Xəbərlər

Qutsal “Xəlqilik” Bayramındakı çıxışlar

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “Xəlqilik” Bayramındakı çıxışlar

Asif Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 39-cu ildə (iyun, 2017) “Xəlqilik” Bayramını keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü sözünə başladı: Bizim istəyimiz o idi ki, bayramı həyətdə keçirək, orda tonqal qalayacaqdıq. Yağış aman vermədi.
Qutsal Günümüzə başlayırıq. Ocağımızda Xəlqilik adına Bayramı həyata keçiririk. Bu bayramda söz deməzdən öncə mən Ataya səcdə qılıram, Onun Bayrağını öpürəm.

Ocağımızın ayrı-ayrı tədbirləri var. Bu tədbirlərdən ildə dördü bayramdır. Bayramlarımız “İnsanilik” Bayramı ilə başlayır. “Xəlqilik” Bayramı ilin ikinci bayramıdır. Bizim ilimiz, bilirsiniz, Günəş Ayından (mart) başlayır. Ayın 1-i Asif Ata Ocağının Yeni ili başlayır. Yeni Günsırası başlayır. İndi artıq 39-cu ilimizdir. 39-cu ilimizin 20-ci ilindən üzü bu yana, yəni 19 ildir, Asif Ata Ocağının bayramları həyata keçirilir.
Öncə bayramla bağlı söhbət eləyəcəyik. Nədir bayram, niyə keçiririk, bayram keçirməyə gərək varmı? Bayramların anlamına yönəlik söz deyəcəyik. İkinci aşamada doğmalaşma, çay süfrəsində söhbətlər aparacağıq. İstək odur ki, bir xalq olaraq, özümüzü tanıyaq, dərk eləyək. Asif Atadan Ruhsal bilgi alaq. Bu böyük məsələdir, böyük çabalardır.
Əslində hər bir xalqın yaşamnı ifadə eləyən məsələlər var. Onlardan biri bayram qurallarıdır. Bizim xalqımızda bəlkə daha çoxdur. Azərbaycanda siyasi bayramların, dini bayramların çoxu gərəksiz bayramlardır. Dini bayramlar haqqında mən dönə-dönə demişəm. Məsələn, bizim xalqımızın keçirdiyi bayramlar – Oruc bayramı, Qurban bayramı ilə bağlı. Bəlkə də dinin yarandığı dövrlərdə insanları mənən təşkil eləmək, bir araya gətirmək üçün bu bayramlara gərək var idi. Ancaq bəşəriyyət, insanlıq yol gedir. Həyat dəyişir, yenilənir. Bu yenilənməyə uyğun addımlar gərəkdir. İnsanın içini ifadə eləyən yeniliklər gərəkdir. İnsan min illərin o tayındakı köhnəliklərlə yaşaya bilməz axı. Yaşaya bilməz, eyni zamanda yaşamamalıdır. Əgər onu, yaşaya bilmədiyi halda, yaşamağa zorlayırsansa, mütləq bilməlisən, insan mütiləşəcək. Mütləq bilməlisən, insan öz kimliyini, öz üzünü itirəcək. Çünkü insan başqa cür yaşamağa zorlanmamalıdır. İnsan içinin azadlığıyla, eşqiylə yaşamalıdır. Onu qıraqdan nə siyasət, nə din, nə başqa baxışlar verir. İnsan qəlibə sürüklənir, azadlığını itirir. Azadlığını itirən insandan nə gözləyək?
İnsan hansı təbəqələrdə olursa olsun azadlığını itirir. Bizim başımızın üzərində hakim olan, istismar edən, sosial ədalətsizliklərlə üz-üzə gətirən qüvvələr daha böyük asılılığa uğrayırlar. Onlar heyvanat aləminin ünsürləri kimidirlər. Onlar içəridən azad deyillər. Yəni azadlığını itirən zor göstərir.
Bayramdan danışarkən belə faktlar aydınlaşdırıcı, nizam gətirici söhbətlər olduğuna görə bunları deyirəm. Dediyim kimi, bəşəriyyət yol keçir, yenilənir. İbtidai baxışlar bu günə gəlməməliydi. Ən ibtidai şəkildə bu günə daşıyıb gətirirlər. Mən bunları qəbul eləmirəm. Mənə elimdə, toplumda başqa cür baxırlar. Deyirlər, bunlar qapalıdırlar, toplumun qəbul elədiyini qəbul eləmirlər. Nəyini qəbul eləyim sənin? Necə kilimə bürünüm, səninlə sürünüm? Onda gərək ağıllı söz deməyim.
Keçən tədbirdə mən dedim. Görün hansı dövrdən qurban bayramı çağımıza daşınıb gətirilir. Bəşəriyyət animizm dövründən üzü bu yana belə şeylərə göz yumur. O dövrlər üçün başa düşmək olardı. Çoxallahlılıq mövcud idi, elm gəlişməmişdi. İnsan təbiət olaylarını anlamırdı. Təsərrüfatını yaxşılaşdırmaqdan ötrü Allaha qurban verirdi. O dövr üçün bəlkə də bunları anlamaq olar. Ya da tutalım, bütpərəstlikdən çoxallahlığa keçid dönəmində qurbanları tək Allaha yönəldirdilər ki, insanların bütpərəstlikdən gözü yığışsın. Eləcə də deyək, insanların nəfsi bir az toparlansın. Ordan-burdan oğurlamasın. Belə məsələlərin bəlkə də çağında rolu var idi. Ancaq gəlin görün, biz hansı dövrə gəlib çıxmışıq. 21-ci yüzildə əski baxışlarla yaşayırıq.
Bu gedişə də nə qədər ağız büzürsən büz, nə qədər sosial şəbəkələrdə inkar eləyirsən elə, bunu toplumun halından, xarakterindən, şüurundan silə bilməyəcəksən. Dağılmış, barmaq sayda adamlar bir araya gələ bilmir, ancaq sosial şəbəkələrdə buna etiraz eləyirlər. Bu etiraz yerimir, yeriməyəcək. Niyə mən bu cür hökmlə danışıram ki, yeriməyəcək? Nəyə dayanıram? Bir sıra ayrı-ayrı türkçü yoldaşlarla bu söhbətləri eləmişəm. Onlarla söhbət əsnasında vurğu eləyirəm, siz türkçülüyün hansı prinsiplərini qurmaq istəyirsiniz?! Biriləri mənə deyir, Orta Asiyada filan şeylər var, Altaylarda filan şey var. Mən deyirəm bunların heç biri yeriməyəcək. Ona görə yeriməyəcək, bu cür məsələlərin həllini, nizamını Ruhaniyyat həyata keçirməlidir. Sənin Ruhaniyyatın əyilib. Tanrısal sistemin dağılıb. Göyel dinlərin yaratdığı ruhaniyyat antiruhaniyyatdır. Toplumun bir bölümü məsələyə ateistcəsinə yanaşır. Bir qismi də ruhaniyyata dinin dediyi şəkildə yanaşır. Ruhaniyyat o deyil. Asif Ata yeni ruhaniyyat yaradıb, yeni anlam gətirib ruhaniyyata. Ruhaniyyat – toplumun insanlıq əsasında, insani qanunlar əsasında yaşaması sistemidir. İndi insani qanunlarla yaşamaq gərək sistemə salınsın, yaşama salınsın. Bu, dövlətin qanunlarıyla, siyasətlə olmur. Dövlət səni, məni siyasi anlamda təşkil eləyir. Bir çətirin altına yığır, idarə eləyir, filan şeyi eləyərsən qanunsuzluqdur, filan şey qanundur deyə. Ancaq səninlə mənim münasibətimi dövlət qura bilməz. Səninlə mənim münasibətim ruhaniyyat məsələsidir, onu ruhaniyyat qura bilər. Toplumun içərisində əxlaq, mənəviyyat nə vaxt yüksək olar, nə vaxt gözəl olar, nə vaxt nizamlı ola bilər? – Onun içində özünün dəyərlərini yaradan, qoruyan sistemi olarsa.
7-ci, 9-cu yüzillərdə bizim içimizdə ruhaniyyat sistemi sarsılıb. Ruhaniyyat sistemi sarsıdıldığına görə toparlana bilmirik. Siyasi mənada da toparlana bilmirik. Təşkilatlarımız yaranır. Ədliyyə nazirliyi, nə qədər desən, təşkilatları qeydiyyatdan keçirir. Özü də yaxşı bilirsiniz niyə keçirir. Nə qədər təşkilat yaranarsa, toplum bir o qədər çox parçalanar. Nə qədər çox qeydiyyatdan keçirərəsə, bir o qədər yaxşı nəzarətdə saxlayar, idarə eləyər. Təşkilatların çoxluğu azadlıq anlamına gəlmir. Demokratiya azadlığı deyirlər. Demokratiya azadlığı deyil, demokratiya cəfəngiyyatıdır təşkilatların çoxluğu. Xalq bir araya gəlmir, param-parçadır. Hamı iddialıdır. Nəyə iddialıdır? Siz məni tanıyırsınız. Heç kimin əməyini yerə vuran deyiləm. Hər kəsin əməyini qəbul eləyirəm, qiymətləndirirəm. Ancaq söhbət özül prinsiplərdən gedir. Bir adam yoxdur, o, bir az addımını uzaqlara hesablasın. Hamı taktik davranır. Strategiya yoxdur. Nə müxalifətimizdə var, nə iqtidarımızda var. Heç yerdə milli strategiyamız mövcud deyil. Strategiya yaranmalıdır ki, milli qüvvə formalaşsın. Milli strategiyanın formalaşması da milli gələnəklər, ruhaniyyat məsələsinə bağlanır.
Asif Ata hələ sovetlərin dönəmində bunları görürdü. Üzdən hər şey gözəl idi, sakit, firavan yaşayırdıq. Başımızı sallayıb millət kimi assimliyasiya olduğumuzun fərqində deyildik. Ancaq ayrı-ayrı təfəkkür adamları bilirdi, biz assimliyasiyaya gedirik, onlar rahatsız olurdular, söz deyirdilər. Onların çoxlarını məhv eləyirdilər, xəstə elan eləyirdilər, ruhu pozuq elan eləyirdilər. Daha doğrusu, təbliğ eləyirdilər. Biz isə sakit, firavan yaşayırdıq. Deyirdik, sovet quruluşu gözəl quruluşdur. Ancaq Asif Ata sovetlərin qaynar çağında dedi, nə qədər ki, Azərbaycan öz içində özünəxas ideyasını ortaya qoymayıb, milli ruhaniyyat sistemini yaratmayıb, fəlsəfəsini, düşüncə sistemini, öz gələnəklərini bunların əsasında formalaşdırmayıb, Azərbaycan, Rusiyanın nəzərdə tutduğu kimi, zaman-zaman tarix səhnəsindən çıxacaq. Bizi tarix səhnəsindən çıxarmağa hazırlayacaqlar. Torpaqlarımızın bölünməsi, parçalanması elə-belə məsələ deyil. Təkcə biz Araz boyu bölünmədik ki. Quzey Azrbaycanın içində nə qədər parçalandıq. Öz torpaqlarımızla sınır təşkil eləyirik. Borçalı, Batı Azərbaycan, Dərbənd, Qarabağ. Bunların hamısının köklü məsələləri nəyə dayanır? Güney Azərbaycanla Quzey Azərbaycan arasında təkcə siyasi sınır çəkməyiblər. Həm mənəvi, həm dini, həm də siyasi sınır çəkiblər. Aşura günləri ilə bağlı yazı (mən o yazını hər il yayımlayıram) yazmışdım, aşura həşiri nəyə hesablanır, nəyə görədir? –  Güneydəki toplumu basqı altında saxlamaq, şiəlik şüuru altında məhv eləmək, Quzey Azərbaycandakı toplumu vətəndaş qarşıdurması həddinə gətirmək. Sünni sayılan kəsimlə şiə sayılan kəsimi qarşıdurma həddində saxlamaq. Onların başlıca işi budur. Adamlar elə bilirlər, Azərbaycanın işi siyasi anlamda alınmır, yəni biz siyasi təşkil oluna bilmirik. Elə deyil. Bunların hamısının özülündə xalqın mənəvi, ruhsal parçalanması durur. Milli şüurun məhvi durur. Türkiyəylə bizim aramıza şiə sınırı çəkib İran. İmkan vermir neçə illərdir, sünni sayılan Türkiyəylə şiə sayılan Azərbaycan bir araya gəlsin. Hələ Azərbaycanın öz içində sünni kəsimi ilə şiə kəsiminin münasibəti. Hədələyir əməlli-başlı qardaş qardaşı.


Bir də xatırladıram, Azərbaycanda nə İmam Hüseynin 15 arxa dönəmindən bir kimsə yoxdur, nə də Yezid İbn Müaviyənin 50 arxa dönənindən bir kimsə yoxdur. Ancaq bir-birini hədələyir bizim toplumumuz. Üzdə görünən, İmam Hüseynlə Yezidin münasibəti dilə gətirilir, ancaq onun arxasında Azərbaycanın parçalanması, bölünməsi, məhv edilməsi durur. Ona görə Asif Ata dedi, düşündük, daşındıq Ocaqlaşma yolu tutduq. Öncə, 70-ci illərdə dedi, biz hakimiyyətə gəlib, özümüz istədiyimiz yönətimi yaradacağıq. Ancaq DTK-nın təqibi başlayan kimi, Asif Ata qaldı tək. İndi siyasət meydanında olanlardan bəziləri, o vaxt Asif Atanın böyür-başındaydı. Onda Asif Ata dedi, bu xalqın indiki səviyyəsiylə beş addım yol getmək mümkün deyilsə, hakimiyyətə gəlmək, dövlət yaratmaq heç mümkün deyil. Ocaq əsasında xalqın içində milli baza, özül yaranmalıdır. Milli strategiya formalaşmalıdır. Bax, bizim “Xəlqilik” Bayramımızın prinsipi əslində ona dayanır. Bizim xalqımız hardan başlayır, mənəvi olaraq hara uzanır? Bunları dərk eləmədən, anlamadan, təkcə dərk eləmək yox, bu prinsiplərlə yaşamadan xalqın içində birlik formalaşa bilməyəcək. Biz, millət olaraq, prinsplərimizlə yaşamırıq. O qədər adamlar var, səhərdən-axşama türk belə gəldi, türk belə getdi deyə bağırır. Ancaq ən elementar cəsarəti bacarmırlar. Boğazdan yuxarıdır hamısı. Mən sənə deyirəm dədəni, ananı, kimsəni ərəb dilində torpağa qoyma. Ulatma ərəbi onun üstündə. Sənə bunu deyirəm. Şüurunu dəyiş. Bunu mən gəlib eləyirəm. Sən qapını aç. Sənin toplumunu anladacam, ölünü ortadan götürməyin yolu var, qaydası var.
Bütün məsələlərin kökündə dini şüur dayanır. Ruhaniyyat sistemi dayanır. Gərək orda özümləşəsən.
Sovetlər dağılandan sonra necə sürətlə çadralara büründü qadınlarımız. Kişilərimiz saqqala büründü. Guya sovetlər dönəmində hər şey aradan getmişdi. Bu üzdə belə idi, mahiyyətdə heç nə aradan getməmişdi. Asif Ata ona görə Mütləqə İnam Dünyabaxışı yaratdı. Dedi, Türkdən başlayan yeni bəşər nizamı formalaşmalıdır.
Mütləqə İnam çox dərin elmi əsaslara dayanır. Burada yalan, xurafat yoxdur. İnanc sistemi bütünlüklə xurafatdan arınır. Ruhaniyyat sistemi yalandan, xurafatdan arınır. İnsan özüylə üz-üzə gətirilir, yəni öz həqiqətiylə. Demirik, Asif Ata deyən kimi bütün bəşəriyyət yüyürəcək onun dalınca, hamısı bir gündə əla olacaq. Elə deyil. Xalqın içində proses gedir. Günlərin bir günü o proses böyüyüb dövlətin başına çıxır. Dövlətin başına gələndən sonra nizam birbaşa dövlətdən yönəlir. Xalq hamısı tanrısal sistemi yüksək səviyyədə dərk eləmir ki. Xalqa xurafat verirsən, xurafatla yaşayır. Həqiqət ver, həqiqətlə yaşasın. Mən çox adamlara demişəm. Nə vaxt dizini yerə qoyub zəhmət çəkibsən, xalqın içinə çıxıb yalvarıbsan, ona həqiqətini sunubsan? Nə vaxt eləmisən bunu, deyəsən xalq düzəlmir?!
Bizim içimizə İslamı dəyənəklə gətirdilər. Bizim düşüncəmizi soruşmadılar. Bizim içimizdə nə ərəb, nə ərəbin boyunduruğuna girənlər təbliğat aparmayıb. İslamın yaxşısını, yamanını ona aydın eləməyib. Qılıncı götürüb, ya qəbul elməlisən, ya namusunun başından keçməlisən.
Böyük problem, fəlakət insan varlığının özülündədir. Asif Ata oradan təmizləyir. Ona görə də O, özünün yaratdığı dünyabaxışla xalqı öz mahiyyətinə qovuşdurmağın yollarını deyir, xalqın mahiyyətini aydınlaşdıran bir düşüncəni beləcə tədbirə çevirir, bayramlaşdırır.
Bayram gələnəksəl olaraq, çal-çağırılı olur. Bizimdə çal-çağırımız olub. Sazdan, sözdən biz də yararlanırıq. Olmalıdır da. İnsanda hal dəyişikliyi olmalıdır.
Biz Asif Atanın ölümündən sonra bunu elədik. İndi ayrı-ayrı soydaşlarımızı çağırırıq tədbirimizə. Onlara Asif Atanın sözünü çatdırırıq, onları dinləyirik. Onlarla doğmalaşıb bir araya gəlməyin, xalqımızın həqiqətlərini dərk etməyin yollarını sunuruq.
Sizin hər birinizə, zəhmət çəkib bu yağışlı gündə, bizim ünvanımıza gəldiyinizə görə təşəkkür eləyirəm. Var olun, səbr göstərib məni dinlədiniz. Mən sözümü bitirirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın bayrağını öpürəm.

Şakir bəy: Mən əslən Qazağın ucqar kəndindənəm. Hal-hazırda həmin kənd Ağstafaya baxır. Mən böyük Asif Atanın üç dərsində iştirak eləmişəm. 14-15 yaşım olardı. Onun bizim kənddə qohumları olduğundan tez-tez gələr, orda söhbətlər aparardı. Mən həmişə uşaqlıqdan ağsaqqalların söhbətlərində iştirak eləməyə həvəsli olmuşam. Novruz Abbasov deyilən birisi var. Mənim də qohumumdur. Çox yaxın qohum idi Asif Atayla. Orda apardığı söhbətlər hamısı yadımda qalıb. Onu da deyim, Ermənistanın Bel kəndi var. Onunla biz qonşuyuq.
Onu da deyim, bizim kənd 50-dən çox itki verib. Buna baxmayaraq, yerindədir.
Asif Ata oraya gələndə sovet rejiminə qarşı tənqidi fikirlər söyləyirdi. Kolxoz briqadirləri olurdu. Orda çalışanlar deyirdi, bu kişi hökümətə qarşı antitəbliğat aparır. İstəyirdilər, həmin tədbiri pozsunlar. Ancaq oturanlar daha çox idi. Niyə çox idi? Ona görə ki, Asif Atanın söhbətinə maraqla qulaq asırdılar, razılaşırdılar. Çünkü onlar çox acınacaqlı, pis gündə yaşayırdılar. Sovet rejiminin zülmünü aydınladırdı ordakılara. Mən o söhbətlərdən çox böyük düzgünlüklər götürdüm özümə. Gördüm, Asif Ata yolu işıqlıdır. Fikir vermisinizsə, statusaltı rəylər yazıram ki, Asif Ata –  işıqlı yol. Öz fikirlərimi orda ifadə eləyirəm.
Mən şərəf duydum. Bugünkü bayrama dəvət elədiyiniz üçün var olun. Bütün dediklərinizlə razılaşıram. Bəyəndim. Sağ olun.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T.A.): Bayramımız qutlu olsun. Bayramımızda belə bir qonumuz var: Xalqın yaşam nizamı ruhaniyyat işığında qurulur.

Bizim xarakterimizdə özümüzəxas cizgilər var, həm də xalqa xas cizgilər. Xalqa xas cizgilər min illərdən bəri xalqın həyatında, mədəniyyətində, musiqisində, inancında, yaşam tərzində yaşayan cizgilərdir. Xalqın xalq olduğunu göstərən, ölməzlik adlı olayı təsdiq edəndir. Dahilər çıxır xalqın içindən. Öz xarakteri, ruhu, prinsipləri, ideyaları ilə dəyərə çevrilirlər. Onun ardınca gedənlər də bu dəyəri əbədiləşdirirlər. Zaman keçdikcə xalqlaşır bu dəyərlər. Ancaq dəyərlər qorunmazsa, artmazsa, yenilənməzsə, xalqın sabahı da sual altına düşür. Çünkü zaman, ortam dəyişkəndir. Bəlli güclərin bəlli məqsədləri var. Dünyanın gələcəyini indidən düzürlər, qururlar. Ona görə də milli olan nə varsa, ona hücum var, qaralamaq var. Çünkü milli olan dəyərlər millətin, insanın həqiqi üzüdür, ruhudur, xarakteridir, gələcəyidir. Asif Atanın Mütləqə İnam Ocağı bu ruhu, üzü, gələcəyi quran, yaradan, qoruyandır. Xalqın özülü bireydir, insandır. Yaşam nizamı insanın aqibətinin qurulmasıdır. Özümlük əsasında qurallarla, gələnəklə yaşamaqdır. Bireyin ömründə bu qurallar, gələnəklər nə qədər doğru, bütöv yaşanarsa, xalqın sabahında da yaşayacağı bəllidir. Asif Ata deyir: “Xəlqi birlikdə insanlar sadəcə bir yerdə yaşamırlar, bir tərzdə yaşayırlar. Bir tərzdə yaşamaq o zaman zəruri olur, o, insanların dərin ruhani tələblərini ödəsin”.

İnsanın ruhsal tələbləri – İnsaniliyə, Mütləqiliyə yetməkdir. Özüylədöyüş əsasında Mütləq İnama, Mütləq İdraka, Mənəviyyata, İradəyə yetməkdir. Bu ruhsal tələblər insanı adi həyatdan yapışmağa qoymur. Adi həyatın keçiciliyini, ötəriliyini göstərir. Maddiyyat ideala çevrilmir. Amallı olmaq, ruhsal, ideal tələblərlə yaşamaq həyatın özünün gedişini, axarını dəyişməkdir. Çünkü insan özü ömrünün yönünü, istəklərini, tələblərini dəyişir.
Fərəh necə yaranır? – Öz ömründə üzə çıxardığın, yaratdığın insani keyfiyyətlərdən, etdiyin insani əməllərdən, xalqla bağlı çalışmalarından.
Kədər nədən yaranır? – Həyatda gördüyün ədalətsizlikdən, həqiqətsizlikdən, millətin öz dəyərlərinə, dilinə, keçmişinə, gələcəyinə laqeydliyindən. Amallı insan ömrü də bu duyğularla nizamlanır. Özünü xalqda görmək, xalqın dərdini içində çəkmək, yol axtarmaq, çalışmaq, uğuruna sevinmək. Bir ömür xalq adlı bütöv mahiyyətə bağlanır. Ömür də böyüyür, duyğular da, düşüncələr də, əməllər də. Ocaqda da belədir. Bizim keçirdiyimiz görüşlər, söhbətlər, tədbirlər, yazılar, kitablar insanların, xalqın, bəşərin gələcəyini qurur. Abemizə yiyə çıxırıq, dilimizə, mədəniyyətimizə, musiqimizə, dəyərlərimizə, qəhrəmanlarımıza yiyə çıxırıq. Ocaqda, Atada toplanıb hamısı. Ocaqda yaşayır, yaşadılır, qorunur. Sabaha çatdırılır ömrümüzlə, əməllərimizlə.
Hər bir xalqın öz mənliyinə yiyə çıxması bəşərin də gələcəyinə inam yaradır. Özünəxas insanlardan yaranan xalq, özünəxas xalqlardan yaranan bəşər insan fərəhinin, gələcəyə inamının özülüdür.

Soylu Atalı: Bu, insanlığın ən böyük məsələsidir. Bu gün dünyanın nizamı bütünlüklə siyasətə bağlı olduğuna görə, toplum hər şeyi siyasətin ölçüsüylə araşdırır. Ona görə fərqli deyilən düşüncələr bəzən nağıl etkisi bağışlayır.
“Mümkün, ya mümkün olmayan məsələsi” nə deməkdir? – Əslində mən öz üzərimə götürürəm. Öz üzərimə götürdüyümə görə də bütün araşdırmaları öz üzərimə yönəldir, öz açımdan baxıram. Mən “İnam sorağında” adlı kitab yazmışam. Orda bütün ömrümü təhlil eləmişəm. Hardan hara gəlmişəm?! Yazmışam, Asif Atanı tapana qədər çox aşağı dünyagörüşlü olmuşam. Çox bəsit şüurum var idi. Asif Ata məni üzə çıxartdı. Mən özüməxaslığımı Asif Ata ölçüsündə qurdum. Bu mənə bir ortam oldu. Ona qədər bəsit düşünürdüm. Bəzən gəlişməyə təkan verən məsələlər var. O təkan verən məsələlər, doğrudan da, tamamilə səmti dəyişə bilir.
Nurtəkin vurğu eləyir, xalqın bir tərzdə yaşaması məsələsi var. Xalq bu gün də bir tərzdə yaşayır. Ancaq xurafatcasına, sürücəsinə bir tərzdə yaşayır. Çünkü xalqı hara yönəldirsənsə, o səmtdə də yaşayır. Hamı bir bədbəxt taleyi də bölüşür. Tərzin özünəxaslığı da var.
Toplumun xalq səviyyəsinə yüksəlməsi, nə deməkdir bu? Öz gələnəkləriylə yaşayır, mədəniyyətiylə yaşayır. Onu yaradır, qoruyur. Onu öz həyatında yaşadırsansa… bu evinin içindədir də. Məsələn, bu stolun üstündə iftar süfrəsi açma, türkçülük yönündən ləyaqət süfrəsi aç. Onu aç, davam elə. Görəcəksən, sənin düşüncən o iftardan uzaqlaşır. Xalqın içində belə yaranır. Bunun üçün ideya sistemi verirsən.
Bir yerdə olmaq ayrı şeydir, Birlik ayrı şey. Bir var bir yerdəlik, bir var birlik. Nə qədər adamı, istəyərəsən, bir yerə toplaya bilərsən. Ancaq onların içi, yaşam tərzi bir deyil. Bunların düşüncəsi balıq, xərçəng, ördək nağılıdır. Ona görə dağınıq olur. Xalqın içi anarxiya durumunda olur. Xalqın içi onun gələnəyinə, ruhaniyyatına bağlıdır. Bunu yorulmadan, israrla deməlisən. Xristianlıq 250 ilə qəbul olundu. Gərək bunu deyəsən. Gərək bunu gözləməyəsən, bu haçağ olacaq. Nə vaxt olacaqsa, o vaxt olacaq. Sən bunu sıfır nöqtəsindən tərpət də. 25 ildir sovetlər dağılıb. Siyasətçidən soruşaq, 25 ildir nə iş görübsən? Heç nə eləməmisən axı. Hamısı Avropanın, Amerikanın demokratiyasına uydular. Türklükdən əl çəkdilər. Ona görə xalq qurulmur. Xalqın içində mütləq özünəməxsusluq qurulmalıdır. Milli keyfiyyətlər qurulmalıdır. Xalqın içi özündən qurulmalıdır. Özgədən qurulmamalıdır. Xalqın içini quran qıraqdan gətirməməlidir. Bax bunu israrla deyirsən, həyata keçirirsən. Onda xalq əmələ gəlir.

 

Ayaz Şıxalıoğlu: Baxırsan ki, namərdlərin at oynatdığı dövrdə mərdləri xalqın düşməni kimi sunurlar. Ona görə Babəki olay kimi yox, dəyər kimi Azərbaycan xalqına vermək gərəkdir. Dəyərlərini tanımağı – xalqın özünü tanımağıdır. Tərifdən, lovğalıqdan qıraq, mənə elə gəlir, Babəklə bağlı düşündüyüm elə məqamlar var, mən o yazdığımla razıyam. Babəklə bağlı yazdıqlarımla özüm razıyam. Başqa şeyləri deyəndə hardasa axsayıramsa, Babəklə bağlı deyəndə ürəklə deyirəm. Çünkü mən belə başa düşürəm, ona layiq yazılar gəlib. Bizim içimizdə özümüzü öldürüblər. Asif Ata da ruh verəndir insanlara. Babəkin də belə bir sözü var idi: “Mən sizə ölməyi yasaq edirəm”. Ona görə yasaq edirdi ki, o nə qədər böyük qeyrətin yiyəsi idi, deyirdi, sənin millətin, torpağın əsarətdədirsə, sənin ölməyə haqqın yoxdur. Babəkdən sonra biz ölməklə məşğuluq. Onu epiqraf kimi götürdüm ki: “sən ölümü yasaq etdin, səndən sonra ölürük biz”.

(Burada Babəklə bağlı şeirini deyir – T.A.)

Soylu Atalı: Mən Yaşar bəyi sosial şəbəkələrdən tanımışam. İlk dəfədir biz canlı görüşürük. Sosial şəbəkələrdə də insanlar bir-birinin düşüncəsini bilir, mövqeyinə bələd olur. Bəlli bir ortaq məqamlar olur, insanları bir-birinə yaxınlaşdırır. Bizi də bugünkü tədbirdə həmin ortaq məqamlar bir araya gətirib. Ona görə bu yöndən düşüncələrinizi buyurun.

Yaşar bəy: Mən sizin tərbiyənizlə tanışam. Mənim millətimə kimsə xeyir verirsə, həmişə onu özümün dostum hesab edirəm. Oğlumun Norveçdə bir dostu var, II Nikolayın nəticəsi, neyroxirurqiya üzrə baş həkimdir. Orda hörmətli adamdır. Oğlum onunla dostluq edir, ona görə ki, pianinoda onun üçün Raxmaninovun, Çaykovskinin romanslarını çalır. O adam deyir, mən adamlara baxanda onların beynində nə proses gedirsə, günəş kimi görürəm.
Siz mənəviyyat yolu gedirsiniz. Bu yol da uzundur. Birdən-birə dindən əl çəkmək mümkün deyil. Siz aşamalarla iş görməlisiniz. Toplumun onurğa sütununu pozublar. Onurğa sütununun pozulmamış çağları da olub. Hər kəndin bir ağsaqqalı olurdu. İndi elə şeylər yoxdur. İndi bir adama demək olmur belə eləmə, belə elə. Sənə beş qat artığını deyər. Bunu ayıltmaq gərəkdir doğru yola gəlsin.
Mənim atam Əhməd Cavadla bir seminariyada oxuyublar. Atam qəzet oxuyardı, birdən deyərdi “millətin evi yıxıldı”. Atam o yana gedəndə qəzetə baxırdım, görüm niyə belə deyir. Sov.İKP qərarları olurdu qəzetdə. Başa düşmürdüm, ancaq ağlımda qalırdı o niyə elə deyir, faciədən danışır. İndi başa düşürəm. O dövrdən, hardasa 1957-58-ci ildən başlayan pozuntu görün hara gedib çatır.
Mən sizin haqqınızda düşünürəm, az qala gözüm yaşarır, siz özünüzü necə ağır bir yükün altına salırsınız. Siz necə yaşayırsınız. Siz nə qədər aclıqlara, pulsuzluqlara dözürsünüz. Mən hərdən yazıları oxuyanda çox gərginləşirəm, həyəcan keçirirəm. Bunlar mənim adamlarımdır. Bunlar bunu nə cür düzəldəcəklər? Ona görə mən sizin adamınızam, sizin tərəfdarınızam. Sizə uğurlar arzulayıram.

Soylu Atalı: Təşəkkür edirəm, sağ olun. İşin yönü, tələbi odur. Biz Azərbaycanı qarış-qarış gəzmişik. 50-yə qədər rayonlarda, çoxsaylı kəndlərdə olmuşuq. Yüzlərlə görüşlər keçirmiş, səfərlər eləmişik, ədəbiyatlar yaymışıq. Bunların hamısının əsasında Azərbaycan sevgisi, insan sevgisi dayanır. Çünkü biz nə müxalifət adamları deyilik, nə hakimiyyət adamları. Bizi Asif Ata elə yönəldib, elə tərbiyə edib. Bunları niyə edirik, niyə yaşayırıqsa, onun da fərqindəyik.

Elşad İnamlı (Ataya səcdə edir – N.A.): “Xəlqilik” Bayramında deməyə o qədər sözümüz var. Çünkü bizim ən böyük faciəmiz də burdan başlayır. “Xəlqilik” Bayramını bütün xalq keçirməlidir. Bəşəriyyətdə iki faciəli xalq varsa, biri bizim xalqdır. Neçə yerə bölündüyümüzü təkrar deməyə ehtiyac yoxdur. Asif Ata bu ideyanı boşuna yaratmadı. Gördü bu xalqın xalq olmağa ehtiyacı var. Əslində bu xalqın adı var, özü yoxdur. Bizim taleyimizi İslam dini yazıb. Xalqı yüz yerə bölən də elə İslamdır.
Dünən xanımımla danışırdım. Onun kefi duru olanda Ocaqçıları, Ocağı sevir, maddi-sosial sıxıntı olanda dindən yapışır. Mən düşünürəm xanımımın timsalında xalq belə ikili hal yaşayır. Bu xalqın içindən qorxu çıxmayana qədər xalq xalq olmayacaq. Bu xalqın içindən o qorxunu kim çıxaracaq – xalqın aydını. Xalqın aydını deyilən bir olay, doğrudan da, bu gün yoxdur. Bir-iki istisnanı çıxa bilərik. Hamısı boyunduruqdadır, elə bil, qəlibə salınıb. Bir qismi dövlət başında duranlara qulluq edir, bir qismi nədənsə qorxur.
Oxul öyrəncisinin tarix kitabını alıb baxdım. Birinci səhifədə İslamın Azərbaycana gəlişi bölümüdür. Yaqub Mahmudov yazır, ərəblər Azərbaycana hücum elədilər, xalqın dəyərlərinə toxunmadılar, xalqın böyüyünə-kiçiyinə dəymədilər. İslam dini mərhəmət, hörmət, sevgi dinidir. O biri səhifədə Babəkin ərəb işğalçılarına dirənişi haqqında yazır. Babək yüz minlərlə ərəb işğalçısını öldürdü, onlara qarşı mübarizə apardı.
Ərəb mənim xalqımın dəyərlərinə toxunmurdusa, nə işi vardı burda? Babək niyə döyüşürdü? Ərəb xoş niyyətlə gəlmişdisə, Babək onu niyə öldürürdü?
Bu xalqın aydınının mövqeyidir. Bu xalq bunların sözüylə necə xalq olacaq? Bu öyrənciyə yalan tarixi sunurlar. Sabah mən necə sübut edəcəm, İslam sənin düşmənindir. Çünkü öyrəncinin oxuduğu kitabda İslam sevgi dini adlandırılır. İslam heç bir dəyərlərimizə ziyan verə bilməyibsə, hanı özümüzəxas dəyərlər?!
Xalqın iki böyük gələnəyi var – toy, yas gələnəyi. Toyumuz da bayağı, yasımız da. Bu gün qardaşımızın evində biz xalq olmağa köklənirik. Kim xalq olmaq istəyirsə, gəlməlidir. Əslində Soylu qardaşımız Asif Atanın ideyaları, bayrağı altında xalq yaradır. Adamın içində sanki qırılma nöqtəsi olur. Hamı deyir o düzələn deyil, bu düzələn deyil. Mən çox inanıram, bu xalq düzələcək. Çünkü bu xalq yaradıcı xalqdır, aydını gərəkdir qabağa düşsün, yol göstərsin. Mənim yörəmdəkilər deyir, bu xalq düzəlməyəcək. Bayaq Soylu Atalı gözəl söz dedi, haçağ dizini yerə qoydun, iş gördün ki, bəhrəsini görəsən.
Atamız Var olsun!

Elçin bəy: Mən bir söz deyim. Deyirlər bu xalq düzələcək. Düzəlməyəcək. Əgər bir xalq yüzillərlə düzəlməyibsə, yüz minlərin içindən 5-10 adamın çıxmağı hələ sonuc demək deyil. Mən də düşünürəm, necə oldu, ingilis heç nədən 4 dövlət qurub. Fransız, alman 2-3 dövlət qurub. Ancaq biz dövlətlərimizi heç saxlaya bilməmişik. Mübarizə aparmaq gərəkdir. Ancaq boş-boşuna mübarizə aparmağın yeri yoxdur. Bizim xalq dediymiz böyük kütlə, əyilməyi, sınmağı, pullu adamları çox istəmək, onun yanında olmaq – bu millətin qanında var. Kimsə dedi, bizim onurğa sütunumuz qırılıb. Kim haqqı deyibsə, aclıqda, səfalətdə yaşayıb. Asif Ata özü deyirdi, bir ayıq olan Kefli İsgəndərdir. Mən özümü şəxsən bu xalqın nümayəndəsi hesab etmirəm. Ona görə ki, bu xalq da məni özündən hesab etmir. Bu xalq mənə deyir, sən mənim dediyimlə oturub durmalısan, “yaxşı oğlan” olmalısan. Mən özümü, xalqı niyə tərifləyim? Xalqımın eyibli cəhətləri daha çoxdur. Dini də, onların zəif yerlərindən istifadə edib gətiriblər də. Yəhudilər dövlət qurublar. Ancaq dini dövlətdən ayrı tuturlar. Xaçpərəstlərin özləri də. Ancaq bizim içimizdə elə boşluq olub ki, o problemlər gəlib bura. Soylu bəyi də dinləmək istəyirəm, ancaq mən əks fikirdəyəm.

Famil bəy: Biz bəzən danışanda dini kiçildirik. Ancaq bir şey ki çoxluqları, milyonları qarşısına alıb, insanın təməlində ruhaniyyat varsa, ruhaniyyatçılığı da o çağkı dindarlar dinə çevirib etki altına salırlar. Bəzən adam deyir ateistəm, panteistəm. Belə şey yoxdur. İnsanda ruhaniyyat var. Bunu Tanrıya çevirəndə böyüdürlər onu. Din haqqında zəif rəqib kimi danışırıq, ermənini də biz kiçildirik. Necə kiçikdirlər ki, torpağımızın nə qədər hissəsini işğal ediblər. Dinin içində olan insanları yönəltmək ki, xalq budur, həqiqət budur, çox çətindir. Dini bəyənməyənə nəsə anlada bilərik. Ancaq dinin içinə düşmək, özü ona sipər olan güclü elmlə, məsələn, Asif Ata baxışını onların içində yaratmaq. Dini rəqib kimi görmək gərəkdir. Mən də bəlli anlamda millətimdən narazıyam. Nə qədər torpaqlarımız olub, İrəvanı da ermənilərə vermişik. Pisliklər var ki, itib-batır. Din itib-batmır, çoxalır. Çünkü onlar nəyinsə ipindən tuturlar. İnsanın qanında, xilqətində olan ruhaniyyatı Allahınkına çevirirlər.

Soylu Atalı: Xalq məsələsi, xalqdan razı olmaq, razı olmamaq yaxşı araşdırılmalıdır. Bayaq mən vurğu elədim. 70-ci illərdə Asif Ata bir çox iddialarından əl çəkdi, dedi, xalqın bu səviyyəsiylə 5 addım yol getmək mümkün deyil, nəinki onunla hakimiyyət yaradasan, dövlət qurasan. Bu düşüncənin arxasınca gedən olmadı, ancaq olmalıdır. Onun arxasınca gedən olmadığına görə biz bu gün də (70-ci illərdən filan qədər vaxt keçib) həmin mövqedəyik. Bu gün də deyirik, bu xalqın indiki səviyyəsiylə heç yana getmək mümkün deyil. Bizim hər birimiz bu xalqın nümayəndələriyik. Bizim hər birimiz özümüzlə üz-üzə oturub özümüzə suallar verməliyik. Nə dərəcədə mən özüm dini şüurdan xilas olmuşam?
Mən çoxsaylı adamlarla söhbət eləmişəm. Çox adamlara sübut edərəm, sən dini inkar etsən də, dinin etkisindən çıxmamısan. Dini inkar eləmək dinin etkisindən çıxmaq anlamına gəlmir. İnsanların şüurunda, şüurunun altında dini faktorlar oturub. Bu gün dini məsələlərlə mübarizə aparanlar müxtəlif qruplara bölünürlər. Onlardan bir kəsimi ateistlərdir, bir kəsimi başqa dəyərlərlə düşünənlərdir, filan. Çox az qismi var ki, onlar dinlə bağlı çaşbaş durumdadırlar. Çünkü o az qisminin ağlına çatır, bu dini bütöv şəkildə qırağa qoymaq mümkün deyil. Axı inamsız mümkün deyil. Bəşəriyyət sürüyə çevrilər. Ona görə o az kəsimin özünü də biz çağırırıq, üzünü Asif Ataya tut, onda nə etmək, necə etmək yolunu bulacaqsan. Asif Ata dini ateistcəsinə inkar eləmir. Asif Ata dini sovetlərin içində marksistcəsinə qırağa qoymurdu. O özü yeni ölçü verir. O özü yeni dünyabaxış verir. Onun dünyabaxışı bəşəriyyətin bütün keçdiyi yolların sintezidir. Bütpərəstlikdən tək Tanrıçılğa necə keçdi bəşəriyyət. Tək Tanrıçılığa keçdi, ancaq tək Tanrıçılığa keçəndən sonra da Tanrılarda, Allahda tayfa xarakterləri qorunub saxlandı. İslam tayfa dinidir. Əgər ərəb şüuruyla ortaya çıxırsa, əgər ərəb adıyla, məntiqiylə ortaya çıxırsa, baxın bütün mələklərin hamısının adı ərəbcədir, Allahın adı ərəbcədir. Qureyşi tayfalarının baş bütünün adından götürülüb. “Əlillah” sözündən götürülüb “Allah” sözü. Əgər bütünlüklə ərəbdirsə, bu elə ərəbə xas tayfa dinidir. Məhəmməd ortaya çıxana qədər bütpərəstlik dövrü idi. Ayrı-ayrı tayfaların bütləri vardı. O bütlərin hər birinin bu və başqa şəkildə xarakterlərini Məhəmməd bilirdi. Məhəmmədin Allahını yaxşı araşdırın, görəcəksiniz, Qureyşi tayflarına xas olan keyfiyyətlər onun Allahında var…
Allah məsələsiylə bağlı bir neçə kəlmə sizə deyim. Mən bunu ciddi araşdırmışam. Ümumiyyətlə, Allah gərəkdirmi, gərəksizdirmi, ruhaniyyat gərəkdirmi, gərəksizdirmi, məsələni bəşər tarixində çox çək-çevirə salıblar. İnsan bütün kainatı düşünür. Təkcə özünün çevrələndiyi doğanı (təbiəti) düşünmür. Elm ona deməsə də ağlına çatır, sonsuz kainat var. Sonsuz kainat nə deməkdir axı?! Bu sonsuz kainatın nizamı nə deməkdir?! Kimdir bu nizamın başında duran?! Kimdir sualını verir, sonra adamabənzər Allah obrazını quraşdırır. Allaha tapınan insanların hər biriylə gəlin söhbət edək. Hamısının ağlında Allah insan xarakteri daşıyır. Bunun yaxşı cəhəti də var, pis cəhəti də. Yaxşı cəhəti odur ki, insan özüylə ağlındakı Allah obrazı arasında bağlılıq görür. Yəni kainatın nizamı ilə bağlılıq görür. İnsan və kainat. Kainatdakı nizam. Məndə təcəlla tapır. Ona görə dahilərimiz, böyüklərimiz deyir “Həqq mənəm, Həqq məndədir”. Kainatın nizamı məndə təcəlla tapıb. İnsan kainatın nizamını obrazlaşdırır. Obrazlaşdırıb, Tanrı siması çıxarır ortaya. Deyir, kainatın qüvvəsi, qüdrəti var. Nədirsə, qüvvə deyir, enerji deyir, kainatın nizamında bu var. O nizamda olan gözlə görünən, əllə toxunulan deyil. Ancaq insan ona xarakter verir. Allaha necə xarakter verir – Allah bu cürdür, Musaya belə dedi, Məhəmmədə belə dedi, filan şeyi belə yönəltdi. Bütünlüklə Allaha obraz verir, anlam verir, xarakter verir. Bu xarakteri kim verir? Hansı xalqın içindən çıxan Allahı ortaya gətirirsə, bu xarakteri o verir. Göyel dinlərdə tək Allahçılığa kim keçdi? Yəhudi xalqını misirlilərin işğalından qurtarmaq üçün min dənə aşamadan keçdilər. Mən bir az yumşaq deyirəm. 40 il səhralarda gəzdirdilər yəhudi xalqını, əzab-əziyyətə qatlaşdırdılar, zəhmətə öyrətdilər, xalq olun, toplum olun. Sonra Allahın adından danışıldı o toplumla. Musa Allahın adından danışırdı. Musa xalqının xarakterində nə görmüşdüsə, Allahına həmin xarakteri vermişdi. “Ya Musa, Mən sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm”. Bunu “Əhdi-Ətiq” yazır.  Bunu deyən Allah Musanın dediyi kimi deyir. Musanın millətinin düşündüyü kimi düşünür. Bir sözlə, Allaha xarakteri onu ortaya çıxaran verir, öz xalqından verir. Məhəmməd ortaya çıxardığı Allaha öz xalqından xarakter verdi. Bunun yaxşı cəhəti də var, pis cəhəti də. Yaxşı cəhəti odur ki, sən Allaha bəlli keyfiyyətlər verirsən, topluma onu sunursan. Ancaq Allaha verdiyin keyfiyyətlər o vaxt yaxşıdır ki, bu keyfiyyətlər insani keyfiyyətlər olsun. Sənin xalqında təcəlla tapan insani keyfiyyətləri ver Allaha. O Allah ki, o Allah bütün insanların şüuruna etki göstərir, sən ona keyfiyyətlər vermisən, o Allahdan sənin özünə, nəslinə qayıdır. Sən ibadət edirsən, düşüncəndə formalaşdırdığın Allah var. Bu gün sənin ibadət elədiyin Allah Məhəmmədin sənə verdiyi Allahdır. Məhəmməd ərəbdən o Allaha keyfiyyətlər verib. Sən Allaha ibadət edəndə, səcdə qılanda Məhəmmədin Allaha verdiyi keyfiyyətlərlə ünsiyyətə girirsən. Sənin türk kimliyindən Allaha keyfiyyətlər verilməyib. Sən ibadətdə, Allaha Məhəmmədin verdiyi keyfiyyətlərin içində, özünə, öz xalqına xas keyfiyyət tapmırsan.
Türk də özündən bir Tanrı obrazı yaratmışdı. Türk də özündən Tanrıya keyfiyyətlər vermşdi. Türk necəysə, Tanrısı eləydi. Gözəl idi, müqəddəs idi, uca idi. Düzdür, təbiət idi, panteizm idi türkün Tanrılıçılığı. Ancaq bütünlüklə Tanrıya verilən keyfiyyətlər türkdə olan xarakter idi. Bir sözlə, Allaha verilən keyfiyyət xalqdan verilir. Təbii ki, sən xalqının indiki durumundan, düşdüyü bəladan, İlham Əliyev hakmiyyətinə tabe olan xalqın keyfiyyətlərindən Allaha keyfiyyətlər verə bilməzsən. Bəs hansı xarakteri verirsən? – Ölməz xarakterləri verirsən. Xalqı xalq edən nədirsə, onu Allaha verirsən, bu, etalondur sənin üçün. Toxunulmazdır. Sən ibadət edəndə, səcdə qılanda o keyfiyyətlərə üz tutursan. O keyfiyyətləri istəyirsən. O keyfiyyətlərlə tərbiyələnirsən. O keyfiyyətlərlə formalaşırsan. Qüdrətli olursan, güclü olursan. Azad olursan içindən, xalq kimi formalaşırsan. Göydə Allah, yerdə hökmdar demirsən. Mütiliyə, zəlilliyə enmirsən. Biz ona görə israrla Məhəmmədin Allahından qırağa çağırırıq türkü. Çünkü orda mənim qatqım yoxdur, mənim xarakterim yoxdur, keyfiyyətim yoxdur. Bütünlüklə qısqanc Allah, zülmkar Allah, ədəbaz Allah. “Ən-Nəbə” surəsində Allah insana əməlli başlı qan-irin içirdir. “Əl-əraf” surəsində İblislə dialoqa girib insana əzəli günahkar damğası vurur. İnsanın bütün əbədiliyini İblisə tapşırır. Belə Allah olmaz. Belə Allah obrazı olmaz. Bəşəriyyət gəlib bölündü ateizmə, filan şeyə. Bunu təhlil edən, qiymətləndirən bilir, bu cəfəngiyyatdır. Nə qədər alleqoriyalarla əlləşməlidir insanlıq? Nə qədər xurafatla əlləşməlidir?
Bəs buna qarşı nə qoyurlar? – Elm. Elm buna qarşı qoyula biməz axı?! Elm ruhaniyyat deyil axı?! Elm gerçəkliklə, yaşamla bağlılıqları aydınlaşdıran, araşdıran, doğanı öyrənən, doğa-insan bağlılıqları, ictimai-sosial yönünü, səmtini araşdıran, öyrənən bir şeydir. Hansı elm insana mənəvi ölçü veib?! İnsana mənəviyyat ölçüsünü ruhaniyyat verir. Ruhaniyyat elmlə birlikdə, vəhdətdə olmalıdır. Ruhaniyyat elmə dayanmalıdır. Ancaq elm ruhaniyyatı əvəz edə bilməz axı. Ona görə ateizm heç nə edə bilmədi. Allahı, müqəddəsliyi, hər şeyi inkar elədi. Heç nəyə nail ola bilmədi. Asif Atamız isə deyir, bəşəriyyət inamsız yaşaya bilməz. Ancaq gərək İnamda yalan olmasın, cəfəngiyyat, xurafat olmasın. Elmə qarşı olmasın. Ona görə də bilmək gərəkir, o, hansı Allahı ortaya gətirir – Mütləqə İnam dünyabaxışında. Vaxt yoxdur, mən sizə Asif Atanın “Mütləq” izharını oxuyam, görəsiniz,  Asif Atanın Allahı nədir. Ata Allahı elə obrazlaşdırır, Allah obrazında bütünlüklə kainatın anlamı təcəlla tapır. İnsanlıq orda təcəlla tapır. Hər bir xalq Mütləqə İnamda öz keyfiyyətlərini görə bilər, çünkü bütünlüklə insanlıq ölçüsünə dayanan bir ideyadır. Bütün bəşəriyyət isə özündə insanlıq daşıyır. Tayfa xarakteri vermir Asif Ata Mütləqə. Asif Atanın Mütləqində həm türk kimliyi var, həm də ümumbəşər kimliyi var. Asif Ata onu deyir, əgər sən xalq, insan olmaq istəyirsənsə, Mütləqə İnam dünyabaxışına tapın. Əgər bəşər olmaq istəyirsənsə, bu baxışa tapın.
Qaldı nəyin mükün olub, nəyin mümkün olmamasına. Bir məqamı yenə xatırlatmaq istəyirəm. Mümkün insandan başlayır. Əgər insan özü deyiləni hədəf götürürsə, hədəflə yaşayırsa, hədəfi içinə çevirirsə, onun üçün heç vaxt mümkünsüz şey görünməyəcək. Mən mümkünsüz görmürəm, çünkü mübarizə aparıram. Mən mübarizə apardığım üçün yaşayıram o həqiqətlə, o ideyayla. İçimdədir mənim. Hardasa əlçatmaz yerdə deyil ki, mən çağırım ona, özüm inanmaya-inanmaya. Yaşadıqlarımdan çıxış edirəm. İnsan əgər tapındığı idealı yaşayırsa, onun üçün mümkünsüz bir şey yoxdur. Tələsmək gərək deyil. Tutalım, 100 il bundan sonra olacaq şeyi mən bu gün yaşaya bilmərəm axı. 50, 100, 500 ildən sonra aşamalar var. Onu bu gün bütün toplumda birdən-birə gerçəkləşdirə bilmərəm ki. Sən öz ömründə bunu gerçəkləşdirə bilərsən, bəşəriyyətin 100, 200, 500 il bundan sonrakı gələcəyini sən bu gün yaşaya bilərsən fərd olaraq. Biz də ona çağırırıq. Eyni halda, biz heç kimə cənnət vədi vermirik, 50-100 ildən sonra qurdla quzu yanaşı otlayacaq demirik. Asif Ata heç vaxt belə vəd verməz. Asif Ata deyir, səni mən öz həqiqətinlə üz-üzə gətirirəm. İnsanlıq həqiqətini öyrən, dərk elə, bil, tanı, onun tələblərinə əməl elə. Onda görəcəksən, dünya gözəldir. Onda görəcəksən bəşər olmaq nə deməkdir, xalq olmaq nə deməkdir. Anlayacaqsan, örnək olacaq sənin ömrün. Yol olacaq sənin ömrün. Nəsillərin keçməli olduğu yol olacaq. Nəsillərin öyrənməli olduğu yol olacaq. Ona görə yenə deyirəm, bunun mümkün olub-olmaması ilə bağlı düşünəndə insan gərək “özüm niyə yaşayıram” sualına cavab versin. Xalqa deyirəm, xalq, filan şey olmalısan. Mən nə dərəcədə özüm oluram? Nə dərəcədə mən özüm oyam? Mən özüm o deyiləni yaşamıramsa, xalqdan nə umuram? Xalq filan şey olmalıdır. Mən olmamışam axı. Bəzən adamlar deyir, bu toplumda, bu gedişdə necə olum? Elə deyil. Asif Ata deyir: “İnsan ən pis mühitdə belə insan olaraq qala bilir”. Bir şeyi dərk eləməyimiz gərəkdir, mənəviyyatı sosial problemlərin həlli yaratmır. Sosial problemləri mənəviyyat aradan qaldırır. Mənəviyyat insanı deyiliksə, mənəviyyat uğrunda mübarizə aparmırıqsa, ədalət prinsipləri uğrunda mübarizə aparmırıqsa, nə olmalıdır?
Dövlətimizin başında kim durur? Mənəviyyat adamı durmur axı. Ya da dövlətin qulluğunda olan adamlar mənəviyyat adamlarıdır? Ya da etiraz edənlər – mənəviyyat adamlarıdır? Deyil axı, niyə özümüzü aldadırıq. Yəni mənəviyyatın qalib olmadığı bir toplumda biz hansı qalibiyyəti umuruq? Kim verəcək onu? Mənəviyyatsız adamlar ədalət verər? Mənəviyyatsız adam – çalan, çapan, talayan, hakimiyyətsevərliyi olan, milyonları toplayan, bizi məhv eləyən ədalət verəcək?
Ona görə insan mənəviyyat uğrunda mübarizə aparmalıdır ki, sosial ədalət yön gəlsin. Təsdiq olunsun, bərpa olunsun. Bu olmayacaqsa, mümkün deyil. Hər kəs deyir, mənim yeməyə bir tikə çörəyim olsun, mən mübarizə aparım. Bir tikə çörəyin olsa, daha nə uğrunda mübarizə aparacaqsan? Əgər sənin çörəyin varsa, deməli, mənəviyyat var ki, sənin çörəyini əlindən almırlar. Bəs sən nəyin uğrunda mübarizə aparacasan? İnsan, olmayan şeylər uğrunda mübarizə aparır.
Mən yazılarımda vurğulamışam. Deyirəm, bu gün biz kapitalizm dünyasında yaşayırıq. Heç kim kapitalizmə qarşı mübarizə aparmır. Hamı kapitalist olmaq uğrunda mübarizə aparır. Ona görə kapitalizm yaşayır. Ədalətsizliyə qarşı mübarizə yoxdur. Hər kəs bu ədalətsizliyin içindən sıyrılıb özü üçün qazanmaq istəyir. Bir ədalətsizlik başqa bir ədalətsizliyə qapı açır. Ona görə Asif Atanın dediyi prinsip budur ki, sən özün içində nizam tap, qurul, görəcəksən sənin mübarzən yeriyir. Sən eşidilirsən.
Siyasi müxalifət niyə mübarizə apara bilmir, çünkü kürsüsünün başında satılmış adamlar durur. A balam, elementar bir şeyi deyirəm sizə, qonudan qırağa çıxmaq istəmirdim, ancaq bir misal, Gültəkin Hacıyeva deyilən biri var, dünənə qədər iqtidarın yanında durub sənin dədəni söyürdü, indi gəlib sənin stolunun başında durub iqtidarı söyür. Necə olur bu? Prinsipiallığın olsun da. Mən inanmıram axı sənə. O kəslər ki, hakimiyyətdən qırağa düşdü, gedib müxalifət olur. Mənəviyyat adamı deyil o. Prinsipial adam deyil o. Mübarizə adamı deyil o. Öz acığını çıxmağa gəlib sənin yanına. Tək qalmaqdan qorxur, boğulur. Prinsip yoxdur. Prinsipiallıq yoxdur. Siyasətdə də, ruhaniyyatda da, aydında da, ictimaiyyətdə də, ədəbiyyatda da prinsip olmalıdır. Hər bir sahədə prinsip olmalıdır. Asif Ata ona çağırır. Bunun özülünü, əsasını yaradır. Davamçılarına bu cür yaşamağı öyrədir. Əgər bu cür yaşamırsansa, mənim davamçım deyilsən. Bu cür yaşayanda sən olursan Asifçi. Xalqın mübarizə insanlarından biri.
Bir kəlmə də bayraq məsələsi ilə bağlı demək istəyirəm. Bilirsinizmi, biz, xalq olaraq, hər hansı məsələni əsaslı şəkildə öyrənmədən, araşdırmadan, mübahisəyə daha çox meyilliyik. Hər kəs elə bilir, onun dediyi faldır. Bir dərinə get, əsaslandır. Bayraqda üç boya, hər biri bir anlam daşıyır: İslamçılıq, Türkçülük, çağdaşlıq. Asif Ata dönə-dönə vurğu edib, üçü də bir-birinə ziddir. Niyə ziddir? Avropanın düşməni deyilik, yağısı deyilik. Ona görə ziddir ki, Avropada bu gün dünyanı idarə etmək üçün prinsiplər, ideologiya, ideya, bəşəriliyə dayanmır, imperializmə dayanır. Yaxşı cəhətləri inkar eləmirik. Söz azadlığı olur, filan şeylər olur, ancaq təmtəraq hələ bəşəri humanizmdən soraq vermir. Burda prinsip birdir – özüllü xalqların hər birini içəridən dağıtmaq. Dəyərlərə yenidən baxmaq adı ilə onun dəyərlərini dağıtmaq. Çünkü özül dəyərlərin üzərində gəlişmək olur. Dəyərlərim gəlişə-gəlişə gedir, yerində saymır ki. Bu dəyərlərin hamısına yenidən bax, nə deməkdir, yəni dağıt. Dəyərlərimi dağıdıb məni dəyərsiz qoyursan, məni havada qoyursan. Sömürgəçiliklə məşğulsan, mənim zəngin xəzinələrimi daşıyıb aparırsan. Əsas xətt budur, insanlıq burda yıxılıb məhv olur. Filankəsə söz azadlığı verin, filankəs belə olsun. Bilirsinizmi, sürünün söz azadlığı yoxdur. Sürünün haqqı deyilən bir şey yoxdur. Sürünün haqqını qoruyur, insanın yox.
İkinci, İslam məsələsi. Bizim necə, nəyi qəbul eləməyimizdən asılı olmayaraq, bir var İslamın yasını ifadə edən bayraq – qara boya, bir də var varlığını ifadə edən bayraq – yaşıl boya. Yaşıl boya da hardan gəldi, niyə gəldi? M.Ə. Rəsulzadə öz silahdaşları ilə cümhuriyyəti xalqın içində qurmalı idi. Bu xalqın içində də ittihatçılar var idi, Avropaçılar var idi, modern silahı olan Rusiyaya bağlı insanlar var idi. Bunlar da aktiv idilər, bunların sözü keçirdi. Bunların arxasında içəridə də, dışarıda da qüvvələr var idi. 3-5 silahdaşı ilə dövlət qura bilməzdi. Məcbur idi ortaq bir dil tapsın, cümhuriyyəti elan eləsin. Ona görə o yanlışa getdi. M. Ə. Rəsulzadədən sonrakılar tarixdən dərs götürmədilər. Bütün yanlışları olduğu kimi təkrar elədilər. Dərs götürmürük, araşdırmırıq, sonuc çıxarmırıq, tənqidi yanaşmırıq. Ondan sonra gələnlər mütləq islahat aparmalı idilər, düşünməli idilər, nə doğrudur, nə yanlış. Onun prinsiplərini götürərdin, nə yalnışı var idi qırağa qoyardın. M.Ə.Rəsulzadə ittihatçılarla, rusçularla birgə bu cümhuriyyəti elan elədi.
Bir sözlə, dediyim odur, biz bu məqamlara necə yanaşırıq, onun ciddi fərqinə varmalıyıq. Biz Asif Atanın ölçüsü ilə yanaşa bilirik. Bax, bunu ciddi öyrənmək gərəkdir, özümləşdirmək gərəkdir.
O ki qaldı xalqın indiki səviyyəsinə acıq eləmək, mən başa düşürəm. Ancaq gəlin dərs alaq ki, bu xalqın başına nə qədər oyunlar açılıb. Görün, yüzillərdir bu xalqın içində istər mənəvi baxımdan, istər siyasi baxımdan necə özgələşdirmə siyasəti həyata keçirilir. Assimilyasiya siyasəti həyata keçirilir. Hələ yaxşı ki, bu xalq ayaq üstə qalıb. Asif Ata öləndən bu yana, 20 ildir haray çəkirəm. 100 nəfərə söz deyirəm, bir nəfər eşidir, ya eşitmir, ancaq davam edirəm. Niyə? Çünkü xalqın düşdüyü durumun köklü səbəblərini araşdırmışam. Bilirəm ki, xalq budur. Ona görə iş görmək gərəkdir, oturub-durub xalqı yamanlamaq yox!

(Bayramda 38-ci ilin Bayramlar kitabı hədiyyə olundu – Ü.A.)

 Soylu Atalı: Biz bayramımızı rituallarla davam edək. Bu rituallar insanı kökləmək, sistemə salmaq üçündür.  Sistemsiz heç bir dünyabaxış olmur.

(Soylu Atalı “Xəlqilik Şərqisi”ni dedi – Ü.A.)

Ulusəs Atalı Xəlqilik Bayramı üstə Mütləqlə Təması dedi:

Əzəlilik daşıyan.
Əbədilik daşıyan.
Sonsuzluq daşıyan.
Kamillik daşıyan.
Camaatın Camaatdan Yüksək Mənasını Daşıyan –
Xalq!
Sənə çatmalıyam!

 Sonda Soylu Atalı Bayramın simgəsəl çağrışını dedi: “Xalqlaşın, Xalqlaşdırın!”.
Hamı: “Xalqa and olsun, Onun mahiyyəti üstə qurulmasına qulluq edəcəm!” deyir.

 

Bayram quralları yerinə yetirildikdən sonra çay süfrəsi yörəsində doğmalaşma söhbətləri davam etdi.

Şölə Ayı, 39-cu il.
(iyun, 2017).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir