Xəbərlər

Qutsal Xəlqilik Bayramı

Ocaq Günsırası ilə 13 Şölə Ayı, 43-cü ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramını keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq – Asif Atanın “Mütləqə İnam” Ocağının Xəlqilik Bayramını keçiririk. Tarix üçün xatırlatmaq istəyirəm: Ocaq bayramları Asif Atanın ölümündən sonra keçirilməyə başlamışdır. Ən çox biz daha çox bayramları mərasim olaraq, məzmun olaraq ifadə eləmişik. Hər dəfə çalarları təkrarlamaq istəmirəm. Söz yox, bayramın adı bayramdır. Bayramda bədii hissə olmalıdır. Bayramda musiqi olmalıdır, rəqs də ola bilər, süfrə də ola bilər. Bunlara qarşı deyilik. Bunları bu gün gerçəkləşdirmək olanağımız olmadığı üçün bayramın mərasim hissəsini keçiririk, söz deyirik. Ocaq mərasimlərindən özəl olaraq fərqlənmir. Fərqlənməsə də biz bunu keçiririk, keçirməliyik. Hər dəfə, hər il mən vurğu eləmişəm, bayram nə deməkdir, bayram bizə nəyi xatırladır, nəyi öyrədir. Məsələn, biz Novruz bayramı keçiririk, bir millət olaraq. Novruz bayramında bizim lap qədimdən gələn milli gələnəklərimizi yaşatmış oluruq, yaşadırıq. Bəs bu milli gələnək bizə nə deyir, nə verir? Biz çərşənbə keçiririk, dörd çərşənbəni bayram edirik, evdə hər birinə süfrə açırıq, şirniyyat hazırlayırıq. Bunlar xalqın keçmişindən bu gününə, bu günündən də gələcəyə ötürülən, həm mənəviyyat ifadəsi, həm məişət ifadəsi olaraq, bir mədəniyyət göstərişidir. Xalq öz mədəniyyətinin ayrı-ayrı atributlarını düşünüb, yeniləyib, yaradıb, bəzən yaxşı yaradıb, bəzən pis yaradıb. Söhbət təkcə bizim xalqdan getmir. Bəzən görürsən xalq, məzmunu insana özgün olmayan bayramlar da düşünüb həyata keçirib. Hər halda, bayram xalqa onun doğru gələnəklərini düşünmək, yaşatmaq, sevmək ləyaqətini öyrədir. Bayram budur. Bizim çox qədimlərdə böyük dəyərlərimiz olub. Deyək ki, Dədə Qorqud dönəmində xalqın məişətini, ilişkilərini, insani münasibətləri, başqa çalarları ifadə eləyən gələnəklər yaranıb. Onun yaxşı cəhətləri zaman-zaman xalqın şüurunda bu günə qədər gəlib çıxıb. Hər şey yenilənir, qədimdə olanlardan da yeniliyə uyğun nə varsa, o yeniliyin içinə qatılır. Xəmirə necə duz qatılırsa, xalqın keçmişində olan uca dəyərlərinin məzmunu yeniliyin mayasına qatılır. Bu gün biz də deyirik bayram keçiririk, bu bayramı Asif Ata yaradıb. Bu bayramlar niyə yarandı, necə yarandı, gərəkdirmi, zaman-zaman buna yönəlik söz demişik. Fəsildə bir bayram keçiririk. Hər fəsildə keçirilən bayramın da öz məzmunu, öz anlamı var. İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik. İndi biz Xəlqilik Bayramının məzmunundan danışırıq. Hər şey xalqın ağlına, şüuruna, düşüncəsinə fəlsəfi kitablarla getmir. Fəlsəfi kitablar, bədii kitablar işin əsas strukturunu yaradır, prinsipləri, ideyaları yaradır, ortaya qoyur. Onun gerçəkləşmə biçimləri var. Gerçəkləşmə biçimlərindən biri də bayramdır. Xalqın tarixində, mahiyyətində uca keyfiyyətlər nə varsa, o fərddə davam eləməlidir, fərddə aşkarlanmalıdır, fərddə yenilənməlidir. O, bayram olunmalıdır. Biz bəzi doktrinalara qarşıyıq, Ocaq olaraq semit dinlərinə qarşıyıq. Çünkü xalqın yaranmasına əngəl olurlar. Necə əngəl olduğunu zaman-zaman demişik, yazmışıq, ifadə eləmişik. Yenə də bu bayramda ayrı-ayrı detallarına toxunmaq olar. Hər bir xalqın həyatında, özünüz bilirsiniz, dəfələrlə dövlətlər yaranıb, dağılıb. Yenisi yaranıb, o biri dağılıb. Niyə yaranıb-dağılır, çünkü dövlətin əsas yiyəsi olan, əsas bazası olan xalq yetişmir. Daha doğrusu, xalqın içində, yaşamında normal ölçü formalaşmır. Ona görə də zaman-zaman dəyişikliklər yaranır. Dəyişiklikləri həyata keçirmək üçün hərənin bir ideologiyası olur. Ən çox da burada çıxarılar əsas söz deyir. Bir qüvvənin bir çıxarı var, o tayfanın bir çıxarı var, başqa qəbilənin başqa çıxarı var. Hər bir qrup, qüvvə, tayfa öz çıxarlarını xalqdan yüksəyə qaldırır. Xalqı ən çox çıxarlarının yaşamasına tabe edir. Ona görə də dövlətlər dağılmağa məhkumdur. Xalqın içindən başqa qüvvələr də çıxacaq, deyəcək, niyə belədir. Ona görə Ata Uluyurd hərəkatında deyirdi – tayfaçılıqla mübarizə aparın. Deməli, nə qədər ki, xalq siyasi ideologiyalar əsəasında yönətiləcək, dediyimiz mənada dövlətin dağılması, parçalanması, dəyişilməsi qaçılmaz olacaq.

Yenilənmə olar, parçalanma, dağılma olmamalıdır. Əgər xalq varsa, onun dövləti dağılmamalıdır. Dövlətdə yenilənmələr getməlidir, hər çağın öz tələbləri formalaşır, nüfuz sayı artır, ona uyğun şəkildə də müsbət, pozitiv dəyişikliklər gedir. Dəyişikliklər ayrı şeydir. Ancaq dağılmalar getməsi başqadır. Bunların hamısı nədən yaranır, dediyim kimi, xalqın ləyaqəti çıxarlardan aşağıda tutulur. Xalq formalaşmır, xəlqi birlik yaranmır. İkincisi, biz semit dinlərinin adını çəkirik, bunlar da xalqın yaranmasına əngəl olur. Mən başqa ideyaların adını çəkmədən, başqa prinsiplərə toxunmadan bir şeyə vurğu eləmək istəyirəm. Dinə tapınan istənilən biri, məsələn, müsəlman öz çıxarını düşünür. Öz çıxarı nədir, əbədilik qazanmaq. Bəs əbədilik nədir, dinə görə fərd üçün əbədilik xalq deyil, cənnətdir. O öz əbədiliyini düşünür, əbədiliyini də cismani əbədilik olaraq düşünür ki, cənnətə gedib əbədi yaşamalıdır. Allah qatında mövcud olmalıdır. Ancaq Allah qatına yüksəlmir o. O, bir növ Allahın mərhəmətinə küsənir. Özü Allah qatına yüksəlmir. Yerdə onu edim, bunu edim, ibadət edim, Allah mənə mərhəmət göstərib öz qatında, yəni cənnətdə yer ayırsın. Cənnət Allahın qatı sayılır. Bəs cənnət nədir – həzdir, kefdir, zəhmətsiz, əzabsız ünvandır. İnsan oraya can atır, öz həzzini düşünür, xalqı düşünmür. Din insana bu şüuru verir, xalqı düşünmək şüurunu vermir. İnsan öz “əbədi həyat”ının peşindədir. Cənnət adlanan əbədi həyat, yenə də deyirəm, cismani həyatdır. Birincisi, əbədi cismanilik yoxdur, bu avantüradır. Heç bir insan, cisim, maddə əbədi deyil. Əbədi olan insanda insandan artıq olan məsələdir. Səndə əbədi olan insani keyfiyyətlərindir, mənəviyyatındır, idrakındır, düşüncəndir, quruculuğundur, yaradıcılığındır. Bunlar hamısı xalqın həyatına köçür, xalqın həyatında var olur. Sənin əbədiliyin xalqdır, fərd ölür, xalq ölmür. Biz özümüzün mənəviyyatımızı, düşüncəmizi, ləyaqətimizi, yaradıcılığımızı, nəyimiz varsa, xalqa veririk. Ona görə biz deyirik, xalqın səviyyəsi yüksək olmalıdır ki, mən o yüksək səviyyəli xalqda var olum. Aşağı səviyyəli, anarxiya səviyyəli bir toplumun içində var ola bilmirsən. Sənə insani münasibət yoxdur, sayğı yoxdur, sevgi yoxdur. Anarxiya var, özbaşınalıq var, dağınıqlıq var. Söz yox, hər bir xalq fərddən başlayır. Fərd ömrü kamil olmalıdır, fərd ömrü uca olmalıdır ki, onun təmsil elədiyi xalq uca olsun. Mücərrəd xalq yoxdur. Xalq bizik, ancaq xalq da bizdə sonuclanmır. Xalq həm də bizdən öncəkilərdir, bizdən sonrakılardır. Xalq doğuluşla, yaranışla yenilənir. Köhnəlmir. Köhnəlmək başa çatmaq olardı. Nə ilə yenilənir – fərdləri ilə. Biri var fiziki yenilənmək, biri var mənəvi yenilənmək. Xalq həm fiziki yenilənir, həm də mənəvi yenilənməlidir. Deyək, bizdən öncəki babalarımızın daşıdığı uca keyfiyyətləri biz öz ömrümüzə gətiririk, onu yaşadırıq, inkişaf etdiririk. Xalq mənəvi olaraq belə yenilənir. Bizdən sonrakılar bizim mənəviyyatımızı, bizim ləyaqətimizi, bizim düşüncəmizi, ideyalarımızı, yaradıcılığımızı, hər şeyimizi götürüb ömrünə çevirir, düşüncəsinə çevirir, yaradıcılığına çevirir, həyatına çevirir, gələnəyinə çevirir, ölçüsünə çevirir, davam edir, yaşadır. Xalq mənəviyyatda yenilənir. Buna görə də biz deyirik, hər bir xalqın öz mövcudluğunu sürdürməsi üçün özündə bəlli bir insani ölçüsü olmalıdır. Bu ölçü keçmişindən gələcəyinə yenilənə-yenilənə gedir. Hər bir xalq özündə dəyərlərini yaratmalıdır, tanımalıdır. Bizim keçmişimizdə uca dəyərlərimiz var, şəxsiyyətlərimiz var, əgər biz onların qədrini bilmiriksə, bizim gələcəyimiz şərəfsiz olur. Biz bizdən öncəkilərin ləyaqətini qoruduğumuz dərəcədə, yaşatdığımız dərəcədə şərəflənirik. Bizdən sonrakılar da bizim ləyaqətimizi, milliliyimizi, kimliyimizi qoruduqları, yaşatdıqları üçün şərəflidirlər. Biz xalqda olan bu gələnəyi, bu ucalığı, dəyərləri, keyfiyyətləri yaşadaraq onun varlığını, əbədiliyini sözə çeviririk, onu bayram edirik, dəyərləndiririk. Xalqımızın bu gün durumu heç birimizi qane eləməsə də, xalq mənaca bu görünəndən artıqdır. Xalqın içində potensial olaraq böyük dəyərlər, şəxsiyyətlər var. Onun üzə çıxması gərəkdir. Babəklər yenə var, Nəsimilər yenə var xalqda. Üzə çıxmalıdır. Üzə çıxması üçün insanlarımız bunu dərk eləməlidir, xalqının dəyərlərini tanımalıdır, özündə aşkarlamalıdır bu keyfiyyətləri. Bunlar örnək məsələlərdir. Xalqın nəyi varsa, onu aşkarlayırıq şəxsimizdə, insanımızda. Bunun üçün çalışırıq, bunu yayırıq, bunu bayram edirik. Mücərrəd nağılları bayram eləmirik, mümkün olmayan şeyləri dilə gətirmirik. Xalqın içində olanların üzə çıxmasını istəyirik. Bunun üçün də onun özünü özünə tanıtmağa çalışırıq, keçmişin budur, dəyərin budur, mənəviyyatın budur, ideyan budur, inamın budur, şəxsiyyətin budur deyə tanıdırıq, ağlını böyüdürük, düşüncəsini böyüdürük. Bu tanıtdıqlarımızı da, uca bir hal olaraq, bayram edirik. Mənim sözüm bu qədər. İnternet üzərindən olduğuna görə çox da tutmaq istəmirəm. Gün o gün olsun, biz bayramlarımızı yenə də təbiətin qoynunda keçirə bilək. Gün o gün olsun, Beyləqana İnam Evinə gedək, orda keçirək. İndiyə qədər pandemiya bizə əngəl olub, bundan sonra görək nə əngəl olacaq. Hər halda, doğru addımlar atırıq, tələsmirik.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın bayrağını öpürəm.

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Bu gün müxtəlif yerlərdən səsimizi, sədamızı birləşdiririk, xalqımıza da, bəşərə də öz sözümüzü deyirik. Xəlqilik bayramı münasibəti ilə Asif Ata Ocağını qutlayıram, bütün xalqları qutlayıram, bütün bəşəriyyəti qutlayıram. Bu gün bizi eşitsələr də, eşitməsələr də. Eşitmək istəyən eşidir.

Xalqlaşmanın önəmini Asif Ata önə çəkdi, xalqlaşmanın əslində nə olduğunu, millətin, xalqın nə demək olduğunu da bəyan elədi. Hər hansı bir qədim toplum öz bəşəri, fitri keyfiyyətləri əsasında özünü yaradır. O ölçü ilə də toplum yaşayır. Bu, zaman-zaman bir dəyərə çevrilərək onu xalq olmaq halına gətirib çıxarır. Yəni bu keyfiyyətləri daşıyan filan xalqdır. Beləliklə, xalq təsdiq olunur. Sonra da yeniliklər yarada-yarada dəyərlərin gəlişməsini qurur. Bu xüsusda bir millət olaraq bizim payımız daha çoxdur. Həm bizim bəşərə verəcəyimiz dəyərlər açısından, həm də bizim özümüzün qəbul etdiyimiz gözəl insani keyfiyyətlərlə özümüzü yaratmağımız açısından. Bu gün xalqımız olmalı olduğu səviyyədən çox aşağıdır. Buna da səbəb bizim həmin keyfiyyətlərdən, həmin dəyərlərdən gen düşməyimizdir.

Qıraq etkilər gəldi, biz bəşəri keyfiyyətlərimizi unutduq, Babəkin kimliyini unutduq. Əslində deməzdim tamamilə unutduq. Unutduqsa, bu gün niyə meydandadır?! Bu gün barmaq sayda adamların təmsil elədiyi Asif Ata Ocağında ən yüksək zirvədə dayanır həmin keyfiyyətlər. Həmin keyfiyyətlər əsasında Ata “Mütləqə İnam” dünyabaxışını ortaya qoymaqla xalqın gəlişməsini qurmaq istəyir. İstər din, istər demokratiya, ya da başqa etkilər yerinə oturdularsa, xalq özünü tanıyarsa, öz keyfiyyətləri əsasında dövlət yaradarsa, xalq olaraq öz yolumuza düşərik. Bu bizim gələcəyimizdir, əslində bəşərin gələcəyidir. Çünkü xalqlaşmadan aşağı olan, xalqlaşma gələnəyini qura bilməyən bəşəriyyətdə bütün hər şey pozulub, xalqların var olması bu pozuntuları ortadan qaldırmalıdır.

Atamız Var olsun!

Bayrağımızı öpürəm.

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Xalq ona görə xalq olur ki, onun özünəxas dili, mədəniyyəti, tarixi, keçmişi, dəyərləri var. Bu özünəxaslıq xalqın üzüdür, onu tanıdandır. Dəyərlər olmasa, xalq özü-özünü, soydan-soya keçdikcə, tanıya bilməz, tanıda bilməz.

Bizim ruhani dəyərlərimiz – Zərdüştçülüyümüz, Babəkçiliyimiz, Dədə Qorqudluğumuz, Hürufiliyimiz, Füzuliliyimiz, Muğamlığımız, Sazlığımız xalqımızı yüzillərdən yüzillərə aparan dəyərlərdir.

Ata deyirdi, “Zərdüştlüyə çağırmırıq, Hürmüzd işığına çağırırıq.

Yurdumuza, Şərqilimizə, Dünyamıza Fərəh İnamı gərəkdir, Babək Ruhu gərəkdir.

Dədə Qorqud Dünyası gərəkdir. Ağsaqqallıqla Dünya bir olmuşdu, bu səbəbdən Dünya sanballıydı. Atasızlaşdı Dünya. İndi Atalıq dünyaya qayıtmalıdır. Dünya Atalığa çatmalıdır. Ağsaqqallıq Ağalığı əəvəz etməlidir.

Hürufilik – Azərbaycan Ruhunun Tarix üzərində üstünlüyü idi. Bugün – həmin ruhdan çox aşağıdır. Məqsəd – Üstünlüyümüzə çatmaqdır.

Füzuli Eşqi – Zərdüşt işığıdır. İnam səviyyəsində Aşiqliyimiz var – Zamandan üstün.

Muğam – İlahiliyə qovuşmaq Yoludur, Saz – Tanrıya qovuşmaq Yolu.

Hər ikisi xalq ruhunun ifadəsidir, xalq ruhunu yaşadanlardır”.

Bu dəyərlərlə biz özümüz oluruq. Gələcəyimizi qurmağımız bugünkü baxışımızdan, düşüncələrimizdən asılıdır.

Ata həm də deyirdi, türkün fəlakəti öz peyğəmbərinin olmaması, başqa peyğəmbərlərin arxasınca getməsi, özünü itirməsidir.

Ata İnamı türkü bu fəlakətdən çıxarır.

Mütləqə inanan insanlardan ibarət xalq yaratmaqdır məqsədimiz. Yüksək idraklı, mənəviyyatlı, iradəli insanlar olmaq, insanlar yetişdirməkdir məqsədimiz.

Nəyin əsasında birlik yaratmaq olar – İnamın əsasında. Dinin, xəlqiliyə zidd ideologiyaların, baxışların əsasında yox, Mütləqə İnamın əsasında. Atanın Xəlqi Birlik ideyasında da deyildiyi kimi – fərdi özünüidarə, Zəhmətkeş mülkiyyəti, Hakimiyyət əvəzinə Atalıq. Bu ideyayla yaranacaq xəlqi birlik.

Xəlqi Birlik yarandıqdan sonra Xalqlar birliyi yarana bilər.

Xəlqi Birlik yarandıqdan sonra Türk Birliyi yarana bilər.

Özünə gərək olduğun dərəcədə milllətə gərək olursan, bəşərə gərək olursan.

Özünü yaratdığın qədər millətə yarayırsan, bəşərə yarayırsan.

Atanın belə bir düşüncəsi də var: “İnam Azadlığı – Mütləqilik deməkdir. İdrak Azadlığı – Həqiqət deməkdir. Mənəviyyat Azadlığı – Kamillik deməkdir. İradə Azadlığı – Gerçəkliyi ötmək deməkdir.

Özünü yaradan, Aqibətini təsdiq edən Gerçəkliyi ötür”.

Zamanın, ortamın hər zaman etkisi vardır.

Ancaq İnam o etkini ötə bilir.

Atamız Var olsun!

Soylu Atalı: Xalq olmağın başlıca məsələsi insanın azadlığa yetməsi ilə, azadlığı dərk eləməsi ilə bağlıdır. İnsanlar hələ də azadlığın maddi firavanlığa bağlı olmadığını dərk eləmir. İnsanın azadlığı mənəvi boşluqlardan qurtarmağa bağlıdır. Nə qədər ki, insanın içində mənəvi boşluqlar hökm sürür, insan həmin boşluqlardan asılı duruma düşür. Həmin boşluqlara insana tamamilə tərs olan düşüncələr, ideyalar axıb dolur. İnsanı həmin yanlışlar yönətir (idarə edir). Ata ona görə həmişə azad iradə məsələsini vurğu edirdi, içində boşluq yaratma. Çünkü sən xalqı təmsil edirsən. Xalqı təmsil elədiyin dərəcədə özünə qarşı sorumlusan. Hər bir fərd sorumludur. Heç kim deməsin, yalnız toplumsal aktiv olanlar sorumludur. Elə deyil. Hər zaman tədbirlərdə, beşikbaşı mərasimlərində vurğu edirəm, evlənənlər nə baş verdiyini dərk eləməlidirlər. Ailə qurulması nə deməkdir, onu dərk etməlidirlər. Onlar xalqı davam edirlər, həm fiziki, həm də mənəvi. Onlar xalqın dəyərlərini öz balalarına ötürmək üçün, gələcəyə ötürmək üçün ailə qurur. Ailə təkcə iki fərdin bir-birinə qovuşması demək deyil. Xalqın davam eləməsi məsələsidir. Heyvanatdan xalq yaranmır, sürü olur. Xalq ailəni ona görə qurur ki, dünəndən, keçmişdən gələn qiymətli keyfiyyətləri, dəyərləri əmniyyətə versin, ötürsün. Ona görə deyirəm, hər bir fərd özü sorumludur. Hər bir fərd özü içdən azad olmalıdır. Cəfəngiyyatlardan azad olmalıdır, onun mənəviyyatı əsarətə götürülməsin. Hər cür eybəcərliklərdən azad olmalıdır, azad olmasa, çıxarlar xalqın varlığının üstünə çıxacaq, Xalq altda qalacaq. Ona görə dağınıqlıq yaranacaq, anarxiya olacaq, pozğunluq yaranacaq, pozuculuq yaranacaq. Hər şey yaranacaq, xalq yaranmayacaq.

Göytəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Bugünkü “Xəlqilik” Bayramımızda dəyərlərimizlə bağlı düşündüklərimi qısaca demək istəyirəm. Bir millət olaraq, bu gün düşdüyümüz duruma baxanda adam üzülür. Biz özümüz ola bilmirik, özümüzü tanımaqdan, dəyərlərimizi tanımaqdan uzaqlaşıb özgəçiliyə doğru yol almışıq. Bu gün xalq uğrunda mübarizə aparmaq, hansısa çabalar göstərmək deyəndə hamı yaxasını qırağa çəkir. İnsan özü artıq çarəsiz bir durumdadır, sadəcə məişətindən əlavə bir şey düşünə bilmir. Burada dinin etkisini də demək olar, çünkü “fani dünya” ideyası var ortada. Fani Dünya ideyasında xalq önəmini itirir, hər kəs öz cənnətini əldə etməyə çalışır, xalqın uğrunda mübarizəyə qalxmaq, hərəkət etmək çoxları üçün heç maraqlı da deyil. Az-çox mübarizə meyli olanlar var, xalq uğrunda mübarizəyə qalxırlar, onların da çoxunun yolu bir deyil. Mübarizə həqiqət uğrunda olmadığı üçün əsaslı dəyişikliklər əldə olunmur. Bu mübarizələrin çoxu yalan üzərində qurulur, yönəldilir, bəziləri özgəçiliyə dayanaraq bir şeylər əldə etmək istəyir. Bu mübarizələrdə əsaslı dəyişikliyin olmaması insanların inamını qırır. Düşünürəm, Atanın mübarizə yolu həm xalqın irəli getməsi üçün önəmlidir, həm də bizim fərd olaraq özümüz üçün önəmlidir. İnsanlar arasında yadlıq yaranıb, öncə insanlar arasındakı bu yadlıq aradan qalxmalıdır. Dəyərlərimiz qalıb bir qıraqda, öyrənilmir. Hərə bir təriqətin yoluna düşür. Hamısı da bir-birini danır. İnsanlararası münasibət buna görə pozulur.

Bu ay Nəsiminin kitabını oxumuşam. Oxuduqca heyrət edirəm. Ancaq bir yandan da üzülürəm, Nəsimi bu günümüzdə düzgün araşdırılmadığına görə, öyrənilmədiyinə görə. Keçən tədbirlərin birində demişdim, Atanın yoluna gələnə qədər öz dəyərlərimiz haqqında tam doğru biliyim yox idi, öyrənməmişdim. İndi çoxları bu durumdadır. Bu gün biz gənc nəsil olaraq Nəsimini, ya da başqa dəyərlərimizi doğru tanımırıq, bilmirik. Bunun üçün bizim qarşımızda  Nəsimiyə, başqa xəlqi dəyərlərimizə yiyələnməyənlər, bu günümüzdə yaşatmayanlar günahkardır. Bizim mübarizə yolumuzu bu gün kimlərsə tam anlaya bilməsələr də bizim mübarizəmiz xalq uğrundadır, xalqa keçmişini, dəyərlərini tanıtmaq, gələcəyini qurmaq üçündür.

Bayaq Soylu bəy bu məsələni daha yaxşı aydınlaşdırdı. Din yolunda olan biri nə edə bilər, ən yaxşı halda ömrünü ibadətə verə bilər. Ondan xalqa nə fayda qalacaq, bizim üçün hansı dəyəri yaşadıb bizə ötürmüş olacaq, gələcək soylar üçün qoyduğu nə olacaq, insan bunu anlamalı, dərk etməlidir. Atanın yolu insanın özünü dərk etməsi üçündür, həm də gələcək üçün, xalq üçün nə etməli olduğumuzu bizə göstərir. Atamız Var olsun!

İlahə Ucaruh: Ürəyinizdə Ata Günəşi olsun!

Xəlqiliklə bağlı fikirlərimi bir neçə dəfə Soylu qardaşa demişəm. Bir az təkrarçılıq olacaq bəlkə də. Yenə də demək istəyirəm. Düşünürəm, texnologiyadan daha çox yararlanmalıyıq. Audio kitablar olmalıdır. Hətta bu tədbirləri də yaxşı keçirib çıxara bilərik. Söhbətləri, Atanın kitablarından oxuduğumuz hissələri videoya salıb paylaşa bilərik. İndi insanlar az oxuyurlar, mütaliə vərdişləri azalıb. Dinləyərlər. Bir də fəlsəfə ilə maraqlanan gənclər yaranır, onlarla dialoqa girmək gərəkdir. Soylu qardaş mən dediyim bir neçə nəfərlə söhbət edib. Başqa  yeni qrup da var “Fəlsəfə Akademiyası” adlanır. Fəlsəfə üzrə oxuyublar, universitetdə dərs deyirlər. Onlar da təmənnasız olduqlarına görə sayğım var. Onları cəlb etməliyik. Bilirəm, rayonlarda, başqa kəndlərdə, oxullarda oxucularla, öyrəncilərlə görüşüb söhbət edirsiniz. Yaxşı olar, bunun davamı olaraq sırf fəlsəfə ilə məşğul olanlarla da əlaqə yaradılsın. Onlar da təmənnasız olaraq kitab tərcümə edirlər, biri Platonu, biri Aristoteli tərcümə edir. Heç yerdən də maliyyələşmirlər, öz ciblərindən edirlər. Bunların xalqı maarifləndirmək eşqini dəyərləndirməliyik. Onlar bəlkə də Asif Atanı tanımırlar, ya da yalnış tanıyırlar. Mən yazıram, görürəm mülayimdirlər, dostcasına yanaşırlar. Deyirlər maraqlanarıq. Məncə, Soylu qardaş onları cəlb edə bilər, onlarla söhbət etsə, yaxşı olar. Mən çatdıra bilmirəm.

Soylu Atalı: Sənin bu yöndən rahatsızlıqların yaxşı rahatsızlıqlardır, iş də görər. Yəni orda-burda belə insanlar rastına çıxdıqca söz deyə bildiklərinə de, bizimlə də calaşdır. Biz də bağlantı yaradarıq. Onların içərisində neçə nəfər bizi eşidəcək, neçə nəfər eşitməyəcək, bu ayrı məsələdir. Buna baxmayaraq,  bizə doğru addım atarlar, ya atmazlar, seçim eləmədən hər kəsə doğru addım götürürük. Onlar da bizim xalqımızın insanlarıdır. Harda kim əl verərsə əl verərik, söhbət edərik. Kim də qırağa durarsa, işi avand olsun. Yasinin də bu cəhətdən bəzi axtarışları olur. Bu axtarışlara qarşı deyiləm, gərəkli sayıram. Hər bir olanaqdan yararlanmağı doğru sayıram. İstər texnologiyanın olanaqlarından, istər canlı ünsiyyətlər, kitablar, ədəbiyyatlar, daha nələr – o şey ki insanın əlinə çata bilər, o şey ki insanın ağlına söz deyə bilər. Harda nəyə gücümüz çatar eləyək. Dediyim odur, axtarışları davam etmək gərəkdir.

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

İlahə Ucaruh: Bir də bir xahişim var, Asif Atanın kitablarının taleyi məni rahatsız edir. Onları arxivə vermisiniz, əlyazmalarının fotosunu götürmüsünüzmü? Kitabların hamısını əlyazma şəklində də sayta qoysanız, yaxşı olar.

Soylu Atalı: Fotolarını yox, surətini çıxarmışıq.

İlahə Ucaruh: Sayta da qoyulsa yaxşı olar. Babəkin kitabları da olub, onları yandırıblar, məhv ediblər. O qədər amansızlıqlar var, Asif Atanın da izini itirmək üçün bütöv arxivi də yandıra bilərlər. Azərbaycanın mədəniyyətini kökündən çökdürmək üçün, gələcək nəsillərin əlinə bir şey çatmasın deyə. Bir gün deyərlər, nəsə oldu, yandı. Ona görə deyirəm internetə atın ki qalsın, cavanlar internetə daha çox girirlər. Nəşriyyatın buraxdığı ayrıdır, əllə yazılmış daha dəyərlidir. Mən istəyirəm örnək kimi kitabıma da salam, Asif Atanın öz xəttini də görsünlər. Beynindəki o düzən onun xəttində də görünür.

Soylu Atalı: Rahatsızlığını anlayıram. Ancaq bütöv arxivin yandırılmasına inanmıram. Mən də Atanın o düşüncəsinə inanıram, ərəblər doqquzuncu yüzildə Babəkin fəlsəfəsini yandırdılar. İdeyasız qəhraman olmur. İndi qəhrəman sözünü çox adiləşdiriblər. Qəhrəman sözünün özünün etimologiyası var, o daha dərin məna kəsb edir.  İndi erməni ilə qarşı-qarşıya gələndə iki ermənini bıçaqlayıb öldürənə də qəhrəman deyirlər. Hər şeyə qəhrəmanlıq adı qoyurlar. Mən yazmışam, qəhrəmanın düşüncəsi olar, yaradıcılığı, ideyası olar. Qəhrəman elə-belə qol-qıç olayı deyil. Qəhrəmanlıq ruhani olaydır. Əgər fiziki olay olsaydı, yer-göy dolardı qəhrəmanla. O baxımdan deyirəm, Babək gerçəkdən fəlsəfəsi yandırılmış bir qəhrəmandır.

O ki qaldı texnologiya ilə bağlı məsələyə, elə şeylər var, onları mən bilmirəm, onu da amaldaşlarımız düşünsün.

İlahə Ucaruh: Sözüm bu qədər. Atamız Var olsun!

Soylu Atalı: Uğurlar, başarılar diləyirəm.

Bayaq qoşulan qonağımız var idi, xətdədirsə, buyursun.

Comərd Qaya: Hər vaxtınız xeyir olsun. Ocaqla bağlı tam olmasa da, bilgim var, tanıyıram. Bayramınızı təbrik edirəm. Mən bilmədiyim üçün bir şey soruşum. Cavab alandan sonra sözümü demək istəyirəm. Siz, Asif Ata Ocağı olaraq, Rəsulzadə irsinə, Cümhuriyyətçiliyə necə yanaşırsınız?

Soylu Atalı: Qatıldığınıza görə də, sualınıza görə də sağ olun. Bilirsinizmi, bizim üçün Azərbaycan dövləti, dövlətçiliyi qutsal olaydır. Uzun onilləri götürsək, bizim normal dövlətçiliyimiz qorunub saxlanmayıb. Xalq olaraq elə bir duruma gətirildik, tarix səhnəsindən çıxarılmağımız qorxusu yaranmışdı. Bunu Rusiya da addım-addım hazırlayırdı. Belə bir amansız gedişin içində, hər yandan basqılar ola-ola, içəridən amansız dartışmalar ola-ola Azərbaycan dövlətini yaratmaq böyük hünər idi, böyük qəhrəmanlıq idi. Onu bizim Cümhuriyyətçi aydınlarımız həyata keçirə bildilər. Bu böyük bir hünər idi. Ona görə biz belə böyük olayı Azərbaycanın dəyərlərindən sayırıq.

Comərd Qaya: Təşəkkür edirəm. Çox gözəl cavab idi. Şimali Amerikada dövləti quranlara “qurucu atalar”, bizdə də “qurucu babalar” deyirlər. Mən Asif Atanı çox sevirəm. Bir şey söyləmək istəyirəm.

Soylu Atalı: Mən qısa ümumiləşdirilmiş cavab verdim. Bu məsələ ilə bağlı bizim həm yazılarımız var, həm araşdırmalarımız var. Tədbirlərdə, apardığımız söhbətlərdə vurğu elədiklərimiz var. Mən ona görə uzun-uzadı demədim.

Comərd Qaya: Çox dərindən izləyəcəm sizi. Çünkü özüm də maraqlıyam belə şeyləri oxumağa. Öyrətmək üçün demirəm, əlbəttə ki, ümmətçilik anlayışı vardı, Cümhuriyyətçilər bizi o ümmətçilikdən millətçiliyə gətirib çıxardılar. O yolun başlanğıcına qoydular. Mənim diqqətimi bir məqam çəkdi, Göytəkin bacımızın çıxışını eşidəndə özümdən asılı olmadan təəssüfləndim. Bu gün Azərbaycanda siyasi ideologiyaların daşıyıcıları var. Doğrudan qurbanlar verən, məhrumiyyətlər yaşayan siyasi mübarizlər var. Mən açığını desəm, siyasi mübarizənin ideoloji daşıyıcılarından biriyəm. Bəlli sistemə tamamilə qarşı olanlardan biriyəm. Mənim üçün ya şərə qarşı olurlar, ya da şərin yanında olurlar prinsipi əsasdır. Mən şərin yanında olan deyil, şərə qarşı olan tərəfdə öz mövqeyimi bəlirləmişəm. Mən sizi dinlədim, Asif Atanın “Xəlqilik” anlayışı ilə tanış idim. Çox gözəl, möhtəşəm, dayanıqlı və xalqın həqiqətən dayana biləcəyi ideyalar var. Xalq hər zaman filosoflara güvənir, xalq hər zaman mütəfəkkirlərə dayanıb hərəkət edir.

Bir misal deyəcəm sözümü qüvvətləndirmək üçün. 60-cı illərdə Fransa kinomotaqrafiyasında Janlük Qodar adlı məşhur kinorejissor vardı. O qədər məşhur idi, ona görə Dünya kinomatoqrafiyasını iki yerə bölürlər. Qodara  qədər olan kino, Qodardan sonra olan kino. Qodar deyirdi, kino həyatda özünü fəlsəfi mətnlərdən götürür. Kino əslində bir göstəridir, onun fəlsəfi dayanıqlığı məhz fəlsəfi mətnin hesabına olmalıdır. Bu açıdan onun kinolarında Jan Pol Sartr vardı, razılaşıb-razılaşmamağımızdan asılı olmayaraq, Sartrı qəbul edib-etməməyimizdən asılı olmayaraq, Sartr böyük ekzistensialist filosof idi. Hətta o dövrdəki 68-ci ilin mayı Paris qiyamını Qodarın kinolarına bağlayırdılar ki, həqiqətən də belədir, ancaq onun alt qatında Sartr fəlsəfəsi dururdu. Hətta o dövrün məşhur tənqidçiləri Şarl De Qol haqqında yazırdılar, onun belə bir sözü vardı,  Qodarın filmlərinə baxsaydıq, Sartı oxusaydıq, 68-ci ildə Parisdə tələbə barikadası ilə üz-üzə qalmazdıq. Dediyim odur, bütün dünya əslində fəlsəfi sözün, müdrik sözün arxasında dayanır. Məsələn, bizdə Dədə Qorqud obrazı möhtəşəm bir obraz idi, danışanda savaşlar dayanır, davalar bitir, söz deyəndə Oğuz eli namus üçün, torpaq üçün savaşa gedirdi. Sözün belə çəkisi vardı. Söz də kiminsə dilində çəkiyə minir. Ən gözəl sözü mən də deyə bilərəm, çəkisi olmaz. Ən gözəl sözü bir filosof söylər o çəkiyə minər. Müdrük sözünə, fəlsəfi məktəbə xalqın həmişə ehtiyacı olub. Kim nə deyir desin, mənim fikrim dəyişməyəcək, xalq əslində bir fəlsəfi ideyanın üzərində qurulur. Mən bu gün nə qədər qarşı olsanız da inanmıram ki, Asif Ata Ocağı olaraq buna qarşı olasınız, xalq yolunda, xalqın xalq olması yolunda, xalqın Babəkdən, Dədə Qorquddan süzülüb gələn ideyalarının daşıyıcıları olan insanlar var. Bayaq İlahə bacımız dedi, hər zaman arxivi yandıra bilərlər. Təbii ki, bunlar İsgəndər kimi hər şeyi yandıra bilərlər. Bu cür adamlara qarşı olan insanlar var. Maraqlıdır ki, Asif Ata Ocağı onların mübarizəsinə ruh verən, onların mübarizəsinin ruhani qatını araşdıran, onların dayanıqlığını möhkəmləndirən yazılar niyə yazmır? Mən mətbuatı ciddi izləyirəm. Rast gəlməmişəm. Mən ad çəkmək istəmirəm, istəmirəm hər hansı bir siyasi motivlər üzərindən hücumlar olsun, siz aqil adamlarsınız, nə demək istədiyimi bilirsiniz.

Çox ciddi siyasi proseslər müşahidə olunur ölkəmizdə. Asif Ata Ocağı bunlara qarşı ortaya tam mövqe qoymasa da, bir münasibət bildirirmi? Türkiyədə bunlara gündəm deyirlər, demirəm hər gündəmdə olan şeyə münasibət bildirmək gərəkdir. Ancaq elə gündəm var ki, bizi xalq olmaqdan qoparıb atır, belə olaylar baş verir. Niyə sizin belə şeylərə münasibətiniz yoxdur? Bu ittiham deyil. Ölkəni sevən bir yurddaş olaraq deyirəm, mən bu cür məktəbin prosesə qoşulmasını istəyirəm. Məsələn, nə vaxtsa Amerikada bir Sartr məktəbi vardı, o biri tərəfdə başqa məktəb vardı. Bunlar bir-biri ilə çəkişirdi, dünyaya yaxşı mənada düşüncələr, ideyalar doğurdu. Yaxşı və ya pis olmasından asılı olmayaraq, insanlar bu iki fəlsəfi məktəbin savaşını görürdü. Savaş yəni yaxşı mənada deyirəm, qol gücünə, zor gücünə olanlara qarşıyam. Müharibələrin olmasını istəmirəm. Olarsa fəlsəfə məktəblərin arasında olsun, biz də baxıb öyrənək. Dediyim odur ki, böyük, ciddi dağıntılarla Azərbaycan xalqını, bu ölkənin yurddaşlarını xalq olmaqdan silmək uğrunda proseslər gedir ölkəmizdə. Niyə Asif Ata Ocağının onlara qarşı yazılarını, mövqelərini görmürük. Onların ruhani qatında araşdırmalarını, açıqlamalarını görmürük? Mən izləyirəm, görmürəm. Varsa sevinərdim. Sözüm bu qədər. Çox sağ olun ki yer verdiniz, dinlədiniz. Bunun üçün sizə dönə-dönə minnətdaram.

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Soylu Atalı: Təşəkkür edirəm sözə görə, çıxışa görə, tələbə görə, istəyə görə. Heç bir sorun yoxdur. Tam normaldır. Onu da deyim, Asif Ata Ocağında elə dəymədüşərlik yoxdur, ərklə ortaya gələn düşüncəyə, sözə qarşılıq versin. Elə bir şeyə görə rahatsız olmağa gərək yoxdur.

Comərd bəyin dedikləri ilə bağlı bir neçə məsələyə toxunacam. Öncə onu deyim, baxışı xoşuma gəldi. Doğru düşüncələr sərgilədi. Birinci onun deyim, bizim toplantıda danışanda kiminsə nəsə xətrinə dəyəcək, nəsə desək kiməsə ziyan gələ bilər, belə şeylər düşünmək gərək deyil. Həqiqət həqiqətdir, onu gizləməyin heç bir anlamı yoxdur. Biz heç kimi söyüb təhqir eləmirik. Bizim xalqımıza zərər verən məsələləri dilə gətiririk, xalqımıza xeyir verən məsələləri vurğu edirik. Bizim tədbirdə söyüş, təhqir kimi şeylər yolverilməz olduğuna görə, doğru bildiyimiz həqiqətləri dilə gətiririk. Söz yox, qonunu siyasi bir polemikaya çevirmirik. Bizim tədbirin yönü başqadır. Yeri gələndə tədbirdən başqa ayrıca siyasi araşdırma yönündən polemika yarada bilərik, görüşə də bilərik. Göytəkinin vurğusu ilə bağlı deyim, Göytəkin ümumiləşdirilmiş vurğu edir. Yəni Azərbaycanda ayrı-ayrı insanların fədakarlığı, ayrı-ayrı insanların mübarizəsi pərdələnmir, gözardı olunmur. Mənə sual veriblər, siz Azərbaycanın gələcəyinə inanırsınızmı? Bir misal çəkdim, bizim Ocağımızda bir gənc amaldaşımız var, adı Biləndir. Bilən o qədər fədakarlıqlar edir, bu fədakarlıqlar gerçəkdən dünyanın heç yerində yoxdur. Umacaqsız olaraq ortaya güc qoyursan, enerji qoyursan, maddi imkanlarını qoyursan, bu doğrudan özəl düşünüləsi məsələdir, keyfiyyətdir. Bilən xalqın içindən gəlib, bu gün xalqın durumu göz önündədir, ancaq Bilən də xalqın övladıdır. Ermənistandan, Almaniyadan gəlməyib axı. Xalqa mən necə inanmayım, xalqın içindən oğullar, qızlar çıxa bilir, çıxa da bilər.

O açıdan yanaşanda heç vaxt rahatsız olmaq gərək deyil ki, Asif Ata ucdantutma hamını qaralayır. Elə bir şey ola da bilməz, çünkü Asif Ata dəyərlərin yiyəsidir. Yaxşı cəhətlərin, uğurlu düşüncələrin, uğurlu mübarizələrin üstündən nəinki xətt çəkmək, onu alqışlamaq, onu sevmək, onu vurğu etmək gərəkdir. Söhbət nədən gedir, ümumi mənada bir dağınıqlıq, nizamsızlıq var, hamımız bunu bilirik, ölçüsüzlük var. Biz də düşünürük ki, istər siyasi, toplumsal qurumlar, çaba göstərənlər, yaxşısı, sağlamı Asif Atanın dediyi məsələlərə yönəlik düşünsələr, addım atsalar, bir ölçü əsasında bir araya gələ bilərlər, birlik yarada bilərlər, “xəlqi birlik” olar. Ancaq bizim xalqımızın içində ayrı-ayrı sağlam düşüncəli, sağlam mübarizəli insanlar olmasına baxmayaraq, yenə də biz ümumi mənada dağınıq durumdayıq. Arzu olunan bir durumda deyilik. Göytəkinin vurğu elədiyi o anlamı daşıyır.

Bizim çabalarımızla bağlı, demirəm, Asif Atanın Ocağı qaz vurub qazan doldurur. Bizim fiziki, maddi imkanlarımız bir yerə qədərdir, biz də sınırsız deyilik. Biz də heç yerdən maliyyələşmirik. Ancaq bununla belə, biz yetərincə çaba göstəririk, yetərincə mübarizə aparırıq, ortadayıq. Bizim yazılarımız, düşüncələrimiz hamısı ortadadır. Saytlarda, qəzetlərdə, mənim Soylu olaraq, Asif Atanın ölümündən bu yana minə qədər yazım çıxıb mətbuatda. Analitik yazılarım, ruhani araşdırmalarım, fəlsəfi araşdırmalarım, siyasi araşdırmalarım var. Mən siyasətçi olmasam da siyasəti araşdırıram, qiymətləndirirəm. Bu baxımdan bizim çabalarımız var, yazılarımız olub, indi də var. İstər türkçülük yönündə, istər ideoloji yöndə, istər ruhani yöndə, millətçilik yönündə ciddi yazılarımız var. İndi xalqın içində bu yazıların, bu çalışmaların etkisi nə qədər sürəklidir, sürətlidir, bu məsələnin ayrı yanıdır. Burda suç bizdə deyil, biraz toplumumuzun özünün durumu da buna səbəb verir. Biz uzun yüzillərdir, basqı altına alınmış xalqıq. Mənəvi, ruhani cəhətdən eləcə də siyasi-ideoloji cəhətdən işğal olunmuş xalqıq. Bizim ruhumuzu da işğal ediblər, mənəviyyatımızı da, torpağımızı da işğal ediblər, siyasi şüurumuzu da. Ona görə biz, toplum olaraq, çox işləməliyik, çox düşünməliyik, çox çabalar göstərməliyik. Düşünürəm, xalqın formalaşması üçün gözəl bir baza var, yetər ki, işə keçsin, işləsin. Bu nə vaxt olacaq, nə vaxt bizim arzularımız uğurla gerçəkləşəcək, mən deyə bilmərəm. On ilə, əlli ilə, bəlkə də yüz ilə olacaq, demək çətindir. Ancaq mübarizə gərəkdir, gərəklidir, biz onu dayanmadan həyata keçiririk. Bilmirəm məsələləri qapsaya bildimmi, eləmədimsə, nəsə qaldısa, sual verə bilərsiniz.

Comərd Qaya: Təşəkkür edirəm. Əslində iki sualım vardı. İcazənizlə sonuncu sualımı verəcəm. Öncə onu deyim, bayaq Bilən qardaşımız Natiq Ədilovla əlaqəmiz barədə soruşdu. Bizim Natiq Ədilovla tanışlığımız, dostluğumuz var.

Bilən Atalı: Mən Natiq Ədilovu izləyirəm. Sizin səsiniz tanış gəldi, onun videolarında sizin səsinizi eşitmişəm. Səsinizdən tanıdım.

Comərd Qaya: Təşəkkür edirəm. Çox diqqətlisiniz. Nurtəkin bacıdan nömrənizi götürərəm, əlaqə saxlayarıq. Son bir sualım var. Mən bilirəm, Asif Ata, açıq danışacam, zalım, qəddar sovet rejimindən, rus şovinist təfəkküründən, kommunizmdən (kommunizm mənə görə insanlığa zidd, insanın təməl prinsiplərinə zidd anlayışdır) çox əziyyətlər çəkib. Zamanında ona qarşı dayanıb da. Mənim yaşadığım Lənkəran şəhərində Rusiya xüsusi xidmət orqanlarının çox təhlükəli əməkdaşları var. Hətta bir-ikisini zamanında ifşa edə bilmişik. Bu adamlar burda məharətlə zərərli toxumlar səpməkdədir. Biz onlara qarşı zaman-zaman yazılarla qarşı çıxmışıq. Açığını bilmək istəsəniz, çox ciddi fərdi təhdidlər də almışıq. Mənim Asif Ata Ocağından istədiyim odur, bu Ocağın qurucusu, yaradıcısı zaman-zaman rus kommunist təfəkküründən həm fiziki, həm də mənəvi olaraq böyük əziyyət çəkib. Onun timsalında bütün xalqımız əziyyət çəkib. Bəşəri ideyalara zidd olan bir anlayışdır kommunizm. İstərdim, Asif Ata Ocağı onları zaman-zaman sarsıdan ruhani araşdırmalar, fəlsəfi araşdırmalar, mövqelər sərgiləsin. Sizin yazılarınızı da izləyəcəm. Çox istərdim, onun üzərindən də ciddi yazılar yazılsın. Mənim savadım ona yetmir, sizinki yetir. Yazılsın, biz də oxuyaq, maariflənək, qarşı tərəflə danışanda arqument kimi istifadə edək, bizim öz silahımız olsun.

Bir söz də deyəcəm, bir qədər uzun danışdım, ürək doludur. Sizin bəlkə də münasibətiniz fərqli ola bilər, bilmirəm sizin Hüseyn Cavidə münasibətiniz necədir, mən hər zaman deyirəm, sovet rejimi nə qədər gözəl olsa belə təkcə Hüseyn Cavid kimi dəyəri silib atdığına görə, məhv etdiyinə görə ömür boyu ona lənət oxuyacam, necə ki oxuyuram. Dediyim odur, Hüseyn Cavid kimilər olmasaydı, bizim azadlıq məsələmiz də məhv olub gedəcəkdi. Hətta sovet rejimindən danışarkən belə, biz Hüseyn Cavidin əsərlərindən cavab veririk, onun məfkurəsi ilə cavab veririk, onun təfəkkürü ilə yanaşırıq ki, baxın sizin məhv edə bilmədiyiniz nə qədər nəhənglər olub. Siz ona qarşı olsanız da, olmasanız da bu adam nəhəng bir təfəkkür yiyəsidir. Mən də istərdim, Asif Ata Ocağında onun yolçuları, davamçıları olaraq bizdə şüurlarda bərkimiş, hətta ruhlarda bərkimiş sovet, rus, kommunizm ideyalarına qarşı ciddu yazılar yazılsın, onları sarsıdan yazılar yazılsın. Mən ölkə mətbuatını diqqətlə izləyirəm, yəqin Bilən bəy bilər, mənim əməkdaşlıq etdiyim media orqanları da var, mən o yazıları görmürəm. Mən bilirəm, Asif Ata Ocağının balansı, potensialı buna yetir, böyük bir məfkurə var orda. Mütləq onu sarsıtmaq gərəkdir, xalqımızın şüurundan silib atmaq gərəkdir. Bilirsinizmi, deyim sizə, inanın mənə bacılarım, qardaşlarım, nə qədər gənclər var, o ideya ilə zəhərləniblər. Mən tanıdıqlarımı saysam, yüz nəfərin adını saya bilərəm. Yüz nəfər böyük bir rəqəmdir. Bu zəhərlənmə bu gün də sürətlə gedir, bu gün də onların burada basqısı var. Bəlkə də mövqeyim gülüncdür, ancaq bu gərəkdir. Düşünürəm, bizim xalq olmağımıza mane olan başlıca səbəblərdən biridir, bu həmin rus təfəkkürüdür, kommunizm təfəkkürüdür. Ciddi şəkildə bizə mane olur, bunun təməllərinin sarsıdılmasının yolu odur ki, ancaq ideyalar, yazılar gərəkdir, təfəkkürlü düşüncə yiyələri bunu etməlidir. Kimsə deyə bilməz, bu başqalarının işidir, hamı yaxşı mənada bu işə girişməlidr, bu işdə bir-birini ötməlidir. Bu elə sizdən asılıdır. Biz də oxuyub maariflənərik. Mən bir daha sizə təşəkkür edirəm.

Soylu Atalı: Aydındır, var olun. Sizin istəklərinizi doğru istəklər sayırıq. Birbaşa biz bunlarla mübarizə aparırıq. Mən yazılarımda zaman-zaman yazmışam. Rusiya bizim üçün, konkret olaraq Azərbaycan türkü üçün ən böyük qorxudur. Çünkü başqa Batı ölkələrinə baxanda onun bizimlə birbaşa coğrafi sınırları var, coğrafi sınırlar öz torpağımız olan Dəmir Qapı ilədir. Aşağı-yuxarı 300 ildir, bizim içərimizdə ideoloji əli var. Maarifçilik adı altında şüurun dərinliklərinə yerimiş çox ciddi etkisi var. Bunu bilirik, bu gün biz hesab eləmirik kommunizm təhlükəsi ortadan qalxıb. Asif Ata 90-cı illərdə də deyirdi, insanlar elə bilirlər rusçuluq ortadan qalxıb, yanılırlar.

Rusiya bir dövlət kimi qurulanda, bir xalq olaraq, özünəxas heç bir bazası olmayıb. Nə ideoloji bazası olub, nə siyasi bazası. Bu gün Rusiyanın bu torpaqlarda əbədi hakim olması, tarix səhnəsindən çıxmaması, imperiya olaraq qalması üçün təkcə ideoloji faktor kommunizmdir. Onun başqa ideoloji faktoru yoxdur. Demokratiya onun deyil, heç demokratiya da özünü doğrultmur, boş bir şey kimi ortalığa gəlib. Demokratiya Batıda yaranıb, demokratiyanın sınırlarını, rəngini, formasını Batı bəlli edir. Filan şey olanda demokratiya olacaq, filan şey demokratiya deyil. Ona görə də Rusiya demokratiya ilə yaraqlana bilməz, necə ki bilmir də. Onun gec, ya tez kommunizm ideyasına qayıdış çabaları olacaq, başqa cür mümkün deyil. Bu açıdan kommunizmi ortadan qalxmış qorxu saymırıq, biz kommunizmi hal-hazırda yaşayan qorxu sayırıq. Nə qədər Rusiya bu gün içimizdədir, bu qorxu qalır. Rusiya demək olar, kommunizmlə içimizdədir. Rusiya elə-belə bir siyasi dövlət olaraq, bir güc faktoru olaraq içimizdə deyil. Rusun özündə daşıdığı düşüncə var, ideoloji yön var. Ona görə biz bununla, istəsək də, istəməsək də, həmişəlik mübarizə durumundayıq. Asif Atanın kommunizmlə, marksizmlə bağlı çox ciddi araşdırmaları, yazıları, düşüncələri var. Mənim də ara-sıra analitik yazılarım olur. Atanın kitablarında var. Qarşımızdakı aylarda çapa hazırlayacağımız “Həqiqətlər” kitabı bar. O kitab bütünlüklə analitik düşüncələrdən oluşub. Ən çox da kommunizmə, marksizmə qarşı yönəlmiş düşüncələrdir. Nurtəkin kömək edər əldə edib oxuyarsınız.

Azərbaycanın hansı bölgəsindən olmasından asılı olmayaraq, hər yerində dəyərli oğul-qızlarımızı tapmaq, onlarla yaxınlaşmaq, doğmalaşmaq, ünsiyyət yaratmaq gərəkdir. Bu, Ocaq üçün önəmlidir.

Comərd Qaya: Mən təşəkkür edirəm bir daha sizə sualımı belə geniş şəkildə cavablandırdınız. Hamıya təşəkkür edirəm, məni belə səbrlə, sayğı ilə dinlədilər. Hamıya sonsuz sayğım var. Təşəkkürlər.

Soylu Atalı: Başqa sözünüz yoxdursa, tədbirimizi başa çatdıraq.

Nurtəkin Atalı “Xəlqilik üstə Mütləqlə təmas”ı dedi.

Soylu Atalı Atanın çağırışını çatdırdı: Xalqlaşın, Xalqlaşdırın!

Soylu Atalı: Bununla da bu günkü tədbirimiz başa çatır. Hər birinizə var olun deyirəm. Başınız uca olsun. Zəhmətiniz gözəldir. Xalq üçün, insan üçün hər bir zəhmət gözəldir. Bir yandan pandemiya, bir yandan ölkədəki durumu, çətinlikləri gözə, hesaba alanda bu cür  toplantılar keçirmək özü də bir ləyaqət göstəricisidir. Məncə, bu gün biz də Atanın qarşısında, onun xalqı qarşısında, xalqının gələcəyi qarşısında belə bir addım atdıq.

 Atamız Var olsun!

Səsdən sözə çevirdi: Göytəkin Atalı
20 Od Ayı, 43-cü il. Göyçay.
(iyul, 2021.)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir