Xəbərlər

Qutsal “Xəlqilik” Bayramı

Ocaq Günsırası ilə 13 Şölə Ayı, 44-cü ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramını keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Biz bayramın bütöv biçimini tapmamışıq. Ona görə də bu biçimi davam edirik. Təbiət qoynunda keçirəndə bir az bədii hissələr də qatırıq. Bu mənim gəldiyim sonucdur. Mən hər zaman dediyimi bu gün də sizə demək istəyirəm. İstər amaldaşlarım, istərsə də başqa Ocaqsevərlər olsun, məncə hər bir məsələyə yaradıcı yanaşmaq doğrudur. Yəni təşəbbüskarlıq göstərmək gərəkdir. Hər şeyi də məndən gözləmək doğru deyil. Hər bir amaldaşımızın haqqı var, özünün bədii təxəyyülünün, fantaziyalarının gücünü işə salsın, bayramın biçimini zənginləşdirsin. Tək bayramla bağlı yox, Ocağın yaşaması, çalışmaları üçün hər bir Ocaqçının haqqı var, təşəbbüs versin, aktivlik göstərsin. Bilirəm, getdikcə yaşamaq çətinləşir, sorunlar artır, ailə-ev qayğıları var. Bunlar Ocaqçıların da, Ocaqsevərlərin də diqqətini çox məşğul edir. Ancaq bu bizə səbəb verməməlidir, tədbirə gəlib genel söz deyərək gedək. Mənə elə gəlir, tədbirin içində də, çölündə də hər kəs düşünməlidir, nəyi necə edək. Önərilər olsun, onun əsasında addımlar ataq. Mənə elə gəlir, hər kəsin ağlında, düşüncəsində özünəxas bir qatqı göstərmək, təşəbbüs vermək üçün bacarıq, qabiliyyət yox deyil. Hamısı var, hərəkət eləmək gərəkdir.
Bu gün bayramı ev ortamında keçiririk. Ayrı adamlar da çağırmaq olardı, daha geniş ünvan seçə bilərdik. Mənim həyətimi də seçmək olardı. Ancaq bu gün iş günü olduğuna görə çox adamı çağırmaq alınmayacaq. Ona görə bayram tədbirlərimizin mərasimlərimizə bənzəməməsi üçün arada təbiət qoynuna çıxmaq gərəkdir. Düşünün, növbəti bayramı təbiət qoynunda keçirməyi planlaşdıraq. Təbiətin qoynunda daha yaxşı duyğular yaranır, daha yadda qalan olur, daha artıq fərəhə çevrilir. Bədii çalarlar da qatmaq olar, saz aparmaq, şeir demək, muğam üçlüyü… Adı bayramdır, insanın ehtiyacı var bütöv bayramlaşmağa. Bizə qədərki bayramlar məzmunundan uzaqlaşıb. Daha çox zahiri, bədii çalarlar qalıb. Bizdə isə məzmun var, biçim çalarları azdır.
İndi isə bayramın məzmunu ilə bağlı bir neçə söz deyək. İçimizdəki məzmunu aşkarlayaq, topluma çatdıraq. Həm də ruhani gələnəklərimizi davam edək.
Bu tədbirimizin adı Xəlqilik bayramıdır. Asif Ata sağlığında bayrama bir məzmun verib. Biz də onu Atanın ölümündən sonra gerçəkləşdirməyə başlamışıq. Ata 25 ildir ölüb. Biz də elə 25 ildir, Xəlqilik bayramını keçiririk. Bu gün bizim bir çox şeylərin 25 illiyidir. Ağstafa sonevliyini ziyarət elədik. Orda düşüncələrimizi dedik. Ancaq önəmli bir məsələni – 25 illik məsələsini gərək ayrıca vurğu edərdik. Çünkü yuvarlaq rəqəmlərlə, elə bil, daha görünən bir hədəf bəlirləyirsən. Topluma da onu ismarıc edirsən. 25 ildə xalqın ağrılarını, acılarını, özümüzün bu ağrı-acıları necə düşünməyimizi, necə öyrəndiyimizi hər tədbirdə dilə gətirmişik. Bəzən ayrı-ayrı məsələləri təkrar dilə gətirmişik. Mən hesab edirəm, düz eləmişik. Bundan sonra da dilə gətirəcəyik. Həqiqət həqiqətdir, onun çalarları çoxdur. Ancaq onun məzmunu birdir. Bir olan məzmunun çevrəsində geniş, dərin söhbətlər aparmağa həmişə çalışmışıq.
Niyə Xəlqilik bayramı keçiririk?! Bu bayramın başqa xalqlara nə özgünlüyü var, gələcəkdə başqa xalqlara nə özgünlüyü ola bilər?! Bütün dünyada xalqla, millətlə bağlı fərqli düşüncələr sərgilənir. Millət anlayışının sonradan yaranmasını, yəni kapitalizm quruluşunun yaranması ilə yarandığını iddia edirlər. Ola bilər, bu iddiada yanılmırlar. Yəni “millət” sözü, ya da başqa söz hansısa zamanın axarında yaranıb ortaya çıxır. Ancaq millət anlamı kapitalizmin yaratdığı bir şey deyil. Əgər “millət” sözünün mahiyyətini, anlamını hansısa quruluş yaratmış olsaydı, gərək o anlam, o mahiyyət həmin quruluşla birgə ortadan qalxa. Ya da bəzən elə bir şey olur, quruluş ortaya gətirir, quruluş gedəndən sonra o qalır. Axı, xalq məsələsi quruluşun yaratdığı məsələ deyil. Lap qədim dövrləri götürsək, zaman-zaman iqtisadi formasiyalar yaranıb ortaya çıxıb. Yəni xalqlar bu formasiyaları özünün yaşam tələblərinə uyğun şəkildə ortaya çıxarıb. İcma dövründə insanlar sürü halında yaşayıb, sonra əmək ortaya çıxıb. Əmək istər-istəməz birgə fəaliyyəti şərtləndirib. Sonra bölgü yaranıb, hesab yaranıb, sənaye yaranıb, i.a. Belə iqtisadi formasiyalar dəyişə-dəyişə gəlib çağımıza qədər. Bunlar tarixi açıdan da, toplumsal açıdan yanaşanda da doğrudur. Ancaq deyə bilmərik, bəşəriyyət yalnız biz tanıdığımız sivilizasiyada var olub. Hər şey elə bizim tanıdığımız, elmə bəlli olan bu sivilizasiyadan başlayıb. Əgər bu mahiyyətdə olmasaydı başlaya bilməzdi. Ona görə mən dəfələrlə vurğu eləmişəm (bu yəqin ki tək mənim ağlıma gələn bir şey deyil, başqalarının da ağlına gəlib, gəlir də), insan bizə bəlli olan sivilizasiyadan öncə də olub. Biz bilmirik, öncəki sivilizasiyalarda toplumun, insanın yaşam nizamı, birliyi necə olub?! Yəqin öncələr də bu birlik olub. Öncələr birgəyaşayışın ayrı-ayrı nizamı, quralları olub. Ona görə heç kim iddia edə bilməz ki, xalq, millət məsələsi dünən başlayıb. Bu mahiyyətdir. Mahiyyət bu sivilizasiyalardan öncə də mövcud olub, gerçəkləşib. Bu açıdan insanın sürüdən ayrılıb öz növündən olanlarla birgə yaşamağı öyrənməsinin, bəlli bir coğrafiyada bəlli qurallarla, bəlli gələnəklərlə hansısa bir toplumun birgə yaşamasının, birgə aqibət seçməsinin, bunların dərdinin, mədəniyyətinin, çıxarlarının, hamısının vahidləşməsi var. Nə qədər ailələr, ayrı-ayrı fərdlər olsa da, hamının mövcud olmasını şərtləndirən bir xalq deyimi var. Hamı xalq məsələsinə borcludur. Hamı xalq məsələsini düşünməlidir, qorumalıdır, yetirməlidir, yaratmalıdır. Asif Atanın da vurğuladığı, öyrətdiyi odur. Bir halda ki insan özündə Mütləq gəzdirə bilir, heyvandan ayrıla bilir, təbiətin başqa canlılarından daha kamil varlıqdır, deməli o, birgəyaşayışın mahiyyətini anlamalıdır. Birgəyaşayış da xalqdır. Deməli, xalq kimi var ola bilir. Xəlqiliyin sıradan çıxmaması üçün gedib institutda dərs deyilən kimi xalqda dərs demirlər. Bu fərqli bir məsələdir. Bütün bəşəriyyətdə insanı ixtisaslaşdırırlar. Heç kim insanı insanlaşdırmır. Ata fəlsəfəsinə görə insan ixtisasdan yüksək varlıqdır. İxtisasa qarşı deyilik, ixtisas olacaq. İxtisasdan qabaq insanlıq var axı. Elm, savad, bilik, internet yüksək səviyyədə gedir. Hamısı da insanlığı taptalayıb gedir. İnsanlığın tələbində getmir. Ata da deyir, biz bəşəriyyətin, aldanaraq, ayaqlar altına atdığı İnsanlıq Bayrağını yenidən başımızın üzərinə qaldırmaq istəyirik ki, insan özünə bənzəsin, xalq olsun. Xalq yaratmağın qaydalarından biri də budur. Xalqın ağlında, şüurunda özünün kimliyini qorumaq üçün, özünün ləyaqətini təsdiq eləmək, yaşatmaq üçün belə bir tədbiri gerçəkləşdirməyi gərəkli bilib. Var olmaq üçün hərə özünə çəkə bilməz, hamı birləşib bir iş görə bilər. Hamı birgə dövlət yaradır, genel qorunma sistemi yaradır. Dədə Qorqud dövründə tonqallar qalayırdılar dağın başında. Bir tonqal qalayanda oğuz elləri başa düşürdülər ki, düşmən gəlir. Ondan qorunmaq gərəkdir, hamı birgə qorunmalıdır. İki tonqal qalayanda, birgə bayram, şənlik keçirməyə toplaşırdılar. Üç tonqal qalayanda birgə əmək çağırışı edirdilər ki, oğuz elləri əkib-becərməlidir, birgə əmək çəkməlidir, mövcudluğunu birgə sürdürməlidir. Varlığımızı qorumaq üçün birgə əkib-becərək, təsərrüfat yaradaq, xalq olaq. Bax bu xalq olmağın çabalarıdır ki, ayrı-ayrı dövrlərdə, aşamalarda xalqın nümayəndələri ağıl işlədiblər, düşüncə ortaya qoyublar, birgəyaşayışı nizama salıblar, birgəyaşayışın qaydalarını yaradıblar. Mədəniyyət deyilən şey də sadəcə bir fərdə bağlı deyil. Mədəniyyət fərdin davranışını şərtləndirən nəsnələrdir. Ancaq geyim mədəniyyəti, davranış mədəniyyəti, süfrə mədəniyyəti bir fərdə bağlı məsələ deyil. Fərdin başqa fərdlərlə birbaşa bağlılığı var. Ona görə başqa fərdi gözə almalı, hesaba almalıdır. Mədəniyyət – hər kəsin başqaları ilə birgə davranışını, birgəyaşayışını şərtləndirən bir şeydir. Hamısı ordan yaranır, formalaşır. Bunların hamısını ruhaniyyat qorumalıdır. Ona görə ortaya ruhaniyyat gətiriblər, inam gətiriblər. Ancaq insanı öyrənə, dərk edə bilmədikləri üçün yanlışlara, yalanlara gəlib çıxıblar. Hamısı fərdlə bağlı deyil.  Bütün yalanlar, siyasət oyunları xalqla bağlı olaraq ortaya çıxır. Bir fərdin özündə bunlar gərək deyil. Ancaq başqalarıyla münasibəti, davranışları var axı. Ona görə genel yaşam nizamını yeritmək olmayanda yalanlar işlətməyə başlayıblar. Bunu əski dünyabaxışlar da edib, sonrakılar da edib. Sonuc olaraq qaş qayırdıqları yerdə göz çıxardıblar. Birgəyaşayış nizamı yaratmaq yerinə insanı yenidən sürüyə bağlayıblar, istəyərəkdən ya istəməyərəkdən,  bilərəkdən ya bilməyərəkdən. Sürüyə qayıtma –  bu gün insanın özündən ayrılmasında, insanın mahiyyətindən uzaqlaşmasında, xəlqi anlamı gözardı eləməsində özünü göstərir. Hər bir insan özünə çəkir, özünə yarayır. Qayda-qanunlar genel var. Dövlət də o işi görür. Burada insanın ləyaqəti, böyüməsi, kamilləşməsi, böyük dəyərlər yaratması, heyvandan ayrılması, o qədər də, önəm daşımır. Nə dövlət üçün önəm daşıyır, nə başqaları üçün. Yenidən sürüyə qayıtmaq qorxusu ortaya çıxıb. Bunu yaradan yalanlardır. İnsan yalanlardan çıxsaydı sürüdən ayrılmalı idi. Ata deyir, fəndgirlik, hiyləgərlik insana özgün deyil, təbiətə özgündür. İnsan öz varlığında onu ötmək yerinə aktiv saxlayır, ortaya gətirir. Öz növündən olanlara kələk gəlir, aldadır, xalq olmaq məzmununu itirir. Sürüləşmə – xalq olmaq məzmununu itirməkdir. Asif Ata da deyir, yol vermək olmaz, xalq qayıdıb sürüyə çevrilsin, xəlqi məzmununu, xəlqi keyfiyyətlərini itirsin. İnsan özündən ayrılıb heyvana bərabər yaşasın. Bunun üçün insanı özünə tanıtmaq gərəkdir. Tanrını, məzmunu, Mənanı ona tanıtmaq gərəkdir. Tanıtmaq üçün yalanlardan çıxmaq gərəkdir. İnsanın içində yalana yer saxlamamaq gərəkdir. Belə bir yöndən Ata, xəlqilik olayını yüksək dəyərləndirir. Bayramın çağırışında deyir, “xalqlaşın – xalqlaşdırın”, xalq olun. Ata deyir, insanlaşarsansa, xalq ola bilərsən. İnsanlaşma başqasını hesaba almaqdır, başqasına qarşı ədaləti itirməməkdir, başqasına qarşı heyvanlıq etməməkdir. Bu da gəlib xalq məzmununu doğruldur, xalq anlamını yaşadır. Ona görə bu həqiqətləri öyrətməyə çalışırıq, insanların ağlında, mədəniyyətində, mənəviyyatında oturuşsun. Bu tədbirlər araçılığı ilə xalqı özünə göstərmək, özünə öyrətmək gərəkdir. Xalqın, toplumun hardasa əyləncəyə, bədiyyata ehtiyacı var. Bunlar olsun. Xalqın o ehtiyacını sən bu məzmunda həyata keçir, onun ağlına, bu gedişin içində, bu məzmunu da yerit. Bayram keçir, onun içində rəqs də olsun, əyləncə də olsun, məzmunu da ağlına yerit ki, sən kimsən, nəyi bayram edirsən. Biz də düşündük ki, Atanın ortaya gətirdiyi bu bayramı gerçəkləşdirək. Bunu da 25 ildir gerçəkləşdiririk. Bu məzmunun içində həqiqətləri ortaya çıxarmağa çalışırıq.
 Mən sizin hər birinizi bu günə görə qutlayıram. Hər birinizi bağrıma basıram. Bir daha vurğu edirəm, Ocağın ləyaqətini, fədakarlığını, saflığını dünyada hər şeydən yüksəkdə görürəm, yüksəkdə tuturam. Mən Atanın Ocağını qüsursuz görmək istəyirəm. Ocağı, onun ləyaqətini yüksəkdə tutmaq istəyirəm.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Əslində demək istədiklərimi Soylu dedi, təkrar olsa da, bəzi düşüncələrimi deyim. Xalq həmişə bayramı şənliklə, yemək-içməklə qeyd edir. Ancaq nəyi bayram edir, hansı sonucu bayram edir, bilinmir. Bizim bayramın məzmunu tamam başqadır. Əsas məsələ odur, nəyi önə çəkirik. O şey ki unudulub, o şey ki daha gərəkli idi, onları önə çəkirik. Beş-üç  nəfər olur, onların ruhu  toplumun ruhundan fərqli olur. Bu xalqın oğlu, övladı bir şey yaradır. Bu olur hamının. O biri bir şey yaradır, olur hamının. Bəzən biri yaradır, o biri gəlib onu elə gəlişdirir, onun yaratdığı onun olmur. Onun üçün xalqındır. Sonra başqaları gəlir. Artıq bunu aid eləyəcək fərd tapa bilmirsən. Deməli, xalqa  aiddir. Xalq ruhu odur. Xalq yoxdursa, heç insan da yoxdur. Bunlar o qədər bir-birinə bağlıdır ki. Biz deyirik, hər şey fərddən başlayır, insandan başlayır, insan da gəlib xalqa çıxır, bəşərə çıxır. Buna görə xalq ruhu deyilən bir şey var. Bu da insanlıqdan keçir.
Öncələr bir filmə baxmışdım, adı “Eradan milyon il əvvəl” idi. Necə bir düşüncə qoyublar ortaya. Böyük bir mamontu ovlayıblar. Bir-birilə dalaşırlar onun üstündə. Sürü psixologiyası. Bir oğlanla qız əzilən tərəfdə dururlar. İstəyirlər ki, belə hal olmasın, dava-dalaş olmasın. Sonra onlar ayrılırlar oradan, o sürüdən çıxırlar. Onlardan bir xalq yaranır. Toplumdan, sürü halında yaşayanlardan ayrılan, onların qanunlarını qəbul etməyən, fərqli ruha, fərqli düşüncəyə malik olan iki nəfərdən bir xalq yaranır. Bu yüz illərə bərabər olur. Xalqyaranma prosesi gedir. Nə yazıqlar, bu gün xalqyaranma prosesi yenidən keçmiş dövrə qayıdır sanki. Hətta mənim evimdə belə xalqlaşma prosesində mənə qarşı çıxanlar olur. İllərlə bu ailədə böyümüş, düşüncəli, yetkin gənc deyir, millətləşmə artıq məsələdir. Heç eşitməmiş birini başa düşmək olardı. Ancaq sən illərlə mənim araçılığımla Atanı öyrənmisən, Atanın özü ilə qarşı-qarşıya oturmusan. Bu qədər məlumatlardan sonra yenə deyirsən, İnsanlıq gözəl şeydir, ancaq xalqlaşma artıq şeydir. Gör toplum nə gündədir. Bir nəfər, beş nəfər Ocaqsevər kimi bizə üz tutub gəlirsə heyrətə layiqdir. Deməli, toplumda düşünən var, xalqlaşma nə deməkdir. Yenidən o sürü halına qayıtmayaq. İndi də hər şeyin üstündə elə edirlər, parçalayırlar. Belə bir vaxtda Asif Atanın Ocağı, ideyaları, ruhaniyyatı ilə xalqı xalqlaşma prosesinə qaytarmaq, bunu bayram eləmək hünərdir. Bəlkə daş dövründə təbiət özü nizamlayırdı çox şeyi. Dağ, daş, çay, Günəş insanları xalqlara parçalamırdı. Ancaq təbiətlə hardasa təmas vardı, insanlarda ruhaniyyatı oyadırdı. Mən özüm aran mühitində böyümüş biri olaraq, dağlara gedəndə tamam başqa adam oluram. Aranda evimin içində məni rahatsız edən, gərginləşdirən hər hansı bir qayğım, orda öz həllini, düşüncələrimdə tapır. Mən onu artıq gərginlik hesab eləmirəm. Qayğısız yaşamaq mümkün deyil. Ancaq qayğını gərginliyə, müşkülə çevirmək zəiflikdir. Təbiətin qoynunda, dağlarda o zəiflik yoxa çıxır. Məsələn, Dədə Qorqudluq, Fizulilik, Babəklik – bu dəyərlərin hər biri o hala tapınanlardan yaranır…
Ata deyir, Türk Tanrısını o qədər sevirdi, güvənirdi Tanrısına babası kimi, dolanırdı Tanrısının başına balası kimi. Tanrısını vəsf etməyə sözünün qüdrəti çatmayanda sazı yaratdı, sazla ifadə elədi. Ruhaniyyat budur. Nə olur olsun, bütün yaradıcılıqlar, ruhaniyyatdan keçir, insanlıqdan keçir, xəlqilikdən  keçir. Ona görə ümumbəşəri dəyərlər yarada bilən xalq yeni ruhaniyyat yaratmağa qadirdir ki, o da Asif Atada baş verdi. Asif Ata Ocağı da onu davam edir. Xalqın, millətin yenidən öz ruhaniyyatına üz tutmasının harayını çəkir.
Atamız Var olsun!

Soylu Atalı: Sənin dediyin məsələ olduqca aydın bir həqiqətdir. Sənin evinin içində, mənim evimin içində fərqi yoxdur, genel bir psixoloji sorundur, xəlqi sorundur. Çox adam deyir, İnsanlıq yaxşı şeydir. “İnsanlıq yaxşı şeydir” o deməkdir, mən səni hesaba alıram. Xalq da odur. Xalq elə bu deməkdir. Sonra saz yaradır, filan. Folklar sözünün çevrisi “xalq ruhu” deməkdir. Xalq ruhu – xalqın birgə yaşatdığı, yaratdığı, sevdiyidir.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bu gün hamımız bir Ocaq başına yığışmışıq. Bizi bura yığan hansı güc, hansı qüvvədirsə, xalqı yaratmağa səbəb olan həmin güc, həmin qüdrətdir. Aydın məsələdir, hər şey insanla başlayır. Sonra ailə, xalq, bəşər. Sürüdən ayrılma məsələsini qardaşlarım çox gözəl dedi. Sürüdən ayrılmaqla ailə yarandı. Xalq necə yarandı?  Bir toplum öz varlığını qorumaq açısından ortalığa çıxıbsa, onların birgəyaşayışını təmin edən, hamıya aid olan qaydalar ortalığa çıxıb. Bu qaydalar əsasında xalq formalaşıb. Mən belə bilirəm, hər bir xalqın öz qaydaları var. Elə xalq var, təcavüzkar kimi ortalığa çıxıb. Dövrümüzdə tanıq olduğumuz erməni xalqı. Onlar öncə azlıq formada məskunlaşıblar.
Biz deyirik, ruhaniyyat insani qanunlarla yaşamaqdır. Bu xalqlara da, ailələrə də aid olanda fərd başqa fərdi qəbul edir. Ailə yaranır, ailə qonşuları qəbul edir. Bu da birgəyaşayışın gözəlliyidir. Xalqın da ruhunu bütövlükdə toplum daşımır, onu ayrı-ayrı fərdlər daşıyır. O fərdlər o quruma ürəyindən hay verən bir hal yaradırlar. Bu gün istənilən Azərbaycanlı bizim saydığımız dəyərlərlə fəxr edir. Babəklikdən xəbəri olmayan da, lap qısa bilgisi olsa da, hardasa içində onunla fəxr edir. Nəsimi ilə, Fizulu ilə, muğamatla, sazla fəxr edir. Mənim sözüm bu qədər.
 Atamız Var olsun!

Soylu Atalı: Bütün başqa baxışların dediyi kimi, ruhaniyyat – Allahı (Mütləq olanı) tanımaq, Allaha tapınmaq, Allaha ibadət eləməklə toplumun yaşam nizamını yaratmaqdır. Ancaq mən yazmışam, Ruhaniyyat insani qanunlarla yaşamaqdır. Bunu niyə yazmışam, çünkü bizim qurumun adı İnsanlaşma Ocağıdır. Əsas məsələ İnsanlaşmadan keçir. Ona görə ruhaniyyat insanlaşmadır. Hər yerdə fərqli deyirlər, biz sübut edirik ki, ruhaniyyat insanlaşmadır, başqa şey deyil. İnsanınn daşıdığı ruh var. Ruh Asif Atanın dediyi anlamda da olsa, başqalarının dediyi də olsa, ruhu insan daşıyır. Buna başqası başqa məzmun verir, özü bilər. Yenə də insan daşıyır o ruhu. Yəni ruha hansı xarakteri, keyfiyyəti, xassəni verirsənsə ver, onu insan daşıyır. Deməli, o ruh kamilləşməlidir. Kamilləşmə də elə İnsanlaşmadır.
Biz Musanın dinini öyrənirik, Tövratı öyrənirik. Görürük, yəhudi toplumunun silinib getməsinin qarşısını necə aldı. Mən Tövratla bağlı yazıda vurğu eləmişəm ki, Musanın o addımını hünər sayıram. Görün eradan öncə hansı dövrdə yəhudi  toplumunu bəşər səhnəsindən çıxmağa qoymayıb. Deyirəm, bu hünərdir. Ancaq onun atdığı addımlar müqəddəsdirmi?! Deyirəm, müqəddəs deyil. Qorumusan, yaxşı eləmisən. Ancaq qoruyandan sonra başqa addım götür. İlk başlanğıcda sənin üçün qaçılmaz addımlar olub, atmısan. Sonra bu qırağaçıxmaları davam eləmisən. Sənin toplumun min illərdir o addımları daşıyıb bu günə gətirib. Yolverilməz bir şeydir.
Asif Ata öz yaratdığı dünyabaxışında əyri yollarla deyil, insanı aldadaraq deyil, zorakı yollarla deyil, insanlaşma yolu ilə öz xalqını qorumaq, qurtarmaq istəyindədir. Bu zaman o, öz xalqını bəşər olmaq üçün qurtarır, başqalarına qarşı hazırlamır. Burda böyük fərq ortaya çıxır. Musa yəhudi toplumunu başqalarına qarşı qoyaraq xilas elədi. Ancaq Asif Ata öz xalqını başqalarına qarşı qoyaraq xilas eləmir. Ona görə yəhudinin inamı bəşəri deyil, Asif Atanın inamı bəşəridir. Yəhudinin inamı xəlqi də deyil. Çünkü xalq bəşərə bağlı bir məsələdir. O sadəcə olaraq xalqın bir aşamada qurddan, quşdan qorunması kimi bir şey oldu. Xalqlaşma funksiyası yerinə yetirmədi. Bu gün də biz deyirik, Musanın baxışı xalqlaşdırmır, toplumlaşdırır. Asif Atanın inamı insanı xalqlaşdırır, xalqı da bəşəriləşdirir.

Elçin bəy: Mən bir az əks fikirlər bildirəcəm. Mən son iki-üç il içində elə bir həyat yaşadım ki, istər-istəməz xalqla təmasda oldum. Yenə də deyirəm, hamını nəzərdə  tutmuram. Sizin kimi insanlar var, mənim tanıdığım başqa adamlar var, amallaşmaqda, insaniyyətdə bir nömrədir. Anca belələri çox azdır. Bu günkü kütlə, toplum qəbul eləmir bizi. Əksinə, lap bizi yumruqla vurub qırağa atırlar. Mən regionlardan danışıram, Mingəçevirə getdim. İnsanlarda səviyyə deyək, ya insanlıq deyək, çox azdır. İnsanları çörəklə o qədər sınağa çəkiblər, insanlar elə məhrumiyyətlərə düçar olublar ki, artıq bir tikə çörəyə çatmaq üçün hər şeyə hazırdırlar. Bu da neçə illərin siyasətinin sonucudur. Mən yenə deyirəm, iqtidarı, ya müxalifəti, fərqi yoxdur, hamı bu çirkaba bulaşıb. Mən xəstəxanada oldum, bütün türmələrin cəzaçəkənləri ora gəlir. Onların içində bir neçəsinin düşüncəsi mənimlə uyğun idi, hər şeyi başa düşürdülər. Ancaq onlar da hesablaşmışdılar, qırağa çəkilmişdilər ki, biz bu sözü desək də xeyri yoxdur, deməsək də. Öz həyatlarını ancaq susmaqla keçirirdilər. Susduqca da xəstəlikləri artırdı. Mən insanlarla işləyəndə, kiminsə sorunu olanda gəlib müraciət edirdi, mən nədəsə kömək edirdim. Ancaq öz məsələsi həll olan kimi qırağa çəkilirdi, heç müdafiə də eləmirdi. Bunları qırağa qoyaq, buna iradım yoxdur. Ancaq sözümü ona gətirirəm, çox çətindir. Bizi qırağa atırlar. Toplum amallaşmanı qəbul eləmir. Mən özüm ədalətli yaşamağa çalışmışam, kiminsə haqqına girməmişəm. Mən yenə öz həyatımı belə yaşayacam. Ancaq axır vaxtlar, insanları düşündükcə, əsəblərim də gərilir, ruh düşkünlüyüm də olur. Mən 4 ay özümə qapıldım. İnsanlarda yaltaqlıq, ikiüzlülük gördüm. Mən bu həyatı yaşaya bilmirəm. Fikirləşdim, həyatda qalmaq üçün ən azı 3-4 ay özümə qapılmalıyam. Çünkü insanlarla münasibət elə alınır ki, gərək mən də onlar kimi sürü halında yaşayam. Mən sürüdən ayrı yaşamağa çalışdım. Ancaq toplumla çətindir. Müharibədə fikir verdinizsə, 25-35 yaşlı gəncləri apardılar müharibəyə. Mənə elə gəlir, bu da dövlətin bir siyasəti idi. Gənc yaşda olanları aparıb məhv elədilər. Müharibədən qaçanlar, pul verib oğullarını gizlədənlər sonradan Şuşaya gedirlər, yeyib-içib kef də edirlər. O gün bir sual qoydum: bu müharibədə dövlətmi uddu, xalqmı?! Biz 3000-dən çox şəhid verdik. Elə insanlar idi ki, adam baxanda içi yanır. Vətənini, millətini özündən çox sevən oğlanlar idi. Onlar məhv oldu, onların yerinə vətənini, torpağını qoyub qaçanların uşaqları gələcək. Onlar da istər-istəməz ataları kimi olacaq. Düzdür, belə tədbirlər yaxşıdır, mən demirəm, qaçmaq gərəkdir. Ancaq mən artıq inanmıram, o qədər yaralar vurulub ki bizə. 40 ildə o qədər proseslər gedib. Onların topu, tüfəngi, var-dövləti olub, bizim qeyrətimiz, vicdanımız, şərəfimiz olub. Bununla belə, onlarla bacara bilməmişik. İnsanlar məhrumiyyətlərə düçar olublar. Mən yenə də öz işimi görürəm, mən özüm ədalətli yaşamağa çalışıram. Ancaq belə baxıram ki, bu millətləşmə çox çətin bir məsələ olacaq. Bəlkə də mən öz ömrümdə bunu görə bilməyəcəm.

Soylu Atalı: Aydındır, bəy. Dediklərini doğru sayıram. Ancaq bir az tələskənlik sayıram. Sorunlar 3-5 günün məsələsi deyil ki, 3-5 gündə də çözümünü tapsın. Mübarizə səbr tələb edir. Nələri biz görəcəyik, görməyəcəyik, bunu böyük məsələlərə calamaq olmaz. Biz hər şeyi görmək üçün mübarizə aparmamalıyıq. Xalq təkcə biz, bizim çağdaşlarımız deyil, xalq əbədi varlıqdır.

 Elçin bəy: Bir az əksinə getmiş kimi olur. İnsanilikdən danışılır,  Mən deyirəm insanlığın filan sorunları var. Mən mübahisələri də sevmirəm.

Soylu Atalı: Mübahisə yaratmır, əks də getmir. Bunlar İnsanlığın sorunlarıdır, sən dilə gətirdin. Mən də deyirəm, düz deyirsən. Bayaq dedin, neçə adama əl tutmusan, hamısı sənə arxadan zərbə vurub, hamısı səni unudub. Sən yaxşı eləmisən, peşman olma. Sən öz ləyaqətini ortaya qoymusan. Ancaq mənim dediyim odur, bu cür taktik gedişlər papağı günə yandırmaqdır. Bununla insanların bir günlük sorununu həll eləmiş olursan. Ancaq insanlığın min illik sorunları var. Onu həll etmək gərəkdir. Sənin işini başqaları da görə bilər. Sən saf adamsan. Başqaları da bunu edə bilərdi. Sən gedib əsəblərini ortaya qoydun. Artıq bəlli bir yaşa gəlib çatmısan. Hələ sən uşağını böyütməlisən. Onun sorumluluğunu daşıyırsan. Biz  bilirik nə qədər sorunlar var. Biz canavarların ağzının içində yaşayırıq. Biz, yəni xalq…

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A):Atanın belə bir sözü var, “elə qələbə qazan ki, heç kəs məğlub olmasın. Elə ucal ki, heç kəs alçalmasın. Elə böyü ki, heç kəs kiçilməsin”. Bu günün insanı elə özündən ayrılıb ki, nə yazıqlar, bu günün qələbəsi insanlığın faciəsi üzərində qurulur. Kim böyükdür, kim kiçikdir, kim xalqı doğru yola aparır, kimin yolu özgəçiliyə söykənir bilinmir.  Böyüklük, ucalıq deyəndə ləyaqət ucalığı ağıla gəlmir. Böyüklük, ucalıq deyəndə kiminsə maddi cəhətdən üstünlüyü ağıllara gəlir. Bu günün qüdrətli insanı insanları sözlə böyüdənlər deyil, mal-mülk baxımından kimlərdənsə üstün olanlar sayılır. İnsan bu cür dağınıq durumda olanda, xalq sürətlə məğlubiyyətə doğru gedir, fəlakətlərə doğru sürüklənir. Bu gün üzdə mübarizələr gedir, xalqı çağırırlar mübarizəyə. Ancaq onların demək olar, heç birində milliliyə dayanmaq yoxdur, hardasa yadlığa söykənmə var, yadlıqdan ümid gözləmək var. Xalqda da yadlığa ümid bəsləmək halı yaradırlar. Yadlığa ümid bəsləməklə xalqı balaca saxlayırlar, xalqı böyüməyə qoymurlar.
 Mən özümdən götürürəm, Ocağa qədərki dönəmlərdə Nəsimini, Babəki tarixi şəxsiyyət kimi oxuyub keçmişəm. Ocağa rast gələndən sonra Atanın “Azərbaycanımız-Azərbaycanlığımız” yazısını oxudum,  milli dəyər sistemimizi öyrəndim. Heç düşünməzdim ki, Nəsiminin sözünə, Babəkin qəhrəmanlığına dayanıb bu gün böyük dəyişikliklər üçün yenilənmək olar, baş verən fəlakətləri aradan qaldırmaq olar.  Ancaq o yazını oxuyanda çox sarsıldım, bir yandan da, indiyə qədər mənə dəyərlərimiz doğru öyrədilmədiyi üçün bir qırğınlıq yarandı içimdə. Atanın yazısını oxuyana qədər bir çox suallarım var idi,  məsələn, xalq  nəyə görə fəlakətlərə doğru gedir, nəyə görə bu gün aparılan mübarizələr uğurlu sonuc vermir, niyə xalq qurtuluş yolunu tapa bilmir b.k. sualların cavabı, o yazını oxuyandan sonra, mənimçün aydınlaşdı. Doğrudan da, xalqın sabahını qurmaq yadlığa söykənməklə olmur. Xalqın sabahının qurulması, dəyərlərimizə, keçmişə söykənərək, ucalanların sayəsində mümkün olur. Xalqı dağınıq durumda saxlayan özgəlikdir, xalqın qurtuluşu isə özümlüyündədir. Xəlqi dəyərlərə sahib çıxmaq, özümləşmək hər bir fərdin ömründən başlayır.
Atamız Var olsun!

Soylu Atalı: Var ol. Ola bilər, tədbirlərimizdə məsələnin təkcə bir yönünü deyək. Hamısını çatdırmaq olmur. Ata deyirdi, Azərbaycanın bu günü ilə döyüşməyən Azərbaycanı sevmir. Azərbaycanın bu günü ilə döyüşmək gərəkdir. Biz də elə bu günü ilə döyüşürük. Onun ağlındakı geriliklə, xəyanətlə, ağlında oturuşmuş eybəcərliklə döyüşürük. Döyüşməyin yolu həqiqətləri öyrətməkdir. Çağaşırı özünü özünə eybəcər göstərməklə heç nəyə nail olmaq olmur. Xalqın yaratdığı böyük həqiqətləri öyrətmək gərəkdir ki, sənin xalqın yaradıb bunu. Sənin qatqın var burda. Belə dəyər, ləyaqət yaratmaq qabiliyyətin varsa, sənin bu dərəcədə alçalmağın, bu dərəcədə ayaqlar altına düşməyin doğru deyil. Səbəb var. Səbəb nədirsə, onu ortadan qaldırmaq üçün mübarizə aparmaq gərəkdir.
İnsana həqiqətləri elə vermək gərəkdir ki, o özü mübarizə aparsın. Biz onun yerinə apara bilmərik. Elçin bəyin göstərdiyi ləyaqətlər var. Gedir kiməsə kömək edir, əl tutur. Yenə deyirəm,  xalqın özünün ləyaqətini, mənliyini, şüurunu böyütmək gərəkdir ki, o özü ayağa durub öz sorunlarına, eybəcərliyə yox desin. Onun yerinə qıraqdan ayrı-ayrı adamlar bir iş görəcək, ancaq eybəcərlik yerində qalacaq, xalqın qorxaqlığı yerində qalacaq, xalqın məzlumluğu, başında duranın amansızlığı yerində qalacaq. Sadəcə olaraq, xalqın hər hansı bir nümayəndəsi bir-iki gün rahat nəfəs ala biləcək. Bu da çıxış yolu deyil. Bu açıdan Atanın bizə öyrətdiyi yol çox doğru yoldur. Deyir, ya xalqa qarşı, insana qarşı inamsızlığınızla ömrünüzü başa vurub bitəcəksiniz, ümidsizliyə qapılıb “belə gəlib belə də gedəcək” deyəcəksiniz, ya da insanı dərk edib onun böyüməsi üçün zəhmətə qatlaşacaqsınız. Deyəcəksiniz, insan göründüyünə bərabər deyil. Ona görə addım atmaq gərəkdir, sıfır nöqtəsindən nəyisə tərpədək. Biz kordinat oxu boyunca gedib sonsuzluğa dayana bilmərik ki. Biz öz çağımızda öz üzərimizə düşən yükü götürürük, öz üzərimizə düşən mübarizəni aparırıq. Onu elə formalaşdırıb, elə şəklə salırıq ki, bizdən sonra mübarizə dayanmasın. Gələnək yaradırıq.
Sənin şüurun, mənəviyyatın, mənliyin, ruhaniyyatın işğal olunub. Bunların axırı gəlib belə şeylərə çıxır – döyüşdə filan olub, çolaq qalıb, indi çörək tapa bilmir. Bunları bilirik sarsılırıq axı. Söz yox, acınacaqlı şeyləri görürük, bilirik. Bunun ayrı-ayrı cəhətlərini demək olar, ancaq mübarizə ilə eləmək gərəkdir. Xalqı böyütmək yolu ilə bunu eləmək gərəkdir.

Bilən Atalı: Ata deyir, insan daxildən dəyişməlidir. Xalq da daxildən dəyişməlidir. İnsan elə şeyi bayrama çevirməlidir ki, onun ömründə olsun. Yəni gələcəyini qursun. Qonuda da qoyulub Ataya tapınan xalqın sabahı. Bu bayramlar ona görə var ki, bizim milli dəyərlərimiz qorunsun. Bizə aid olmayan yad bayramlar keçiririk, heç birində gələcəyimizə aid bir şey yoxdur. Çoxu xalqı xurafatdan çıxmağa qoymur. İstəyirlər ki, insanlar xürafatın əsarətində qalsın, gələcəyə heç nə apara bilməsin, öz dəyərinə sahib çıxmasın, kölə durumunda da qalsın, yaşasın.
 Elçin qardaşımızı dinlədim. Mən də bir vaxtlar siyasətin ardınca düşmüşdüm. Öyrəndim, gördüm, məncə, siyasi mübarizə aparanların Azərbaycanı qurtarması mümkün olmayacaq. Azərbaycanı qurtarmaq üçün İnsan yetişməlidir. Bunun üçün ölçünü Asif Ata yaradıb. Onun ideyalarına tam inanıram. Özümü qurmağa çalışıram. Qardaşımız siyasətlə uğraşır. Elə müxalifəti götürək. Müxalifət bu gün Qərbdən yapışıb. Həmin Qərbdir ki, demokratiya adı altında xalqları məhv edir. Amerikada, ya başqa yerdə oturub  danışırlar. Özləri üçün yaşayırlar, arada gedən də, Elçin bəy kimi adamlar olur. Əslində bu mübarizə deyil. Mən də əvvəl bilmirdim, Soylu bəy deyəndə inanmırdım. Sonra anladım ki, düzdür. İnsan gərək daxildən dəyişsin ki, millətinə, gələcəyinə sahib çıxsın.
Atamız Var olsun!

Soylu Atalı: Əslində onu doğru deyirsən, Elçin bəy kimi saf adamlar arada gedir. Ancaq Elçin bəy də yanlış eləmir kimlərəsə inananda, xalqa inananda. Ancaq nə etməli, inamına layiq olmayanlarla üzləşir. Dediyim kimi, Elçin bəy kimi saf adamlar da xalqın ayrı-ayrı nümayəndələrinə ömrünü həsr edir. İnanır ki, onlara kömək eləsə dirçələrlər, bir iş görərlər. Ancaq görür ki, onların çoxu daha da heyvana doğru gedir. Çünkü ləyaqətlə uğraşmadığına görə ona güvənmək olmur. Ona görə belə arı insanlarımız hədəfə çevrilir, əməyi itir. Dedik, biz hər yöndən işğal olunmuşuq. Ona görə istəsək də, istəməsək də, tələssək də, tələsməsək də zamanı, məsələləri sürətləndirə bilmirik. Səbrlə mübarizənin doğru yönünü yetirmək gərəkdir.

İnamlı Atalı: Soylu qardaşım, doğru deyirsən. Bizim gerçəkdən bəlalarımız başdan aşır. Hər bir insan da bunun əziyyətini çəkir.

Soylu Atalı: Bizim özümüzün içində də o əziyyəti çəkməyənlər yoxdur. Özümüz də çəkirik.

İnamlı Atalı: Ancaq çıxış yolu nədədir? İndi yarımçıq fəaliyyət göstərən partiyalar çoxdur. Balaca bir ölkədə 52 partiya var. İndi lap rejim dəyişsin, başqası gəlsin. Bu da bəlli bir zaman içində ola bilər. Ancaq yenə nisbi bir dəyişiklik olacaq. O da bəlli zamandan sonra bəlkə də bundan betər olacaq. Biz zor duruma düşmüşük. Çıxış yolu ruhaniyyat yoludur, içəridən böyüməklə doğru mübarizə gedəcək.

Soylu Atalı: İnamlı qardaşımız deyir, bu dəyişəcək o biri gələcək. Onun da ölçüsü yoxdur. Bilmirik necə olacaq. Düzdür. Ancaq burda da öz Ocaq ölçümüzü qoruyaraq deyirik, eybi yoxdur, nisbi də olsa qoy dəyişsin. Heç olmasa bu xalq bir az nəfəs alsın. Dəyişməsini istəyirik. Söz yox, bu böyük qurtuluş deyil. Ancaq dəyişiklikdə mübarizəyə inam yaranar…
Belə, biz xalqımızla, insanlıqla bağlı sorunlarımızı da, sevgimizi də, bacardığımız qədər dilə gətirdik – Bayramın məzmununa uyğun olaraq. İndi törəni bitirə bilərik.

Bayram quralları yerinə yetirilir.

Ata Ruhunu Ürəyimizdə aparırıq! Atamız Var olsun!

Od Ayı, 44-cü il.
(iyul, 2022).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir