Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Ruhsal Evlad Günü” törənində
deyilmiş fikirlər
Ocaq Günsırası ilə 1 Şölə Ayı, 38-ci ildə (iyun, 2016) İnam Evində “Ruhsal Evlad Günü” törəni keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə edərək sözə başladı: Evlad Günü mərasimində ölənlərimizi anırıq – Sabahlı, Amaltay, Bağban bizimlədir həmişəlik!
Ocağımızın yaşamasını və çalışmasını şərtləndirən ciddi Evlad hünərləri meydana gəldi. Atamızın adından onu dəyərləndiririk. Ata Sonevinin yenidən işlənilməsi Ocaq tarixində özünə xas bir olaydır, Ocağın prinsipial tarixini yazan bir olaydır. Ata Sonevi Əbədi bir ziyarət yeridir, ona görə də Ata Sonevinin Ocağın ideya tələblərinə uyğun qurulması, uyğun qorunması bizim qarşımızda duran ruhsal borcdur. Bu borcu şərəflə yaşamaq və yerinə yetirmək hər bir Evladın, indiki və bundan sonrakı Evladların qutsal borcudur.
Ata Sonevinin yenidən işlənməsində hünər göstərən, eləcə də onu özünün fərəhli taleyi sayan Günevin işini dəyərləndiririk, ruhsal dəyər sayırıq. (Mən bundan sonra “təqdir” sözünün yerinə “dəyərləndirmə” sözünü işlədəcəm, “təqdir” sözü ilə yavaş-yavaş qurtarmaq istəyirəm. “Dəyər” türk sözüdür, özü də yaxşı sözdür).
Ata Sonevinin yenidən işlənməsində hərtərəfli hünər göstərildi, bu hünərin sayəsində sonevin işlənməsi işi çox uğurla sonuca vardı. Güntayın hərtərəfli çalışmaları işimizi qabağa apardı. Güntayın bu işləri özü üçün fərəhli bir hünərdir, əməldir. Həm Ocaq üçün, həm də gələcək ruhsal soylarımız üçün ciddi bir örnəkdir. Güntayın fərəhli hünərini Atamızın adından dəyərləndirirəm və ruhsal dəyər sayıram. (Güntay Bayrağı öpüb Ataya səcdə edir – Ü.A.)
Ocağımızın xalqlaşma hünərlərini yaşatmaq başlıca tələbdir, başlıca borcdur. Ocağın içində gedən işlər, sonuc olaraq, xalqlaşmaya yön verməlidir, verir də. Ona görə də Göylünün Hacıqabul rayonuna ruhsal səfərini dəyərləndirirəm. Ocaq tarixinə dəyər kimi yazılır. (Göylü Bayrağı öpüb Ataya səcdə edir – Ü.A.)
Nurtəkinin Bakıda liseydə gənclərlə və öyrətmənlərlə hazırladığı xalqlaşma görüşü Amala qulluq elədi, ciddi bir sonuc verdi, bağlantılar sonra da davam elədi. Hesab edirəm ki, onların araçılığı ilə Atanın Amalı evlərə getdi, bilindi. Nurtəkinin görüş hazırlama əməyini dəyərləndirirəm, Ocaq tarixinə dəyər kimi girir. (Nurtəkin Bayrağı öpüb Ataya səcdə edir – Ü.A.)
Üstünün və Türkelin Ocaq tədbirlərini səsdən yazıya çevirmələrini Atamızın adından qiymətləndirirəm, Ocağın işinin qabağa getməsində borc hesab edirəm. (Üstün Bayrağı öpüb Ataya səcdə edir – Ü.A.)
Dünya getdikcə əyilir. Dünyanın getdikcə əyilməsində beyinlər sarsılır, ürəklər dözmür, sarsılır. Dünyanın sonunun gəldiyini düşünənlər də var. Hesab edirlər ki, insanlığın sona çatması bir fəlakətdir, çoxları düşünür ki, bunu Allah hazırlayır. Türk dünyası deyən, Türk dünyasının gəlişməsi deyən adamlar bu gedişdən sarsılırlar, baxmayaraq ki, özlərini türkçülük yönündən çalışan hesab edirlər. Ancaq işlərindən məmnun görünmürlər. Ocaq da bu gedişi uğursuzluq sayır. Ocaq da məmnun deyil, ancaq Ocağın beyni sarsılmır. Əgər hansısa Ocaq bireyində sarsıntıya bənzər bir şey varsa, bu onun özünün fəlakətidir. Dünyanın bundan da ağır çağları olub, bundan da ağır çağlara qarşı dirəniş göstərməyə çalışanlar olub. Bu gün də davam edir. Ocaq bundan sonra 50-60 il də çox ciddi işləməlidir, çalışmalıdır. Hesab edirəm ki, Atanın işinin başlanması bir yüzildə qəbul olunmağa hazır olacaq. Ona görə belə fikrə gəlirəm ki, indiki gediş hər kəsi çıxılmazlığa soxur. Hər kəsin düşüncəsini çıxılmazlığa soxur. Heç kim ayaqda qalacağına və sonrası nə olacağına münasibət bildirə bilmir, çaşır hamı. Özəllikcə bilgisayar, telefon sistemi işə düşəndən üzü bu yana insanların mənəviyyatları, öz növündən olanlara qarşı sayğıları heçə enib. Telefonlaşmada, bilgisayarlaşmada yeniləşmə yarandıqca, insanlaşmada fəlakətin dərinliyi artır. Ata bunu deyirdi, ağzıgöyçəklər də hesab edirdilər ki, Asif Ata tərəqqini düzgün qiymətləndirmir, köhnəliyə çağırır, halbuki, gələcək texnikadadır. Deməliyəm ki, gələcək texnikanın olduğu qədər insanlığın sonevini (qəbrini) qazır. Evimizin içində də biz o fəlakəti görürük. Bir adam o birinin üzündəki kədərə baxmır, bir adam o birinin dərdini soruşmur, dərdinə ortaq olmur, olmaq da istəmir. Bir-birinin evinə qonaq gedir guya, evinə gedən kimi hərəsi bir yanda telefon açır. Bu, ləyaqətsizliyin son həddidir. Birinə söz deyirsən, acığı tutur ki, onun telefonda uğraşmasına (məşğuliyyətinə) mane oldun. Hamı özünü telefonsuz təsəvvür edə bilmir. Hamı özünü atasız, anasız, bacısız, qardaşsız təsəvvür edə bilir, ancaq telefonsuz təsəvvür edə bilmir. Buna görə Ocağın çağırışına bundan sonra ehtiyac getdikcə artacaq. Fəlakət özünün son həddinə yaxınlaşdıqca Ocağa ehtiyac da işıqlanmağa başlayacaq. Əgər Ocaqçı özünü – dağınıq, özünütanımaz, özünübilməz cəmiyyətdə yalqız duyursa, onda onunla qürur duysun. Özünü kimsəsiz, arxasız görməsin. Qorxmasın belə şeydən. Özünün ruhsal qurtarıcı olduğunu dərk eləsin. Onda gücü artacaq. Bulaşmaq olmaz həyata. Cəmiyyətə qatılmaq, qarışmaq olmaz. Dünya dağılsa belə, qatılmaq olmaz. O belə geyindi, mən də geyinim, o belə davrandı, mən də davranım. O filan şeyi paylaşdı, mən də paylaşım. Belə düşünmək Əqidənin ölümüdür. Bənzəmək fəlakətdir. Bənzəyənin sonuna inanmıram.
Ocağımızın 8-ci ilində 6-7 nəfər var idi Ocaqda, Ata deyirdi ki, artacaqsınız, əlli olacaqsınız, yüz olacaqsınız, ancaq həmişə 8 olacaqsınız. Bundan qorxmayın.
Ocaq artacaq, bizdən sonrakı çağı deyirəm. Bəlli zaman keçsin, bir balaca diqqətə gəl, hamı özünə balaca şöhrət axtaracaq. Yüyürəcəklər, onların içindən əsil Ocaqçı on adam olacaq, ya olmayacaq. Çünkü dünyanın ruhsal nizamını yaradan yüz insan olmur, beş insan olur, iki insan olur. O üçdən-beşdən biri sən olacaqsansa, bu, sənin xoşbəxtliyindir. Min il dünyada işıq kimi yanmağın deməkdir. Yox, əgər sən bənzəyəcəksənsə, qatılacaqsansa, istəyirsən gözünü yumana qədər Ocağın adsırasında (siyahısında) ol, sən Ocağın tarixində ölməzliyə yetməyəcəksən. Küncdə-bucaqda qalacaqsan. Adam içinin qüdrətiylə, mənəviyatının gücüylə, idrakının siqlətiylə tarix yaradır, ölməzlik yaradır, adsıraya yazılmaqla yox. Ocağın qədrini bilmək gərəkdir. Çıxın izləyin, görün nə görəcəksiniz, – 300 adamın gəldiyi tədbirlərdə nə görəcəksiniz?! Sizin olduğunuz tədbirin yüzdən birini verməyəcək. Qara say, sürü say Ocaqda heç vaxt olmayacaq. Ocaqda qüdrət sayı olacaq, hikmət sayı olacaq. Əgər Ocaqda 100 adam olsaydı, 100 adamın hamısı eyni dərəcədə passiv olsaydı, onda vay Ocağın gününə olardı. Onda görərdiniz Ocaq necə yerində sayır. Ancaq Ocağın içində 5-10 insanın olması görün necə haray salır. Sonevin işlənməsi necə səs salır. Milyonlarla xərc tökürlər kiminsə abidəsini restavrasiya edirlər, dövlətin pulunu töküb edirlər, orda heç bir anlam yoxdur. Ancaq Ocaq qəpiyin üstündə necə dik dayanır. Ağır yüklərin altına girmək min il o yana söz deməkdir. Yol açmaqdır, hünər deməkdir. Evlad böyük olaydır. Ata deyir mənə Evlad ol, heç vaxt demir ki, mənim Evladlıq dəftərimə yazıl, deyir mənə Evlad ol. Əgər mənə Evlad olsanız, dünyanın öyrətməni olacaqsınız. Böyük sözdür Evlad sözü. Ata birdir, ortaq olmaz. Hətta Ata siqlətli şəxsiyyətlər yetişsələr belə, Ocaqda yenə Ata deyil, onun Evladıdır, baş bir olur. Evlad olmaq böyük hünərdir. Əgər sizdən qıraqda Evlad olmaq istəyən yoxdursa, o demək deyil ki, onlar sizdən ağıllıdır. Onlar guya günlərini boşa vermək istəmirlər. Nə iş görürlər, hamısı tükənib, ortaya çıxarıblar istedadlı adlar, indi o adlardan başqa ortada heç nə yoxdur. Kitab sunma törəni (təqdimatı) edirdilər bir aralar, indi o da adiləşib, heç kimə heç kimin istedadı gərək deyil. Ancaq bütün bəşəriyyətə sabah insan qutsallığı gərək olacaq. Bütün bu istedadların hamısı arxivin torbasına doldurulacaq. Ocağın çağırdığı insan mənəviyyatı isə heç bir çağ arxivdə olmayacaq, həmişə insanlığın içində işığa çevriləcək. Zamanın yavruları, övladları Atanın Evladlarından güclü ola bilməz heç çağ. Atanın Evladı azdır, zamanın övladı çoxdur. Zamanın övladları özünə bənzəyir, özü kimi ölən. Ancaq Atanın Evladları Atanın özünə bənzəyir – əbədi, qüdrətli.
…Mən oxuduğum nəsnələrdə bəzən elə fikirlərə rast gəlirəm ki, guya insanları azadlığa çağırırlar, ancaq oxuyuram dəhşətə gəlirəm. Məsələn, Oşonun “özü olmaq, öz ürəyinin səsini eşitmək” təklifi. Atanın-ananın basqısı altında hara qədər olacaqsan deyir. Azad ol, özün ol, onda xoşbəxt olacaqsan. Heç kim heç kimin ideyasının altına girməsin, bu basqıdır deyir.
Adam anlamır, əgər sənin için yoxdursa ondan necə səs gələ bilər ki, sən də onu eşidəsən. Hanı sənin için, nə yaradıbsan?! Adam başa düşmür ki, bu idrak, bu təfəkkür səpələnməyib hər yerə. Sənin özün dediyini özü qanmır axı “öz” nədir, ona idrak gərəkdir. Onun idrakı yoxdur, sən də deyirsən özün ol, o da gedib özü olur, yəni it kimi sülənir. Heç kim heç kimi eşitmir də, həmin cəmiyyətdir. Başa düşmürəm bu adam nə fikirləşir. Elə bilir ki, kiminsə etkisinin altından çıxan kimi o, azad olacaq. Azadlıq bu qədər sadə imiş. Azadlıq sənin içindən başlayır, sənin içində gör nə var. Bir yerdə ki, insanı bioloji varlıq sayasan, seksual varlıq sayasan… Ziqmund Freydin dediyini deyir, mən dəhşətə gəlirəm ona meyil edənlərə. O qədər üzdəki fakta uyurlar ki, hər şey bunlara təməl görünür, düz görünür. İnsanın heyvana bərabər götürülməsi, bunların beyninə getmir ki, insanı heyvana bərabər sayırlar. İnsana deyə bilməzsən ki, necə varsansa elə yaşamalısan, necə varsansa elə qəbul olunmalısan. Heyvana demək olar, insana necə deyəsən?! İnsanın dəyişmək olanağı (imkanı) var. Heyvanın dəyişmək olanağı yoxdur. Heyvanı dəyişən qüdrət yoxdur. Onda mənəviyyat yoxdur, iradə yoxdur, ağıl yoxdur, şüur yoxdur. İnsanda var bunlar…
Qarşıma nə çıxırsa, Atadan çox aşağıda görürəm. Atanın kitablarını oxumaqdan qorxurlar. Oxuya bilmirlər, niyə? Çünkü Atanın kitabı beyin istəyir, düşünmək istəyir, bədii roman deyil ki, keflə oxuyasan. Mən Atanın kitabları ilə bərkimişəm. Mənim araşdırmalarımın hamısı Atanın dedyindən sonra gəlir. Atanın kitabı deyəndə hamı elə bilir ki, “Müdriklik səlahiyyəti” kitabı kimidir. “Müdriklik səlahiyyəti” Atanın bədii araşdırmasıdır. “İnam və Şübhə” onun kimi. Burda cazibə var üzdə və içdə. Burda axıcılıq var. İnam kitablarında bu axıcılıq yoxdur axı, tutub saxlama var. Dirənmə var. Bunları Evlad bilir və dəyərləndirir. Evladın buna ağlının gücü yetir, yetməlidir, başqasının ağlı özü bilər.
Qardaşımla söhbət edirdim, deyir ki, ikinci dəfərdir sənə qulaq asıram, adama necə də aydın olur, indi di gəl ki, qıraqdakı bunu başa düşmür. Qıraqdakı da sənin kimi. Otursun dinləsin görsün nə deyirəm, onda başa düşəcək. Dinləməmiş qorxur. Qardaşım deyir hələ mən Allaha yanaşma məsələsini belə anlamamışdım. Deyirəm, ona görə ki, Allah sənin ağlını söndürüb, qoymur ki, Allahlığını anlayasan. Allahı biz Atada anladıq, niyə, çünkü Ata başının üstündəki Allahı bizə öyrətmədi, içindəki Allahı bizə öyrətdi. Özündən öyrətdi Allahı bizə. Başının üstündəki Allah olanaq vermir sən Allahı görəsən. Bütün dünyaya göydəki Allahı öyrədirlər, insandakını öyrətmək gərəkdir. Onda insanı da dərk edəcəksən ki, insan hansı qüdrətə malikdir. İnsan özündə nə daşıyır. Onda insan sənin üçün cılız olmayacaq. Açacaqsan insanı özün üçün. Dərk edəcəksən. Ata özündə öyrətdi insanı bizə. Məni mənə öyrətməyi əslində özünü öyrətmək idi. Mənim daşıdığım onun daşıdığıdır həm də. Sən içində Mütləq gəzdirirsən deyir. Hamı gəzdirir. İnsan içində Mütləq gəzdirir. İnsanı özündə öyrən, özündə yarat, gedib orda-burda əlləşmə. Bizə sunulan indiki nəzəriyyələr hamısı bizi heyvana bağlayır, bizi ətalətə bağlayır, düşüncəsizliyə bağlayır, olanaq vermir şərlə döyüşəsən.
Xoşbəxtliyə çağırırlar. Hansı xoşbəxtliyə çağırırsan, öz için doludur şərlə. Onunla döyüşüb ondan sonra çıxırsan da xoşbəxtliyə. Sən isə deyirsən ki, necə varsan elə yaşa. Necə varamsa, içimdəki şərlə bir yerdə varam da…
Ocağın Evlad qarşısında qoyduğu tələb böyükdür. Evladlığa yetmək əslində bu tələbə yetməkdir. Xoşbəxtlik Evladın qarşısına qoyulan tələbdən doğulur. Əgər Ocaqçı Evlad olması ilə qürur duyarsa, o öz içində böyük dəyişikliyə gedib çıxa bilər. Buna formal baxarsa, necə var elə də qalar. Bizə sunulan nəzəriyyələrin dediyi kimi.
Mən Amaldaşlarımdan yenilənmə gözləyirəm. Düşüncədə yenilənmə, mənəviyyatda yenilənmə, əməldə yenilənmə, dünyaya yanaşmada yenilənmə. Onda Ocağın da gücü artacaq, Evladın da. Öləri bir şeyə bənzəmək olmaz. İçində qutsal bir surət yarat, onda gəlib sənə səcdə qılacaqlar.
Atamız Var olsun!
Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.):
20 illik ruhsal yaşım münasibətilə
Yəqin ki, Ocağa gələndə düşünməzdim ki, bu gün də gəlib çıxacaq, 20 illiyimi qeyd edəcəm. O zamanlar bunu görə də bilməzdim. Çünkü ciddi olaraq hara gəldiyimin fərqində deyildim. Ataya heyrət, belə bir zamanda Ata kimi şəxsiyyəti gördüyümə yönəlik fərəh duyğusu, Ocaq kimi arı bir dünya tapmağım, bunların xoşbəxtliyini yaşayırdım. Elə fərəhliydim, duyurdum ki, ürəyim yerinə sığmırdı. Gənc bir qızın uçuna-uçuna tədbirlərə gedişini xatırlayıram, özümə də maraqlı gəlir. Mən yol tapdığımın da fərqində deyildim. Yolun nə olduğunu bilmirdim də. Sadəcə yaşayırdım. Duyğularımla, heyrətimlə, sevincimlə. İndi 20 illik bir ömrü yazmaq istəyirəm. Axı mən necə ifadə edim bütün yaşadıqlarımı? Hər bir fərəhin, sarsıntının, əməlin ağrı-acısını, sevincini yazmaq asandırmı? Yenidən o günlərə qayıtmaq bəzən sevinc, bəzən ağrı gətirir. Ancaq sonuc 20 illik bir ömürdür ki, bura qədər gəlib çıxdığıma, bu yolu getdiyimə görə özüm öz gözümdə ucalıram. Yola bağlılığımı, Ataya sədaqətimi, Ocaqçı sorumluluğumu, Amalçı aqibətimi özüm üçün təsdiq edirəm. Hər ilim qədər fərəhim artır, 20 qat olur.
Ata deyir ki: “Amal – Ali həyat istəyidir”. Mən Amal yolçuluğuna başlayanda nə istədiyimi bilmirdim. Ali həyata həsrət, təsəvvürdə görmə o zaman olur ki, adi həyatın adiliklərini, fəlakətini dərinliklərinə qədər görə biləsən. Bir insan olaraq cəmiyyətin gözündə dəyərsiz olduğunu, bir millət olaraq da bəşərdə yerini, dünənini biləsən. Onda bugünkü durumu dəyərləndirib sabah necə olmalıdır deyə yol axtarışına çıxmağa, ideal həyat uğrunda çalışmağa başlayırsan. Ancaq necə çalışmalı? Gerçəkləşdirmək o qədər də asan deyil. Hardan başlamalı, necə davam etməli? Ocağa gəldiyim ilk çağlarda belə böyük sorular qarşısında deyildim. Ata şəxsiyyətinin cəzbi, ömrünü millətinə həsr etməsi, tənha yaşaması, izlənmələri (təqibləri), əzablar çəkməsi və s. bunlar məni heyrətləndirirdi, düşündürürdü, içimdə Atanı tək qoymaq olmaz deyə qeyrət duyğusu yaradırdı.
Atalı çağlarımı xatırlayıram. Hər gedişim fərəh dolu idi. Atanın yazılar oxuması, sorularım olanda diqqətlə dinləməsi, cavablandırması, evində gördüyüm sıradan təmizlik işinə qiymət verməsi mənə yalnız fərəh verirdi. Mərasimdə Atanın çıxışı, Evladların halı, ordakı ortam olduqca cəzbli və maraqlı gəlirdi mənə. Mən Atanın sağlığında Amalı anlamadım, anlaya da bilməzdim. Çünkü nə qədər ki, insan ideyanın gerçəkləşməsi üçün əməllər etmir, tam olaraq da Amalı anlaya bilməz.
Atanın ölümü ilə Ocaqda da, məndə də çox şeylər dəyişdi. Ocaqçılararası münasibətlərin üzdə olması, bir-birini həzm etməmək üzə çıxdıqca mühit də dəyişilirdi. Atasızlığın acısını hiss edirdim. Fitrətdən gələn sədaqət duyğusu vardı içimdə. Ancaq o duyğu Amalla birləşməsəydi, yəqin ki, bugünkü gün də olmayacaqdı. Çünkü Amalçılıq insanın içindəki bütün duyğu və düşüncələri yönəldir, yetkinləşdirir.
Mənim ömrümə Amalçılıq Soylu Atalının məni Ocaq əməllərinə yönəltməsiylə başladı. Bunu dəfələrlə vurğulamışam, ancaq yenə də hardan hara gəldim deyə düşünəndə bunları deməsəm, olmur. Öncə Ata Bitiqlərinin əlyazılardan makina ilə üzünün artırılması, üzlənməsi. Hər bitiq hazır olduqca, mərasimdə Soylu Atalı onları Atanın adından təqdir eləyirdi. Anlamağa başlayırdım Ocaq nə deməkdir.
Soylu Atalının oxullarda görüşlər keçirməsi. Atanın Ocaqçıdan Xalqlaşma tələbinin gerçəkləşməsi. Canlı görüşlər, söhbətlər, qarşılıq vermələr, suallar, heyrətlər, tənələr – bunlarla görüşdükcə, İdeyanın yayılma çətinliyini və sorumluluğunu anladım. Eyni zamanda xalqla görüşdükcə, xalqın səviyyəsini gördükcə də ideyamızın yayılma gərəkliyini, zəruriliyini anladım. Ancaq bu anlam özüm görüş keçirəndə daha da dərinləşdi. Görüş keçirməyim isə yenə də Soylu Atalının qarşımda tələbi ilə başladı. Görüş keçirmək – artıq çətinliklə, fərəhlə, qorxuyla, həyəcanla üz-üzə qalmaq deməkdir ki, bu da sorumluluğun artmasıdır. Mən bu görüşlərdə sevindim də, qorxdum da, heyrətləndim də, həvəsləndim də. Qorxumu ötdüm, həyəcanımı ötdüm, tərəddüdümü ötdüm, fərəhimsə yetkinləşdi, sorumluluğum yetkinləşdi, İnamım yeniləndi, İdrakım yeniləndi, Mənəviyyatım yeniləndi, İradəm yeniləndi.
Atanın, Soylu Atalının yazılarını redaksiyalara apardım. Yeni üzlər, yeni sorularla üzləşdim. Bu da məni yetkinləşdirdi. O illərdə bu yolu həm də Göylü ilə, Üstünlə bərabər keçirdik. Bizim doğmalığımız, sevgimiz biz Amala bağlandıqca artırdı. Bölgələrə çox zaman Göylüylə birgə səfər edirdik. Soylu Atalıya görüşlər təşkil edirdik. Qışda da, yazda da çətinliklərimizi sanki görmürdük. O qədər fərəhliydik ki.
İldən-ilə təddbirlərimiz də artdı, əməllərimiz də artdı, zənginləşdi, müxtəlifləşdi. Bunların nədəni yetkinləşməyimizlə bağlıdır. Ocaq tədbirlərinin arxivləşməsi – həm görüntü, həm gedişi, həm şəkli – bunların arxasında ciddi əmək durur. Bu ruhsal əməllərlə qurulur ömür. Çünkü o törənlərin, toplantıların içində sözümüz, əməlimiz var ki, onların tarixləşməsi – Ocağın tarixləşməsidir.
Mən son illərdə Ocağın xalqlaşma işlərinə ara verdim bəlli səbəblərdən (ana olmağımla bağlı). Son aylardakı görüşə cəhdlərim, xalqlaşma əməlim isə özümə bir daha sübut etdi ki, ömrümün əsas fərəhi Ocaq əməlləri ilə bağlıdır. Evdə nə qədər Ocaq əməlləri görsəm də, xalqlaşma əməli ruhsal sorumluluq yaradır və yetkinliyə doğru aparır. Özünə inamın artması Ocaq əməlləri ilə bağlıdır. Çünkü var olduğumu anlayır, varlığımı görürəm. Həm də gələcəyimi görürəm. Burda illüziya deyil, gerçək, sağlam düşüncə və əməl rol oynayır.
Dünənim necə idi? Mən sıradan bir qız idim. İndi isə 20 il Yol keçmiş Ocaqçıyam. Bu 20 ildə yaşadığım hər olayda Ocağın mövqeyini əsas tutdum. Ona görə də özümü həyatın axarında itirmədim. Zəifliyimi gördüm, ağrıdım, ancaq inamsızlaşmadım. Yanlışlarımı gördüm, çaşmadım. Fərəhlərim oldu, daha da artığına can atdım. Bütün bu duyğularımı yönəldən, böyüdən Soylu Atalı oldu. Yanlışlarımı da mənə göstərdi, uğurlarımı da öydü. Mən özümü ən çox onun araşdırmalarında gördüm. Yönün düz olması məni yolumdan sapdırmağa qoymadı. Günbəgün, aybaay, ilbəil Ocağı anladım, Atanı anladım.
Biz elə bir ruhsal ortam, dünya yaratmışdıq ki, onun təməli Ataya, Amala bağlılıq idi. Soylu Atalı bizim üçün Ataya körpü oldu. Soylu Atalının təşəbbüslərindən, yeni əməllərindən, düşüncələrindən və bizi də Amal tələblərinə çağırmasından və yüksəltməsindən yarandı dünyamız. İndi də bu halla davam edirik. Bəzən illərin içində, olayların içində qiymət vermək olmur, ancaq dönüb o illərə baxanda hardan hara gəldiyimi görəndə çox sevinirəm. Ocaqda çox olaylar oldu. Parçalanmalar baş verdi. Önəmlisi olan bugünkü doğmalığımız, sevgimiz və Ocağa bağlılığımızdır. Sarsılmadıq, dayanmadıq, Ataya inandıq, Soylu Atalıya inandıq, özümüzə inandıq. Ona görə də bugünkü gündə Ata qarşısında üzü ağlığımızı fərəhlə dilə gətirə bilirik. Bizim hər birimizin qarşısına çıxan çətinlikləri ona görə ötdük ki, həm də bir-birimizə inandıq. Bir insan arxasında Ocaq dünyasının, doğmalarının olduğunu duyursa, görürsə, onda onun özünə inamı birə beş artar.
Mən hər bir Ocaqçı haqqında onun layiq olduğu səviyyədə danışa bilməsəm də, bacardığım qədər ifadə etmək istərdim. Çünkü bizim ömrümüz bir-birimizə sıx bağlıdır.
Soylu Atalının bu il Ocaqçılığının 25 illiyi oldu. Bu 25 illik ömrünü araşdırmaq mənim üçün asan deyil. Çünkü bu ömür o qədər ruhsal zəngindir ki.
Soylu Atalının Ocaqçılığının ilk dönəmi Atagüzarlıqla bağlı olub. Atanın məişəti, gəzintisi, geyimindən tutmuş mərasimlərə, görüşlərə aparıb-gətirilməsinə qədər. Bunları o, öz kitabında da yazıb. Atadan sonrakı dönəm isə Ocaq yükünün altına öz çiynini verməsi ilə başlanır. Yeni tədbirlərin yaranması – bayramların gerçəkləşməsi, yas-toy qurallarının yazılması və həyata keçirilməsi onunla bağlıdır. Bu olayların gerçəkləşməsi ruhun yetkinləşməsi ilə gerçəkləşdi. Çünkü Ocaq tarixində olmayan bir olayın həyata keçirilməsi üçün İnam, İdrak, Mənəviyyat, İradə – hamısı gərəkdir.
Soylu Atalının ömründə belə ilklər çoxdur. Görüşlər, bayramlar, qurallar və s.
Ardıcıl görüşlərin keçirilməsi. Atadan sonrakı dönəmdə Soylu Atalı Bakıda və Sumqayıtda oxullarda görüşlər keçirdi. Bu görüşləri Göylü, Üstün və mən təşkil edirdik. Elə gün olurdu ki, 3 görüş keçirirdik. Elə oxul oldu ki, orda hər ay Fikir Evi səviyyəsində görüş keçirdik. Bunlar nədən doğur? Ata ideyasını çatdırmaq eşqindən. Sıradan halla, əhvalla, həvəslə bunu həyata keçirmək olmazdı.
Bölgələrdə görüşlər. Heç tanımadığımız bölgələrə gedirdik. Bəzən kirayə tuturduq, bəzən də Ocaq dostları qazanırdıq, evlərində qalırdıq. Bütün günü oxulda, muzeydə və bir sıra yerlərdə görüş keçirdikdən sonra qaldığımız yerdə də Soylu Atalı adamlarla, ailə ilə söhbətlər aparırdı. Tükənməz ruhsal enerjisi və əhvalı ilə.
Özəl buraxılış çapının başlanması. Görüşlərdə verdiyimiz əvəzsiz Ocaq ədəbiyyatıdır. Hər il davamlı olaraq basılır. Ordakı yazıların qonularına və yazılıb başa çatdırılmasına Soylu Atalı nəzarət etməsə, inanmıram ki, deyilən çağda buraxılış hazır ola. Başlanğıcdan basılmasına, sonuna kimi özünün birbaşa diqqətində olur.
Hər bir tədbirin keçirilməsi gələnəyinin yaranması. Dəqiqlik və ruhsal düşüncə, ruhsal əhvala köklənmək. Atadan sonra heç bir şeyin ləğv olunmasına olanaq verməməsi, tərsinə, yeni törənlərin yaranmasına yetməsi. Bunlar Ruhaniyyat tarixi üçün əvəzsiz olaylardır.
Ocaq saytlarının yaranması və indiyə kimi də ordakı yazıların verilməsinə nəzarəti.
Ata Bitiqlərinin basılması və “Ata Səsi” Bitiyinin də yaranması. Atanın keçirdiyi görüşlərin Ocaqçılar tərəfindən yazılması, Soylu Atalı tərəfindən toplanması, yoxlanması, redaktəsi ilə başa gələn “Ata səsi” Bitiyi Atanın canlı nəfəsinin, halının göstəricisi olan kitabdır. Hər dəfə oxuduqca yeni düşüncələrlə, hallarla rastlaşmaq mümkündür. Bu baxımdan olduqca əvəzsizdir. Bu kitablar Ocaqçıların maddi xərci ilə yarandı. Bunları təşkil etmək, başa gətirmək ancaq Soylu Atalıya xas olan bir dəqiqliklə, sevgi ilə, sorumluluqla yerinə yetirildi.
Ocağın Tədbirlər kitablarının yaranması. Bu kitablar yalnız arxiv deyil, Ocağın gündən-günə artan gedişidir, Evladların halları, düşüncələridir. Bizim özümüzə güzgüdür hardasa.
Soylu Atalının Atadan sonra gündəmlə bağlı araşdırmaları da xüsusidir. Çünkü bugünkü gündə Ocaq yazıları izlənilir. Hər hansı durumla bağlı Soylu Atalının mövqeyi də Ocağın mövqeyini təmsil edir. Araşdırma yazıları ilə o, düşündürüb, həqiqi mövqe ortaya qoyub.
Soylu Atalının kitabları basıldı. Bu kitablarda həm ruhsal, həm ədəbi, həm də gündəmlə bağlı araşdırmalar var. Düşündürücü, aydınlaşdırıcı mövqe var. Evladın kitabı Atanın fəlsəfəsinin sonucudur, həm də davamıdır. Soylu Atalının kitablarından sonra Günevin, Ulusəsin və mənim kitablarımın basılması Soylu Atalıya bağlıdır. İnsanın sözü o zaman yaranır ki, ömrü qurulur. Ömrümüz Ocağa bağlıdır, Ocaq da ömrümüzə bağlıdır. Saydığım əməllər, görüşlər, tədbirlər, söhbətlər olmasaydı, Ocaq dünyası da yaranmazdı.
Soylu Atalının əməllərindən danışmaqla bitən deyil. Bu əməllər onun ruhundan, ruhsal xarakterindən doğur. Soylu Atalı özünü qurduqca Ocağın əməlləri daha da yetkinləşdi. Özündən tələbləri yüksəldikcə Ocaqçıları da Ata tələblərinə çağırdı. Ocaqla bağlı nə varsa, qorunub sabaha saxlanmasına çalışdı. Onun ömründə davamlı bir ardıcıllıq var. Daim artan yöndə bir ardıcıllıq. Hər tədbirdə onun yeni düşüncə ortaya qoyacağına inanıram. Hər telefon zəngində yeni təşəbbüs, ya da hansısa Ocaqçının, ya özünün görüşündən, əməlindən danışmasını gözləyirəm. Bütün bunlar o deməkdir ki, ömür Amal üstə qurulub. Ataya bağlılıq, Ocağa bağlılıq hər məqamda görünür, bilinir. Soylu Atalı öz ömründə elə bir axar yaradıb ki, onun sabahkı gününün, yaradıcılığının, əməllərinin bugündən daha artıq olacağına ciddi inam yaranıb. İnam belə qurulur. Bugünkü varlığına da inanırsan, sabahına da.
Biz bir çox şeylərdə Soylu Atalının nəzarətinə görə arxayınlaşırıq. Özünün də dediyi kimi, tam müstəqilləşmirik. Bunu yaratmalıyıq.
Bugünkü ruhsal gerçək – ruhsal ömürlərin qurulmasıdır. Bu gün hər bir Ocaqçının özünə xas halı Ocağımızı daha da zənginləşdirir.
Göylü Atalı da, illərdir ki, ardıcıl Ocaq əməlləri ilə hamımızı heyrətləndirib, sevindirib. Gözlənilməzlik ən çox onun əməlləri ilə bağlı olub. Görüşlərə, səfərlərə ən çox Göylü can atıb. Özündənkeçməsi əvəzsizdir Göylünün. Ocaqçı ömründə də bir çox ilklərə imza atıb Göylü. Atanın kitablarını çap etməyi, redaksiyalara getməyi, oxullarda görüşlər təşkil etməsi, Ata görüntülərinin hazırlanması və s. Zəngin əməllər onu uca fərəhə yetirib, həm də bizi sevindirib. Belə bir əminlik yaranıb ki, Göylü hər hansı bir işi öhdəsinə götürdüsə, onu tez bir zamanda başa gətirməlidir. Bunu görməyin, düşünməyin özü belə fərəh verir. Çünkü inamlı münasibət Ocaq dünyamızı qurur.
Günev Atalı haqqında düşünəndə belə bir obraz gəlir gözümün önünə. Bakıdan uzaqda Atagün Elində bir dağ var. Vüqarlı və səbatlı. Günevin Elana ilə birlikdə ordakı halı, əməlləri olduqca heyrətlidir. Tənələrin, söz-söhbətin etkisiz qaldığı, zaman keçdikcə adamların düşmən münasibətlərinin dəyişilməsini yaratması, onun Amalçı aqibətinin qurulmasından soraq verir. Cəmiyyətin, ortamın etki göstərə bilmədiyi, dəyişə bilmədiyi, tərsinə, ortama etki göstərən, əhval yaradan, düşündürən ömürlərə heyrət etməmək olmur. Günevlə Elananın bir-birinə dayaq olaraq birlikdə Ocaqçılığı, səfərlərə getmələri, birgə söhbətləri cismani ailənin ruhsallaşmasıdır ki, bu da Ocağın yetirdiyidir. Onların gücü, doğmalığı, sevgisi Amaldandır, Ocaqdandır.
Ata dönəmindən sonra Ocağa gələn Üstünün də o illərdə bir sıra əməlləri oldu. Sonra Ailə qurması ilə azaldı. Son illərdə onun bölgələrə səfərləri Ocaqçılıq uğurlarıdır. Son aylarda keçirilən Beşikbaşı mərasimində – Əyyub bəyin oğlunun Beşikbaşı mərasimində Üstünün halı və təşkilatçılığı qəti və inamlı idi. Üstündə hərdən özünü göstərən ruhsal inad var. Özünü yaratması və əməlləri ardıcıl və davamlı olarsa, onun fərəhindən Ocaq daha da zənginləşər.
Ulusəs Atalının varlığı da mənim üçün xüsusidir. Ocaqla bağlı hər bir şeyə diqqəti və işə ürəkdən yanaşması var. Doğru qiymət verməyə çalışmaq və qorumaq onun münasibətinin əsasında durur. Bizim birlikdə xalqlaşma söhbətlərimiz olub. İnam evinə adamlar dəvət etmişəm və ikimiz birlikdə ona Ocaq ideyalarını anlatmağa çalışmışıq. Bu söhbətlərdən sonra yenidən öz aramızda söhbətlər edərdik. Daha da artığını istədiyimizi dilə gətirərdik. İndi də Ocaq əməllərində ara versə də, Ocağın hər uğuruna öz uğuru kimi sevinir Ulusəs.
Ocaqda İnamlı inadı formalaşırdı. Ayrı-ayrı fədakarlıqları, Ocağa maddi cəhətdən qayğı göstərmələri Ocaq işlərinin qabağa getməsinə təkan verirdi. Oxulların qapısını inadla döyür, Soylu Atalıya çoxsaylı görüşlər təşkil edirdi. Ancaq özüylə döyüşdə özünə qalib gələ bilməmək zəifliyi göstərdi. Kaş özüylə bacara biləydi, uğurları uğurlarımıza calanaydı…
Türkel Atalının haqqında düşünəndə ağlıma öncə onun ciddi sorumluluğu gəlir. Ocaq işlərinə o cür yanaşır. Özünü araşdırması səmimidir. Türkelin başqa Ocaqçıları görümü də maraqlıdır. Ocaqçıların çıxışlarına, kitablarına, düşüncələrinə düşüncə ilə yanaşır və qiymət verir. Onun boynunaalmaları (etirafları) olduqca doğma gəlir və inandırır.
Güntay Atalının Ocağa gəlişi də xüsusi olaya çevrildi. Çünkü o, özündənkeçməsi ilə, Ocağın hər əməlinə diqqət və qayğıyla yanaşmasıyla seçilir. Onunla hər hansı əməlin üstünə getmək olar, yoldaşlıq etmək olar. Belə bir inam yaradıb özünə qarşı.
Ulunurun Ocaqçılq işləri ən çox Ocaq tədbirlərinin səsdən yazıya çevrilməsi ilə bağlıdır. İnanıram ki, Vətənə əsgər borcunu ödədikdən sonra uğurlarla Ocaqlaşacaqdır.
Bizim hər birimiz halımızla, düşüncəmizlə Ataya bağlıyıq. Həm də bizim hər birimiz Soylu Atalıya bağlıyıq. Ocağın bugünkü halı, uğurları bu münasibətdən yaranır. Bizim Ocaq Yükümlüsünə münasibətimiz, bir-birimizə münasibətimiz İnama dayanır. Ona görə də əməllərimiz, halımız, görümümüz uğurludur, fərəhlidir.
Atamız Var olsun!
Soylu Atalı: Nurtəkinin hesabatının bir ləyaqəti var. O da onunla bağlıdır ki, hesabatı bütöv verdi. Özünü Ocaqdan, Amaldaşlarından ayırmır, ayırmadı. Onlarla yaşamını iç-içə götürür. Onlarla bağlı şəkildə olduqda fərəhləndiyini bəyan edir. Bu, onun mənəviyyatındakı yetkinliyin ifadəsidir. Əlbəttə, Ocaqçılıq ömrünə ancaq bugündən baxarsansa, onu anlamazsan. İstənilən Ocaqçının ömrünə bugünkü tədbirdən, bugünkü durumdan, bugünkü, göz qabağındakı oturuşundan baxarsansa, onu anlamazsan. Gərək ona 20 ilin hər anından baxmağı bacarasan. Bundan ötrü Ocağın içini, tarixini bilməlisən. Ocağın içini bilənlər Nurtəkinlə birgə bura qədər yol gələnlədir. Ocağın tarixini bilməli olanlar bundan sonra araşdıracaqlar, öyrənəcəklər. Ocaqçılarla bir yerdə olması, bir yerdə çalışması Nurtəkini Nurtəkin eləyə bilib. Düzdür, hər bireyin özünəxaslığı var, çalışması var, ancaq həm də onun Amaldaşına bağlı olaraq çalışmaları olur. Belə yaranır. Mən sizə çox dəfələr demişəm ki, mənim Soylu Atalı olaraq yaranmağımda ciddi əməklər var. Mənim üzərimdə öz çalışmam var, bir də mənim üzərimdə çalışma var. Bir də mənim yerişimə çalışma var. Mən öz üzərimdə özüm işlədim. Eyni halda mənim üzərimdə Ata işlədi. Həm də məni qabağa itələyən, yerişimə çalışan Amaldaşlarım işlədi. Burda bu Ocaqçılarn çox böyük rolu var. Adam özünü belə qurur. Belə olur, belə yaranır. Heç kim təcrid olub qabağa getmir. O, özünün mühitində öz doğmalarını gördüyü qədər, qiymətləndirdiyi qədər, sevdiyi qədər ola bilir. “Onlar yoxdur, mən varam” prinsipi işləmir. Siyasi təşkilatlarda bu prinsip işləyir – “Mən varam, o birilər yoxdur”. Ona görə siyasi təşkilatlarda olanların varlığı əzici və endirici bir hal alır. Onlar başqalarının sayəsində qalxır, başqalarını endirə-endirə qalxırlar. Ancaq Ocaq mənəviyyat yeridir. Ocaqda belə şey yoxdur. Kimə dayanıb qalxırsansa, sən həm də ona borclusan. Sonra Ataya, Amaldaşlarına dayanmaq – içindəki şərlə döyüşməyi bacarmaq deməkdir. Nurtəkin içindəki şərlə niyə döyüşə bildi? Amaldaşlarına güvəndiyi üçün, Ataya inandığı üçün. Qalmadı o dövrdə, qalmadı bu dövrdə. O, getdi gələcəyə. Məsələ ondadır. Ona görə bugündən baxmırıq Amaldaşlarımızın hünərinə. Əgər sən gələcəyi görə bilirsənsə, mütləq gələcəkdə Amaldaşlarının yerini də görürsən. Amaldaşlarının özünü görürsən. Bu özü mənəviyyat tələbidir, Ocaqçılıq tələbidir. Gələcəyi görmək və gələcəkdə görmək. Əgər sən Amaldaşını gələcəkdə görə bilmirsənsə, onda sənin çalışmaların içinə dayanmır. Çalışmaların gerçəkliyin istəyinə, tələbinə dayanır. Amaldaşını gələcəkdə görə bilməsən, özünə inamın da düzgün olmaz. Çaşarsan. Amaldaşın da gələcəkliyi, daha çox, onun özündən asılıdır. Deyə bilərsən ki, əgər Amaldaşım gələcəyə getmirsə, mən onu necə görüm? Ola bilməz ki, sən Amaldaşlarından kimisə orda görə bilməyəsən. Ona görə deyirəm ki, biz 100 olacağıq, 1000 olacağıq, ancaq gələcəkdə biz yüzlərlə bir yerdə olmayacağıq, təkcələrlə bir yerdə olacağıq. Bu da Atanın işığının əbədi olaraq yanması demək olacaq.
Nurtəkinin keçdiyi bu yollarda, hər birimiz kimi, demək olmaz ki, onun qüsurları olmadı. Qüsursuz mümkün deyil. Əgər durub desək ki, qüsurları olmadı, onda o deməkdir ki, Nurtəkin gəlməyib qabağa. Gələcəyə gedən yıxıla-dura gedir, büdrəyir, yanlış eləyə-eləyə gedir, arına-arına gedir, böyüyə-böyüyə gedir. Ancaq biz onun keçdiyi yollarda buraxdığı yanlışlara baxmırıq. Onun keçdiyi yollarda bu günə gətirən uğurlara, hünərlərə baxırıq. Doğru edirik, elə olmalıdır. O da sözə sığmayan bir səviyyədədir. Gələcəkli şəxsin ömrünün, işinin qurulması sözə sığmır. Sözə sığmayan ömrün varsa, xoşbəxtsən. Sözə sığan və sözlə deyilib qurtaran ömrün varsa, hələ xoşbəxtliyi düşünməlisən. Çox böyük məsələdir ruhaniyyat məsələsi. Çox böyük məsələdir ruhaniyyatda özünü var eləmək məsələsi.
Nurtəkinə 20 (ruhsal) yaşı baxımından daha böyük xoşbəxtlik diləyirəm. Hesab edirəm ki, Nurtəkin Atanın qarşısında özünü doğruldub. Nurtəkinə tam güvənmək olar. O, güvənci qazandı.
Hər kəs öz ömrünü bəlli bir ildə hesabata gətirməlidir. Bu, ciddi şeydir. Onun aydınlaşması, görünməsi, bilinməsi gərəkdir. Ocaqçı ömrünün aydınlığı, şəffaflığı məzmunlu olmalıdır. Niyə biz Ocaq olaraq yubileylərə qarşı çıxırıq. Çünkü yubileydə şəxsin ömrü aydınlaşmır. O qədər happıltı, gumbultu, danqıltı olur ki, bilinmir nə baş verib. Bilinmir ki, bu kimdir. Bu çağa kimi heç bir yubileydə heç bir şəxsin ömrü bilinməyib, açılmayıb. Mən rast gəlmədim. Musiqi olur, qarşı deyiləm. Çal-çağır olur. Bol-bol öygülər yağdırılır. Tanınmışlar çağırılır, onu öyürlər. Çıxır, heç nə demir. Bilmirsən ki, bu kimdir. Ömür məsələsi elə-belə məsələ deyil. Xalqın var olması üçün gələcəkli bir üfüqdür ömür. Xalq orda qiymət tapır, orda dəyər tapır. Gərək sorumluluq duyasan. Gör bu ömürdə xalq necə aydınlaşır, xalq necə dərk olunur. Sənin ömründə xalq dərk olunmalıdır. Xalqın varlığı bilinməlidir. Elə olarsa, bundan sonra min il keçsin, sənin canlı abidəni uçurmaq mümkün olmayacaq. Çünkü onu uçurmaq xalqı uçurmaq demək olacaq. Bir şey ki, xalqın beyninə, sevgisinə girir, onu ordan çıxartmaq mümkün olmayacaq. Hətta tam doğru olmayan bir şey xalqın sevgisinə girir, məsələn, din kimi, onu ordan çıxara bilmirlər.
Din insanı, həyatı dərk etməməyə çağırır. Biliksizliyə çağırır. Bəlli cənnət olayı. Həyat və bilik meyvəsindən dadmağı yasaq edirlər insana. İnsana yaşamağın anlamını dərk eləməyi yasaq edirlər. Asif Ata bizi dinin əlindən aldı. Bizə həyatı anlatdı. Bizə bilik meyvəsindən daddırdı. O bilik ki, biz daddıq, o biliklə biz əslində ağıllanmadıq, idraklandıq. Əgər Nurtəkin Asif Atanın verdiyi bilikdən ağıllansaydı, o, görüşlər keçirə bilməz, indi ona can atmaz, hazırlamaz, işlər görməzdi, niyə? Çünkü ağıl cəmiyyətə bənzəyir. Cəmiyyət kimi olmağı tələb edir ağıl. Ağıl adama deyir ki, cəmiyyət nəyin haqqında düşünür, sən nəyin haqqında düşünürsən. Cəmiyyət çağdaşlığa yeriyir, sən də başlamısan belə. Əngəl olur sənə. Ancaq Asif Ata bizə elə bir bilik verdi ki, bizə ağıl əngəl olmadı. Ətəyimizdən dala çəkmədi. Cəmiyyətin qarşısında bizi utancaq öyrətmədi. Cəmiyyətin qarşısında utancaq böyüyənlərin heç biri iş görmür, görə bilmir.
İndiki yüzillərdə adamlar hələ də biliksizliyə, həyatsızlığa yuvarlanırlar. Həyatı anlamamaqdan, öz korluqlarından rahatsız olmurlar. İndi baxın görün, min illərdir insana həyatı dərk eləmək yasaq olunan gedişdə, bilikdən dadmağı sənə yasaq edən gedişdə Asif Ata sənin əlindən tutub hara çəkir?! Necə seçildin, necə ayrıldın?! Elə-belə çalışmalarla ayrılmır ki, adam cəmiyyətdən. Zamanın qaranlığından elə-belə ayrılmırsan ki. Ayrılmağın nədənini bilirsən. Ayrılmağın yönünü bilirsən, ayrılırsan. Kor-koranə çalışmalarla ayrılmaq olmur. Ocaqda görülən işlərin heç biri kor-koranə çalışmalar olmur. Başlanğıcda onun sonrakı aşamaları görünmürdüsə belə, sonradan görünməyə, aydınlaşmağa başladı. İndi Ocaqçıların nə qədər ayrı-ayrı çatışmazlıqları olsa belə, bəzi anlarda durğunluqları olsa belə, onların deyilənləri bilməməsindən söhbət gedə bilməz, aça bilirlər həyatın anlamını. Onlar fərqlidirlər. Ocaqçıların üstünlüklərini mən görürəm, dərk edirəm. Ocaqçı üstündür. Üzdən Ocaqçı bəzi şeylərdə cəmiyyətə bənzəsə də, o, cəmiyyətdən üstündür. Bizim də arzumuz o üstünlüyü şüurlu şəkildə qorumaq, doğrudan da, gələcəyin işığına çevrilməkdir.
Nurtəkini qutlayırıq. Nurtəkini ruhsal anlamda xoşbəxt sayıram. Xoşbəxtliyin qədrini bil.
Mən bunu bir neçə dəfə də demişəm, Nurtəkini bu gün də yol verdiyi qüsurlara görə danlayıram. O, bundan sınmır. Mən bunu ona görə demirəm ki, bundan sonra da Nurtəkini danlamaq üçün zəmin yaradım. Həqiqətən sınmır. Özüm də bilirəm ki, bəzən onu danlamaqda aşıram. Ancaq o anda da Nurtəkinin ləyaqəti məndən güclü çıxır, sınmır. Bu, yaxşı bir göstəricidir. Bu, çox dərində bitmək deməkdir. Kökü dərinə getmək deməkdir. Kökün dərin olduqca heç nə sənin başından meyvə sala bilmir çağsız.
Kaş ki, Ocaqçıların bax bu cür düşüncələrini, qayğılarını cəmiyyətdən düşüncəli adamlar ortaya çıxıb açalar. Gələcəkdə çox araşdıracaqlar. Bu gün üçün deyirəm. Çünkü xalqın içində bilinməsi üçün hava-su kimi gərəkdir Ocaq mühiti, sağlamlığı.
Nurtəkin bayrağı öpüb Ataya səcdə qılır – N.A.
Hər bir Amaldaşın Nurtəkini qutlaması doğrudur. Ona görə ən çox çiyin-çiyinə durub əqidə yolunda vuruşduğu Göylü Nurtəkin haqqında söz desin.
Əslində Evlad Günü mərasimində o gələnəyi qırağa qoymusunuz. Gediş yazılarında yazmaq gərəkdir. Filan Ocaqçı haqqında düşündüklərim. Çünkü bu gün Ocaqçıların bir-biri haqqında aydın görümünü heç kim onun kimi ifadə edə bilməz. Gələcəkdə Ocaqçıları yüksək istedadla görüb qiymətləndirən çox olacaq. İndiki bizim qiymətləndirmələrimiz onun yanında abe olacaq. Ancaq bu gün Ocaqçını öz Amaldaşından yaxşı görən yoxdur. Çünkü onunla iç-içə, bir yerdə yaşayır.
Göylü Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Mən də bacımı qutlayıram. 20 illiyi qutlu olsun. Nurtəkinlə biz çox şeylər yaşamışıq. Biz Ocağa – yaxın aralı illərdə gəlmişik. İki il fərq var aramızda. Nurtəkin Atanın sağlığında 1 il Ocaqda oldu. Sonrakı müddətdə Atanın ölümü və ondan sonra mən gəldim. Bu, demək olar ki, bir neçə ildən bir təkrarlanan Ocaqda parçalanmalar dövrünə düşdü. Doğrudan da, çox gərgin bir ömür yaşadıq. İstər şəxsi, istərsə də ruhsal həyatımızda. Ancaq bütün hallarda biz heç çağ bir-birimizə qarşı qırılmadıq. Bunun da özülündə Ocaq dayanır, Amal dayanır. Heç çağ şəxsi münasibətlər Amal münasibətlərindən önə keçmədi. Bu da bizim içimizin yaranmağıyla, Atanı dərk eləməyimizlə bağlı idi. Açığı, Nurtəkini tanıdğım üçün çox xoşbəxtəm. Onun ömrünə söykək olmaq, onun doğmalığını həmişə duymaq mənə sevinc bağışlayıb. Söz düşəndə də həmişə vurğulamışam ki, cismani bacılarımdan Nurtəkin mənə daha yaxın olub. Nurtəkinin yeri mənim üçün tamam ayrıdır. Amaldaşlıq münasibəti öz yerində. Bacılığını daim duyuram. Bizim kirayədə qaldığımız günlər vardı. Mən heç bir çağda o günlərimi unuda bilmərəm. Nurtəkinin əl tutmağını, bağlılığını, qorumağını unuda bilmərəm.
Soylu Atalı: Sənin sözünə qüvvət verim. Çağ var idi ki, Göylü üçün Soylu və Nurtəkin paralelliyi var idi. O anlar Nurtəkindən aldığı ilhamlar, düşüncə, fikir köməkləri Soyludan daha çox təşkil edirdi. Onu deyirdi. Burda yanlışlıq yox idi, doğruluq vardı. O demək deyildi ki, Göylü işin yöntəmini düzgün qiymətləndirmir. O bir fakt idi ki, onlar iç-içə yaşayırdılar. İç-içə yaşadıqları üçün də bir-birlərinə etkiləri də güclü idi. Verdikləri qarşılıqlı idi. Ancaq Nurtəkini böyük ablası kimi görürdü. Bu da doğru idi əslində. Yenə deyirəm, uşaqlıq deyildi o.
Mənim üçün maraqlı odur ki, “Nurtəkinin mənim üçün Amaldaşlıqdan başqa bir bacılığı var və onun etkisi özəldir”. Nədir bu, nədə özünü göstərir ki?
Göylü Atalı: Nurtəkində doğmacasına ruhsal yiyələnmək duyğusu var. Məsələn, məndə belə bir hal var ki, kiməsə münasibətinə, davranışına qarşılıq verə bilirəm. Ancaq Nurtəkin yiyə durur. Sən hətta geri durmaq istəsən belə, o səndən yapışır, səni qoruyur. Əslində çox şeylər demək olar, bir az mərasim həyəcanı var. İnsanlar var ki, həyatda dostluq münasibətləri olanları deyirəm, dost münasibəti var, hər gün görüşürlər, hər gün söhbət edirlər, elə insanlar var ki, günlərlə görüşmürlər, bizim kimi hardasa, ancaq hər görüşəndə sanki hər gün görüşürlərmiş kimi hal olur. Onun bütün həyatını, ruhunu, içini bilmək, belə bir münasibətdir. Əlbəttə, çox istəyərdim ki, fiziki baxımdan da bizim görüşlərimiz artsın. Çünkü doğmalığı artıran nəsnələrdir bunlar. Düzdür, bizi bir arada tutan əsas ölçü Amaldır. O Amal bizi həmişə bir yerdə tutacaq. Biz buna qəti əminik. Həm də birey olaraq qarşılıqlı münasibətimiz, doğmalığımız olmalıdır. Bu da fiziki təmasdan asılıdır həm də. Umuram ki, bunu yaradarıq. Səni çox istəyirəm, bacı.
Atamız Var olsun!
Soylu Atalı: Mən sizə təklif verirəm. Ayda hələlik 1 dəfə, əgər nizama sala bilsəniz, 2 dəfə doğmalaşma söhbətlərinə, ünsiyyətlərinə çağırmağa başlayacam. Elə saat seçəcəm ki, vaxt əldə edin. Elə saat seçəcəm ki, işdən-gücdən azad olasınız. Kim gəlmək istəyərsə, gəlsin. Orada biz Ocaq yönündən rəsmi davranmayacağıq. Tamamilə sərbəst, tamamilə aydın və açıq fikirlərimizi bölüşəcəyik. Bireysəl istəklərimizi, dərdlərimizi bölüşəcəyik. Çünkü bu bölüşmələr olmadıqca, əməlçilik mexanikləşə bilər. Elə saat seçərik ki, hamının işinə uyğun olsun. 2 saat yetərlidir. Çünkü bir az da doymazlıq qalsın. Onda Ocaqçıların doğmalığı daha da artacaq. Bir-birinin qayğısını anlamaq, bir-birinə mənəvi dayaq olmaq əhvalında böyüyəcək. Onda bu pozulmuş gedişdə, cəmiyyətdə Ocaqçı heç çağ özünü yalqız duymayacaq. Məsələn, mən səmimiyyətlə deyirəm, özümü yalqız duymuram. Həm içimdəki Ocaq havasına görə, həm də mən hər gün telefonla sizə bağlanıram.
Üstün Atalı (Ataya səcdə edib bayrağı öpür): Bugünkü gün mənim üçün, doğrudan da, hər yöndən uca Gün oldu. Baxmayaraq ki, mərasimə qədər tərəddüdlü idim. Mərasim həyəcanı vardı. Ancaq istər Soylu Atalının, istərsə də Nurtəkinin söhbətində içim duruldu. Nədə? Soylu Atalının söhbətində həm özümü gördüm, həm də yetə biləcəklərimi gördüm. Nə var, nə ola bilər? Nurtəkinin yazısı elə qurulmuşdu ki, özü haqqında deyil, Ocaq haqqında yazmışdı. Düzdür, öz haqqında da vardı, ancaq Ocaq haqqında görkəm yaratdı. Onun keçirdiyi duyğular mənim üçün doğma oldu.
Nurtəkin Ocağa gələndən onun hər addımı gözümün qabağındadır. Mən o hesabatı az hesab edirəm. Fərəhli hesabatdır. Oxuduqca da illər gözümün qarşısından keçdi. Mənə yazı elə dərin göründü, elə bildim axşam oldu artıq. Soylu Atalı deyir ki, bu sizin xoşbəxt gününüzdür.
Mənə Atanı, Ocağı tanıdan Nurtəkin olub. Buna görə ona borcluyam. Göylü də bayaq vurğuladı, mənim də ağlımdan keçdi, Nurtəkin Ocaqda o Evladlardan biridir ki, hər kəslə münasibət qurmağı və onu qorumağı bacarır. İstər Ocaq içində olsun, istərsə də, Ocaqdan qıraqdakı adamlarla olsun. Ola bilər ki, hər hansı bir doğmanla sənin sözün düz gəlməz, sabah sən onun baxışında, münasibətində özünə qarşı soyuqluq duyarsan. Mən Nurtəkində heç çağ duymadım. Həmişə mənə doğma olub, inanmışıq bir-birimizə. Diləyirəm ki, bu inamımız daha da artsın və Ocağın yerişində öz işini görsün. Yol boyu carı da düşünürdüm – Atalı olmaq fərəhi. Atalı olmağı duymaq və o fərəhə insanları yetirmək. Ocağı ömründə yaşatmaq, Ocağı demək. Bu yöndə özümü kökləmək istəyirəm. Nurtəkini bir daha qutlayıram. Atamız Var olsun!
Soylu Atalı: Nurtəkin Üstünün fiziki bacısı olmadı, ruhsal bacısı oldu. Üstünün başqa fiziki bacıları da var. Hətta çətin anlarında, ailə qovğalarında Nurtəkinin doğru mövqeləri vardı, o da ona ruhsal dayaq olmasının göstəricisi idi. Bəlkə də Nurtəkinin qutsal kədəri analarının ölümündə Üstünün ölçüsü və örnəyi oldu. O biri bacılarıın deyil, Nurtəkinin yanaşması. Hələ Ocaqçılığın başqa çalarlarını demirəm. Mən həmişə dost olmağa qardaş-bacı axtarmışam atamın övladları içində. Təəssüf ki, bulmamışam. Öz ailəsinin içində, atasının evinin içində özünə dost bulmaq, doğma bulmaq çox böyük xoşbəxtlikdir.
Güntay Atalı (Ataya səcdə edib Bayrağı öpür): Mən özüm üzərində yetərincə işləmirəm deyə mənim üçün mərasimlər tam anlamında açılmayıb. Özüm də bu qənaətə gəlirəm ki, bu, yavaş-yavaş aradan qalxmalıdır. Soylu Atalı öz ömründən danışanda, Nurtəkin bacımızın özü haqqında, Soylu Atalı haqqında oxuduqlarını eşitdikcə bu qənaətə gəlirəm. Bacımızı qutlayıram. Doğrudan da ömrünün 20 ilini dəyərləndirə bilmək, 20 ili anlamlı bir yola həsr eləmək, 20 ilə yiyə çıxmaq sıradan bir iş deyil. Hələ bir qız üçün, qadın üçün. Böyük örnəksən. Ruhaniyyat tarixində mən bilirəm ki, sənin özünəxas yerin var. Bu adın yükünü sən şərəflə, ləyaqətlə çəkə bilmisən, götürə bilmisən çiyinlərinə. Bu üzdən səni qutlayıram. Səndə üstün cəhətləri mən çox görmüşəm. Bir ara səninlə söhbət edəndə mənə çox şeylər aydın olurdu. Bu söhbət də yerinə düşdü ki, bizim amallaşma-doğmalaşma günümüz keçirilməlidir. Buna ehtiyac var.
Atamız Var olsun!
Soylu Atalı: Bir çağlar Ocaqçıların biryerdəliyi davamlı idi. O da çox böyük hal yaradırdı. Bəlkə bu günkü oturuşmuş ruhsal talelərin yaranmasını o günlər hazırladı. Düzdür, ən çox mən danışırdım, bunlar da soru verirdilər. Ancaq sonralar arada-bərədə danışmağa başladılar. İndi hesab edirəm ki, bir araya gəlmək gərəkdir. Orada da ən az mən danışmalıyam. Ən şox siz danışmalısınız. Ruhunuzun dili söyləməlidir. Ruhunuzun dili var.
Güntay da eləcə. Sizin sorununuz nədir? Özünü ifadəyə çağ ayırmırsınız. Göylünün sorunu yazmamaqdır. Neçə dəfə demişəm ki, qoy dəftəri qarşına, yaz. Gündə bir-iki vərəq yazsan, görəcəksən ki, sənin içindəki üzə çıxdı. Güntay da onun kimi. Danışmağa, özünü ifadəyə bəs qədər səbəb var. Ocağa bağlı işlər görür, hünər göstərir, ləyaqət ortaya qoyur. Onlar onu dilləndirməlidir. Düşünmək olmaz ki, əməllər onu təvazökarlığa gətirib çıxarır. Əməllərin səhərdən-axşama öygüsüylə uğraşmırıq ki. Biz əməllərin qaynağının fərəhini tapırıq. Ocağı açırıq, aydınlaşdırırıq, gedişi, zamanı dəyərləndirirk, aydınlaşdırırıq. Onda adamın əməlli-başlı sözü olur. Üstünün söz demək olanağı var. Sadəcə olaraq, yaşamını bərkitsə, özünü ifadə eləmək olanağı var. Ona görə çəkinməyin. Vaxtdır, öz üzərinizdə ciddi işləyin. Gələn illərdə Üstünlə Göylünün 20 illiyi olacaq. Mən düşünürəm ki, siz yazılı hesabat verməlisiniz və bu hesabatınız Nurtəkinin hesabatı kimi, hətta ondan da geniş ola bilər. Deyilən şeylər elə edin ki, tədbirdə qalmasın. Yazınızla, sorumluluğunuzla tədbirdən götürün aparın. Çox şeylər tədbirlərdə deyilir, tədbirlərdə də qalır. Elə olmamalıdır. Mən hər şeyi özümlə aparıram.
İndi bir neçə kəlmə sonlandırıcı söz demək istəyirəm. Qonumuz, həm də carımız var – Ruhsal əməlllər ömrün bəxtiyarlığıdır. Birinci, 38-ci ilimiz Evlad Günü mərasimindən yeni bir yarpaq (səhifə) açmalıdır: Evladın özünüifadəsi və bağımsızlığı. Özünüifadə nədə görünməlidir və bağımsızlıq nədə özünü göstərməlidir? Özünüifadə Atanın kəlamlarını şərh eləmək, hətta Amaldaşlarını, bir yerdə olanda, öyrətmək qətiyyəti ilə. Mənə Atanın kəlamlarını öyrətmək qətiyyəti. Düşünməyin ki, Soyluya bunu eləmək mümkün deyil. Soyluya bunu eləmək nə verə bilər? Soyluya bunu eləmək Asif Atanın hansısa düşüncəsini açmaq təkanı verə bilər. Bu məsələnin bu tərəfi. Ata kəlamlarını şərh eləmək – yazmaqla və deməklə. İkinci, Ailə Günlərində konkret olaraq Amallaşma, Kamilləşmə, Xalqlaşma yazısı. Üçüncü, özünüifadə – bağımsız şəkildə səfərlərə canatmaq, mən demədən, daha doğrusu, bərpa etmək. Görüş təşkil eləmək, özünə, ya mənə. Özünüifadənin xalqlaşma yönüdür bu. Dünyanın, ölkənin gedişini araşdırmaq, sunmaq. Arada gedişi izləməyə çağ ayırmaq. Bunlar hamısı çağ istəyir, bilirəm. Gərək ömrünü elə nizama kökləyəsən ki, filan çağda bunu edəcəm, filan çağda bunu edəcəm, yeddicədə (həftədə) 2-3 yol filan şeyə çağ ayıracam. Bunu çox nizamlı şəkildə. Ömür gedir. Duyğularınızı boğmayın. Açın, çıxarın üzə. Hələlik bu. Bağımsızlıq özünü nədə göstərməlidir? Bağımsızlıq Ocağın işlərini yönəltmək cəhdləri. O şey ki, qəti Ata ölçüsü tələb eləmir, orda hətta yönəldin.
Atanın filan ideyası var, onu həyata keçirmək gərəkdir. Özü də “keçirmək gərəkdir”i söz kimi deməyin, əməli olaraq, yönəldin. Filan şeyi eləmək gərəkdir, başla. Bağımsızlaşmaq – Ocağı yönəltmək səviyyəsinə gəlib dayanmalıdır. Mən sizə bir misal çəkim. Tutaq, orduda general leytenant 5 kişidir. Ancaq içində biri komandirdir. O deməkdir ki, komandir general leytenant ölsə, o birilər mütləq hərbi sistemi nəzarətə götürməlidir.
Ocaq da əqidə olayıdır. Yönəltməyi bacarmalısan, hazır olmalısan. Yönəltmənin içində nə var? Amaldaşa qarşı sayğı-sevgi. Mənəmlik yox. Qurmaq gərəkdir. Sözünü göyərtməmək. “Mən deyən olmalıdır, sən deyən olmamalıdır” səviyyəsində yox. Ağıllı təklifləri, ağıllı qarşılaşmaları, ağıllı etirazları dinləmək, düşünmək, saf-çürük etmək gərəkdir. Mütləq. Ocaqçının o cür bağımsızlaşması gərəkdir. Bunu mən 38-ci ilin Evlad Günü mərasimindən sonra sizdən gözləyirəm, tələb edirəm. Bunun gerçəkliklərini də sizdən istəyəcəm. Mən Evlad Günü mərasimində son olaraq bu istəklərimi sizə çatdırmaq niyyətindəydim, onu da çatdırdım. Ocaq bir sistemdir, birlikdir. Ancaq bu birliyin zəif bəndi olmamalıdır. Bu zəif bənd Ocağın yeriməsinə əngəl olmamalıdır. Ocağın özünü ifadəsinə, özünü təsdiqinə əngəl olmamalıdır. Ciddi düşünün dediyim məsələlərlə bağlı.
Gələn mərasimimiz “Ata Evini Ziyarət Günü” mərasimidir. Bu mərasimdə kitabçalarınızla gəlin, özünüifadə qeydlərilə gələcəksiniz. Təşəbbüslərinizlə, qeydlərinizlə gəlin. Özünü qurmağa, özünü ifadəyə ciddi başlayın. Mən sizdən Ocağı idarə etməyə güc görmək istəyirəm. Hansı biriniz özünüzdə güc, cəsarət tapıb desəniz ki, “Ata Günü” mərasimini mən aparmaq istəyirəm, sevinərəm. Ona özünüzü hazırlayın. Sözünü deyirsən, ifadə edirsən, çəkinmədən. Mən sizə əngəl olmaq istəmirəm. Niyə hazırlıqsız yaxalanmalısınız?
Nurtəkin Atalı: Bizim hər birimiz dərk edirik ki, bu, gərəklidir. Ancaq biz özümüzü hazırlamırıq, çünkü Soylu Atalıya çox arxayınıq.
Soylu Atalı: Gələn mərasimdən bu işlərə yön veririrk. Mən doğrudan istəyirəm ki, mərasimləri aparasınız. Özünüzü zəhmətə salın, sorumluluğa salın. İçinizdə elə bir qətiyyət formalaşmalıdır. 38-ci ildən bunu başlayırıq. “Ata Günü” mərasimini Nurtəkin aparsın. Deyəcəm, filan mərasimi Güntay aparacaq, ya Göylü.
Üstün hazırladığı ruhsal hədiyyəni Nurtəkinə sundu.
Nurtəkin Atalı: Mənə şəkillər albomu Göylü də bağışlamışdı. Çox əvəzsiz hədiyyələrdir. Təşəkkür edirəm sevginizə, qayğınıza, diqqətinizə görə.
Üstün Atalı: Mən şəkillərə baxanda Nurtəkinin üzünün necə dəyişdiyini, yetkinləşdiyini gördüm. Sevə-sevə hazırladım. Bir daha qutlayıram.
Soylu Atalı: Özündənkeçmələr, qurbanvermələr elə-belə məsələ deyil. Bunların üzərində həm ömür qurulur, həm də tarix yazılır. Ömür dərinliklərinə işləyəndə qurulur, özündənkeçmələrdə qurulur. Bu, həmin özündənkeçməyə sunulan bir hədiyyədir.
Mərasimi başa çatdırırıq. Ocağımızın buna qədərki tədbirləri də bizi çox qabaqlara apardı. Çox dərinliklərə düşürdü. Düşündük, kökləndik. Sonuncu bir neçə mərasimdir ki, Ocaqçıların hamısı iştirak etmir. İstəmirəm bu, gələnəyə çevrilsin.
Neçə sayda olmasından asılı olmayaraq, mərasim öz halında yaşayır, dərinliyini ifadə edir. Eləyəcək də. Buna mənim şübhəm yoxdur. Bayaq dedim ki, bəzən biz, Ocaqçıların gəlməməyini anlamağa çalışırıq. Dediyim kimi, gələnəyə çevirmək doğru deyil. Mən ömrümdə iki yol mərasimdə olmamışam. Biri Ruhtayın xəstəlik çağlarında, o qədər ac-susuz, yuxusuz qaldım ki, ayaq üstə dura bilməmişəm. Yıxılırdım artıq. Atanı da qorxutmuşdu bu, demişdi harda qaldı Soylu, ondan çıxmayan iş.
Bir də anamın az qala ölüm xəbərinə getdim, tez gedib qayıtmaq alınmadı. Onda gəlib çatdıra bilmədim. Mənim bütün varlığım, halım Ocağa bağlıdır. Mən Ocaqla nəfəs alıram. Onun tədbiriylə də, Evladlarıyla da. Ocaq mənim həm evimdir, həm elimdir, həm xalqımdır, ailəmdir, hər şeyimdir. Ocaq adlanan böyük bəxtiyarlıq var. Sizə Ocaqçılıq əməlləri, hünərləri arzulayıram, gözləyirəm. Yenə cəhdlər edin. Özünüzü ifadə edin, Ocağımız yaşasın…
Ocaq Yükümlüsü Yol sözü ilə Evladlıq Nişanələrini Evladlara sundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən sona yetdi.
Şölə Ayı, 38-ci il.
(iyun, 2016.)