Ocaq Günsırası ilə 1 Günəş Ayı 44-cü ildə (mart 2022) Asif Ata Ocağı Qutsal “Yeni İl” Törənini gerçəkləşdirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı. Qutsal Günümüzə başlayırıq. Ocaqda ölənlərimizi – Sabahlını, Bağbanı, Amaltayı anırıq. Onlar bizimlədir, həmişəlik. Onları yanımızda bilirik, Ocaqda sayırıq.
Günümüzün çox özəllikləri var, bunları dilə gətirəcəyik. Ocaqda az sayda insanların ciddi əməlləri var. Həmin işlər, əməllər Günümüzlə bağlı deyəcəklərimizin üzərinə gəlir, xalqın ruhaniyyat tarixinə çevrilir. Ocağın Atadan sonrakı dönəmi olduqca keşməkeşli olub, çətin olub. Ancaq həm də olduqca zəngin, fərəhli olub. Çoxlarının arzusunu Ocaqçılar qırağa itələdi. Xalqın gələcəyini istəməyən, milli, insani ruhaniyyatının yaşamasını istəməyən çoxları, Asif Atanın ölümü ilə, onun Ocağının da başa çatacağını düşündülər. Bunu istədilər, gözlədilər. Bunların heç biri doğrulmadı. Ocaq, Atanın ölümündən sonra, 25-ci ilini başa vurur. Bu günkü törənin özəlliklərindən biri də onun, Atadan sonrakı dönəmdə, 25 il yaşaması, ayaqda durmasıdır. Bununla bağlı sözümü qısaca deyəcəm. Ancaq öncə, Atanın Ruhani gələnəklərinin davamı kimi, Ocaq əməllərini Ocağa sunmaq gərəkdir.
Mən son dönəmləri özəllikcə dəyərləndirirəm, vurğu edirəm. Başlıca olaraq, son rübün faktlarını dilə gətirirəm. Nurtəkinin Ocaqgüzarlığını, Ocağın yaşamasındakı fədakarlıqlarını bu gün Ocağa sunuram. Həm Ailəsini yaşatdı, həm Ocağın yaşamasında çox böyük ərdəmlik göstərdi. Göstərməkdə də davam edir. Ocağın uğurlarının yaranmasında bu gün də Nurtəkinin ciddi qatqısı var. Atanın ölümündən sonra, Onun istəklərinə uyğun olaraq, Ocaqçı olduğunu, əqidəli olduğunu, Ata yolunun dönməz davamçısı olduğunu sübut elədi. Üzün ağ olsun. Ata Yolunda, Ata qarşısında yorulmaz ol, əyilməz ol.
Nurtəkin Atalı: Ata Ruhu Ürəyimdədir!
Soylu Atalı: Günevin işlərini Ocağa sunuram. Atadan sonrakı dönəmdə, Günevin Ocağın yaşamasında rolu böyükdür. Bilirsiniz, Günev bir neçə il Ocaqdan qıraqda qaldı. Ancaq Ocağa dönüşü ilə Ocağın yaşamasına böyük əmək qoydu. Burda çox ciddi ləyaqət birliyi yarandı. Ocaq bu Birliyin üzərində var oldu, gəlib bu günə çıxdı. Günevin həm bölgədə çalışmaları, “İnam Evi”ni yaratması, ola bilər bu gün geniş əks-səda doğurmur, ancaq mən xristianlığın, islamın tarixini oxumuşam, oxuduqca heyrətlənirdim. Elə bil, eynən Ocağın keçdiyi yol olub. Çətinliklər, toplumun çox şeyi görməməzliyə sayması sanki eynidir. Ancaq yaşamın alt qatında, məsələn, xristianlığın özəyi formalaşırdı. Günlərin bir günü elə pöhrələndi, elə bil torpağın dərin qatlarından pöhrə vermiş nəhəng bir ağac məhsul verdi. İllərlə torpağın altında onun özəyi şəkillənir, formalaşır, qalxır, üzə çıxır. İndi Ocaqla bağlı atılan addımlar mənə onu xatırladır, uyğunluq tapıram. Xalqın içində üzdə görünməyən uğurlu işlər gedir. Bütün dünya ayrı hava çalır. Bütün dünya bizim istəklərimizə uyğu olmayan, hətta bizim istəklərimizi kölgədə buraxmağa köklənmiş ayrı havalar çalır. Ancaq Ocaq öz dediyini deyir, öz gördüyünü görür. Bir sabitlik yaranıb Ocağın halında, tarixində, nizamında. Bu yaxın gələcəkdə, düşünürəm bu zəhmətlər, xristianlığın boy göstərib ortaya çıxması kimi bir şey olacaq. Xristianlıq da birdən-birə artmadı, üzdə belə görünür. Mən bunu özümə təsəlli üçün demirəm. Belə şeyləri ciddi düşünürəm, ciddi araşdırıram. Görürəm, insanlığın tarixində, gəlişməsində olan məsələlərdir. Ayrı bir şey deyil.
Bu işlərin hamısının nizamı var. Bu Asif Atanın nizamıdır. Bu nizamda Günevin uğurlu qatqısı olub. Onun tək keçirdiyi görüşlər, İnam Evinin araya gəlməsi bir ömürdə başa gələn işlərdir. Eyni halda, amaldaşlarına ilham verməsi, amaldaşlarından ilham alması (qarşılıqlı şəkildə) Ocağın yaşamasına qulluq göstərdi. Ona görə Atanın qarşısında qardaşımızın əməlini alqışlayırıq. Ata qarşısında, gələcək qarşısında, toplum qarşısında üzü ağdır.
Günev Atalı: Ata Ruhu Ürəyimdədir!
Soylu Atalı: Bilənin əməyini dəyərləndirmək istəyirəm. Ocağa gəldiyi az vaxtda böyük işlər gördü. Özəllikcə Ocaqda Bilənin maddi fədakarlığı çox bənzərsiz oldu. Bu həmişə olmur, tək-tək olur. Bilən buna məcbur olmayıb. İçindən gələn bir fərəh halı, bir istək kimi ortaya gətirib. Bununla Ocağın işlərini xeyli qabağa aparıb. Kitabların çapı Ocaq tarixində ayrıca bir məsələdir. Ona görə Bilənin ləyaqətini alqışlayırıq, Ocağa sunuruq. Gələcək üçün Ocağı necə yaşatmağın, necə qurmağın bir örnəyidir onun fədakarlığı.
Bilən Atalı: Ata Ruhu Ürəyimdədir!
Soylu Atalı: Göytəkinin uğurlarını Ocağa sunuram. Göytəkin Ocağın tədbirlərini yazır, usta yazır, vaxtlı vaxtında yazır, çatdırır. Bu, Ocaq tarxinin, Ocaq irsinin, Ocaq arxivinin yaranması deməkdir. Bənzərsiz bir hünərdir. Ata olsaydı, belə şeyləri bizim dediyimizdən daha dərin səviyyədə dəyərləndirərdi. Göytəkin təkcə bunlarla uğraşmır. Onun öz üzərində işləməsi, mütaliəsi, özünü Ocaq açısından yetkinləşdirmək çabaları təkcə onun özü üçün deyil, həm də Ocağın gələcəyi üçündür. Bir də Göytəkinin xalqlaşma işləri var. Bütün yazılarımızı internet qruplarında davamlı şəkildə paylaşır. Bu da çoxsaylı izləmələrə, oxunmalara səbəb olur.
Nəyə görə deyirəm, öz üzərində işləmək məsələsi Ocaq üçün önəmlidir. Tarixdə hürufilərin hərəkatı olub. Azərbaycan çapında uğurlu, ümidverici gözləntiləri olan hürufilik, hərəkat olaraq, dayandı. Ancaq ideya olaraq dayanmadı. Dünyanın hər yerində başqa dəyərlərə, başqa düşüncələrə, başqa ideyalara öz etkisini göstərdi. Yəni bəhrələnmələr yarandı, qurulmalar yarandı, böyük məsələlər ortaya gəldi. Bəşəriyyət indiki durumu ilə belə, tarixi dəyərlərin üzərində bəlli bir mənəvi düzən saxladı. İndiki dolaşıq gedişlərlə, dağıntılarla yanaşı bəşəriyyət, tarixi dəyərlərə görə məhv olmadı, tarix səhnəsindən çıxmadı. Həmin o mənəvi düzənlər onu qorudu. O mənəvi düzənlər arasında bizim uzaq keçmişimizdən gələn dəyərlər də var, başqa xalqlardan da nələrsə var. Bunların hamısının qatqısı olub. Siz yaxşı bilirsiniz, bu gün ən aktiv fəaliyyətdə olanlar siyasi partiyalardır. Heç bir siyasi partiyada, başda duran adamlardan heç biri istəmir ki, onların qurumunda onları ötə bilən, onların səviyyəsinə qalxa bilən kimlərsə olsun. Bəlli səbəblər var, burda birincilik azarı da var, hakimiyyətə gəlmək məsələsi var. Birincilər hakimiyyətə gələndə də birinci olacaq. Bunlar şöhrət məsələsi, eqoizm məsələsidir. Siyasi partiyalarda bunları görürük, bilirik. Ancaq Ocaqda, bu gün mənim ən çox gərək bildiyim bir şey var, Ocaqçılar öz üzərlərində ciddi işləsinlər. Bizim sayımız azdır, uzun çağlar az da olacaq. Çünkü gediş özü kapitalizm gedişidir, antiinsani gedişdir. Hamı həyat uğrunda mübarizəyə qalxır. Heç kim bütövlükdə gələcək uğrunda mübarizə aparmır, heç kim ruhaniyyat uğrunda mübarizə aparmır. Heç kim xalqın mənəvi, ruhani ölçülərinin oturuşması uğrunda mübarizə aparmır. Heç kim illərini xərcləmək istəmir ki, Ocaq gələcəkdə xalqın, ya bəşəriyyətin ölçüsü olsun. Ona görə Ocağın yaşaması gərəkdir. Biz bunun arxasında durmalıyıq, o çağa qədər ki, bəşəriyyətin içərisində tərpənişlər əmələ gələcək, Asif Atanın boyu görünəcək, Asif Atanın istəkləri etkisini göstərəcək. Ona qədər Ocağın mövcud olması gərəkdir.
Atanın dönəmində hamının Ataya sevgisi vardı. Ataya sevgisi olduğu qədər amaldaşların bir-birinə sevgisi yox idi. Ola bilər, üç nəfər, beş nəfər bir-birinə isti münasibət bəsləyirdi. Ancaq Ataya sevgi başqalarına sevgi səviyyəsində özünü göstərmirdi. Ümid Ataya idi, baxış Ataya idi. Ata aramızdan gedəndən sonra Ocağın hansı duruma düşdüyü hamımıza bəllidir. Demək Atanı sevmək azdır. Bu gün də mənə güvənmək, mənə dayanmaq azdır. Məndən qabağa getmək gərək, özü olmaq gərək, özünü təsdiq etmək gərəkdir. Hər birimizin bir yaş dövrü var. Sabah mən olmayanda Ocaq dayanmamalıdır. Ocağın dayanmaması üçün mənə güvənmək işin bir cəhətidir.
Söz yox, mən inanıram, Ocaq dayansa da, hürufilər kimi dayanmayacaq. Hürufilərin ideya, prinsiplərini araşdırmışam. Bilirəm, ziddiyyətlər var, qaçılmazlıq qarşısında fərqli taktikalar işlədiblər. Bu gün bəlli deyil, hürufiliyi götürüb necə davam eləmək, onunla necə var olmaq olar. Çətinlik yaranır. Ancaq Ocaq elə deyil. Ocaq bizim bu sayımızla məhdudlaşıb dayansa belə, bu, onun sonu demək deyil. Mən bunu da düşünmüşəm, araşdırmışam, yazmışam. Nə olsa da, Asif Atanı nə vaxtsa yenidən başlayacaqlar. Çünkü bəşəriyyət uçuruma gedir. Onu uçurumdan döndərməyə ölçü yoxdur, ideya yoxdur. Kim nə yaratmaq istəsə, Asif Atanın dediklərindən dərində bir şeylər yarada bilməyəcək. Ona görə mən inanıram, Asif Ata hürufilər kimi qırılıb tarixdə qalmayacaq. Bunu tutarlı düşüncə adamları ilə polemika apara, niyəsini, nədənini aydınlaşdıra bilərəm. Bu bir təsəlli yox, çağırışdır.
Ocaqçıların öz üzərində işləməsinin önəmi odur ki, sabah həmin yükün altına giriləcək. Yük qırılmayacaq, yük dayanmayacaq. Bəşəriyyətin bu ideya, prinsipə sahib olmasına qədər davam edəcək. Mən inanmıram, bu, xristianlıqda olduğu qədər, yüzillərə uzanıb gedə. Çünkü bəşəriyyətin uçuruma doğru gedişi sürətlidir. Özəllikcə texnologiyalar ağzını açıb insanı udur. Hamı texnologiyada yaxşı şeylər axtarır. Yaxşı şeylər var, azdır. Ancaq mən qorxu görürəm.
Bu gün Rusiya-Ukrayna savaşı elə bu texnologiyaların gəlişməsi üzərində qurulub. Qılınc dövrü olsaydı, bəlkə də bu baş verməzdi. Ona görə Ocaqçının öz üzərində işləməsi birinci növbədə Ocaqçının özünün bir şəxsiyyət olaraq yaranması, həqiqətlərlə doğmalaşması, o həqiqətlərin sevgisi ilə yaşaması – özü bir gözəllikdir.
Bu açıdan Göytəkinin öz üzərində işləməsinə yiyəlik məsələsi açısından yanaşıram. Davamlı olmasını istəyirəm. Tək Göytəkinin deyil, indiki Ocaqçıların da, bu gündən sonra Ocağa gələn insanların da işi, prinsipi bu olmalıdır. Ümumi Ocaqçıların hamısının varlığına üz tuturam.
Göytəkin Atalı: Ata Ruhu Ürəyimdədir!
Soylu Atalı: İnamlı qardaşımızın az vaxtda Ocağa gəlişi, Ocağın içində fərəhli bir hal yaratmağa qoşulması, Atanın qarşısında özünü ifadə eləməsi ruhani uğurdur. Qardaşımızın varlığını, işini alqışlayırıq.
İnamlı Atalı: Ata Ruhu Ürəyimdədir!
Soylu Atalı: Ulusəsin, Göylünün elə önəmli işləri yoxdur. Ancaq hər kəsin Ocaqda varlığı özü onun üçün də, Ocaq üçün də bir uğurdur. Mən daha böyük işlər umuram, gözləyirəm. Ancaq onların varlığını alqışlayıram.
İndi Ocağın Atadan sonra 25 il yaşaması ilə bağlı bir neçə söz demək istəyirəm. Həm də Asif Atanın ölümünün 25 illiyi qarşısındayıq bu il. Bu il hamımız Ağstafaya getməliyik. Atasevərlərdən də dəvət edərik. Atanın ölümü nə deməkdir, 25 illik nə deməkdir, bunlar hamısı həm tarixdir, həm də topluma deyiləsi olaylardır. Asif Atanın ölümündən sonrakı dönəmin 25 illiyi məsələsinin çox böyük önəmi var. Ona görə dilə gətirirəm. Atanın ölümü ilə Ocaqda olduqca qorxulu bir görsəniş yarandı. Doğrudan da, onda Asif Atanın Ocağının dayanması gələcəkdə Asif Atanın yenidən işə keçməsinin zamanını çox uzada bilərdi. Bəşər tarixində belə faktlar olub. Bu faktlar onu göstərir ki, istənilən bir qabaqcıl hərəkat, hansısa bir ideya əsasında yaranır. 99% tarix sübut edir ki, onun başında duran şəxsin başını yerə qoyması ilə o hərəkat dayanır. Bəziləri gizlincə içinə çəkilib orda-burda davam eləsə də, geniş çapda toplumun içində iş aparmaq, yaradıcılıqla uğraşmaq, ideyanın gücünü artırmaq, ideyanın özünü yaradıcılıq səviyyəsində genişləndirmək kimi şeylər olmur. Ancaq biz, Asif Atanın ölümündən sonra onun Ocağını ideya şəklində qoruduq. İdeyanı inkişaf elətdirdik. Onu kimdənsə qorumaq üçün çaba göstərmədik. Hər yandan ağ deyən, qara deyən oldu. Dedilər, Asif Ata öldü, Ocağı dayanacaq. Nə qədər müsahibə verənlər oldu. Mənim evimdə arxivdəki qəzetlərdə var.
Bizim öz içimizdə qorxunc görsənişlər oldu. Bütün bunlara baxmayaraq, biz ruhani quruculuqla uğraşdıq. Yaradıcılıqla uğraşdıq. Asif Atanın sözünü xalqa çatdırmaq üçün həm ayaq döydük, həm də ürəyimiz döyündü, ağlımız işlədi. Bu işlərin hamısını gördük. Ona görə bu gün Asif Atanın sorağı yayıldı. Bu açıdan Ocağın Atadan sonrakı dönəminin birinci şərti onun ideya səviyyəsində yaşaması oldu, savunulması yox. Yaşamaq özü ən böyük qorunmadır. Biz onu yaşatdıq. Atanın yazıb ortaya gətirdiyi əsərlərinin hamısı dağınıq şəkildə idi. Hamısı itmək qorxusu ilə üz-üzə idi.
Bir xatırlatma edim (haşiyə çıxım), bayaq Göytəkindən xahiş elədim ki, Sabir Yanardağın kitabını vaxtın olduqca yaz. Bu, Azərbaycan üçün gərəklidir. O kitablar makinada yazılıb. Baxıram, yazılar korlanıb, bozarıb. Getdikcə silinib itəcək. İtməməsi üçün onun elektron variantını hazırlamaq gərəkdir. Nə vaxtsa imkan olanda çap eləyərik.
Mən həmişə deyirəm, yaxşı şeylərin yiyəsi olmaq gərəkdir. Azərbaycanda, dünyada nə yaxşıdırsa, Ocaq olaraq, onun yiyəsiyik. Ata öləndən sonra mənim birinci işim, onun əsərlərini, yazılarını bir yerə toplamaq, üzünü artırmaq oldu. Söz yox, Atanın hardasa, kimlərdəsə olan əlyazılarını atmayacaqdılar, cırmayacaqdılar, yandırmayacaqdılar. Ancaq solub, pozulub gedəcəkdi. Oxunmaz duruma gələcəkdi. Ancaq biz Asif Atanın irsini bu cür qorxunc durumdan qurtardıq. Onun kitablarını, yazılarının, müsahibələrinin daha çox hissəsini (demək olar 80 %) yenidən yazdıq, üzünü köçürdük. Bu işdə Göylü ilə Nurtəkinin bənzərsiz işləri, hünərləri oldu. Atanın irsinin xilas olması ən çox Göylünün əməyinə bağlıdır. Biz Atanın irsini təkcə bir yerə yığıb qorumaqla uğraşmadıq, onları çap elədik. Bu işlər qırılmamalıdır. Göylü o cür fədakarlıqlar elədi. Atanın kitabını əliylə də yazırdı, makinada da yazırdı. Sonra kompüterdə yazdı. O yazdı, qoruduq, sonra Bilən çapına yatırım ayırdı. İş genişləndi, böyüdü. İş, əməl, insanlarımızın fədakarlığı ilə, bir-birinə belə bağlı olur, Ocaq gələcəyə gedir. Bu işlərin hamısı bizdən ayıq olmaq istəyir. Bizdən yenidən toparlanmağımızı, yenidən düşünməyimizi istəyir, Asif Atanın yaşamasının, varlığının nə demək olduğunu bilək. Bəşər tarixində Ocaqçıların ortaya qoyduğu fədakarlıq qədər fədakarlıq çox az olub. Biçimcə bizim işlərimizdən çox işlər görülmüş ola bilər. Məsələn, mən yenə xristianlığın tarixinə qayıdıram, apologetlərin əməyini vurğulaya bilərəm. Ancaq inanın, xristianlıqda o işi görən adamların sayı minlərlə idi. Ayrı-ayrı ölkələrdə idilər. Ocaqda barmaq sayda adamlar iş görür. Barmaq sayda insanın əmələ gətirdiyi fədakarlıqla, əməklə minlərlə insanın ortaya gətirdiyi bir deyil. Ona görə deyirəm, bizim sayımız qədər, ya xristianlıqda, ya da o birilərdə adam olsaydı, heç biri yaşayıb bu günə gəlməzdilər. Onlarla bağlı nə varsa, sonrakı dönəmdə ayrı-ayrı insanların yaradıcılığı ilə ortada qalıblar. Xristianlığın özünün faktı çox az idi. İncildir, bir neçə məktub filan. Ancaq bizim arxivimiz, keyfiyyəti baxımından bənzərsizdir. Nə qədər dövlət arxivlərinə vermişik, ayrı-ayrı insanlarımızda var. Bunların hamısı Sözdü, ömürdü. Hamısı yazıya, kitaba gətirilmiş, Ocaq quruculuğuna çevrilmişdir. Bu açıdan deyirəm, bizim gördüyümüz işlər, doğrudan da tarixi aşır. Bu uğurların qədrini bilməyimiz gərəkdir, Ocaq yaşasın, İnsanlıq var olsun. Asif Atanın işi ümumbəşər səviyyəsində gələcəkli olsun.
Mən “Mütləqə İnam Ocağının Ruhani Yükləri” adlı bir kitab hazırladım. Çox önəmlidir. Nurtəkin çap elədi, üzlədi. Bilirsiniz, Ata öləndən sonra “Ata timsalı” ideyası ortaya gətirildi. Ondan sonra “Ocaq Yükümlüsü” anlayışı ilə dəyişdirildi. “Ocaq Yükümlüsü” ideyası oturuşub bu günkü duruma gətirilənə qədər, başlanğıcda nə qədər çaxnaşmalar əmələ gəldi. Çox adam bu məsələnin önəmini anlamadı. Ancaq Ocaq bir qurumdur. Bu ideya yaşamalıdır. Bu ideyanın gerçəkləşməsi bu quruma bağlı məsələdir. Bu qurumun da quralları olmalıdır. Xristianlığın, müsəlmanlığın, buddizmin hamısının davamında qurallar yarandı. Bəlirləndi, kim nə yük götürür, kimin çalışması nə deməkdir. Ocaqda da bəlirti olmalıdır. Bu bəlirti sonrakılar üçün də ölçü verməlidir. Kim nəyi necə istəyir dəyişib Ocağı yönətə bilməz. Bunların olmaması, bizdən sonrakıların çaş-baş düşməməsi, yenidən o çaxnaşmaların qayıtmaması üçün bu kitabı hazırladım. İstəyirəm, bunu sizə oxuyam. Bunu qiymətləndirməyimiz gərəkdir. Olduqca önəmli bir məsələdir.
Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya səcdə ilə!
Mütləqə İnam Ocağının Ruhsal Yükləri
Ürəyinizdə Ata Günəşi olsun!
Bizim hər birimizin “Ocaq” adlı bir idealımız var. Ocağın yaşaması, onun ideya-düşüncə sisteminin gerçəkləşməsi – İnsanlığın var olması, birgəyaşayışın ruhsal nizamı, ölçüsü deməkdir. Bu həqiqəti anladığımız üçün gərəkəndən də artıq fədakarlıqlar edir, hər cür çabalar göstəririk. Söz yox, göstərməkdə davam edəcəyik. Ocaq bizim güvənc yerimiz, yaşam ölçümüzdür.
Bununla belə, Ocaq gəlimli-gedimli bir dünyadır. Ocağa əbədi gələnlər, gedənlər olacaq. Bütün gələnlərin qalmasını, sonsuzluğu dərk etməsini gözləmək doğru deyil.
Ocaq – Bağımsız Bireylərin Birlik ünvanıdır. Ancaq bu çağacan, izlədiyimiz kimi, hər kəsin gəlib bağımsız olması, Birliyə qatqı verməsi olmur. Olmayacaq da. “Ocaq” olmaq istəyənlər bu Birliyi sağlayacaq, qoruyacaqdır. Bunun üçün Ocağın iç quralları bütün yönlərdə bəlirlənməlidir. Hər kəs də bunu qəbul etməlidir. Heç kim heç vaxt bu Quralları poza bilməməlidir. Qurallara qarşı çıxmaq Dönüklük kimi qəbul olunmalı, kimliyindən asılı olmayaraq, bu istəkdə bulunan adam Ocaqdan uzaqlaşdırılmalıdır. Bu qurallar Asif Atanın ideya-baxışından ayrı bir şey deyil, ola da bilməz. Ona görə Ocağa gələn hər kəs bu quralları qorumağa sorumludur.
Beləliklə, quralları Ocaq anlayışları üzərində aşağıdakı kimi bəlirləyirik (buna Ocaq təyinləri də deyə bilərik):
I
Ata (Atalıq) – İnamın, Ocağın böyüyü, ruhsal başçısı, peyğəmbəri, Yolbaşı. Dəyişməz, əvəzolunmaz Ruhsal Yük. Bu yük Asif Ataya özgündür.
II
Evlad – Asif Atanın İnamını, Yolunu, Amalını çək-çevirsiz qəbul edən, Ata işinin gerçəkləşməsində umacaqsız çabalar göstərən istənilən bəşər övladı. Evladlar – Asif Atanın köməkçiləri, davamçıları, xalqla Asif Ata arasında mənəvi körpü yaradan qurucu insanlardır. Onlar Asif Ata ruhaniyyatının öyrətmənləridirlər. Heç bir Evlad başqasından üstün tutulmur. Mənəvi üstünlük – hər kəsin öz ömrü, çalışmaları ilə yaratdığı nemətdir.
III
Ocaq Yükümlüsü – Ata işinin ən güclü bilicisi, Asif Atanın 6 ideyasının gerçəkləşməsi üçün nə gərəkdiyini bütün varlığıyla anlayan, buna ömür verən Ocaq Evladı.
Ocaq Yükümlüsü – Amaldaşlarının heç birinə ayrıseçkilik gözüylə baxmayan, onların doğmalığını, Birliyini yaradıb qoruyan, eləcə də, Ocağın yaşaması üçün Amaldaşlarını yönləndirən, ruhsal buyruqlar verən, onların işlərini dəyərləndirən, alqışlayan (təqdir edən), mənəvi-idraki ucalıqda yaşayan Ocaq Evladıdır.
Ocaq Yükümlüsü Ocağa Evlad qəbul edir, Ocağın tələblərinə tərs yaşayanı Ocaqdan dışlayır. Bunun üçün Ruhsal Bəlgə yazır, onu Ocağa sunur. Asif Ata canlı yaşamadığı üçün onun Ocaqdakı işlərini yerinə yetirir. Ancaq Atanın əvəzi sayılmır.
Mənəvi-idraki keyfiyyətləri, Ocaq quruculuğu qüsursuzdursa, fiziki sağlamlığı olanaq verirsə, ölənə kimi bu yükü daşıyır.
Bu Yük Asif Atanın ölümündən sonra bəlirlənib, çoxluq qəbul etməyib. Soylu Atalı bu yükü öz üzərinə götürüb, onu qəbul edən az sayda Amaldaşları ilə Ocağı yaşatmağa girişib. Qəbul etməyən çoxluq, sonradan öz aralarında dil tapa bilməyib dağılışıblar. Onların içində az sayda adam, formal olaraq, özlərini Ocaqçı saysalar da, Ocağın tələblərini, Qurallarını yaşadıb qoruya bilməyiblər.
Hələ ki Soylu Atalı İlk Ocaq Yükümlüsüdür. Onun ölümündən sonra bu yükü kimsə öz üzərinə götürəcəkdir. “Yükgötürmə” seçki yolu ilə olmayacaq. Ancaq Amaldaşlarının razılığı olacaqdır. Ölçü isə birdir: Asif Atanın işini ən yaxşı bilən, Ocaqda Birlik, Quruculuq yaradan Evlad bu Yükə layiq bilinəcək. Bir sözlə, İKİNCİ Ocaq Yükümlüsü qovğasız, çək-çevirsiz işə başlayacaq.
Birinci Ocaq Yükümlüsü, özündən sonra, bu Yükə layiq olan Evladın adını çəkə də bilər, çəkməyə də. O, öz amaldaşlarına, onların ərdəmlik göstərəcəyinə inanır. Artıq Ocaqda uzun yol keçilib, sorumluluq dərk olunub.
IV
Ruhsal Ailə Yükümlüsü – Ocaqda yaranan Ruhsal Ailənin Evladlarından biri. O, özü də bu yükə hazır olmalıdır, Ailədəki Amaldaşları da bunu istəməlidir. Əgər hansısa səbəbdən Ailə öz Yükümlüsünü bəlirləyə bilmirsə, Ocaq Yükümlüsü onların arasından birini seçə bilər. Ocaq Yükümlüsünün seçdiyi Evlad səsə qoyulmur, çək-çevir (müzakirə) edilmir.
Ailə Yükümlüsü ən qısa zamanda daşıdığı yükə layiq olmalıdır.
V
Ocağın Ruhsal Təşkilatçısı – Ocaq Yükümlüsünün buyruqlarının gerçəkləşməsinə kömək edən Evlad. O, Ocaq Yükümlüsünün yardımçısı (müavini) sayılmır. Ocaqda belə bir görəv yoxdur.
Ocağın Ruhsal Təşkilatçısı – bütün törənlərin, toplantıların fiziki hazırlığına görə Ocaq qarşısında sorumluluq daşıyır. Təşkilatçılıq işləri ilə bağlı Ocaq Yükümlüsünü bilgiləndirir.
Ocağın Ruhsal Təşkilatçısı Ocağın istənilən Evladı ola bilər. Bu yükü istənilən bir Evlad könüllü də götürə bilər, Ocaq Yükümlüsünün istəyi (xahişi) ilə də. Asif Atanın sağlığında bu yükü ikinci yol (həm də sonuncu) Soylu Atalı daşıyıb.
Ocağın Ruhsal Təşkilatçısı Amal borclarının yığılmasını, bu yığımın gərəkən yöndə Ocaq işlərinə xərclənməsini “Amal Borcu Gündəliyi”ndə yazır.
Ocaq Törənlərinə, toplantılarına qatılanları “Törənlər Gündəliyi”ndə yazır.
Ocaqçıların gördüyü əməlləri “Ocaq Tarixi Gündəliyi”ndə yazır. Bunun üçün Ocaqçılar gördükləri işlərlə bağlı ona bilgi verirlər.
VI
Ocağın Odqoruyanı – Öz bölgəsində tikilən İnam Evində xalqla bağlılıq quran, Atanın İnamından soraq verən, o bölgənin insanları ilə İnam Evində, o bölgədəki Ruhsal Ailənin Evladları ilə, ya da Ocaq Yükümlüsü ilə görüş təşkil edən, özü də İnam Evində Ocaq Öyrətmənliyi edən Evlad.
Odqoruyan – həmin bölgədəki Ruhsal Ailənin Yükümlüsü də ola bilər, Ailənin istənilən başqa bir Evladı da.
Odqoruyan – İnam evində Ocaq ədəbiyyatlarının oxunub öyrənilməsi üçün gələnlərə ortam yaratmağa hazır olmalıdır.
VII
İnam Evi (Ocaq Evi) – Ocaq törənlərinin keçirildiyi, İnsanlaşma öyrətisinin (təliminin) öyrənildiyi ünvan.
Xoşniyyətli hər bir bəşər övladının üzünə açıq olan Qutsal Tikili.
VIII
Ocaq Bayrağı – Ocağın qutsal simqəsi.
Ocağın törənləri həmişə Bayraq altında keçirirlir.
IX
Evladlıq Nişanəsi – Ocaqçının Ruhsal kimliyini bəlirləyən Ruhsal Bəlgə.
Nişanə qutsal simqə sayılır, yada verilmir, pozulmaqdan, bulanmaqdan qorunur. Ocağın bütün törənlərində Ocağa qaytarılır, Törənin sonunda, Ocaq Yükümlüsündən uğurlama sözü ilə, geri götürülür.
X
Ocaqçının daşıdığı ad – onun Ruhsal kimliyi.
Ocaqçı bu adı daşımaqla qürur duyur. Bu ada layiq olmaq üçün Ocağın bütün tələblərinin gerçəkləşməsinə qulluq göstərir.
XI
Ocaq Guşəsi (İnam Evi Guşəsi) – hər bir Ocaqçının öz evində, Ocaq ədəbiyyatlarından oluşdurduğu, Ocağın varlığını bildirən yer.
XII
Amal Borcu – Ocağın yaşaması, yayılması üçün hər bir Ocaqçının boğazından kəsib ayırdığı maddi köməklik.
Ayda bir yol, ya da bir neçə ayın borcu biryolluq ödənməklə. Amal Borcunun ödənişi Ocaqçının olanağına bağlıdır, konkret rəqəm tələb olunmur. Ocaq – “Amal Borcu” ödəyənlərə borclu sayılmır.
XIII
Ocaqçı–Asif Atanı bütün yönlərdə qəbul edən Ruhsal Evlad.
Ocaq Yükümlüsünün Buyuruğu – Ocaq Evladı, Ocaqçı üçün qanundur; bu qanunun bircə əsası var: “Ocaqçıyam, Ocaq Evladıyam” deyən kəs Dünyanın halına etki göstərmək, dünyanı dəyişmək məqsədi ilə gəlir Ocağa. Buradan aydın olur ki, yalnız böyük ürəkli, ruhani idraklı, güclü milli duyğulu, həqiqətə yiyəlik duyğusu ilə nəfəs alan, mətin insanlar Mütləqə İnam Ocağının Evladı ola, yükünü çəkə bilərlər.
Ocaqçının indiki zaman, bizim günlər üçün formal təyini isə dörd tələbi özündə birləşdirir: 1) Ocaq Ailəsində olmaq; 2) İnam Evini İnamçılığın, baş ünvanı kimi qəbul etmək; 3) GenelOcaq Yükümlüsü təsisatını qəbul etmək; 4) Ocaq-Türk abesini bilmək, işlətmək.
XIV
İnamçı – elmi yalnız elm kimi anlayan – onu dünyabaxış saymayan, bütün “göyel” (“səmavi”) dinləri rədd edib, yalnız Asif Atanın (İnam Atanın) yaratmış olduğu dünyabaxış əsasında yaşayan, İnam Atanı öz peyğəmbəri sayan, sevən, Atanın Yazdıqlarını özünə Qutsal Bitiq kimi qəbul edən istənilən vətəndaş İnamçıdır.
Onun ixtiyarı özündədir (Ocaqda deyil). Ocaqçıdan tələb olunan (onu özünün tələb etdiyi) gündəlik ruhsal davranışlar (ibadətlər) – “Təmaslar”ı, “Ricalar”ı söyləmək İnamçıdan tələb olunmur. Bunları eləyib-eləməmək onun öz işidir; eləməyin “savabı” (mükafatı), eləməməyin “günahı”, “cəzası”yoxdur. İnamda hər şeyin yiyəsi – İnsanın özüdür – suçlayan da, alqışlayan da.
Ocaq öz yanından – İnamçıların işinə qarışmır, onların konkret addımları üçün heç bir sorumluluq daşımır. İnamçılar öz aralarında nə isə iş birliyi də qura bilərlər. Bunun Ocağa heç bir özgünlüyü olmaz. İnamçılar öz şəxsi yaşamlarında (toy, vay b.k.), ya qurumlarının işi ilə bağlı Ocağa üz tutduqda Ocaq işə münasibət bildirə bilər.
Mahiyyətcə isə, Ocaq İnamçıların and yeridir – genel sözlə desək. İnamçılar mühiti – Ocaqla xalq arasında körpüdür.
XV
Ocaqsevər – İnamın Dünyaya gəlişi Yurddan başlayır, bizm üçün konkret olaraq Atayurddan (Azərbaycandan -Türkeldən) başlayır. Ölkəmizdə Asif Atanı tanımayan, onu Mütləqə İnam Yaradıcısı – Peyğəmbər kimi bilməyən adam azdır. Elə təkcə yüksək təhsil ocaqlarında 20 il bu millətə fərqli söz deyib. Dinləyicisi də Onu bir elm adamından çox, bir həqiqət izharçısı kimi xatırlayır. Hansı məktəbə gedirsən, hansı müəssisənin qapısını açırsan!… Hələ onun Azərbaycan televiziyasında apardığı “Zirvələr” verilişləri silsiləsi!… Onun Mütləqə İnam harayıyla “Azərbaycanımız – Azərbaycanlığımız” içsəsləriylə açdığı qapılar, dediyi sözlər, etdiyi çağırışlar!… Ömrünün son 10 ilindəki çoxsaylı mətbuat çıxışları! Əldən-ələ gəzən Kitabları!… Özündən sonra Ocaqçının fədakar əməlləri!… Bu təmas canlı bir biçimdə davam etməkdədir.
Görünür, bu xalqı artıq bəlli ölçülərdə “İnam Atanın Xalqı” adlandırmaq olar.
Xalqın içində Mütləqə İnam Ocağını yaxından tanıyanlar, bilənlər, sevənlər, təəssübünü çəkənlər var. Ata bunlara qabaqca “Ocaq rəğbətçiləri”, sonralar isə “Ocaqsevərlər” deyərdi.
Ocaqsevərlər də İnamçılar kimi Ocaqla Xalq arasında bir aşamadır. Mahiyyətcə Ocaqsevərlərə nisbətən İnamçılar Ocağa daha yaxın toplum qatıdır. Çünkü Ocaqsevərlər, formal olaraq, başqa dünyabaxış daşıyıcıları da ola bilərlər. (Ona görə “formal” deyirik ki, sevgi formal deyil, üzvi, canlı duyğudur)…
Bütün bunlar Ocağın təşkilatca (Qurum olaraq) Quruluşudur – öyrənilməli, yaşadılmalı, Sabaha çatdırılmalı!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
22 Köçəri Ayı, 43-cü il.
Bu kitabda mən “Ocaq Yükümlüsü” anlayışını “Evlad” anlayışından sonra götürürəm. Çünkü Ocaq Yükümlüsü Atadan sonrakı yük məsələsi deyil. Evlad yükü başlıcadır. Ocaq Yükümlüsü Evladlar içərisindən gəlir, Ocağın mənəvi, fiziki nizamını qoruyub saxlayır, yaşadır.
Ocağın bu təyin olunmuş yüklərindən qırağa çıxmaq olmaz. Gələcəkdə Ocağın İnam evlərinin imam xətibləri, rahibləri olmayacaq. Olması da doğru deyil. Bu da Ocağın özünəxaslığıdır.
Sizin bununla bağlı etirazınız ya da təşəbbüsünüz varsa, indi də deyə bilərsiniz, çıxışlarınızda da. Mən sözümü bitirirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun!
Günev Atalı ( Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Adətən “Gediş Yazısı”nda qoyulan qonularda hesabat tələb olunur. Mən də hər il dəyişilən gündəliyi qarşıma qoyub əməlləri qeyd edirdim. Bu il canım ağrıyırdı, edə bilmədim. Başqa bir səbəb də var, ya Nurtəkin, ya da Göytəkin ümumi hesabat verirlər.
44-cü ili Ocaq Yükümlüsü “İnam Evi” ili elan eləyib. İnam Evini 43-cü ildə başa çatdırmışıq. Mən də İnam Evi ilə bağlı Ocağımız qarşısında uğurlu işlər görmüşəm. Yeni ilimiz heç vaxt təkrarlanmasın, necə ki, indiyə kimi təkrarlanmayıb. Bütün dünyabaxışların təqvimləri hər il eyni cür təkrarlanır. Çünkü insan dəyişmir, ölçü dəyişmir, düşüncə dəyişmir. Düşüncədə, duyğuda yenilik əhvalı ömrə gəlmir. İnsan necə var eləcə də qalır. Ona görə də illər təkrarlanır. Asif Atanın Mütləqə İnam Ocağının ilsırasında illər təkrarlanmır. Yükümlümüz başlayanda izhar elədi, bu qədər işlər, uğurlar az sayda insanın maddi imkanı ilə olur. Hər birimizin bəlli qatqılarımızla olur. Milyonları olanları görürük, dünyaya nə gündə gəlib nə gündə gediblər. Ona görə də mən heç nəyi aşağı imkan saymıram. Əgər fədakarlıq varsa, o imkan yuxarıdadır, göydədir.
Mənim ən böyük hesabatım ömrümdür. Əgər mən ömrümü əqidəmə, etiqadıma, Amalıma həsr etmişəmsə, mənim üçün dörd divarı qaldırmaq böyük məsələ deyil. O sadəcə olaraq bir istəyin, fədakarlığın gerçəkləşməsidir. Əsas ömürdür. Ömrü də etiqada, Amala elə-belə vermək mümkün deyil. “Mənim imkanım var, hara desən gedib – gələrəm, nə istəsəm eləyərəm”lə olmur. Bu, aşiqliq – Məcnunluq tələb edir. Aşiqlik yaranarsa, insanı heç nə döndərə bilməz. Bezdirərlər, yorarlar, baş götürüb Məcnun kimi çöllərə qaçarsan. Ancaq o hal səninlə gedəcək. O bütün müşkülləri əridəcək. Sonra görürsən ortada elə gözəl bir ömür var ki. Öz ömrünü qıraqdan seyr edə bilirsən. Yolumda qarşıma çıxan maneləri mən necə aşdım, niyə sınmadım?! Çünkü bütün münasibətlərin başında səmimiyyəti saxladım. Söyəni söymədim, döyəni döymədim, bezdirəni bezdirmədim. Sadəcə olaraq durub yanından getdim…
44-cü ilimiz Qutlu olsun. Yeni bir il olsun. Əhvalda yenilik, münasibətlərdə yenilik olsun. Bu gün elə yüksək əhvaldayam, burda olduğum üçün. Durub İnamlının başına dolana bilərəm. Mən elə bilirəm, sabah bundan da yüksək əhvalda ola bilərəm. Gözəllik budur, ölçü budur, sevgi budur. Gəlmisiniz bu dörd divar arasında oturmuşuq. Mən düşünürəm, bu əhvalımı necə ifadə edə bilərəm, kaş onu çala biləydim, kaş oxuya biləydim, haraylaya biləydim. Ancaq əhvalımdan da hiss edə bilərsiniz ki, sizinlə bir yerdə olmaqdan necə bir qürur duyuram. Bu boyda bəşərin dərdinə ağlamaq, ümidlə, inamla, sevgi ilə ömür həsr etmək. Bəxtiyarıq!
Mən halımı ifadə edəndə kövrəlirəm. Çox çalışıram bu olmasın. Bəzən düşünürəm, nəyə gərəkdir bu. Ancaq bu riqqət halını başqa cür yaşaya bilmirəm. Bəlkə də kimsə bunu qüsur sayar.
Atamız Var olsun!
Soylu Atalı: Bunu heç kim qüsur saymır. Bu qüsur deyil. İnsanın içində yığılmış hal var, haray var. O bir anda özünü göstərir, ortaya çıxır. Hayqırmalarla da ortaya çıxa bilər, Göz Yaşı ilə də. Gözəlliyin çeşidləri, təzahür biçimləri çoxdur. Gözəllik həmişə bir biçimdə təzahür etmir, fərqli biçimlərdə təzahür edir. Bəlkə də bu, ən uğurlu biçimdir. Bəlkə də sən durub ürəkdən gülsəydin, bu cür etki göstərməzdi.
Biz insanı öyrənirik. İnsan hallar deməkdir. Bu hallar nə zaman qutsaldır, ziddiyyətsizdir?! Biri var, bu hal yaranır, bir də baxırsan endi, başqa hal yarandı, dedi-qodu, qeybət yaşandı. Onda bu hal qutsal sayılmır. Ancaq bir də var, sənin bu halının yanında, sağında, solunda onu endirəcək hal yoxdur, yəni içində. Ona görə bu hal gözəldir, qutsaldır, ziddiyyət doğurmayacaq haldır. Hallar dəyişə bilər, ancaq bu dəyişiklik enişlərə nədən olmur, enişlərə gətirib çıxarmır. Ancaq yüksəkliklərə qalxır. Bizə həmişə yüksəklikləri nişan verir, onu öyrədir. Ona görə qutsaldır.
Bizim tanıdığımız adamlar – Ocaqdan gedənlər, ya da özlərini qıraqda Ocaqçı sayanlar var. Biz onlarda da bənzər hallar görə bilərik. Ancaq bilirsən ki, bu bir məqamdır. Ömürdə olan gözəlliyin ifadəsi olaraq, nişanəsi olaraq bitmiş bir hal deyil. Qalxıb-enən, gəlib-gedən bir haldır. Bizim hamımızın çox sevdiyimiz, saflığına şübhəmiz olmayan Güntay danışıb, deyirdi, Soylunu bu yolda tək qoymaq olmaz, sonra ağlayırdı. Ancaq dərindən bilirəm, o, hələ o hala yetməyib. Onun bu halı enə də bilər. Mən bu məsələyə daha ciddi önəm verməyinizi istəyirəm.
Günev illərlə öz bölgəsində hər cür adama sinə gərib, təbəssüm də verib onlara. Bu gün Ocağın tədbirində gözləri dolur. O, illərlə hər əzaba, hər çətinliyə sinə gərən bir adamdır. Onun bu günkü halı o uca halların həssaslığıdır, incəliyidir. Bu gün özünü bu biçimdə göstərir. Bu, Asif Atanın dediyi, öyrətdiyi insan halıdır. Hətta sabit hala yetməyən bir adamın da Ocaq tədbirində kövrəlməsi, həssas bir duruma gəlməsi gözəldir. O halların hamısı gözəldir. Gözəlliyə qüsur demək olmaz.
İnamlı Atalı ( Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Günevin bu halından sonra nə deyəcəyimi, necə davam edəcəyimi unutdum. Doğrusu, mən hələ o hala yetə bilməmişəm. O güc yoxdu məndə. Ümumiyyətlə, mən həmişə ideyalarla maraqlanan adam olmuşam. Həmişə az-çox axtarışlarım olub. Belə qənaətə gəlmişəm, ideyaların çoxu yarımçıq olub. Sonradan o ideyaların davamçıları ideyaya düzəliş ediblər. O ideyadan daha güclü bir şey yaratmağa çalışıblar. Məsələn, Quranın Azərbaycan dilində olan tərcüməsini oxuyursan. Bir də onun haqqında deyilən şərhlərə, izahlara baxırsan ki, onu hansı səviyyəyə qaldırırlar. Ancaq Mütləqə İnamın buna ehtiyacı yoxdur. Bizim əlavələrimiz yalnız bu cür uca hallar ola bilər. Onun dediklərini özümüzdə yaratmaq halı ola bilər. Bacı-qardaşlarım bilir, mən həvəslə Ocağa gəlmişdim. Sonralar elə olaylar baş verdi, məndə biraz küskünlük yarandı. Geri qaldım. Geri qalmağı özümə bağışlaya bilmirəm. Özüm özümü qurban etdim. Bu boyda ideyanın arxasında mən illərimi itirməsəydim, yaxşı xidmətlərim ola bilərdi. Bununla belə, bu gün Ocaqda olmağımla qürur duyuram.
Topluma baxırıq, çox qarışıqdır. Sanki iki qütb var. Bir qütbdə vəhşiləşmiş, qəddarlaşmış, qaniçən kiçik toplum var. Toplumun böyük bir hissəsi isə acınacaqlı durumdadır. Bu halı yaşadan nədir?! Böyük toplumun daxili dünyası da elə bu azlıqdakı kimidir. Onların da bu azlıq qütbünə girmək üçün arzuları istəkləri, həvəsləri, düşüncələri var. Ellikcə, millət olaraq, bəşər olaraq xoşbəxtlik, ucalıq, böyüklük əmələ gəlməsi yönündə addım atan kiməsə rast gəlinmir. Heç bir ideya da bunu insanlara öyrətmir, vermir.
Soylu qardaşımla, mənim itirdiyim illərdə, onların gördükləri işlərlə bağlı çoxlu söhbətlərimiz olub. Qəpik-qəpik pul qazanasan, durub ölkənin o başına, bu başına Ocağın, Amalın sözünü demək üçün gedəsən. Günorta yeməyində bir dönəri bölüb yeyəsən, necə böyük bir həvəslə, istəklə görüşə girəsən. İnsanda güc olmalıdır ki, orda ayaq üstə dayana biləsən, söz deyə biləsən. İdeyanın verdiyi güc bu deməkdir. Qızların gənc çağında böyük işlər görməsi təqdirə layiqdir. Hamınız mənim fəxrimsiniz.
Mən bu Yeni ilimizdə amaldaşlarıma uğurlar arzulayıram. Yeni ilimiz Qutlu olsun, uğurlu olsun, gözəl olsun. Arzum da odur, bu ideya genişlənsin, Ocağımız millətə, bəşərə çevrilsin.
Atamız Var olsun!
Soylu Atalı: Bizim Ataya münasibətimizin ucalığı toplumda özümləşmənin qapısını açmaqdır. Mənim özümünküdür, safdır, qutsaldır. Bu mənə işğal kimi gəlməyib, bu mənə istila kimi gəlməyib. Bu mənim öz içimdir, öz içimə münasibətimdir, öz varlığıma münasibətimdir. Bu açıdan bu çox gözəl quruculuqdur.
Yaxşı bilirsiniz, bu otaqdan qıraqda Ocağa ciddi münasibət bəsləyənlər var. Sadəcə olaraq, bu mərasimə bir qom adam yığışıb. Bunu biz səmimiyyətimizlə, bir-birimizə olan münasibətimizlə, özümüzə, Ataya olan münasibətimizlə, fədakarlığmızla qazanmışıq. Məsələn, toplumda say açısından deyil, ümumi götürsək, Ocağa çox gözəl münasibət var, ümid var, sevgi var. Artıq Ocağa qarşı olanların da, getdikcə Ocağın həqiqətləri, gözəlliyi ağıllarına çatır.
Bunun hamısı bizim ömrümüzün görünməsi, səmimiyyətimizin görünməsi ilə bağlıdır. Səmimiyyət olmayanda münasibətlər sağlamlaşmır, saflaşmır. Atanın ölümündən sonra Mərasimə gəlirdik. Orda sayca 40-dan çox idik. Nə qədər pərdəarxası münasibət vardı, qəbul etməmək vardı, rişxənd vardı. Burda danışırsan, Mərasimdən sonra gedib lağa qoyurdular. Belə Ocaq olmur axı. Belə gedişlərə qutsal demək olmaz. O cür səviyyə nə vaxtsa görünür. Bunu bir-iki dəfə gizləmək olar. Biz istənilən halda, dörd divar arasında nə eləyiriksə, o detallarına qədər görünməyə bilər, ancaq ümumi mənada nə vaxtsa görünəcək. O cür mühitdə olanların hamısı Ocaqda qalmır. Nə vaxtsa Ocaqdan ayrılıb gedəndə isə başlayırlar hər yerdə danışmağa. Dediyim odur, bu günkü gözəl əhvalları yaradan bizim səmimiyyətimizdir. Bunlar hamısı doğrudur, doğmadır.
Biz bunları Atanın hökmlərindən qorxmaqla eləmirik. Biz içimizdə ləyaqətə yüksəlmişik. Ocağın içində davranışlar Atanın hökmlərindən qorxulara dayanmamalıdır.
Günev Atalı: Atanın hökmündən qıraqda olanlarda da heç nə alınmadı. Hələ qorxmağı qırağa qoyuram. Atanın hökmlərinə tələb kimi yanaşmasan heç nə alınmaz.
Soylu Atalı: Doğrudur. Çox şeylər olub. Bunlar hamısı Ocağın tarixidir. Hamısı örnək götürülməli məsələlərdir. Bunlar deyilməlidir, yazılmalıdır ki, qalsın.
Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G. A): Mən də sözün davamı olaraq bir şey deyim. Atanın “Sədaqət” kitabında yazılıb ki, “Ataya qalxan əl kəsilməlidir”. Bu deyim özü bizə anladır ki, bəzi şeylər var, özünün aydın, yetkin şəkildə açıqlaması olmalıdır. Atadan sonra “Ocaq Yükümlüsü” ideyası yarandı. İlk Ocaq Yükümlüsü var. Elə şeylər var, Ocaq Yükümlüsü onlara dəqiq aydınlıq gətirməlidir. İfadələr, hökmlər həm anlamca, həm də icra yönündən ağlımızda doğru oturmalıdır. Bəlkə də yaşadıqca, əməllər elədikcə daha çox şeylərin izahına ehtiyacımız olacaq. Ocaq Yükləri barədə hazırlanan yazı mənim üçün çox maraqlı oldu. Bəzən çox işlər görürük, ancaq bu cür məsələlər yadımıza düşmür.
Soylu Atalı: Biz deyirik, Ocaq davam eləməlidir, Ocağa Evlad gətirilməlidir. Gələcəkdə biz olmayanda Ocağa Evlad gələcək. Ocağa gələn Evlad kamil gəlməyəcək. Gələnlər içərisində eləsi olar, Atanı sevə bilər, Ocağı sevə bilər, hətta bilik səviyyəsində Ocağı yüksək bilər. Ancaq özünün halında, mənəvi varlığında qırağaçıxmalar da ola bilər. İstədiyi kimi davrana bilər. Bununla “Ocağı qoruyuram, Atanı qoruyuram” kimi düşünə bilər. Qoruyursan, yaxşı edirsən. Qorumaq o demək deyil ki, mənim ağzıma yumruq vurasan. Qoruyursan, ləyaqətinlə qoru, ürəyinlə qoru, doğru bilmələrinlə, tərbiyənlə qoru. Mən sənin qarşında bir addım dala qoya bilərəm. Məni topa tutma. Məni anlat, mənə sevdir, məni öyrət, məni qaldır. Yoxsa pozuntular yaranacaq. Demək olmaz ki, Ocaqda olanların hamısı fədakar, mənəviyyatlı, özünü anlayan adamlar olacaq. Yüngüldavranışlı da gələ bilər, başqa cür düşünən də gələr. Bunların hamısı Atanın quralları ilə nizam tapmalıdır, qorunmalıdır.
Nurtəkin Atalı: Münasibət aydınlığı, münasibət ucalığı çox önəmlidir. Məsələn, Ata deməsəydi ki, Atanı redaktə etmək olmaz, kimlərsə elə bilərdi Ocağın xeyrinədi, hərə öz düzəlişini edərdi. Onda artıq ruhani nizam, ruhani münasibət, ruhani inamın özü belə pozulur. Əgər Ataya inanırsansa, onu ruhsal başçı kimi qəbul edirsənsə, ona harda gəldi düzəliş etmək olmaz.
Soylu Atalı: Çox gözəl, gərəkli olan bir məsələyə toxundun. Biz Atanın kitablarını çap elədik. Göylü bilgisayarda yazdı, Nurtəkin işlədi, xırda səhvləri ortadan qaldırdı, mən də redaktor gözü ilə baxdım. Ancaq mən Asif Atanın kitablarında heç nəyi dəyişdirmədim. Mən öz yazılarımda, sonradan dəyişikliklər edirəm.
Ona görə Safruha qarşı iradımız var. Atanın yazdıqlarına düzəliş edir. “Şölə Ayı”nı “Közərti Ayı” yazır, daha nələr. Asif Atanın işlətdiyi anlayışlar var. Bu anlayışlar, sözlər Asif Atanın nəzərdə tutduğu mənanı ifadə edir. Mən o sözü, anlayışı dəyişməklə ayrı məzmun gətirə bilərəm ora. Nurtəkinin dediyi kimi, sabah da bir başqası dəyişər, deyər, bu Atanın xeyrinədi. Bir də görərsən ilkinlikdən heç nə qalmayıb. Hamısı dəyişib ayrı şeyə çevrilib.
Bu gün deyirlər, Quran dəyişib. Dəyişib, qoyma dəyişsin. Mənə orijinalı ver, mən də ordan oxuyum. Sabah kimə deyə bilərsən ki, Asif Atanın düşüncəsi dəyişdirilib. Adama deyərlər, qayda qoyaydın, qanun qoyaydın dəyişməyəydilər. Mənə Asif Atanın orijinalda dediyini de. Mən ordan öyrənmək istəyirəm. Peyğəmbərin dediyini bilmək istəyirəm. Sənin arzularını mənə demə. Buna görə Atanın dediklərini nöqtə, vergülünə qədər qorumaq çox önəmlidir. Mənim birinci işim o oldu. Dedim, Asif Atanın nöqtə vergülünə xələl gətirmək olmaz. Yaxşı ki, o vaxt o ağlıma çatdı, biz bu gün Asif Atanı dəyişikliyə uğratsaq gələcəkdə Asif Atadan heç nə qalmayacaq.
Asif Ata deyir, Birinci Günün adı Arzu Günü olsun, sən də deyirsən yox, Dilək Günü olsun. Peyğəmbər buna “Arzu Günü” adı verib. Onu dəyişmək – peyğəmbərlə mübahisə etmək, onun işinə qarşı çıxmaqdır. Söz dəyişəndə məna da dəyişə bilər, bu böyük risqdir.
Mən, Asif Ata kitablarını necə yazıbsa, özül ideyalarını necə veribsə, olduğu kimi saxlamağın yanlısıyam. Anlayışlarda dəyişiklik eləmək olmaz.
Nurtəkin Atalı: İndi 43-cü ilin əməl hesabatını oxumaq istəyirəm:
43-cü ilin hesabatı
43-cü ilimiz bir çox əməllərlə, səfərlərlə tarixə yazıldı. Hər bir əməlimiz yaşamımız, ömrümüzdür. Hər bir əməlimiz bizi Ataya, Ocağa bağlayan fərəhimizdir.
– 16 Günəş Ayı, 43-cü ildə Nurtəkin Atalı Türkiyəli qonaqla görüşmüş, Ocaq yönündən söhbət etmiş, Ocaq ədəbiyyatı vermişdir.
– 2 Çiçək Ayında İnamlı Atalı öz evində ixtisasca həkim olan qonağı ilə Ocaq yönündən söhbət aparmışdır.
– 4 Çiçək Ayında Bilən Atalı Soylu Atalının evində olmuş, qurucu söhbət etmişlər. Birlikdə Güntayın evinə getmiş, atasının ölümü ilə bağlı ona başsağlığı verəndən sonra, Bilənin təşkilatçılığı ilə, Maştağada bir neçə adamla görüş keçirilmişdir. Onlara ədəbiyyatlar verilmişdir.
– 9 Çiçək Ayında Günev Atalı yaşadığı köyə qonşu olan Bolsulu kəndində ayrı-ayrı şəxslərlə görüşüb geniş söhbətlər aparmış, Ocaq sorağı vermişdir.
– Göytəkin Atalı qonşuluqdakı xanımla yenidən görüşmüş, uğurlu söhbət etmişdir.
– 19 İşıq Ayında Soylu Atalı bir fəlsəfəçi gəncin Asif Atanın yazıları üzərindən şərhlərini izləmiş, onunla bağlantı qurub söhbətləşmiş, suallarına cavab vermişdir. Ona Ocaq ədəbiyyatları bağışlamışdır.
– 11 İşıq Ayında Nurtəkin Atalı bağlantısı olan tələbə ilə yenidən görüşmüş, onunla Ocaq açısından, milli yöndən söhbətini davam etdirmişdir. Ona Ocaq ədəbiyyatı, günsıra viziti vermişdir.
Həmin gün Soylu Atalı öz evində bir neçə şəxslə ciddi söhbətlər aparmış, ədəbiyyatlar vermişdir.
– 13 İşıq Ayında İnamlı Atalı qardaşı oğlunun yas törəninə gələn insanlarla söhbətlər aparmışdır.
– 16 Şölə Ayında Soylu Atalı 10-a yaxın şəxslərlə Ocaq yönündən, Atanı anlatmaq yönündən söhbət aparmışdır. Görüşdə iştirak edənlər qədim inanclar, Atanın müxtəlif məsələlərə yanaşması ilə, eləcə də Ocaqla bağlı müxtəlif suallar vermişlər. Özləri də Ocağın gərəkliyinə yönəlik yüksək düşüncədə olduqlarını dilə gətirmişlər.
– 24 Şölə Ayı, 43-cü ildə Soylu Atalı yaxın qohumunun yas məclisində 15-ə yaxın adamla, dinin xalqa, insana gətirdiyi ağrı-acılar, yalanlar, dünyaya münasibətin fəlakətlərini doğuran səbəblər, bu fəlakətlərdən dərs götürmək, qırağa durmaq, habelə başqa qonular üzərindən uğurlu söhbət aparmışdır.
– Günev Atalı kəndlərində yas yerində olmuş, Ocaqla bağlı bilgi vermiş, Ocağın gərəkliyi, Ocağa dayanaraq atılan addımların uğur gətirəcəyi, xalq olaraq bir araya gəlmək, birləşmək yolları qonusunda söhbət aparmışdır. Elana xanım da həmin yas məclisində, qadınlar arasında, dini rituallar, onların keçiriməsinin gərəksizliyi haqqında söhbət etmişdir.
– Göytəkin Atalı rəfiqəsi ilə görüşüb söhbət etmiş, sonra onun Soylu Atalı ilə görüntülü söhbətləşməsini təşkil etmişdir. Onun sualları əsasında söhbət bir saata yaxın davam etmişdir.
– Soylu Atalı qonşuları ilə bir araya gəlmiş, milli-dini yöndən söhbətlər etmişdir.
– 5 Qürub Ayında Soylu Atalı yazıçı Rafiq Tağının anma toplantısına qatılmış, söz söyləmişdir. Toplantı başa çatdıqdan sonra qatılanlarla Ocaq ədəbiyyatları bağışlamışdır.
– 6 Qürub Ayında Günev Atalının yaşadığı kənddə bir qrup adamlarla söhbəti olmuş, Ocaq sorağı vermişdir.
– 6 Qürub Ayında Soylu Atalı öz evində Üzeyir bəylə gələn televiziya işçisi ilə milli-insani yöndə söhbət etmişdir. Qonşularından bir neçə adam da söhbəti dinləmişdir.
– 11 Qürub Ayında Soylu Atalı iş yerinə, praktika keçmək üçün, göndərilmiş 20-yə qədər öyrənci ilə milli-insani yöndən söhbət aparmışdır.
– 13 Qürub Ayında Soylu Atalı Göyçaya səfər etmiş, yolboyu sürücü ilə, başqa sərnişinlərlə Ocaq söhbətləri etmiş, onların müxtəlif qonularda suallarını cavablandırmışdır.
– 14 Qürub Ayında Soylu Atalı Bilən Atalının təşkilatçılığı ilə Yardımlıya səfər etmişdir. Yardımlıda iki görüş baş tutmuşdur. Görüşdəkilərə Ocaq ədəbiyyatları bağışlanmışdır.
– Günev Atalı yaşadığı köydə Ocaq söhbətləri etmişdir.
– 3 Ata Ayı, Soylu Atalı Cəlilabad rayonuna səfər etmiş, amaldaşı İnamlının evində 3 gənclə görüşüb söhbət etmişdir. Ocaq yönlü, dərin məzmunlu söhbətlərdən sonra Ocaq ədəbiyyatları bağışlanmışdır.
– 12 Ata Ayında“Şərqilik” bayramından sonra Bilənin təşkilatçılığı ilə Soylu Atalı Səyavuş adlı şəxslə görüşmüş, söhbətlər etmişlər. Bir-birinə ədəbiyyatlar bağışlamışlar.
– 16 Ata Ayı, Soylu Atalı İsa Mehdioğlunun yas yerində ayrı-ayrı adamlarla bağlantı qurmuşdur.
– 9 Xəzan Ayı, 43-cü ildə Soylu Atalı amaldaşları Günev, Nurtəkin Atalılarla Cəlilabad rayonuna Ocaq səfəri etmişdir. İnamlı Atalının təşkilatçılığı ilə onun evində gənclərlə görüş keçirmişdir. Görüşün davamı kimi rayon mərkəzində bir qrup şəxslərlə söhbət etmiş, Ocaq ədəbiyyatları vermişdir. Bu Ocaq səfəri ilə bağlı bilgi basında yayınlanmışdır.
– 29 Xəzan Ayında Soylu Atalı amaldaşı Günev Atalı ilə “Qobustan Gənclər təşkilatı”nda görüş keçirmişdir, görüşə qatılanlara Ocaq ədəbiyyatları sunmuşlar.
– 2 Yağış Ayı, 43-cü ildə Göytəkin Atalı Göyçay rayon mərkəzində Aidə adlı xanımla görüşüb söhbət etmiş, ona Ocaq ədəbiyyatları bağışlamışdır.
– 13 Yağış Ayı, 43-cü ildə Ocaqsevərlərlə Beyləqana səfər edilmiş, İnam Evində “İnam Evi Günü” keçirilmişdir. (Bu, çox ciddi bir Ocaq səfəri oldu. Günev Atalının İnam Evindəki hazırlıqdan tutmuş qonaqların yol təşkili, mərasim keçirilməsi, yenidən Bakıya qayıdışa qədər yetkin tərtibli bir səfər oldu. Törəndə çıxışlar da uğurlu idi. Səfər qonaqları ciddi etkilədi). Bu səfər haqqında bilgilər internetdə yayınlandı.
– 18 Yağış Ayı, Soylu Atalı, Günev, Nurtəkin Atalılar internet televiziyada“Milli İnanc sorunlarımız, Asif Ata Yolu” qonusunda veriliş aparmışlar.
– Yağış Ayında Nurtəkin 2 adamla Ocaq söhbəti aparmış, ədəbiyyat bağışlamışdır.
– 25 Yağış Ayı, 43-cü ildə Goytəkin Atalının Beyləqandakı Ocaqsevərlə Ocaq yönündə söhbətləri davam etmişdir.
– 26 Yağış Ayı, Soylu, Günev Atalılar Soylu Atalını axtaran Rafiq bəylə görüşmüş, onun suallarını cavablandırmışlar, ona Ocaq ədəbiyyatları bağışlamışlar. Rafiq bəy sonradan Ocaq tədbirinə də qatılmışdır.
– 1 Sərt Ayı, 43-cü ildə İnamlı Atalı Cəlilabaddan Bakıya gedərkən yolda, taksidə olanlarla Ocaq yönündə söhbət etmişdir.
– 21 Sərt Ayı, 43-cü ildə Soylu Atalı amaldaşı Günev Atalı ilə Azərkitabda olmuş, Ocaq ədəbiyyatı vermişlər. Azərkitabdan ayrıldıqdan sonra Ocaqsevər aydınlarla görüşüb söhbət etmişlər.
– Bilən Atalı işlədiyi müəssisədə ardıcıl söhbətlər edir, Ocaq sorağı verir.
– Soylu Atalının geniş xalqlaşma söhbətləri olmuşdur. İstər görüşdüyü insanlarla, ya da sosial şəbəkələrdə sorulara cavab verir, Ocaq yönündən olaylara baxışını sərgiləyir. İnternetdə qoyulan yazılar da maraq doğurur, izlənilir.
– 5 Qar Ayı 43-cü il Göytəkin Atalı Ocaqsevərlərlə – Şahanə, Yeganə, Nigarla telefonda xalqlaşma işini davam edib.
– Günev Atalı səhhəti ilə bağlı üz tutduğu xəstəxanada həkimlə Ocaq yönündə söhbətlər aparmış, ona Ocaq ədəbiyyatı bağışlamışdır.
– Soylu Atalının Türkiyədə yaşayan dostu Aydın Novruzoğlu Soylu Atalının İstanbul tv-lərindən birində (MGTV) çıxışını təşkil etmişdir. Soylu Atalı onlayn olaraq canlı yayıma qoşulmuş, Qazaxıstan olayları ilə bağlı sualları cavablandırmışdı. Proqramdan sonra Soylu Atalının çıxışını Bilən Atalı kəsib facebokda yayınlamışdır.
– Soylu Atalı, yazılarını oxuyub onunla tanış olmaq istəyən Şapur Qasımi ilə görüşmüşdür. Ona Ocaq ədəbiyyatları bağışlamışdır.
– 18-19 Köçəri Ayı, Soylu Atalı Göyçaya səfər etmişdir. Səfərdə Bilən Atalının təşkilatçılığı ilə ayrı-ayrı şəxslərlə görüş keçirilmiş, Ocaq yönündən söhbətlər aparılmış, görüşdəkilərə Ocaq ədəbiyyatı bağışlanmışdır.
– 43-cü ilimizin Günəş Ayında Asif Atanın “Qutsal Quruculuq”, “Anlam İnsaniliyi” Bitiqləri, Şölə Ayında “Mütləqləşmək – Var olmaq” Bitiyi, Yağış Ayında “Mütləqə İnam” Bitiyi çap olundu. Hər Bitiyin hazırlanması Soylu Atalının, Nurtəkin Atalının əməyi ilə, basılması isə ən çox Bilən Atalının yatırımı ilə baş tutmuşdur.
– Ocaq tədbirləri, Törənləri ardıcıl olaraq keçirildi. Bu tədbirlərin, eləcə də Soylu Atalının ayrı-ayrı yazılarının səsdən sözə çevrilməsində Göytəkin Atalının əvəzsiz fədakar əməyi vardır. Saytlara yazı qoyulmasına da ciddi nəzarət edir. Ocaq əməllərinin yazılması, itməməsi üçün gündəlik qeydlər apararaq, Ocaqla bağlı əməllərin itməməsinə çalışır. Ocağın tarixini yazır.
– 43-cü ilin “Törənlər, Bayramlar” Bitiqi və “Ailə Günü” Bitiqləri hazırlandı, Ocaqçılara bağışlandı.
– Ocaq Günsırası vizitka şəklində hazırlandı.
Təbii ki, burda qeyd edilənlər bütün əməllərimizi göstərmir. Soylu Atalının, Günev, İnamlı, Bilən Atalıların yeri gəldikcə xalqlaşma əməlləri deyiləndən çoxdur.
Ocaq əməlləri ona görə var ki, ömürlər var. Ocaqda bir-birimizə inamımız, sevgimiz, doğmalığımız var. Birimizin uğuru hamının fərəhinə çevrilə bilir. Çünkü rəqabət yoxdur, qısqanclıq yoxdur. Biz belə bir dünyanı yarada bilmişik. İndi onun işığını artırmaq üçün daha çox çalışmalıyıq. Atamız Var olsun!
Soylu Atalı: Bu işlərin hamısı pandemiya ortamında görülüb. Pandemiya ortadan qalxandan sonra bu işlər, mənə elə gəlir, iki dəfə artacaq. Görüşlərin sayı da artacaq. Çox yerdə üzümüzə qapı açılmasa da, bizim kütləvi görüşlərimiz olacaq. Pandemiya buna əngəl olur. İki ildir pandemiya var, iki ildir Ocağın işləri də var. Ən pis durumda belə Ocaq söz deyə bilir, iş görür, öz varlığını sürdürür. Bu, əqidənin insan ömründə şəklə düşməsinin göstəricisidir. Ona görə ümid çox böyükdür, Ocağın gələcəkdə uğurlu işləri olacaq.
Göylü Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Ocaq tədbirində söz demək böyük sorumluluqdur. Haqq etmək gərəkdir. Mən bunu özümdə yaratmalıyam. Bu sorumluluğu dərk edirəm. Soylu Atalının bir təyini var, deyir, “insan var səhv edir, insan var günah edir”. Mənim həyatımda bir səhvim illərimə bədəl oldu. Özümü maddi sıxıntılara soxmağım mənə baha başa gəldi. Hələ də tam olaraq arınmamışam. Ona görə tam olaraq ruhumu, varlığımı Ocağa verə bilmirəm. Mən bilirəm, təməlim sağlamdır. Onun üstündə mən yenə ayağa duracam. Bunun üçün zaman, iradə gərəkdir. Mənim inamım yerindədir, ancaq bilirəm, təpərim azalıb. O təpəri, o inadı, o iradəni bərpa eləməliyəm. Gələn ilə əməlli, ömürlü bir hesabatla gəlmək istəyirəm.
Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Asif Atanı öyrənməyə başlayandan çaılışıram çox iş görüm. Ancaq özümdə çatışmayan bir cəhət var. Bayaq siz dediniz, kimsə gəlib təhqir edib. Mən o cür şeylər qarşısında təmkinli ola bilmirəm. Söhbətlər aparıram, söz deyirəm. Ancaq bilirəm ki, kimsə üstümə gəlsə, təhqir etsə sakit dayana bilmərəm. Hələ əqidə yolunda belə məsələlərə hazır deyiləm.
Göyçayda yaşayan Kəlbəcərli biri var, onunla söhbət etmişdim. Küsüb getmişdi. Soylu bəy mənim iş yerimdə görüş keçirəndə təsadüfən gəlib çıxdı. Soylu bəyi dinlədi, anladı. Səhəri gəlib Soylu bəylə harda, necə tanış olduğumla maraqlandı. Mən bilirəm, Asif Ata Yolu doğru yoldur, məni özümə qaytarır. Ancaq bəzi zəifliklərim var. Çalışıram özümdə dayanıqlı güc yaradım.
Günev Atalı: Sayılmaq hikmətinə yetəndə söyülmək, döyülmək kimi şeylər öz-özünə həll olub gedəcək. Biri məni söyür, mən söymürəm. Onun tərbiyəsizliyinə niyə enim. Atanın sözü var, söyülmək sayılmaqdır.
Bilən Atalı: Mən deyirəm bu torpaq bizimdir. Bu torpağı yadlar işğal edib. Yad öz ideyasını gətirib bura. Niyə görə kimsə məni təhqir etməlidir?!
İnamlı Atalı: Onlar da özgə deyil. Onlar da bizim vətənimizin balalarıdır. Yaddan gəlməyib. Ona görə gərək dözümlü olaq.
Günev Atalı: Məndən çox təhqir olunan olmayıb. Elə təhqirlər var, bəlkə də ən yüngülünü belə dilimə gətirə bilmərəm. Kənddə adıma nə desən dedilər. Müəllimlər, qohumlar ağac, balta götürüb üstümə gəldilər. Mən hamısına dözdüm. Orda ilişib qalmadım. Elə orda mən sına bilərdim. Elananın atası tüfəng götürüb gəlmişdi ki, filankəsi təpəsindən atacam, sənin arxanca filan söyüş söyür. Ona dedim, o bədbəxtlər məni elə tanıyır. Çalışaq elə edək, o bədbəxt ayılsın. Görsün ki, mən o deyən adam deyiləm. Kişi tüfəngini yanına salıb getdi. O qədər elə şeylərdən keçmişəm ki. Hər adamı söymürlər ki. Mən o adamların hamısı haqqında bircə ərizə yaza bilərdim. Cəza da alardılar, cərimələnərdilər. O vaxt polis rəis nə qədər elədisə, mən yazmadım. Dedim bu bədbəxtlər mənim nadan balalarımdır. Mən bunların bu nadanlıqdan çıxması üçün çalışdığım halda, bunlardan şikayət edə bilmərəm. Heyranlıqla baxdı. Dedi, ağsaqqal halal olsun sizə. Hamısını yaşadıqca yetirsən. Yetəndən sonra səni yerindən söyüşlə də tərpətmək olmaz.
Soylu Atalı: Bilən də onu deyir. Başa düşür ki, dözmək gərəkdir, ancaq hələ dözə bilmir.
Sözünü bitirmədinsə davam et.
Bilən Atalı: Əlavə sözüm yoxdur.
Atamız Var olsun!
Soylu Atalı: Biri var səni təsadüfi adam təhqir edər. Ola bilər, adamın şəstinə toxunar. Qayıdıb ona cavab qaytararsan. Biri də var, səni əqidən üçün təhqir edirlər. Əqidən üçün təhqir olunanda özəlliklə dözüm gərəkdir. Çünkü sən bilməlisən, arının yuvasına çubuq soxmusan. O qayıdıb səni sancmalıdır. Biz min il bu xalqın içində, ağlında, düşüncəsində, qəlbində oturan bir dünyabaxışı aradan qaldırırıq. O qayıdıb bizə dirəniş göstərməsin ki, mənim içimi niyə boşaldırsan?! Ona görə etirazlar qaçılmazdır. Bir də yanaşma məsələsi var. Əqidəli adam ya sözünü deyir, ya da, demir. Əgər sözü yerə düşmürsə sözünü deyir. Ən primitiv şəkildə dinlənilirsə, deyir. Ya da görür, bura tamamilə bazardır, söz eşidilmir, onda söz demək heç gərək deyil. Ancaq heç vaxt cahil mühitə aqressiya sərgiləmirəm. Əgər aqressiv davranaramsa, adamların münasibətinə balta üsulu ilə yanaşaramsa, bilməliyəm ki, mənim əqidəm yeriməyəcək. Yəni aqressiya heç vaxt əqidəni izah eləmir. Aqressiya yola qarşı, əqidəyə qarşı pis əhvallar doğurur. Bizim hər birimizin qohumumuzun əqidəyə qarşı çıxmasını gözlənilən saymalıyıq. Onlar bizimlə eyni durumda deyillər. Mən nə qədər məni anlamayanlarla, mənə buynuz çıxaranlarla buynuz çıxarmaqla döyüşəcəm, onlar yenə də mənim yolumu anlamayacaqlar. Ancaq səmimiyyətlə hər dəfə bir kəlmə anlatsam alınacaq. Görsən aqressiya sərgiləyir, yenə də rahatsız olmağa bir səbəb yoxdur. Yolumuz budur, anlamaq istəyirsənsə, izah edim. Bunu da təlqin etməklə yox, sevgi ilə etmək gərəkdir. Əqidəni Məhəmməd kimi qılıncla verə bilmərik. Aqressiya qılınc deməkdir, zor deməkdir. Onu da heç kim qəbul etməyəcək. Məhəmməd qılıncla üzərinə getdi, qəbul elətdirdi. Biz aqressiya sərgiləsək, bizdən uzaqlaşacaqlar. Bu açıdan, Ocağın xalqda oturuşmasının ən gözəl yolu sevgi yoludur, səbr yoludur, özünü yaratmaq yoludur.
Biz dedik, Ocaq gəlimli-gedimli dünyadır. Ocaq yaşamalıdır. İstəyiriksə istəklərimiz gerçəkləşsin, biz içimizdən dəyişməliyik. Toplum xeyirə qarşı aqressiya sərgiləyir, şərə qucaq açır. Biz də istəyirik xalq aqressiyadan qurtulsun. Xalqı şərə qucaq açmaqdan qurtaraq. Biz içimizdən aqressiyanı silə biləməsək, özümüzü dəyişə bilməsək xalq da dəyişməz. Xalqı dəyişməyin yolu şəxsin içindən başlayır. Aqressiyanı, inadı, tərsliyi yavaş-yavaş əməlsiz qoymalıyıq, dözməliyik. Yavaş-yavaş görəcəksən dəyişmisən. Adamın özünə inamı artır.
Mən qohumlar arasında özümü tez aşkarladım. Ancaq peşman oldum. Çünkü gücüm yox idi. Ancaq gec-tez qohumum, qardaşım bilməli idi, mən kiməm. Mən onlara kimliyimi anlatmalıydım. Ancaq onlar bunu anlamaq istəmirlərsə özləri bilər. Mən buyam. Qəbul eləmirsən, özün bil. Mən yenidən dəyişib sən deyən olmalı deyiləm ki. Mən Yolumu seçmişəm, onun gözəlliyinə inanmışam, onu yaşatmağa, gerçəkləşdirməyə çalışıram. Ancaq gec, ya tez bilinməlidir. Üzə çıxmalıdır. Zaman-zaman hər kəsin dediyi dayanacaq, sənin işin öz yolu ilə gedəcək.
Elana: Dinlə bağlı qohumlar arasında söhbət aparanda, bu, onların neçə illik düşüncəsini, inamını onların əlindən almaq kimi görünür. Onda adamlar əsəbləşirlər. Mənim atam dinçi idi. Mən də çox davakar idim. Sərt danışırdım. Axırda hirslənirdim, deyirdim, sən də get yat Məhəmmədin yanında. Sonra elə bir məqam gəldi, özümün hansı yolda olduğumu elə başa saldım ki, atam mənim nə dediyimi çox gözəl anladı. Onun gözündə Fatimə böyük olduğuna görə deyirdi, mənim qızım Fatimə anadır. Yəni yaxşı mənada ona bənzədirdi. Qarşı çıxanlarla da səmimi davranmaq, onların duyğularına toxunmamaq gərəkdir. Öncə adam hirsli olur. Düşünürsən ki, mən kiminsə yaxşılığına söz deyirəm, məni niyə başa düşmürlər. Ancaq doğrudan da, onlar başa düşmürlər. Axı indiyə kimi onlara deyən olmayıb ki, belə bir şey var.
Soylu Atalı: Biz elə bilirik, hamı bir anda dönüb bizim kimi düşünməlidir. Düşünməyə də bilər. Onun başa düşməsi üçün üsul dəyişməlidir. Üsulumuz balta üsulu olmamalıdır. Bilən bayaq deyir, Kəlbəcərli küsüb getmişdi. Sonra onu görüşə gətirdi. Mən heç bilmirdim o küsüb. Görüşəndə dedi hüquqşünasam. Mən də düşündüm savadlı adamdır, hər şeyi geniş şəkildə izah etdim. Axırda qalxıb məmnunluqla mənim əlimi sıxdı.
Bilən Atalı: Gərək daxili aləmin o qədər zəngin ola ki, onu başa sala biləsən.
Soylu Atalı: Əslində Bilənin ortaya gətirdiyi bu məsələ önəmli məsələdir. Üslub dəyişməlidir. İnsanlara sağlam üslubla yanaşmaq, sağlam üslubla anlatmağa çalışmaq gərəkdir. Qarşımızdakı başa düşməlidir ki, biz öz həqiqətimizin aşiqiyik. Qarşımızdakını əzməməliyik. Bilən çox söhbətlər aparır, çox iş görür. Burda, özünün dediyi kimi, hələ ki, çatışmayan məsələ onun yanaşma üslubudur. Zaman-zaman Bilən yanaşma üslubunu dəyişə bilsə (inanıram, dəyişəcək), Günev aran-qarabağ bölgəsi üçün kim oldusa, Bilən də öz bölgəsi üçün elə olacaq. Öyrətmən olacaq. Günev o bölgənin öyrətməni oldu. Bizə Azərbaycanın ayrı-ayrı bölgələrində öyrətmənlər gərəkdir. Zaman gələcək, o bölgənin elə öyrətməninə çevriləcəksiniz ki, orda başqa şeylərə gərək qalmayacaq. Bunun üçün çalışmalısınız, çaba göstərməlisiniz. Bunun da yolu özünü dəyişməkdən keçir.
Bilənin bölgədə öyrətmənlik səviyyəsinə qalxmasına, orda böyük dəyişikliklər etməsinə bizim böyük ehtiyacımız var. Cavandır, enerjilidir, istəklidir. Ata öləndən sonra mən çoxsaylı görüşlər keçirməyə başladım, səfərlər etdim. Hər dəfə fərqli əhvallarla üz-üzə qaldım. Düşünməyə başladım, nəyi necə demək olar, nəyi necə etmək olar. Dediyim odur, mən üslubumu dəyişəndən sonra Ocaq Azərbaycanda çox yayıldı…
44-cü ilimiz “İnam Evi ili” adlanır. Bu yöndə nəyə ad qoyuruqsa, ona özəl önəm veririk. İşlərimizi gerçəkləşdirməyə çalışırıq. İnam Evinə səfərlərimiz, tədbirlərimiz davam eləməlidir. Yeni İnam Evi ideyası üzərində düşüncələrimizin gəlişməsi yönündə çaba göstərməliyik…
- Törənə ruhsal bağışlanmalar sunuldu.
- Ocaq Yükümlüsü Yol Sözü ilə Evladlıq Nişanələrini sundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatdı.
Üzü köçürüldü: Çiçək Ayı, 44-cü il. Göyçay.