Ocaq Günsırası ilə 12 Ata Ayı, 42-ci ildə (sentyabr, 2020) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Şərqilik” Bayramını gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Bu gün Şərqilik günüdür. Hələ toplumda bizim nə dediyimizi, nə eləmədiyimizi anlamayanlar çoxdur: Dünya kürəsəlləşməyə doğru gedir, dünya tərəqqinin “yeni” ölçüləri ilə qabağa gedir, biz isə Şərqilik bayramı keçiririk. Bilirsinizmi, o insanların anlamadığı, anlaya bilmədiyi məsələlər nədir? Şərq geridə qalıb, biz nədən Şərqiliyi bayram edirik? Nədir bizdə belə bir eqoizm ki, biz Şərqiliyi üstün tuturuq? Bu cür düşüncələr, bu cür əhvallar mövcuddur. Bu əhvallar Ocaqçıları hürkütməməlidir, addımı dala qoymamalıdırlar. Çünkü Şərqilik dediyimiz məsələ dünyanın halında ikiləşmə yaratmağa qulluq eləmir. Biz dünyanı bütöv götürürük, dünyanı bütöv dərk edirik. Ancaq biz Şərqdə mənəviyyat Ocağı qalamışıq. Mənəviyyat Ocağı da Şərqin ümumi dəyərləri əsasında ortaya gəlib. Yəni Asif Atanın yaratdığı mənəviyyat Ocağı yox yerdən, boş yerdən yaranmayıb. Şərqi dəyərlər üzərində gəlişib, oluşub. Asif Ata bəşəriyyətin qurtuluşunu mənəviyyat olayında görür. Mənəviyyat məsələsini ölçüyə çevirməkdə görür. Bəs mənəviyyat məsələsini harda dirildə bilərik – mənəviyyatın yarandığı, beşiyi olan Şərqdə. Avropasevərlər, Avropaya üz tutanlar bizi qınayırlar ki, biz antiavropa ovqatına köklənmişik. Doğru deyil. Həm biz İnam Ocağıyıq, mənəviyyat Ocağıyıq, ideyamızın, İnamımızın bəşəri olduğunu deyirik, həm də Avropaya qarşıyıq?! Necə ola bilər?! Biz Avropaya qarşı deyilik. Bunu dönə-dönə vurğu eləmişik. Nədən biz Avropaya qarşı olmalıyıq, nədən biz bəşəriyyəti bölüb onun bir hissəsinə lənət deməliyik? Bizi buna nə vadar edir? – Heç nə. Biz bəşəriyyəti bütöv götürürük, bütöv öyrənirik, bütöv dərk edirik. Sadəcə bu gün Avropa bəşəriyyətin vahid olmasını əngəlləyən maddiyyatçılıq doktrinası yaradıb. Bunun adına elmi-texniki tərəqqi deyirlər. Elmi-texniki tərəqqi maddiyyatı başa çıxarmaq deməkdir. Elmi-texniki tərəqqi var, ancaq oğurluq baş alıb gedir. Qatillik, narkomaniya dünyanı bürüyüb. İnkişaf eləmiş, dünyaya dərs deyən Avropanın ağzının içində böyük mafiya sistemləri var – Dünyanı silkələyən, çalxalayan mafiya qurumları. Onlar hansı inkişafdan danışırlar? Hansı inkişafdan söz gedə bilər ki, dünyanı çalxalamaq üçün onların əlində hər cür olanaqlar var. İnsanlıq ölür, ailə ölür, qadınlar genini dəyişir, kişilər genini dəyişir, homoseksualizm baş alıb gedir. Avropada yaranır bunlar, onlara hüquq düzəldib qoruyurlar. Biz Avropanı ölçü götürüb hara gedirik – yoxluğa, ölümə. Şərq özü bu gün Avropaya tamah sala-sala dəyərlərindən əl çəkir, dəyər yaratmır, olanlarını yaşam ölçüsünə çevirmir. Ona görə Asif Ata haray çəkir ki, bəşəriyyət məhv olub gedir, ölçünü haradan alaq, bunların qarşısını necə alaq, necə dayandıraq?! Necə dayandırmaq məsələsi Asif Atanı Mütləqilik ölçüsü yaratmağa gətirib çıxardı. İnsanlaşmanı bayrağına çevirib başının üzərinə qaldırdı. Məsələ bundadır.
Ona görə də biz Asif Atanın Ocağına dayanaraq, Şərqin mahiyyətində olan qədim dəyərləri gərəkən düzeydə yaşatmaq istəyirik. Bunu Asif Atanın Mütləqə İnam təlimi ilə edirik.
Avropa Şərqi islama bərabər saxlayır. İslamdan terror qrupları yaradıb onunla dünyanı qana qərq edir. Avropanın inkişafı budur. Belə inkişaf olar? Sən durub din fanatiklərini, milli hissləri qaralmış, idrakı sönmüş insanları terroristlərə çevirirsən. Onların başını piyləyib İŞİD yaradırsan. Onu bəşəriyyətin canına saldırırsan. Bəşəriyyətin hüzuru pozulur. Əmin-amanlıq ortadan gedir. Sonra da deyirsən, demokratiya ağır işdir. Üç-beş ilin məsələsi deyil. Özü də vurğu edir, biz demokratiyanı gətirmişik Şərqə. Yəni hamı Avropaya bənzəyəndən sonra dünya gözəl olacaq. Yəni üzr istəyirəm, hamı narkotikaya qurşanandan sonra, hamı homoseksual olandan sonra, hamıda ailə məhv olandan sonra dünya düzələcək. Bu axmaq bir məntiqdir. Sən bunu necə deyə bilirsən? Sənin içində hər şey məhv olur, çürüyür. Sən deyirsən mənə oxşa, hər şey yaxşı olacaq. Sonra da deyirsən, Şərq xalqları balaca xalqlardır, demokratiya özünü doğrultmur. Demokratiyanın yaranması üçün illər gərəkdir. Bəzən də deyirsən ki, bu ölkələr, ümumiyyətlə, cahildir, onlarda demokratiya alınmır. Demokratlaşa bilmirlər.
…Asif Ata bunları gözə alıb Şərq məsələsini qabardır. Şərq məsələsinin bəşəriyyətin qurtuluşu olduğunu vurğu edir. Yəni Şərqdə yaranan mənəvi dəyərlər dirilərsə, dirçələrsə, bərpa olunarsa, xalqların gələnəklərinə çevrilərsə, Mütləqə İnam qəbul olunarsa, Mütləqə İnam əsasında xalqların özümləşməsi başlayarsa, bəşəriyyəti qurtarmaq olar. Asif Ata onu deyir.
Qıraqdan bizi dinləyən, bizi görən adamlar deyirlər, beş-altı adam bir yerə yığılıb deyir dünyanı dəyişəcəm. Bunlar başa düşmür ki, mən bu dörd divarımın arasında oturub dünya dəyişmirəm. Dünyanı dəyişməyə yetərli olan ideyaların gerçəkləşməsinə qulluq edirəm. O ideya ki, o ideyanın qolunu bükmək, o ideyanı qatlayıb bir qırağa qoymaq mümkün deyil. Mümkün olsa belə, axmaqlıq olar. Ona görə Asif Atanın dediyi məsələləri dərindən araşdırıb öyrənməliyik, öyrətməliyik. Nə deyir, niyə deyir? Əslində bunları necə edək, nə ilə edək? Bizə deyirlər dünya yeni aşamaya keçir, indi elmə üz tutmaq gərəkdir. Siz də deyirsiniz yeni peyğəmbər yaranmalıdır. Deyirlər, peyğəmbərlik qurtarmadı, yeddinci yüzildə qalmadı? Bizə deyirlər, siz Asif Atanı peyğəmbər elan eləmisiniz. Mən Asif Atanı Peyğəmbər elan eləmirəm, o özü inam yaradıb, özü deyib peyğəmbərəm. Düz eləyib. Mütləqə İnamı filosof yaratmır axı. Filosof fəlsəfi təlimlər yarada bilər. Dünyagörüş yaradanın adına nə deyək? – peyğəmbər deməliyik. Peyğəmbərlik gələnəyi Şərqdə başlayıb, Şərqdə də davam edir. Avropada peyğəmbər yoxdur, Şərqdə var. Peyğəmbərlərin yanlışlarından, əyrilərindən, düzlərindən asılı olmayaraq, peyğəmbərlik gələnəyini qırağa qoymaq mümkün deyil. Yeni peyğəmbərlik gərəkdir.
Əski peyğəmbərlikdə olan yanlışları qırağa qoymaq gərəkdir. Yeni doğruçu peyğəmbərlik yaratmaq gərəkdir. Yalnız peyğəmbər harayı insanı qurtarmağa qadirdir. Davamlı, inadlı, ardıcıl insanı çağıran haray peyğəmbər harayıdır. Alim haray çəkmir, insan yaratmır, elm yaradır. Filosof təlim yaradır. Asif Atanın filosofluğu – yaratdığı İnamı sabaha çatdırmaq üçündür. Onun fəlsəfəsi İnamı aydınlatmaq üçündür. İnsanları öyrətmək üçündür… Ona görə də Asif Atanın Şərqiliyi bayram eləməsini dogru-düzgün dəyərləndirməli, doğru-düzgün anlamalıyıq. Mən hesab edirəm ki, biz çox böyük işlər görürük. Mən bizim gördüyümüz böyük işləri küçümsəməyinizi doğru saymaram. Çünkü bəşəriyyətin uçuruma getdiyi bir dönəmdə İnam kimi bir məsələni, İnam həqiqətini ömrə gətirmək, onu yaşatmaq, onun arxasında durmaq elə sıradan bir məsələ deyil. Dünyanı dəyişmək üçün dünyanı eşitməmək gərəkdir deyir Asif Ata. Dünyanın dediyini deməmək gərəkdir deyir Asif Ata. Dünyanın dediyi əyridir, doğru deyil. Dünyanın dediyi insanı heyvana çevirməkdir. Heyvana dönüşməyə zorlanmış insanı yenidən insana qaytarmaqdır bizim işimiz. Biz yalançı bağırışları, yalançı çağırışları həqiqət saymırıq. İnsanı kölələşdirən quruluşu qəbul eləmirik. İnsanı kölələşdirən quruluş necə qabaqcıl quruluş sayıla bilər? İnsanı kölələşdirən quruluş dəyişilməyə, ləğv edilməyə layiqdir. Ona görə Asif Ata yeni era başlayıb. Dünya ağzını qulağının dibinə qədər əysə belə, Asif Ata yeni era başlayıb. Hara qədər çəkirsən çək, Asif Ata yeni İnsanlaşma erası başlayıb. Texnikalaşma erası özünü doğrultmadı, din erası özünü doğrultmadı. Heç bir kapitalistləşmə, sosialistləşmə eraları özünü doğrultmadı. Hamısı insana qarşı oldu, insanı məhv elədi, insanı kiçiltdi, dünyanı əydi. Asif Ata İnsanlaşma erasına, İnam erasına başladı. O, insanı qaldırır, qurtarır ki, bəşəriyyət özünə dönsün, özünə bənzəsin.
“Yatanlar ayılın,
yıxılanlar qalxın,
əyilənlər düzəlin,
ölənlər dirilin,
Amal məqamıdır!
Yatanları ayıldın,
əyilənləri düzəldin,
yıxılanları qaldırın,
ölənləri dirildin,
Amal məqamıdır!
Ayılsın dünya,
qalxsın dünya,
düzəlsin dünya,
dirilsin dünya,
Amal məqamıdır!”
Bu elə-belə söz deyil, bu Asif Atanın inamının mayasından qaynayıb, varlığına hopmuş bir həqiqət harayıdır.
Şərqilik bayramı bu həqiqətləri dərk eləməkdir, bu həqiqətləri yaşatmaqdır. Bunun sevincinə bürünməkdir. Onun fərəhinə bələnməkdir.
Ocağın Şərqilik bayramı qutlu olsun! Ocağın uğurları davamlı olsun! Ocağın ömrü uzun olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Bayrağımızı öpürəm.
Günev Atalı (Ataya səcdə edir – G.A.): Mənim fərəhli, sorumlu günümdür. Bu gün Ocaqçılarla, internet üzərindən olsa da, üz-üzə oturmaqdan çox məmnunam. Şərqilik bayramını Asif Atadan sonra hər il qeyd edirik, hər dəfə də söz deyirik. Bu gün Şərq-Qərb məsələsində hər birimiz izharımızda fərqli bir çalarla üzümüzü tuturuq bəşəriyyətə. Şərq ruhaniyyatı deyirik, Şərq sufiliyi deyirik, Şərq dəyərləri deyirik, bəşəriyyəti yüzillər qabağa aparan dəyərlərdir bunlar. Şərq əlçatmaz Nəsimilər verib, Hürufilər verib. Azərbaycanın Şərqdə xüsusi yeri var. Şərq ruhaniyyatının ən yüksək zirvəsidir.
Şərqilik bayramı münasibəti ilə Asif Ata Ocağını qutlayıram. Bu gün Şərq ruhaniyyatına üz tutmaq, anlatmaq – bu elə Ocağı anlatmaq deməkdir. Şərq öz gələnəyinə sadiq olaraq yeni bir dünyabaxış sərgilədi. Yeni bir bəşəri təlim sərgilədi Asif Atanın timsalında. Mütləqə İnam bayrağına sarılmayana qədər nə Şərqilik, nə bəşərilik İnsani yolunu tapmayacaq. Mən Göytəkinin “Qaranlıqdan İşığa” kitabını ikinci dəfə vermişəm oxumağa. Orta oxul öyrəncisi gəlib aparıb oxumağa. Demişəm, sənin vermək istədiyin sualların cavabı bu kitabda var.
Bu gün Asif Ata Ocağı çox böyük işlər görür. Bir daha sizi təbrik edirəm. Atamız Var olsun! Bayrağımızı öpürəm.
Göytəkin Atalı (Ataya səcdə edir – G.A.): Mən Ocağa gələndən sonra birinci dəfədir bu bayrama qatılıram. Mənim üçün Şərqilik, Şərq dəyərləri, ya elə Azərbaycanın dəyərləri nədir? Ocağa gələnə qədər, Atanı tanıyana, oxuyana qədər mənim bunlarla bağlı formalaşmış düşüncəm yox idi. Dəyərlərimiz barədə öyrəndiklərimizin çoxu da, təəssüf, bizə doğru öyrədilmir, doğru çatdırılmır. Məsələn, peyğəmbərliyin Zərdüştlükdən başlamasını bu gün bizə, təəssüf, heç kim öyrətmir. Zərdüştün Azərbaycanın mahiyyətiylə bağlı olduğu danılır. Mən Ocağa gələndən sonra, Babəkliyimizi Atadan öyrənəndən sonra azadlığın nə olduğunu anladım. Yəni Babəkin fərəh inamını, özündən keçməsini doğru anlatmaqla, əslində Ata bizə mənəvi azadlığın nə olduğunu anladır. Bu günkü səviyyə ilə azadlığın nə olduğunu dərk etmək çətindir. Azadlığı harada, nədə axtardığımızı bilmirik, çaşırıq. İnsanın öz daxili azadlığının nə olduğunu bilmirik, anlamırıq. Çünkü bu gün din əsarəti, itaət etmək aşılanır bizə. Azadlıq öldürülür içimizdə. Babəkliyi doğru öyrənməklə azadlığın, qəhrəmanlığın nə olduğunu öyrənirik.
Başqa dəyərlərimiz də beləcə, Dədə Qorqudu, Muğamı, Sazı Atadan öyrənəndən sonra daha doğru anladım. Hürufiliyi İslamla bağlı şəkildə öyrənmişdim. Ancaq elə o vaxtdan sual olaraq qalmışdı mənimçün. İslamın “İnsan quldur, kölədir” dediyi halda, Hürufilik İnsanı sığmazlıq olayı kimi, Allah kimi təqdim edir. Ancaq o vaxt bunu doğru şəkildə öyrənə bilmədim. Yəni bizim dəyərlərimiz arasında Nəsimi böyüklüyünü Atadan öyrəndim. Nəyə görə Atadan öyrəndiyimi tez-tez vurğu edirəm, çünkü bilirəm ki, bu gün böyük çoxluğumuz mənim öncəki vaxtlarda olduğum kimidir, dəyərlərimizi mənim kimi doğru bilmir. Biz öz dəyərlərimizi anlasaq, özümləşsək, özgəliyə tapınmasaq, bu duruma da gəlib çıxmazdıq. Atanın “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabını oxuyanda inanın, donub qalırdım ki, mənim doğru bilmədiyim, öyrənmədiyim nələr varmış. Bu gün üzüldüyüm bir şey var – o da kitaba, oxumağa, axtarmağa, öyrənməyə toplumda maraq çox azdı. Yəni mən dinin etkisindən çıxandan sonra öz dəyərləmizi anladım, yaşamın sevincinin nə demək olduğunu anladım. Bunu da daşıdığım İnama borcluyam. İndi anlayıram İnamın nə olduğunu, İnamın bizi hara aparacağını da anlayıram. Buna görə Şərqin Uğurlu sabahı deyəndə, ya da ümumən uğurlu sabahımız deyəndə mən Mütləqə İnamdan başqa yol görmürəm. Ata İnamı bizi uğurlu sabaha aparır. Şərqilik bayramı ilə bağlı demək istədiklərim bu qədər.
Ocaqçıların bayramı qutlu olsun!
Atamız Var olsun!
Yurdtəkin Atalı (Ataya səcdə edir – G.A.): Şərqilik bizim həmişə danışdığımız bir sahədir. Balaca bir izhar yazmışam, onu oxuyacam: Şərq öz qədimliyi ilə böyükdür, ucadır. Qədimliyindən ayrılanda kiçikdən də kiçik olur. Qərb yaşamını maddiyyat qanunları ilə qurduğu üçün hardasa yeriş eləyə bilir. Şərq isə Qərbi yamsılama yolu tutduğu üçün addımları bəsit, yeknəsək, gülünc görünür. Şərq adamına milyonerlik yaraşmır. Şərq adamına mənəvi uyumluq yaraşır. Qərbdə heç vaxt Asif Ata olayı baş verə bilməzdi. Bunun üçün Qərbin materiyası yetişməli idi. Peyğəmbərlik olayı Şərqə yaraşır. Asif Ata peyğəmbərlərin dünyasıdır. Asif Atanın yalanlardan yüksəkdə duran İnamı bu günkü Şərqin, bütövlükdə bəşərin qurtuluşudur…
Soylu qardaşımın, bacımızın izharları cəmiyyətimizin durumunu çox gözəl ifadə elədi. Bu gün biz elə bir olayı canlandırmaq istəyirik ki, yuxarıda dediyim kimi, o, bəşərin qurtuluşu ola bilər. Bu böyük olay üzə çıxmalıdır. Peyğəmbərlik olayı, Mütləqə İnam olayı bu gün üzə çıxıb, hamı da bilir. İndi hamının bir şeyi bilməsi gərək: dünyanın, bəşərin təkcə ruhani qurtuluş Yolunu dünyaya tanıtmaq istəyirik. Bayramımız Qutlu olsun! Atamız var olsun!
Nurtəkin Atalı: Bayramınız qutlu olsun!
Güntay Atalı: Hamınızın bayramını qutlayıram!
Bilən Atalı: Mən də Bayramınızı qutlayıram.
Soylu Atalı: Mən qardaşımız Günevin vurğu elədiyi bir məsələyə yönəlik bir-iki söz deyəcəm. Artıq qardaşımız Günev neçə yoldur, Göytəkinin suallar-cavablar kitabının önəmini vurğu edir, sevgisini bildirir. Sonra, Göytəkinin özü bayaq bir məsələyə toxundu: “mən əslində Azərbaycanın ruhani kimliyini dinin etkisindən çıxandan sonra bildim. Babəkin qəhrəmanlığının, eləcə də insan azadlığının nə demək olduğunu dinin etkisindən çıxandan sonra, Babəkin ləyaqətini oxuyub öyrənəndən sonra bildim”. Aşağı-yuxarı belə ifadə elədi. Baxın, bu çox böyük bir məsələdir, bu gənc Ocaqçımız açıq şəkildə içinin tələbi ilə, etkisi ilə danışır. Deyir, Azərbaycanı dinin etkisindən çıxandan sonra anlamağa başlamışam. Amaldaşlarım, bizim toplumumuzu, bütövlükdə xalqı – dinin etkisində olan, demokratiyanın etkisində olan, siyasi doktrinaların etkisində olan insanları indi daha yaxşı anlaya bilərik. Onlar tamam etki altındadırlar. Onlar Göytəkin kimi o etkilərdən ayılmayıblar. Atanın bütün çağırışları deyir, ayılın. Ayılmağı bayram edin. Onun ideyasının mahiyyəti budur, ayılmağı bayram eləyə bilsəniz, xalqa çevriləcəksiniz.
Çünkü xalq deyə bir varlığı öz içində, sevgində yaşada biləcəksən. Ancaq nə qədər ki, dindən, dinin yalançı bəzəmələrindən, siyasi proseslərin insan üzərində qələbəsindən ayılmamısan, sənin içində xalq deyə bir şey yaranmayacaq. Xalqla bir olmayacaqsan. Bizdən qıraqda olan insanların yaxşı, doğru, əyri, filan nədirsə, heç kimin çabalarına kölgə salmırıq. Heç kimə qarşı yekəxanalıq eləmirik. Ancaq bu bizim içimizə oturan bir həqiqətdir. Bu həqiqəti bizim içimizə Asif Ata oturdub. Nə qədər ki, adını çəkdiyimiz etkilərdən ayılmamısan, xalqla bir ola bilməyəcəksən. Xalqla bir olmaq – ayılmaq, onu da ayıltmaq deməkdir. Bu həm də, sənin özünlə bir olmağın deməkdir. İçinlə bir olmağın deməkdir. Xalq həqiqətini, xəlqilik hikmətini içində böyüdüb yaşatmağın deməkdir. Ata o qədər gözəl, aydın işləyib ki, İnamın həqiqətlərini, bunu yalnız ağıl işlədən, mənəviyyatını dinləyən, vicdanının səsini eşidən adamlar anlaya bilər. O da hələ ki, barmaq saydadır, Ocaqsevərlər nə qədər çoxalsa belə. Asif Atanı anlamaq bunca özünün içindəki həqiqətə yetməkdən keçir. Asif Atanı anlamaq özüylə bir olmaqdan keçir. Asif Atanı öyrənmək, Asif Atanı tanımaq, Asif Atanı sevmək, gənc amaldaşımız Göytəkinin dediyi kimi, xalqı tanımaq deməkdir. O deyir, mən Babəkin ləyaqətini, qəhrəmanlığını öyrənəndən sonra xalqın azadlığının nə demək olduğunu anladım. Görürsünüzmü, bu izharın özündə nə qədər böyük bir hikmət var. Asif Atanın çağırışları, etkiləri yaşayır o hikmətdə. Biz, Asif Atanın Ocağı olaraq, bütün tədbirlərimizdə, istər Ocaq mərasimlərində, Ailə Günü toplantılarında, istər Bayram tədbirlərində, istərsə də Ocağın (ad verdiyimiz) Amallaşma-Doğmalaşma Günü, Qutsal Öyrənim Günü olsun, hansı tədbiri keçiririksə keçirək, hamısının motivi birdir, hamısının xətti, yönü birdir. Biz bu tədbirlərin hər birində fərqli şeylər də deyə bilərik, ancaq hamısı birdir. Ocaqçılarımız nə qədər bu həqiqətlərlə dolarsa, bir o qədər gələcəyə daha ayıq baxa bilər, Asif Atanın Mütləqə İnamına daha çox inana bilər. Əgər biz öz yaşamımızda – məişət yaşamımızla, ruhani yaşamımıza fərqlər qoya bilməyəcəyiksə, məişət yaşamımızı ruhani yaşamımızdan üstün tutacağıqsa, onda Asif Atanın Mütləqə İnamından bir o qədər uzaq olacağıq. Atanın dediyi Həqiqətləri ömrümüzə çevirməliyik. Həyatımıza çevirməliyik. Məişətdə, evdə, qohumda, qardaşda, küçədə, gedəndə, gələndə, hər yerdə biz Asif Atanın bizə öyrətdikləri ilə davranmalıyıq, öyrətdikləri ilə yaşamalıyıq. Öyrətdiklərini dərinləşdirəndə, inanın ki, Mütləqə inamın bünövrəsinə çox inanacaqsınız, dərindən inanacaqsınız. Öz üzərində qələbə çalacaqsan. Öz üzərində qələbə çalan bəşəriyyətin gələcəyinin altına imza qoyur. Bu baxımdan mən Ocaqçılarımızın bir araya gələndə sevincini, fərəhini sevirəm, bölüşürəm, ləyaqətlərini yüksək dəyərləndirirəm, hər birinin zəhmətini, sevincini tam olaraq özümünkü sayıram. Özüm onunla bir yerdə içdən yaşayıram.
Oxumağımız, öyrənməyimiz bir yana, onu ömürə çevirməyimiz ayrı bir olaydır. Buna görə Ata deyirdi, öyrəndikcə öyrədin, anladıqca anladın. Əgər Asif Atadan öyrəndiklərimizi xalqın nümayəndələrinə öyrədəcəyiksə, sorumluluğun altına girmiş oluruq. Çünkü həqiqətləri öyrətdiyimiz o insanlar qayıdıb bizim ömrümüzə baxır, yaşantılarımıza baxır. Baxır ki, görsün bu Ocaqçıların özləri öz dediklərinə nə qədər inanır, nə qədər əməl edir. Belə bir sorumluluq var qarşıda. İnsanlar Mütləqə İnama həm də bizim ömrümüzdən inanacaqlar. Bizim dediklərimizdən, verdiyimiz kitablardan daha çox yaşadığımız ömürlərdən baxacaqlar. Bu işlərin hamısının əsasında özüylədöyüş həqiqəti durur. Özüylədöyüş əsasında öz balacalıqlarının üzərində qələbə çalmaq gərəkdir. Şərqilik bayramının da öyrətdiyi bu həqiqətlərdir. İnsan məsələsindən başlayır hər şey. İnsanı qurtarmaq dünyanı qurtarmaq deməkdir. Dünyanı əyən elə insandır. Bu əyri insanı düzəltməliyik ki, o da basıb dünyanı əyməsin. İnsan da sən, mən. Özüm öz əlimdəyəm, öz ixtiyarımdayam. Özünü düzəldəndən sonra görəcəksən başqasının düzəlməsi nə qədər gözəl olur.
Asif Atanın çağırışı xalqın min illərdir söylədiyi həqiqətləri, dəyərləri doğruldur. İnam, dünyabaxış səviyyəsində doğruldur, onu yaşamımıza çevirir. Sizin hər birinizi bu gözəl, qutsal gün münasibətilə qutlayıram. Hər birinizi bağrıma basıram, ürəklərinizdən öpürəm. Hər birinizin ürəklərinizin gözəllikləri insana fərəh verir. Ocağı yaşatmağa yön verir, sevinc verir. Hər kəsin də özünəxas yeri, qatqısı, gözəlliyi var. Məsələn, Günevin Beyləqandan harayını dinlədik, Cəlilabaddan Yurdtəkini, Göyçaydan Göytəkini, Biləni dinlədik. Bir məqamda bir araya gəlmək necə də gözəl bir əhval yaradır. Hər kəsin baxışı, bağlılığı, oturuşu, dinləməsi, gözləməsi, doğrudan da, Ocağın içində səmimi, doğruçu yeniliyə sevgi, sevinc, ümid yaradır. Ona görə deyrəm, hər birinizin varlığınız qutsaldır, Asif Atanın varlığını ifadə edir. Asif Atanın gələcəyə doğru söylədiyi ümidləri doğruldur.
Günev Atalı: Bu gün bizim bir araya gəlməyimizdən insan iftixar hissi keçirir, insanın içində çox gözəl ülvi duyğular yaranır. Özümü dünyanın ən yüksək, ən əlçatmaz məqamında hiss edirəm. İftixar hissi insanın içini necə də böyüdür, İnsan özünü, öz varlığının nə olduğunu qiymətləndirir. Hansı işin peşində hansı fərəhlə irəlilədiyini anlayır. Belə əhvallara biz tədbirlərimizdə, mərasimlərimizdə daha çox köklənirik. Yaşasın Ata! Var olsun Ocağımız!
“Şərqilik üstə Mütləqlə Təmas”ı Güntay Atalı deyir.
Soylu Atalı: Şərqləşin, Şərqləşdirin!
Hamı “Şərqə and olsun, Şərqiliyə qulluq edəcəyəm” deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Tədbir sona yetir.
Ata Ayı, 42-ci il.