Ocaq Günsırası ilə 27 Sərt Ayı, 46-cı ildə Asif Atanın Mütləqə İnam Ocağı “Ruhsal Səfər Günü” Törənini həyata keçirdi. Törənin qurallarını yerinə yetirəndən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Gün`ümüz qutlu, uğurlu olsun. Ocağımızın 46-cı “Ruhsal Səfər Günü”nü, Atadan sonrakı dönəmin isə 27-ci “Ruhsal Səfər Günü”nü gerçəkləşdiririk. Biz Atanın ölümündən sonrakı dönəmdə bu mərasimi necə dəyərləndirə bildik –hər bir Ocaq törəni, Ocaq olayı, faktı bizim varlığımıza girdiyi qədər dəyərlənir əslində. Biz Atanın bütün məsələlərini nəzəriyyədən gerçəkliyə gətirməklə uğraşmışıq, bu gün də biz onu işə keçiririk. Əgər biz bu törənlərin məzmununa doğmalaşa bilməsəydik, söz yox, törənlərin keçirilməsi yarı yolda qalacaqdı. İnsanlar mərasimləşə bilmirsə, əslində onların öz ömürləri də yarı yolda qalmış olur. Bu gün Atanın sadəcə adını anmaq, adını çəkmək heç də Ocaqlaşmaq anlamı daşımır. Mərasimləşmək o deməkdir ki, ömür özü mərasim məzmunu izhar edir. Yolda qırılmaq, qalmaq – Ocaq məzmununa doğmalaşa bilməməkdən yaranır. İnsan özünü aldatmağa başlayır. Elə bilir ki, o Asif Atanın yanındadır. Ancaq Asif Atanın yanında olmaq təsəlli deyil. Yəni insan özünə təsəlli versin ki, mən onun qoyduğu adı daşıyıram-filan, Ocaqlaşma deyil. Bunu biz zaman-zaman demişik, deyirik, yenə də deyəcəyik. Ona görə deyəcəyik ki, Ocağın sabahında insanlar aldanmasın, çaşmasın. Siyahıya yazılmaqla Asif Atanın yanında olmaq olmur. Yanında görünməklə, yanında olmaq ayrı-ayrı məzmun daşıyır. Başda ona görə vurğu elədim ki, biz bu mərasimlərin məzmununa doğmalaşırıq. Doğmalaşdığımıza görə də onu illərlə daşıyırıq, yaşadırıq – əməllərimizdə, ömrümüzdə. Onu sadəcə yaddaşda, informasiyada, bilikdə daşımaq olmur. Belə götürəndə olur, ancaq o ayrı bir məsələdir. Hər bir fərd olayı özündə sadəcə informasiya kimi daşıyırsa, həmin fərdin ölümündən sonra o informasiya onunla bir yerdə ölür. Bu gün biz hər bir məsələ ilə bağlı hesabat verərkən özümüzə nəyi deməyi bacarmalıyıq əslində, – mənim varlığımın özü Ocaq çağıra bilirmi?! Ocağı təmsil edə bilirmi?! – Bu hesabatı hər bir kəs özünə verməyi bacarmalıdır.
Bizdən öncəki çağlarda yaşayanlar olub. Məsələn, sufilər olub. Onlar öyrəndikləri, bildikləri həqiqətin öz içlərində, öz varlıqlarında necə görünməsini izləyiblər, necə oluşumunu öyrənməyə çalışıblar. Nə ilə – yaşamaqla. Özlərini Allah qatında görməyə çalışıblar. Allaha doğma görməyə çalışıblar. Çünkü buna mənəvi ehtiyacları yaranıb. Biz deyirik ki, öncəki şəxsiyyətlər, sufilər, daha kimlər bütünlüklə özlərinin olduqları dünyanı biliblər. Dünyada milyardlarla insan var, ancaq milyardlarla insanın içində sənin kimliyin bilinmir, varlığın bilinmir. Nə özünə bilinir, nə onlara. Yəni dünya sənin dünyan deyil, dünyadakılar sənin dünyana aid deyil. Sənin dünyanın sakinləri deyil. Ona görə öz dünyanı yaradırsan. Ona görə deyirəm, bir araya toplanmaq – gərək öz dünyanda olmaq anlamı daşısın. Bir araya toplanmaq o məzmunu verməlidir: – mən öz dünyama gedirəm, öz dünyamda özümü ifadə edirəm. İnsan gərək özünün dünyasını yaratsın ki, özünü həmişə öz dünyasında hiss eləyə bilsin. Səndən qıraqdakı dünyada nə var, nələr var, nələr baş verir, sənin mənəvi dünyana zərər vermir. Biri var qonşuda faciə olsun, əlbəttə, bunun sənə dəxli var. Millətinin içində bir faciə baş versin, bunun sənə dəxli var. Ancaq sənin dünyana zərər verməməlidir. Bu həqiqətləri bildikcə, anladıqca Ocağı dünyaya verə biləcəyik. Ocağı dünyaya vermək üçün öncə Ocağı dünyaya çevirmək gərəkdir. Ocağın özünü dünyaya gərək olan mühitə çevirmək gərəkdir. Bu da təkcə nəzəriyyə ilə olmur. Asif Ata kitablar yazıb, ideyalar verib, öz ideyalarını bizə gözəl şəkildə izhar edib. Bunların hamısı var, ancaq nə qədər ki, özümüzünkü eləməmişik, dünyaya da gərək deyil. Ona görə deyirəm ki, gərək dünyaya gərək olmağın anlamını bilək. Dünyaya gərək olmaq – Asif Atanın kitablarının əllərdə olması, nəzəri bilik kimi insanlara təqdim olunması deyil. Öz dünyanı yaradırsan, öz dünyanın tələbləri ilə yaşayırsan. Burdan da biz xalqın, bəşəriyyətin içinə çıxırıq. Öz dünyamızı yaratmaqla çıxırıq, öz dünyamızın soraqları ilə, həqiqətləri ilə çıxırıq. Səfərin anlamı odur.
Tarixdə ruhaniyyət səfərləri çox olub. Biz həmin səfərləri özümüzəxas davam edirik, yenidən dəyərləndiririk. Yenidən yaşadırıq belə bir ənənəni. Çox adam düşünür ki, internet varsa, internet üzərindən ünsiyyət varsa, bu nəyə gərəkdir. Belə düşünmək kökündən yanlışdır. Nə qədər biz bu anda, görüntülü olaraq, üz-üzə otursaq da, bir-birimizin üzümüzün cizgilərini görsək də, canlı səfərin əvəzi yoxdur. İnternet üzərindən sən bilgi verə bilirsən, hal verə bilmirsən. Ocağın işi hal yaratmaqdır, elə-belə quru bilgi vermək deyil. Sən öz ömründə yaratdığın keyfiyyətlərini izhar eləməklə, sunmaqla hal yarada bilərsən. Biz Atanın ölümündən sonrakı dönəmdə ruhani səfərlərimizi, daha doğrusu,Ocağın ruhani səfər törənini belə bir məzmunla doldurmağa çalışmışıq. Bu gün də, sabah da biz onu yaşatmağa çalışacağıq. İstədiyimiz odur ki, insanlar indiki gedişə uymasınlar, aldanmasınlar. Bir yandan dünyada inkişaf gedir, həm də insanlar özlərini bədbəxt hesab edirlər. Həm zənginlik, həm bədbəxtlik. Çünkü zənginliyi yaradan səndən qıraqdakı əldir. Zənginliyi yaradan bilimin olanaqlarıdır. Bilim gərəklidir, ancaq səndən qıraqda yaradır, nə yaradırsa. Sənin içində, ömründə yaratmır. Sənə dünya yaratmır, dünyanı sən özün yaradırsan.
“Hər gün Atanı öyrənirəmmi?” – belə bir sual qoymalıdır Ocaqçı öz qarşısında. Hər gün Ocağın kərpicinin üstünə bir kərpic qoyurammı?! Hər gün Ocaq dünyasından onun dışındakı dünyaya soraq verirəmmi?! Bunları edirəmsə, ömür zənginləşir. Bunları edirəmsə, ömrün yolu yaranır. Bu yola çağırış baş tutur. Bunu bəhanəsiz-filansız deməliyik. İşim var, dolanışığım var, külfətim böyükdür, filan şey var, bunların heç biri səbəb, ya bəhanə deyil. Mən də son iki ay yarımda sıx, intensiv işləmişəm. Hər gün mən işdə belə, öz dünyamda oluram. Hər gün oxuyuram, yazıram, söhbət edirəm, telefonla bağlantılar qururam. Bunu mən sadəcə bir vərdişə çevirməmişəm, içsəl tələbata çevirmişəm. Ruhani Səfər Mərasiminin məzmununu bu aspektdən dəyərləndirmək doğru olar: – Ocaqçının hər günü Ocağa daxil olurmu?! Günü Ocaq yaradıcılığı, Ocaq quruculuğu izhar edirmi?! Ata deyirdi, gərək ömrünün hər günü, hər saniyəsi Ocaq desin. Biz bir partiya işi yerinə yetirmirik, hansısa dövlət quruculuğunda hansısa işləri gerçəkləşdirmirik. Biz özümüzdən qıraqda bir iş görmürük. Özümüzlə bağlı, öz dünyamızla bağlı iş görürük. İnsanın yaşamı, ömrü öz əlində, ixtiyarında olandan sonra ömrünü özü istədiyi kimi yaşayır, mənəvi-ruhani baxımından. O zaman o xalqlaşa bilir, o zaman o xalqa yol, yön göstərə bilir, – hər gün Ocaqlaşmaqla. Yoxsa Asif Atanın kitabları var, ideyaları var. Var var da. Bunun bilgisini verməklə İnam oturuşmaz.
Ruhani səfər birinci növbədə ömrünün yolu kimi gerçəkləşməlidir. Yəni “mən hər gün səfərə gedəcəm” anlamında yox, “ömrüm o gərəkliyi yaradır” anlamında. Həyatımın özü ruhani səfər ehtiyacı, tələbatı yaradır…
Ruhani səfərimiz öncələr daha çox olurdu, son dönəmlərdə onun sayı azalıb. Bu da bizim qarşımıza çıxan çətinliklərlə bağlı olub. Burda məsələ təkcə maddi çətinliklərlə bağlı deyil. Bizim ən çox səfərlərimiz bölgələrdə olardı, daha çox məktəblərdə. Daha çox gəncliklə işləmişik. Bizim üçün auditoriyalar var idi, gedirdik, qapıları döyürdük. Açırdılar, bağlayırdılar, əl çəkmirdik.
Bu gün siyasət qapıları üzümüzə bağlayır, buna baxmayaraq, yenə də gedib qapıları döyməliyik. Hamısı açmayacaq, ancaq yenə döyməliyik. Yeri gəlmişkən deyirəm, Nurtəkinlə Yasin bölgələrə səfər edirlər, deyək ki, Mədəniyyət evlərinə, kitab evlərinə, muzeylərə gedirlər. Məktəblərə də gedin. Qoymayacaqlar, qoymasınlar, ancaq getməliyik. İndiki gənclərin Atadan xəbərləri yoxdur. Ömrümüzlə,əməyimizlə Ocağın ləyaqətini, Atanın ucalığını göstərmək gərəkdir. Uğurlar diləyirəm.
Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Törənimiz qutlu olsun. İstər uzaq ölkələrə, istər yaxın məkanlara xeyir-şər məclislərinə bir məqsədlə – Amal sorağı ilə gedirəm. Daha çox hüzür məclislərində dinləyənlər və aktiv yanaşmalar görürəm. Həm də gerirlikçi molla aparıcılığında yenilikçi sözə xüsusi ehtiyac yaranır. Çiçək Ayında yaxınlarda keçirilən hüzür məclislərində (məkan baxımından yaxın deyirəm) mollanın hədyan söhbətlərinə və heç bir mənası olmayan səs gücləndirici ilə qulaqbatırıcı səs-küyə qulaq kəsilən topluma etiraz bildirərək, ayağa qalxdım, məclisi tərk etdim. Bir neçə adam da mənimlə birlikdə çıxdı. Çöldə etirazımın səbəbini açdıqca, ətrafıma yığılanların sayı artırdı. Aktiv yanaşmalardan Tovuzun Xələfli kəndindən Rasim bəy, Beyləqandan olan Dünyamalılar kəndindən Müvəkkil bəy Asif Ata Ocağı haqqında daha çox suallar yağışına tutdular. 30-dan çox adamın qatqısı ilə bir saatdan artıq təmasda olduq. Üzərində saytımız olan günsıra verdim ki, internet vasitəsi ilə Ocağımızı izləyə bilsinlər. Təklif də etdim ki, harda istəsələr, istər Beyləqanda, istər Tovuzda öz məkanlarında görüşə gələ bilərəm. Onlara telefon nömrəmi verdim.
İşıq Ayında Qobustanın Xilimli kəndinə, uzaq qohumumun yas mərasiminə, getdik. Dağlar arasında yerləşən bu kəndin sakinləri son dərəcə sözdən-fikirdən uzaq adamlar idilər. Gileyləndikləri müşküllərin səbəbi və əlacı haqqında 2 saata yaxın söhbət etdik. Verilən sualların cavablandırılması zamanı, istər-istəməz, dinin əngəl olması mövzuya çevrilirdi. Ancaq ifrat dinçi olan bu sünni kəsim heç bir etiraz etmədən dinləyir, suallar verir, hərdən də təsdiqləyirdilər. Bir nəfərin istəyi ilə sözümüzün davam etməsi üçün telefon verdim.
Şölə Ayında Soylu Atalı ilə, Ata sonevini təmir etmək üçün, Ağstafaya getdik. Təmir etməklə bərabər orda xeyli adamlarla ünsiyyətdə olduq. Özəl tvlərin birinə dəvət olunduq. Soylu bəydən müsahibə götürdülər. Aydın müəllim və onun yörəsindəki adamlarla dəfələrlə ünsiyyətdə olduq. Təmiri başa vurub getdiyimizin dördüncü günü “Ziyarət Günü” mərasimini gerçəkləşdirdik.
14 Şölə Ayında Bilən Atalının atasının ölümünü eşidib Göyçaya (başsağlığına) getdik. Soylu, İnamlı, mən.
24 Şölə Ayında Biləcəridə parka getdim. Bu həmişə getdiyim park deyildi. Hər kəsin bir qonusu vardı – ərəbçilik. Fərqli adamlarla təmasda olmaq üçün fərqli ünvan seçmişdim. Burda da həmin qonuda qızğın söhbətə qoşulmaq istədim. Ərəbçiliyin xalqımıza verdiyi rəzalətdən, Babəkimizi doğramalarından, Nəiminin at yedəyində parça-parça edilməsindən, Nəsiminin diri-diri soyulmasından söz açdım. Minillik bir dönəmdə yadların başımızı qaldırmağa imkan verməməsi ucbatından dünənki şəhidlərimizdən deyil, bizə gərək olmayan yadları mövzuya çevirməyimizdən gileyləndim. Qəflətən bir adam üstümə şığıdı. “İndi də burda başlamısan?” dedi. Ona qoşulmadım. İçimdən bir söz keçdi, Mirzə Cəlilin sözü ilə desək, “Allah sizə rəhmət eləsin, ölülər”. Ordan uzaqlaşdım. Çünkü artıq sözün yeri yox idi.
Od Ayında Şamaxının uca dağlar silsiləsində yerləşən Avaxıl kəndinə getdik. Xeyli vaxt orda adamlarla müxtəlif qonularda söhbətlərimiz oldu. Avaxıla gələndən söz, fikir deyə biləcəyim adamlar axtarışında oldum. Əvvəl çətin taparsan, dedilər. Sahil adlı fəlsəfə təhsili almış məktəb direktorunun adını dedilər. Soraqlaşıb evini tapdım, darvazasını döydüm.Mən yaşda bir kişi və gənc gəlin qapını açdılar. Sahil müəllimin atası idi məni qarşılayan, o da ədəbiyyat müəllimi olub – adı Səididi. Evə dəvət olundum, Sahil müəllim də gəlib çıxdı. Kimliyimi dedim, məqsədimi bəyan etdim, tanıdılar. Sahil müəllim Asif Ata, Ocaq haqqında bilgisi olduğunu dedi. Demək istədiyimi dedim, yaxşı münasibətlərini bildirdilər. Səhəri Səid müəllimin təklifi ilə kəndin bəzi yerlərinin tarixi haqqında məlumat paylaşdım. Azərbaycanlığımız qonusunda söhbətim ona yaxşı təsir bağışladı. Şeyx Sultan Ömər Avaxıllının tikilməkdə olan türbəsinin işçiləri ilə görüş xarakterli söhbətim oldu. Səid müəllim də orada idi. Mən işçiləri söhbətə dəvət etdim, işi dayandırdılar, gəldilər, oturdular söhbət elədik. Asif Ata, onun Ocağının varlığı haqqında bilgilərə heyranlıqla münasibətlərini bildirdilər.
Seçki ərəfəsi olduğundan Səid müəllim məktəbə dəvət elədi, orda adamlar yığışırdılar. Seçki tarixindən, xalq hakimiyyəti oyunundan, Perikldən, Kromveldən, parlament gərəksizliyindən seçki yığıncağında xeyli söhbət etdim. Sonda Asif Ata və onun istəklərindən danışdım, xoş əhvalla sağollaşıb ayrıldım. Sahil müəllimə və bir neçə adamlara da ədəbiyyat hədiyyə etdim.
Xəzan Ayında 45 il əvvəl tanış olduğum Tahir müəllimin telefonunu əldə edib görüşmək istəyimi dedim, dostu Zöhrəli bəylə gəldi. Zöhrəli bəy də mədəniyyət işçisidir. Amalımızı soraq verdim. Məlumatları olsada, yetərincə deyildi. 3 saata qədər söhbət elədik, sonra ədəbiyyat verib ayrıldım.
28 Xəzan Ayında Atagünə səfər etdim, İnam Evinin əldən qalan işlərini gördüm, bəzi adamlarla görüşdüm.
24 Yağış Ayında Amaldaşım İnamlının qardaşı Nurəddin bəyin ölümü ilə bağlı Soylu, Nurtəkin, Ucatay, mən Lənkərana səfər elədik. Soylu Atalı Ocaq qurallarına uyğun başsağlığı verdi.
Sərt Ayında toy məclislərinə dəvət olunuram, xeyir-duam ancaq Ocaq üslubunda olur. Milli yöndə söz deyirəm, dəyərlərimizə söykənərək özünü qurmaq, ailə məzmunu haqqında sözüm heyrətlə dinlənilir.
25 Sərt Ayında Atagünə yas törəninə getdim, yaxın yörəmdə olanlara demək istədiklərimi dedim. Oradan İnam Evimizi ziyarət etməyə getdik. Üç adam idik. Onlar birinci dəfə idi ki, məbədimizlə tanış olurdular. Özüm verdiyim bilgilərdən əlavə suallarını cavablandırdım, çox heyrətlənmişdilər.
Evdən çıxıb başqa bir evə Amal sorağı ilə gediriksə, bu da səfərdir. Bunları da hesablasaq, onlarla belə səfərlərim olub.
Atamız Var olsun!
Nurtəkin Atalı (Ataya Səcdə edib Bayrağı öpür N.A.): Bu il Xəzan Ayında Gənc Türk yazarlar birliyinin tədbirində oldum. Orda bəzi adamlarla danışdım, buraxılış və günsıra verdim.
Yağış Ayının ilk günlərində Bakıxanov Gənclər Mərkəzinin tədbirində oldum. Orda da bəzi gənclərə buraxılış və günsıra verdim.
6 Yağış Ayında Yasinlə Şirvan bölgəsində olduq. Kitabxanada işçilərlə söhbət etdik. Muzeydə, folklor evində söhbətlər etdik, ədəbiyyat verdik.
Yenə Yağış Ayında Göyçaya getdim. Amaldaşlarım Bilənlə, Göytəkinlə birlikdə söhbətlər etdik. Bilənin təşkilatçılığı ilə Göytəkinlə birlikdə Mingəçevirdə Kitab Evində olduq. Oranın işçiləri ilə söhbət etdik, Muzeyə getdik. Ağdaş Gənclər evində işçilərlə söhbət etdik, ədəbiyyat verdik. Bu bizim Göytəkinlə ikinci səfərimizdir.
Bilənin tanış olduğu bir ailə onların evinə gəldi. Atayla, Ocaqla bağlı söhbət etdik.
3 Sərt Ayında Yasinlə birlikdə Hacıqabul bölgəsinə getdik. O biri səfərlərdən fərqli olaraq daha çox insanlarla görüşdük, ədəbiyyat verdik. Kitabxanada işçilərlə söhbət etdik, Muzeydə, Gənclər Mərkəzində, Mədəniyyət Mərkəzində, musiqi məktəbində olduq, söhbətlər etdik, ədəbiyyat verdik.
Elmlər akademiyasında bir adamla söhbət etdim, yanındakı işçilərinə də buraxılış verdim.
Bir dəfə Yasinlə, bir dəfə özüm Elmlər akademiyasında universitetə yaxın yerlərdə tələbələrə buraxılış, günsıra verdim. Az da olsa söhbət etdim. Onların bəziləri ilə ara-sıra söhbət edirəm.
Hər səfərə getdikcə, insanlarla danışdıqca əslində özümü görürəm – özümün istəklərimi, ruhumun halını, özümə qarşı tələbimin səviyyəsini, Amala olan sevgimi, özümü yaratmaq istəyimi. Səfərə getdikcə fərqi də görürəm. Amalı danışdıqca başqasını inandırmırsan təkcə, özünü inandırırsan. İnamım təsdiq olunur, ruhum təsdiq olunur. Başqasıyla bir olmaq üçün özünlə, ruhunla bir olmalısan. Bunu dərk edirəm hər dəfə.
Ata deyir, Özünə bərabər yaşamaq üçün İnsan özündən yüksək yaşamalıdır.
Özündən yüksək necə yaşamaq olar?! – Amalın tələbi ilə. Amalın tələbi ilə ruhun tələbi birləşəndə insan özündən yüksəyə çata bilər. Hər gün dünənkindən daha çətin, daha yüksək tələblə, daha çox əməllə, daha yüksək düşüncəylə yaşamağa meyil edirəm. Yüksək düşüncələrlə yaşamaq da adamı görüşlərə, səfərlərə aparır, daha çox bölüşməyə, paylaşmağa aparır. Həyatı, yaşamağı, dünyanı Məna yönündə izah edirəm, göstərirəm. Xalq olmağın gərəkliyini vurğulayıram. İnsan olmağın gərəkliyini sunuram. Ona görə səfər təkcə xalqa gərək deyil, özünü təsdiq yönündə mənə gərəkdir.
Soylu Atalı: Göytəkinin də, Bilənin də özünəməxsus işləri var. Bilən öz iş yerində fürsət olduqca söhbətlər edir, soraqlar verir. Göytəkin də Nurtəkinlə birlikdə səfər edib, eyni zamanda Göytəkin Ocağın işlərini uğurla görür.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetir.
Səsdən sözə çevirdi: Nurtəkin Atalı.
Qar Ayı, 46-cı il. Atakənd.