Xəbərlər

Qutsal “Yeni İl” Törəni

Ocaq Günsırası ilə 1 Günəş Ayı, 43-cü ildə (mart, 2021) Asif Atanın  Mütləqə İnam Ocağı “Yeni İl” Törənini həyata  keçirdi.  Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ocaq Günsırası ilə 43-cü ilimiz xoş gəldi. Qutsal Günümüzdə Ocaqda ölənlərimizi, Ocaqda əbədiləşənlərimizi anırıq: Sabahlı, Bağban, Amaltay bizimlədir.
İndi Qutsal Günümüzün məzmununa yönəlik bir neçə söz deyək. Dünya əyri dünyadır. Əyri dünyanın içində sağlam bir ideya var, o da Asif Atanın Ocaqçılıq ideyasıdır. İllərdir biz dünyanın ruhaniyyat sisteminin tarixini, bu gününü öyrənirik. Dünyanın nizamının, gedişinin anlamından qat-qat aşağı olduğunu görürük, izləyirik. Dünyanı anlamına uyğun tanıdan,  buna ruhani təpərlə çalışan Asif Atanın “Mütləqə İnam”  Ocağıdır. Ona görə Ocağın ləyaqəti qorunmalı, yaşadılmalıdır.

 

Ocağımızın qurallarına görə Törəni Ocağa Evlad qəbulu ilə başlayırıq. Asif Atanın ölümündən sonra Ocağa bir neçə Evlad qəbul etmişik. Gücü çatan, yola, əqidəyə bağlı olan adam öz ləyaqətini Ocağın tələbində qurur, yaşadır. Gücü çatmayan Ocaqdan qırağa durur. Ata deyərdi, “gələnə xoş gəldin, gedənə xoş getdin” demək gərəkdir.  Ocağın ləyaqəti o qədər ucadır, onu Ocaqdakı insanların sayı ilə tutuşdurub sevinmək olmaz. Kim qala bilmirsə, Atanın Ruhani ələyində ələnəcək.

Baxmayaraq, biz bir neçə aydır, Göytəkini Ocaga qəbul etmişik. Ancaq pandemiya səbəbindən onu mərasimdə Asif Atanın Ocağına sunmamışıq. Atanın Ruhani qanunlarına görə, Ocağa Evlad qəbul edilərkən, o, öncə Atanın qarşısında olur, dinləyir, Atadan ad alır. Ondan sonra yaxında keçiriləcək törəndə Ocağa tanıdılır. İndi Atanın fiziki qarşısı olmasa da, Ruhani qarşısı var, bu da onun Ocağıdır, mərasimləridir. Biz hər törəndə (biz “mərasim” sözünü də, “törən” sözünü də yanaşı işlədəcəyik) Asif Atanın qarşısında oluruq. Ancaq Ata fiziki yaşamadığına görə, Evlad qəbulunu Ocaq Yükümlüsü gerçəkləşdirir, sonra onu Ocağa sunur. Bu çağa qədər, Ocağa qəbul etdiyimiz üçün, Göytəkin Ocaqçıdır. Ocağa indi sunmağımız bu çağa kimi onun tam Ocaqçı olmaması anlamına gəlməz. Mən fərdi görüşdə anlatma yönündən dediyim düşüncələri burada təkrar etməyəcəm, Göytəkindən Ricasını, Ata Andını, Bayraq Andını dinləyək.

(Göytəkin Atalı Ataya səcdə edib Bayrağı öpür – G.A.):

Rica:

Mütləqim, Müqəddəsim, peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə!
Mən Teyyubova Şəfa Ramiz qızı 1992-ci il iyun ayının 21-də Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olmuşam. Məni Ocağa gətirən səbəb odur ki, axtardığım həqiqətləri burda tapıram,  xilas yolumuzun Asif Ata Yolu olduğuna inanıram. Ədalətin bərqərar olması, uğurlu gələcəyin qurulması üçün bu yolda addımlamağı seçirəm. “Mütləqə İnam” Ocağının Yükümlüsü Soylu Atalıdan rica edirəm, məni Ocağa qəbul etsin.

Ata qarşında and içirəm ki:
Mütləqə İnam uğrunda,
Kamil İnsan uğrunda,
Müstəqil Vətən uğrunda,
Ruhani Cəmiyyət uğrunda,
Özümlü Şərq uğrunda,

Ləyaqətli Bəşər uğrunda son nəfəsimə qədər Ruhani Mübarizə aparacağam. Ömrüm sənindir Ata! Onu götür, istədiyin kimi sərf elə! Ocağımızın Odu sönməzdir! Andıma xilaf çıxsam, özümü ölmüş bilərəm.

Soylu Atalı: Asif Atanın sağlığında da, ölümündən sonra da, 200-ə yaxın insan Ocağa Evlad olmaq üçün üz tutub. Ancaq bu gün çox az sayda adam var Ocaqda. Qıraqda özünü Ocaqçı sayanlar day ox deyil, bu gün bu məsələni hallandırmağımız gərək deyil. İnsan gəlir, özünə yol seçir, mən bu yolu getmək istəyirəm, əqidə adamı olmaq istəyirəm, mənəviyyat insanı olmaq istəyirəm, Ruhani Mübarizə aparmaq istəyirəm, xalqın öz mahiyyətinə yüksəlməsinə qatqı göstərmək istəyirəm, öz mənama çatmaq üçün özümlə döyüşüb özümü kamilləşdirmək istəyirəm, bəşər evladı olaraq, bəşər varlığına ruhani qatqı göstərmək istəyirəm deyir, and içir. And içmək məsələsi önəmli bir məsələdir, insanı sorumlu saxlayır, insanın içini ayıq saxlayır. Ancaq insanlar andı içir, sonra heç nə olmayıbmış kimi çıxıb gedir. Heç nə olmayıbmış kimi getmək ölümə getməkdir. Mənəviyyatın ölümünə getməkdir. Mən hələ Ocaqdan çıxan, ya da çıxarılan elə bir adam görmədim, o öz insani, mənəvi varlığını axıra qədər qoruya bilsin. Tək-tək adamlar ola bilər, bizim izləyə bilmədiyimiz mərifətli qalsın. Ancaq çoxluq tamamilə çökür. Çünkü insan gəlib and içir, sonra heç nə olmayıbmış kimi çıxıb gedirsə, əgər anda tüpürə bilirsə, demək, onun üçün heç bir ölçü yoxdur, heç bir mənəvi kriteriya yoxdur. O heç yerdə özünü mənəvi olaraq qoruyub saxlaya bilməyəcək. Bayaq dediyim kimi, Ocağa niyə gəlirəm, nələrə qatqı verməyə gəlirəm, eyni halda, mən onun üçün yaşayacağıma and içirəm, söz verirəm. Asif Ata deyirdi, mənə yüz Evlad verin, bütün bəşəriyyəti dəyişim. Yüz Kamil Evlad istəyirdi. Ocaqçılara onu da deyirdi, kamillik bizdə ölçü deyil. Siz bir-iki ilə kamilləşməlisiniz. Bizim əsas işimiz kamilləşmədən sonradır. Buna görə ömrün, doğrudan da, yönünü dəyişmək gərəkir, ciddi olaraq, andın arxasında durmaq gərəkir. Bir ildən çoxdur, Göytəkin Ocağı, bizi tanıyıb. Bir neçə aydır Ocağa Evlad olub. Bu vaxt içində mən onun yaşamını, ömrünü izləmişəm. Onun ömrü özünü doğruldur, doğrultmaqdadır. Arxayınlaşmamaq, kamilləşmək gərəkdir. Ocaq kamilliyi qadın-kişi arasında seçim eləmir. Ocaq kamilliyi insani kamillikdir. Sənə uğurlar, başarılar diləyirəm.

İkinci bir məsələmizi gündəliyə gətirək. Ocaq həyatında baş verən, sizin hər birinizə bəlli olaylar var. Onları sadalamağa gərək görmürəm. Ocaq tarixində də yazılıb. Ocağın bölünməsi, parçalanması kimi hallar yaşadıq. O zaman bir sıra adamlar heç nə olmamış kimi qırağa durub öz həyatlarını yaşamağa getdilər. Bəzi adamlar küsdülər. Gedişdən razı qalmadılar, eyni zamanda özlərində elə bir fərdi güc tapmadılar. Ona görə incidilər, qırağa durdular. Öz amaldaşlarından incidilər. Ocaqdan incimədilər, Atadan incimədilər. Bu nə dərəcədə doğrudur, doğru deyil, bunu gələcək özü mühakimə edər. Biz indi mühakimə etməyək. Amaldaşların, eləcə də, Soylu Atalının suçu hara qədərdir, onu gələcək mühakimə edəcək. Mən özüm özümü mühakimə etmişəm. Gələcəyə də ürəyimin qapıları açıqdır. Biz üstündən illər keçsə də, Ocaqda Yurdtəkin Atalı adı ilə olmuş qardaşımızı yenidən tapdıq. Hamımızın, eləcə də, qardaşımızın birgə istəyi oldu, bundan sonra qardaşımız Ocaqda öz ruhani ömrünü davam eləsin. Biz də bunu qəbul elədik. Ocaqda bərpa etmək deyə bir gələnək olmadığına görə, mən bunu Evlad qəbulu törəni  kimi keçirə bilmirəm. Baxmayaraq, biz artıq qardaşımızı yeni adla tanıyırıq. Bundan sonra da belə hallar olmasın deyə, törən keçirmək istəmirəm. Ata öləndən sonra biz çaşdıq, yanıldıq, Ocaq bölündü. Ancaq indi hər şey oturuşub. Bundan sonra bizdən gedənlərin bərpasından söz gedə bilməz.

İndi bu addımımızla bağlı “Aydınlatma bəlgəsi”ni sizə oxuyum, sonra qardaşımızı dinləyək.

 

Aydınlatma bəlgəsi

Ürəyinizdə Ata Günəşi olsun!

Ocaq Günsırası ilə 19-cu il, Asif Atanın ölümündən sonra Ocaq olduqca çətin, gərgin durumla qarşılaşdı. Onun yaşayıb-yaşamayacağı artıq hər kəsdə kuşku yaratmağa başlamışdı. İstər Ocaq içində, istər Ocaq dışında onu istəyənlərin ümidi sarsılmış, istəməyənlərin bəlkə də, sevincinə nədən olmuşdu. Ara-sıra yazılı basında da bu ümidsizliyi dilə gətirənlər tapılırdı. Sonralar biz səfərlər edəndə Ocağın hələ də yaşamasına heyrətdən donanlara da rast gəlirdik. Ocağın içində isə daha qorxulu durum yaranmışdı. Heç kimin sözü hec kimin boğazından keçmirdi. Çox pis özbaşınalıq vardı. Bu özbaşınalığın qarşısını almağa nə qüdrətli insanımız vardı, nə də heç kim başqasını eşitməyə hazır deyildi. Ocağın halı o vaxtkı toplumsal, siyasal qurumlardan daha betər duruma gəlmişdi. Belə bir gedişdə üç Evlad irəli durub işi yoluna qoymaq istədilər. Ruhsal bəlgə yazıb, Ocaq Evladlarından, şuraya bənzər bir yönətim yaradılmasına boyun əymələrini istədilər. Ancaq çoxluq bu bəlgəni süngü ilə qarşılayıb sərt qarşılıq verdilər. Bu zaman mənim (Soylu Atalının) biryolluq addım atmaq istəyim Ocağın iki yerə parçalanmasına nədən oldu. Az sayda Ocaqçılar mənimlə yola davam eləməyə qalxdılar. Çoxluq bizdən qıraqda qaldı. Sonralar çoxluğun özü də dağılmağa başladı. Mən də dörd Ocaqçı ilə tək qaldım. Çoxluğun içində bəzi abırlı adamlar, Ocağı ruhsal anlamda qorumağın çətinliyini bilərək, küsüb qırağa durdular. Bəziləri isə, heç nə yox imiş kimi, həyatlarını yaşamağı davam elədilər. Küsüb qırağa duranlardan biri də o çağkı Ocaqkənd Ailəsinin Evladı Yurdtəkin Atalı idi.

Üstündən illər keçdi. Ocağa yeni Evladlar gətirib yolumuzu davam elədik. Azərbaycanda, onun sınırlarından qıraqda Ocağı yaydıq, yaşatdıq. Yüzlərlə görüşlər keçirdik, səfərlər elədik, minlərlə Ocaq ədəbiyyatları hazırlayıb yaydıq. Atanın ruhani irsini bir yerə yığıb üzünü artırdıq, qoruduq. Mənəvi böyümə yolu keçdik. Ocaqda yeni ruhsal gələnəklər yaradıb onun (Ocağın) möhkəmlənməsini sağladıq. Asif Atanın ruhani qanunlarını pozmadıq. Ancaq sonralar qırağa çıxmalarımız oldu. Say baxımından azlığımız, əməlin, işin çoxluğu, bizdən sonra Ocağın yaşamaq sorumluluğu Ocağın iki prinsipində güzəştli davranmağımıza nədən oldu. Bunlardan biri Ocaqdan çıxmışların Ocağa bərpası idi, biri isə bəzən Ocaq toplantılarının gününü, saatını dəyişmək. Hər iki hal Mütləqilik ölçüsü ilə ortaya çıxan, yaşayan Mütləqə İnam Ocağı üçün yanlış addımdır. Bu aşamada xalqın içindən Ocağa gəlmək istəyənlərin olduqca seyrək olması, bizi, Ataya bağlı keçmiş Ocaqçılardan bir neçəsini Ocağa bərpa eləmək zorunda qoydu. Onlardan ikisi özünü doğrultmadı, yenidən Ocaqdan qıraqda qaldı. Xarakterləri ziddiyyətli olduğundan Ocağa ziyan da verdilər. İkisi isə özünü doğruldub, doğrultmaqdadır. Bunlardan biri Günev, biri Yurdtəkin Atalılardır. Günev nəinki özünü doğrultdu, indiyə kimi Ocaqda heç kimin atmadığı addımları atdı. Böyük təpkilərə sinə gərib bölgədə Ocağı yaydı, yaşatdı. Ölçüyəgəlməz fədakarlıqlar edib İnam Məbədi tikdi. Yurdtəkin Atalının da Ocağa, Ataya, Ocaq Evladlarına inamı bütövdür. O da artıq bölgəsində Ocağı yaymağı, yaşatmağı gözə alıb gerçəkləşdirməkdədir. Ancaq özünün istəyi ilə, Ocaqdan ayrıldığı küskün adla deyil, yeni adla Ocaqçılıq yolu getməsini gözə aldıq. Bundan sonra o, İnamlı Atalı adı ilə ömrünü davam edəcəkdir.

Pozduğumuz gələnəklərdən biri vaxtın dəyişilməsidir. Ölkədə toplumsal yaşam nizamı pozulub. İşsizlik, aclıq artıb. Belə bir durumda, Ocaqçıların iş yerlərini itirməməsi üçün, zorən vaxtdəyişmə güzəştini gerçəkləşdirdik. Ancaq bu pozuntuları Ocaqda gələnəyə çevirmək yolverilməzdir. Bizdən sonra bunu davam eləmək doğru deyil. Biz bunu sonrakı Ocaq soylarımıza yasaq edirik. Atanın qanunlarını qorumalarını istəyirik. Bizim eləməyimizin də haqqı yoxdur, ancaq izahı var. İzahını bir neçə yol yazdıq. Ocaq arxivində var. Burada da qısaca toxunaq: Ata öləndən sonra hər şey qarışdı, bir-birimizi dışladıq, bir-birimizdən küsdük. Bu aşamada nəyi necə eləmək gələnəyi olmadığı üçün çaşqınlıqlardan yanlışlar törədi. Ancaq artıq hər şey aydınlaşır, hər şey yavaş-yavaş yerinə oturmağa başlayır. Öz yanlışlarımız üzündən baş verən ayrılıqların bəzilərini bərpa elədik. Bundan sonra artıq ruhani aydınlıq yaranıb. Bu üzdən bizdən sonra Atanın ruhani qanunlarını pozmağı yasaq edirik. Asif Atanın Bitiqlərində yazılan tələblərdən qırağa çıxmağı Ocağın gələcəyi üçün qorxulu sayırıq.

Ancaq Ocaq bayramlarının keçirilməsi, “İnam Evi Günü”, “Qutsal öyrənim Günü”, Ailə Günü toplantılarının azaldılması, “Evlad Günü”nün yerinin dəyişməsi, ölügötürmə Qurallarının yazılması, Ata irsinin “Onluq”da sıralanması, “Qutsal Bitiqlərin Qəbul Törəni”nin keçirilməsi toxunulmazdır. Ocaq quruculuğu baxımından yaranan nizam yaşamalı, yaşadılmalıdır.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

 

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü.

22 Köçəri Ayı, 42-ci il. Saray-Soylu.

Bu mənim Atanın qarşısında, Ocağın qarşısında, Gələcəyin qarşısında atdığım addımlara görə verdiyim izahatdır. İndi Ocaqda ömrünü yeni adla davam etməsi ilə bağlı qardaşımızı dinləyək.

İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Mən başa düşürəm, insanlar sonlu, ötəri, keçici, qeyri-kamil olaylar içində yaşadıqlarına görə sonsuzluğu, əbədini, əzəlini,  kamilliyi dərk etmək çətin olur. Mən başa düşürəm, Ocaq bu çətinlikdən yaranıb. Əzəlini, əbədini, sonsuzu, kamilliyi gerçəkləşdirmək, xalqı, milləti, insanı özünə gətirmək tələbindən yaranıb. Mənim öz içimdə də belə bir istək, belə bir arzu olduğundan Ocağa gəlmişdim. Ocaqda çox gözəl əhval yaşayırdım. Ruhani bacı-qardaşlarımla ünsiyyətim də mənə tapıntı kimi görünürdü. Bizim Ocaqda çox səmimi bir Ailəmiz də vardı. Mərasimlərimiz gözəl keçirdi, qardaşlarımızla münasibətlərimiz çox gözəl idi. Görünür bu gözəllik hardasa nisbilik səviyyəsindəymiş. Başqalarını qınamaq çox asandır. İstəmirəm başqalarını qınayım. Ocaqdan getməyimdə yəqin, iradəm zəif olub, gücüm çatmayıb. Mən bu yolu axıra qədər davam edə bilməmişəm. Mən bu düşüncəyə Soylu ilə qarşılaşandan sonra gəldim. Sözün düzü, bu iyirmi ili öz həyatımda itki hesab edirəm, özüm çox geri düşdüm. Həm də ola bilərdi mənim fəaliyyətimlə hansısa tapıntılar olardı, Evlad gətirə bilərdim. Bunları da öz itkim hesab edirəm. Soylu Atalı ilə rastlaşandan sonra biz çox gözəl bir ünsiyyət qura bildik. Mən Soylu Atalının evində oldum, çox böyük heyrət yaşadım. Hətta mən gördüklərimi, anladıqlarımı bu cür ifadə elədim, Soylunun Atanın ölümündən sonra gördüyü işlər beş ömrə belə sığmaz. Mən heyrət elədim. Təkcə Asif Atanın arxivini yaratmaq, onun nüsxələrini ayrı-ayrı ünvanlarda qorumaq böyük hünər idi, çox ləyaqətli bir ömür tələb edirdi. Bununla yanaşı, Soylu bir çox başqa işlər görüb, onların hər biri ayrılıqda məni heyrətə saldı. Ocaq onsuz da mənim içimdə vardı. Bütün söhbətlərimin çoxu, istər iş yerində, istər qonşuda, qohumda, səfərlərdə Ocaqla bağlı, insanla bağlı, millətimin taleyi, sabahı ilə bağlı olurdu. Bacı-qardaşlarıma çox təşəkkür edirəm, mənim qayıtmağımı anlayışla qəbul etdilər. Bu da məni bundan sonra atacağım addımlarda çox sorumlu olmağa çağırır.

Atamız Var olsun!

Soylu Atalı: Atanın adından qardaşımızın (yeni adla) Evladlıq Nişanəsini özünə sunuram.

İndi Ocağımızın başqa bir gələnəyinə üz tutaq. Asif Atanın Ocağının yaşaması, hər biriniz anlayırsınız, dilə gətirirsiniz, dərk edirsiniz, sıradan bir olayın yaşaması kimi deyil. Bu, dişlə-dırnaqla başa gəlir. Arxasında böyük ləyaqət, böyük zəhmət dayanır. Çox uzağa getməyək, bu gün bu dörd adamın, indiki dövrdə, indiki dönəmdə bölgədən bura gəlməsi asan deyil. Bu addımı, bu ləyaqəti Gələcək ciddi araşdırıb öyrənəcək. Nədir bunları bura çəkib gətirən?! Qazanc yox, gəlir yox. Bu, qurucu fədakarlıqdır. Ona görə deyirəm, Ocağın yaşaması böyük zəhmətlərlə, həm də arxasında böyük ləyaqətin durması ilə başa gəlir.

Ocağın yaşamasında önəmli qatqı göstərən, hünər göstərən Nurtəkinin əməyini Ocaq qarşısında alqışlayıram (təqdir edirəm). Atanın qarşısında üzü ağ olsun.

Eləcə də, son dönəmlərdə Bilən böyük fədakarlıqlar göstərir, Ocağın yaşamasına maddi qatqı göstərir. Atanın kitablarının çapının, demək olar, çox hissəsi onun üzərinə düşür. Bu böyük fədakarlıqdır. Eləcə də, bu gənc ailənin (Bilən-Göytəkin ailəsinin) bu  gün tədbirə gəlməsinin özü ayrıca fədakarlıq əməlidir, xərc tələb edir, iki körpə uşaqlarını orda-burda qoyub gəliblər. Bunların hər biri ruhani ləyaqət göstəricisidir. Ocaq belə ruhani ləyaqətlərin üzərində var ola bilir, yaşaya bilir. Eyni halda, Bilənin görüşlər təşkil eləməsi, özünün söhbətlər aparması, xalqlaşma yönündən addımlar atması, Ocağın son dönəmlərində uğurlu gedişlərdir. Bilənin əməyini Atanın qarşısında təqdir edirik. Üzün ağ olsun.

Göytəkinin Ocaq quruculuğunda, ən çox da Ocağın arxiv quruculuğunda özəl qatqısı var. Uğurlu, nizamlı, intizamlıdır. Atanın qarşısında əməyini təqdir edirik. Ata qarşısında üzün ağ olsun.

Hər bir Ocaqçımızın il içində atdığı addımlar var, hər biri sevgiyə, alqışa layiqdir. Ayrı-ayrı mərasimlərdə o əməlləri qiymətləndirmişik. İndi isə mərasimin məzmunu ilə bağlı bir neçə söz deyəcəm.

Ocağın 43-cü ili – Yeni İli Ocaqçılıq  həyatımızda nə deməkdir?! – Hər bir dünyagörüş yarananda özünün Günsırasını (təqvimini) yaradır. Biz Azərbaycan olaraq, uzun çağlar ərəb günsırasının tələbləri ilə yaşamışıq. Bilirsiniz, sovetlərə qədər əski əlifba deyilən ərəb abesində yazırdıq. O çağlarda ölənlərin başdaşlarına da ərəb-islam günsırası ilə tarix yazılırdı. Sonradan biz Avropa günsırasına keçdik. Bütöv bəşəriyyət üçün tək (vahid) bir günsıranın olması bəlkə də qaçılmazdır, bəlkə də gərəklidir. Biz buna qarşı deyilik. Ancaq mən düşünürəm, biz Ocaq xalqı olaraq, İsus Xristosun anadan olduğu tarixdən başlayan bir günsıranın tələblərində yaşamalı deyilik. Günsıra insana nə deyir, nə vəd edir, qarşısında hansı tələbi qoyur?! O günsıranı yaradanın mənim qarşımda qoyduğu tələblər nədən oluşub?! O günsıranın mənim qarşıma qoyduğu tələb insanlaşma tələbi deyil, kamilləşmə tələbi deyil. O günsıranı yaradanların tələbləri insanı özünə çatdırmayıb, yetirməyib. Ona görə də o günsıranın tələblərində yaşamağı doğru saymıram. Azərbaycan olaraq, bizim çox mürəkkəb taleyimiz olub. Bu mürəkkəb taleni bizə yaşadan da həmin günsıra yaradıcılarıdır.

Görün nə duruma gətirilmişik, dekabrın 31-ini Heydər Əliyev “Dünya Azərbaycanlılarının həmrəyliyi” günü kimi elan elədi. Belə siyasi oyunlar axı nəyə gərəkdir?! Heydər Əliyev bir yandan müsəlman aləminə mesaj verdi, biz müsəlmanıq, müsəlman olduğumuz üçün xristianlığın Yeni İlini, xristianlığın başladığı günsıranı (təqvimi) bayram eləmirik. Çünkü sovetlər dağılandan sonra Azərbaycanda din aktivləşməyə başladı. Yəni biz Avropa günsırasının dəyişdiyi yeni ili yox, həmrəylik gününü bayram edirik. Həm də Yeni ili – Xristianlığın başladığı tarixi bayram edirik, bununla da dünyanın siyasi güclərinə mesaj verir, biz elə Avropa günsırası ilə yaşayırıq. Belə bir gərəksiz gediş elədi. Həm ərəb qibləsinə çevrilmək, həm Avropa qibləsinə. Millətin taleyindəki mürəkkəbliyi demək istəyirəm, görün nə günə qalıb, üzünü ibadət üçün Ərəbistana tutur. İbadət eləyəndə yönünü öz yurdundakı qutsal ünvana tutmalısan. Sən içində, yurdunda qutsal ünvan yaratmamısansa, yarat, üzünü ona tut.  Üzünü yadlığa, özgəliyə tutma. Ərəbistan sənin üçün yaddır, yadlıq deməkdir. Sənə doğma bir şey yoxdur, sən assimilyasiya olunmusan, sən işğal olunmusan, sən zəbt olunmusan, talanmısan. Sənin namusun əllərdə gedib. Üz tutduğun məkandan başlayan işğalların qarşısında sən məhv edilmisən. Ona görə sənin qiblən içində yaranmalıdır, eyni halda, sənin günsıran özünün ləyaqətindən yaranmalıdır. Qoy Azərbaycandan başlayan, Türkdən başlayan “Yeni Bəşər İnamı”nın günsırası ilə  sabahlarımız aydınlansın, onunla qrafikimiz yazılsın, onunla həyatımız, gedişimiz, işimiz nizamlansın. Bizə insanlığın yönünü bəlirləməyən, insanlığın ləyaqətini öyrətməyən, ucaltmayan bir ünvana üz tutmayaq, bir günsıranın tələblərində yaşamayaq. Ona görə də Asif Atanın başladığı Ruhani Yol, bu yeni Günsıra bəşəriyyət üçün yeni era olsun. Çünkü Asif Ata İnsanlaşma erası başlayıb, yeni sivilizasiya başlayıb. Buna kim ağzını əyir, özü bilər, kim qəbul eləmir, yenə özü bilər. Kim harda nə danışır, danışsın. Biz Ocaq olaraq, “Ruhani Cəmiyyət”in özülünü yaratmışıq. Ruhani Birlik yaratmışıq. Doğma ünvan, doğma mühit, doğma əhval yaratmışıq. Biz Ruhani Cəmiyyətin kiçik modelini yaratmışıq. Bir-birimizə münasibətdə onu ifadə edirik. Biz demirik, min ildən sonra nəsə olacaq, biz onu yaratmışıq artıq. Biz istəyirik, Ocağın içindən başlayan bu hal xalqlaşsın. Biz ona çalışırıq, ona çağırırıq. Biz onu yaradıb özümüz yaşayırıq. Xalqın mahiyyətini bu tələb yaşadır, sən gələcəyinə, bütövlüyünə xalqın ləyaqətinin doğru ifadəsindən bax. Toplumun hay-həşirindən baxma. Toplumun hay-həşirindən baxıb Amerikanı görəcəksən. Ona görə kim nə deyir, desin, Asif Ata yeni sivilizasiya başlayıb, yeni era başlayıb. Bu eranın adı İnsanlaşma erasıdır. İnsanlaşma erası bəşəriyyətdə oturuşduqca onun günsırası yeni eranın başlanğıcı olacaq. Necə ki, deyirlər bizim eradan öncə, indi də deyəcəklər, Ocaq öncəsi. Biz Ölügötürmə qurallarımızda yazmışıq, insanların başdaşına doğum tarixi belə yazılmalıdır: Ocaq öncəsi filan il.  Bunlar getdikcə oturuşacaq, yaranacaq, qəbul olunacaq. Bunun üçün yaşayırıq, bunun üçün Ruhani mübarizə aparırıq. Bu mübarizəmiz qutlu olsun, uğurlu olsun. Hər birinizə bu yolda böyük başarılar, uğurlar diləyirəm. Ata Ruhu bizə yar olsun. Ata nəfəsi üstümüzdən əskik olmasın.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

İndi  “Yeni il”in əməl hesabatını dinləyək.

(Nurtəkin Atalı Ataya səcdə edib Bayrağı öpür – G.A.):

42-ci ilin Yeni ildə əməl hesabatı

Əgər Ocaqçılar varsa, Ocaq var. Ocaq varsa, əməllərimiz var. Çünkü yaşam var, Ataya bağlılıq, Ata ideyalarını yaşatmaq eşqi, özünü yaratmaq istəyi var. Bu ideyalar, arzular da əməllər doğurur. 42-ci ilimizdə özümüzə xas əməllərimiz, səfərlərimiz olmuşdur.

Qürub Ayında Ocaq Yükümlüsü Soylu Atalı Günev Atalı ilə bölgələrə səfər etmişdir. Bilən Atalının təşkilatçılığı ilə Göyçay bölgəsində bir neçə görüş keçirmişlər. Görüşlərdə Asif Atanın işi, ideyaları, Ocağı haqqında bilgilər verilmiş, Yurdumuzda, dünyada baş verən olaylarla bağlı Ocaq açısından baxışlar sərgilənmişdir. Görüşdəkilərə Ocaq ədəbiyyatları bağışlanmışdır.

Həmin səfər zamanı Göytəkin Atalının Ocağa gəlmə törəni keçirilmiş, Ocaq Yükümlüsü ona Evladlıq Nişanəsi sunmuşdur.

Ata Ayında  Soylu Atalı, Günev, Nurtəkin Atalılarla Cəlilabad rayonunda oldular. Öncə Cəlilabad bölgəsində İnamlı Atalının qonağı olmuş, onun təşkilatçılığı ilə ayrı-ayrı gənclərlə söhbətlər etmişlər. Soylu Atalı gəncləri maraqlandıran suallara cavablar vermiş, sonda onlara Ocaq ədəbiyyatları bağışlanmışdır.

Bir gün sonra Ocaqçılar Bilən Atalının təşkilatçılığı ilə Yardımlıda – Biləngilin ailəsində, sonra başqa bir öyrətmən ailəsində olmuşlar. Asif Atanın Yolu, yurdumuzda baş verənlərlə bağlı söhbətlər olmuş, Ocaq ədəbiyyatları bağışlanmışdır. Sonra həmin gün Ocaqçılar Beyləqana getmiş, Amal Bağında İnam Evini ziyarət etmişlər. Günev Atalının fədakarlığı ilə İnam Evinin içi təmir olunub mərasimlər üçün hazır duruma gətirilmişdir.

Sonrakı gün Göyçayda Bilən Atalının təşkilatçılığı ilə görüşlər keçirilmişdir. Ata İnamı, Ocağın baxışı haqqında söhbətlər olmuş, suallara cavab verilmişdir. Burada da söhbətə qatılanlara Ocaq ədəbiyyatları bağışlanmışdır.

Hər səfərdə Ocaqçıların yalnız ayrı-ayrı adamlarla söhbəti deyil, həm də Ocaqçıların bir-birilə söhbəti önəmlidir. Çünkü hər görüş yeni düşüncələr, istəklər, əməllər bölüşməsidir – yeni əməllərə yol açan.

Atanın 25 illiyi ilə bağlı Göylü Atalının təşkilatçılığı ilə Azərbaycan radiosunda Soylu Atalı Asif Ata ilə bağlı söhbət aparmışdır.

Xəzan Ayında Soylu Atalı Şamaxıda qonşusunun öləni ilə bağlı keçirilən yas mərasiminə qatılmış, orada söhbətlər aparmışdır. Yolboyu da adamlarla geniş söhbətlər etmişdir.

Yağış Ayında Bilən Atalının təşkilatçılığı ilə Soylu Atalı Göyçaya səfər etmiş, Göyçayın kəndində, özündə ayrı-ayrı insanlarla görüşmüş, söhbətlər aparmış, Ocaq ədəbiyyatları bağışlamışdır. Yolda qayıdarkən taksidə olan adamlarla söhbət etmiş, ədəbiyyatlar bağışlamışdır.

Yagış Ayında İnamlı Atalının qardaşı oğlunun ölümü ilə bağlı onun yas yerində adamlarla söhbətləri olmuşdur. Soylu Atalı da yas yerinə Cəlilabada getmiş, orda söhbətlər aparmışdır.

Sərt Ayında Günev Atalı qardaşının yas mərasimində Ocaq yönündən söhbətlər aparmış, Ocağın Ölügötürmə açısından söz demişdir.

Sərt Ayında Güntay Atalı atasının yas mərasimində söhbətlər etmiş, Ocaq baxışını sərgiləmişdir.

Qar Ayında Soylu Atalı Göyçaya səfər etmiş, Bilən Atalının təşkilatçılığı ilə 2 kənddə adamlarla görüş keçirmişdir. Bilənin iş yerində də ayrı-ayrı adamların qatqısı ilə söhbət olmuşdur. Görüşdəkilərə Ocaq ədəbiyyatı bağışlanmışdır.

Kitab çapı:

İşıq Ayında Asif Atanın “Görmək İnsaniliyi”, Soylu Atalının “Söz İşığı” kitabları çapdan çıxdı.

Ata Ayında Asif Atanın 85 illiyi qarşısında 7-ci Qutsal Bitiyi – “Yetməli Olduğunuz” çap olunmuşdur. Sonra “Qutsal Quruculuq” – 6-cı Bitiq işıq üzü görmüşdür.

Köçəri Ayında Asif Atanın 3-cü Bitiyi “Anlam İnsaniliyi”  çap olunmuşdur.

Bitiq Ocaqçıların yatırımı ilə araya gəlmişdir.

Qürub Ayında Göytəkin Atalının Soylu Atalıya verdiyi suallar, cavablar əsasında yaranan “Qaranlıqdan İşığa” kitabı çap olunub.

Soylu Atalının iş yerində söhbətləri, eləcə də ayrı-ayrı insanlarla ardıcıl görüşləri olmuş, getdiyi hər yerdə Ocaq söhbətləri aparmışdır. Sosial şəbəkə üzərindən də ona görüş üçün müraciət edənlər çoxalmış, onların bəzilər ilə görüşüb söhbətləşmişdir. Eyni zamanda Soylu Atalının gündəmlə bağlı, eləcə də başqa yazıları saytlarımızda, internet qəzetlərdə yayınlanmışdır.

Günev Atalının yaşadığı köydə, getdiyi yerlərdə olanaq olunca söhbətlər aparması davam edir. Onun bu ilki uğurundan biri İnam Məbədinin tikilib mərasim keçirilməsi üçün hazır duruma gətirilməsidir. Bu Məbədin önəmi, varlığı çox dəyərlidir.

İnamlı qardaşın yaşadığı bölgədə yörəsindəki adamlarla söhbətləri olmuşdur.

Bilən Atalı az qala aptekə girən hər kəslə Ata haqqında söhbət edir. Göyçay səfərlərimizi təşkil edən, inadla adamları görüşə səsləyən, Ata kitablarının basılmasında fədakarlıq göstərən qardaşımızın hünəri qürur doğurucudur.

Güntay Atalının yeri gəldikcə insanlarla Ocaq yönündən söhbətləri olmuşdur.

Göylü Atalı Ocağın 43-cü ilinin Günsıra vizitinin basılmasını təşkil etmişdir.

Ulusəs Ocağa həyanlığı, maddi fədakarlığı ilə işlərə qatqı göstərir.

Göytəkin Atalının Ocağa gəldiyi gündən ardıcıl əməlləri var. Ocaq tədbirlərinin, Soylu Atalının gündəmlə bağlı söhbətlərinin səsdən sözə çevrilməsi, dostları ilə Ocaq söhbətlərini etməsi, özünü araşdırması, axtarışları, yazıları ilə hünərləşir, Ocaqlaşır. Ocaq əməllərini tarix kimi ardıcıl yazması da onun gələcək üçün önəmli əməllərindən biridir. Bilənlə Göytəkinin Göyçayda söhbət etdikləri insanlar var.

42-ci ilin Törənlər Kitabı Soylu Atalı, Nurtəkin Atalı tərəfindən hazırlanmış, çap edilib cildlənmişdir.

Ötən ilim ömrümdə nə demək oldu?! Yeni ilə İnamımı yeniləyən diləklərim nə olar?! 

Hər keçən il nələrləsə yadda qalır. Necə yaşadığımız, nələr etdiyimiz həm də necə yaşayacağımızı, nələr edəcəyimizi bəlirləyir. Çünkü ruhumuz, sevgimiz, istəklərimiz Ataya bağlıdır. Ömrümüzün yolunu çizən, aqibətimizi yaradan ideyalarımızdır. Bu ideyaları yaşatmaq milli, bəşəri açıdan böyük sorumluluqdur. Çünkü ömrünü həm özün üçün, həm də millətin, bəşərin sabahı üçün yaradırsan, yaşadırsan.

Ötən ilimdə, öncəki illərlə tutuşduranda, daha az əməllərim oldu. Özümü yaratmamda, düşüncələrimdə daha az yaradıcılıq oldu. Ata demişkən, yenidən başlamaq, yenidən başlanmaq gərək. Yeni ildə özümdən umduqlarım, gözlədiklərim daha çoxdur. Çünkü Ataya inanıram, özümə inanıram, Ocağa inanıram.

 

Soylu Atalı: Ocaq açısından görülən işlər söz yox, azdır. Ancaq indiki dönəmlə tutuşduranda, pandemiya dövründə çox böyük göstəricidir, az deyil. Səni evə qapayıblar, evdən heç yana buraxmırlar, sən bu qədər iş görmüsən. Ocaqçılıq bu deməkdir, hünər deməkdir. Ocaqçılığı dayandırmaq mümkün deyil. Nurtəkin Ulusəsin adını hallandırdı. Ulusəs özünün ailə durumunun çətin olmasına baxmayaraq, kitabımızın basılmasında maddi qatqı göstərib. Var olsun.

İndi Günev qardaşımızı dinləyək.

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Öncə “Yeni İl”imizin gəlişi ilə bağlı hər birinizi qutlayıram. Yeni ilimiz uğurlu olsun. Necə ki uğurla gəlirik indiyə kimi. Necə deyərlər, artmayan azalar. Artan sürətlə irəliləyək. 43 il ruhaniyyat tarixində böyük rəqəm deyil. Ata deyirdi 40 il heç 40 saat da deyil. Bu ildə, doğrudan da, Ocağın maddi durumunu ölçəndə, Ocaqçıların sayı ilə ölçəndə, dünyanın qarışıq bir durumu ilə tutuşduranda böyük işlər görülüb. Fərəhli, uğurlu işlərdir. Buna görə də hamınızı bir daha qutlayıram, uğurlar arzulayıram. Mənim ötən ilki hesabatımı Nurtəkin dedi, təkrarlamağa ehtiyac yoxdur. Ancaq yeni ildə nə etməliyəm, onu deyim. Mən, söz yox, indiyədək gördüyümdən artıq iş görməliyəm, bunu sözdə demirəm, buna köklənirəm. Bunu ürəyimə yazıram. Çünkü o qüdrəti ürəyimdə yaşayıram. Hamının dünyaya qənim kəsildiyi bir dövrdə dünyaya yiyə çıxırıq. Hamının bir-birini aldatdığı, bir-birinin başına olmazın fəlakətlər gətirdiyi bir dövrdür.  İki gün bundan öncə, Xocalı faciəsinin il- dönümündə nələrə tanıqlıq elədik, insanın qanı damarında donur. Axı hansı canlıdır, öz həmcinsinə bu qədər məşəqqətli, bu qədər dözülməz zülmlər verir?! Gör insanlıq hara gəlib çıxıb. Gör insan hansı dərəyə, hansı bataqlığa yuvarlanıb. Belə bir dövrdə mən dünyaya yiyəlik eləmək istəyilə dururam ayağa, dünya qarşısında özümü sorumlu sayıram. Bəzən suçlu sayıram, olan olaylara qarşı. Bu mənim ruhuma yeni bir güc, yeni bir hal gətirir. Nə gözəl əhvaldır doğur bu məndə. Nə evdə oturmağı özüm üçün doğru sayıram, nə də gücümü çox aşa da bilmirəm. Bəzi isə imkanımız dışındadır. Məsələn, mən neyləyim rusu gətirib mənim vətənimə yerləşdirdilər, bu qədər qandan sonra orada mənim bayrağım dalğalanmadı. Bu açıdan özümü daha çox bu həqiqətləri Ocaq yönündən anlatmağa kökləyib Yeni  ilimizə addım qoyuram.

Qonuda qoyulan Uluyol Ailəsinin 30 illiyi haqqında,  Soylunun 30 illik  Ocaqçılıq – Amalçılıq ömrü ilə, Soylunun 30 illik Günevlə dostluq ömrü  haqqında deyəcəm. Bu o anlama gəlmir, mən Soylu ilə dostam, başqa Ocaqçılarla adi münasibətdəyəm. Sadəcə olaraq, Soylu ilə Günevin 30 il içində bu münasibəti saxlaması məsələsi var. Bu, Cəlaləddin Rumi-Şəms münasibətlərinin potensiyası kimidir. Bu gözəllik, bu əhval Ocaqdan, Atadan gəlmədir. Atanın elə şəkli var, üzündəki saflıq körpə uşağa oxşayır. Bir dəfə bizə biri gəlmişdi, Atanın şəklini gördü, çaşdı. Heyrət etdi. Üzün halı insana çox şey deyir. Bu baxımdan yanaşanda, Soylu kimdir mənim üçün, – mən həmişə ona bütöv inanmışam. Onun hansısa bir sözüylə razılaşmayanda belə. Həyatdır, hər hansı düşüncəsi ilə razılaşmadığım da olub, onda da Soylunu içimdə haqlı bilmişəm. Deməli, mənim içimdə yetmədiyim nəsə var. Soyluya o dərəcədə inanmışam. O inamın sonucudur, bizim dostluğumuz 30 il sürüb. Bu belə də davam edəcək. Atanın sağlığında Soylunun fədakarlığı yerə-göyə sığmırdı. Daş karxanalarında nə zəhmətlər, nə məşəqqətlər hesabına qazanc əldə edib Atanın məişətini təmin etməsi mənim gözümün qabağındadır. Bütün bunlar hər kəsin bacaracağı işlər deyildi. Mən Soyluya necə dahi deməyə bilərəm. Soylu özündən öncəkilərdən daha zəngin fədakarlıq, ləyaqət qoyub ortaya. Bunu ancaq Mütləqçilərin içində axtarmaq olar. Yolu doğru, işıqlı olanların içində axtarmaq olar, umacaqsız insanlar içərisində o böyüklüyü axtarmaq olar. Ulusəsin bir sözü var, Soylu haqqında nəsə deyir, sonra deyir yox, mənim qələmimin qüdrəti çatmır Soylunu ifadə etməyə. Hər bir Ocaqçı qardaşım haqqında yüksək söz deyə bilər… Bir dəfə Ata sonevini təmir edəndə evində qaldığımız  bir qadın vardı, dedi, sən bu kişidən yaşlı görünürsən. Ancaq onun sözünə elə baxırsan, elə bil səndən neçə yaş böyükdür. Dedim, Soylu o kəsdir, onun ayağına dəyən daşın başıma, ürəyimə dəyməsini istərəm. Soylu belə bir şəxsiyyətdir. Onun səmimiyyətinə, onun gözəlliyinə heyrətdən yaranıb bu söz məndə. Son olaraq onu demək istəyirəm, Ocaqda Soyludan başqa bir Soylu olsun. Soylu bərabərində bir şəxsiyyət olsun, bu iş də cavanların üzərinə düşür. Bədən əbədi deyil. Mən öləndə də başımın üstündə Soylu dursun, yiyəm o olsun, məni son mənzilə Soylu yola salsın. Özümüzə xas ahənglə yola salsın, bu işlə də söz deyək. Bayaq qardaşıma da deyirəm, bir qara daşın səmtinə ömür yaşayırıq, ölümüzü ona üz tutub gömürük, xalq olaraq itirə-itirə gedirik. Özümüzü tapıb irəliləməliyik. Tapmaq üçün ayağını yerə elə dirəməlisən, bu cəmiyyətdə söz deyəsən, bəlli bir aşamadan sonra o sözlər xanəndələrin dilində olsun. Bu gün Vahid Nəsimidən çox oxunur. Ancaq Nəsimi dərdi Vahiddə, Vaqifdə yoxdur. Onların sözləri daha çox dillərdə dastan olur. Çünkü adamların içinə yaxındır.  Gəl gör ki, eşq sənin gözünü kəllənə çıxarda. Göz kəlləyə çıxmalıdır ki, göyü görsün. Bu sözü də Soylu deyirdi. Soylu var olsun, Soylunu bağrıma basıram, mən ona heyranam.

Göytəkinə də uğurlama demək istəyirəm. Sən ömrünü adilikdən alıb qeyri-adiliyə vermisən. Ötərilikdən çıxıb böyük bir əbədiyyət yolunu seçmisən. Bu elə-belə olmur, buna gərək ömür verəsən. Ömür vermək də hər kəsin işi deyil. Qeyri-adilik anlaşılmaz olar, maraqsız olmaz. Gec-tez, doğrudan da, diqqət mərkəzində olacaq bir şəxsiyyətsən. Özünü Ocaq qarşısında təsdiq etmisən, bu gün də Ocaq qarşısında and içdin. Bu gün iki körpəni qoyub bura gəlmisən, bu doğrudan da, dünyaya yiyəlik edəcək, halına ağlamaq istəyəcək bir şəxsiyyətin taleyidir, aqibətidir. Heyrət doğurmaya bilməz. Çox gözəl bir aqibətimiz var, mühitimiz var. Tarix boyu müqayisə olunmayan bir münasibətdir.

Ulusəs Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Mən özümün Ocağa gəlmək olayımı yada salmaq istəyirəm. Mənim üçün Ocaq əlçatmaz bir Olaydır. Ocağa gəlməmişdən qabaq mən həmişə Ocağı qeyri-adi bir şey sayırdım. Soylu məni çağıranda, Ocağa Evlad ol, düşündüm ki, ola bilmərəm. Çünkü Ocaq üçün yetişmək gərəkdir, Ocağın böyük sorumluluğu var. Yəni mən özümü hazır hiss eləmirdim. Soylu anlatdı ki, orda yetişərsən, orda böyüyərsən. Həm də yaş söhbəti vardı. Mən Ocağa gələndə artıq əlli yaşım olmuşdu. Bir yandan gec idi, bir yandan da mən sorumlu adamam. Özümə haqq  tanıya bilmirdim, mən hələ hazır deyiləm, necə Ocaqda iş apara bilərəm. Ocağa gələndən sonra da düşünürdüm, niyə həyat mənim üçün belə gətirdi, Ocağı çox gec tapdım. Biri var, insan cavan yaşlarda olsun, onun qavraması da  tamam başqadır. Ömür var qarşıda. Sənin ömrün var, Ocaq ömrü var. Sən Ocağa girə bilərsən, Ocağı yaşada bilərsən, özün də yaşaya bilərsən. Ancaq yaş keçəndən sonra çətinlik yaranır. Doğrudan da, mən indi baxıram, Ocaq üçün cavan olmaq gərəkdir. Ocağın işi çoxdur, oxumaq, öyrənmək gərəkdir. Mən düşünürdüm, filosofları oxumalıyam, öyrənməliyəm. Onlar tarixdir. Hansı filosof hansı dövrdə yaşayıbsa, onun yaşadığı dövrə münasibəti var. Bunlar öyrənilməlidir. Buna da zaman gərəkdir, ömür gərəkdir. Cavan adamlarda qavrama da yaxşıdır. Mənim Ocaq ömrüm bitib demək istəmirəm, ancaq istədiyim kimi Ocaq ömrü yaşaya bilmirəm. Sizləri görəndə sevinirəm. Mən istədiyimi Ocağa verə bilmədim. Ona görə cavanlara deyirəm, Ocaqdan möhkəm yapışın. Çünkü Ocaq yaşamdır. Soylu bayaq dedi, az olsaq da, ideya gücümüz dünyanın yiyəsi olmaq olanağı çıxarır qarşıya. Dünyaya yiyə durmaq gərəkdir, dünya yiyəsizdir. Bu həqiqətdir. Mən bunu başqa yerdə də deyirəm, başqa cür baxırlar, necə yəni üç-beş adam dünayaya yiyə duracaq. Hər şey elə bir nəfərdən başlayır. Öncə Ata ilə başladı, sonra Soylu, Günev başqaları gəldi. Sizə uğurlar diləyirəm. Yeni ilimiz qutlu olsun. Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Öncə onu deyim, ilk dəfədir sizlərlə canlı olaraq bir araya gəlirəm. Neçə gündür həm fərəhli, həm də həyəcanlıyam. Ocağın 42-ci ili mənim üçün xüsusi bir önəm daşıyır. Ümumiyyətlə, Ocaq mənim həyatımda nə demək oldu?! Mənim Ocaqla bağlaşmam Bilən Atalının araçılığı ilə 41-ci ildən başladı. İlk olaraq, Soylu Atalı ilə söhbətə başladım, 42-ci ildə Ocağa Evlad kimi gəldim. Mən Ocağa gələnə qədər də özümə sual verirdim, insan öz ömrünü necə yaşamalı, necə qurmalıdır, qayıdıb öz ömrünə baxanda mənalı yaşadığını görə bilsin. Dönüb geriyə baxanda yaşadığı ömür ona mənasız görünməsin. Ocağa gələnə qədər mən dönüb təxminən 5-10 il öncəyə baxanda ömrümdə mənalı görünən, mənə yaşadığımı hiss elətdirən nələrsə yox idi. Ancaq bu gün dönüb bir il öncəyə nəzər salanda hansı ki, o bir ili Ocaqda keçirmişəm, içim tamam fərəhlə dolur. Bu bir ildə yaşadığım heyrət, fərəh, sevinc, gördüyüm işlər bunlar mənim üçün yaşamaq demək oldu. Bunlar mənim ömrümə məna qatdı. Atanın kitablarını da oxuyanda daha çox düşünürəm, mən nələri bilməmişəm, nələrdən qıraqda qalmışam. 42-ci il haqqında çox danışmaq olar, mənimçün ən önəmli olanı vurğulamaq istədim. 43-cü ildə də özümdən gözləntim çoxdu. Ən çox istədiyim bu ildə Göyçayda Ruhani Ailəmizin yaranmasıdır. Çünkü oxuyuram, öyrənirəm, ancaq söhbətlərimiz, canlı görüşlərimiz az olur.

30 illiklə bağlı söz demək istəyirəm. Ocağa gələnə qədər içimdə elə bir hiss olmayıb, hansısa bir yolda mübarizə aparım. İzləmişəm siyasi mübarizəni, ya da başqa mübarizə yollarını, ancaq eləcə qıraqdan izləmişəm. Ocağa gələnə qədər də başqa inancla gəlmişəm. Ocağa gəlib həqiqətləri öyrənəndən sonra içimdə sanki hər şey qırılıb töküldü. Ancaq özümü toparlamaq üçün mənim yanımda  Soylu Atalı vardı. Mənim üçün qaranlıq qalan hər şeyi aydınlaşdırırdı, bütün soru işarələrini ağlımdan silirdi. Onunla söhbət etdikcə, həm də onun özünü tanıdım. Ocaq da yeni rastlaşdığım hansısa mübarizə yolu idi. İlk başlarda amaldaşlarıma, onların bu yolda bu cür fədakarlıqlar göstərməyinə, bu yolda bu cür çətinlikləri yaşamalarına heyrət edirdim. Mənə qəribə gəlirdi, necə olur, onlar bu yolda bu cür usanmadan irəliləyə biliblər. Məni ilk növbədə Ocağa bağlayan da bu heyrət oldu. Mənim qarşımda Soylu Atalı ömrü, Nurtəkin Atalı ömrü, eləcə də başqa amaldaşlarım vardı. Onların yaratdıqları ömür mənim üçün canlı örnək oldu. Atanın dediyinin sonucu olaraq onlarının ömrünü gördüm. Soylu bəy keçən tədbirlərimizin birində belə bir söz dedi, bizim yazdıqlarımızdan, dediklərimizdən öncə bizim ömrümüzə baxacaqlar, dediklərimizə nə dərəcədə yetmişik, ona baxacaqlar. Onların ömrünə baxanda Atanın Yolunun insanı hara aparıb çıxaracağını anladım. Məni Ocağa bağlayan ilk olaraq bu oldu. Otuz illik bir ömür qoydunuz ortalığa, biz də sizin işığınızda bu yola yönəldik. Ona görə var olun!

Atamız Var olsun!

Soylu Atalı: Başqa sözünüz yoxdursa, mən bir neçə söz deyim. Birinci mən Ocağın yaşamasında, var olmasında, özül olaraq, Uluyol Ailəsinin önəmini vurğulamaq istəyirəm. Sonradan Hünər sözünü mən artırdım, adı Uluyuol-Hünər Ailəsi oldu. Bu Ailə Ocağın yaşamasında başlıca rol oynadı. Ailə, Ocaq günsırası ilə 12-ci ilin Günəş Ayının 10-da yaranıb. On gün sonra otuz ili tamam olur. Mən Ocağa gələndən sonra, Ata dedi, oğul, Ailə yaratmaq haqqında düşün, Ocağa da Evlad gətirmisən, artıq tək deyilsən. “Azərbaycan İnşaat Mühəndislər İnstitunun Asif Ata Ailəsi” adı ilə yarandı ilk dəfə. Biz institutu bitirdik, Ata dedi, bu Ailəyə bir Ocaq adı düşünün. Məncə, Uluyol adını Ata özü önərdi. Biz institutun  öyrənciləri olaraq, Ocaq çalışmalarına başladıq. Ancaq söz yox, biz elə ciddi insanlar deyildik, bizim yaratdığımız Ocaq Ailəsi güclü deyildi. Ancaq hər halda, hesabat hazırlayırdım. O da standart, sönük olurdu. Ocağa ilk gələndə elə Atadan eşitdiklərimizi Ailə Günündə əzbərdən deyirdik. Özünəxas bir şey demirdik. Biz Ailəni o cür başladıq. Sonra Ailədən çıxanlar oldu, yeniləri gəldi. Başqa Ailələrdən çıxıb bizim Ailəyə gəldilər, orda özlərini göstərdilər. Bizim sayımız 14-ə çatmışdı. Ona görə düşündük, Ailədən Ailə doğsun, ikinci Ailə yaransın. Qısa çağda elə bir şey oldu. Ancaq eyni zamanda Ocaqdan çıxanlar oldu, Ailədən gedənlər oldu. Azalma, qalxma oldu. Asif Atanın ölümündən sonra Uluyol-Hünər Ailəsinin yükümlülüyünü mən Nurtəkinə ötürdüm. Biz Ata Timsalı ideyasını ortaya gətirəndən sonra bölündük, ondan sonra Ailə yükümlülüyünü Nurtəkinə tapşırdım. Söz yox, təkcə Uluyol Ailəsi vardı, Ocaq həm də Uluyol Ailəsi demək oldu. Sonra Ocaqda yeni bir neçə Ailə yaratdıq. Bəlli səbəblərə görə başqa Ailələrin durumunu qoruya bilmədik. Yenə də Uluyol-Hünər Ailəsində Ailə Günləri keçirilir, davam edir. Söz yox, Ailələr yaranmalıdır, artmalıdır, Ocaqçılar öz ömürlərini Ailədə ifadə etməlidirlər. Asif Atanın özül prinsiplərindən biri Ocaqda Ruhani Ailənin olmasıdır. Ocaqda Uluyol-Hünər adlı Ruhani Ailə var, bu günə qədər sıradan çıxmayıb. Sanki bu Ailə Asif Atanın qarşısında and içib. Necə ki hər bir Evlad Asif Atanın qarşısında Ocağı yaşadacağına, Ruhani mübarizə aparacağına and içir. Elə bil, Uluyol-Hünər Ailəsi gözə görünməyən bir durumda Asif Atanın qarşısında and içdi, bu sorumluluqla yaşadı, davam elədi. Onu qoruduq, yaşatdıq.

Ocaqda Ruhani Ailənin yaranması xalqın gələcəyində çox böyük bir məsələyə aydınlıq gətirir. Biz “Ruhani Cəmiyyət” ideyasından danışırıq. Uluyol-Hünər Ailəsi əslində Ruhani Cəmiyyətin ilk rüşeymidir. Burda keşməkeşlər də olub, münasibətlərdə əyriliklər də olub. Ailə Evladları arasında Atanın sağlığında da söz-söhbətlər olub. Ancaq getdikcə Ailə təkmilləşib, içdən böyüyüb, xoş olmayan hallar Ailənin içindən qırağa çıxıb. İndi Ailə Ocağın ləyaqətini layiqincə yaşadır. Ancaq Ailə adını tam doğrultmur. Tam doğrultması nə demək, Ocaqçıların – Ailəçilərin Atanın tələblərinə tam əməl etməsi demək, Atanın tələblərini tam yaşaması, bütöv yaşaması deməkdir.

Yəni arada düşəndə bir iş görmək yox, məqsədyönlü şəkildə etmək gərəkdir. Ulusəs bilir, mən bir Uluyurd Hərəkatı yaratdım. Hərəkatın başına Abil Ulusoyu qoydum. Konsepsiyası yazıldı, ilkin öyrəti (təlimat) yazıldı, bayrağı hazırlandı, himnin sözləri yazıldı, musiqisi bəstələndi, herb hazırlandı. Ofis düzəltdik. Mən deyirdim, gedin, akademiyada görüşün, dəyərlərimizlə bağlı orada danışın. Gedin filan təşkilatın nümayəndələri ilə görüşün, deyin biz varıq. Bir dəfə Ulusəs dedi, Abil deyir, Soylu bizim işimizə aşırı qarışır. Mən də dedim, nə gözəl, bundan sonra mən öz işimi aparım. Mən Ocaqçıyam, Ocaq yükü aparıram. Mən Uluyurddan ayrılandan iki həftə sonra hər şey dayandı. Sonra Ulusəs dedi, mən nə edim, dedim, gəl Ocağa. Nə demək istəyirəm, bir hərəkatsansa, bir qurumsansa, sənin işin olmalıdır. Ocaq adlı ruhani hərəkatın işi nədir – özüylə döyüş, özünü şəxsiyyət olaraq yaratmaq, mənəvi kamilliyə çatdırmaq, xalqda söz demək, iş aparmaq. Hər hansı bir təşkilatın da əslində işi o olmalıdır. Ocaq səviyyəsində olmasa da, o təşkilatın, qurumun öndərliyi özünü yaratmaq haqqında düşünmürsə, o, yol gedə bilməyəcək. Mümkün deyil. Mən də onu deyirəm, Ocaq Ailəsi varsa, həm özünü mənəvi kamilliyə yetirməlidir, həm də xalqda, Ailə olaraq, məqsədyönlü iş aparmalıdır. Ailəçilər oturub iş planı qurmalıdırlar; səfərə gedək, yazı yazaq, başqa işlər görək. Ayda bir dəfə toplantı keçirirsən, toplantıda da Amallaşma, Kamilləşmə, Xalqlaşma  hesabatını verirsən. Sonra oturub növbəti ayın ruhani iş planlarını bəlirləyirsən. Ailə odur. Bu mənada deyirəm, Ailə Asif Atanın tələblərinə tam cavab vermir, ancaq otuz ildir ayaqdadır. Öncə Ocağı Uluyol Ailəsi ayaqda tutub, indi Uluyol Ailəsini Ocaq ayaqda tutur. Elə etmək gərəkdir, Uluyol Ailəsini Ocaq ayaqda tutmasın. Ocaq var deyə Uluyol var kimi olmasın. “Uluyol”un bağımsızlığı olsun, bilinsin, Ocağın içində Ailə var. Ocaq var deyə Evlad var yox, Evladlar var deyə Ocaq yaşayır. Prinsip bu olmalıdır. İnsan var deyə Ocaq yaşayır. Yetkin insanlar var – Ocağı yaşadan, yetkin insanlar var -Ailəni yaşadan. Belə bir prinsip olmalıdır. Bu mənada mən Uluyol Ailəsinin otuz illiyi münasibətilə Ocaqçıların hər birini qutlayıram. Böyük bir olaydır. Ailəçiliyin dərk olunması baxımından, “Uluyol” bəlli rol oynayıb. Ona görə də qutlamaya layiqdir.

İkinci, mənim Ocağa gəlməyimin 30 illiyi mənim üçün nə deməkdir?! Asif Atanın özül prinsiplərinin Ocaqlaşma tələbi nədir, insanın mahiyyətində olan keyfiyyətlərin fərddə yaşaması. Cəsarət, ləyaqət, sözünə bütövlük, vətəninə sadiq övlad, millətinə ləyaqətli övlad, şəxsi münasibətdə göstərilən ədalətli davranışlar, xeyirxahlıq, bu kimi  keyfiyyətlərin bir insan ömründə yaşaması, xalqın mahiyyətini ifadə edən bu anlayışların insanda qırılmaması, davam etməsi. Tələb budur. Mən Asif Atanı tapana qədər cəmiyyətdən gələn xüsusiyyətlərlə yaşamışam. Kitabda da yazmışam, gündəliklərim də belə şeylərlə doludu. Quru, zabitəli, sərt bir cavan olmuşam. Mənim tipimdə ruhanilik görünmürdü. Atamdan, babamdan gələn dəli-doluluq olub. Davam etsəydim, lap başqa cür olardı. Asif Ata mənim ömrümün yönünü, axarını tamamilə dəyişdi. Mən dəyişməklə Asif Atanın tələbləri üstə böyüdüm, ömrümə onları gətirməyə çalışdım. İnsanın qədrini bilmək, vətənin qədrini bilmək, bəşəriyyətin qədrini bilmək kimi tələblər üstə böyüdüm. Düşüncələrim bunun üstündə şəkilləndi, formalaşdı. Arındım, mənim millətçiliyim saflaşdı, sağlamlaşdı. Mənim üçün millətçilik bilirsinizmi nə deməkdir, Azərbaycan içərisində olan hər hansı bir etnikin varlığını qorumaqdır. Hər bir insanın içərisində azadlıq meyli var. İnsanı nə qədər çox sıxırsansa, nə qədər basqı altında saxlayırsansa, bir o qədər o azadlıq tələbi böyüyür. Adama azadlıq verirsən, heç azadlıq haqqında düşünmür. Ancaq elə ki, onun azadlığını əlindən alırsan, haqlarını əlindən alırsan, onun içində o tələb böyüyür. Günlərin bir günü o sənə qarşı üsyan qaldıracaq. Əgər millətini sevirsənsə, onun doğmalarına, onun içərisində yaşayan başqa etniklərə yad gözlə baxma. Əgər yad gözlə baxacaqsansa, günlərin bir günündə onun içində özümləşmə tələbi baş qaldırıb sənə üsyan edəcək. Başqa qüvvələrin əlinə keçəçək, dövlətini devirəcək. Mən millətçiyəm, yəni millətçiliyimin canında o var, inglis xalqına qarşı yad mövqe tutmayım. Biz bilirik, inglis siyasəti qədər dünyada eybəcər heç  nə yoxdur, dünyanı qatıb-qarışdıran odur. Ancaq mən misal çəkirəm, deyirəm, Şekspiri, başqalarını oxumuşam. Axı mən onlardan insanca bəhrələnmişəm. Necə mən onun məhv olmasını istəyə bilərəm, necə mən deyə bilərəm, türk salim olsun yerdə qalan məhv olsun.

Mənim millətçiliyim ona dayanır, türkü sevdiyim üçün, türkün yaşamını, var olmasını sevdiyim üçün inglisin məhv olub aradan getməsini, ya da inglisi Türkün basqı altına almasını istəmirəm. Baxın, mənim şüurumu Asif Ata buna kökləyib, buna yönəldib. İnsanı tanı, vətəni tanı. Millətini tanımaq o demək deyil, öz millətini qaldır, o birini endir. Söz yox, mən kənddə tərbiyə almışam, atamın-anamın qədrini bilmişəm, qulluğunda durmuşam. Bəlkə də gərəyindən aşırı onların qulluğunda durmuşam. İş yerimdə, mənim növbəmdə olan adamların qulluğunda  durmuşam. Başı ağrıyıb, onun qarşısına çay gətirmişəm. Onlarla elə davranmışam, paxıllıq, nifrət, qısaqanclıq, ədavət hissləri olmayıb içimdə. Bunlardan məni Asif Ata ayırıb. Asif Atanın ətəyindən tutmaqla hansısa bir yola, hərəkata qoşulmuşam, mübarizə aparmışam, məsələsi deyil. Mən öz mahiyyətimə üz tutmuşam, öz içimə üz tutmuşam, mən insanca yaşamaq istəmişəm. Bəlli bir düzəydə ona çatmışam, yetmişəm. Çatmaqda davam edirəm. Mənim üçün 30 illik ömrümün yönü odur, mahiyyətimi tanımışam, dünyaya gəlişimin anlamını ağlıma yazmışam. Mənim insan olaraq, qarşımda duran borcu tanımışam. Mən Asif Atanın Ocağında ömür kitabımı yazmışam. Həm ömür kitabımı yazmışam, həm də, millətə, bəşəriyyətə övlad olmaq xislətimin kitabını yazmışam. “İnam sorağında” kitabım mənim bioqrafiyamı ifadə eləyir. Ancaq mənim yazdığım kitablar mənim üçün xalqın ləyaqətinə qulluq eləməyimin yönünü bəlirləyir. Bəşəriyyətin ləyaqətinə qulluq eləməyimi ifadə edir. Mənim üçün otuz il ömür bu demək olub, belə yaşamaq olub. Dediyim kimi, mübarizə aparmaq işin ruhani bir cəhəti olub, xalqı dəyişmək işin bir cəhətidir. İşin başlıca cəhəti mənim özümün ömür yolumun dəyişməsidir.

Bir də dostluq məsələsi. Mən Günevlə amaldaş olmuşam, dost olmuşam. Bunu da mənim otuz illik ömrümün bir xətti, bir xarakteri sayıram. Ocaqda amaldaş ola bilərik. Ata deyirdi, məcbur deyil Ocaqda hamı bir-birini eyni dərəcədə sevsin. Ata gücü hesablayırdı. Söz yox, Ata arzulamırdı, ancaq ola bilər, kimlərinsə arasında söz-söhbət olsun. Ən azı Ocağa görə bir-birinə sayğı duymaq tələb edirdi. Biz elə də yol gələ bilərik. Ocaqda hamı birdən-birə kamilləşmir. Bunların içində xarakteri əyri olan da olur. Bunların bir-birinə münasibəti heç də bir xətt üzrə getmir. Ancaq Ocağın içində, həm də, dost olmaq bütün dediyim sorunların hamısını çözüb, yoluna qoyub. Mənim üçün dostluq o deməkdir. Həyatda dost sözü ilə bağlı çox asan danışırlar, sərbəst danışırlar. Biri ordan danışır, biri burdan danışır, deyirlər dostuq. Dostluq odur, sən məni bütöv qəbul eləməlisən. Bütöv arxamda durmalısan. Bütöv olanda mənimlə iç-içə ola bilərsən. Yarımçıq olmur belə şeylər. Məsələn, biri deyir xristianam, bu biri deyir müsəlmanam. Bir-birinə yaxşı münasibəti ola bilər, ancaq necə dost ola bilərsən, onun içi ayrı şey deyir, sənin için ayrı şey deyir. Bəs sənin dostluğun hara dayanıb?! Dostluq içə dayanır, içə söykənir, iç-içə olursan axı. Ona görə deyirəm, dostluq insan varlığını bütöv qəbul eləməkdir. Vəhdət deyirlər, bütövləşmə – dostluq odur. Özünü başqasında görmək, başqasını özündə görmək – Ocağın tələbi!

Günev Atalı: Ən əsası mən özümü səndə görürəm, sən  özünü məndə gördün. Soyluda mən yetmək istədiklərimə yetdim. Soylunun timsalında yetdim. Özüm yetə bilməmişəm, ancaq Soylu yetəndə elə bilmişəm özüm yetdim. Belə bir halım olub.

Soylu Atalı: Birlik (Vəhdət) odur. Özünü tapmaq məsələsi var. Mən özümü səndə görməsəm, səni necə sevərəm. Səndə olmalını görürəm, istədiyimi görürəm. Ona görə səni sevirəm, sənə bağlanıram. Amaldaşlıq həm də dostluq demək olmalıdır, dostluğa çevrilməlidir. Bayaq qardaşımız duyğularından, sevgisindən deyir, heyrətini deyir. Axı heyrəti doğuran səbəblər var. Sən elə keyfiyyətlər göstər, sənə heyrətlənim. Sən heyrətləndirici ömür yaşa, sənə heyrətlənim. Sıradan yaşayırsan, mən sənə heyrətlənə bilmirəm. Heyrət adi duyğu deyil. Heyrət gözü kəlləyə çıxartmaq məsələsidir. Heç nə ilə ifadə edə bilmirsən, duyğularını heç bir sözlə ifadə edə bilmirsən. Heyrət odur. Heyrət aşiqliyin başlanğıcıdır. Düzdür, ibtidai deyil, ancaq başlanğıcıdır. Aşiqlik heyrət üzərində formalaşır, qurulur. Ona görə hər bir fərd sevgini özü qazanır. Öz varlığı ilə, əməli, davranışı mərifəti, qanacağı, bütövlüyü ilə sevgini qazanır. Mən onda deyirəm, səni sevirəm. Amaldaşlıq odur, dostluq odur, Ocağın içində əsil münasibət odur.

Özünü başqasında tapmaq, başqasında görmək gərəkdir. Onda nə baş verir, hər şey ortadan qalxır. Heyrət hər şeyi əvəz edir. Dedi-qodunu, giley-güzarı, qeybəti, qısqanclığı, paxıllığı, hamısını içimdən, ürəyimdən qırağa çıxarır. Heyrət eləmək üçün sənin böyüklüyün əməlin azdır, gərək mənim də heyrət edə bilən ürəyim olsun. Mənim də qabımda nəsə olsun. Yoxsa sən özünü yırtırsan, başqalarının gözünün qabağında ilahi ömür yaradırsan, nəinki heyrətlənir, bığaltı sənə gülür. Keçmiş amaldaşlarımız vardı, sən özünü dəli edirsən, qanadlanıb uçursan, o sənə bığaltı gülürdü. Ona görə bir ola bilmirsən onlarla. Nə heyrətləndirə bilir, nə heyrətlənə bilir. Necə səninlə bir olum, necə səninlə bir yerdə yol gedim?! Ocağın dediyi budur, öyrətdiyi budur. Yalandan deməklə deyil ki, ey türk, özünə dön, özünə dönəndə böyük olursan! Hamı əzbərləyib deyir, heç kim də özünə dönmür, özü olmur, heç kim böyümür. Ona görə Atanın Ocağı bizə elə keyfiyyətlər verir, o keyfiyyətlərlə biz, gerçəkdən özümüz oluruq. O keyfiyyətlərlə biz dünyaya həm dərs deyə bilərik, həm örnək olarıq.

Bu günkü günümüz açısından hər birinizi qutlayıram. Yeni ilimiz qutlu olsun, uğurlu olsun. Atanın adına layiq olsun. İlimizi Evladlaşma İli elan edirəm. Bilirsiniz, Ata  ilə “Amallaşma ili”, “Kamilləşmə İli”, “Ruhani quruculuq ili”… kimi adlar qoyardı. Biz də o gələnəyi davam edirik. Arzum odur, hər bir Ocaqçı öz ömründə daha yeni, daha kamil surətlər yaratsın, onu Ocağımıza, xalqımıza sunsun. Eyni halda, Ocaqçılarımız öz ömrü ilə, öz çağırışı ilə örnək olsun, Ocağımıza Evlad gətirsin. Belə bir inadkar təşəbbüslərdə olmaq, özünü yetirmək gərəkdir. Bununla da, mərasimimizi başa çatdırırıq. Gözəl bir gün yaşadıq. Belə bir sevinci bizə yaşatdığına görə Ataya səcdə qılırıq. Mərasim onun mərasimidir.

İndi Ocağımızın gələnəyinə görə Ruhsal hədiyyələr var, onları da Ocaqçılarımıza sunaq.

İlin əməli uğurlarından başqa ədəbiyyat açısından olan uğurları da var. Atanın 4 Bitiyi araya gəldi. Bir ildə Atanın 4 kitabını çap etdik. Bu olduqca böyük göstəricidir. Mənim “Söz İşığı”, Göytəkinin “Qaranlıqdan İşığa” kitabı. Bunların araya gəlməsi elə-belə sadə məsələ deyil. Hər il ilin bütün törənlərini özündə daşıyan kitab ortaya gətiririk. Bu il də “Törənlər” kitabı ortaya gətirilib. İlin günsıra vizitləri hər il olduğu kimi, bu il də hazırlanıb.

Ocaqçılara Ata Bitiqləri, Günsıra vizitləri bağışlandı. Göytəkin, Bilən Atalılara Ocaq Bayrağı bağışlandı.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.

 

Üzü köçürüldü: Günəş Ayı, 43-cü il. Göyçay.

(mart, 2021).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir