Xəbərlər

Qutsal “Xəlqilik” Bayramı

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 Qutsal “Xəlqilik” Bayramı

Ocaq Günsırası ilə 13 Şölə Ayında Asif Atanın Mütləqə İnam Ocağı qutsal “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə tonqal qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü ruhsal söz dedi. Bayram quralları yerinə yetirildikdən sonra Soylu Atalı sözünü davam elədi: Qutsal Günümüzə başlayırıq. Günümüz bayram adlansa da, onun başlıca anlamı törəndir. Çünkü Günün bütün anlamı Yüksək sözdür, ruhsal sözdür. İndi Ocaqda ölənlərimizin adını anırıq: Sabahlı, Amaltay, Bağban bizimlədir. Onlar daim Ocaq tarixində var olacaqlar.

Biz bayramı niyə keçiririk, biz niyə Ocaq oluruq, biz niyə tədbirlərdə söz deyirik, buna ömür ayırırıq, başqa sözlə, ömrümüzü belə bir işə yönəldirik?! Çünkü dünyanın gedişi, nizamı, varlığı insanın münasibətinə bağlıdır. İnsanın münasibəti Məna üstə olarsa, dünyanın gedişi gözəl olar. İnsanın münasibəti məna üstə olmazsa, onda dünyanın gedişi əyilər. İnsanın insana münasibəti pozulub sıradan çıxar. Bu gün biz belə bir qorxu qarşısındayıq, millət olaraq, insan olaraq. İnsanlığın qorxu qarşısında olduğu bir durumu yaşayırıq. İnsanın özünə münasibəti o qədər aşağıdır, bu aşağı münasibətlə heç nə nizam tapmır. Biz ona görə Ocaq oluruq. Ocaq oluruq ki, insanın mənasını özünə tanıdaq. Tanıdaq ki, o, öz növündən olanlarla birgə yaşadığı ortamı xalq, millət ortamına çevirsin. Millət kimi formalaşsın, millət kimi özünü dərk eləsin.

 

Dediyim kimi, millət kimi özünü dərk eləmək üçün, insan kimi özünü dərk eləmək gərəkdir. Millət İnsan kimi öz mənasına, anlamına bərabər yaşamalıdır. Bunu istəyirik. Biz insanı mücərrəd göylərin ümidinə buraxmırıq. Biz insanı mücərrəd gələcəyin ixtiyarına buraxmırıq. Yalanın ixtiyarına buraxmırıq. İnsana yalandan axirət vəd eləmirik. İnsana yalandan axirət vəd eləyirsən, o bu həyatı unudur, bu həyatla uğraşmır. Bu həyat fanidir deyir. Əgər bu həyat fanidirsə, onda bu həyatla uğraşmayacaqsan, bu həyatın gözəlliyi haqqında düşünməyəcəksən. Baxın, dinlərə üz tutan insanlar ikiüzlü yaşayırlar, saxta yaşayırlar. Guya onların Allaha sağlam münasibəti var. Yoxdur! Özlərinə gərək olan şeyi umurlar Allahdan. Rahatlıq istəyirlər, axirət istəyirlər. Cənnət istəyirlər, kef istəyirlər. Həyatı gözəlləşdirmək istəmirlər. İçində düşünür, nəyimə gərəkdir. Üzünü o yana tutan kimi gedir oğurluq edir. Əgər o Allaha inansaydı, oğurluq eləməzdi axı. Düşünərdi, Allah bunu görür. Mənim mənəviyyatımda oturan Allah bunu görür. O inanmr Allaha, ona görə oğurluq, əyrilik eləyir. Yalançı ibadətlərlə Allaha inam doğrulmaz. Yalançı münasibətlərlə ruhaniyyat yaranmaz. Yaranmır da. Saxtakarlıq baş alıb gedir. Ona görə həyat qan-qada gölünə çevrilib. Əsas odur, bu anda qazanım, nəyimə gərəkdir Allah. Nəyimə gərəkdir inam. Nəyimə gərəkdir vicdan. Əyrilik, oğurluq edib Allaha and içir, elədiyini danır. İnandırmaq üçün bir az da qabağa gedir. Tutduğu oruca, qıldığı namaza, nə bilim daha nəyə and içir, dəridən-qabıqdan, hoqqadan çıxır, yalanına kimisə inandırsın. Yalanını doğru kimi göstərsin.

Həyat saxtadır, ona görə insanın anlamını ona açıb göstərmək gərəkdir. Semit dünyagörüşləri bunu eləmir. İnsanı özünə tanıtmırlar. İnsana bəndə deyəndə insan dönüb kamil ola bilməz axı. Bəndə qul deməkdir. Qul psixologiyası aşılayırlar ona. İnsana qul psixologiyası aşılamaq olmaz. Ona başa salmaq gərəkdir, sənin içində İnsanlıq adlı məna var. İnsanlıq böyük bir olaydır. Mütləqin bir çalarıdır. Allahın özüdür insanlıq. Çünkü İnsanlıqda ədalət var, xeyirxahlıq var, mərhəmət var, uca münasibətlər var. Bu, Allahın (Mütləqin) keyfiyyətləridir. Daşımırsan onu. Yaşamırsan onu. Ona görə xalq yaranmır. Xalq özünü tanıyan, özünü dərk eləyən insanlardan yaranar. Mənasına çatan, mənası üstə yaşayan insanlardan yaranar.

 

Bizim bir ortamımız var – Ocaq ortamımız. Nə qədər həyat bayağı olursa olsun, nə qədər qarışıqlıq olursa olsun, nə qədər əyrilik olursa olsun, içimdə bir nikbinlik var. Mən düşünürəm, dünya nə qədər əyri olsa da, mənimlə yol gedən dönüklük eləməz. Aldatmaz, yalançılıq eləməz, mənə vəd verib məni aldatmaz. İnanıram, bu inamla yaşayıram. Həyatda bu inam yoxdur. Toplumda yoxdur bu inam. Qohumuna, atasına, anasına, bacısına inanmır, güvənmir. O, buna vəd verər, əməl eləyər. O, bunu aldatmaz. Yalan danışmaz. İkiüzlülük eləməz, əyrilik eləməz. Başqasının malına göz dikməz. Başqasının həyatına əl soxmaz. Bunlara inanmır. Elə bir güvənc yoxdur. Güvənci ruhaniyyat yaradır. Ruhaniyyat İnsanlığın qanunlarıyla yaşamaq deməkdir. İnsanlığın qanunlarını içində yaşatmaq deməkdir. Əməlində yaşatmaq deməkdir. Ona görə biz xalqın içində belə bir İdeya Ocağı qalayırıq. Belə bir düşüncə Ocağı qalayırıq. Belə bir düşüncə oxulu yaradırıq. Bunun harayını çəkirik. Bunun sözünü deyirik, hər yerdə. Deyirik, xalqın qulağı bununla dolsun. Haçağ dolacaq? Bunun üçün çalışmaq gərəkdir. Əgər hər şey bir dəfə söz deməklə düzəlsəydi, onda həyat bunca mürəkkəb olmazdı. Sən öz evinin içindəkinə sıradan bir sözü on dəfə deyirsən, on birinci dəfə qanır. O ki qala topluma ruhsal söz deyəsən.

Toplum əyri yaşamaqdan usanmır, çünkü onun içində ruhaniyyat əyilib. Tanrısal sistem əyilib. Ona görə əyri yaşamaqdan usanmır. Toplumun içindən də onun qədrini bilən, insanlığı tanıyan, özünü dərk edən, özünü bilən insanlar qalxır, onlar da toplumu doğruluğa çağırmaqdan usanmır. Qədimdə də belə olub. Ruhaniyyat adamları, sufilər, ideya adamları insanları çağırmaqdan usanmayıblar. Çox çağırıblar, az yetiblər, ancaq çağırıblar. Beləliklə, həyat, yaşam, tam olmasa da, bəlli bir səviyyədə ruhaniyyatın nizamıyla qorunur. Birgəyaşayış başqa şeylə qorunmur. Biz bunu dönə-dönə vurğu eləyirik. Əgər xalqın içində onun qədrini bilən, insanlığın qədrini bilən, vicdanını tanıyan, ləyaqətini qoruyan, içində Allahı, yəni Mütləqi dərk edən insanlar yetişərsə, yaranarsa, onların qurduğu ortam oxul olar. Bu oxul xalqın içində yeni amal yaradar. Xalqın başına, dövlətinə bu oxulun tərbiyə verdikləri gələ bilər. O oxulun tərbiyə verdikləri gəlməsə, dövlətin başı da, yasaları da düzələn deyil. Çünkü hər şeyi həll edən İnsanlıqdır. Pul həll eləmir. Deyirlər hər şeyi pul həll edir (belə bir deyim var), yalandır, pul əyri həll edir. İnsanlığı öldürüb həll edir. Bir də, o pul hamıda yoxdur axı. Ancaq insanlıq hamıda var. Yetər, hamı onu özündə görsün, dərk eləsin, anlasın. Ona yetsin. Ona görə İnsanlığı tanıtmaq gərəkdir. Pulun gücünü, hökmünü tanıdırlar. Ona boyun əydirirlər toplumu. İnsanlığın hökmünü tanıtmaq gərəkdir. İnsanlığın gözəlliyini tanıtmq gərəkdir insanlara. Onda sənin xalqının içində, onun qədrini bilən oğullar, qızlar yetişər. Onda dövlətinin başına da onlardan gələr. Onlar dövləti adam kimi yönətər, talamazlar.

İnsanlıq öldüyünə görə talanır həyatımız, dövlətimiz, varlığımız. Bax, Asif Atanın yaratdığı dünyabaxış bu dərəcədə gözəl bir anlam daşıyır. Xalqyaratma anlamı daşıyır. Biz də bugünkü törənimizin adına Xəlqilik bayramı deyirik. Beş-üç adamın ağlına, ürəyinə yazırıq. Getdikcə daha çox insanların ağlına, ürəyinə yazmaq istəyirik. Gələcəkdə bu, bütövlükdə xalqın bayramına çevriləcək. Bütün törənlər belə yaranır. Yəni ruhsal bayramları deyirəm. Üç-beş adamın arasında, ağlında formalaşır, zaman-zaman bütöv xalqı qapsayır. Aşama-aşama gedir.

Bizim işimiz xalqyaratma işidir. Yenə deyirəm, nə qədər gözəl bir nikbinlik var. Amaldaşımın yalanı olacağına inanmıram. Amaldaşımın əyri olacağına inanmıram. Ən az Ocaqlaşan insanın belə, ən azından Ocaq ölçüsü ilə düşünüb əməl eləməsi tələbi var. Nə qədər Ocaqdadır, o ölçüdən qırağa çıxmamaq halı var içində. Tam əyilməz, tam əyrilməz. Tam yalanlaşa bilməz o, arada-bərədə yanlışlar eləsə də. Ancaq Ocaqdan qopdun, qıraqda qaldınsa, onda nə baş verir? Onda bütün ölçülər sənin üçün itir. Bu vaxta qədər gözəl bir ölçü var idi sənin üçün. İnam inamına, içində halına çevrilmişdi. Duyğularına çevrilmişdi. Birdən-birə ondan qıraqda qalsan, için əyilir. Toplum üçün yenə, pis-yaxşı, bir tərbiyə var. Arada ayıb edə bilir. Ancaq gəlib böyük ölçünü tapırsan, sonra da ondan ayrılırsan, hər şey sənin üçün adiləşir. O insan daha betər geri mənəviyyatlı ola bilir. Ona görə Ocaq aqibəti yaşamaq qədər qutsal bir yön yoxdur. İdeya ilə aldanmırsan. Sənin ağlının bütün olanaqları üzə çıxır. Mənəviyyatının olanaqlarını üzə çıxardır.

Ancaq bilin, adi də olsa, bir misal çəkim sizə. Birinin maşını işə düşməz. Durub onu kəndirlə bağlayarsan öz maşınının arxasına, sürüyərsən. O da səninlə bir yerdə gedəcək. Ancaq bir yerə qədərdir bu yeriş. Sən əbədi onu sürüyə bilməzsən. Ruhaniyyat yolunu anlamaq üçün bu tutuşdurmanı aparıram, ruhaniyyat yolu Əbədi yoldur. Sən bir adamı həmişəlik sürüyə bilməzsən. Axır onun içində bir təpər olub özü işə düşməlidir. Maşını itələyirlər, özü işə düşənə kimi.

Bax, ideya, əqidə adamı olmaq budur. Sənə təkan verilir, sənin için işə düşsün. Heç kim əbədi sürüməyəcək dalınca. Səni illərlə sürüyə bilər. Ancaq yenə də sənin özün içində qurulmasan, içində formalaşmasan, illərin bir ilində, sürünüb-sürünüb dayanacaqsan. Çox böyük məsələdir ruhaniyyat məsələsi, insan öz içindən formalaşsın gərək. İçindən yaransın, işıqlansın. Qıraqdan təkan yenə olsun. Ancaq o təkan sənin öz içini əvəz eləmir. Bax, belə böyük bir aqibət bizim qarşımıza çıxıb. Bizə belə bir gözəl aqibət yaşamaq vəd olunur. Anlamımıza tən yaşamaq vəd olunur. Bizə başqa şey vəd olunmur burda. Bizə ruzi-bərəkət vəd olunmur. Ruzi-bərəkəti mən əlimin əməyiylə, içimin təpəriylə əldə edə bilərəm. Bizə böyük mənəviyyat olanaqları vəd olunur, sənin içində o var. Onu üzə çıxar, onu yaşat. Belə bir gözəl anlamlı böyük bir işin qurucularıyıq, daşıyıcılarıyıq. Bununla qürur duymaq, fərəhlənmək gərək.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atanmız Var olsun!

Atamızın bayrağını öpürəm.

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Bayramımız qutlu olsun. Hər bir tədbirimiz bizim özümüzə hava-su kimi gərəkdir. Biz bununla nəfəs alırıq. Biz Ocaq tədbirləriylə ömrümüzü qururuq. Halımızı kökləyirik. Bu hamımız üçün belədir. Mənim üçün də özəllikcə. Ocaq ideyalarının dərinliyə daha da kök atmasını görürəm. Önəmli olan budur. Hər bir bireyin ömründə milli-insani keyfiyyətlər var. Hər bir bireyin həm xalqdan aldığı var, həm də xalqa verəcəyi var. Söz yox, o ömrünü nə qədər qurursa, nə qədər keyfiyyətlər aşkarlayırsa, onu verir xalqa. Ancaq bir insanın indiki dövrdə, indiki zamanda xalqdan aldığı nə qədərdir? Xalqın durumu çətindir…

 

Soylu Atalı: Günev bölgədə tədbirlərə gedir. O gün yenə gedibdir. Özləri xahiş edib, yas yerində, söz de. Baxın, Günev Ocaq ortamının böyütdüyü, ortaya çıxartdığı kişidir. Altmış neçə yaşlı bir kişidir. Günev, belə götürəndə, yüksək təhsil də görməyib. Bir Günevin, bu ortamda əldə elədiyi, bir dənə cümləsini ora yığışan insanların heç biri demir, deyə bilmir. Hamısı bir yerdə deyə bilmir. Ona görə bunun sözünə böyük ehtiyacları var. Böyük istəklə də dinləyiblər. Dinləyirlər. Çünkü yenə deyirəm, bir adamın dediyi bir cümləni onların hamısı bir yerdə deyə bilmir. Bax, ona görə xalqın içində, beş adam, on, əlli, yüz adam, ayrı-ayrı bölgələrdə, sən şəxsiyyətini yarat, hər bir şəxsiyyətin, xalqın içindəki sayın onlarca, yüzlərcə adamına, öyrətmənlik eləmək olanağı olur. Ona yol göstərmək, ona ağsaqqallıq eləmək, müdriklik eləmək olanağı yaranır. Oxula çevrilir. Çox böyük məsələdir. Çünkü heç kim bu gün, bizdən qıraqda, bu cür stol başına yığışıb İnsanlığın bayrağı altında söz demir. Yığılan araq süfrəsinin başına yığılır. Demirəm yemə-içmə. Ancaq sənin ömrünün mənası yemək-içməkdən başqa bir şeyə getməyirsə yaşamırsan. Axı yemək-içmək bir məqamdır. Məqamdan artıq olmaq gərəkdir. Ona görə ruhaniyyat oxulu keçmək ayrı şeydir. Milyonlarla müsəlman var. Milyonlarla xristian var. Göstərin o müsəlmanları, o xristianları, o buddistləri, belə bir oxul keçirlər. Keçmirlər. Anlamsız ibadət edirlər. Anlamsız ibadət nə verir o yığışanlara? Qaragüruh yaradır. İstər məsciddə, istər sinaqoqda, istər kilsədə, fərq eləməz. Bəşəriyyət belə bir qaragünlü durumdadır.

Nurtəkin Atalı: Hər bir insanın xalqdan aldığı azdır, xalq Avropaçılığa, İrançılığa, qıraq etkilərə o qədər uğrayıb, özü də özünün kökündən, mədəniyyətindən, dəyərlərindən çox uzağa düşüb. Ata bizə deyir, özünü, qur, yarat, özünü xalqa ver. Özünü qurub xalqa verirsənsə, xalqı qurursan. Yəni mənim gələcəyim xalqla bağlıdır. Mən xalqı qurmasam, gələcəyim yoxdur. Mənim soyumun da gələcəyi yoxdur. Düşünürəm, Ata olmasaydı, məndə milli keyfiyyətlər oyanardımı? Mən Ocaqda özümün milliliyimi tapdım. Milliliyimi yaratdım. Ocaqdan qıraqda milliliyim də yox idi. Şəxsiyyət kimi özümü qurmaq xəyalım belə yox idi. Ata bizə deyir, özünü qur, özünü xalqa ver. Bu, sənin qutsal borcundur. İnsanın özünü qurması xalqla, bəşərlə o qədər bağlıdır, bunun dərinliyinə vardıqca varırsan. Dərinliyinə, ucalığına gedib sona çatmırsan. Atanın bu ideyaları ömrünə necə sığışdırması haqqında düşünəndə heyrətə gəlirəm. Bir insan özünü necə qurur, xalqa verir. Xalqın ona verdiyindən daha çox verir. Bəşərin ona verdiyindən daha çox verir.

Mənim ömrümün mənası var. Mənim ömrümün mənası bu xalqın qurulmasıdır.

Bayramımız qutlu olsun!

Atamız Var olsun!

 

Soylu Atalı: İndiyə qədər yaşadıqların, qurduqların sənin ömrünün qurulmasıdır. Səndən so­ruşsalar ömründən məna göstər, onları göstərəcəksən. İndiyə qədərki yaşantılarını, gördüyün işləri, uca əməllərini göstərəcəksən. Yörəndəkilərə desən, ömründən bir məna göstər, göstər­məyəcək, göstərə bilməyəcək. Demirəm hamı sənin kimi yüksək Amalla yaşamalıdır, ancaq hamı ideyanın işığında, özünəxas, ömründəkiləri üzə çıxarmalıdır. Ortam ondan ötrü yaranır. Sən ömür yaratmasan, xəlqi yöndə iş görə bilməyəcəksən. Azərbaycan telekanallarında göstərilən simasız adamlar, o cür bayağı ömür yaşayanlar elə bilirlər xalqa qulluq edirlər. Onlar üçün xalqa qulluq əyləncədən oluşur.

Ancaq sənin yaşadığın bir ömür xalqın gələcəyinə bir ölçü hazırlayır. Asif Ata bunu bizim çağımızda başlayıb. Biz içimizdə yol keçib bir yerə gəlib çıxırıq. Asif Ata bunu 100 il bundan qabaq başlasaydı, bizim üçün çətin çabalar olmayacaqdı. Xalqın içində oturuşa-oturuşa gəlir, ortama çevrilir.

Bəzən sosial şəbəkələrdə, adamlar statuslarında, bizim düşüncələrimizi öz adından yazırlar. Bu da bir aşamadır. Öncə söz kimi deyirlər, özünü göstərmək, özünü ifadə eləmək açısından. Zaman-zaman qaçılmaz olaraq ömrünə oturacaq. Ömürlərində özünü göstərməyə başlayacaq. Çünkü bu elə bir sözdür, həmişə boğazdan yuxarı deyə bilməzsən. Əzbərləyib boğazdan yuxarı deyə bilməzsən. Ləyaqət qoymalısan ortaya. Bu açıdan biz, sözümüzü təkcə bugünkü çoxluğa hesablamalı deyilik, gələcəyə hesablamalıyıq.

Güntay Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Mən hardasa 5-6 gün öncə Ata haqqında düşünürdüm, onun yaratdığı bayramları ağlımdan keçirirdim. Ata bayramlar yaradıb insanın həyatına sunur. O, insanı göründüyünə bərabər götürmür. Ata onun ruhsal mahiyyətinə inanır. Onda olan fəzilətləri görür. İnanır o fəzilətlərə, gözəlliklərə. Eləcə də Xəlqilik Bayramı. Yenə insandan qıraqda deyil. Yenə insanın mahiyyətində olan gözəlliklər. Xalq insanın cəmindən yox, insanın ruhsal keyfiyyətlərindən yaranır. Yenə mərkəzdə insan. Eləcə də Şərqilik Bayramı. Şərqin gözəl gələnəklərinə üz tutmaq, göründüyü kimi deyil, olduğu kimi mahiyyətini dünyaya sunmaq, insana sunmaq, insana tanıtmaq. İnsan dünyanın batısında, ya doğusunda yaşasın, fəqri yoxdur. Bəşər övladıdır. Hər biri, insanın həyatını daim ideala doğru ucaldan, daim ideala doğru yönəldən olaylardır bayramlar. Atanın insana sunduğu bayramlar.

Bu xalq ağgünlüdür, Asif Ata onun bağrından qopdu. Mahiyyətindən yarandı. Asif Ata bu xalqın soyundan, kökündən gələn sözün təsdiqi oldu. Düşüncənin, ideyanın təsdiqi oldu. Nə qədər düşüncə, ideya dağınıqlara uğradılsa da, Asif Ata onu durultdu, yeni üstün aşamaya qaldırdı. Belə bir oxulu görməzdən gəlmək olmaz. Bu oxulu görmək hər kəsin borcudur. İnam elə bir məsələdir, onun nə dərəcədə çətlinliklə oturuşduğunu ağlımız kəsir, hansı işin peşində olduğumuzu da ağlımız kəsir. Bu ötəri bir məsələ deyil. Atamız Var olsun!

Ulusəs Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Anlamca bu bəşəriyyətin bayramıdır. Biz gələcəyə hesablayırıq hər şeyi. Bu bayram gələcəyin bayramıdır. İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik Bayramı. Bunu heç kəs bu günə qədər gündəmə qoymayıb. Adlarını çəkmək istəmirəm hansı bayramları keçirirlər. Ölkələr Müstəqillik bayramını keçirirlər. Siyasi bayramlar keçirirlər. Bunlar bizim işimiz deyil. Bizim işimiz bəşəriliyə, insanlığa qulluq edən bayramları gündəmə çıxartmaq, onu gələcək üçün hazırlamaqdır. Məsələn, İnsanilik Bayramı, hər şey insandan başlayır. Sonra Xəlqilik Bayramı. Yəni millilik bayram. İnsan hər şeyin başlanğıcıdır. Sonra insanda milli xüsusiyyətlər ortaya çıxır. Bu milli xüsusiyyəti təsəvvürümdə insanın üzünün cizgiləri kimi görürəm. İnsanın milli xüsusiyyəti olmayanda, onun cizgiləri də görünmür. İnsanların yaratdığı, toplumların yaratdığı nə varsa, gələnəklər, dəyərlər, insanı yaşadan dəyərlərdir. Bunlar onun milliliyini təyin edir. Çağdaş dünya başqalarının milliliyini qəbul eləmir. İnsanın özümlüyünü qəbul eləmir. İnsanın özümlüyünü qəbul eləməmək milliliyi qəbul eləməməkdir. Asif Ata elə bir dünyabaxış yaradıb, burda millilik əsas rol oynayır.

Ağalıq dünyası yaradıblar, ağalıq dünyasında yaşamaq yönü götürüblər. Ona görə milliliyi rədd edirlər. Ancaq nə qədər insansız yaşayacaqlar, nə qədər millətsizlik yolu ilə yaşayacaqlar?! Bizim yolumuz öz yerini tapacaq. Bu yaşam gec-tez sonuc verəcək. Bir var insan adi həyatı yaşayır, bir də var, ortaya nəsə qoyur. Asif Atanın yaratdığı bu dünyabaxış İnsanlığın ortaya qoyduğu bir uğurdur. Bu uğur bəşəriyyətə yansıyacaqdır.

Soylu Atalı: Biz bəlli bir anlama yetiriksə, o anlam üstə yaşam bizim üçün normaya çevrilir. Biri alverlə uğraşır. Bu onun üçün normaya çevrilir. Kim ömründə nəyi yaşadırsa, onu özü üçün normaya çevirir. Bizim də İnsanlıq tələbləri üstə yaşa­mağımız normaya çevrilir. Biz deyirik, bu, xalqda ölçüyə çevrilsin. Çabalarımız odur, xalqda ölçüyə çevrilsin. Çünkü xalqda həyat çox yeknəsəqdir. Xalq öz mənasına zidd yaşayır. İkinci bir yandan, biz nəyi görəcəyik, nəyi görməyəcəyik. Biz bu gün yaşadıqlarımızı görürük, xalqa hesabladığımız, xalqa sunduğumuz, xalqa önərdiyimiz bir şeyləri özümüz yaşayırıq. Bunun nəyini görüm mən. Tutalım 100 il bundan sonra, xalqın yetəcəyi bir normanı, sən bu gün yaşayırsan. Mənim üçün görmək budur. Mən həqiqətən heç ağlımdan keçirmirəm, görəsən mən nəyi görəcəm, nəyi görməyəcəm. Mənə qıraqda bəzən sual verirlər, Soylu bəy, siz səmimiyyətlə inanırsınız, xalqda dedikləriniz oturuşacaq? Deyirəm, əlbəttə inanıram. İnanmasam zəhmət çəkmərəm ki. İkinci, niyə inanmayım ki. Xalq məndən əksikdir?! Məndə nələrsə alınırsa, başqasında ola bilməz? Mən bu xalqın evladıyam axı. Biz indi hər şeyin üstündən xətt çəkə bilmərik ki. Qədimdə də belə insanlar olub axı. Qədimdə də xalqın içində dəyərləri yaşadanlar olub. Biz tonqal qalayıb dəyərlərdən danışırıq. Tonqal hardan gəlir? Göydən düşmədi ki. Xalqın içində ayrı-ayrı oğulların düşüncəsində yaranıb, sonra xalqın əməlinə çevrilib. Xalqın yaşamına girib.

Biz demirik toplumda alver aradan qalxacaq. Biz demirik, yüksək ideallar, körpədən tutmuş qocaya qədər, hamının həyatında oturacaq. Ancaq hamı öz həyatını, doğulduğu andan öldüyü ana qədər, bu ölçülərlə yönətəcək, bu ölçülərlə davranmaq gələnəyini yaşadacaq. Biz onu istyəyirik. Yəni İnsanlılğın ölçüləriylə yaşayacaqlar. Bunlar qaçılmaz sürəclərdir.

Pərviz bəy: Bura təmiz insalar yığılıb. Mən bu insanların təmizliyinə, millətsevərliyinə bağlıyam. Uğurlar olsun.

Soylu Atalı: İndi tədbiri sonlandıracaq quralları yerinə yetirək.

Bayram üstə “Xəlqilik” Şərqisini Soylu Atalı oxudu.

Bayramüstə Mütləqlə Təması Göylü söylədi.

Ocaq Yükümlüsü Atanın çağırışını dedi: “Xalqlaşın – Xalqlaşdırın!”,

hamı:”Xalqa and olsun Xəlqilyə qulluq edəcəm dedi.

Sonra Bayram süfrəsində doğmalaşma yönündən söhbətlər oldu.

 

Şölə Ayı, 40-cı il Atakənd.

(iyun, 2018. Bakı.)

 

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir