Asif Atanın –İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 13 Şölə Ayı, 36-cı ildə (iyun, 2014) Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramı keçirdi. Bayram Quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Bu gün Xəlqilik üstə söhbət edəcəyik. Asif Atanın Mütləqə İnam Ocağı bütün dünyanın gedişatında, nizamında, yaxud nizamsızlığında sizlərə bəlli olan hadisələrin içində, yaxud fövqündə tamamilə fərqli addımlar sərgiləyir, fərqli söz deyir, fərqli işlər görür. Bu fərq nədən ibarətdir?Xalqın yaranması, bir araya gəlməsi, dövlət olması, yaxud da bütövlükdə, böyük mənada götürəndə bəşər olması bütün tarix boyu çətin axtarışların, çətin əməllərin, çətin tələblərin qarşısında olub həmişə. Ona görə bu hadisə düşündürücüdür. Bu gün də biz, bir xalq olaraq, öz aqibətimizi düşünmək tələbi qarşısındayıq. Sizə rahatsızlıqla deyirəm, təəssüf ki, Azərbaycanın heç bir yerində, o taylı-bu taylı Azərbaycanda, Borçalıda, başqa ölkələrdə xalqın gələcəyini doğru düşünmə faktı yoxdur. Bütün siyasi gedişlər, proseslər, təşkilatlar, təəssüf ki, bu rahatsızlığımızdan yan fəaliyyət göstərirlər. Heç yerdə bu yöndən səmimiyyət yoxdur. Yəni xalqın aqibəti ilə bağlı deyiləcək sözün mənasına yönəlik səmimiyyət yoxdur. Xalqın gələcəyiylə bağlı şüarlar, oyunlar var. Həqiqət deyilmir, yaşanmır. İnsanları xalqın məzmununa bağlamaq olduqca çətinləşib. Gündən-günə xalqın içi boşalır. Pis mənada, yəni pisliklərdən də boşala bilər, yaxşılıqlardan da. Bu, yaxşılıqlardan boşalmadır. Xalqın özünə xas nəyi varsa, onların hamısını itirə-itirə gedir. Çox pis səviyyədə çağdaşlaşır. Buna müxtəlif cür don geyindirilir, haq verilir, bəraət verilir. Guya biz yeni mərhələyə başlayırıq xalq olaraq, yeni inkişaf mərhələsinə başlamışıq. Doğrudanmı bu, yeni inkişaf mərhələsidir?! Xalq adına deyilən sözlər hamısı şüardır.
“Ulufərəh”in keçən “Ailə Günü” mərasimində Güneydən bir soydaşımız gəlmişdi. O, elə danışırdı ki, elə bil beş-on günə Güney Azərbaycanla Quzey Azərbaycan birləşəcək. Bu cavan oğlan deyir ki, biz ağrını içimizdə gizlədək, ancaq topluma belə deyək ki, hər şey əladır.
Onu qınamıram, hər yerdə elə deyirlər, – topluma belə deyək. Topluma belə demək nəyi həll edir? Şüarlar, plakatlar qaldırmaq nəyi həll edir?!
Xalqın içi boşalır, uçub-dağılır. Xalqın içində dəhşətli bir yoxluq yaranıb. Bu yoxluğu yaradan xurafatdır. Xalqın içində yaranan xurafat – din xurafatı, idman xurafatı, musiqi xurafatı, ictimai münasibətlər xurafatı. Mənə göstərin xalqın həyatında xurafat olmayan bir şey. İdman keçirirlər. İdman nə verir xalqa? Büdcəyə pul gətirir, ya nəyi həll edir? Əksinə, büdcədən pul gedir. O idman xəlqi məna daşıyırmı? Xalq o idmanda milli şüurunun hansısa elementini, demirəm bütöv gedişatını, hansısa elementini tapırmı? Tapmır. Bu, cahilləşdirir toplumu. Yaxud musiqi. Mən sazı və muğamı demirəm. Hərçəndi saz və muğam da getdikcə bayağılaşdırılır. Mən xalqın içində pis təsiri olan musiqini deyirəm. Üzr istəyirəm, tumançaqların hayladığı musiqini deyirəm. Kütlə ona susayır, ağız suyu axıdır. Gənclik ona yüyürür. Gənclik ona səcdə qılır, pərəstiş edir. Bu, xurafatdır. Cahilləşdirir toplumu. Gəncliyin içərisində nə qədər gənc tapmaq olar ki, sağlam olsun? Çox cüzi. Yoxdur. Gəncliyin içində çox cüzi sağlam düşüncəli qüvvə var. Onları da demək olar ki, həşirlərdə qurban veririlər, həbsxanalara doldururlar.
İctimai təşkilatlar xurafatı. Yüzlərlə, minlərlə təşkilat var, onların dediyi söz, gördüyü iş nədir? Onun maarifçilyi nədən ibarətdir? Azadlıq yaradır? Ali Sözün azadlığı yoxdur, hərcayi sözün azadlığı var. Kimin ağlına nə gəlir onu da danışır. Hədyan danışmaq adında azadlıq var. Söz azadlığı – xalqın həqiqətini deməkdir. Sən də o sözü demirsən. Utanırsan, yaxud qorxursan.
Din xurafatı var yerə-göyə sığmayan. Bir nəfər göstərin ki, bu xurafata mane olur. Molla oturub yasda hədis söyləyir, fikir söyləmir. Deyir ki, biz kimik axı, biz heç nəyik. Hər şey odur, “Yuxarıdakı”, biz nəkarəyik.
“Heç nə” nə deməkdir – zibil deməkdir. Heç nəyə yaramayan zibildir. Əgər sən zibilsənsə, niyə sənə hörmət eləyim? Niyə sayğı duyum? Əgər sən heç nəsənsə. Heç nəyə sayğı duyarlar? Duymazlar. Sən heç nələşirsən, zibilləşirsən, tullantı olursan – xurafatdır bu. Böyüklərimizə üz tutan yoxdur. “Ənəlhəq” deyənlərimizə üz tutan yoxdur. Qədrini bilən yoxdur. İçində Şirvin gəzdirənlərimizə üz tutan yoxdur. Gəncliyə onu öyrətmək lazımdır. İnsanı təzadların içindən çıxartmaq lazımdır. İnsanı təzadların içinə atırlar. İnsan adi biologiyadır, – insan dilənçidir, insan padşahdır, insan allahdır, hər şeydir?! Nə deməkdir bu insan görəsən?! İnsanın nə qədər ki, təfəkkürü sönükdür, ləyaqəti ölüdür, ondan dilənçi də gözlə, azğın padşah da gözlə. Elə ki, İnsan içində böyük həqiqətə yetir, böyük ədalətə, vicdana yetir, xəlqi mənaya, məzmuna yetir, onda olur allah, həqq.
Təzadların içindən çıxmaq lazımdır, yoxsa insan gözünün qabağında görürsən bulvarda sülənir. Deyirsən ki, budur insan? O deyil. O, heyvana enibdir, içindəki mənanı itirən, ruhu ölən, çökən.
Bax, bu deyilənlərin fonunda vurğulayırıq ki, Asif Atanın dediyi söz fərqli sözdür. Asif Atanın atdığı addım fərqli addımdır. Hamı xurafata səcdə qılır, Asif Ata İnsan böyüklüyünü yaradır və ona səcdə qılır. O, bizim xalqın içindədir. O, ucqar Afrikada, yaxud Amerikada deyil. Bizim öz gözümüzün qabağında, yurdumuzun içindədir. Onu görmək gərəkdir. Biz minnətlə, yalvara-yalvara insanları cəlb edirik ki, öyrənin Onu. Öyrən, böyüklüyünü tanı. Yalvarırıq insanlara ki, xalq ol. Öyrən, gəl, biz onun sözünü sənə deyə biləcəyik, gəl. Ruh lazımdır. Asif Ata deyir ki, İnsanı xurafatın içindən çıxartmaq lazımdır. Xurafatın içindən çıxardarsan, o, böyüyər, xalq olar…
İki ayın içində Ermənistan deyilən Batı Azərbaycanda bircə cücəmiz də qalmamışdı o dövrdə. Proseslər o həddə çatdı, iki ayın içində tamam boşaldı. Çünki yurdunun yiyəsi yoxdur. Xalqının yiyəsi əlinə plakat alan deyil, şüar səsləndirən deyil. Nəhəng idrak sahibi olur, böyük təfəkkür sahibi olur xalqın yiyəsi. Böyük təfəkkürə yüksələn olur. Olmursan, ona görə mərhələ-mərhələ sənin yurdun boşalır. Dağılır, viran olur. Sən isə minlərlə təşkilat yaradırsan, içində də bir şey yoxdur. Xalqın gedişatına yaxşı baxın, öyrənin, düşünün. Onda bizim ağrımızı, dərdimizi düzgün qiymətləndirəcəksiniz. Azərbaycanı qarış-qarış gəzirik. Boğazımızdan kəsirik. Mən əsgərlikdəki oğlumun yanına gedə bilmirəm, ancaq gedib xalqın balaları ilə rayonlarda görüş keçirirəm. Gedirəm xalqın balalarına deyəm ki, sənin içində xalqın böyüklüyü var, onu aşkarla, ona sahib çıx. Sənin içində Babək var, Nəsimi var. Sənin içində şəxsiyyət var. Öldürmə onu “müasir”liyin tələbində, hayında, həşirində. Sənin içində qeyrəti çökdürürlər, söndürürlər. Kim sahib çıxacaq sənin yurduna? Əslində xalqın içində, fərq eləməz o tayı-bu tayı, onun həqiqəti yetişməli, yaşamalıdır. Onun həqiqətini vermək lazımdır. Yoxsa nə eləyirsən elə, bu xalqı sürüyə çevirirlər. Bütün gedişat xalqı sürüyə çevirmək halına köklənib. Xalqı xalq eləməyə, onun dəyərini özünə qaytarmağa, mənliyini, ruhunu yaratmağa köklənən bir təşkilat göstərin. Göstərin bir hadisə, mən də deyim ki, bu gözəldir. Ayrı-ayrı insanlar, ayrı-ayrı fərdlər papağını qabağına qoyub düşünməlidir. Yiyəni Akademiyada axtarmayın, elmi institutlarda axtarmayın. Mən onların tədbirlərinə getmişəm, onlar tədbirlərimizə gəliblər. Tanıyıram onları, bilirəm.
Böyük dəyərlər, böyük hikmətlər az-çox bölgələrdə yaşanılır, qorunur, paytaxtlarda yox. Mən ruhaniyyat tarixini az-çox bilirəm. Böyük işlər, böyük əməllər əyalətlərdən başlayıb. Paytaxt pis mənada aktivdir. Paytaxt hər şeylə qarışıb. Hər cür neqativ hallar paytaxta dolur. Ona görə xalqın dəyərlərini öyrənən, yiyə duran insanlar əyalətlərdə ortaya çıxır. Paytaxtda da üç-beş nəfər düşünə bilən insanlar qabağa durmalıdır, zəhmət çəkməlidir, idrak işiylə məşğul olmalıdır. Kimi dindirirsən, hamısı təsərrüfatının yoxsulluğundan ağlayır. Sənin yoxsulluğunun, dilənçiliyinin səbəbləri var. Səbəb odur ki, sən xalq deyilsən. Səni qamarlayırlar, çünki sənin xalq olaraq vəhdətin yoxdur, özünü tanımağın yoxdur. Ona görə bunlar baş verir.
Gedişat yazımızda mövzu qoyulub – “Xəlqi intibah insandan başlayır”. Xəlqi intibah nə deməkdir?! – Bir var inkişaf, bir var intibah. Bunlar fərqlidir. İnkişaf çeşid-çeşiddir. İnkişafın zərəri də ola bilər. Bütün hallarda inkişaf xeyiri təmsil eləmir. Ancaq İntibahın ikinci anlamı yoxdur. İntibah yaranma, qurulma anlamı daşıyır. O da insandan başlayır. Ayrı-ayrı qurulan, yaranan insanların xalqın dəyərini anlayan, mahiyyətini dərk eləyən, dəyər nədir, dəyərsizlik nədir, bunu doğru-dürüst bilən insandan başlayır. Öyrədən və yaşadan insandan başlayır. Sadəcə olaraq, biliyə yiyələnən insandan yox. Bilik azdır. Bilik yaxşı şeydir, ancaq təkcə bilik azdır. Gərək biliyin məntiqi əsaslarını yaşayasan, yaradasan. Əgər yaşatmasan onda heç nə.
Asif Ata Azərbaycanımız-Azərbaycanlığımız dəyər sistemi yaradıb. Orada Azərbaycanın mahiyyətini açıb göstərir. Deyir ki, bəşəriyyətə ilk peyğəmbəri Azərbaycan verib – Zərdüştü. Dədə Qorqud kimi böyük faktı Azərbaycan verib. Mən yazılarımın birində yazmışam ki, Dədə Qorqud bir həyat sistemidir. Tarixdə Dədə Qorqud çağı olub, dövrü olub, orada hər şey yerində olub. Doğrudan da ağsaqqal olub, ağsaqqal sözü keçib. Onu eşidiblər, müdriklik iş görüb, nizam yaradıb.
Koroğlu faktını 16-cı yüzilə aid edirlər. Mən də yazıram ki, Koroğlu mücərrəd bir şey deyil. O da Dədə Qorquddan gələn bir dalğadır. 7777 dəli bir xalq deməkdir. Bu toplumun böyüyü Koroğludur. Dədə Qorqud kimi nizamlayır, yol göstərir, hamını sevir. O dəlilərin içərisində nizam var. Orda bir nəfər müxənnət yoxdur, hamı halaldır, safdır, təmizdir. Hamı igiddir, mərddir, arxadan vuran yoxdur. Bu, millətin, ulusun öz ağlında, idealında olan həqiqətdir. Orda ərəb, islam detalı yoxdur, 16-cı yüzil olsa da. Bu xalqın Dədə Qorquddan başlayan və bu günə qədər davam eləyən eyni arzusudur, düşündüyü cəmiyyətdir. Necə istəyir cəmiyyəti – bax, belə istəyir. O cəmiyyəti qurmaq üçün sənin ideya zəminin olmalıdır, İdeologiya yönün olmalıdır. Milli şüurun inkişaf eləməlidir.
Mən yazılarımda yazmışam: Babəkə hücumlar olur. Babəki talış öz adına çıxır, kürd öz adna çıxır, sən öz adına çıxmırsan. Mən talışın, kürdün əleyhinə deyiləm. Söhbət ulusal özünəməxsusluğu tanımaqdan gedir. Ulusal özünüməxsusluğu qurmaqdan, qorumaqdan gedir. Başqası Babəkə niyə sahib çıxır? Şah İsmayıla, Novruz-Ergenekon bayramına niyə sahib çıxır?! – Dövlət olmaq istəyir. Bir xalq dövlətinin olmasını istəyirsə, bəşəriyyətə Söz deməlidir. Böyük dəyəri, mədəniyyəti olmalıdır ki, əsaslandıra bilsin dövlət istəyini, haqq elədiyini. Dövləti o millət yaradır ki, o millətin böyük mədəniyyəti olsun. Bir dövlətdə yaşayan bütün toplum bir millətdən ibarət deyil ki. Orda müxtəlif millətin nümayəndələri var. Onların hamısını yaşadan, qoruyan, nizamlayan, dövlətin mənsub olduğu mədəniyyətdir. Bu mədəniyyəti bir xalq yaradır. Hansı xalqın mədəniyyəti əsas gücə malikdirsə, həmin xalq yaradır o dövləti. O mədəniyyətə dayanır, idarəetmə onun əlində olur. Ona görə də dövlət yaratmaq, idarəetməyə sahib çıxmaq üçün bizim dəyərləri mənimsəyirlər. Özləri dəyər yaratmayıblar. Erməni dəyər yarada bilmir, musiqimizi oğurlayır, məişətimizi oğurlayır. Məişət mədəniyyətimizi mənimsəyir. Erməninin özü yarada bilmir axı, yoxudur. Səninkini mənimsəyir. Sən halal özününkünə niyə sahib çıxmırsan? Sən də əli-ayağı yalın qaçırsan başqa yerlərə. Gedirsən dünyanın o başında özünə dəyər axtarırsan. Özününkü qalır bir yanda, gedirsən ondan-bundan götürürsən. Öz doğduğuna analıq eləmirsən, gedib başqa yerdən uşaq tutursan ki, mən buna analıq edəcəm. Ona görə də xalq olmaq çətinləşir, problemə çevrilir. Xəlqi intibah insandan başlayır – mənası odur.
Asif Ata Azərbaycanımız-Azərbaycanlığımız dəyərlər sistemində Füzuliliyin adını çəkir. Nəsimiliyin, Hürufiliyin, Muğamlığın, Sazlığın. 7 dəyər xalqın ruhani, mənəvi mənasını daşıyanlardır. İdeoloji mənanı daşıyanları salmayıb ora, məsələn, Şah İsmayılın adını ora salmayıb. Şah İsmayılın dövlətçilikdə böyük rolu var, bu siyasi faktdır. Zərdüşt isə ilk Peyğəmbərlik yaradıb, Dədə Qorqud, Xürrəmdinlik, Babək, sonra Füzulilik. Füzuli poeziya vasitəsilə insana verilən ən yüksək qiymət idi. İnsanı vəcdli sevgi ilə dərk eləmək idi Füzulilik. Nəsimilik İnsana ən yüksək qiymətdir. Ata deyir bütün bəşər xalqları içərisində Hürufilər qədər İnsana ali qiymət verən olmayıb. Deyir ki, İnsan allahdır. İnsan daxilində o məzmunu daşıyır. Yaranmalıdır, ona yetməlidir. İnsan göylərin sakinidir, yer məsələsi deyil. Onu bədənə bərabər götürmə! Onu deyir. Din də deyir ki, sən nəkarəsən, heç nəsən, zibilsən. O, ərəb baxışından gələn, bu, türk baxışından gələn. Mən türk-ərəb məsələsini qarşıdurma kimi qoymuram. Fakt kimi qoyuram, bəşəriyyətə gərəkliyi baxımından qoyuram. Gör bəşəriyyətə hansı daha çox gərəklidir?
Yaxud muğam, yaxud saz. Təxminən iki həftə əvvəl biz Qazax mahalında olduq. Orda Saz-söz şöləni keçirirdilər. Əvvəl bizi aparıb gəzdirdilər. Təbiətin o cür gözəl guşəsində gəzinti mənə ancaq ürək ağrısı verdi. Bizi gəzdirən aşıq dostumuz mənə strateji nöqtələri göstərdi. Ermənilər yüksək nöqtələrdə postlar qurublar, bizimkilər balaca təpələrdə. Bu baxımdan yanaşıram –erməninin gülləsinin altında Saz-söz şöləni keçirmək bir qeyrətdir. Onu mənasına bərabər yaşatmaq cəhdi qeyrətdir. Çünki xalq nəylə dirçəlir ayağa durur – dəyərlə. Xalq şüarla ayağa durmur. Fakt verirsən – bu, sənin yaratdığın dəyərdir. Sənin duyğularından, Ruhundan yaranıb. Sənin içini ayağa qaldırır, sənə sabahı göstərir, həqiqəti göstərir.
Başqa qonumuz “Xalqsız bəşəriyyətin sabahı yoxdur”. Çoxluğun ağlında xalq məsələsi, millət məsələsi köhnəlib, arxaikləşib. Asif Ata yeni dünyabaxış yaradıb. Bu dünyabaxış bəşəri olsa da, Asif Ata millətçidir. Ancaq Asif Atanın millətçiliyi heç bir xalqa qarşı yönəlməyib. Çünki bəşər ailəsi, bəşər dünyası var. Bəşər ayrı-ayrı xalqların vəhdətidir. Ayrı-ayrı xalqların ülvi keyfiyyətlərinin, dəyərlərinin vəhdətidir. Azğınlığının, dağıdıcılığının yox. Bəşər dünyasında biz də bir millətik. Biz millət olaraq öz dəyərlərimiz, milli mahiyyətimiz əsasında özümüzü yaradıb qurmalıyıq, özümüzü təsdiq eləməliyik. Dünyaya deyəcəyimiz öz sözümüz olmalıdır. Bizim birliyimiz, yaşadığımız birgə aqibətimiz var. Bunlara sahib çıxmaqdır millətçilik. Bunları yaratmaq, inkişaf elətdirməkdir millətçilik. Millətçilik başqa millətləri məhv eləmək istəyinə bərabər deyil. Bizim millət olaraq formalaşmağımızı istəməyənlər millətçiliyi gözdən salırlar. Millətsiz bəşər yoxdur. İnsansız xalq varmı – yox. Xalq insanların birliyi deməkdir. Necə olur ki, həm bəşəriyyət var, həm də millətçilik gərək deyil? Hər bir insan özündə xalqın ayrı-ayrı keyfiyyətlərini yaradır, yaşadır, təsdiq edir. Ən böyük humanizm odur. Səndə yaranan ali keyfiyyətlər bütün xalqlara lazımdır. Bütün xalqlarda da o keyfiyyətlər aşkarlanır. Xalq insandan başladığı kimi, bəşər də millətdən başlayır. Millətsiz bəşər yoxdur. Ona görə də millətə xidmət elədiyin dərəcədə bəşəriyyətə xidmət eləyirsən. Millətə xidmət eləmirsənsə, sənin bəşəri istəklərin mücərrəddir, heç bir mənası da yoxdur. Bəli, görürsünüzmü, Asif Ata məsələni fərqli qoyur, fərqli düşünür, fərqli də yaşadır. Onun Ocağı fərqli yaşayır. Biz də həmin məzmunu özümüzə deyirik, insanlarımıza deyirik, həmin məzmunla yaşayırıq. Həmin məzmunu yaşadığımız, yaşatdığımız üçün də o məzmunu bayram edirik. Bu gün bu məzmunu az sayda insanlar qeyd edir, ancaq gələcəkdə xalq, özündə qeyd elədiyi bütün mənasız bayramları qırağa qoyacaq. Ancaq və ancaq insanı, xalqı, bəşəriliyi ifadə eləyən bayramları həyata keçirəcək.
Aşıq Fazil Sazda “Ruhani” havası çalır.
Nurtəkin Atalı Ataya Səcdə ilə sözünə başladı: “Xəlqilik” Bayramımız qutlu olsun! Bir insan öz ömründə insaniliyi yaşadırsa, milliliyi də yaşadır, bəşəriliyi də. İnsanilik Mütləqiliyə yetmək deməkdir – Mütləq İnama, Mütləq İdraka, Mütləq Mənəviyyata, Mütləq İradəyə. Həyatda heç kəs özüylə döyüşüb kamilləşməyi qarşısına məqsəd qoymayıb. Həyat – ev-eşik, övlad, valideyn, məişət qayğıları ilə yükləyib adamı. Bu qayğılar təbiidir, lakin məqsəd deyil. Niyə yaşadığının, niyə övlad sahibi olduğunun, niyə bu qayğıları çəkməli olduğunun anlamı haqqında da düşünmək lazımdır. Doğrudur, nəsil artmasa, davam etməsə, xalqın fiziki mövcudluğu tükənər. Bəs xalqın mənəvi varlığı? Bəs xalqın dəyərlərinin qorunması, dili, mədəniyyəti, sabahı? Bu barədə düşünmək ağıllara belə gəlmir. Hər kəs oğul sahibi olmaq istəyir – nəslinə, mülkünə yiyə olsun. Millətinə yarasın, millətinin yiyəsi olsun deyə yox. Xalq mənəvi tənəzzülə uğrayarsa, onun fiziki mövcudluğu nə demək olar? Heç nə. Mənəvi aşınma prosesi isə sürətlə gedir. Dəyərlərimizə yadlıq, mədəniyyətimizə, dilimizə, musiqimizə yadlıq gündən-günə artır. Başqa xalqlar öz balaca qəhrəmanlarını, böyüklərini elə təqdim edirlər ki… Bizdə isə böyüklərimiz, dahilərimiz haqqında elə yazırlar, araşdırırlar ki, gözdən düşsün. Axı dəyər gözdən düşəndən sonra özünü hansı xalqın nümayəndəsi kimi təqdim edə bilərsən? Keçmişi olmayan, kökü olmayan bir xalqın sabahı necə yaranacaq, necə qorunacaq?
Ata deyir ki, insanlaşdığın qədər müstəqilsən. Özüylə döyüşən, qüsurlarından arınan, yetkinləşən insan xalqın təməlidir. Xalq fərdlərin birliyi deməkdir. Fərd cəmi xalq yaratmır, fərdlər arasında ülvi, müqəddəs, insani münasibətlər xəlqiliyi yaşadır. Mənəvi tələblər maddi tələbləri üstələyəndə, fərdin ömrü xalqla birləşəndə, xalqa qovuşanda, xalq üçün çalışanda əbədiləşir. Xalq fərdin ölümsüzlüyünü yaşadır.
Kədərdə ağlaya-ağlaya, ağlana-ağlana kədəri bayatılarda, mahnılarda əbədiləşdiriblər babalarımız, əcdadlarımız – yüzillər əvvəlki göz yaşını, kədəri, həm də vüqarı, müdrikliyi. Kədəri ağlamaq müdrikliyini duyursan, hiss edirsən, doğmalaşırsan kədərə, doğmalaşırsan əcdadlarına.
Hünəri, qəhrəmanlığı, fədakarlığı, özündənkeçməni öyə-öyə, sevə-sevə alqışlarda, öygülərdə, dastanlarda əbədiləşdiriblər babalarımız. Yüzillərdən əvvəlki hünərə, qəhrəmanlığa, ərdəmliyə heyrət edirsən, sən də öyünürsən, sən də alqış edirsən. Doğmalaşırsan o hisslərə, doğmalaşırsan əcdadlarına.
Eyni köklü, təməlli, torpaqlı, yurdlu, göylü olduğunu görürsən, duyursan, əbədiliyə, xəlqiliyə inam yaranır.
Dədə Qorqud zamanında hünər öyülürdü. Hünər öyüldükcə hünər əməli artırdı, hünərlilər artırdı. Hünərə yetmək mənəvi ehtiyaca çevrilir, nəsildən nəslə keçirdi. Nəsildən nəslə keçən dəyərləşir, əbədiləşir.
Ata öz ömrünü yaratdı, Ocaq qaladı, nicatı İnsanlaşmaqda gördü. Evladlıq hadisəsi yaratdı ki, Azərbaycanın sabahı qurulsun. Onun öz ömründə yaratdığı Amalı bizim ömrümüzdə davam elədi, ömür fiziki qırıldısa da yol qırılmadı. Ağrısını, kədərini, fərəhini, inamını, nikbinliyini ömrümüzə köçürdü, ömrümüzü diriltdi əslində. Mən də öz ömrümdə yaşatdığım Amalı ömürlərə köçürə bilsəm, ruhani varisliyi təsdiq etsəm, sonrakı nəsil də bunu təkrar edərsə, o zaman xalqın sabahı haqqında necə nikbin düşüncələr yaranır. Bir insan ömründən başlanan Amal ömürlərdə, nəsillərdə davam edir, yaşayır, dəyərləşir.
Bu gün “Xəlqilik” Bayramıdır və bu bayramı qeyd eləməyə, bayram eləməyə haqqımız var. Çünki ömrümüzü Amal üstə yaşayırıq. Mən millətin bir parçasıyam, ömrümü yaratmaqla millətimə xidmət edirəm. Biz xalqla görüşlər keçiririk, Soylu Atalının fikri ilə desəm, gəncliyin ağlında Azərbaycan obazı yaradırıq ki, üzünü Azərbaycana tutsun.
Asif Atanın “Ruhani Hökmlər” kitabından bir yazı oxumaq istəyirəm.
Günahkar xalq
Azərbaycan xalqı günahakrdır:
- Müstəqil Dövlət yaratmadığı üçün.
- Yad qoltuğunda əsrlərlə yaşadığı üçün.
- Yadpərəst ziyalısı üçün.
- Yalançı dirçəlişi üçün.
- Saxta sevinci üçün.
- Vəhdətsizliyi üçün.
- Əsarətə alışdığı üçün.
- Özünə yağı doğduğu üçün.
- Kiçik böyükləri üçün.
- Aldandığı üçün.
- Paralandığı üçün.
Azərbaycan xalqı günahakrdır!
O, günahını Amal suyuyla yumalıdır!
Azərbaycan xalqının günahkarlıqdan çıxmasını Ocaq qarşısına məqsəd qoyub. Ocaq yol göstərir, Ocaqlaşma yoluyla, xalqlaşma yoluyla Azərbaycan xalqı bu günahlardan çıxmalıdır. Bu yolda olduğum üçün xoşbəxtəm, fərəhliyəm. Bayramımız bir daha qutlu olsun.
Soylu Atalı: Xalq həmişə böyük insanlar doğur, qəhrəmanlar doğur. Xalq özü bəzən aşağı səviyyəli olsa da, qəhrəman doğa bilir. Ancaq xalqın öz səviyyəsi aşağı olduğuna görə ayrı-ayrı qəhrəmanların, oğulların, qızların çiyninə yük düşür. Xalqın doğduğu qəhrəmanlar xalqı yenidən doğmalıdır, yenidən qurmalıdır. Qəhrəman, xalqı öz ruhundan doğmalıdır. Fərdin xalqına xidməti odur.
İnamlı Atalı: Ata deyir ki, xalq yetkin fərdlərdən yaranır. Özüylə məşğul olan, yetkinləşən, özü üzərində ucalan insanların birliyindən yaranır. Toplum halında bir yerdə yaşamaq xalq olmaq demək deyil. Dünən bir nəfərlə söhbət zamanı dedim ki, mən inanmıram bəşəriyyətin tarixində bizim xalq qədər bədbəxt duruma düşən olsun. Mənə dedilər ki, sən həmişə xəlqi dəyərlərdən danışırsan, indi niyə belə danışırsan? Deyirəm ki, dəyərləri var, ancaq bugünkü duruma baxanda yazığım gəlir. Bir dəfə bir adamla söhbət elədim, o, xalqı söydü. Dedim ki, görürsənmi, ən adi sözdə xalqı söyürük. Sanki bu gündəlik tələbata çevrilib. Sanki ona bizi alışdırıblar. Xalqı söymədən yaşaya bilmirik. Deyirəm xalq səndən, məndən yaranır. Biri də mən özüməm. Xalqın bugünkü durumuna baxanda deyə bilərik ki, Zərdüşt, Nəsimi, Babək, Füzuli, M.Ə.Rəsulzadə, Cavid bizdən deyil. Əgər bu xalq belədirsə, necə olub belə hadisələr yaradıb? Fikiləşirsən ki, əgər bunları bu xalq yaradıbsa, bəs bu gün niyə bu gündədir?
Xəlqi məzmun daşıyan dəyərlər sadəcə sənət, ədəbiyyat vasitəsilə yada salınır bugünkü “ziyalılar” tərəfindən. Bu səbəbdən milli, xəlqi dəyərlər sıradan çıxır, tarixdən silinir. Xalq cahilləşir, sürü eyniyyəti yaranır sonda.
Mən televiziyada “mədəniyyət kanal”ına baxıram. Nisbətən milli yöndə verilişlər var bu kanalda. Əsasən də üzdə olan, sayılan, seçilən ziyalıları çağırırlar ora. Ziyalı olduqlarına görə çox şey gözləyirəm onlardan. Soylu bəy demiş, danışanda görürsən ki, ziyalı adlanırlar, ancaq yaşayanda görürsən ki, xəlqi yük altına girməyən diplom ziyalısıdırlar. Xəlqilik mövzusuna gələndə hamısı üstündən keçir. Sazı bir sənət kimi, dəyərləri bir sənət kimi, Dədə Qorqudu keçmiş bir hadisə kimi, Muğamı adicə musiqi kimi sadalamaqla keçinirlər. Bunların xəlqi mahiyyət daşıdıqlarını olduğu kimi demirlərsə, xalqı xalq eləyən dəyərlərdən danışmağa ya savadları çatmır, ya da cürətləri. Onda fikirləşirsən ki, belə ziyalısı olan xalq onun ətəyindən tutub hara qədər gedə bilər?
Dinin tərbiyəsi ilə yaranan xalq xalq olmur, toplum olur, var olmur, mövcud olur. Mövcudluq ötəridir, sonludur. Din məişətimizdə elə oturuşub ki, dara düşəndə Allahın ətəyindən yapışırlar. Sanki Allaha yalvarmaqla işimiz düz gətirəcək, yıxılmaqdan duracağıq, ac olmaqdan qurtulacağıq, bu hakimiyyətin zülmündən qurtulacağıq, bir olacağıq. Elə deyil…
Bəşəriyyət dəyərlərə üz tutsa, tək Azərbaycan ona prinsipial dəyərlər verib. Azərbaycanın cahilliklə məşğul olmağa haqqı yoxdur… Kədərlərimiz də var, biz o kədərləri Bayramda vurğulamırıq. Kədərlərimizdən biri də Çaldıran döyüşüydü, Sultan Səlimlə Şah İsmayılın bur-birinə qarşı vuruşması. Türkmənçay faciəsi, Babəkin edamı, Müsavatın dağılması və başqa kədərlər. Ancaq bu xalqın dəyərləri kədərlərindən çox yüksəkdir. Xalq bu dəyərləri yaradıbsa, bu xalq tarix meydanından çıxa bilməz. Bugünkü gedişat onu göstərir ki, xalq tarix meydanından çıxmaq üzrədir, çünki supergüclər bu xalqı daim kiçildib idarə edir. Bu xalqın güclənməsi dünyanı, dünya hakimlərini narahat edir…
Son zamanlar mətbuatda yazılar qoyurlar ki, Məmməd Əmin dinçi olub, ya yox. Bir qismi hücum edir, bir qismi müdafiə edir. Proses eyni prosesdir, dəyərlər atılır ortaya, iki-üç aşağı səviyyəli yazarlar onu çəkirlər o üz-bu üzə. O burdan deyir, bu burdan deyir, sonda həqiqətən də dəyər gözdən düşür, adiləşir. İddia edirlər ki, dindar olmasaydı, bayraqda dini rəmzi əks etdirməzdi. Asif Ata xüsusi vurğulayır ki, Məmməd Əmin bundan o tərəfə xüsusi keçəmməzdi. Məmməd Əmin bayrağı qaldıranda 2 qüvvə ona mane olurdu – İttihadçılar, Avropaçılar. Təəssüf ki, onun hər ikisi bayraq vasitsilə öz təsirini qoyub. Əslində faciədir bu.
Özümüz özümüzə sahib çıxa bilsək, vətən deyilən anlamı öz içimizdə yaşada bilsək, özümüzü tanısaq bu xalq var olacaqdır.
Soylu Atalı: Əslində xalqın içində nəyi aydınlaşdırmalıyıq, nəyi aydınlaşdıra bilmirik. Məsələlər özü mövzunun içərisinə gəlib daxil olur. Olmalıdır. İnamlı bəy vurğu edir ki, xalq aşağı səviyyədə özünü göstərir, həm də deyir ki, xalq öz gələcəyini qurmalıdır. Belə baxanda onun çıxışından bədbinlik halı görünə bilər ki, xalq məhv olub, qurtarıb daha. Yox, elə deyil. Xalqın sonu deyil, sadəcə xalqın durumu doğrudan acınacaqlıdır, ancaq son demək deyil. Bu, acınacaqlı durumu dərk edib addım atmaq, qarşıya böyük məqsədlər qoymaq tələb olunur. Asif Ata həm kədərlərimizdən, həm də dəyərlərimizdən danışırdı. Bayaq İnamlı dərddən danışırdı, ancaq üzdə olan faktlardan danışmır, təhsil ölüb, səhiyyə-filan demir. Bilirsiz, məsələnin kökündə, təməlində başqa problemlər var ki, o problemlərdən qaynaqlanır üzdə olanlar . Asif Ata vurğu edirdi ki, biz Midiya dövründə ilk dəfə dövlətsizlik bəlasına uğradıq. Astiaqa qarşı Kirin üsyanı və biz dövlətçiliyimizdə zərbə götürdük. Ondan sonrakı mərhələdə Babəkin qətlini misal çəkir. Xürrəmdinlikdə fərəh faktını qeyd edirdi, Babəkin sözünü ki, insan gərək yaşayanda da fərəhlə yaşasın, döyüşəndə də fərəhlə döyüşsün, öləndə də fərəhlə ölsün. Ancaq böyük kədər kimi deyirdi ki, Babəkin qətli ilə bizim Azadlığımız qətl olundu. Samirədə Babəki sümük-sümük doğradılar, azadlığımıza qılınc çəkdilər. Ondan sonra çox şey itirdik. Çaldıranda böyük fəlakət baş verdi, Türkmənçayda faciə baş verdi. 20 yanvar da həmin hadisələrin məntiqi davamı idi. Yəni xəlqi məzmuna bağlı fərəhimiz nədir, kədərimiz nədir, bunları anlamalı, dərk etməliyik. Bundan biz addım götürməliyik. Tutalım fərəhlərimizi dedik, biz böyük xalqıq. Bizim Babəkimiz, Dədə Qorqudumuz var. Var var da. Bu gün nəyin var? Bu gün heç nəyimiz yoxdur. Axı mən fərəhlərimizi sadalamaqla başımızın altına yastıq qoymalı deyiləm ki. Başqa xalqların da nələrisə var axı. Söhbət bu dəyərləri tanıyıb dərk eləmək və buna dayanıb addım götürməkdən gedir. Sən özünə balaca, cılız baxma. Sənin böyük yaradıcılıq imkanın var. Sən belə bir xalqsan. O həqiqəti insan dərk eləməlidir. Çünki hər bir dəyər özü stimul verir. Örnəkdir. Sənin örnəklərin var, ona görə də sən xalq olaraq özünə balaca baxma.
Eyni zamanda sənin böyük dəyərlərin olub və bu gün heç nəyin yoxdur. Ona görə sən arxayınlaşmalı deyilsən. Ata deyir ki, xalqımızın bu boyda dəyər verməyinə baxmayaraq, dəyərinə sahib çıxmır. Dəyər yaradır, ancaq sahib çıxmır, özünün qədrini bilmir, sevmir. İndi də o həddə gəlmişik ki, bu milləti yalnız bugünkü durumundan qiymətləndiririk və ümidsizlik yaranır. Söhbət bundan gedir. Millətin bugünkü durumunu qiymətləndirməli, dərk eləməliyik, ancaq millətə bugünkü durumuna görə baxmalı deyilik. Bugünkü durumdan baxdın, bu millət batdı. Bu gün nəyi var ki? Xalqı bugünkü durumuna görə sevmək mümkün deyil. Xalqın mahiyyətini tanıyıb onu sevmək lazımdır, aşağı səviyyəsini isə döymək lazımdır, söymək yox. Xalq elə durumdadır ki, içində olan qorxaqları söyür, cəsarətlilərə isə dəli deyir. Belə yanaşma var təəssüf ki. Bu ondan irəli gəlir ki, xalq öz kimlyini düzgün qiymətləndirmir
Aşıq Fazil Sazda “Dübeyti” havası çalır.
Soylu Atalı: İnamlı qardaşımız ziyalı sözünü çox işlədir. Ziyalının diplomu olmaya da bilər. O, xalqa içdən sevgisiylə bağlana bilər, onun dərdinə yana bilər, mübarizə apara bilər. Diplom almaq ayrı şeydir, ziyalı olmaq ayrı şey. İndi İnqilab (İsmayıl) bəyi dinləyək.
İnqilab İsmayıl: Tələbəlik dövründən, 60-70-ci illərdən milli ruhda tərbiyə almışam. Dədə Qorqud filmində var – Qazan xan ətrafındakı adamlar haqqında danışır. Deyir ki, bu bəy mənim dayımdır, işlər görüb. Sonra başqası haqqında da yaxşı söz deyir. Görürsən ki, onun ətrafında özü kimi qoçaq adamlardır. İndi onu demək istəyirəm ki, biz bura gəlmişik, burda olanlar da ideyalı, əqidəli adamlardır. Uzun-uzadı millətçilikdən danışmağımın anlamı yoxdur. Hamımızın əqidəsi bəlli, əllərimiz ürəyimizin üstündədir.
Ancaq nədənsə 60-70-ci illərdən bəri eyni söz deyilir, amma nəyəsə nail ola bilmirik. Bunun müəyyən səbəbi xalqın özünə bağlıdır ki, biz onu tapa bilmirik. Başqa xalqlar onu bilir. Türk xalqlarını boyunduruğa salmaq üçün onu istər gizli, istər açıq şəkildə məhv eləməyə çalşırlar. Biz də o istiqamətə gedə bilirik.
Bu xalqın bir xarakteri var ki, nəyə sadiq olursa, ömrü boyu sadiq olur, onun tərəfində dayanır, ona qulluq edir. Elə bil yad qüvvələr bunu öyrənib, bilirlər.
Xalqın indiki durumundan çıxış etsək, çox acınacaqlıdır. Bunların səbəbini axtarmaq, böyük məktəb yaratmaq lazımdır. Özümüzə çox yadlaşmışıq.
Əvvəl düşünürsən ki, necə oldu tək qaldım. Sonra düşünürsən ki, bu nə vaxt düzələcək? İnsanları doğruya necə yönəltmək olar? Biz burda bu məsələləri zaman- zaman çözə bilərik.
Soylu Atalı: Məktəb yaranmalıdr, əlbəttə. Xalqın öz dərdini bilməsi, tanıması və s. Balaca xalqların adını çəkdiniz. Balaca xalqlar, təəssüf ki, böyük güclərin vasitəsinə çevrilir. Böyük güclər onları vəhdətdə saxlayır. Onlar ona görə bir olurlar. Bir də toplum təhlükəylə üz-üzə qalanda daha çox bir yerdə olmağa meyil edir. Mən bunu belə yazmışam: Bir var qəddar əsarət, bir də var “şirin” əsarət. Məsələn, Güney Azərbaycan qəddar əsarət altındadır. Ona görə orda azadlığa dartınma daha çoxdur. Ancaq o meyillər bir nəticə vermir. Qəddar əsarətin altında azadlığa dartınmalar var, ancaq yol yoxdur, ideologiya yoxdur. Nədən yapışaq, necə eləyək, məqsədimizi necə həyata keçirək? Təbii ki, əsarət nə qədər sərt olsa, dirəniş də bir o qədər güclənir. Quzey Azərbaycan olaraq “şirin” əsarət altında olmuşuq. Sovetlər birliyində bizim başımızın altna yastıq qoyublar. Hiss eləməmişik ki, biz əsarətdəyik. Hiss eləməmişik ki, bizim milli varlığımız zədə götürür. Sosial problemlər həllini tapmışdı, sakit çağda yaşayırdıq. Ancaq o alt qatda gedən məsələləri də görmürdük. Biz milli kimlikdə zədə götürə-götürə gedirik, etnik mahiyyətimiz də dərk olunmur və s. Sovetlər dağılan ərəfədə bizim emosiyalarımız, hisslərimiz bir araya gəldi. Toplum axdı meydanlara, içəridə yatıb qalmış arzular ayağa durdu. Başqa əhvallar gəldi, bizə milli deyil, başqa ideologiyalar verdilər. Bu ideologiyaların əsasında da biz hesab elədik ki, başqa qüvvələr bizim azad olmağımızı istəyirlər. Avropa, Amerika bizim azadlığımızı istəyir. Arxayınlaşma başladı, yenə də alt qatlar görünmədi. Bizim başımızda hakim olan qüvvələrin necə oturuşması, yerləşməsi bizim xalqa bəlli olmadı. Bunların hamısından çıxmaq üçün milli məktəb, maarifçilik yaranmaldır. Asif Ata yaradıb bunu. Bu məktəb ciddidir, əsaslıdır. Başqa millətlərin yaratdığına qarşı deyil. Demir ki, rədd olsun hər şey, qalsın yalnz bizimki. O deyir ki, bizi biz eləyən – bizim öz içimizdən yaranan ola bilər. Gözümüz ayda-çayda qalmaqla biz qabağa gedə bilmərik. Ona görə deyir ki, sən öz içindən yapış, öz içindən yarat. Xalqı bir araya nə gətirə bilər? Bax o qardaşımızın çaldığı Saz bizim milli dəyərimizdir. Milli kimliyini dərk edən hər bir kəs üçün saz onun sevgisinə daxildir. Deməli, bizim sevgimizi bir araya gətirir. Hamımızın sevgimizin obyekti bir olur. Böyük məsələlərdə də bizim sevgimiz bir araya gəlməlidir. Böyük məsələlərdə də bizim sevgimizi birləşdirən dəyər olmalıdır. Ancaq milli ideologiyan yoxdursa, bunun əvəzinə əcnəbi ideologiya varsa, ona milli kimliyini dərk eləyən insanlar bir cür baxır, o birilər biganə baxır, biri başqa cür baxır. Heç kimi birləşdirmir o əcnəbi baxış. İnsanların içini tərpədən, oyadan və birləşdirən bir şey lazımdır. Onun ağlını silkələyən, böyüdən bir şey lazımdır. O xalqın içində yarandıqca, durduqca xalqın böyük məqsədi bir xətt üstə həyata keçə bilər. Əks halda, heç kimin sözü heç kimlə düz gəlməyəcək. Biz demirik ki, bütün ictimai-siyasi fəaliyyətlər dayanmalıdır, olmamalıdır, yalnız Asif Ata olmalıdır. Elə demirik. Heç özünü doğrultmaz da bu. Biz deyirik ki, Asif Ata elə bir mayakdır ki, hər kəs öz xəttində addımlayıb gedə bilər milli zəmində. Ondan bəhrələnərək, öyrənərək böyük məqsədləri həyata keçirmək olar. Asif Ata ruhani bir xətdir. Çağdaş nizam, dövlət, bunlar siyasətə dayanır. Bu siyasətin özünü millətin qorunmasına yönəltmək istəyərsənsə, Asif Atadan bəhrələn. Özünü milli ideologiya əsasında quracaqsan. Milli ideologiya milli ideyalardan qaynaqlanır. Milli təfəkkürdən, milli düşüncədən, mili dəyərlərdən. Ona görə Asif Atanın dediyi zəmin üzərində ciddi addımlar atmaq lazımdır. Asif Atanın “Uluyurd Aqibəti” kitabı var. Bu nəyə hesablanıb? Asif Ata deyir ki, sənin yüz Füzulin olsun… Həm deyir Füzulilik böyük dəyərdir, Azərbaycançılığın mahiyyətidir. Sonra da deyir ki, yüz Nəsimin, yüz Füzulin olsun, dövlətin yoxdursa, yetimsən. Dövləti olmayan xalq yetim xalqdır. Füzuli, Nəsimi – bunlar dövləti qoruyan dəyərlərdir. Xalqı xalq eləyən dəyərlərdir. Xalqı özünə bənzədən, yönəldən dəyərlərdir. Dövlət xalqa dayanır axı. Xalqa dayanır və dünyada öz sözünü deyə bilir. Uluyurd Hərəkatının özünün prinsipləri var, özünün xətti var – neyləmək, necə eləmək. Orda milli ideologiya yaranır. Dövlət ideologiyası demirəm, hakimiyyət ideologiaysı demirəm, məhz milli ideologiya, milli strategiya. Onun da əsası qurulur. Gəncliyin içərisində ciddi iş getməlidir. Heç olmasa gəncliyin içərisində beş nəfərin qulağı eşitsin, gələcəkdə özündən əvvəlki nəsillərin qəddarlığını təkrar eləməsin. Düşünsün, yeni qüvvə yaransın. Yeni milli qüvvə yaranmaldır. Beş günün söhbəti deyil bu. İllərlə idrak işi, mənəviyyat işi getməlidir.
İsfəndiyar bəy: Güneydə, təəssüf ki, elə bir təşkilat yoxdur ki, xalqı öz hürriyyətiylə tanış eləsin. Xaricdə çoxları var, ancaq xalqdan uzaqdırlar. Millətin düşüncəsində müəyyənlik yoxdur. Urmu şəhərində 1 milyon cəmiyyətdən iki min nəfər ancaq çıxır küçəyə. Heç bir faizi də deyil. 99%-i tamaşaçıdır. Xalqın düşüncəsi yüksək deyil ki, öz xeyri üçün, öz varlıqları üçün iş görsün. Ancaq sizin dediyiniz kimi, xalqın içində işləmək lazımdır. Təəsüflər ki, orda da işləyən tək-tük insanlar var. Orda bu eşitdiyimiz təbliğata böyük ehtiyac var.
Soylu Atalı: Quş üçün qanad nədirsə, ideya insan üçün odur. Nə qədər xalqın içində emosiya güclü olur olsun, ideya yoxdursa, addım atmağa müəyyənlik yoxdur. Güney Azərbaycanda çox böyük işlər getməlidir. Quzeylə Güneyi ayırmaq istəmirəm, bir taleni yaşayan xalqdır. Ancaq 200 il ərzində bunların yaşadıqları aqibət arasında fərqlər əmələ gəlib. Mədəniyyətlər arasında fərqlər əmələ gəlib, baxış fərqi əmələ gəlib. Azadlığa baxışda fərqlər əmələ gəlib. Müəyyən dövr iş getməli, yön yaranmalı, formalaşmalıdır ki, istəyimiz doğrulsun. Güneylə Quzeyin bu gün birləşməsinə zəmin yoxdur deyirlər. Elə deyil, xalqı içəridən böyüdərsən, birdən ayağa dura bilər. Onlar niyə bu təbliğatı aparırlar. Bəlkə də bu, fars rejiminin bizim içimizdə apardığı təbliğatdır. Deyirlər ki, bizim daşıdığıımız mədəniyyətlər fərqlidir, biz bir-birimizi qıracağıq, qəbul eləməyəcəyik. Onu bizim şüurumuza sırıyırlar. Mədəniyyət fərqi var, ancaq bir-birimizi qırmayacağıq. Elə bu tayda da o qədər fərqli əqidə, mədəniyyət daşıyıcıları var ki…
Bizim dediyimizdən qıraqda da Türkçülük şüarı var. Yad qüvvələr toplumun içərisinə, xüsusilə gəncliyə öz türkçülüklərini yeridiblər. Fərqli bir şey. Gənclərin əksəriyyətində aqressiya var: Böyük Turan – imperiya havası, Avropanı dağıtmaq həvəsi və s. Nəylə dağıdırsan və niyə dağıdırsan? Məqsəd Avropanı dağıtmaq deyil, məqsəd özünü qurmaqdır. Böyüyüb bərabər səviyyəli əməkdaşlıq elə, əlaqə qur. Dünyanın nizamına təsir elə. Dünyanın siyasi nizamında sənin yerin olsun. Ancaq gizli əllər dağıdıcı əhvallar gətirirlər ki, bizi əzməyə, nəzarətdə saxlamağa özlərində əsas tapsınlar. Sizə imkan verilsə, siz hər yeri dağıdacaqsınız, imperiya yaradacaqsınız deyə bilsin. Ərəblərdə bunu edirlər də.
İmperiya Turançılığı deyil, mənəvi Turançılıq olmalıdır. Türkçülüyü gözdən salmaq olmaz. Deyirik farsçılıq pisdir, rusçuluq pisdir. Adama deyərlər ki, farsçılıq pisdir, türkçülük yaxşı şeydir? Mən də deyirəm ki, farsçılıq, rusçuluq, ingilisçilik səviyyəsində türkçülük pis şeydir. Mən elə türkçülüyü qəbul eləmirəm. Mənim üçün türkçülük türk xalqının, türk etnosunun mənəvi dəyərlərinin, keyfiyyətlərinin intibah yolu ilə dirçəlməsi və vahid bir topluma, dəyərə çevrilməsidir. Humanizm əsasında yönətim quralını yaratmasıdır. Ona görə o məsələlər fərqlidir.
Qaraxan bəy: Sizin çıxışlardan çox razı qaldım. İndi müəyyən texniki inkişaf var, ancaq məsələn, müasir telekanallar bir də görürsən müsahibə alır, işğal olunmuş rayonlarımızın tarixi ilə bağlı. Bilmir müasir gənclik. Gəncliyi o qədər gözəl yetişdirməliyik ki. Gəncliyimizi daxildən parçalayıb, özümüzə sarı yönəldirlər. Gələcəyimizi etibar elədiyimiz nəsli korlayırlar.
Aşıq Fazil Sazla yenidən söhbəti izləyir (müşayiət edir).
Yasin Türksoy: İkinci Dünya savaşından sonra Batı, Avropa bütün müharibələrin coğrafiyasını Şərqə və Afrikaya keçirdi. O dövrdən bu dövrə qədər ancaq Batının talançılığı gedir Şərqin, Afrikanın sərvətləri üstündə. Talansın ki, Batı insanları rahat yaşasın. Başında duran ingilis-fransız və Batının modeli yəhudi-ABŞ imperializmidir. Bu gün biz burda rahat oturub mərasim keçiririk, ancaq Kərkükümüzdə, Ərbildə, Mosulda soydaşlarımız işğaldadır. Danışdıqca ürəyim ağrıyır. Mosul, Ərbil, Kərkük yanır. Ancaq Türk birliyindən səs çıxmır. Türk birliyi toplaşa bilmir. Özü dərdin içinə elə düşüb ki, özünə can yandıra bilmir.
Biz burda tədbir keçiririk, Uyğurustanda uyğur türkləri assimilyasiya edilir. Çinin kommunist rejimi qədim uyğur şəhərlərini dağıdır. Uyğur türklərini həbsxanalara tıxır. Həbsxanalarda yer yoxdur. Yenə də Türk birliyindən səs yoxdur, haray yoxdur. Türkiyənin başı öz dərdinə qarışıb, başının üstündə duranlar erməni-kürd əsilli sionist rejimin qulbeçələridir, kölələridir. Bu saat Türkiyənin torpaqlarını, Güney Azərabycanın torpaqlarını Kürdüstana parçalamaq, Mosulu, Kərkükü, Ərbili Kürdüstana peşkəş eləmək siyasəti yürüdürlər. Qarabağımızda narkotika plantasiyaları çoxaldılır. Güney Azərbaycan fars rejiminin zindanlarındadır, bir yerə toplaşa bilmir. Azərbaycanın müxalifət başçıları Türk birliyinin olmamasının səbəblərini türk xalqlarının psixoloji zəyifliyində görürlər. Psixoloji hazırlıq üzdə olandır, dərindəkini görmürlər, yanlış fikir söyləyirlər. Götürək yurdumuzu. Niyə birləşə bilmirik? Niyə toplum dağılıb, parçalanıb?..
1980-90-cı illərdən müxalifət həmin təfəkkürdə qaldı. Bu, onun birinci səhvi idi. İkinci səhvi isə tayfabazlıq idi. Baxsanız görəcəksiniz ki, hər müxalifət partiyası başçısının ətrafında yandaşlarıdır, qohumlarıdır. Ancaq özününkülərdən ibarətdirlər. Müxalifət qəzetlərinə baxsanız, Batı, ya Amerika imperializminə qarşı yazılara rast gəlmirsiniz. Çünki Batıdan, Avropadan, ABŞ-dan maliyyələşir. İngilis, yəhudi siyasətinə qarşı yazılar yoxdur. Çünki pulu, tapşırığı aldığı yerdən yaxşı yazılar yazmalıdır. Azərbaycanın başında duran müxalif liderlər üçün vətən-millət anlayışı hakimiyyətə gəlmək, vəzifə, kreslo deməkdir. Çünki imtiyazlar, səlahiyyətlər artır. 80-90-cı illərdən onların mübarizəsini əvəz elədi kapitalizmin demokratiyası. İndi Batının demokratiyasından ağızdolusu yazırlar. Amerikanın, Batının Orta Doğuda törətdiklərini görmürlər…
Toplumu müxalifətə və iqtidara bölməklə məsələ həll olmur. Gənclik də dinçilərə və Avropaçılara bölünüb. Gəncliyi də ancaq öz siyasi mənafeləri üçün istifadə etməklə məhv edirlər. Gənclik məhv olur, xəlqi birlik olmur. Xəlqi birliyi ancaq Asif Atanın yolunda, Harayında görürəm. Ona görə Asif Ata Ocağında sevgiylə, sayğıyla insanların bir-birinə münasibətinin dərinləşməsindən fərəh alıram. Asif Atanın “İnsanlaşın-İnsanlaşdırın” ideyası bəşəriyyətə bir yoldur. Bu çıxış yolunu burda gördüyümdən Asif Ata Yoluna, Ocağına sayğım var. Bayramımız qutlu olsun.
Soylu Atalı: Tədbirin məzmununa tam uyğun olmasa da, eybi yox, üzünü müxalifətə tutub suçlamaq Azərbaycana sevgidən qaynaqlanır. Yasin Azərbaycan iqtidarının Azərbaycana qarşı yaratdığı dağıdıcılıq işindən narazı bir insan olduğuna görə müxalifətə hücum edir. Umur ki, bu gün siyasi mübarizəni aparan müxalifətdir. O da birlik yaratmalı, ciddi mübarizə aparmalıdır. Bunlar hamısı umacaqdan irəli gələn bir şeydir. Anlamaq olar. Müxalifətdə ayrı-ayrı sağlam ruhlu, vətənini sevən adamlar da var. Ancaq təəssüf ki, onlar aktiv təsirə malik deyillər.
Qonu Xəlqiliyə gedib dayanmalıdır. Siyasi təhlillərə dayanmamalıdır…
Son bir ildən artıqdır ki, tədbirlərimizə gələn, səfərlərimizə bizimlə birlikdə öz içinin tələbiylə gedən Elçin bəy burdadır. Arzu edirik ki, Elçin bəyin içindəki sevgi daha parlaq və aktiv şəkil alsın. Elçin bəy kimi Azərbaycan gəncləri Azərbaycanla bağlı müəyyənlik tapsınlar.
Elçin Həsənov bayram münasibətilə hamını qutladı. Ocaqdan bəhrələndiyini, tədbirlərə daim qatılacağını vurğuladı. Ocaqda insanların içdən dəyişə bilmək imkanlarının geniş olduğunu bildirdi.
Sara xanım bayrama gəlişindən məmnunluğunu bildirdi, tədbirlərə qatılacağını dedi.
Sonra Soylu Atalı bayram hədiyyəsi kimi Göylü Atalının bilgisayarda yazdığı Asif Atanın “İnam və Şübhə” kitabını təqdim etdi. Elçin bəyə Ocaq tədbirlərində iştirakından hazırlanan fotoalbomu ona hədiyyə etdi.
“Xəlqilik” Bayramı üstə Mütləqlə Təması Nurtəkin Atalı oxudu.
Bayram quralları yerinə yetirildikdən sonra Ataya səcdə ilə bayram sona yetdi.
Sonda çay süfrəsi ətrafında doğmalaşmaqla söhbətlər davam elədi.
Şölə Ayı, 36-cı il. Atakənd.
(iyun, 2014. Bakı.)