Ocaq Günsırası ilə 1 Günəş Ayı, 42-ci ildə (mart, 2020) Asif Ata Ocağı Qutsal “Yeni İl” Törəni həyata keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal günümüzə başlayırıq. Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı özünün sonrakı yeni ilinin bayramını keçirir.
Ocağımızın qutsal yeni ilində ölənlərimizi – Sabahlını, Bağbanı, Amaltayı anırıq, onların adına ayağa dururuq.
Birinci sözü nizamla bağlı istəyirəm deyəm. Mən istəmirəm, Ocaqçılarda elə bir psixologiya formalaşsın, toplumdakına bərabər olsun, ona bənzəsin. Qabaqlar Kəpənəkçiyə avtobus gedəndə adamları yarım saat tez çağırırdılar, onlar da bir saat sonra toplaşırdılar. Adamlar fəqrli-fərqli vaxtlarda gəlirlər, gec gəlirlər, “onsuz da avtobus gec çıxacaq” deyə tələsmirlər. Bu psixologiya Ocaqçılarda ola bilməz. Mən sizin Ocaq tədbirlərinə qatılmağınız üçün bəzən günü sürüşdürürəm. İşləyirsiniz, işdən qala bilmirsiniz, işinizi itirməyinizi istəmirəm. Bir tikə çörəyə möhtac qalmağınızı istəmirəm. Bəzən toplantılarımızı axşam saatlarına salıram. İşdən çıxandan sonra qatıla biləsiniz. Mərasim oxuldur. Hər kəs bu oxula qatılmalıdır, özünü ifadə eləməlidir. Bu elə-belə bizim telefonla ünsiyyətimiz deyil. Bu özəl oxuldur. Ancaq yenə deyirəm, elə düşünülməli deyil ki, belə də olar, elə də olar. Olmaz! Birincisi, vaxtı dəyişməyə mənim haqqım yoxdur. Mən bu haqqı özümə tanımıram, vermirəm. Verməmişəm. Mən Ocağın rəisi deyiləm. Ocağın nizamı ilə, intizamı ilə necə gəldi davranmalı deyilik. Bizim adımız Mütləqə İnam Ocağıdır. Biz dəqiqliyi göz bəbəyimiz kimi qorumalıyıq. Bunu başa düşmək gərəkdir. Günü bəzən dala-qabağa çəkirik deyə, düşünmək olmaz ki, gecikmək də olar. Bu Ocaqdır. Toplumun halını pozan nizamsızlıqdır, intizamsızlıqdır, qaydasızlıq, qanunsuzluqdur. Biz onu Ocaqda yaşada bilmərik. Bu İnsanlığın Ocağıdır, millətin Ocağıdır, bəşəriyyətin Ocağıdır. Mən Ocağın Yükümlüsüyəm, o demək deyil ki, kefim istədiyini eləyə bilərəm. Eləyə bilmərəm! Bu, deyəcəyim birinci söz.
İkinci, törənimizlə bağlı. Yeni il – Asif Atanın ideya yolunun başladığı bir tarix. Ona görə qutsaldır. İnsanlığın sivilizasiyası bu tarixdə başlayıb. Mənəviyyatın doğru yolu, doğru yönü bu tarixdə bəlirlənib. Ona görə bu tarix qutsaldır, bu tarixin qədrini bilirik, bizim üçün ən böyük bayramdır. İnsanlıq üçün ən böyük bayram olmalıdır. İnsanlığın 31 dekabr-1 yanvar adlı bayramı bir yerə qədər işlənə bilər. İsa tarixdə söz dedi. Bəlli bir nöqtədə iş gördü. Ancaq 1 yanvar onun başladığı tarix deyil, anadan olduğu tarixdir. Asif Ata 25 sentyabrı – doğulduğu tarixi yeni il elan eləməyib. Ocağa başladığı ili yeni il elan eləyib. Bizə qədər müsəlmanların yeni ili var, xristianlığın yeni ili var, Ata başlayandan sonra bunların insanlığa, millətə özgünlüyü yoxdur. Keçirirlər keçirsinlər, ancaq özgünlüyü yoxdur. Hər şeyi siyasətə çeviriblər. Hər şeyi oyuna çeviriblər. İnsanlığın Yeni ili – Günəş Ayının 1-i oyuna çevrilməz. H.Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra özünü müsəlmanlara doğma göstərmək üçün, xoş göstərmək üçün xristianlığın, Avropanın qəbul elədiyi yeni ili azərbaycanlıların həmrəylik günü elan elədi. Guya biz xristianların yeni ilini keçirmirik, azərbaycanlıların həmrəyliyini keçiririk. Yöndəmsiz bir oyun. Müsəlmansan, sənin üçün xristian yeni ili niyə yeni ildir?! Ona görə də bütün bu oyunların hamısının fövqündə görmək gərəkdir İnsanlığın yeni ilini. Oyuna bulaşdırmaq olmaz. Novruz bayramı yeni il sayılır. Bu da doğayla bağlı bir şeydir. Anlayırıq. Ancaq Asif Atanın Mütləqə İnamı başlayıbsa, Novruz bayramı deyə yeni il olmur. Biz indi bu saat bunu elan eləyə bilmərik. Heç kim bizi anlamaz. Deyərlər bunlar milli bir şeyə qarşı da çıxırlar. Ancaq məntiq budur. İl ayın başlanğıcından başlasa, uyğun görünür. Günəş ayının 20-dən il başlamaz. Başlanğıcdan başlayar. Burda Novruzun yeni illiyi də var, hər şeyi də var. İnsanlığın varlığını bayram edən Asif Ata Novruz bayramını qəbul eləsə də, əminəm, gələcəkdə Novruz bayramı İnsanilik bayramı ilə birləşəcək. Onun yaxşı nəyi varsa, elə İnsanlıq bayramında qalacaq. Bu, dünyada gedən bir sürəcin göstəricisidir, sonucudur. Belə olmalıdır, belə olacaq. Biz özümüzün başladığımız işin anlamını dərindən bilirik, onun qiymətini də dərindən bilirik, onun qiymətinin bənzərsiz olduğunu da çox yaxşı dərk edirik. Mənim də Ocaqçılardan umduğum bir şeydir, öz durduğunuz mövqeyi dərk eləyin, onun qədrini bilin. Yaşatdığınız, yaşatmaq istədiyiniz hər bir məsələni anlayın, onun qədrini bilin. Toplumun çaldğı havaya biz oynaya bilmərik. Zaman-zaman toplum bizim çaldğıımız havaya oynayacaq, oynamalıdır.
Yeni il mərasimi daha dərin məzmun daşıyır. İnsanlığın yeni ili hesabat istəyir. Bu hesabat insanın öz ilinə sunacağı düşüncələrdir. Öz ilinə, öz ili qarşısında söyləyəcəyi ömür yoludur, düşüncələridir. Bunu hər bayramda, hər mərasimdə demək gərəkdir. Ocağın insanla bağlı yaşatdığı prinsiplərdən biri özünüyaratma yoludur. Özüylədöyüş ideyasıdır. Özüylədöyüş ideyası insandan mütləq diqqət istəyir. Özünü öyrənmək, içindəki adamlığı biryolluq ömründən, yolundan qırağa qoymaq. Adamlıqla sabaha getmək olmur. Addımlamaq olmur. Adamlıq ağır yükdür, faydasız yükdür. Bu yüklə zirvələr fəth etmək, aşmaq olmur. Ona görə də adamlığı ömürdən, içəridən silmək gərəkdir. Hər an iş bu olmalıdır.
Xristianların etirafları var. Kilsədə günahlarını boynunaalma ideyası var. Bu ideya mənfur ideyadır. Mən elə hesab edirəm. Niyə? Çünkü insanı küçümsəyirlər, insanı balaca sayırlar. İnsan kilsə qarşısında, kilsə ruhaniləri qarşısında günahını boynuna alır. Əslində günahı boynunaalma zamanı insan “cılızam, balacayam, günahlıyam” deyə hesabat verir. İnsanın balacalaşması, kiçilməsi anlamı daşıyır. Gərək insan özünün içindəki böyüklüklə üz-üzə gətirilsin. İnsan öz içindəki böyüklük qarşısında günahını boynuna alsın. Onda insan içəridən böyüyə bilər. Başqasının qarşısında boynunu büküb də günahını boynuna alarkən insan böyümür. Başqalarından mərhəmət istəyir, özü balaca qalır. Öz içində böyüklüyü tapmalısan, onun qarşısında günahlarını döyməlisən. Asif Atanın özüylədöyüş ideyası ilə xristianlığın boynuna alma ideyası arasında belə böyük fərq var. Əslində onlardakı heç özüylə döyüş deyil. Özünü yazıqlama var. Kilsə ruhanilərinin qarşısında özünü kiçik düşürmə var. Allah qarşısında cılız düşmə var. Görürsünüzmü 2 min ildir bəşəriyyəti necə cılız saxlayırlar. Görürsünüzmü Asif Ata insana nə qədər böyük yol açır, özüylədöyüş ideyasıyla. Yeni ilimizdə insanın özü qarşısında daşıdığı sorumluluğu budur. Mən hansı ili bayram edirəm?! – Qurduğum ömür var. Qurduğum ömrün hesabatını verirəm. Qurduğum ömrün gözəlliklərini bayram edirəm. Göstərin Avropanın il dəyişmə bayramında insanın fərəhini mənə. Göstərin mənə insanın böyüməsini. Yoxdur. Uşaq sevinci var orda. Qartopu oynama sevinci var orda. Yolka bəzəmə sevinci var orda. İçinin böyüklüyünü kəşfeləmə sevinci yoxdur. Tanıma sevinci yoxdur. Sən burda özünün kimlyini anlayırsan, dərk eləyirsən. Qurursan, yaradırsan. Onun bayramını edirsən. Necə yaşadım, kim idim, kim oldum, nəyi bayram edirəm?! – Ömürdə yaratdığı gözəllikləri bayram edə bilərsən. Xalqa verdiyin gözəlliklərin anlamını bayram edə bilərsən. İzharlarının gözəlliklərini bayram edə bilərsən. Yetdiyin, harayladığın mənanın gözəlliklərini bayram edə bilərsən. Bizim bayramımızın anlamı budur.
Bizə deyirlər, sizin ideyanız gözəldir, dinlə döyüşməsəniz. Mən dinlə boşuna döyüşmürəm axı. Mən səni böyük görmək istəyirəm, din səni balaca görmək istəyir. Neyləyim, döyüşməyim? Mən sənin üzərində döyüşürəm dinlə. Mən Hürmüzdlük edirəm. Əhrimən sənin varlığına girir, mən seyr eləyə bilmirəm onu. Döyüşməliyəm. Allah sənə aqibət yaradır, özü də çox pis aqibət yaradır. Sən də onunla barışırsan, onu qəbul edirsən. Fantastikcəsinə, xülyacasına.
Əslində bəşəriyyət hər an Allaha qarşı çıxır. Özlərinin ağlında yaratdıqları Allaha qarşı çıxır. Ancaq bunu dərk eləmirlər. Oğrunu ittiham edir, canini ittiham edir. Əyyaşı ittiham edir. Ancaq bir dəfə özünə sual vermir ki, bu ittiham elədiklərimin taleyini axı Allah bəlli edir. Bu aqibəti ona Allah verib də. Adamı ittiham edirsən, oğrunu ittiham edirsən, əslində Allahı ittiham edirsən. Əslində Allahı rədd edirsən. Bunu sənə deyəndə də ağzını əyirsən ki, Allaha qarşı söz demə. Allaha qarşı sən çıxırsan da. Sən çıxırsan mən də onu təsdiq edirəm. Mən səni öyrədirəm. Öyrətdiyimi qəbul eləmirsən, ancaq cəfəngiyyatı qəbul edirsən, öz fəlakətini qəbul edirsən… Bu açıdan deyirəm, biz niyə döyüşürük, nəylə döyüşürüksə, onu anlayırıq, dərk edirik. Bunu topluma anlatmaq istəyirik. Alındırmaq istəyirik. Sənin azadlığın üçündür bu. Sənin hakimiyət eybəcərliyindən azadlığının da yolu budur. Siyasət eybəcərliyindən azadlığının da yolu budur. Cəfəngiyyat, cəhalət eybəcərlyindən, əsarətindən azadlığının da yolu budur. Azadlığın ayrı anlamı yoxdur. Dinin yaratdığı cəhalət həyatımızın bütün sahələrində cəfəngcəsinə qorunur, yaşadılır. Dinin yaratdığı cəhaləti siyasət başa taxır. Asif Ata nə istəyir?! Oyunlardan çıxın deyir. Toplumun yolu, yönü ölümə doğrudur. Biz ona yaşamaq yolu öyrətməyə çalışırıq. Yaşamağın yolunu da belə oxullar yaradır. Sən gedib Bakı Dövlət Universitetində, İqtisadiyyat Universitetində, Diplomatiya universitetində belə şeylər öyrənmirsən, öyrənə bilmzəsən, o boyda adlı-sanlı akademiyalar, universitetlər sənə nə verib, nə öyrədib?! Sənə hansı biri insanlığın yolunu öyrədib?! Hansı biri sənə İnsanlığın yolundakı əngəlllərlə döyüşmək öyrədib?! Səni daha da əngəllərin içinə çəkir. Ağlını, düşüncəni əngəllərin içinə çəkir… Dünyanın heç yerində belə bir oxul yoxdur ki, o oxulda sən insana gərək olan ucalıq yaradasan, onu qoruyasan. Bizi sürüyürlər qəliblərin içinə, yalançı sivilizasiyalar uydururlar. Bu sivilizasiyalarda bizi oyunun içinə soxurlar. Sosializm qəlibindən çıxdıq guya, çıxmamışıq. Kapitalizm qəlibindən çıxdıq guya, çıxmamışıq. Adını demokratiya qoyurlar. Guya quruluşun adı demokratiyadır, pulçuluq deyil, kapitalizm deyil. Nə qədər ki, bizi qəlibin içinə çəkirlər, qəlibin içində saxlayırlar, hər hansı bir gəlişmədən danışmaq mümkün deyil. Guya sosializm devrildi, nə baş verdi, toplum dinə qayıtdı. Ocaq isə sosializm dönəmində nəyi deyirdisə, yenə onu deyir. Toplum pulçuluğa qayıtdı. Ocaq sosializm dönəmində nəyi deyirdisə, yenə onu deyir. Toplum sürüçülüyə qayıtdı. Ocaq sosializm dönəmində dediyi azadlığı yenə də deyir. Görün, Ocağın sözündə, məntiqində dəyişiklik olubmu? Olmayıb. Zamanın havasına oynamadı Asif Ata. Zaman hər dəfə insanın qarşısına bir cür qəlib çıxarır. Hər dəfə bir cür qəlibə soxmağa çalışır insanı. Asif Atanın yaratdığı İnsanlıq yolunun Yeni İli ona görə bayramdır. Ona görə qutsaldır. Bayaq dedim, Xristianlığın yeni ilində qutsallıq yoxdur. Çünkü oyun var. İslamın yeni ilində, təqvim dəyişməsində qutsallıq yoxdur, çünkü oyun var. Heç bir gedişdə, siyasətin yaratdıqlarında, sevincində insana uyğun, insana layiq heç nə yoxdur. Çünkü oyun var. Oyun olan yerdə insanlıq məğlubdur. İnsanlıq – oyuna düşənlərin həyatında məğlubdur. İnsanlıq bütövlükdə məğlub deyil. Kim ki oyuna düşüb, onun həyatında məğlubdur insanlıq. Oyuna düşənlər İnsanlıq yolundan sapıb, məğlub olub… Bizim öyrənəcəyimiz, öyrədəcəyimiz ucalıqlar bunlardır. Yaşamaq, yaşatmaq, sabaha çatdırmaq. Əgər insan kimi özünü duymaq istəyirsənsə, əgər doğrudan da, sevinmək, fərəhlənmək istəyirsənsə, əgər doğrudan da, məna üstə yaşamaq istəyirsənsə, doğrudan da, azad yaşamaq istəyirsənsə, düşüncələrinin sağlam olmasını istəyirsənsə, onda Asif Atanın İnsanlıq bayramının öyrətdiklərini hər gün özünə deməlisən. Uyğunlaşmaq yox, uyğunlaşdırmaq gərək. Cəmiyyətə uyğunlaşmaq yox, cəmiyyəti uyğunlaşdırmaq gərək. Hər yerdə. Hər yerdə mən sizə dediyimi deyirəm. Doğru bildiyimi hər yerdə deyirəm. Doğru susmamalıdır. Doğru susanda, yalan danışır. Doğru susanda, oğru danışır. Eybəcərlik danışacaq. Həyatın qulağı eybəcərliklə dolacaq. Yalanla dolacaq. Ona görə hər yerdə biz doğru bildiyimizi ləyaqətlə, vüqarla deməliyik. Vüqardır yolu Ocağın. Mən sizə yeni ildə, Yeni İl bayramımızda deyəcəyim sözüm budur. Bunu sakit desəm də, içimdə çox ciddi eşq var. Enerji var, güc var.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!
Nurtəkin Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): 41-ci ildə hər zamankı kimi çox əməllərimiz var. Öncə Ocaq Yükümlüsünün davamlı xalqlaşmasından, əməllərindən danışmaq istərdim. Hara getsə, harda olsa, Ocaq yönlü söhbətləri ilə, diqqətləri milli, insani qonulara yönəltməsi ilə, insanları düşündürüb. Onun hər Borçalıya gedişi Ocaq səfəri olub. Ordakı insanlarla söhbət etməsi, ədəbiyyatlar bağışlaması Ocaq əməlidir. Soylu Atalı internetdə, sosial şəbəkələrdə davamlı yazıları ilə diqqətdə olur. Ocaq tədbirlərində halımızı kökləyən, bizi əməllərə səsləyən, Ocağın yükünü ən çox çəkən də odur.
Çiçək Ayında Nəsiminin 650 illiyi ilə bağlı Ocaqçıların, Ocaqdostlarının qatqısı ilə tədbir keçirildi. Tədbir kitablaşdırıldı, Saytlarda yayımlandı.
Günevin xalqlaşma əməlləri də davamlıdır. İllərlə davam edən söhbətləri, sabit Ocaq əhvalı ilə, insanların düşüncəsini dəyişir. Yaşadığı kənddə, yaxın bölgələrdə ardıcıl xalqlaşma əməlləri ilə içindəki Amal eşqini yaşadır. Amal Evindəki tikinti işləri də onun Ocaqçı ləyaqətinin, özündənkeçməsinin təsdiqidir.
Güntayın getdiyi yerlərdə imkan olduqca xalqlaşma söhbətləri olub. Ocaqgüzarlıqları onun fərəhini yaradır.
Göylünün də özünəxas əməlləri olub. Ocaq tədbirlərinin kitablaşdırılması, Mərasimlər, Tədbirlər kitablarının hazırlanıb Ocağa hədiyyə olunması onun fərəhləri deməkdir. Ocaq Günsırasının hazırlanması da onun əməlidir.
İlimizin uğurlarından biri də Bilənin Ocağa gəlişidir. Bilənin Ocağa gəlişində Soylu Atalının əməyi böyükdür. Onun içindəki Ocaq sevgisinin artması ailəsinə də yansıyıb. Həyat yoldaşı Şəfanın Ocaq Yükümlüsü ilə söhbətləri, bu söhbətləri yazıya köçürməsi ləyaqətli əməllərdəndir. Üstəlik Ocaq kitablarını ardıcıl oxuması da, Soylu Atalının onu, öyrətməni kimi, böyütməsi ilə bağlıdır.
Türkelin ardıcıl Ocaq tədbirlərini kitablaşdırması, Ocaq tədbirlərinə hazırlığı, düşüncələri də təqdirəlayiqdir.
Ulusəsin Ocaq həyanlığı, tədbirləri evində həvəslə keçirməsi, adamlar çağırması Ocaq fərəhləridir.
Mən – Nurtəkin Atalı, bu ilimizin Od Ayında Quba-Xaçmaz bölgəsinə səfər etdim. Getdiyim Kitab Evlərində, Tarix-Diyarşünaslıq Mərkəzlərində söhbətlər etmişəm. Ocaq tədbirlərini kitablaşdırmışam. Saytla bağlı işləri görmüşəm.
Əməllərimiz var, olacaq. Sadəcə daha çox ola bilərdi deyə bilərəm. Ocaq tədbirlərini, bayramlarını keçirmişik. Adamlar dəvət etmişik. Ata haqqında sənədli film hazırlanıb, Soylu Atalı, mən, orda söz dedik. Soylu Atalını internet televiziyalardan da dəvət ediblər, verilişlər hazırlanıb. Yeni yazılarla hər zaman saytlarda çıxış edib.
Yeni ilimizdə yeni uğurlar arzulayıram Ocağa da, özümə də!
Güntay Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Öncəliklə İnsaniliyin yaranma tarixini qutlayıram, bütün insanlar üçün qutlu olsun. Yaxşı olardı, bütün insanlar bu olaydan tezliklə hali olardı, insan bu dərddən, bəladan qurtulmağı düşünsün. Mənasına uyğun yaşam biçimi formalaşdıra bilsin. Asif Atanın dünyaya sunduğu, insanlara sunduğu yaşam sistemi insanları qurtarmaq üçün düşünülübdür. Bəşər övladı tərəfindən insanları qurtarmaq üçün düşünülübdür. Soylu bəyin vurğuladığı kimi, insan yalnız özü-özünü qurtara bilər. İnsana qıraqdan kömək gəlməyib, gəlmədiyi kimi gəlməyəcək də. Bayaq Soylu bəy çox gözəl vurğuladı. Hegemeon basqılardan biri olan xristianlıq dinində insan kilsədə, məhdud varlığın, bəlkə də özündən aşağı varlığın qarşısında öz günahlarını etiraf edir, ondan mədəd umur, onunla özü arasında bağlantı kimi ona status uydurub 100 illər öncə, insanın ağlında yara kimi qalmaqdaddır. Bununla insan heç bir yerə gedə bilmir. Asif Atada da üztutma var. Ancaq Asif Atada, “Mütləq” izharında, insanın öz işindəki Mütləqə üz tutması var. Orda deyir, yanında cılızam, adiyəm, naqisəm, nöqsanlıyam. Qolumdan tut, qaldır məni. Müqəddəslik suyunda çimizdir. Necə varamsa, azam. Bu cür üztutma var. Bu cür üztutma özündən qıraqdakına deyil, özündəkinədir. Bu sözlə, bəlkə də bəsit ifadə olunur hardasa. Ancaq sözün anlamına girəndə dönüşün hansı dərəcədə olduğunu insanın ağlı hardasa kəsdirir. İnsan dərk eləyir, hansı anlamda orda dönüş var. Bu, onlar deyən deyil. Onlar deyənə bənzəmir. Kimlərsə xilas üçün nəsə deyiblərsə də, onlar deyəndən deyil. Tamam başqa yoldur. Tamam başqa səpgidir. Yəni mən elə sözümün əsnasında bilmirəm yeridir, yeri deyil, ancaq insanlığın faciəsi olduğu üçün yeridir deyə düşünürəm. Bu yaxınlarda Türkiyənin, bir neçə gün öncə, İdlibdə verdiyi böyük itkilərə – əsgərlərin ölümünə görə üzüntümü bildiririəm. Niyə misal çəkirəm bunu? Bir insan özünə əgər hakim deyilsə, öz içindəki eqoizm vurub dışarı çıxıbsa, onu ruh yox, eqoizm idarə edirsə, kin-küdurət idarə edirsə, başqa güclər onun başına ip salıb meymun kimi oynadacaqlar. İşin qorxulu tərəfi budur ki, o insan bir millətin seçilmiş və ya təyin olunmuş başçı məqamında oturan, o milləti təmsil edən bir şəxs ola. Böyük fəlakət bundan gəlir. Necə ki türk evlərinə düşən odlar bunu göstərdi. İnsanın özünə hakim olması insanın azadlığıdır. İnsana xoş olması – gərəkən həyatı yaşamasıdır. Olması gərəkən həyat yaşadğımız həyatdırmı? Xeyr. Bu deyil. Ona görə məhz hansı məqamlarda oturan deyil, hansısa məqamlara onu çıxaranlar önəmli olur. Bunlar öz taleyi ilə barışmışlar. Ona görə Asif Atanın sisteminə hansı yöndən baxsan, görürsən dünyada hər kəsin buna ehtiyacı var. İnsanın xilasıdır. Uzatmıram. Bir daha Günəş Ayının qutlu tarix olduğunu dərk eləmiş bir insan kimi qutlayıram. Bütün insanların nə vaxtsa xilas olacağı ümidi, arzusu ilə yaşamıma davam etmək istəyirəm. Sayımız azdır. İmkanlarımız məhduddur. Ancaq bu yoldan sapmamaq əsas şərtdir. Çünkü dünya qaraldıqca, həyat qaraldıca Ocaq ağarmalıdır ki, xilas yetişsin. Ocaq bu yolda sabitliyini, monolitliyini qoruyub saxlamalıdır. Soylu bəy deyir, biz münəccim deyilik. Nə vaxt diqqətlərə daha açıq şəkildə otura biləcəyik, onu bilmirik. Ancaq bizim borcumuz bu sistemi, bu ölçünü qoruyub saxlamaq, daim özümüzdən sonrakılara ötürməkdir. Var olun.
Atamız Var olsun!
Ulusəs Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Mənim üçün həmişə bütün tədbirlər, mərasimlər önəmli, sorumlu olub. Mən bəlli vaxta qədər bu mərasimlərə ciddi hazırlaşırdım. Günlərlə, saatlarla hazırlaşırdım. İndi durum dəyişib. Mən elə bir hazırlıq aparmıram öz üzərimdə. Ancaq demək istəyirəm, bayramımız qutlu olsun. Bu bayramı 5-3 adam keçirə bilər. Ancaq bunun sonrası var. Məndən həmişə soruşanda sən həyatında özünə nə arzulayarsan?! Deyirəm, özümə bir şey arzulayıram. Dünyanı xilas görmək istəyirəm. Ondan məmnun qalıram ki, dünyanın xilasını düşünən bir Yolumuz var. Mən də bu Yola bağlıyam. Dünyanın yükü həmişə 5-10 adamın üstündə olub. Ona görə usanmaq gərək deyil 5-10 adamıq. Ocaqçılara can sağlığı diləyirəm işi yerinə yetirə bilsinlər. Hamıya sevgiylə dolu qutlu illər diləyirəm. Bu gün doğrudan da qutsal gündür.
Bilən Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Mən təsadüf sonucunda, Soylu Atalıyla tanış olduqdan sonra, Ocaq haqqında, Asif Ata haqqında bilgili oldum. Özümü bu yolda tapdım. Millətimi, ümumilikdə bəşəri qurtaracaq bu yolda olduğuma görə çox fərəhliyəm. Qısa müddətdir Ocağa Evladam. Bacardığım qədər bu yolda addımlar atmağa çalışıram. Bu gün Yeni ili sizlərlə qeyd etmək mənimçün çox xoşdur. Bu ili mən daha çox öz üzərimdə çalışacam. İnanıram, biz türk, olaraq bu dünyada öz ruhani yerimizi tutacağıq. Gözəl sabahımız olması üçün Ocağı yaşatmalıyıq. 42-ci ilin daha uğurlu addımlarla gəlməsini arzulayıram, buna inanıram.
Soylu Atalı: Sənin evin, ailən çox uğurlu evdir, ailədir. Sizin içsəl birliyiniz var. İdeya birliyiniz var. Onu qoruya bilsəniz, onun gələcəyi Ocaq üçün də, xalq üçün də söz deyəcək, iş görəcək.
İkinci, sənin içindəki ziyalılıq. Bunu artırmalısan, böyütməlisən, Ocaq şəxsiyyətinə çevirməlisən. İçində inam var. Qoru o inamı. O inam sənə yeni üfüqlər göstərəcək. Sənin hər dəfə Göyçaydan durub Bakıya gəlməyin içindəki İnam adlanan gücün sayəsində baş tutur. O inam nə qədər sənin içində var, sən güclü olacaqsan. Nə qədər sən güclü olsan da, güclü olduğun sürədə də sənin gücünə güc qatılacaq. Ona görə sənin bu yöndə düşüncələrin də genişlənəcək. İdrakın da böyüyəcək. Mənə elə gəlir, sən Ocağın Evlad qarşısında qoyduğu tələblərlə yüklüsən. Yəni sənin içində Ocaq tələblərinə cavab verməyəcək bir gücsüzlük yoxdur. Bunu mən görmüşəm, bilirəm. Uzun müşahidələrdən sonra, izləmələrdən sonra belə br sonuc sərgiləyə bilərəm. Ancaq hər şey sənin özündən asılıdır. Özünə yiyəliyini qoruya bilsən, sən öz gücünü qoruyacaqsan, sənin gücün də Ocaq adlanan ruhaniyyat məktəbinin bir öyrətməni kimi təsdiqini tapacaq. Genel olaraq, İnam məsələsi isbat istəyir, sübut istəyir. Məsələn, bu sübut müsbət yöndə də ola bilər, mənfi yöndə də. Məsələn, müsəlman Allaha köləlik edir. Bu köləlik onun Allaha münasibətinin isbatıdır. Bizim Ocaq qarşısında, Ata qarşısında, Mütləq qarşısında sorumluluğumuz var. Biz bu sorumluluğu vüqarla dərk edirik. Vüqarla da yaşamaq istəyirik. Bu da bizim Mütləq qarşısında olan sübutumuzdur. Vüqar bizim sübutumuzdur. Biz insanlığın yaşaya biləcəyini sübut edirik. Bizdən qıraqda heç kim insanlığın, olduğu kimi, yaşamasına inanmır. Hamı düşünür ki, dünyanı idarə edən böyük dövlətlər var. Hamının ağzında saqqız olan massonizm var, o var, bu var, axı biz neyləyə bilərik?! Heç kim dərk eləmir, insanlığın qarşısında bütün “izm”lər cılızdır. Məni “izm”lər fiziki olaraq ortadan götürə bilər. Ancaq mənim şüurumu, düşüncəmi dəyişə bilməz. Biz nə qədər qorxu içində yaşayırıq, qorxağıqsa, cılızıqsa, insan olaraq, nə qədər balacayıqsa, “izm”lər bir o qədər güclüdür. “İzm”lərin gücü insanlığın yoxluğunda görünür. İnsanlığın varlığında “izm”lərin gücü deyə bir şey qalmır. Cin, şeytan insanların qorxusunda mövcuddur. Gerçək olaraq cin-şeytan deyə bir şey yoxdur. Bu, qarabasmadır. Bu qarabasma bizim şüurumuza yeridilib. Həmən “izm”lər hallüstinasiyadır. İnsanda o “izm”lərin təzahürü hallüstinasiyadır, ayrı şey deyil. Bu millətin canına, şüuruna yeridiblər. Sənin varlığındakı qorxuya bağlıdır, cılızlığa bağlıdır. Fəalsızlığa bağlıdır, ağzın söz tutmur, ona bağlıdır. Beynin düşüncə tutmur, ona bağlıdır. Ürəyin sevgi, sevinc tanımır, ona bağlıdır. Vətən bimirsən, millət bilmirsən, ona bağlıdır. Meşşansan, ona bağlıdır. Çıx meşşanlıqdan, çıx o dediyim balacalıqlardan, ürəyini təmizlə. Gör sənin ürəyin elə bir “izm” qorxusu qəbul eləyir, eləmir. Hamısı bizim üzərimizdə hakim olan dini, siyasi gedişlərin etkisidir. Ona görə Asif Ata ruhaniyyat yaratdı. Allah anlamını diriltmək üçün yaratdı. Bizə verilən yol, yön doğru deyil axı. Mən Allaha inanıram da, bədbəxt oluram, inanmıram da, bədbəxt oluram. Allaha inanıram da, zədə götürürəm, inanmıram da, zədə götürürəm. Belə şey ola bilməz. Allaha inanıram, bir cür zədə götürürəm, inanmıram başqa cür. İnanıram, zədə götürürəm, çünkü bu inandığım Allah Allah deyil. Qorxunc bir şeydir. Əzazil bir şeydir. Məni kölələşdirir, mən onun qabağında mütiyəm. Öz üzərimdə belə fantastik bir qorxu yaratmışam. Onun köləsiyəm. Bütün varlığım, mənəviyyatım zədə götürür. Allah anlamına, mənasına inanmıram, bivec oluram, ateistcəsinə, biganə oluram. Yenə mənəviyyatım zədə götürür, yenə varlığım zədə götürür. Mən Allaha inananda da, inanmayanda da varlığım zədə götürürsə, demək Allah yanlış ortaya çıxarılıb. Yanlışdan imtina eləmək gərəkdir. Asif Ata bu yanlışı ortadan qaldırmaq üçün yaradıb bu ruhaniyyatı. Mütləqə İnam odur ki, yanlışlar ortadan qalxsın. İnsan zədə götürməsin. İnsan özünü tapsın… Yaratdıqları, ortaya gətirdikləri nə varsa, ideya, düşüncə, yön, yol, siyasət, partiya, hamısı insanı zədələyir. Hamısı varlığımızı, kimliyimizi zədələyir. Asif Ata ona görə böyük oxuldur. Ona görə qutsaldır. Burda bütün bunların hamısından mən azad oluram, azad olmuşam. 30 ilə yaxındır, mən bunun ardınca gedirəm. Bu zədələrdən qurtarmışam. İçim sağlamlaşıb.
Allaha inananda da zədə götürürəm, inanmayanda da zədə götürürəm, yəni görün biz insan olaraq nə duruma gətirilmişik ki, sevinə də bilmirsən, kədərlənə də bilmirsən. Ağlaya da bilmirsən, gülə də bilmirsən. İnana da bilmirsən, inanmaya da bilmirsən. Belə həyat olmaz axı. Belə varlıq olmaz. Ona görə yaşasın Ata.
Bu yaxınlarda keçmiş bir Ocaqçı feysbukda status yazmışdı. Asif Atadan soruşub ki, necə olur, B.Vahabzadə də millətin yaxşılığını istəyir, siz də istəyirsiniz, yəni Ata. Ancaq Bəxtiyar Vahabzadə sizin çəkdiyiniz zillətləri çəkməyib, təqib olunmayıb. Yazır ki, obrazlarla danışmağı sevən Asif Ata özünəxas cavab verir: oğul, bu ondan irəli gəlir ki, Bəxtiyar həm millətinin bəxtiyar olmasını istəyir, həm də özünün bəxtiyar olmasını istəyir. İkisi bir yerdə tam doğrulmur.
İndi bizim yolumuzda belə çalarlar var. Biz millət üçün yaşayırıqsa, özümüzün şəxsi yaşamımızda hansısa durumlarımız əzilə bilər, zədə götürə bilər. Ancaq bizim mənəvi varlığımız isbatını tapır. Xoşbaxtlığımız təsdiqini tapır. Xoşbaxtlıq insanın özündən keçməsindədir. Daha böyük mənalarda özünü tapmasındadır. Böyük əməllərdə, hünərlərdə özünü tapmasıdır. İnsanın təsdiqi budur. Nə qədər ki sən küncə qısılırsan, məişətə qısılırsan… Asif Ata demir məişət pis şeydir. Deyir, ömrünü məişət yeyəndə pis şeydir. Ona görə deyir, Bəxtiyar həm özü bəxtiyar olmaq istəyir, həm də millətinin bəxtiyar olmasını istəyir. Bütün məsələ ondadır, Asif Ata bizə bu həqiqəti öyrədib, bu yolu öyrədib.
Bu, mənim mərasimi sonlandıracaq sözüm. Əgər başqa sözü olan yoxdursa, mərasimimizi bitirək. Özünüzü yaradın, qoruyun. İşimizin, yükümüzün altına girin. Əməlsiz olmayın ki, fərəhsiz də olmayasınız. Yeni ilimizdə yeni əhvallar diləyirəm hər birinizə.
Atamız Var olsun!
Sonra Göylü Atalınnı 42-ci il üçün hazırladığı Günsıra vizitləri sunuldu.
Ocaq Yükümlüsü Yol Sözü ilə Evladlıq Nişanələrini sundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatdı.
Çiçək Ayı, 42-ci il. Atakənd.