınca qaçır. Gərək deyil. Biz deyirik, elmin gəlişməsi qarşısıalınmaz bir şeydir. Ancaq bunu bir nizama, yöntəmə salmaq gərəkdir. Asif Ata onu bəşəriyyətdən tələb eləyir. İnsanlığın, yəni bəşəriyyətin ölməməsi üçün insanlığın yaşamasına macal ver. Bax Asif Ata bunu vurğu eləyir. İndi kimsə düşünər, Asif Ata mümkün olmayan bir şeyi vurğu eləyir. Qoy elə düşünsün. Hər kəsin üz tutub getdiyi səmtə biz deyirik doğru deyil. Qaranlıqdır ora. İndi sən üzünü tutub ora gedirsən. Ora getməməyi mümkünsüz sayırsan, özün bilərsən. Ancaq mənim dediyim yalan deyil. Mən deyirəm qaranlıqdır ora. Araşdır, öyrən görəcəksən qaranlıqdır.

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Bayramımız qutlu olsun. Yüz illərdir Doğunun Doğuluğunu göstərən, yetirən dəyərlər var. Bu dəyərlər zamanın, ortamın keşməkeşli yollarından keçmiş, günümüzə yetmiş dəyərlərdir. Bu dəyərlər təkcə keçmişi deyil, bu günü də qiymətləndirir. Dəyərləri ilə qutsallıq çağıran, mədəniyyəti, fəlsəfəsi ilə öyrədən Doğunun bugünkü halı çox acınacaqlıdır. Batını üstün bilən, dəyərlərini sevməyən, yaşatmayan bir duruma düşüb Doğu. Batını daha öndə gördü. Onun ideyalarını qabaqcıl saydı. Özünü görmədi, saymadı. Doğu üçün Batıda hazırlanan planlar, strategiyalar ciddi dirçəliş olmadan həyata keçirildi, keçirilir. Dirçəliş üçün düşüncə gərək, ideya gərək. Doğu isə özündən, özümlüyündən əl çəkmiş duruma düşüb. Günümüzə baxanda Azərbaycan insanı, gənci hara baxır? Azərbaycan gənci təhsilini xaricdə alıb, xaricdə də işləməyi arzulayır. Azərbaycandakı yaşam çətinliyi, təhsil səviyyəsizliyi, iqtisadi çətinliklər gəncləri ölkədən qaçırdır. Heç bir milli düşüncə ilə düşünməyən, yaşamayan gənclərimiz başqa ölkələrdə asanlıqla yabançılaşırlar. Batının batılaşdırma siyasəti hər yerdə alınır. Çünkü özümləşmə yoxdur. Asanlıqla özgələşir millət. Asanlıqla özgələşir Doğu. Ata deyir, Doğu özünün dünənini bu günündən, qədimliyini çağdaşlıqdan, tarixini indiki uğurlarından üstün sayanda özünə qayıdacaq. Bunun üçün ardıcıl, dərin özünü dərketmə olur. Özünüdəyişmə isə Mütləqə İnamla mümkündür. İstər Doğu, istərsə də Azərbaycanın bugünkü halı gələcək üçün çox ciddi qorxular göstərir. Ata isə çıxış yoludur. Hər addımda bunu görmək olur. Ona görə də Atayla yaraqlanmalıyıq.

Atamız Var olsun!

Soylu Atalı: Hər zaman bunu vurğu eləyirəm. Toplum bizi gedişlə, çağdaş durumla, texnologiyaların gəlişməsiylə, həyatın yönü, yöntəmiylə barışmağa çağırır. Ata bizi barışmamağa çağırır. Bunlar deyir hesablaşın. Hesablaşanda olursan o. Burulğana düşüb boğula-boğula gedirsən. Ata da deyir, nəfəs almaq üçün barışma. Gedişlə barışma. Ata bizə rica öyrədib. Səhər, günorta, axşam demək üçün. Ata Evladına öyrədir, de ki, Dünyada Dünyadan yüksək olan Məna, Əzəliyə qovuşum, Ötəridən keçim. Deyir, Şəraitdə qalmayım mahiyyətə çatım. Mühitdə qalmayım, mahiyyətə çatım. Bunlar deyir, şəraitdə qal. Ata deyir, qalma. Mahiyyətə çat. Mahiyyətə çatsan mübariz, döyüşkən olacaqsan. İnsan olacaqsan, insan kimi yaşayacaqsan. Ona görə də deyir, gerçəklikdə qalmayım, mahiyyətə çatım. Gerçəklik səni insan olmaqdan çıxardır. Gerçəklik səni heyvana döndərir. Bunlar da deyir heyvan olmaqla barış. Buna görə də biz Atanın dediyini eşidirik. Toplumu da Atanın dediyini eşitməyə çağırırıq. Davamlı çağırırıq, yorulmadan çağırırıq. Düz eləyirik. Bundan sonra da, çağıracağıq. Bizim Ocağımızın tələbi, yaşam yöntəmi də budur. Heç kimin demədiyini demək, heç kimin eləyə bilmədiyini eləmək. Hər kəsin elədiyini eləməmək. Biz hər kəsin elədiyini yalnız mövcudluğumuzu sürdürmək üçün gərək olanları eləyə bilərik. Biz hamı kimi yeyə bilərik, geyinə bilərik. Hamı kimi düşünə bilmərik. Hamı kimi əyilə bilmərik, gözü yumulu gəzə bilmərik. Atanın bizdən tələbi budur. Bu bizim bu günkü günümüz Ata Ayının 12-si Şərqilik günündə bir neçə Ocaqçının bir arada ürəkləşməsi, düşüncələrini, sevgilərini bölüşməsi günüdür. Biz bu günü ömrümüzə an olaraq yazırıq. Biz ömrümüzü bu günə yazırıq. Bu gündən gələcəyə nə gedəcəksə, qoy bizim ömrümüzdən ayırdığımız gözəllik olsun. Bayramımız da qutlu olsun.

İndi biz bayram qurallarını dilə gətirək. Biz öz yaratdığımız qurallara sadiq qalaq.

(Şərqilik Şərqsini oxuyur –  T. A.)

(Şərqilik bayramı üstə Mütləqlə Təması Günev Atalı deyir – T. A.)

 Soylu Atalı Ata sözünü deyir: Şərqləşin – Şərqləşdirin.

Hamı: Şərqiliyə and olsun, Şərqiliyə qulluq edəcəm.

Soylu Atalı: bununla da Bayramımız başa çatır. Günümüz uca, uğurlu, gələcəkli olsun.

Sonda çay süfrəsi yörəsində doğmalaşma söhbətləri oldu.

 

Yağış Ayı, 41-ci il.

(noyabr, 2019).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir