Xəbərlər

Qutsal “Xəlqilik” Bayramı

Asif Atanın Mütləqə İnam Ocağı 13 Şölə Ayı, 45-ci ilin (iyun, 2023) Qutsal “Xəlqilik” Bayramını gerçəkləşdirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Bayram tədbiri olmasına baxmayaraq, Ocaqda ölənlərimizin adını anırıq: Sabahlı, Bağban, Amaltay bizimlədir.


Ocağın bir sıra tədbirlərinin günlərini bəlirlədik. Bayramlara toxunmadıq. Yalnız “İnsanilik” Bayramının gününü bir gün qabağa çəkdik, Babəkin ölümü ilə üst-üstə düşdüyünə görə. Bir də “Evlad Günü” Mərasimimizi gələn ayın 7-nə çəkdik. Bunu da ona görə elədik ki, “Ata Sonevinin Ziyarəti günü” bu mərasimlə dalbadal düşür.
 Xəlqilik nədir, biz niyə Xəlqiliyi bayram edirik. Mən son dönəmlər izlədiyim bir sıra məsələlərlə bağlı söz demək istəyirəm, tutuşdurma ilə bu Bayramın məzmununa aydınlıq gətirmək istəyirəm.  Bakıda ayrı-ayrı ünvanlarda görüşlərdə olmuşam, söhbətlər eləmişəm. Eləcə də Borçalıda olmuşam, ayrı-ayrı insanlarla görüşüb söhbət eləmişəm. Hər yerdə mən nəyi izləmişəm, nəyin tanıqı olmuşam?! –  Demək, hər kəs durumun qorxulu bir düzəyə keçdiyini düşünür. Yəni toplumsal (ictimai) həyatın qorxulu bir düzəyə keçdiyini düşünür. Hər kəs də bundan bir qurtuluş sorağı eşitmək istəyir. Qurtuluş Yolu axtarır deməyim, sorağı eşitmək istəyir. Hər kəsin gözü ağızlardadı, qulağı səsdədi. Hər kəs də siyasi hərəkatlara umud bəsləyir, bel bağlayır ki, onlardan nəsə bir şey olsun. Bu cür məslələrə baxdıqda mənim ağlıma  gələn odur ki, insanlar özlərinin nə istədiyini bilmirlər. Siyasi hərəkatlardan, təşkilatlardan umacaq var. Heç bir umacaq özünü doğrultmur. Siyasi hərəkatlar deyirlər, bunun bir çıxış yolu var, biz parlamentə seçilməliyik, biz hakimiyyətə gəlməliyik, məsələni düzəltməliyik. Hardasa nəyisə bəlkə də düz deyirlər. Yəni günsəl (taktik) olaraq bu gedişlərdə nəyisə yoluna qoymaq üçün bəlkə də bunlar elə hakimiyyətə gəlməlidir, bəlkə parlamentə seçilməlidirlər. Ancaq bu hakimiyyətə gəlmək, parlamentə seçilmək mənə güvənc vermir. Niyə vermir, parlamentə mən kimi seçirəm, hakimiyyətə kimi gətirirəm. Məsələ çox önəmli məsələdir, buna çox diqqət eləmək gərəkdir. Mən ordakı siyasi partiya başçılarına da deyirəm, özünüz deyirsiniz, filankəs yaxın gəlməsin. Niyə deyirsiniz filankəs yaxın gəlməsin?! – Güvənmirsiniz. Bəs kim yaxın gəlsin, kiminlə addım atmaq istəyirsiniz, varmı elə bir kimsə, onunla siz addım atmaq istəyəsiniz. Hamınız yazırsınız,oğrular belə, filan yerin agenti belə, İrana qulluq edən, sən onu  söyürsən, o səni söyür. Bax, sosial şəbəkələrdə, toplumsal həyatda biz bunu görürük. Güvəniləcək adam yoxdur. Mən təməl bir iş qurmaq istəyirəm. Əgər təməl işi qura bilərəmsə, məndə o güvənc yaranacaq. Qura bilməyəcəmsə məndə güvənc yaranmayacaq. O təməl məsələ nədir? – Sağlam adamlar olmalıdır. O sağlam adamlar qoy 10 nəfər olsun. Siz mənə akademiyada adam var, filan yerdə adam var deməyin. Əzizim, bu rütbəlilərdən əl çəkin. Rütbəlilər parçalayır, dağıdır, səni xalq olmağa qoymur. Bir qurum yaradacaqsan, rütbəlidən birini gətirib ora salacaqsan, anında o təşkilatı dağıdacaq. Dağıdır. O rütbəni ona verən onun qabağında koşullar qoyur, ondan tələbi var. Rütbəni ona verən boşuna vermir. Deyən varmı, rütbəni istəmirəm, almayacam. Kiminsə saqqalının altından keçib kiminsə kəndirini boğazıma keçirmək istəmirəm, istəməyəcəm də?! Onlar keçiriblər, işləri də ancaq görüntü yaratmaqdır. Görüntü yaratmaq nədir, məsələn, toplum görür burada tanınmışlar var, filan akademik də burdadır, filan alim də var. Bu halı yaradıb insanları aldadırlar. Deyirəm, aldadırsınız insanları. Birinci özünüzü aldadırsınız ki, sizin təşkilatınız var, siz nəsə edəcəksiniz. Siz heç nə edə bilməyəcəksiniz. Sizin təşkilatınız sıfır nöqtəsindən qabağa tərpənməyəcək. Azərbaycanda siyasi müxalifət yarandı. 90-cı illərdən ta bu günə qədər siyasi müxalifət hardasa bir addım atmaq istəyir, birlik yaratmaq istəyir, dərhal Pənah Hüseynov kimi adamlar həmin təşkilatı darmadağın edir. Görmürsünüz bunu?! Görmürsünüz, bu xalqın içində sizin düşündüyünüz adamlarla (ortada olanlarla) birlik yaratmaq olmaz?! Ata deyir, insanı böyütmək gərəkdir ki, vətəni, milləti , dövləti, ləyaqəti ona etibar eləyəsən. Ləyaqəti öldürməsin. O insanı yaratmaq gərəkdir. O insanı yaratmaq məktəbi yaradıb Ata. Bütün məsələlərin açarı bu məktəbdədir. Hara gedirsən get, nə eləyirsən elə. 30 ildə yüz təşkilat qurulub dağılıb, yüz birlik qurulub dağılır. Orda heç nə yoxdur. Bəzən bizə deyirlər, Asif Atanın Ocağı 45 ildir var, nə eləmisiniz. Mən deyirəm, biz o qədər iş görmüşük ki, bu işi 9 dəvə karvanı çəkib apara bilməz. Mən sizə bir fakt deyəcəm, mən bu millət üçün bir Soylu yetişdirmişəm. Nədən yetişdirmişəm, kimdən yetişdirmişəm bilirsinizmi?! -Ciddi dünyagörüşü olmayan, heç bir dərin biliyi, mütaliəsi olmayan, qələmi olmayan, sıradan birindən – Qaranın oğlundan bir Soylu düzəltmişəm. Mübariz, doğruçu, fədakar, Vətənsevər, Millətsevər düşüncə İnsanı. Xalqın ruhsal özünüqoruma sistemi yaratmışam. Özünüqoruma sistemi budur, bu kitablardır (Atanın kitabını göstərir – G.A). Sənin gözünə görünən kitablardan biri deyil bu. Kitabxanalarda minlərlə adda kitablar var, hərəsindən bir yarpaq bilik öyrənərsən, biliyin aşıb-daşar. Ancaq sən xalq ola bilməzsən, dövlət ola bilməzsən, vətən ola bilməzsən. Məni düzgün başa düşün, mən insanları qınamaq, küçümsəmək istəyindən uzaq bir adamam. Mənim qonağım vardı. Borçalıdan olan bir alimdir, Bakı Dövlətin Hüquq fakültəsində dərs deyir. Bu adam mənə qulaq asandan sonra heyrətə düşüb. Ona qədər bu adam ayrı bir şey düşünürdü. Bilikli adamdır, ancaq bizim dediklərimizin fərqli olduğunu anlayır. Bayaq ona görə deyirəm, sən yüzlərlə kitabdan minlərlə bilik yığa bilərsən. Ancaq çoxları bilmir ki, xalqın özünüqoruma sistemi necə formalaşır. Hüquq xalqın özünüqoruma sistemi deyil, hüquq dövləti qoruma sistemidir. İkinci, hər dövrün, hər quruluşun öz hüquq sistemi var. İndi sən kapitalizm quruluşunda yaşayırsan, sənin hüquq sistemin kapitalizm hüquq sistemidir. Feodalizm hüquq sistemi də var idi, quldarlıq hüquq sistemi də var idi. İndi kapitalizm hüquq sistemidir. Hüquq dəyişir, gündə qanunlar dəyişir, yeni qanunlar ortaya çıxır. Hüquq dəyişir, hüquq konkret deyil. Fəlsəfə, ruhaniyyat mahiyyəti öyrənir. Ruhaniyyat dəyişmir, sabitdir, konkretdir. Konkret olan yaradır insanı,  konkret olan yaradır xalqı, konkret olan yaradır, qoruyur dövləti. Özünüqoruma sitemi bu konkretlikdən yaranır. Dəyişkənlikdən yaranmır. Dəyişkənlikdən özünüqoruma sistemi yarada bilməzsən. Əgər dəyişkən olandan özünüqoruma sistemi yaratsaydın, o addımbaşı dəyişməzdi. Addımbaşı uyğunlaşmazdı. İndi ona görə deyirəm, insanlarla bu qədər söhbətlər eləyirəm, hər kəs özünün olduğu sahəni ideal sayır, onu qurtuluş sayır. Onlara deyirəm, hər biriniz öz anladığınızı, qəbul elədiyinizi qurtuluş sayırsınız, başqalarına önəm vermirsiniz. Sizin doğru saydığınız istənilən bir sistemi darmadağın edirlər. Ancaq ruhaniyyatı darmadağın eləyə bilmirlər. Hətta ruhaniyyat adına qüsurlu yaranışları belə, min il dağıda bilmirlər. Çünkü o, insanın varlığında oturur. Sosial həyatında yox, məişət həyatında yox, birbaşa varlığında. Bax, islam dinini bu xalqın canından çıxarda bilmir heç kim, hələ yalanı, əyrisi ilə biryerdə. Çünkü ruhaniyyat şüur məsələsidir, idrak  məsələsidir, ruh məsələsidir, mənəviyyat məsələsidir, insanda bunlara hakim olur. Ona görə Ata deyəndə ki, düşündük daşındıq Ocaqlaşma yolu tutduq, xalqın özünüqoruma sistemini yaratmaq gərəkdiyini bildirirdi. Bu ifadələri işlətmirdi, ancaq onun dediyinin bütün anlamı bu idi. Xalqın özünüqoruma sistemini yarat, bu yol min ilə bərabər bir yoldur. Baxın, ona görə bizim, Ocaq olaraq, həyatımızın, düşüncəmizin, mübarizəmizin çox böyük prinsipial bir oluşumu var. Bu oluşum zaman-zaman xalqın içində aydınlaşdıqca görəcəksiniz həyat necə dəyişir. Nə qədər ki, Asif Atanın ruhani özünüqoruma sistemi bütövlükdə xalqda oturmayıb, heç bir vaxt  sabitlik gözləməyin. Həyatın heç bir sahəsində sabitlik olmayacaq. Daim ziddiyətlər, daim döyüşlər, daim xəlqi anlamda  dedi-qodu, giley… Heç vaxt insan xoşbəxt ola bilməyəcək. Heç bir vaxt xalq ürəkdolusu sevinə bilməyəcək. Biz ona görə xalqın özünüqoruma sistemini yaradırıq, onu Bayram edirik. Bizim bayramımızın anlamı odur.
Bu elə bir məktəbdir, adamın qarşısında elə bir sorumluluq qoyur, asan danışmaq olmur, özünüz bunu bilirsiniz. Baxırsan elm adamı ciddi məsələlərdən elə asan danışır, deyirsən sanki başqasının dediyini danışır. Mən elə asan danışa bilmirəm. Sözün sorumluluğu var axı. Ona görə xalq yaranmır.  Gərək sorumluluq insanın ürəyini həyəcanlandırsın. Azadlıq odur, həqiqətə bağlı sorumluluq yaranır. Ona görə məktəbi mənim dediyim şəkildə yaratmaq gərəkdir, başqa cür olsa bənzəyəcək. Ocağın tədbirlərini toplumun tədbirlərinə bənzətmək olmaz. Ata deyirdi, bənzədiyiniz gün yoxsunuz.  Atanın mərasimləri, tədbirləri insanı içdən gərir. Sorumluluğa görə, düşüncənin ağırlığına görə, yükünə görə, öyrətdiyinə görə, ürəyi, ağlı döyüb böyütdüyünə görə. Bu bir məqamdır. Mərasim budur. Gərgin anlardan sonra rəvan bir azadlıq, rəvan bir sərbəstlik. Sorumluluq hər kəsin içində oturandan sonra bir sərbəstlik, bir azadlıq başlayır. Nə qədər ki, sorumluluq adamın içində oturmayıb bir gərginlik, qaynaşma olur. Mərasimin özəlliyi, qutsallığı odur. Qutsal bir mərasim keçiririk, qutsal bir məktəb yaradırıq. Bu məktəbimiz uğurlu, Bayramımız qutlu olsun!
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Xəlqillik Bayramımız qutlu olsun. Bu gündən xəbəri olmayan bəşərin də, xalqın da bu gününü qutlayıram.
Toplumsal-mənəvi müstəqilliyi olmayan xalq sabahsızdır. Ata Sonevinin Ziyarətində də bu səpkidə bir qonu qoyulmuşdu. Xalqın xalq olması üçün nələr gərəkdir. Bəşər indiyə qədər elə bir nizamda olmayıb ki, deyək bəşər özünə bənzəyir. Səbəbi xalqların xalq səviyyəsinə yüksələ bilməməsi olub. Əgər xalqlar xalq səviyyəsinə yüksəlmiş olsaydı, bəşərdə elə bir gözəl nizam yaranardı ki. Bugünkü qan-qada olmazdı. Xalq yaranmamasının səbəbi özgür, müstəqil fərdin yarana bilməməsinə görədir. Hələ Nəimi 14-cü əsrdə deyirdi, torpaqdan öncə millətin ruhunu xilas etmək gərəkdir. Ruhumuz 1400 ildir işğaldadır. Ondan da öncə özgürlük olmayıb. Təkcə yadların, yağıların gətirdiyi ilə insan azadlıqdan məhrum olmur ki. İnsan adicə həyatda yaxasını toplumun əlinə verməklə öz özgürlüyünü də itirmiş olur. Fərd yaranmır, şəxsiyyət yaranmır, dünyanın halına ağlayan insan yaranmır, toplumdakı müşküllərin halına yanan tapılmır.Əgər olsaydı, onların cəmindən yaranan toplum xalq olardı. Nə yazıqlar, olmur. Bu günə qədər də bəşər onun acısını çəkməkdədir.
Millət öz keyfiyyətləri ilə dəyər yaradıb özünü ifadə elədi, millət halında formalaşa bildi, bir biçim tapdı. Böyük dəyərlərin fonunda yeni bir dəyər yarandı – Mütləqə İnam fəlsəfəsi. Birinci növbədə Mütləqə İnam fəlsəfəsinin mahiyyəti insanın özüylə üz-üzə qalması, öz mahiyyətini tanıması, öz mahiyyətinin əsasında ömrünü formalaşdırmasıdır. Buna edilən qıraq etkilər sıfır səviyyəsinə enir. Ordan gərək möhkəm yapışsın orda sabit, dayanıqlı bir halla dayansın. Mən altıncı sinifdə oxuyanda Nəsimini öyrənmişdim, indiki səviyyədə yox, çox aşağı. Nəsimiyə elə bir vurunluğum yaranmışdı, bəlkə də Asif Atanı tapmağıma o cür düşüncələrin beynimdə özünə yer eləməsi səbəb olmuşdu.Bu millətin özgürlüyünü, milli dəyərini, milli ruhunu əlindən alsan xalq rəzil olur. Son olaylar göstərir ki, bir diktatoru toplum yağı kimi bəsləyir, çünkü ruhu azad deyil. Ona görə də Asif Atanın Mütləqə İnam fəlsəfəsi, Mütləqə İnam Bayrağı başımızın üzərində, özümüzü dərkimizlə, öz ömrümüzlə, sözümüzlə, yerişimizlə, davranışımızla, lap adi bir baxışımızla qururuq, quruluruq.
Xəlqilik Bayramımız qutlu olsun.
Atamız Var olsun!

Elana (Ataya Səcdə edib, Bayrağı öpür – G.A.): Bayramımız qutlu olsun. Xalqların hamısı gözəldir, insanların hamısı gözəldir, onları öz gözəlliyi ilə baş-başa qoysalar. Eləcə də bizim. Türkün çox gözəl ruhu var, çox gözəl içi var. Türkün ruhu tamam başqadır. Bu ruhu başqa dinlə, başqa mədəniyyətlə boğurlar. İnsanlar öz yollarını tapa bilmir, öz qutsal yolu ilə gedə bilmir. Çox düz deyirsiniz ki, bu yolu vermək üçün böyük güc gərəkdir. Bəzən deyirlər, niyə danışanda türkü başqa cür vurğulayırsan, ya vurğulayırsınız. Deyirəm, ona görə ki, bu gün heç bir millətin Asif Atası yoxdur. Asif Ata türkdür, Asif Atanı yaradan türk ruhudur.
Mən millətimizə də,başqa xalqlara da öz ruhunda, öz kökündə insanlığa çatmaq gücü arzulayıram. Bu yol Ocaqdan keçir. Atamızın yolu qutsaldır, dünyanın xilası Ocağımızdadır.
Atamız Var olsun!

Soylu Atalı: Ocağın əsas yolu, xətti İnsanilikdir, İnsanlaşmadır. İnsanilik bayrağını qaldırdığı üçün türkün adını çəkirəm de. İnsanilik bayrağını qaldıracaqsa, ona bundan artıq sevgi ilə yanaşacam, onu  bundan artıq sevgi ilə izhar edəcəm de. Əgər mən görsəm ki, sabah alman insanilik bayrağını başının üstə qaldırıb onun harayını çəkir, onun içində gördüyüm andan, ona türkə bəslədiyim sevgini izhar edəcəm de. Bizim türkə sevgi izharımız onu xalqlardan ayırmaq üçün deyil, Asif Atanı bəşəriyyətə vermək üçündür, türkün qabırğasını qızdırmaq üçündür, Asif Atanı xalqlara verə bilək. Çünkü sevdiyimiz türk milləti Asif Atanın bayrağını başının  üstünə qaldırsa, onu  bütün bəşəriyyət görəcək. Bir millətin içində yaranan dəyər bütün xalqların tarix biliminə çevrilir. Başqa xalqların mənəvi həyatında rol almış böyük şəxsiyyətləri də, bu gün bizim, millət olaraq, dilimizin əzbəridir, sevgimizin bayrağıdır. Halbuki onların min il yaşı var. O şəxsiyyətlər, o dəyərlər xalqların içərisində yaranır, xalqlar onu başının üzərinə qaldırır, ona görə onlar hər yerdən görünür.|
Bizə görə hər şey ideal deyil, ancaq biz heç bir dəyərə arxa çevirmirik. Əgər hind xalqı Buddanı bayraq edib başının üstə qaldırmasaydı, biz bu gün onu  görməyəcəkdik, bilməyəcəkdik. Ya da yunan xalqı Platonu bayraq edib başının üzərinə qaldırmasaydı, biz onu da bilməyəcəkdik. Ancaq zamanında olmasa da, sonrakı aşamalarda  yunan  xalqı Platonu, hind xalqı Buddanı başının üzərinə qaldırdı, bayraq elədi, onu  bütün dünya tanıdı, sevdi. Bütün dünya onlardan az sevmədi onu. Bizim də türk xalqımız Asif Atanı bayraq edib başının üzərinə qaldıranda bütün dünya onu görəcək. Dünya onu sevəcək. Ona görə bizim umacağımız da, sevgimizin hədəfi də türk millətidir. Ona görə qıraqdakılar çox türk-türk dediyimizə görə bizdən inciməsinlər. Onların boynuna yük qoyuruq, sorumluluq qoyuruq, danlayırıq. Sən içindəkini tanıyıb başının üstünə qaldırmasan, başqası niyə qaldırsın. Çox az hallarda olar, hansısa şəxsiyyət dolanıb başqa bir xalqın sevgisindən qayıtsın öz yurduna. Bir xalqın içində yarananı görsə də, görməsə də, örtsə də, basdırsa da bu xalq eləyir. Göstərsə də bu xalq eləyir, göstərməsə də. Göstərəndə hamı bilir,  göstərməyəndə heç kəs bilmir. Ona görə bizim izharlarımızın, çağrışlarımızın, sevgimizin özülündə prinsipial bəşəri sevgi, bəşəri umacaq durur. Yoxsa türkü heç kimin gözünə soxmuruq. Tərsinə, türkü hamıdan çox döyürük. Bütün bəşər xalqlarından daha çox, indi türkü döymək gərəkdir. Çünkü Asif Atanın Bayrağı onun əlindədir, o qaldırmalıdır başının  üstünə, o tanımalıdır, o tanıtmalıdır. Bir xalqın çatışmazlığını döyürsən, əslində bütün bəşəriyyətin çatışmazlığını döymüş olursan. Bir insanı döyürsən, əslində bütöv bir xalqı döymüş olursan. Yəni xalq insandan başlayır.

İnamlı Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – G.A.): Mən də Xəlqilik bayramı münasibətilə xalqımızı, ilk növbədə Ocağımızı qutlayıram, hamınıza can sağlığı arzulayıram. Doğrudan da, dünya xalqları içərisində ən çox bəşər mədəniyyətinə dəyər verən bizim xalqımızdır. Ancaq ən çox sıxışdırılan da, ən çox təcavüzə uğrayan da elə bizim xalqımızdır. Koreyadan başqa dünya xalqları içərisində yeganə xalqıq ki, iki yerə bölünmüşük.

Soylu Atalı: Yeddi yerə bölünmüşük.

İnamlı Atalı: İnkar eləmirəm. Yeganə xalqıq ki, bu qədər dəyərlər verməklə böyük sıxıntılar içərisində yaşayırıq. Niyə özümüz ola bilmirik, mən bu haqda çox düşünürəm. Niyə bu xalq öz yolunu tapa bilmir, niyə öz yolu olmur, onun-bunun yerişini yeriyir. Onun-bunun yerişini yeriyənin ayağı gec-tez dolaşır. Bu yaxınlarda bir informasiyaya rast gəldim, 1925-1930-cu illərdə əlifbanın dəyişməsi. Gürcünün, erməninin əlifbası dəyişməyib, bizim əlifbamız dəyişib. Həmin illər arasında 52 dəfə Sovet rejiminə qarşı üsyanlar olub. Bu xalqın kökü görün nə qədər güclüdür ki, o cür nəhəng bir imperiyanın içərisində 52 dəfə təşəbbüs göstərib ki, müstəqil olsun, öz sözü, öz xətti olsun. Ancaq onu boğublar. Bu gün də bizim bu parçalanmamız yönündə farsın öz xətti, rusun öz xətti var, indi də Avropanın Azərbaycanda öz xəttini yürütmə üsulu var. Bu boyda  təpkilər altındadır bu millət. Bu gün də, əgər bu səviyyədə yaşayırsa, bu millətə heyran olmaq azdır. Bunlar öz yerində. Mən ən çox düşünürəm ki, Ocağın 45-ci ilində niyə artım yoxdu. Bu boyda dəyərlər, bu boyda söhbətlər… Ocaq az iş görməyib. Həqiqətən mən heyrət edirəm az sayda insanın bu boyda işlər görməsinə. Təkcə arxiv işini görmək bir ömür istəyir. Köçürmək, çapa vermək, kitabları paylamaq, səfərlər eləmək çox nəhəng bir işdir. Yenə buna baxmayaraq, bizim sayımız azdır. Niyə bu boyda inamımız ortada ola-ola belə olur. Bu inam hazır şəkildə sunulur. Niyə bu qədər söhbəti eşidən millətimizdə Ocağa meyil azdır. Əsasən mən tələbələrdən bunu umuram.
İnsan necə yaşayır,nə düşünür, tələbəliyi biz də keçirmişik. Biz zamanın diktəsinin etkisi altında idik. Məktəbi qurtaraq, gedib hardasa çalışaq, qazanaq, pulumuz çox olsun. İndiki tələbələr də bilmirəm ən çox nə düşünür, yəqin məişət, dolanışıq, karyera istiqamətində daha çox düşünürlər. İnsan necə fomalaşır. Biz deyirik, millət fərdlərdən formalaşır, millətin də fərdin formalaşmasında rolu olur. Uşaq doğularkən, başqa canlılardan fərqli olaraq, həmişə köməyə ehtiyacı olur, bəlli yaş həddinə qədər. Müstəqil həyata atılanda da o qədər eybəcərliklərlə yüklənir, onun çiyininləri o ağırlığa dözmür, bütün hallarda. Bədbinləşir, küskünləşir, dolanışıq onun üçün bəlaya çevrilir. Heç yol axtarmaq onun yadına da düşmür. Əslində isə biz bilirik, yeganə xilasımız Mütləqə İnamdadı. Bu dünyagörüşlə tanış olan, bu dünyagörüşə bələdçiliyi olan hər bir gənc, hər bir Azərbaycan vətəndaşı, hər bir türk elinin oğluna həyatında üzləşdiyi eybəcərliyə nöqtə qoymağı, yeni bir səpkidə bu meydana atılmağı arzu eləyərdim. Bu açıdan bizim gənclərimizdən çox umuram. Bayramımız münasibətilə xalqımızı qutlayıram, Ocağımızı qutlayıram. İşlərinizdə uğurlar arzulayıram.
Atamız Var olsun!

Camal: Hər kəsin Xəlqilik Bayramını qutlayıram. Edilən söhbətlərdən sonra mən də bir az həyəcanlandım. Burda gənclər arasında xəlqilik düşüncəsi, milli-mənəvi dəyərlərin mənimsənilməsi barəsində danışıldı. Bəzən tələbə yoldaşlarımla, çevrəmdəkilərlə bu tip söhbətlərimiz olur. Həmin söhbətlər əsasında belə bir qənaətə gəlmişəm. Tarixə baxdıqda görürük ki, toplumun elə bir dövrü olmayıb, problemsiz, dərdsiz, qüsursuz olsun. Mənim düşüncəmə görə xalqın mənəvi azadlığı da məhz həmin problemlərə, qüsurlara münasibətində özünü göstərir. Bundan bir neçə il öncə bir məsələyə çox hiddətlənirdim. Bizdən öncəki nəsli görürəm, problemlərə qarşı bir xilaskar gözləyirdilər (İsa, Mehdi). Danışanda da məsələn, deyirdilər, problem düzələcək narahat olma, Mehdi gələcək. Həmin o “xilaskar” düşüncəsi insanı tənbəlləşdirir, gücsüzləşdirir, zəiflədir. Ancaq bizdən öncəki nəsil dərdi öz dərdi kimi görüb xilaskar gözləyirdisə, indiki nəsil artıq dərdi öz dərdi kimi görmür. Ən azından elədiyim söhbətlərdə bunu müşahidə edirəm. Xalqın dərdini öz dərdi kimi qəbul eləmir. Bilmirəm bu nədən irəli gəlir, sanki nihilizm əsrinə girmişik. Artıq istənilən inanc, istənilən siyasi partiya, istənilən ideologiya, istənilən təşkilat artıq maraqlandırmır onu. Artıq hər şeyi sırf individual çərçivədə dəyərləndirir, sırf öz mənfəəti baxımından dəyərləndirir. O səbəbdəndir, artıq bir çox yaşıdlarım deyir, burda qalmalı deyil, burdan getmək gərəkdir, bu toplum düzələn deyil. Yəni mənə elə gəlir, hər iki düşüncənin əsası dərdi öz dərdi kimi görməmək və xilaslar gözləmənin hər ikisi xalqı kölələşdirir, onun bir növ azadlığını əlindən almış olur. Mənim zənnimcə cəmiyyətin qüsurlarına ən doğru yanaşma tarixdə Babəkin tutduğu yol olub, indi də Asif Atanın tutduğu yoldur. Dərdi öz dərdi kimi çiyinlərinə almaq, məsuliyyəti qavramaq və özü bir iş görməyə çalışmaq. Hazırda belə bir şeyi görə bilmirəm. İndi informasiya əsridir. Ola bilməz ki, gənclər cəmiyyətdəki problemlərdən xəbərdar olmasınlar. Məsələn, mən sovet dövrü ilə bağlı bir sıra kitablar oxuyurdum, suallar verirdim yaşlılara ki, bəs o dövrdə şagirdlər necə düşünürdülər, nə düşünürdülər gələcək haqqında. Onların dediklərindən görürəm, o dövrün gəncliyi düşünürdü: oxuyacam, təhsil alacam, işləyəcəm, hər şey yaxşı olacaq. Bu düşüncə də yaxşı düşüncə deyildi. Çünkü sistem nə cür tələb edirdisə, o cür də gedirdi. Ancaq indi gənclər nə təhsilə, nə elmə, nə digər məsələlərə doğru yanaşmırlar, yəni heç bir inamları qalmayıb. O baxımdan hər hansı bir gəncin bu məsuliyyəti çiyninə götürməyi, bu dərdi öz dərdi kimi qəbul eləməyi, mənə elə gəlir ki, bir qədər çətin məsələdir. Düşüncələrim bundan ibarət idi. Bir daha bayramınızı qutlayıram.

Soylu Atalı: Bizim dediyimiz də odur. Zaman-zaman çox tədbirlərdə mən bunu vurğu edirəm. İnsan öz ömrünün tələbindən qırağa çıxmır. Sovet dövründə hansısa öyrəncilərin nə düşündüklərini öyrənmək istəmisən. Sovet  dövründə öyrənci sovet dövrünün tələbləriylə düşünürdü. Onun istəkləriylə davranırdı. Sovet quruluşunun içində düşünüb, ondan qırağa çıxmayıb. Heç kimin də ağlına gələ bilməzdi, Sovet quruluşundan qıraqda bir şey düşünsün, ya da özünün gələcək həyatını, davranışını Sovet quruluşundan qıraqda formalaşdırsın, elə də oturuşdurmağa çalışsın. Nəyə görə ağlına gələ bilməzdi, – çünkü hər kəs quruluşun cızdığı dairənin içində yaşayıb, quruluşun cızdığı dairədən bir addım qırağa qoymağa özündə cəsarət tapa bilməyib. Təfəkkürünün gücü yetməyib. Dahi ona görə dahidir ki, o, quruluşun dairəsindən qırağa çıxır. Asif Ata Sovet quruluşunun içində Sovet quruluşundan qırağa çıxdı. Asif AtanınSovet quruluşunun diktəsindən qırağa çıxmasıyla onun çevrəsinə gələn insanlar başladılar o cızqının içindən qırağa çıxmağa. Onun düşüncəsi qırağa çıxdı, gələcəyə baxışı qırağa çıxdı. Yəni məktəb ona görə gərəkdir, mənəvi öyrətmən ona görə gərəkdir ki, hər kəsin düşünə bilmədiyini düşünsün, hər kəsin ata bilməyəcəyi addımı atsın, hər kəsin yetirə bilməyəcəyi bir aşamanı yetirsin. Bütün məsələ odur. Biz hər zaman kimlərisə tənqid edirik, tənbeh edirik, bizə bunu niyə demədi, niyə vermədi. Onlardan biri Səməd Vurğun, onunla bağlı yazı yazmışdım ki, Səməd Vurğun zamanın içində qala-qala ona dahi dedilər. Dahi isə zamanın içindən qırağa çıxana deyirlər. Zamanın içindən qırağa çıxmayıbsa niyə deyirsən dahidir, niyə saxtakarlıq edirsən?! Sovet quruluşunun özü bizə saxtakarlıq öyrədirdi. Bizə saxta yaşamaq ortamı yaradırdı, saxta mühit verirdi. Hər şey saxta. Dahi nə deməkdir bəs? -Dahi bu saxtalıqların üzərinə qalxıb onu darmadağın edən insandır. İndi bu gün bizim Ocağımızın sözünə, yerişinə də eynən sovet dövründəki insanların baxışı kimi, düşündüyü kimi yanaşırlar.  Bu gün də bütün dünyada kapitalizm quruluşudur. Biz bir qom adam bu kapitalizm quruluşunun tələblərinə girmirik. Nə mənada girmirik, mənəvi ruhani tələbindən gedir söhbət. İnsanın özünüdərk məsələsi burda var. Quruluşlar insanın özünüdərk yolunu kəsir, buna macal vermir. Bu quruluşları eşitməməlisən ki,özünü dərk edə biləsən. Quruluşu eşitməmək nə deməkdir? – Quruluşdan ötə bir şey düşünmək deməkdir. Quruluşdan ötə bir şeyi nə vaxt düşünə bilirsən? – Sənə bir ideya verərlər, bir yol göstərərlər. Mən bu dərənin içindən başqa bir yol görə bilmirəmsə, nə etməliyəm, – mənə mütləq başqa bir yol göstərməlisən ki, burdan qırağa çıxım. Özüm görə bilmirəm. Bütün məsələ odur. İndi bizim insanlarımızın qarşısında belə bir perspektiv açılıb,  belə bir yol açılıb. Ancaq hamı quruluşun içinə qaçır. Biz ayrı-ayrı fərdləri quruluşun içindən qırağa dartırıq. Asif Atanın məktəbinə dartırıq. Ancaq hamı ora qaçır, hamı eyni cür düşünür, hamı demokratiya deyir, hamı çoxrəylilik (plüralizim)deyir, hamı qloballaşma deyir, hamı siyasi rəqabət deyir, hamı çoxpartiyalılığın mövcud olmasının, bunun vasitəsilə mübarizə aparmağın gərəkdiyini deyir. Hamı qaçır bir partiya yaratsın, bir partiyada yet tutsun, filan təşkilatda o da bir mövqe sərgiləsin. O da bir yerə seçilsin, o da bir görəvə gəlsin. Demirəm hansısa bir görəvə gəlmə. Ancaq bütün bu çalışmaların hamısı düşüncəyə yansıyır. Bu dairədən, düşüncədən qırağa çıxa bilmirsən. Genel toplumsal bir şüur formalaşıb, o şüurla davranma, o şüurla can atma, o şüurla yanaşma. O şüuru dağıt. O şüuru dağıdacaqsan, onda sən gələcəyi düşünəcəksən. O şüuru dağıtmayacaqsan, onda sən bu günü düşünəcəksən. Bu günün tələbindən də qırağa çıxa bilməyəcəksən. Biz də bütün toplum içində olan ayrı-ayrı insanlarımızı, gənclərimizi Asif Atanın məktəbinə çağırırıq. Asif Atanın məktəbi nə deməkdir, – quruluşdan qırağa çıxmaq deməkdir, primitivlikdən qırağa çıxmaq deməkdir, bizə biçilən, bizim üçün tərtib olunan  ortamlardan qırağa çıxmaq deməkdir. Asif Atanın məktəbi odur. Biz Asif Atanın məktəbi deyəndə heç vaxt insanlara demirik ki, sən parlamentə seçilmə, sən filan görəvə gəlmə. Deyirik, ömrünü ona bağlama, onunla məhdudlaşma, onunla gözünü torpağa yumma, bitmə, qurtarma. Ondan yüksəyə qalx. Ona görə yeni bir aşama qarşımıza çıxıb. Bu da zaman tələb edir, mübarizə tələb edir, qırım tələb edir.Ona görə şəxsən mən Soylu olaraq, heç bir vaxt təntimirəm, demirəm bu xalq niyə bizi eşitmədi, ya gec eşidir, niyə bunlar düzəlmir, bəs nə vaxt düzələcək. Mənim əsla belə bir rahatsızlığım yoxdur. Çünkü mən mübarizə aparıram, çağırıram. Qulağı olan eşidəcək, gözü olan görəcək. Biz İsa deyilik korlara göz verək, süni şəkildə ölüləri dirildək. Kor, nəyi var özüylə qəbrə aparacaq. Mən onu qəbirin altından çəkib çıxara bilmərəm ki. Mən çağırıram, yalvaracam gözü olana, qulağı olana, mənliyi olana. Ancaq korlara, karlara, lallara yalvarmayacam, sallaşmayacam onlardan. Dünyanı yıxıb sürüyüblər, dünya uçub. Mən ideya adamıyam. Mən uçqunları təmizləyib kərpici kərpicin üstünə qoyan adam deyiləm. Mən ideya adamıyam, onun insanlarını yetişdirmək istəyirəm, onu qoyanları yetişdirmək istəyirəm. O işi özüm görə bilmərəm, onunla mən məhdudlaşaram. Ona görə sarsılmadan, sınmadan çox uzağa baxmaq gərəkdir. Ona görə təfəkkür güclü işləməlidir. Nəhəng idrak adamları yetişməlidir, məktəb ondan ötrüdür. Qapılmamalısan, burdan qalxandan sonra enməməlisən topluma, köhnə mühitə. Cırlaşmamalısan, balacalaşmamalısan, daim qalxmalısan. Məktəb dünyanı silkələyən şəxsiyyətlər yetişdirmək üçündür. Kimsə ola bilmirsə, bu məktəbin  günahı deyil. Məktəb yetərincə zəngin məktəbdir. Bu kitabı (Asif Atanın kitabını nəzərdə tutur – G.A) yüz adama ver oxusun. Yüz adamdan biri bu kitabdan tutub yuxarı qalxar, böyüyər. Bu kitab əslində insanın əlindən tutub göylərə çəkir. Göylərin özü deməkdir bu kitab. Onu görmək, bilmək asan bir məsələ deyil. Deyək ki, ən məşhur kitablardan Aqata Kristini oxuyurlar. Onunla hara gedib çıxacaqsan?! Aqata Kristi ilə kriminal aləmin dolaşıqlıqlarına gedib çıxa bilərsən. Ya bir başqasıyla, yenə də ən yaxşı halda, sənin duyğuların cilvələnə bilər. Duyğuların cilvələnməsi gözəl şeydir, ancaq göylərə qalxmaq üçün çox azdır. Ona görə nəhənglər gərəkdir. İdrakı sıxmaq, öyrənmək, düşünmək gərəkdir, vaxt gərəkdir. Onda sənin qarşında gənclər dura bilməz. Mən sırağagün elm adamları ilə söhbət edirdim. Biri özünü filosof sayır. Sual verir,  Asif Atanın prinsipləri nədir? Sonra nəsə dedi, dedim sən ideyalarımı soruşursan, prinsiplərimi? Dedi onlar bir şeydir. Dedim bir şey deyil. Bilirsən nə var, səmimiyyət gözəl şeydir. Biri var səmimi olaraq bilmək üçün, öyrənmək üçün sual verəsən, biri var mübahisə, dolaşıqlıq yaratmaq üçün sual verəsən. Sən dolaşıqlıq yaratmaq üçün sual verirsən. Dedim mən hələm-hələm insanları sındırmıram, aşağılamıram. Ancaq belə məqamda mən onlara qarşı sərt çıxıram. Mənim ürəyimdə bu kitab var. Bununla mənim qarşıma çıxa bilməzlər, Güləşə bilməzlər bunun sahibi ilə. Belə qırımlı oğullar gərəkdir,yoxsa plüralizm belə getdi, demokratiya elə getdi, hər kəsin öz düşüncəsi var, filan. Demokratiya-filan, biz bunların hamısını zaman-zaman qatlayıb dizimizin altına qoymalıyıq.  Mən sosial şəbəkələrdən izləyib görürəm, insanların ağlına necə etki göstərirlər. Batyı kürəsəlləşməsini indi millətçi adamlar bəyənmirlər, burda bizim etkimiz var. Hamısı ondan yapışmışdılar bir vaxtlar. Nəhəng qayaların üzərinə düşən damcılarıq biz. Daşlaşmış, buzlaşmış düşüncələrin üzərinə düşən damcılarıq, alov işığıyıq biz. Bunu  Asif Atanın məktəbi yaradır. Ona görə fəxr eləmək, qürur duymaq gərəkdir bu məktəblə. Bunu özünün varlığına bağlamaq gərəkdir, özünün varlığına çevirmək gərəkdir. Ondan sonra görəcəksən, qarşında dayanmaq mümkün deyil. Bütün dünya quruluşun tələbində düşünür. Biliyi də, elmi də, təfəkkürü də, hər şeyi quruluşun içindədi. Sən quruluşdan yüksəkdəsən. Quruluşun fövqündən hər şeyə işıq salıb aydınlaşdıra bilirsən, yalanı, əyrini göstərə bilirsən. Sənin varlığın odur. Bunu yaradıb Asif Ata.
Mən “özünüqoruma sistemi yaradırıq” deyirəm, bunu gəlişi yaxşı söz kimi demirəm. Bunu dərk edib deyirəm, bunu yaradıb deyirəm. Mənə rütbəlilər,  toplumun gözünə soxulmuş insanlar gərək deyil. Mənə sizin kimi ürəyi olan insanlar gərəkdir. Ruhaniyyatı onlar yaradır, ruhaniyyatı akademiklər yaratmır. Rütbəlilər ruhaniyyat yarada bilməz. Onlar hakimiyyətaltı sistem yarada bilər. Ruhaniyyatı ürəyitəmiz, asılı olmayan, bulaşmayan gözəl insanlar yaradır, xalqın yiyəsi onlar olur. Xalqın “özünü qoruma sistemi”ni onlar yaradıb onlar qoruyur. Onlar “xalqın özünüqoruma sistemi” adlanan Ocağın odqoruyanı olurlar.

Yasin Türksoy (Ataya Səcdə edib, Bayrağı öpür – G.A.): Ocaqla bağlı məlumatı olmayan, ya da qısıtlı məlumatı olan, yeni bilgi əldə edən kiminləsə söhbətləşəndə elə bilirlər deyirik, dünyanı oxuma, araşdırma, dünya ədəbiyyatını, fəlsəfəsini, tarixini oxuma, öyrənmə, elə ancaq Asif Atanı öyrən. Ocaqda belə bir tələb yoxdu. Dünyanı da öyrənirsən, dünya ədəbiyyatını da hər sahə üzrə öyrənir, araşdırırsan. Ancaq Atanı da oxuyursan, araşdırırsan, öyrənirsən.
Ocaqla bağlı kiməsə məlumat verəndə, bölüşəndə, çalışırıq, doğmalıq yaradaq. Ocağa gəlib-getsin, öyrənsin, özüylə kimisə gətirsin, Ocağa da qatqısı olsun. Yəni gözləntilərimiz bunlardır. Çünkü birimizin əməyi hamımız üçün faydalıdır. İnsanlıq üçün, bəşər üçün faydalıdır. Yeni gələn yoldaşlardan biri də Camaldır. Sosial şəbəkədə tanışlıq yarandı. Ocağa gəlib-gedir. Camal bəydən gözləntim odur, Ocaqdan aralanmasın, bəhrələnsin. Dünyanı oxusun, öyrənsin, araşdırsın, Ocaq ədəbiyyatını da, Asif Atanın irsini də öyrənib araşdırsın. Kor-koranə nədənsə tutub getməsin, Doğunu da öyrənib araşdırsın, Batını da. Ancaq yadlaşmasın, qəribləşməsin, doğmalaşsın. Ulusal olsun, xəlqi olsun. Ocaq sevinsin, nə yaxşı səni tapdı.
Atamız Var olsun.

Günev Atalı: Elə Camal bəydə mən də gözəl bir məqam gördüm. Onu vurğulamaya bilmirəm. Bu yaşda insanın “cəmiyyətin dərdini öz dərdim hesab edirəm” görümü mücadilənin, mübarizənin başlanğıcıdır. Heç bir mübarizə bu olmadan effektli sonuc əldə edə bilmir. Bütün tarix boyu hansı şəxsiyyətlər hansı böyük ideyalarla, düşüncələrlə nəyəsə nail olubsa, bir iz qoyubsa, dünyanın, xalqın, millətin dərdini öz dərdi sayması sayəsində olub. Onda şəxsiyyət yaranır, onda əsil mübariz insan yaranır. O tarixdə iz qoyub gedir. Camal bəyin bu yaşda o sözü səsləndirməsini alqışlayıram. Var ol.

Soylu Atalı: İndi mən ikinizin çıxışınıza yönəlik bir dəyərləndirmə deyim. Yasin, bu gərəkdir deyə deyirəm. Çünkü mən dəfələrlə Ocaqda bunu vurğu eləmişəm. Yenə xatırlatma eləmək istəyirəm. Camal bəyə yanaşma ilə bağlıdır. Biri var sənin yanaşman, biri var Günevin yanaşması. Günev Camal bəydəki müsbət, pozitiv şeyləri görüb heyrətini ifadə elədi. Sən Camal bəyi öyrətdin. Sən ondan öyrətmə səviyyəsində tələb elədin. Ocaq tədbirlərində insanlara belə ol, elə et deyəndə ağılvermə kimi görünür. Sənin sevgindir bu, ancaq qıraqdan baxanda bu ağılvermə kimi görünür. Bu yanaşma Ocağın prinsiplərinə uyğun deyil. Camal bəyin çıxışından sonra dostun olduğuna görə, onun çıxışından onu kəşf elədiyin, tapdığın üçün sənin sevgin, sevincindir. Onu anlayıram, qəbul edirəm. Ancaq Ocaq tədbirimizə gələnlərlə bağlı belə hallar uyğun deyil. Ocağımıza gələn Ocaqdan özü öyrəndiyini öyrənir, götürdüyünü götürür burdakı çıxışlardan, burdakı əhvallardan. Belə ərkləri fərdi söhbətlərdə bölüşmək olar. Bu məsələni diqqətinizdə saxlamağı xahiş edirəm. Biz insanlardan umuruq, ancaq insanlardan vermədiyini zorla, acıqla istəyə bilmərik, ağıl verərək də istəyə bilmərik. Bu üsul Ocağın tələblərinə uyğun deyil. Ocağın üslubu inamla, sevgi ilə böyütmək gedişidir, istəyidir.

Bilən Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – G.A.): Ölkəmizdə onlarla bayramlar keçirilir. Bu bayramların gələcək üçün, millətin yaranması üçün faydası olmur. Ancaq Asif Atanın yaratdığı Xəlqilik bayramında millət olmağın, xalq olmağın, gələcəyə doğru getməyin nizamını görürük. Bunun nizamını yaradıb Asif Ata. Başqa bayramlar əsasən siyasi rejimlərin diktəsi ilə olduğu üçün bunlarda insan yaranma faktoru olmur, gələcək olmur. Bu baxımdan bu bayram başqa bayramlardan üstündür, qutsaldır.
İnsan xalq olmaq istəyirsə o içdən dəyişməlidir. Ona görə bu bayram xəlqi məna daşıyır. Bu bayramda əsas olan odur ki, insan olmağın, şəxsiyyət olmağın, bəşəriyyətə ölçü vermənin yolları var. Qutlu olsun!
Atamız Var olsun.

Soylu Atalı: Əslində Asif Atanın bayramları hələ öz biçimini tapmayıb. Genel olaraq, bəşər həyatında bayramlar, mərasimlər var. Bayramda mərasim az olmalıdır, şölən çox. Ancaq bizdə mərasim hissəsi çoxdur. Bəlkə də düz edirik, bu başlanğıcdır, yetişdirmək, hazırlamaq, böyütmək gərəkdir. Bu bir örnəkdir.Bu, gələcəyə öyrədiləcək, ölçü verəcək, gələcəyə quruluş sistem verəcək bir məktəbdir. Əslində kimin hansı bayramı olursa olsun, fərq eləməz, o şənlikdir. Bayramın məzmununa yönəlik, bayramın məzmununu bilən bilim adamları ayrı-ayrı çıxışlar edə bilər, uğurlu söz deyə bilər. Bayramın məzmununu bir az insanın milli mənəvi həyatı ilə bağlayar, bir az da musiqi, süfrəsilə həyata keçirilər. Bunlar hamısı gərəkli bir şeylərdir. Mənim yadıma gəlir, illər öncə mən məktəbdə oxuyanda Novruz bayramı şənliyi elədilər. Mənim indiyə qədər yadımdadır, çox gözəl alındı. Orda mikrafon qarşısına müəllimlər keçdi. O müəllimlər ki, onların xətri, hörməti indi də mənim varlığımdadır. Qısa, konkret Novruz bayramı ilə bağlı söz dedilər. Sonra saz, musiqi oldu. Karnaval stolları açmışdılar. Üzərinə şirniyyat qoymuşdular. Gözəl milli rəqslər oldu, müəllimlər də qatıldı. Çox gözəl alındı. Bizim Ocaq Bayramları da,yəqin ki,öz biçiminə düşəcək. Bizim bu saat onu o biçimə salmaq imkanımız yoxdu. Bayram kimi keçiririk, söz deyirik. Burada sayımız da çox deyil. Say çox olarsa proqram tərtib eləmək olar, uğurlu söz deyə bilən bir neçə nəfər söz deyə bilər. Gələcəkdə Ocaq bayramlarını o cür görürəm.

Göytəkin Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – G.A.):Vətən – insanın yaşadığı və varlığı ilə bağlı bir yerdir. Bu bağ nə dərəcədə güclüdür, ya da insan bu bağlılığı möhkəmləndirmək üçün nə edir, – bu sualların cavabı gedib mənəviyyata çıxır.Yəni insan nə dərəcədə mənəvi tələblərə uyğun yaşayır. İnsanın insana, dünyaya, həyata münasibəti necədirsə, vətənə bağlılığı da o yerə qədərdir məncə. Çünkü hər şey insandan, insana münasibətdən başlayır. İndiyə qədər inamların çoxu insanı sanki birtərəfli yetişdirib. Çünkü insan kamillik uğrunda addım atır, bu tələblərlə yaşamağa çalışır, ancaq sanki özü də bilmədən vətən sevgisindən uzaqlaşır. Çünkü ağıllarda, şüurlarda bu dünyanın faniliyi deyimi kök salır. Bir yerə qədər insan özünü inandırmağa çalışır ki, hər şey yaxşıdır, bu tələblər üzərində özümü yetişdirəcəm, bununla nəsə dəyişəcək. Ancaq bir yerdə görürsən ki, artıq içində yaşam sevincini, fərəhini, mübarizə eşqini itirirsən. Çünkü dünyayla bağlılıq qırılır, insan özünü hər şeydən təcrid olmuş kimi hiss edir. Həm özünü yarada bilmirsən, həm də insanın, İnsanlığın durumu daha acınacaqlı duruma doğru irəliləyir. Bu yerdə insan anlayır, doğrudan da, dünyada yaşam da, xoşbəxtlik də insana, vətənə, xalqa münasibətinə bağlıdır. Çünkü xoşbəxtliyi axtarmaqla əldə etmək olmur, xoşbəxtlik əslində nəyisə yaratdığın yerdə tapa bilirsən.
Ümumi götürəndə İnsanlığın durumu acınacaqlıdır, Azərbaycanın durumu isə daha ürəkağrıdıcıdır. Çünkü toplumun düşüncəsi o qədər dağınıqdır, vətənə bağlılıq soyuyub insanların içində. Bir az olayların dərinliyinə baxanda uçurum kimi görünür. Bunu lap əvvəllər düşünürdüm. Atanın bir sözü hər dəfə yadıma düşür, deyir, Zahiri gözlə baxmayın Azərbaycana, daxili gözlə baxın. Azərbaycan böyükdür, qüdrətlidir. Doğrudan Azərbaycanın dünyaya dərs verə biləcək qədər böyük dəyərləri var. İnsanın yaşamını əngəlləyən çox şey var indiki çağda. Ancaq insanın özü olmasını əngəlləyən bir şey yoxdur əslində. Ocaqla yeni tanışanda içimdə sanki bir etiraz dalğası baş qaldırmışdı, bir anda hər kəsi suçlamağa başladım. Düşünürdüm niyə indiyə kimi Ocaqdan qıraqda kimsə mənə bunu, ya buna bənzər şeyləri anlatmayıb, öyrətməyib. Nəyə görə tarix kitabları bizim üçün “nə baş verdi” sualına cavab verir, ancaq “nə üçün” sualına cavab vermir, niyə indiyə kimi çox şeydən xəbərsiz olmuşam. Özümdən qıraqda hər şeyi suçladım. Sonradan mənə aydın oldu ki, bu suçlamalar bir yerə qədərdir, bir yerdə dayanır. O yerdə dayandı ki, Atanın ideyaları ilə tanış oldum. Anladım ki, özündən qırağı suçlamaqla, üsyan etməklə heç nə edə bilməyəcəm. Əslində bütün bunlar mənə mübarizə gücü verməlidir. Yəni nə olursa olsun, yaranmaq istəyi. İçində ideyaya müəyyən bir bağlılıq yarananda suçlama dayanır, bu bağlılıq insana yaranmaq gücü və sonrasında da yaratmaq gücü yetirir. Əslində bir insanın xalqına, millətinə verəcəyi ən önəmli olan da budur. Həm özü var olur, həm milləti var edir. Xəlqilik Bayramımız qutlu olsun!
Atamız var olsun.

Soylu Atalı: Burda oturanların hər birinə söz verdik, hər kəsi dinlədik. Artıq Bayram qurallarımızı yerinə yetirək, bayramımızı sonlandıraq.

Bayrama Ruhani hədiyyələr sunulur.

“Xəlqilik Bayramı Üstə Mütləqlə Təmas”ı  – Günev Atalı dedi.
Ocaq Yükümlüsü Soylu Atalı: – “Xalqlaşın, Xaqlaşdırın!”
Hamı: – “Xalqa and olsun Xəlqiliyə qulluq edəcəyəm!”

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Bayram sona çatır.

Səsdən Yazıya çevirdi: Göytəkin Atalı.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir