Xəbərlər

Qutsal “Xəlqilik” Günü

Ocaq Günsırası ilə 13 Şölə Ayı, 41-ci ildə (iyun, 2019) Asif Ata Ocağı qutsal “Xəlqilik” Bayramını keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal “Xəlqilik” Bayramımızda Ata hüzurunda söz deyirik. Ölənlərimiz – Sabahlı, Bağban, Amaltayı bizimlədir, onların adlarını anırıq. Bu “Gün”ün anlamı haqqında ötənlərdə zaman-zaman söz demişik. Düşünə bilərsiniz, hər sözü dedik, bəs gələn dəfə nə söz deyəcəyik? – Gələn dəfə də onu deyəcəyik. Çünkü xalq doğulur, yenilənir. Bu gün bu soyun eşitdiyi sözü sabah o biri soy da eşitməlidir. Xalq özünə öz anlamını, öz yaşamını, öz dəyərlərini davamlı olaraq, dönə-dönə anlatmalıdır, xatırlatmalıdır, onunla yaşamalıdır. Mən misal çəkmişəm fiziki varlığımızla bağlı. Demişəm, gündəlik səhər-günorta-axşam yemək yeyirik. Yemək sürəci hər gün təkrar olunur. Ancaq belə baxanda heç təkrar deyil. Təkrar görünməsi o olar ki, sən həmişə stolun arxasında oturub yemək yeyirsən. Ancaq sən varoluşunu sürdürürsən. Böyük törənlərdə deyilən söz də elədir. Daim özünə xatırladırsan niyə yaşayırsan, kimsən sən. Əgər ildə bir yol sən bunu özünə xatırlatmırsansa, onda sənin başını məişət qatar, ruhani-mənəvi varlığın gözardı olar, onu unudarsan, onda olarsan bioloji fakt. Yalnız bioloji yaşayarsan. Zaman keçdikcə insan olduğunu unudarsan, sürüyə çevrilərsən. Bunların olmaması üçün bu cür gələnəklər düşünülüb, yaradılır, yaşadılır, ortaya qorunur. Asif Ata dünyabaxış yaradıb, dünyabaxışının tələblərindən qaynaqlanan bayramlar yaradıb, millət bu bayramları keçirsin. Dünyabaxış var, məbədin var, ritualların var. Bütün zamanlarda dünyada həmişə ağalığa can atmalar olub, həmişə dünyanı dizi üstə gətirib ona hakim olmaq gedişləri olub. Asif Ata dünyanın başı üzərində kabus kimi dolaşan ağalıq meylini rədd eləmək üçün millətçilik ideyasının təkbir dirəniş olduğunu söyləyir. Onu əbədi ideya sayır. Onun yaşadılmasını hər şeydən gərəkli bilir, uca tutur. Xəlqilik elə millətçilikdir. Millətçiliyi bayram səviyyəsinə gətirib çıxarır. Onun adını Xəlqilik qoyur. Bəlkə də, siyasi anlamda başqa cür yozulmasın deyə, Xəlqilik qoyur. Ancaq Ata “millət-xalq bir şeydir” deyir. Xəlqilik bayramı, yəni millilik bayramı. Mən onu bir az da gəlişdirib millətçilik bayramı deyirəm. Dünyabaxışı niyə yaradıb – İnsanlığı qurtarmaq üçün. Milliliyi qurtarmaq üçün. İnsanlığı qurtarmaq milliliyi, bəşəriliyi qurtarmaqdır. İndi bu bayramı da həyata keçiririk ki, insanların ağlında millətçilik nəliyi, necəliyi oturuşsun. Millətçilik daim şüurlara hakim olsun. O, sıradan çıxarılmasın. Arxivə gömülməsin. Sonra onu siyasi ideologiyaya çevirib yenidən gündəliyə gətirməsinlər. Hansısa imperiyanın içində dirçəlmək üçün millətçiliyi siyasi ideologiya kimi gündəliyə gətirməsinlər. Bu daim səninlə olsun, səninlə yaşasın. Nə qədər ki, bioloji olaraq sənin varlığın sürür, sənin şüurunda, mənliyində, kimliyində millətçilik yaşayır, yaşamalıdır.  Xəlqilik faktı yaşasın, yaşadılsın. Bir bütün əmələ gəlsin. Bütövlük yaransın. Ona görə də bu bayramı keçirməyin önəmi, bu söhbəti eləməyin önəmi ağıllarda yaxşı oturmalıdır. Biz dönə-dönə vurğu eləmişik, yenə də vurğu eləməliyik, bizdə başlıca olaraq, mərasimlərimizlə bayramlarımız arasında fərq görünmür. Biz bunu hələlik mərasim kimi, törən kimi yaşadırıq. Bayramın bayram yeri var. Bayramı xalq necə keçirəcək özü bilər. Şənliklər düzüb qoşacaq, nəğmələr oxuyacaq, rəqs eləyəcək, özü bilər. Qoy olsun. Onlara qarşı deyilik. Onlar olmalıdır. Biz bunu yetirməmişik hələ. Biz hələ bunun mahiyyətini xalqa verməyə çalışmalıyıq. Muğam gətir, saz gətir, ya da milli rəqs. Söz de, sonra musiqi. Sonra çal-çağır. Elə. Yüngül süfrə, qoy olsun. Bayramın adı bayramdır. Bunları eləyəcəklər bizli-bizsiz. Biz də eləmişik, süfrə də açmışıq, aşıq da gətirmişik. Biçimcə bundan daha geniş şəkil ala bilər, almalıdır. Bizdən soruşanda biz bunları deyirik, deyəcəyik də. Məbədlərimiz olanda, orada bunlar olacaq. Daha geniş şəkildə bunu eləyəndə isə qoy tonqal qalasınlar, dövrəsində çal-çağır olsun. Ancaq məzmun dəyişməməlidir. Ona görə də bayramları 3-5 adamla keçirməkdən qorxmayın. Bu süfrənin arxasına bayram adına oturmaqdan qorxmayın. Belə başlayır hər şey. Biz belə başlayırıq, verəcəyik xalqa.

Ayrı-ayrı dövrlərdə dinlər yaranıb – toplumun birgəyaşayışını təşkil etmək üçün. Onlar birgəyaşayışı təşkil edəndə heç kim deməyib ki, din yanlış eləyir. Məsələn, lamaizm yanlış edir. Ya brahmanizm, ya xristianlıq yanlış edir. Din birgəyaşayışı təşkil edəndə, ona yön verəndə, nizam verəndə heç kim düşünmür ki, o yanlış eləyir. Yanlışlar nə vaxt başlayır? Biz bu gündən baxırıq deyirik, məzmunda filan şeylər doğru deyil. Məzmunda, məsələn, Allaha münasibət doğru deyil. İnsana münasibət hardasa bütöv deyil, tam deyil. Bunları deyirik, düz deyirik. O çağlarda onu yaradanlar onu yaratmasaydılar, insanlar bioloji yaşam içində heyvanat aləmindən fərqlənməyəcəkdilər. Dünyabaxışın rolu çox böyükdür, toplum İnsanlığa yox, biolojiliyə üz tuta bilər. Deyə bilərsiniz ayrı-ayrı insanların ağlı yoxdurmu getsin. Ayrı-ayrı insanların ağlı var. Toplumun bütöv şəkildə hara gedəcəyi bəlli deyil. Gələnək olmalıdır, neyləyim, nəyi necə eləyim. Görürsünüzmü, biz Asif Atanın Ocağında Ölügötürmə qaydası yaratmışıq. Hesab eləyək Ölügötürmə qaydamızdan heç nə yoxdur. Topluma deyirsiniz İslamın Ölügötürmə qaydasını aradan qaldırın. Hamı düşünür. Yaxşı bu ölünü necə götürüm. Lal-sükut, tabut, bu ölünü necə götürüm?! Qədimdə olub, aparıb ağacın başına qoyublar, qarğa-quzğun yeyib. Aparıblar tonqalda yandırıblar, aparıblar suya atıblar. Zaman-zaman toplumsal yön yaradıblar. Toplumun birgəyaşamağını təşkil ediblər. Biz uzağa niyə gedək? Asif Ata öləndə hamı çaşmışdı, bir-birinin üzünə baxırdı. Hamı oturub gözləyirdi, neyləyək? O anda ağlımıza gəldi, Atanın yazdıqlarına dayanıb qural ortaya qoyduq…

Birtəhər çıxmasın, elə bil qeybdən gəlir qulağına səs, bəşəri qurtarmaq gərəkdir. Bəşər dözülməz həddə gəlib. Hara gedirik. Kimsə irəli durub “dayan, dur” deməyi öz üzərinə götürür. Asif Ata bizim çağımızda toplumun, bəşəriyyətin məhv olunmasına “dayan, dur” yükünü öz üzərinə götürüb, qabağa durub. Bütün qurallarını da onun əsasında yazıb yaradıb, biz onu yaşadırıq. Biz pis bir iş görmürük. Üzümüz ağdır. Böyük iş görürük. Bizə əyri deyərlər, düz deyərlər, ağır deyərlər, yanlış eləyərlər, biz yanlış eləmirik. Hər kəsin bu gün normasına çevrilən yaşam sistemini biz dağıdırıq. Əlbəttə, bizə daş atarlar. Biz yeni bir rels yaradırıq. Yeni bir relsin üzərinə qoyuruq hərəkəti. Heç kim özünü zəhmətə salaraq, relsindən çıxıb gəlib o relsin üzərində oturmaq istəmir. Ona görə onu yerindən tərpədənə qarşı həmişə yumruq göstərir. Söyüş çıxır meydana. Ona görə də belə şeyləri dərindən düşünüb həmişə dərk eləməyimiz gərəkdir. Bu məzmunu biləndən sonra, bu məzmunla yaşayandan sonra içərimizdə fərəh yaranır, ağlımız işıqlanır, mənəviyyatımız işıqlanır. Sevinirik, fərəhlənirik. Bayram onda başlayır. Məzmunu dərk eləyəndən sonra bayram başlayır. Biz də bu məzmunu deyirik, özümüzə anladırıq.

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Mən orda belə qonu qoymuşam Xəlqi İntibah Mütləqə inamdadır. Atanın belə bir düşüncəsi var “Xalqın müstəqil siyasi fikri olmalıdır, müstəqil fəlsəfi fikri olmalıdır, müstəqil ruhani kəlamı olmaldıır. Xalq o zaman müstəqilliyə yetir, xəlqi intibah yaranır”. Buna necə çatmaq olar? İndiyə qədər xalqın özünü yaratması üçün nələr yaranıb, nələr var olub. Dinlər bunu yarada bilmir. Dinlər xalqın müstəqil siyasi fikrini, fəlsəfi fikrini, ruhani kəlamını yarada bilmir. Özgələşdirir xalqı. Çünkü dinlər öz toplumunun xarakterik yönünü qəbul olunduğu başqa xalqlara yeridirlər. Xalqlar özümlüyündən çox-çox uzaq düşür. Bizə qarşı münasibət də beləcə. Bu gün xalqın indiki səviyyəsindən hamı şikayətlənir. Çıxış yolunu biz göstəririk, çıxış yolu Atadadır. Buna necə yetmək olar, hər bir insan öz ömründə yetməklə. Qəhrəman niyə qəhrəman olur, dahi niyə dahi olur, sonradan xalqın ömründə dəyərə çevrilir?! Həqiqətə inanırsan, inandığını öz ömründə yaşayırsan, yaşamaqla həm də yaşadırsan. İnandığım həqiqət uğrunda döyüşürəm. İnandığım ədalət uğrunda döyüşürəm. Onu öz ömrümdə yaşadıram. İnandığım xeyir uğrunda döyüşürəm, onu öz ömrümdə yaşadıram. Sonra o xalqa keçir, örnək olur. Necə ki Ata inandı, yaratdı, Evladlarını yaratdı, Ocağı yaratdı, bizim aracılığımızla xalqa keçir, həqiqəti yaşadır, dəyərə çevrilir. Dəyərə çevrilməklə də ruhsal örnək olur. Çox önəmli şeydir həqiqəti tapmaq, ona inanmaq. İnsan həyatının ən ali məqsədidir. Biz ona çatmışıq. Onu ömürdə yaşatmaq, təbii, çətindir. Həyat əngəl olur, qayğılar əngəl olur, ancaq o həqiqət ki ömrümüzdədir, heç bir şey onu ömrümüzdən çıxara bilməz. Onun sabahı var. Bayramlar, tədbirlər öncə mənə gərəkdir, köklənmək üçün. Atanın ölümündən sonra çox işlər gördük, dərk eləmirdik gördüyümüz işləri, Soylunun istəyi rol oynayırdı. Ancaq keçirə-keçirə onu dərk eləyirdik. Yaşayırdıq qorxunu, həyəcanı, sonra aldğımız fərəhi. O fərəhi almasaydıq, biz onu yaşaya, davam edə bilməzdirk. İndiki günə çata bilməzdik. İnandığımız ədalət, inandığımız həqiqət bizi bu günlərə yetirdi, sabaha da yetirəcək.

Atamız Var olsun!

Soylu Atalı: Örnək dediyin bir şey. Tarixi şəxsiyyətlərimizdən örnək götürürük. Nəsimiyə törən keçirdik, niyə keçirdik? Xalq örnək götürsün. Qalır küncdə-bucaqda, heç kim tərpətmir. Biz Ocaq olduğumuz üçün tərpədirik. Belə düşünə bilərlər, biz Ocaq işlərimizlə məşğul olmalıyıq, nəyimizə gərəkdir Nəsimi. Tərsinə, Nəsimiylə heç kim uğraşmasa da, Ocaq uğraşmalıdır. Başqaları uğraşsa, Ocaq elə öz işini görərdi, Nəsimi (günü) ilə uğraşmazdı. Niyə deyir Nəsimidən örnək götür. Bax, Ata Ocaq başlayanda hər şeyini itirdi. O qədər olanaqları vardı ki. Özü də sovet quruluşunun içində. Amansız bir rejimin içində. Örnək – özünü onun yerinə qoymağı bacarmaqdı. Özünü bir an Asif Atanın yerinə qoy, mən eləyə bilərdimmi? Sovet rejiminin içində, tək-tənha, heç bir dəstəyi yoxdur, belə bir ideyanı qoy, çağır, çağır, səni qovacaqlar, təqib edəcəklər, filan edəcəklər, ancaq sən bunu edəcəksən. Eləyərdinmi? Nə vaxt eləyərdin, nə vaxt eləməzdin? Özünə güvən məsələsi, özünə inam məsələsi. Özümə inanıram, inamımı nə yetirir, nəyin əsasında inanıram? Ruhsal bilik əsasında. Ruhsal biliyə yetməyim gərəkdir. Ruhsal biliyə yetirsən, ağlın işıqlanır, mənəviyyatın işıqlanır. Özünü Asif Atanın yerinə qoyursan. Örnək götürmək budur. O yaxşı kişiydi, bizim dahi şəxsiyyətimiz idi, sən də ol da. O ona görə var ki, sən də ol. Onunla qurtarmasın. Tarix onunla başa çatmır ki. Həyat onunla başa çatmır. Özünü onun yerinə qoymaq üçün onunla bağlı, ya bütövlükdə insanlıqla bağlı, ruhsal biliyə yetmək gərəkdir ağlın işıqlansın, özünə inanasan. Özünə ruhsal biliklərlə inanırsan. Ona görə də oxumaq, düşünmək, öz üzərində işləmək gərəkdir. Ona görə dəyərlər qiymətini tapa bilir. İnsan ona görə gözəl olur, münasibət ona görə gözəl olur, bundan sonra. Sən ruhsal bilik əsasında özünə inam səviyyəsinə yetirsən. O qədər özünə güvənirsən, səni heç bir çətinlik, həyatın heç bir əyər-əskiyi, qayğısı-filanı qorxutmur. Səni səndən ala bilmir. Bu dediklərimin gerçək olaraq içinə girirsən, onunla bir bütünlük təşkil edirsən, deyilənlərə nağıl kimi baxmırsan. Xülya kimi yanaşmırsan. Mümkünsüz bir şey demirsən ona. Nəsimiyə həsr elədiyimiz tədbirin kitablaşdırılmış variantını oxudum, qurtardım. Mən onu oxuyuram, yaxın olanlarımız deyirlər, heç vaxt Nəsimi dərisi soyula-soyula şeir söyləyə bilməz. Necə yəni söyləyə bilməz. Bəs niyə deyir həqq mənəm. Həqq onu bacarar da. Allahlıq qüdrətini ortaya qoyur, Allah onu bacarar da. Allah səviyyəsinə yetir, bacarır da. Sən onun dərisini soyursan, o, şeir deyir. Sən o səviyyəyə yetməmisən, ondan örnək götürə bilmirsən, ona görə inanmırsan, özünə də inanmırsan. Özünə inanmadığın üçün ona da inanmırsan ki, eləyə bilər. Çünkü sən eləyə bilməzsən. Ancaq örnək götürmək, güvənmək odur ki, sən özünə o qədər inanırsan, özünə inandığın qədər artıq tarixdəki böyükləri, şəxsiyyətləri dərk eləyirsən. Mümkündür, niyə mümkün deyil. Mənim qolumu kəsərlər, əqidəm üstə. Onu dərk eləmişəmsə, yetmişəmsə, durub mahnı oxuyaram. İnsanı böyüklüyə çağırır. Ata ona görə deyir zamanın dediyiylə barışma. Onlara küsənmə, onlar balacadır. Onların dediyini təsdiq eləmə. Biz bu yolu keçməsəydik, başqaları kimi olsaydıq, deyərdik, doğru deyir da, Nəsimi dərisi soyulanda durub necə şeir söyləsin. Məsələyə əqliyyətçi kimi yanaşma, əqliyyətçinin canında qüdrət yoxdur. O, cılız gedişin məntiqiylə, prinsipiylə yanaşır. Tarixə də o gözlə baxır, tarixi şəxsiyyətə də o gözlə baxır. Ona görə də inanmır. Ata ona görə böyük oldu, ona görə yaratdı ki, inandı. Tarixdəkiləri öyrəndi. Öz içində gördü onları, o böyüklüyü. Özü də addım atdı, özü də yenilmədi, “dərisi soyuldu”, yenə də insanlaşın-insanlaşdırın dedi. Belə olur, öyrənmək, çatmaq, yetmək.

Göylü Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Elə bilirəm Ocaq tədbirərini, özəllikcə də Soylu Atalı vurğuladığı kimi İnsanilik bayramını, Xəlqilik bayramını haqq eləmək gərədkir. Ruhani örnəklərdən danışdıq. Dəyərlərimizdən danışırıq, sıralamanı təkrar eləmək istəmirəm, tutalım Zərdüştdən danışırıq, Dədə Qorqud sistemindən, o sistemin halallıq dəyərindən, mənəvi dəyərindən, ona örnək olaraq baxmağımızdan, onu örnəyimizə çevirməyimizdən. Eləcə də Nəsiminin sığmazlığı. Zamandan üstünlüyü, şəraitdən üstünlüyü. Sonra qayıdıb öz ömrümə baxıram. Baxıb, doğrudan da, çox şeyləri özümə bağışlamram. Çünkü bir var həqiqəti dərk eləməyəsən, kor-koranə gələsən, gedəsən. Bir də var, mən bu ömrü yaşamışam axı. Bunun nə demək olduğunu dərk eləmişəm. Dərk eləyə-eləyə zamanda itmək, zamanda ərimək, bunu bəzən görməzdən gəlmək, zamana buraxmaq yolverilməzdir. Bilirəm ki, ömrümdə yeni bir aşama başlamalıdır. Başlamışam deyə bilmərəm. Böyük səslənər bu. Ancaq başlamalıdır dərk edirəm, buna can atıram. Atanın dediyi yenidən doğulma. Bir aşama deyil. Mən onu hər dəfə başa düşürəm, bir daha özüm üçün təsdiq elədim ki, o bir məqama bağlı olan bir şey deyil. Ömrün hər anında dəyər özünü doğruldur. Bu düşüncə özünü yenidən doğruldur ki, özünü yenidən yaratmalısan. Ölüb dirilməlisən. Belə bir düşüncə ilə bayramımıza qatıldım.

 

Soylu Atalı: Bayram tədbirlərində çalışmaq gərəkdir özündən, öz qüsurlarından söhbət açılmasın. Çünkü onlar Ailə Gününün qonularıdır. Bayram günlərində bayram dəyərlərindən danışmaq gərəkdir. Dərk məsələsiylə bağlı isə bir məsələni deyim. Onu istəyirəm yenidən düşünəsiniz. Dərk məsələsi xüsusi haldır. Qovuşmaqdır dərk. İç-içə olanda qovuşmaq olur. Dərk böyük söhbətdir. Dərk eləyəndən sonra geriyə yol yoxdur. Sağa-sola yol yoxdur. Çünkü bir bütün yaranır. Adam yaşayar bəzən ən yüksək səviyyədə. Ancaq o yaşadıqlarıyla axıra qədər özünü, özümlüyünü dərk eləməyə bilər. Yəni dərk eləmək bilməklə eyni deyil. Biliklənməklə eyni deyil. Biliklənmək həm də hardasa təcrübi xarakter daşıyır. Dərk qovuşmadır.

Güntay Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Öncəliklə hamınızın Xəlqilik bayramını təbrik edirəm. Xalqımızı, bəşəriyyəti təbrik edirəm. Nə gözəl olardı bu bayram bayramlara qovuşsun. Ümumilikdə Asif Atanın Mütləqə İnam baxışı ömrümüzdə oturuşsun, insanlar tərəfindən qəbul olunsun. İçimdə bir inam var, bu, qaçılmazdır. Niyə qaçılmazdır? Mən Soylu bəyə deməmişəm, həmişə bilgi verirdim, bölüşürdüm. Passiv olmaq haqqında deyim, düz deyir, Soylu bəy, Ailə Gününə özgün olan qonulardır onlar. Həyat qayğıları, təbii, artır, qaçılmaz olan bir şeylərdir. Əslində nəyi bölüşmək istəyirəm. Bu yaxınlarda Hövsanda işlədiyimiz bir yerdə FHN-nin əməkdaşları da orda işləyirdi. Orda məni cəlb elədi, din qonusunda qızğın söhbət gedirdi. Mən keçəndə soruşdular, siz nə düşünürsünüz bununla bağlı. Dedim, mən fərqli düşünürəm. Bu fərqliliyə aydınlıq gətirmək üçün orda çox gözəl bir söhbət yarandı. Ocaqdan aldığım ruhla, Ocaqdan aldığım dərslə onlara uğurlu söz dedim. Heç bir təpki də olmadı.

Soylu Atalı: Aydın məntiq olanda, doğru məntiq olanda qarşıdakı təpki göstərə bilmir.

Güntay Atalı: O da mənim halımı çox yaxşı yüksəltdi. Aşama-aşama elə anlar olduqca dərk eləmişəm, bu millətin nə qədər ağlının aydınlaşmasına, ruhunun bütövləşməsinə ehtiyacı var. Asif Atanın bayramlarını düşünürəm. Hər dəfə Asif Ataya heyranlığım artır ki, azalmır. Heyranlığım niyə artdı? Asif Atanın Mütləqə İnamı o dərəcədə bütövdür, o dərəcədə dolu bir sistemdir, hətta bayramları belə inamını təsdiq edir. Başqa dinlərdə də aşağı-yuxarı belə ola bilər. Xəlqilik bayramımız xalqın öz mahiyyətinə dönməyi, öz mahiyyətindən dərs almağı, öz şəxsiyyətlərindən örnəklər götürüb, özünə bənzəməsi, daim təzələnməsi. Asif Atanın İnamının cövhəri elə budur. Bir dəfə mənim axtarışlarım olan vaxtı, Soylu bəy xatırlayırsa, belə bir şey demişdim, mən istəyirəm bir şamdan düzəltdirəm, bir-birindən hündür olmaq şərtilə altı şam yerləşsin. O da dedi niyə bir-birindən hündür olmalıdır? Mütləqə İnam, Kamil İnsan, Xəlqi Birlik, Müstəqil Vətən, Özümlü Şərq, Ləyaqətli Bəşər ideyaları niyə bir-birindən aşağı-yuxarı olmalıdır? Mən Ləyaqətli Bəşər ideyasını lap zirvədə görürdüm. Soylu bəy dedi, düz deyil. Əgər o şamdan düzələcəksə, onların hamısı bir boyda olmalıdır. Çünkü Mütləqə İnamı qəbul edən insan kamilləşməyə can atacaq. Kamilləşən insan Xəlqi birlik yaradacaq. Xəlqi birlik yaradan insan Özümlü Şərqə yetəcək. Özümlü Şərqin sınırları Ləyaqətli Bəşərə yüksələcək. Bu ideyaları bir-birindən üstün, ya aşağı götürmək düz deyil.

Soylu Atalı: Asif Atanın ideyaları aşama deyil. Bir bütündür, sistemdir. Ayrı-ayrılıqda götürmək düz deyil.

Güntay Atalı: Doğrudur. Mən İnsanilik bayramını xalqa verə biləcəmmi? Dalınca Xəlqilik bayramını xalqa verə biləcəmmi? Şərqilik bayramını verə biləcəmmi Şərq insanına. Bəşərilik bayramını bəşərə verə biləcəmmi? Bu sistem bizim yaşamımızla girəcək xalqın həyatına. Xalqın ölçülərinə çevriləcəkdir. Şərq insanı Şərqin qədrini bilən, Şərqi məhv olmaqdan qurtaran bir Şərqli oğulun dediyi, Asif Atanın Şərqdə yayalmasının təmin olunmasında böyük rol oynamalıdır. İdeyasının Şərqdə yayılmasının təmin olunmasında böyük rol oynamalıdır. Çünkü Şərqin xilasıdır, ümumilikdə bəşərin xilasıdır. Bizim görəvimiz odur, bizim olanağımız nə qədər çatacaqsa, biz daim Azərbaycanda bu alovu sönməyə qoymayacağıq. Qoymamalıyıq. İnanıram bu alov, bu ocaq bütün dünyaya burdan saçacaq. Bir daha hamınızı təbrik edirəm. Planlarımız var, planlarımız ola bilər gecikə bilər. Başqa yöndə Mütləqə İnam dünyabaxışı xalqa vermək yönündə Soylu bəylə öz aramızda planlarımız var, uğurlu bir şey də alınacaqdır. Mən onun barəsində də düşünürəm. Onun tərtibatı barəsində də düşünürəm. Bunları həyata keçirəcəyik. Xalq üçün, insan üçün qaçılmazdır. Adiliyin bir dibi var, sonu var. O, göyə bərabər deyil, yerə bərabərdir. O son gələndə Asif Atanın ideyası, dünyabaxışı ölçüyə çevriləcək. İnsanların içində, xalqın içində ölçüyə çevrilib oturuşacaq. Bir daha qutlayıram. Böyük boşluq olardı Asif Ata bəşər səhnəsindən gəlib keçməsəydi. Nə xoşbəxtik ki onun yolunda davam edirik, onun Ocağındayıq.

Atamız Var olsun!

 

Soylu Atalı: İki şey deyim sizə. Məsələn, sizdən soruşarlar, nə istəyirsiniz. Siz yəqin geniş, uzun-uzadı izahat verərdiniz. Mən bunu qısa deyərdim. Biz nə istəyirik xalq olaraq. Xalq olmaq nə deməkdir? Xalq kim olur, kamil insan olur da. Kamil olmayan xalq olmur axı. Sürüdən, heyvandan xalq olmur. Xalq olmaq nə üçündür, kamil olmaq. Xalq olmaq istəyirəm, Evlad olmaq istəyirəm. Yalnız xalq olan Evlad olar. Xalq səviyyəsinə yetərsən, xalqlaşarsan, sənin böyüklüyün xalqda qalır, xalqda yaşayır. Bu bir umacaqdırmı, deyil. Xalq olmaq istəmək umacaq deyil. Niyə deyil? Biz bəşəriyyətin yaşamasını davam eləmək istəyirik. Mən xalq olmasam, davam eləmir axı. Biz davam eləmək istəyirik. Mən xalq olmasam xalq davam eləmir.

Türkel Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.):  Xəlqilik bayramı xalq ruhunun, xalq ruhunda yaşayan dəyərlərin bayram olunmasıdır. Kapitalizm quruluşu yaşamı, düşüncəni elə duruma salıb ki, cəmiyyətdə hər kəs özündən başqa hər şeyin əyriliyindən gileylənir. Yalnız Ocaq hesab eləyir, mühitin, zamanənin dəyişməsi üçün, xalqın qurulması üçün insan özündən başlamalıdır dəyişməyə. Xalq öz ruhundan yaranan xəlqi dəyərlərə yadlaşdırılıb, unutdurulub. Kapitalist hakimiyyət nefti ilə zəngin olan Azərbaycan obrazı yaradıb sadəcə. Xalq dəyərlərinə yadlaşdığına görə Azərbaycan insanların gözündə maddi sərvətləri ilə zəngin kimi bilinir sadəcə. Atanın böyüklüyü, Ocağın qutsallığı heç kimin eləyə bilmyəcəyi mənəvi dəyərlərə sahib çıxmaq, onları yaşatmaqdır. Nefti ilə zəngin olan xalq bu gün aciz durumdadır. Heç kimin üzündə xoşbəxtlik hiss olunmur. Nə qədər ki, insanlar Ata harayını, “İnsanlaşın –İnsanlaşdırın” çağırışını eşitmir, xoşbəxt yaşam da olmayacaq. Ədalətsizlik, haqsızlıq da aradan getməyəcək. Getdikcə Ata harayına, Ocağa ehtiyac artır. Bu ehtiyacı qarşılamaq mənim fərd olaraq, ömrümü qurmağıma, yaratmağıma bağlıdır. Çünkü xalqın qurulmağı fərd olaraq məndən başlayır. Ata deyir xalqa yetməyən fərd fərdsizlikdir. Fərddən yetirilməyən xalq xalqsızlıqdır. Fərd olaraq dəyişib özümü təsdiqim xalqın özünütəsdiqinə çevriləcək.

Bayramımız qutlu olsun!

Soylu Atalı: Əməli olaraq kim nə bacarırsa, öz içində yaranan təşəbbüsü həyata keçirir, gerçəkləşdirir. Tək gerçəkləşdirir, birgə gerçəkləşdirir, ancaq əməli olaraq meydanda olduğun sürəcə yetkinləşirsən, kamilləşirsən. Əməl düşündüklərini sənin ömrünlə birləşdirir. İçinə yazır. Ona görə daim əməli addımlara can atmaq gərəkdir.

Soylu Atalı Nurtəkinin hədiyyə kimi hazırladığı Ocaq tədbirlərinin görüntü disklərini sunur.

“Xəlqilik” Bayramı üstə şərqi, “Xəlqilik Bayramı üstə Təmas” deyildikdən sonra çay süfrəsində doğmalaşma söhbətləri davam edir.

 

Qürub Ayı, 41-ci il. Atakənd.

(avqust, Bakı).

 

 

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir