Xəbərlər

Qutsal “Yeni İl” törəni

Asif Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq Günsırası ilə 1 Günəş Ayı, 46-cı ildə (mart,2024) Qutsal Yeni İl Mərasimini keçirdi.
Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə – Yeni İl törənimizə başlayırıq. Ocağın 45-ci ilini arxada qoyuruq, 46-cı ilə keçirik. Bu Törəndə Ocaqda olmuş ölənlərimizi anırıq: Sabahlı, Bağban, Amaltay bizimlədir.


Öncə 45-ci ilin əməllərinin sonucu olaraq, ayrı-ayrı amaldaşlarımın ruhani zəhmətini, işini Atanın adından dəyərləndirmək, təqdir eləmək istəyirəm. Asif Ata bütün mərasimlərdə Ocaqçıların əməyini, əməlini qiymətləndirirdi, təqdir edirdi. O gələnəyi, nə yaxşı olardı, davam eləyək. Biz aradabir edirik.  Atanın yaratdığı gələnəklər ortadan qalxmamalıdır, davam eləməlidir…

(Ocaq Yükümlüsü Nurtəkinin, Göytəkinin, Bilənin, Günevin uğurlarını Ruhsal bəlgə ilə təqdir edir – G.A.).

Nə yarandı Ocağın 45-ci ilində, bununla bağlı ilin ruhani hesabatını verək. Ancaq ondan öncə,Yeni İl Mərasiminin başlama gərəkliliyi ilə bağlı bir neçə söz deyək. Asif Atanın axtarışlar dönəmi bütünlüklə milli formalaşma istəklərindən doğub. Bilirsiniz, ümumbəşər səviyyəsinə qalxmaq öncələr Asif Atanın ağlına gəlməyib. Onun ağlına öz yurdu, öz xalqı gəlib, öz xalqının necə özümləşməsi, necə milliləşməsi məsələsi gəlib. Bunun üçün o bu yöndə axtarışlar edib. Ancaq axtarışlarının sonucu gətirib elə bir aşamaya çıxardıb ki, görüb sorun ümuminsanlığın sorunudur.Təkcə bir millətin sorunu deyil. Təkcə bir millətlə uğraşmaq özünü doğruldan deyil. Dünya çapındakı azğınlığın ortasında ayrıca bir milli səviyyə oluşdura bilməzsən. Oluşması mümkün deyil. İnsanlığın sorunlarını çözmək üçün ayrı bir şey gərəkdir. Bunun adını sonradan Ocaq qoyub. Yəni birdən-birə heç nə insanın ağlına gəlmir, nə də birdən-birə hər şeyi həll edib ortaya qoymaq olmur. Ona görə Asif Ata düşünüb ki, Ocaqlaşma yolu tutmaq gərəkdir. Bu onun ağlına sonradan gəlib. Dediyim kimi, öncə onun ağlından keçməyib ki, peyğəmbər olsun, nə bilim yeni bir dünyabaxış yaratsın, ümumbəşər qayğıları ilə uğraşsın. Belə bir şey onun ağlına ilk gənclik çağlarında gələ də bilməzdi. İşin dərinliklərinə getdikcə, öz toplumunun halını, durumunu öyrəndikcə, anladıqca görür ki, məsələnin çözümü görünəndən çox-çox dərindədir. İndi məsələnin həlli yollarını tapmaq gərəkdir. Ona görə dedi, düşündük, daşındıq,  Ocaqlaşma yolu tutduq.
Ocağı yaradarkən, istər-istəməz, yeni düşüncələr doğurdu, Ocağın dalınca başqa məsələlər ortaya çıxırdı. Ocağı ümumbəşər səviyyəsinə necə qaldırmaq olar?! Bunun üçün Ocağın ümumbəşəri prinsiplərini də işləmək gərəkdir, onun yönünü bəlirləmək gərəkdir. Bu məsələ elə də sadə bir məsələ deyil, yeni sivilizasiya, yeni era başlayır. Köhnə eradan qurtarmaq gərəkir. Baxmayaraq ki, yeddinci yüzildə bizi ərəbləşdirmək yönünə çəkdilər, ancaq biz hələ də xristian erasından qurtarmamışıq. Belə götürəndə şüurumuzun bəlli bir düzeyi əslində xristian erasına bağlıdır. Eyni halda onun günsırası, ilsırası ilə yaşayırıq. Günsıra, ilsıra məsələsi insan şüurunda başlıca rol oynayan faktorlardan biridir. Çox adam bunun fərqinə varmır. Sən hansı günsıra, ilsıra ilə yaşayırsansa onun mədəni çəkisi, etkisi sənin varlığına yansıyır. İstəsən də, istəməsən də sənin düşüncənə yansıyır. Sən ayrı bir şey düşünə bilmirsən axı. Nə düşünürsənsə xristian erasının içində düşünürsən. Bir qəlib var, bu qəlibin içindən çıxa bilmirsən. Bu qəlibin sınırları hara qədərdir, o ayrı məsələ, ancaq olan qəlibin içində düşünürsən. Ona görə Ata düşündü ki, yeni era başlayırsa, bu eranın ideya-prinsiplərini işləmək gərəkdir. Onlardan biri yeni eranın ilsıra, günsıra məsələsidir. Günsıra dəyişir. Yəni bizim eradan, yəni 1979-cu ildən öncə xristian erasıdır, 1979-cu ildən bu yana artıq Mütləqə İnam erası başlayır. Biz düşüncəmizə görə yeni eranın insanlarıyıq.  Yeni eranı tanıyan, qəbul eləyən, dərk edən ilklərik, birincilərik. Biz məsələlərə yeni eranın tələblərindən baxırıq, baxmalıyıq. Deməli, köhnə quruluş dəyişməlidir. Əgər quruluş dəyişməyəcəksə, daha doğrusu, insan dəyişə bilməyəcəksə aparılan mübarizələrin heç bir önəmi yoxdur. İnsanın dəyişməsi nə deməkdir,- elə-belə mən yaxşı oğlanam, sən yaxşı kişisən deməklə yeni insan yaranmır. İnsanın dəyişməsi – onun həyatını bütünlüklə içinə alan sistemlərin dəyişməsidir. Bu sistemlərin əsasında nə durur – quruluş. Bunun adına ictimai iqtisadi formasiya deyirlər. İctimai iqtisadi formasiya dəyişməlidir. Dinlər gəldi, quruluşların heç birinin xətrinə dəymədilər. Məsələn, xristianlıq quldarlıq quruluşunun içində yarandı. Quldarlıq quruluşunu dəyişmək heç onların ağlına belə gəlmədi. Yəni elə bir ideya irəli sürmədilər. Nə elədilərsə, quldarlığın içində elədilər. İslam da quldarlığın son aşamasında yarandı, Quldarlığı dəyişmədi. Niyə deyirdi sən Allahın qulusan?! Sən Allahla iç-içə olan varlıqsan demədi, bağımsız, özgür insan kimi özünü təsdiq eləməlisən demədi, Allahın qulusan dedi. İnsanın üzərində yeni bir ağa yaratdı. Düşüncəsini Quldarlıq quruluşuna qarşı qoya bilmədi. O başa düşmədi ki, insanı qul yerinə qoyan Allahı da quldar yerinə qoyur. Belə bir şüurdan çıxa bilmədi.

Bu gün Ocaq kapitalizm quruluşunu rədd edir. Kapitalizm quruluşu insana qarşıdır. Bu quruluşun içində insana xoşbəxtlik vəd edə bilməzsən. Əgər Asif Atanın erası başlayıbsa kapitalizm sona varmalıdır. Kapitalizmin içində İnsanlaşma erası başlaya bilməz.
Bu, Asif Atanın yaratdığı yoldur, yöndür, xəritədir. İnsanlığın ruhani xəritəsidir. Bax buna görə də biz bu günü, yəni ayın birini İnsanlıq erasının başladığı gün sayırıq. Ona görə bizim üçün də, bəşəriyyət üçün də böyük gündür, bayramdır. Bu gün onu ümumölkə düzeyində həyata keçirmək olanağımız yoxdur. Ancaq zaman gələcək ümumbəşər səviyyəsində İnsanlığın bayramı kimi keçirəcəklər. Bəşəriyyət öz sonuna varmayacaq, bitməyəcək, bitmək istəməyəcək. Dönüş nöqtəsi deyilən bir gün var, ümumi İnsalıq üçün. O nöqtə qoyulub, prosesi başlayıb. İndi Dönüş aşamaları gerçəkləşməlidir. İndi dönüş aşamalarını İnsanlıq yaşamalıdır. Bax, bizim bu mərasimimizin məzmunu bu dediklərimiz biçimində qapsamlıdır.
Atamız Var olsun!

(Nurtəkin Atalı 45-ci ilin əməl hesabatını oxuyur – G.A.).

Nurtəkin Atalı: 45-ci ilimiz özünəxas əməllər, görüşlərlə keçib. Əməlləri dedikcə özünüz də görəcəksiniz ki, Ocaq harayı hər zamankı kimi davam edir. Bu haray ömürlərdən gəlir. Bu harayı duyan, dərk edən ona qarşı etinasız, səssiz qala bilməz. Həqiqəti arayan, ona qovuşmaq istəyən hər kəs Ocağa doğru yön alacaqdır.
– 2 Günəş Ayında Soylu Atalı Tahir Talıblının yubileyinə qatılmış, Ocaq ədəbiyyatı bağışlamış, ayrı-ayrı adamlarla söhbət etmişdir.
– 8 Günəş Ayında Soylu Atalı, Bilən Atalı və İntiqam bəy bir araya gəlmiş, Ocaq yönündən söhbət etmişlər. Söhbət zamanı İntiqam bəyin sualları cavablandırılmışdır.
– 14 Günəş Ayında Soylu Atalı Milli Cəbhə partiyasının qərargahında başqan yardımçısı və başqa bir adamla görüşmüş, söhbət etmiş, Ocaq ədəbiyyatı vermişdir.
– 12 Günəş Ayında Soylu Atalı Cavanşir Talıblı adlı bir adamla görüşmüş, sonra Ocaqla bağlı bilgilər vermişdir.
– 26 Günəş Ayında Soylu Atalı və Günev Atalı bir şəxslə görüşmüş, milli yöndə və Ocaqla bağlı söhbət etmiş, Ocaq ədəbiyyatı bağışlamışdır.
– 2 Çiçək Ayında Ocaq Evladı Bağbana “Anım Günü” Mərasimi keçirilmişdir. Bağban haqqında Atanın yazısı oxunmuş, onun haqqında xatirələr, düşüncələr bölüşülmüşdür, Ocaq quralları yerinə yetirilmişdir. Ocağın yayılması, yaşaması üçün ciddi addımlar atan, Ocaqla yaşayan heç kimsə unudulmur, Ocaq yaşadıqca onlar anılacaq, yaşayacaqdır.
– 3 Çiçək Ayında Soylu Atalı işlə bağlı təlim keçdiyi müəssisədə uğurlu Ocaq söhbəti etmişdir. Dinin insan varlığında müsbət etkisi varmı, necə olmalıdır, oruc, namaz kimi ibadət ritualları insanı nəyə kökləyir, ona nə verir, bütövlükdə bunun kökü haradan başlayır kimi qonularda söhbət aparmış, soruları cavablandırmışdır.
– 6 Çiçək Ayında Soylu Atalı qohumları ilə bir arada olmuş, Ocaqyönlü söhbət aparmışdır. İnsana min illiklərdən bəri öyrədilən rituallar, qaydalar nə deməkdir, insan həyatında bunların etkisi hara qədərdir, insan nə dərəcədə bu rituallarla, qaydalarla özümləşə bilir, nə dərəcədə həyata ülviyyət verə bilir, nə dərəcədə doğanın, göylərin anlamı insanın şüurunda gözəlliklər formalaşdırır, ruhaniyyat nədir, insan kimdir, nədir, necə olmalıdır kimi qonularda geniş söhbət edilmişdir.
– 10 Çiçək Ayında Göytəkin Atalı qonşusu ilə Ocaqyönlü söhbət eləmiş, Ocaqla bağlı bilgilər vermişdir.
– 22 Çiçək Ayında Soylu Atalı 8-9 nəfərlə bir arada olmuş, söhbət aparmış, onların suallarını cavablandırmışdır.
– 24 Çiçək Ayında Soylu Atalının gənclərlə milli, mənəvi-ruhani kimlik qonusunda söhbəti olmuşdur.
– 27 Çiçək Ayında Soylu Atalının ayrı-ayrı olmaqla Tahir Talıblı, İlqar Tağı, Xaliq Bahadır, Rəhim Qazıyev, Əlisəfa bəy və başqa bir neçə şəxslə görüşü, söhbətləri olmuşdur.
– 28 Çiçək Ayında Göytəkin Atalı qonşusunda bir xanımla Ocaqyönlü, eləcə də ayrı -ayrı qonularda söhbətlər etmişdir. Din, inanc məsələsi, insanlararası münasibət, insanın özünü yaratması, özüylə döyüş qonularında düşüncələr bölüşülüb.
– 7 İşıq Ayında Bilən Atalı Yaşar adlı şəxslə Türkçülük və İnam qonusunda söhbət edib, Ocaq sorağı vermişdir.
– İşıq Ayı Soylu Atalı Göyhun bəylə (Türkiyədə prezidentliyə namizəd Sinan Oğanın yardımçısı) əlaqə saxlamış, Türkiyədəki durumu qonuşmuş, eləcə də, ona Ocağın baxışı, Türk abe-si haqqında bilgi vermişdir.
– 23 İşıq Ayında Göytəkin Atalı söhbət etdiyi bir xanıma Ocaq ədəbiyyatları bağışlayıb.
– 25 İşıq Ayında Soylu Atalı Mg tv-nin canlı yayımına qatılmış, Türkiyə və seçkilər, Türkiyənin indiki durumu ilə bağlı, Ocaq açısından, düşüncələrini bildirmişdir.
– 3-4 Şölə Ayı, Yasin Türksoy Nurtəkin Atalı ilə birlikdə “Ata Sonevini Ziyarət Günü” mərasiminə insanları dəvət etmək, Ocaq sorağı vermək üçün Qazax, Ağstafa bölgələrinə səfər etmişlər. Hər iki bölgənin tarix-diyarşünaslıq muzeylərində olmuş, əməkdaşlarla görüşüb söhbətləşmiş, Ocaq ədəbiyyatı bağışlamışlar. Ağstafa Kitab Evinə kitab bağışlamışlar. Qazax bölgəsi Qərb radiosunun qurucusu ilə görüşmüş, söhbətləşmiş, Ocaq ədəbiyyatı bağışlamışlar. Sonra Ağstafalı İsmayıl bəylə görüşüb Ocaq kitabları bağışlamışlar.
– 7-9 Şölə Ayında Soylu Atalı Borçalıda olmuş, ayrı-ayrı insanlarla söhbətlər eləmiş, yaxın qohumunun yas yerində də Ocaq söhbətləri aparmışdır.

– 14-17 Şölə Ayında Nurtəkin Atalı Göyçayda səfərdə olmuşdur. Göytəkin Atalı ilə birgə Göyçaylı bir xanımla görüşüb sohbətləşmişlər. Sonra Göyçay Tarix-diyarşünaslıq muzeyində olmuş, söhbət aparmış, ədəbiyyat bağışlamışlar.
– 8 Od Ayı, Soylu Atalı Elvar bəylə, Xaliq Bahadırla görüşmüş, Borçalı ilə bağlı Ocaq açısından söhbət etmişdir.
– 1 Qürub Ayında Soylu Atalı Türkiyənin Mg tv-nin canlı yayımına qatılmış, Türkiyədə baş verən bir sıra proseslər, Azərbaycanda Elçibəy dönəmində baş verən olaylar haqqında danışmış, Ocaq açısından baxışlarını bildirmişdir.
– 3-4 Od Ayında Soylu və Günev Atalılar Beyləqana səfər etmiş, İnam evində görüş keçirmiş, Ocaq ədəbiyyatı bağışlamışlar.
– 7 Od Ayı, Soylu Atalı Türkiyədən yayımlanan Mg tv-də canlı yayıma qatılmış, Ocaq ölçüsü ilə olaylara öz baxışlarını bildirmişdir.
– 10 Qürub Ayında Kanal 13-də Soylu Atalının ölkənin bugünkü durumuna yönəlik çıxışı olub. Çıxış üzərindən Soylu Atalıya ayrı-ayrı zənglər edilib, internet üzərindən geniş söhbətlər olmuşdur.
– 16 Qürub Ayında Soylu Atalı ilə Nurtəkin Atalının  Günaz tv-yə verdikləri müsahibə yayımlandı. Qonu: Asif Atanın Güney Azərbaycan haqqında düşüncələri.
– 29 Qürub Ayında Soylu Atalı öz evində Üzeyir bəylə, Sevda Amanova ilə, onunla gələn başqa şəxslə görüşmüş, onlara Ocaq ədəbiyyatı bağışlamışdır.
– 3 Ata Ayında Soylu Atalı Türkiyədən 6 adamla  görüntülü danışaraq Borçalı problemləri, Türkçülüklə bağlı düşüncələrini bölüşüb.
– 6 Ata Ayında Soylu Atalı Qafqaz Media tv-də Borçalıda baş verən olaylara yönəlik Ocaq açısından düşüncələrini bildiribdir.
– 9 Ata Ayında Soylu Atalı yenidən Kanal 13-ün canlı yayımına qatılmış, Borçalı ilə bağlı sorulara Ocaq açısından aydınlıq gətirmişdir.
– 19 Ata Ayında Soylu Atalı işlədiyi müəssisədə Türkiyədən gələn mühəndislərlə milli-mənəvi söhbətlər etmişdir.
– 21 Ata Ayında Soylu Atalının Mg tv-nin canlı yayımında çıxışı olmuşdur. Qonu: Azərbaycan-Ermənistan arasındakı sorunlar, Qarabağ sorunu, bu sorunlarda Rusiyanın rolu – Ocaq açısından dəyərləndirmələr.
– 25 Ata Ayında Kanal 13 TV-də Soylu Atalı ilə Oğuz Türk adlı Güneyli soydaşımızın “Din, İnam” qonusunda debatı olmuşdur. Bu veriliş sosial şəbəkələrdə maraqla qarşılanmış, Soylu bəyə sosial şəbəkələrdə sorular verilmiş, zənglər olmuşdur.
– 4 Xəzan Ayında Soylu Atalı iş yerində iki gənclə milli, mənəvi yöndə söhbət etmiş, Ocaq ədəbiyyatı vermişdir.
– 11 Xəzan Ayında Soylu Atalı Ocaqla maraqlanan Hikmət (Ağdamlı) adlı şəxslə görüşmüş, Ocaq, onun mübarizəsi yönündə söhbət etmiş, Ocaq ədəbiyyatı bağışlamışdır.
– 19 Xəzan Ayında Soylu Atalı Neftçalada yas yerində olmuş, söz demiş, Ocaq quralını yerinə yetirmişdir. Orda maraqlananların suallarına cavab vermişdir.
– 2 Yağış Ayında Soylu Atalının Kanal 13-ə verdiyi müsahibə yayımlandı. Qonu: Rusiya-Azərbaycan münasibətləri, Rusiyanın Azərbaycanda baza yaratmaq istəyi. Video yayımlandıqdan sonra Soylu bəyə çoxsaylı zənglər olmuş, verilən suallar Ocaq açısından cavablandırılmışdır.
– 3 Yağış Ayı Soylu Atalı işlədiyi müəssisədə 3 gənclə Ocaq yönündə söhbətlər etmişdir.
– 4 Yağış Ayında Soylu Atalı İnamlı və Günev Atalılarla birlikdə Beyləqana – İnam evinə səfər etmiş, gərəkli işlər görülmüş, gələn qonaqla söhbət etmişlər. Özləri Ocaq yönündən geniş qonularda düşüncələrini bölüşmüşlər.
– 5 Yağış Ayında Nurtəkin Atalı da Beyləqana getmişdir. Yolda bir qadınla söhbət edib, Ocaq sorağı verib. İnam Evinə gələn bir qonaqla söhbət edilib, ədəbiyyat bağışlanılıb.
– 6 Yağış Ayında Soylu Atalı iş yerinə gələn mühəndislərlə söhbət etmişdir.
– 3 Sərt Ayında Soylu Atalı, Günev Atalı, Yasin Türksoy, Abil Ulusoy birlikdə Vaqif Ucatayın sonevini ziyarət etmişlər. Vaqif Ucatayın ömrü, yaradıcılığı ilə bağlı söz deyilmiş, Ocaq quralları yerinə yetirilmişdir.
– 16 Sərt Ayında Soylu Atalının “ABA Media” internet kanalında çıxışı olub. Qonu: Gürcüstanda baş vermiş son olaylar, Borçalının son durumu – Ocaq açısından dəyərləndirmələr.
– 19 Sərt Ayında Soylu Atalının “Kanal 13” internet tv-də çıxışı olub. Qonu: sosial ədalətsizlik, ölkədə insanların durumu, Gürcüstan türklərinin durumu – Ocaq açısından dəyərləndirmələr.
– 22 Sərt Ayında Soylu Atalının “Qafqaz Media” internet tv-də çıxışı olub. Qonu: Gürcüstanda baş verən olaylar, həll yollarının axtarışı, Azərbaycanı nə gözləyir – Ocaq açısından dəyərləndirmələr.
-15 Qar Ayında rəssam Vaqif Ucatay haqqında sənədli film hazırlanıb yayımlandı. Filmin ssenarisini Soylu Atalı yazmış, Göylü Atalı hazırlamışdır.
– 22 Qar Ayında “Kulis.az” Ocaq haqqında hazırladığı “Sənədli Film”i hazırlayıb yayımladı.
– Günev Atalı Günəş Ayında şamaxılıların məskunlaşdığı Təzəkənddə yas yerində, yaşadığı yerə yaxın binanın həyətində yasda, 3 xəstəxanada həkimlərlə, Hökməli kəndində bir qrup adamla söhbətləşmiş, düşüncələrini bölüşmüş, söhbət etdiyi şəxslərə Ocaq ədəbiyyatı bağışlamışdır. Günev Atalı işlədiyi yerdə, evinə gələn hər kəslə Ocaq söhbəti edib, söhbət etdiyi adamlara Ocaq sorağı verib.
– İnamlı Atalı Lənkəranda, Cəlilabadda imkan olan yerdə söhbət edib, Ocaq düşüncələrini bölüşüb.
– Bilən Atalı iş yerində çoxsaylı söhbətlər edib, düşüncələrini bölüşüb. Bilənin Ocağın maddi açıdan yaşamasında da böyük əməyi vardır. 45-ci ilin Günsıra vizitləri və “Tədbirlər” kitabının çapının xərcini də o çəkib.
– Ocaq tədbirlərimiz, bayramlarımız keçirilib, insanları dəvət etmişik, tədbirlər kitablaşdırılıb, yayımlanıb saytlarda.
– 25 Çiçək Ayı, 4 İşıq Ayında Yasin Türksoy kitabxanalara Ocaq ədəbiyyatı bağışlayıb. Görüşdüyü şəxslərlə Ocaq söhbəti aparıb, Ocaq tədbirlərinə insanları dəvət edib. Ocaq Bayrağını xalça üzərində toxutduraraq Ocağa sunub. Şölə Ayında mənimlə birlikdə Ağstafada səfərdə olub. Çox istədik ki, səfərlərimiz davam etsin, iş səbəbindən alınmadı.
Mən Göytəkinin əməyini özəllikcə qeyd etmək istəyirəm. Ocaq tədbirlərini ən çox o, səsdən yazıya çevirir. Mən çox az yardımçı oluram. Tədbirlər yığılıb qalmışdı. Biz Köçəri Ayında yalnız Göytəkinin təpəri, işgüzarlığı sayəsində tədbiləri tamamlayıb kitablaşdıra bildik, törənə suna bildik. Ocaq tarixinin yazılması, saytlara yazılar qoyulması, Soylu Atalının çoxsaylı səs yazılarını yazı şəklinə gətirməsi (o yazılar internet qəzetlərdə, saytlarda yayımlandı), Ocaq tədbirlərinin, yazılarının sosial şəbəkədə yayımlanması da onun hünərlərindəndir. Öz üzərində ciddi işləməsi, mütaliəsi, yazıları – ev qayğıları ilə birlikdə bunu çox məharətlə yürütməsi – həqiqətən də heyrətli bir ömürə çevrilib.
Bu ilimizdə internet tv-lərdə Soylu Atalının çıxışları daha çox yer alıb. İstər siyasi, istər fəlsəfi açıdan Ocaq hər zaman doğru, həqiqi, fərqli bir baxış sərgiləyir. Bu da getdikcə Ocağa, Ataya marağın yaranmasını artırır.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):46-ci Yeni İl Mərasimi ilə bağlı etdiyim qeydləri oxumaq istəyirəm. Tutarlı izhar olmasa da, hər halda, Gediş Yazısında qoyulan qonuya münasibətimdir.
Ocaqçı ömrünün yenilənməsi, ömür anlamına münasibətim. Ömür nədir?! – Buna xalq deyimi ilə giriş verim. Belə bir söz var, deyirlər xoş keçən günlərin ömürdən yazılmasını istəyərlər. Deməli, adi ömrü ömürdən saymayıb xalqımız. Adi ömrü, gündəlik həyatda bir az mənfi yönlü dövrləri ömürdən saymayıb.
Biz də mənalı keçən günləri ömürdən sayırıq.
-Maddi firavanlığı xoş, mənalı sayırlar.
-Ölümsüz işlərin peşində olmağı mənalı sayırıq. Ölümsüz kəslərin yaşamına, ömür yollarına baxıram, Nəsimilərin, Babəklərin, cəm halda desəm də, tarixin tək-tək işıqlı şəxsiyyətlərinin ömrü nədən ölümsüzlüyə yüksələ bilmişdir. Hər biri tarixin müxtəlif dönəmlərində, xalqın, daha böyük mənada bəşərin üzləşdiyi bəlaların səbəbini göstərmiş, ya da bildiyi qədər əlacını bəyan etmişdilər. Mütləqimiz Asif Ata bu yöndən ömrün mənalanmasında zirvədə duran şəxsiyyətdir. Ömrümüzü Ata Amalına həsr etdiyimiz qədər Ata ömrünə bənzədirik. Yəni mənalandırırıq ömrümüzü. İllərin illər üstünə qalaqlanmasının, illərin adilikdə bir-birini əvəzləməsinin ömür sayılmasını doğru saymıram.Əsas deyil ki, bu ömrü nə qədər yaşamısan, əsas olan ömrü necə yaşamaqdır. Ömrün yenilənməsi Amalın ömürdə yeni aşaması, yenidən uğurlar üstə köklənməsidir.

Soylu Atalı: Çox yaxşı mövzuda işləmisən. Bağban nə qədər yaşadı Ocaqda?! – Çox az. Ancaq ona ayrıca bir gün keçirdik, onun işini, əməlini vurğu elədik. Az bir zamanda uğurlu bir Ocaq ömrü yaşadı. Biz Amaltayın adını çəkirik, düz edirik çəkməklə. Ancaq Amaltay haqqında bir əməli söz deyə bilərsənmi, – yoxdur, olmayıb. O gedib müharibədə ölüb, söhbət ondan getmir. Söhbət ondan gedir, hansı səbəbdən olmağından asılı olmayaraq, ortada Ocaq əməli, Ocaq ömrü deyə bir şey yoxdur ki, ondan danışaq. Yenə deyirəm, mən onu qınaq üçün demirəm, fakt kimi deyirəm. Ya da Sabahlı. Asif Ata onların adını vurğu edirdi deyə mən də vurğu edirəm. Mən bilmirəm Sabahlının Asif Atanın Ocağına, ömrünə bir dəxli var, ya yox. Tanımırıq, əməlini bilmirik. Bax ona görə hər bir Ocaqçının ömrü əməli yöndə dediyin ölməzlərin ömürünə doğmalaşır. Nə ilə doğmalaşır, onları yaşatdığı və yaşadığı üçün. Ona görə deyirəm yaxşı mövzudur.

Günev Atalı: Yenilənməyən yerində sayar. Yerində saymaq geri qalmaqdır. Artmayan azalır deyib Atamız. 46-ci ildə Amal yolunda üzləşdiyim olayları, ümumiyyətlə ruhani bioqrafiyamı Ocağımıza sunmaq, gələcək oxucuların ixtiyarına vermək istəyirəm. Ocaqçı Ocağa necə gəlir, necə gəlməlidir, o hansı yolları keçməlidir, hara gəldiyini necə bəlirləməlidir, nələrlə üzləşməli, nələrə hazır olmalıdır –bunları bir nəfərin – mənim timsalında bəlirləməlidir. Ata sonevinin təmiri, İnam Evinin müəyyən işlərini görmək, səfərlər, görüşlər, Ocağımıza yeni ünvanın alınması kimi diləklərlə Yeni İlimizə qədəm qoyuram.
 Amaldaşlarıma münasibətin yeni mərhələsi nə deməkdir?! – Birinci doğmalığın sabitliyi. Doğmalıq halını, hər cür, hər yöndə özün özünə təhlil eləyirsən. Doğmalıq nə deməkdir? Biri var qan qohumluğu, cismin doğmalığı, biri var Amal doğmalığı. Böyük mənada yeni, əsil ömrün doğmalığı. Doğmalığın sabitliyi, möhkəmlənməsi, amaldaşlarımın uğurlarını uğurum hesab etməyim, hər hansı yarıtmazlıq, ya da anlaşılmazlıq olarsa ona qarşı barışmaz mövqedə durmağım, əlimdən gələn köməkliyi etmək istəyim var. Şəxsi ailəmə istənilən amaldaşımın müdaxiləsini məqbul sayıram. Özümün çözə bilmədiyim hər hansı məsələnin həllinə amaldaşlarımın fikir bildirməsinə ehtiyac duyuram.Əks halda,doğmalıq nə demək olduğunu anlamıram. Belə bir ortamda olduğuma görə özümü xoşbəxt sayıram. Atamız Var olsun!

Soylu Atalı: Bir məsələni, yadıma düşmüşkən, sizə deyim. Ocaqda yazılan Ruhani bəlgələr Ocağın qutsal faktlarıdır. Nişanədir, sənədlərdir, eyni halda Gediş Yazısıdır. Gediş Yazısı Ocağın ali orqanının ruhani bəlgəsidir. Bu, Ocaqçı üçün qutsaldır. Bunu evinizə götürəndə xahiş edirəm, diqqətli olun. Önəm verilən məsələ belə deyək, onun daşıdığı məzmun, məna yüküdür. Ona görə hər bir Ocaqçının evində Ocaq guşəsi – İnam Evi guşəsi olmalıdır. Bu cür bəlgələr (sənədlər) həmin guşədə arxivdə qorunub saxlanmalıdır. Buna qarşı hər bir Ocaqçı, hər kəs diqqətli olmalıdır. Bu gün elə-belə bir kağız parçası kimi yanaşa bilərik. Ancaq elə-beləbir kağız parçası kimi yanaşma böyük xəta olar. Biz böyük tarix yaradırıq, ciddi yanaşın məsələlərə. Bugünün pəncərəsindən baxmayın heç bir vaxt. Buna gələcəyin açısından baxın, onda onun önəmini görəcəksiniz.
Günev  ömür məsələsi ilə bağlı vurğu edir, danışır. Nəyə görə onu danışa bilir, yaşadığı bir tale var, Asif Atanın Ocağına gələndən sonra qarşılaşdığı təpkilər var. Sonra İnam Evi başladı, İnam Evi ilə bağlı qarşılaşdığı təpkilər oldu, çətinliklər, gərginliklər oldu. Niyə bunu yaşaya bildi, hamı yaşaya bilirmi?! – Yox. Ortada fakt var, Asif Atanın yaratdığı hər şey, Asif Atanın ömrü. Ona dayanıb belə məqamlarda bu addım atılmalıdır. Artıq burda bir təcrübə var, bilgi var. Ocaqçı necə davranmalıdır, ən çətin halda necə addım atmalıdır –bu təcrübələrə dayanmaqla. Bunların hamısı ömürlərin ortaya qoyduğu təcrübələrdir, bilgilərdir. Mən bu mərasimdə başqa insanların işinə qarışmaq kimi demirəm, ancaq bizdən qıraqda bəlli çətinliklər yaşayanlar var, o çətinliklərin adına analitik çətinliklər deyək. Onlar döyülürlər, söyülürlər, təpiklənirlər küçələrdə. Bütün bunlar sosial problemlərə görədir, min illiklərə söz deyən ruhani məsələlərlə bağlı deyil, xalqın formalaşması üçün, ayaqda qalması üçün görülən addımlara bərabər deyil. Beş-üç günə hesablanmış sosial problemlərə görə özünü oda-közə vurmaqdır. Bizim çətinliklərimizlə eyni deyil onların çətinlikləri. Bununla mən heç kimin əməyinin üstündən cız çəkmirəm, mahiyyətini, həqiqətini deyirəm, fərqini aydınlaşdırmaq istəyirəm. Ona görə belə məsələlərdə olduqca ciddi düşünmək gərəkdir. Bütün Ocaq işləri başımızın üstündən asdığımız bu Bayrağın mahiyyətini əmələ gətirir. Bu bayrağın altında onun məzmununu daşımaq üçün bütün əməllərin hamısının altında bir kimlik formalaşdırırsan, bir yön yaradırsan. Bu Bayrağın daşıdığı məna ifadə olunur. Orda yazılan “İnsanlaşın, İnsanlaşdırın” sözü elə-belə deyil ki. Bunlara olduqca ciddi önəm vermək gərəkdir. Bunların hamısı ona görə yazılıb qalır ki, bizdən sonra gələnlərin heç biri Ocaq məsələsində büdrəməsin, çaşmasın. Özündən zorən yeni bir şey ortaya çıxartmasın. Əgər bilgi, təcrübə olmasa çıxardacaq. Məsələn, Asif Ata öldüyünə qədər ortaya qayda qoymamışdı ki, mən öləndə belə edin, belə basdırın, ya da bir başqası öləndə belə edin. Biz özümüz onu yaratdıq ortaya çıxartdıq. Ləyaqətimizin gücü çatdı, uğurlu bir şey ortaya çıxarda bildik.  Sabahkı ola bilər, uğurlu bir şey ortaya çıxarmaz, cəmiyyətə bənzəyən bir şey ortaya çıxarda bilər. Niyə, çünki əlində bir bilgi yoxdur. Bütün bu bilgilərin hamısı ona görə tarixə yazılır. Bunların hamısı ondan ötrüdür, Ocaq formalaşsın, şəkilə düşsün bütün qaydası, quralı, hər şeyi ilə.
Biz gələcək soylara, bütövlükdə bəşəriyyətə böyük bir sistem ötürürük. Bu sistemdə yanlışlar olmasın, hərə özününkünü ora əlavə eləməsin dindəki kimi. İnsafla danışsaq dində bütün gördüyünüz eybəcərliklərin hamısı elə Məhəmmədin dediyi deyil ki. Hərə öz eybəcərini də onun yalanlarının üzərinə yığıb, böyük bir yalan dağı əmələ gəlib. Ocağı belə şeylərdən qorumaq üçün hər bir məsələsinə olduqca məsuliyyətli, ayıq yanaşmaq gərəkdir.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):Mən də Yeni İl münasibətilə hamınızı ürəkdən təbrik edirəm, hamınıza uğurlar diləyirəm.  Bu Yeni il Ocağımıza, millətimizə düşərli olsun. Qardaşımız bayaq vurğu elədi, doğurdan da, 45-ci ildə mənim düşüncəmin mərkəzində o durub ki, insan özünü necə yarada bilər, insan özünü necə qurmalıdır ki, gələcək ruhani cəmiyyətimizin bünövrəsi üçün bir daş olsun, bir kərpic olsun. Bu baxımdan çox düşünmüşəm, özümü təhlil eləmişəm bu istiqamətdə. Heyrət eləmişəm ki, doğurdan da, Ocaqlaşma məsələsində Asif Atanın ailə modelini ortaya qoyması çox böyük bir ideyadır. Çünkü Ailəçilik cəmiyyət içində elə bir qurumdır ki, ilk dəfə insan ailə vasitəsilə sürüdən ayrılıb, doğma bir mühit yaradıb özü üçün. Sözsüz ki, cəmiyyətçilikdən gəldiyi üçün bəlli qatqılar da olub. Ancaq yaxşı tərəfləri daha çox olub. Çünkü bayaq vurğuladığımız kimi ailəçilikdə səmimiyyət, doğmalıq var. Bizdə isə Ocaqyönlü Ailələr – gələcək ruhani cəmiyyətin əsası olan bu Ailələr ideya, dünyabaxış, İnam əsasında qurulduğu üçün gözəl bir formadadır. Necə cəmiyyətdə ailədir, bəşər içində də milləti mən o səpkidə görürəm. Millət də bəşər içində bir ailə təsiri bağışlamalıdır. Bayaq qardaşımız bir daha vurğu elədi ki, bizim Ocaq işimiz gedib milli qurulmağımıza çıxmayacaqsa Ocaq işinin elə bir önəmi olmayacaq. Bizim məqsədimiz Ruhani Cəmiyyətdir, Müstəqil Vətənimizi qurmaqdır, bunun da əsasını bu gün Ocağımız vasitəsilə qoyuruq. Mən 45-ci ildə, bayaq dediyim kimi, əsasən özümlə bağlı, insanla bağlı, özüylədöyüşlə, özünü idarə ilə bağlı çox düşünmüşəm. Bir növ Ocağı insanın öz həyatının içindən çıxartmaq, insanın öz həyatının yönü kimi düşünmüşəm. Bu haqda ən çox Soylu qardaşımızla geniş düşüncə bölüşmələrimiz olub.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib,Bayrağı öpür – G.A.): Bizim çox tez-tez işlətdiyimiz bir ifadə var: insan özündən ayrılıb, özünə çox yadlaşıb. Bu yaxınlarda Hüseyn Cavidin əsərini oxudum, bir düşüncə baxışımı çəkdi. Teymurun dili ilə deyilir: “İnsan adlanan qaba və miskin həşəratı uslandırmaq üçün, onların pas tutmuş kirli vicdanını yumaq üçün yalnız Teymur qılıncı gərək”. Bu düşüncəni oxuyanda öncə insana qarşı bu cür münasibətdən sıxıldım. Sonra bu haqda üzərində düşünməyə başladım. Düşünürəm ki, hər hansı bir dünyabaxış yaranır, ortaya gəlir, ilk başlarda bəlli bir çətinlik dövrü keçir. Oturuşunca, irəliləyincə, bəlli bir dönəmdən keçir, sonra istər zorla, istər xoşla şüurlara yeriyir, oturuşur. Oturuşandan sonra yeni bir dönəm başlayır. Artıq bu dönəmdə dünyabaxışın insanı, İnsanlığı hansı yola çıxardığı məlum olmağa başlayır, – insanı doğru yönəmi aparır, yanlış yönəmi aparır. Bayaq dediyim düşüncə zaman-zaman insana göstərilən münasibətin, verilən dəyərin bir neçə cümlə ilə ifadəsidir. Yəni minilliklər keçib, ancaq yenə də insanın üzərində zor hakimdir. İnsanı zorun etkisindən qurtaran, doğru yönəldən bir dünyabaxış, bir ideya ortalığa çıxmayıb. Həmin yanlışlar miniliklər keçdikcə davam edə-edə gedib. Doğrudan da, insan deyilən varlıq doğru qiymətləndirilməyibsə, doğru dəyərləndirilməyibsə, onun duyğuları, yaşantıları doğru öyrənilməyibsə, daima mütiləşdirilibsə,  zora baş əydirilibsə, kölələşdirilibsə, millililiyindən,  özümlüyündən uzaqlaşdırılıbsa, deməli,  insanlığın hazırkı durumu elə belə olmalıydı. Ocaqdan qırağa hara baxırıqsa cinayətləri, müharibələri, insanların bir-birinə kinini, ədavətini, rəqabətini görürük. Sonuc doğrudan da, belə olmalıydı, – yeni bir ideya ortaya gəlib insanı doğru yola çağırana qədər. İnsanların şüurunda dəyişiklik getməyib, çünkü “insan nədən bu duruma gəlib çıxdı” sualını ortaya qoyan olmayıb. Ortaya qoyulması üçün bəlli bir ideya olmalı idi. Həm də insanın özündə onu yaşatmaq gücü, anlamaq gücü olmalıydı ki, o ideyanı formalaşdırsın, bu böyük sualı cavablandırmağa özündə güc tapsın. Sonra bunları həll etməyə başlasın. Hər dəfə ayrı-ayrı müşahidələr üzərində mən gəlib bu yerə çatıram. Bu da mənə hal-hazırda yaşatdığımız ideyanın, Yolun önəmini bir daha çatdırır.
Bir də var bizim Ocaq dünyamız. Ocaq dünyasında mənim və amaldaşlarımın çabası, özüylədöyüşü, əməlləri, bütün çətinliklərə baxmayaraq irəliləməsi və başqa bir dünya yaratması… Mən insanla bağlı düşünəndə (konkret özümlə bağlı düşünəndə), Özümlə uğraşanda özümə doğru daha bir addım atmış oluram. Deməli, Özüylədöyüş insanı addım-addım özünə doğmalaşdırır, həm də insan özünə doğma olduqca, insanlığın hansı uçurum qarşısında olduğunu daha aydın görə bilir. Bu bir dərd kimi insanın içində böyüyə-böyüyə yetişir, insanın içində o dərdi sağaltmaq uğrunda addım atmaq məsuliyyəti yaranır. O məsuliyyət bu gün bizi, konkret məni Ocaqda hansısa addımlar atmağa sövq edir, tələsdirir. Bu gün əgər mən bu məsuliyyəti dərk edirəmsə, bunu burda sizə anlada bilirəmsə, mənim amaldaşlarımın hər biri bunun səbəbkarıdır. Çünki Ocaqla ilk tanışanda, nə qədər mən qıraqdan baxırdım, mənə açığı çox qəribə gəlirdi. Həmişə sual yaranırdı, nəyə görə az sayda adamlar sanki özlərini çətinliyə salmaq üçün çaba göstərirlər, bundan onların üzlərində, ömürlərində tükənməz bir fərəh yaranıb. Bu fərəhin qaynağını gerçəkdən anlaya bilmirdim. Əgər Ocaq dünyasına addım atmağa başlayanda mənim qarşımda amaldaşlarımın ömrü, usanmazlığı, fədakarlığı olmasaydı, bunlar mənim ömrümə işıq tutmasaydı, bəlkə də başlanğıcdan bura gəlməzdim. Sizdəki fərəh, usanmazlıq, fədakarlıq, aşiqlik, dürüstlük – bunların hamısı məndə bu yolun önəminə inam yaratdı, mən bu yolu gələ bildim. Bu fərəhin qaynağını mən bu gün anlada bilirəmsə,  dərk edəcək səviyyədəyəmsə, yenə də səbəbkarı sizsiniz. Nə qədər mən desəm də bu yolda tələsmək lazım deyil, bu üç-beş günün işi deyil, biz kiməsə söz deyiriksə o dəqiqə onun nəticəsini gözləməməliyik, yenə də içimdə bir tələskənlik var idi. Mənə elə gəlirdi, kiməsə bu yoldan danışan kimi o da bu yola qoşulmalı, onu yürütməyə başlamalıdır.  Ancaq zaman keçdikcə gördüm, doğrudan da, mən nəyisə qarşımdakı insanlardan gözləməməliyəm, özümdən gözləməliyəm. Çünki məndən öncə mənim amaldaşlarımın usanmadan yerinə yetirdiyi əməllər, usanmazlıq, yorulmazlıq mənim ömrümə işıq saldı. Mən bu yolu irəliləməyə başladım. İndi mənim Ocaqda olan hər addımım, hər işim önəmli görünür gözümə. Hər addımımda ümid çiçəklənir. Mən fərəhliyəm, çünkü mənim qurduğum, yaratdıqlarım kimlərinsə ömrünə işıq olacaq. Bu həqiqəti anladıqca sizə – amaldaşlarıma sevgim, münasibətim, bağlılığım bir qat daha dərinə enmiş olur. Yeni ilimiz qutlu olsun!
Atamız var olsun!

Soylu Atalı: İnsanlığın sorunlarını, gerçəkdən onunla uğraşanda, daha aydın görürsən dedin. Doğrudur. Çünki bir var faciə, biri var fəlakət. İnsan sosial problemlərin içinə girəndə bu fəlakəti hərşey bilir. Ancaq onu heç vaxt düşünmür ki, sosial problemlərin kökündə nələr durur. Ora varmağa gücümü çatmır, ya meylimi yoxdur. Bu saat çox adamı dindirirsən, qınamaq da olmur, deyirlər toplum acından ölür, siz nə deyirsiniz. Ancaq faciənin nədənlərinin faciənin özündən qat-qat dərində olmasını bilmirlər. Çünkü üzdən yanaşma var.
Bir şeyi də sizə deyim, Atanın qoyduğu qaydaya görə Mərasimlərə ancaq Ocaq Evladları qatılırlar. Bəzi Mərasimlər var, Atanın özü bizə ayaq yeri buraxıb, yəni istisna məsələlər var, – Ocağa ən yaxın adamlar hansısa Mərasimlərə qatılıb. Yeni İl Mərasimimiz olduqca önəmlidir. Burada eranın başlanğıcının məzmunu var. Ona görə də başqalarının yeni illərinə qatılmaqdansa, elə Atanın Yeni İl Mərasiminə Ocağa ən yaxın adamların qatılması daha məqsədəuyğundur. Bu gün Abil bəylə Yasin bəy Mərasimimizə qatılıb. Onların da düşüncəsini dinləyək.

Abil Ulusoy: Ocağın Yeni İli qutlu olsun.Bayaqdan mən də düşünürdüm, uzun illərdir Ocaqla münasibətim var. 35 il bundan öncə Ata ilə görüşdük. Bağbana demişdi, gəlsin. Getdim, iyul ayı idi. Geniş söhbət etdik. Həmin dövrdən də Ocaqla sıx əlaqəm var. Mənə elə gəlir, Ocaqdan qıraqda Ocağa ən yaxın elə mən olmuşam. Kimlərsə gəlib gediblər, biraz münasibət qurub aralaşıblar. Ancaq bu 35 ildə, belə deyək, Ocaq ömrü yaşamışam. Yazılarım da Ocaqdan gəlib, Ocağın diliylə danışmışam, Ocağın ləyaqətini qorumağa çalışmışam. Sosial şəbəkələr bu gün dünyanı idarə eləyir. Onu biz yaratmamışıq, ancaq onun yaxşı cəhətləri var. Həmin yaxşı cəhətləri götürmək lazımdır. Mən Asif Ata ilə bağlı paylaşımlar görəndə bəyənirəm. Ən yaxşı halda, kimlərsə özlərini ifadə edə bilməsələrdə,Atanın dediklərini paylaşırlar. Bu gün özünü Ocaqçı sayıb Ocaqda olmayanlar da paylaşır. Bunların hamısını oxuyuram. Cəmiyyətin görmədiyi bir şeydir, adi sözlər deyil, ali sözlərdir. İnsanlar bu dəqiqə ucundan tutub ucuzluğa qaçır, bəyənmək məsələsi ona görə önəmlidir. Baxırsan adi biri başına bir alabəzək papaq qoyur, bir-iki cümlə söz deyir, nə qədər bəyənmə olur. Hansı ki, Azərbaycan üçün, xalq yaratmaq üçün, şərq üçün, bəşər üçün heç bir əhəmiyyəti yoxdur. Siyasilər də bu məsələlərdən hədsiz dərəcədə uzaqdırlar. Çünki onlar üçün hər şey hakimiyyət üçündür. Azərbaycanda bu gün belə bir adam yoxdur ki, bu ölkəyə biz istədiyimiz şəkildə yiyəlik eləsin. Sadəcə olaraq yaranmış yönətim ölkəyə tamamilə başqa gözlə baxır. Azərbaycanda durum göründüyündən çox ağırdır. Bir parıltı yaradırlar, insanlar buna atılıb-düşürlər. İnsanlar hər xırda şeyi bayramlaşdırıb böyüdürlər.  Sonra da özlərinə təlqin edib inandırmağa çalışırlar. Ancaq Azərbaycanın ləyaqətini böyüdən hadisələrdən yan qaçırlar. Bunlara yaxınlaşmaq belə istəmirlər. Azərbaycanda yeganə Ocaqdır ki, davamlı şəkildəxalq yaradır. Azərbaycan xalqının ləyaqətini qoruyur, böyüdür. Ocaqdan kənarda sistemli şəkildə heçnə yoxdur. Ayrı-ayrı insanlar var, potensial da var. Nəsə səsləndirirlər, ancaq bunun başı bir yerə bağlanmadığı üçün bunlar elə söz olaraq qalır. Nə xalq yaratmaq, nə millətləşmək işində, nə də Azərbaycanın böyüklüyü, bütövlüyü, azadlığı üçün bir iş görə bilmirlər. Həm Azərbaycanın azadlığını istəyirəm, həm də dindaram. Bu adamlar qəbul eləyə bilmirlər ki, bu din Azərbaycanın başına vurulan ən böyük zərbədir. İslam qoymayacaq Güney Azərbaycan müstəqil olsun. Öz gözünlə baxa bilmirsən, çünkü Azərbaycanda öz dünyanı yarada bilməmisən. Öz dünyanı yaratmamısansa dünya sənə başqa cür baxacaq. Bunun üçün Ocaq yolu tutmaq gərəkdir. Ocaqla Azərbaycan dünyada özünü yarada bilər. Cəmiyyətdə böyük insanlar yetişmir, cəmiyyət insanı əridir, özümləşdirir. Cəmiyyətdə yaşayıb cəmiyyətdə olmamaq özü böyük fədakarlıqdır. Bu Azərbaycan üçün bizdən sonra gələn nəsillərə də yol açır. Çünkü böyük bir xəzinə, arxiv var artıq ortada. Ata özü də inamla deyirdi, hər şey yaxşı olacaq, kitablarımız da yazılacq. Bu gün o arxiv yaranıb, burda Soylu bəyin böyük əməyi var.
Hamımıza üzümüzə gələn bu Yeni İldə uğurlar arzulayıram.
Atamız Var olsun!

Yasin Türksoy: Ata-Ocaq İlsırasının 46-cı ili düşərli, uğurlu olsun. Bir qrup Ocaqçı öz dünyalarında insanlar üçün, bəşəriyyət üçün çaba göstərirlər. Dünyanın da gedişatı tamam başqa istiqamətdədir. Bununla bağlı qayğılarım var, davamlı düşünürəm, bir sonuca vara bilmirəm. Artıq 2020-ci ildən dünya fərqli bir boyuta, bir sistemə girib. Biz bunu qəbul etsək də, etməsəkdə, olan odur. Bunun bir nümunəsini görsətmək olar, 2020-ci ildə necə bütün dünya ölkələrini pandemiyaya qapatdılar. “Covid-19” adı altında bir plan idi. Azərbaycan kimi coğrafi anlamda kiçik bir dövlətdə də bu həyata keçirildisə, hüquqlarımız müəyyən anlamda azaldıldısa, müəyyən cərimələr oldusa, gör bunların başqa planları, yeni dünya düzəni, yeni bir dünya yapısının sonucu hara gedib çıxacaq. Dünyanın bu nəhəng dövlətlərinin əllərində çoxlu sayda atom silahları var. Biri sıxışdırılan kimi, atom silahı ataram deyib artıq hücuma keçir. Dünya qalıb 10-15 başdan xarabın əlində. Yaxşı, bu insandakı bu nəfs niyə yarandı, fikirləşirsən ki, bu adamın içində olan nəfsdir. Ölkələr, dövlətlər müharibə aparır torpaq uğrunda. Öləcəyini bilə-bilə o torpağı əldə etmək üçün ölür, torpağa basdırılır, amma özüylə heç nə aparmır. Heçnə aparmayacağını bilə-bilə mənasız, amansız savaşlar gedir. Nəfs necə oldu yarandı?! Bunu da, düşünürsən, təbiət yaradıb. Adam doğuluşdan özü özünü idarə eləyib proqnozlaşdıra bilmir ki, məndə bu duyğular, bu yırtıcılıq, bu canavarlıq, bu xəbislik filan olmasın. Demək, sonunda gəlib çıxır təbiətin üstünə. Deməli, təqsirkar təbiətdir. Təbiət adamı niyə belə yaratdı, niyə nəfsli yaratdı. Hər bir kəs doğulandan ölənə kimi milyon duyğu, düşüncələrlə yaşayır, yaşının müəyyən pillələrində dəyişir, azalır, artır, bir saniyədə ağlımıza neçə fikir gələ bilir. Təbiət bizi niyə belə yaratdı?! Belə çıxır ki, dünyanın dağılması təbiətin yaratdığı insan ağlının, zəkasının əli ilə olacaqdır. Dünyanı bir nöqtəyə bağlayırlar, məsəl üçün rabitə qurduğumuz telefon, planşet, rabitə əlaqələri, bank sistemi, dövlət strukturları. Sonra deyirlər ki, interneti dayandırdılar, bütün sistem çökür. İndi insanları cipləşdirmək yönündə planlar gedir, dövlətlər arasında razılaşırlar. Pandemiya dönəmində necə bütün dövlətlər razılaşıb bu oyunu yerinə yetirdisə, deməli, dünya bir əldən idarə edilir və başda duran xanədanlar da, yerli xanadanlarda hamısı onlara bağlıdır. Yaxşı bu atom silahları, insanın yaratdığı bu silah-sursat, texnologiyanın bəşəriyyətə faydası olacaqmı, insana faydası olacaqmı, kim qarantiya verir səhər hansısa bir qitədə atom silahı partladılmayacaq. İndi kosmik ordu yaradırlar, o necə olacaq. Həm İnsanlıq, bəşəriyyət deyirik, həm də bəşəriyyətin dağıdılması ehtimalı hər an artır. Bu qayğılar daimi düşündürür, sonra belə nəticəyə gəlirəm ki, əgər bəşəriyyət dağıdılsa, bu yaşadığımız yer kürəsi dağılsa, deməli, təqsir təbiətdədir. Təbiət adamı belə yaratmayaydı. Bir kəs nə zamana kimi özünü kamilləşdirə bilər, ömrü yetərmi, ona çatacaqmı?! Səkkiz milyard hamısı birdən-birə nə kamilləşə bilər, nə də gəlin silah-sursatı qoyaq yerə, dinc yaşayaq deyə bilər. Bax bu qayğılarla düşünürəm, heç bir nəticəyə vara bilmirəm. Həm də biz deyirik insanlaşaq, insanlaşdıraq, bəşəriyyət gözəlləşsin, adam insanlaşsın. Bir nəticəyə vara bilmirəm, Soylu bəy. Fikrinizi bilmək istəyirəm.
Atamız Var olsun!

Soylu Atalı: Yasin, bunu bir çox batıyönlü Avropa bilginləri, kosmologiya ilə uğraşan astrofizik alimlər  belə düşüncələri çox tez-tez vurğulayırlar. Nəinki planet, bütövlükdə kainatın durumu sıfır nöqtəsinə qayıda bilər deyirlər. Ancaq bu o demək deyil, yüz ildən sonra, ya da min ildən sonra daha heç nə olmayacaq. Bunu heç hesablaya bilməzlər ki, neçə milyon, ya da milyard ildən sonra hansısa dağıntılar ola bilər,ya da ola bilərmi?! Bizim planetimizə gəlincə, mən bilmirəm beş min ildən sonramı, milyon il sonramı o dağıla bilər?! Deyə bilmərəm. Ancaq planet hansısa minilliklərdə, hansısa milyonilliklərdə dağılsa belə, o demək deyil, biz heyvan kimi yaşamalıyıq, heyvana enməliyik. Bizim qarşımızda duran məsələ nədir,- biz öz mahiyyətimizə uyğun yaşayaq. Əgər bu gün planetdə bizi aşan məsələlər varsa, bugün planetdə bizim arzulamadığımız, eləcə də qəbul eləmədiyimiz bir çox proseslər gedirsə, bu proseslərin hamısının nədəni bizim öz mahiyyətimizə bərabər yaşamamağımızın sonucudur. Təbiət insanı beləmi yaradıb, eləmi yaradıb, məsələ o deyil. Biz nə təbiətin işinə qarışa bilərik, nə də ki, yeni bir insan yarada bilərik. Bizim işimiz, borcumuz öz insani mahiyyətimizə uyğun yaşamaqdır. Bizim çevrəmizdə bunu eləyən olacaqmı, olmayacaqmı, – bundan asılı olmayaraq. Məsələn, tutaq ki, mənim qonşum pis davranır. Mən də eləmi olmalıyam?! – Yox!Mən insan olmalıyam, insan kimi yaşamalıyam. Yəni mənim hədəfim birinci növbədə öz mahiyyətimə uyğun yaşamağımdır, bunu qanmağımdır, bunu anlamağımdır. Mən həşərata bərabər yaşaya bilmərəm. Dünya pis gedişlərə yön veribdir, dünyada başqa xoşagəlməz olaylar olur, bu o demək deyil, biz İnsanlığımızı itirməliyik, ya da öz mahiyyətimizəuyğun yaşamamalıyıq. Bizim işimiz odur.
Eyni halda, planetdə sənin dediyin kimi 8 milyard yox, 18 milyard insan olacaqsa dəxli yoxdur. Sən 18 milyardın hamısını bir gündə İnsanlaşdırmaq, kamilləşdirmək hədəfi götürməmisən. Sən minilliklərin heç birində bununla uğraşa, buna yetə bilməzsən. Çünki yaranış, doğuluş elə bir məsələdir ki, yeni doğulan uşaq sənin yaratdığın mühitə gəlsə belə, sən qarantiya verə bilməzsən hazır gələcək. Hazır gəlmir heç nə, hər şey yenidən qurulur, yenidən yaranır, yenidən doğulur. Bizim görəvimiz yenidən qurulmaqdır, yenidən doğulmaqdır. Təbiət bizi yanlışmı doğub, olsun. Biz özümüz özümüzü yenidən doğaq. Bizim belə bir imkanımız var, belə bir Mənamız var. Bax bu baxımdan deyirəm biz milyardlarla insanları ağıllandırmaq hədəfi güdmürük. Biz deyirik, kimin olanaqları var, kim bunu bacarırsa, o insanlar ki kamilləşə bilər, özünü təsdiq eləyə bilər, o insanlar yeni sivilizasiya yaratmalıdır, yeni ölçü yaratmalıdır.  Bütün bəşəriyyət yeni ölçülərlə yaşamalıdır, yəni insani ölçü ilə yaşamalıdır. Onun bunu hara qədər dərk edib dərk eləməməyindən asılı olmayaraq. Ölçünü yaradan çox az adamlar olacaq. Mən bunu dəfələrlə misal çəkmişəm, yazmışam kitabımda. Oxumusunuz, mən yazmışam ki, bu gün bütün bəşəriyyət kapitalizm sistemində yaşayır. Ancaq sənin dediyin 8 milyardın hamısı kapitalist deyil axı. Bir ovuc kapitalist var, ancaq quruluş kapitalizm quruluşudur. Yəni ölçünü yaradanlar elə yaradır, hamı da ona tabe olur. İndi gəl ölçünü sən dəyiş. Kapitalizm yox İnsanlaşma ölçüsü yarat, hamı da ona tabe olsun. Hamı kamil insan olmayacaq, ancaq hamı o ölçüyə tabe olacaq. O ölçü ilə yaşayacaq, münasibət o ölçü əsasında qurulacaq. Asif Ata onu yaradır. Demir ki, a-dan z-yə hamını kamilləşdirəcəm. Belə bir şey mümkün də deyil. Ata deyir, 99% insanlar imkanlarını özüylə qəbrə aparır. İndi elə bir ölçü yaradaq ki, çox faiz insanlar özünü aşkarlasın, xoşbəxt yaşasın, qəbrə aparmasın. Onların yaratdığı ömür, onların yaratdığı ölçü ümumbəşər səviyyəsində nizam yaratsın, ölçüyə çevrilsin. Asif Ata onu vəd edir. Yoxsa demir hamı kamilləşəcək, qurdla quzu yanaşı otlayacaq. Qurdla quzu heç vaxt yanaşı otlamayacaq.  Heç vaxt bütün bəşəriyyət bizim dediyimiz kamil insanlar toplusu olmayacaq. Belə şey mümkün deyil. Yeni doğulan öz qüsurları ilə doğulur, təbiətdən gətirdikləri ilə doğulur. Təbiətdən gətirdiyin qüsurlar var, çünkü biologiyasan. Biologiya təbiətdən gəlir, heyvanilik xassələri təbiətdən gəlir. Bir az da genlə gəlir. O genlə gələni də təbiət verib. İndi insanlara təbiət verir, ya genlə gəlir, özü bilər, bizim görəvimiz odur ki, təbiətin verdiyi ilə barışmayaq. Biz özümüzü yenidən yaradaq. Yenidən doğulaq, dünyaya yeni nizam verək. Asif Atanın çağrışının canı budur. Bizdən asılı olmayan nələrsə baş verir. Planet məhv olacaqsa olacaq. Durub ağlaşma qurmalı deyilik ki. Durub gözləməliyik ki, görək planet nə vaxt məhv olacaq?! Birincisi, planet məhv olası deyil. İkincisi, lap sabah dağıldı, insanlığa qarşı heyvanlıq, vəhşilikmi edək?! Mən insanam, öz insani mahiyyətimi dərk eləmişəm. Hətta planetimiz sıradan çıxsa belə, İnsanlıq sıradan çıxmayacaq. Yenidən başlayacaq bəşər. Bizim Yer planetimizin yaşını 4.5 milyard il götürürlər. Dörd milyard il də İnsanlığın yaşını götürürlər. Planet sıradan çıxsın, hansısa milyon illərdən sonra yenidən başlayacaq. Bizim planetdə insan başlayandan qabaq yox idimi başqa yerdə, 4 milyard il öncələr yox idimi?! – Var idi.  Kainatın olmayan vaxtı olmayıb axı. Heç nə mütləq yox olan deyil. Ona görə mən elə bədbin yanaşmıram, nikbinəm. İnsanlıq sıradan çıxmayacaq, Asif Atanın yaratdığı sıradan çıxmayacaq, o yenidən şüurlarda oyanacaq. Bu var, Mənada qalır, Mütləq olanda qalır. İnsanlıq yenidən oyanacaq, yenidən gələcək. Ona görə gələcəyə nikbin bax. Bizdən asılı olmayacaq şeylərə oturub göz yaşı tökə bilmərik. Bizdən asılı nə var – özünü yaratmaq, bəşəriyyətə, xalqa, millətə Asif Atanın sözünü çatdırmaq, doğru olanı öyrətmək. Biz də onunla uğraşırıq…
Mən keçən dəfə tədbirlərimizin birində demişdim, 46-cı ilimizdə bir sənədli film hazırlayaq Ocaqla bağlı. Bunu özümüz edək, bunu bizdən yaxşı edə bilən olmayacaq. Çünkü biz bilirik nələri ortaya çıxartmaq gərəkdir. Bizdən qıraqda da Ocaqla bağlı sənədli film çəkənlərə yox demirik, kömək edirik, sağ ol deyirik. 46-cı ilimizdə 7 seriyadan ibarət Sənədli film hazırlayaq, orda hər şeyi deyək. Bu özü bir tarixdir, xalqa söz deyəcək, iş görəcək…

Soylu Atalı Asif Ata Ocağı haqqında hazırlanacaq Sənədli filmin ssenarisini oxuyur, sonra hərəyə bir nüsxə verib oxumalarını, düşüncələrini bildirmələrini rica edir – G.A.

Törənə qatılanlara 45-ci ilin Törənlər kitabı, Yeni İlin Günsıra vizitləri bağışlanır.

Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə Ocaqçılara sunur.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə törən başa çatır.

Səsdən yazıya çevirdi: Göytəkin Atalı.

Günəş Ayı, 46-cı il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir