Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Ruhsal Səfər Günü” törənindəki çıxışlar
Ocaq Günsırası ilə 27 Sərt Ayı, 39-cu ildə Asif Atanın Mütləqə İnam Ocağı “Ruhsal Səfər Günü” törənini keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Ataya səcdə ilə sözünə başladı: “Qutsal Günümüzə başlayırıq. 39-cu ilimizin “Ruhsal Səfər Günü” törənimizə söz deməzdən öncə Ataya səcdə qılıram, Bayrağımızı öpürəm.
Qutsal “Səfər Günü” törənimizdə Sabahlı, Amaltay, Bağban bizimlədir. Onların adına ayağa dururuq. Onları Ocağımızda, Qutsal “Səfər Günü” törənimizdə alqılayırıq.
Ruhsal Səfər Günümüzdə Atamızın adından Nurtəkinin ruhsal əməlçiliyini, Ocaqgüzarlığını, təşkilatçılığını alqışlayıram.
Ata “Səfər Günü” törənini Ocaq Evladının səfər olayının gerçəkləşdirilməsiylə bağlı yaradıb. Ocağın yaşaması, yaşadılması ruhsal səfər örnəklərindən çox asılıdır. Ona görə Ocaq Evladları özlərində güc tapıb ruhsal səfərləri gerçəkləşdirməlidirlər. Nə deməkdir Ruhsal Səfər?! Biz bir Yola başladıq. Bu Yolun uğurunu, gələcəyini dərk eləməzdən öncə bu Yola inam gətirdik, ömür ayırdıq. Zaman-zaman ayrı-ayrı gələnəklərimizlə, işlərimizlə, səfərlərimizlə inamımıza qatqı verdik. Başqa sözlə, İnamımızı isbata çalışdıq. Bu, insanı ayaqda tutan başlıca məsələdir. Çünkü İnam boşuna yaşamır, yaşaya bilmir. Əgər inanırsansa, gərək bu İnam idrakınla möhkəmlənsin. İdrakla möhkəmlənmək o deməkdir, Asif Atanın əsaslandırdığı, dediyi ideyaya, onun anlamına inanmağımızı dərindən anlayaq. İdrakın işi odur. Ancaq dərindən anlamaq da bir yerdə dayanmır. Dərindən anlamaq insanı mənəvi qüdrətə çağırır. Mənəvi qüdrətə ona görə çağırır, Yolun arılığına, duruluğuna, gələcəyinə, gələcəyə etkisinə inana biləsən. Nədir mənəviyyatın qurulması, möhkəmlənməsi?! – Ata deyir, inanın, dünyanı dəyişməyə gücünüz olsun. Dünyanı dəyişmək istəyirsənsə, gərək mənəviyyatın kəsərli olsun. Gərək vicdanla bir olasan. Gərək düşüncən ədalətli olsun. Gərək addımların ədalətli olsun. Gərək İnsanlığın sənin ömründə görünməsini sübuta yetirəsən. Bu, mənəviyyatın ölçüləridir. Ancaq bu da isbat istəyir. İsbat ruhsal əməllərdə özünü göstərir. Ruhsal əməllər, bizim üçün, Ocağın ideyalarının yayılmasıdır, bu ideyaların, öncə özümüzün, ömrümüzdə, ağlımızda oturmasıdır. Özümüzün ömrümüzdə, ağlımızda oturarsa, onda biz ağlımızdakının, ömrümüzdəkinin tələblərinə cavab verməli oluruq. Bunun üçün biz ağlımızda, ömrümüzdə qurduğumuza, inandığımıza dayanaraq, bunun önəmini, gözəlliklərini, etkisini xalqa çatdırırıq. Xalqın içində iş aparırıq. Xalqın içində iş apardıqca, ömrümüzdə qurduqca, bunu yazıb sabaha çatdırırıq, xalqın evində olması üçün ədəbiyyatlaşdırırıq. Gələcəyə ötürməyimiz üçün arxivləşdiririk. Budur bizim işimiz, addımımız, əməlimiz. Həm öyrənirik, həm öyrədirik. Əgər öyrətmək istəyiriksə, mütləq öyrənməliyik. Əgər öyrənmiriksə, öyrədə bilməyəcəyik. Hər gün öyrənmək gərəkdir. Əqidə hər gün öyrənilmək istəyir. Öyrənmək onu yaşamaq, yaşatmaq deməkdir. Ona görə gərək ciddi düşünək. Biz toplumla birgə aktivləşib, birgə passivləşməməliyik. Bu, bizim yoxluğumuza aparıb çıxara bilər. Sovetlər dağılandan sonra toplumda aktivlik yarandı. Getdikcə bu aktivlik passivləşdi. Niyə?! Çünkü aktivləşən toplum qalibliyə yetmədi. Özü dəyişiklikdə bulunmadı. Dəyişiklik gətirə bilmədi. Onun taleyini bütövlükdə dünyanın taleyiylə bir yerdə yönətənlər öz işlərini gördülər. Ona görə bunlar özlərinin alət olduğunu bilmədilər. Bilmədikləri üçün də sözlərinin, işlərinin quruculuğu yaranmadı, gerçəkləşmədi. Getdikcə hamısı passivləşdi. Ümidini itirdi hamısı. Ocaq onların eyni deyil. Ocaq ideyaları sivilizasiyanı dəyişmək gücündədir. Ocaq yenilik, dəyişiklik gətirir. Sonra deyir, dəyişiklik istəyirsənsə, dünyanı yönətənlərin etkisində heç olmaq istəmirsənsə, onda gərək özün-özünü yaradasan, qurasan. Gərək ideya özündən olsun, idrakın özündən olsun. Cəsarətin, addmların, hər şeyin özündən olsun. Hər şey özündən olanda qıraqdakının buyruğunda, çevrəsində çalışmayacaqsan, yaşamayacaqsan. Dəyişikliyi sən yaradacaqsan. Dəyişiklik yaratmaq asan deyil. Sıradan qalmaqla dəyişiklik gözləmək asan deyil. Sıradan qalırsan, yaşamın doğal axarına qarışırsan. Toplumun axarına, dalğasına qarışırsan, onlardan biri olursan. Bundan çəkinmək gərəkdir. Ona görə Ata deyir, İnsan (Ruhaniyyat əsasında) ruhuyla var olur. Var olduğu qədər dəyişikliyə yön verə bilir. Ata insanın İnam, İdrak, Mənəviyyat, İradə birliyini boşuna saymır. Bunları anladır, bunları yaratmasan var ola bilməyəcəksən. Dəyişikliyə qatqın, etkin olmayacaq. Bunları yaratmaq üçün bizə bəlli yollar göstərir. Dünya nə olursa olsun, gərək sənin ayrı ömrün olsun, ayrı işin olsun. Ocaq bunu ciddiyə almalıdır, passivlikdən çıxmalıdır, cəsarətsizlikdən çıxmalıdır. Çıxmaq üçün İdeyanı ciddi öyrənməlidir. Ciddi öyrənəndən sonra cəsarətsizlik arxada qalır. Çünkü haqlı olduğunu, doğru olduğunu dərk eləyirsən. Ruhsal Səfərin yetirilməsinin əsasında bu durur. Yenə deyirəm, doğal həvəslə səfər, iş, əməl bir yerə qədərdir. Toplumda aktivlik vardı, Ocaqda da vardı. Toplumda səngidi, Ocaqda da səngidi, passivləşdi. Çünkü birey, özündə hansı olanaqları varsa, onunla yetərlənir, onu artırmır. Toplum kimi olmamaq üçün toplumdan ayrılmaq gərəkdir. Toplumdan ayrılmaq üçün İnam, İdrak, Mənəviyyat, İradə məsələləriylə ciddi uğraşmaq gərəkdir. Bunu qurmaq gərəkdir, doğal haldan çıxasan, toplum dayananda sən dayanmayasan. Sən davam eləyəsən, daha gözəl, daha yüksək. Ümumi dalğaların etkisindən çıxmaq gərək. İnsan əgər öz yoluna inanmırsa, özünə inanmırsa, onda onun varlığıyla yoxluğu arasındakı ayrıntı aradan qalxır.
Hər bir Ocaqçı özünə soru verməlidir, mən Asif Ataya inanırammı?! Özünü aldatmamalıdır. Əgər inanırsansa, idrak, iradə işiylə uğraşmalısan. Səfər etməlisən, Ocaq işlərini həyata keçirməlisən. Keçirmirsənsə, deməli, inanmırsan, hamı kimi. Heç kim özünə inanmadığı üçün, onu belə şeyə çağırırsan, belə şeylə uğraşacağına da inanmır. Gərək özünə inanasan, doğru addım atasan. Sən qıraqda oturub gözləyəcəksənsə, sənin üçün hansı dəyişikliklər ediləcək. Bütün dünyada, insanların ümidsizləşdiyi bir çağda, heç kimin heç kimə inanmadığı bir çağda Ocaq İnam qaynağıdır. Onu qorumaq gərək. Bunu elan eləməklə deyil, Ocağın içində, insanın öz içində yaşatmaqla göstərmək gərək. Bu səviyyədə yenidən düşünməyinizi, çalışmalarınızı istəyirəm. Bir anda hala dolub, sonra haldan boşalmalar yaxşı deyil. O qədərmi həyat şirindir bütün ömrünü ayırasan ona, Ocaq haqqında tədbirdən tədbirə düşünəsən; o qədərmi bəsitdir hər şey?! Çıxmaq gərəkdir bundan. Əməli addım atmasan, iş görməsən, çıxa bilməyəcəksən. Bunlar ciddi düşünməli məsələlərdir. Hər kəs gözləyir, bilmirəm nəyi gözləyir?! Nə vaxtsa nəsə yaxşı olacaq, nə vaxtsa işimizi başa çatdırıb, sonra başlayacaqsınız ruhsal çalışmaya. Olası deyil. Getdikcə daha da həyatın içinə girirsən, passivləşirsən, çətinliklər üstünə gəlir. Azalmır. Dünya dəyişmir, niyə azalsın çətinliklər? Kim girişib ona, kim döyüşür?! Çətinliyin içində çətinliyi yararaq olar uğurlar.
Bir neçə söz, bu ilin içində özümün yadımda qalan səfər işlərimdən, yəni ruhsal əməllərimdən deyim. Atanın dediyi eldən-elə səfər, evdən-evə səfər, özünə səfər məsələsi. Ötən ilin Qar Ayında Borçalıda oldum, yas törəninə getmişdim. Yas törənindən sonra çox sayda adamların toplaşdığı bir ünvanda geniş, qapsamlı söhbətlər apardım. Çoxsaylı sorulara cavab verdim. Eyni zamanda Borçalıda oxulda oldum. Oxulda da işlər apardım.
Köçəri Ayında gənclərlə görüşdüm. Onları qayğılandıran, ilgiləndirən məsələlərə, eləcə də, Ocaqla bağlı, Ocağın dünyabaxışı ilə bağlı məsələlərə aydınlıq gətirməyə çalışdım.
Günəş Ayında iş yerimdə Babəkin edam günündə öz iş yoldaşlarımı bir araya topladım. Onlara Azərbaycanın Ruhsal dəyərlərindən, Babəkin kimliyindən söhbət açdım. Babəki yaşadan, yaşatmalı olan Ocaqdan, Asif Atanın işindən söhbət açdım. Novruz bayramında da yenə belə bir toplantı elədim.
Çiçək Ayında üç yol bireysəl görüşlərim olub. Belə bir görüşüm iki yol İşıq Ayında olub. Yanılmıramsa, yenə İşıq Ayında Borçalıya getdim. Yas törəninə qatıldım. Yenə durumdan yararlanıb, yas yerində, geniş söhbətlər apardım. Hətta orada dinin etkisinə boyun əyən biriylə söhbətlər elədim, bizim döyüşümüzün önəmli olduğunu ona anlatmağa çalışdım.
Qürub Ayında da bir neçə görüşlərim olub. İlqar bəyin çevrəsində olan adamlarla söhbətlər elədim. Sözsüz, Atanın ideyasını onlara mənim anlatmağım ayrıdır.
Ata Ayında da belə bir addımlarım oldu. “Şərqilik” Bayramından sonra, bayram sovqatıyla, iş yerimdə, onun anlamını açıb söhbət elədim.
Güney Azərbaycandan gəlmiş iki soydaşımızla, Azərbaycanın taleyi ilə bağlı geniş söhbətlərim olub.
Xəzan Ayında yas yerində geniş söhbətlər elədim. Ölünün ortadan qaldırılmasıyla məclisi Atanın (Ocağın) ixtiyarına aldım. Ondan sonra bir qohum yasına da getdim. Bu səviyyədə olmasa da, yenə də bəlli bir çevrədə söhbətlərim oldu.
Bir neçə yol Atagün Elinə səfərim olub. Orda Məbədi ziyarət etmişəm, söz demişəm, onları saytımızda yayımlamışıq. Gedişlərin birində, məni aparan maşın öz müştərilərindən ikisini Beyləqanda peyğəmbər dedikləri yerə aparırdı. Elə ordan çıxanda da, yerdə qalanlarla, ortam yaranmışdı, yaxşı söhbət elədim.
Bir sıra yerlərdə olanaq düşdükcə günsıralarımızı paylamışam. Buraxılışlarımızdan vermişəm. Bu yaxınlarda bir tədbirə qatıldım. Günsıra payladım, bizimlə bağlantı qurmaları üçün.
Mənim səfərlə bağlı işlərim dayanmır. Söz yox, qabaqkı illərlə tutuşduranda xeyli azalıb. Bunun azalma səbəbi, bu ildə, bizim oxullarda görüşlər keçirə bilməməyimizlə bağlıdır. Eləcə də, getdikcə, süni də olsa, dinin yeni cahil bir ortam yaratmasıyla bağlıdır.
İnsanlara etki göstərmək üçün davamlı ayaqda durmaq gərəkdir. Bu da, təklikdə mənim olanağım dışındadır. Bilirsiniz, yaydan bəri təsərrüfat işinə başlamışam. Onu da gerçəkləşdirəcəm. Ocağın yaşaması üçün əlimdən gələni eləyəcəm. Eyni halda, mənim yaradıcılıqla uğraşmağım, kitab araya gətirməyim, yeni kitabların ortaya gəlməsi üçün işləməyim, oxu işlərim, oxu işlərimdən başqa yazdığım əsərlər. Özəllikcə, bu ilimizdə “Tövrat” üstə yazdığım əsər, çox etkili bir əsərdir. Hüqoyla bağlı yazdığım, analitik yazılarım, başqaları. Yəni bu cür işlərim çox çalarlıdır. Mənim də gücüm sonsuz deyil. Ona görə səfərlərim, öncəki illərlə tutuşduranda, azalıb. Ancaq heç bir çağ bundan artıq azalmayacaq. Mən bununla yaşayıram. Bu olmayanda yaşaya bilmirəm, boğuluram, yəni udduğum hava kimi bir şeydir, mənim həvəsimə bağlı, fiziki enerjimə bağlı məsələ deyil. Bu mənim ruhsal keyfiyyətlərimə, ruhsal taleyimə bağlı məsələdir. Ona görə də bu işlərim davamlı olaraq yaşayır, yaşayacaq.
Ocağın başqa işləri də var. Bunu hesabat kimi Nurtəkin verirdi hər il. Nurtəkin törənimizə gəlməyib. Anlaşılandır. Ocaqçıların hansısa törənə gələ bilməməsini, alqılamasaq da, bəzən anlaşıqla qarşılamaq olar. Qaçılmaz məsələlər olur onlar üçün.
Mənim Ocaq işlərim özümün olanağım içrə tükənmir, davam eləyir. Mən amaldaşlarımdan bunu istəyirəm. Əgər Ocaqçılarımızın, bu qədər olmasa da, bunun üçdən biri qədər addımları olsa, onlar toplanar üst-üstə, böyük bir fakta çevrilər. Ona görə də Ocaqla uğraşmaq gərək.
Bu mənim bugünkü Ruhsal Səfər Günümüzdə deyəcəyim törən sözüdür. İndi sizin sözünüzü dinləmək istəyirəm. Sizin sözünüzdən sonra yenə mən öz sözümə qayıdacam.
Türkel Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): İnsan yaşamının bu duruma gəldiyi bir dönəmdə xalqın Ocaq ideyalarına, harayına ehtiyacı, qaçılmaz olaraq da, Ocaqçının Ruhsal Səfər eləmək gərəkliliyi artıb. Çünkü adamlar gözlərinin görə bildiyi yerə qədər görürlər. Get-gedə elə bir xaos ortamı yaranır, bunu görmək daha da azalır. Ocaq insanın düşdüyü fəlakətin dərinliyini görmək üçün içinin gözüylə, ruhunun gözüylə baxmaq olanağı yaradır.
İşdə olarkən arabir durum haqqında düşüncə bölüşmələrimiz olur. Heç kim ayrılıqda düşünüb beynini yormur, öz gücünün yetə biləcəyi səviyyədə, hansısa addım atıb ətalətdən çıxmağa səy göstərmir. Hər kəs hər dəfə özünü təkrarlayır. Yeri gəldikcə ideyalarımızı tez-tez vurğulayıram. Öncələr hardasa, kiminləsə söhbət etməkdə özümü aldatdığımın fərqinə vardım. Çünkü düşüncəmi bölüşəndə özümü ağıllı aparmaq duyğum varıydı. Bu duyğunu ötməyimdə, tədbirləri kitablaşdırmağa qatılmalarımın rolu oldu. Tədbirlərdəki düşüncələrlə bir daha dolduqca, o halları yenidən yaşadıqca, özümü ortamın səviyyəsiylə tutuşdururam, bu zaman balacalığımı ifadə elədiyimi görürəm. Ocaq Yükümlüsü deyir, “Asif Atayla qürur duymayan azərbaycanlı Azərbaycanın nə demək olduğunu bilmir”. Birinci, Azərbaycanın nə demək olduğunu, özüm ayrıca öyrənərək, dərin bilgiyə yetməmişəm. Ocaqda keçdiyim yolda, bu günə qədər, özümə uyğun yiyələndiklərim var. İkincisi, Atanı tapmaq xoşbəxtliyi, qürur duymağım o məqamda başqa cür ifadə olunub. Bu da o xoşbəxtliyi dərk eləməməyimdən irəli gəlirdi.
Ortamın sözünün canında maddiyyat sıxıntısı dayanır. Söhbət eləməyimiz də, boş çağda, təsadüfdən alınır. Çalışıram bu təsadüfü doğru qiymətləndirim. Fərqli rahatsızlıq, fərqli yanaşma, ən əsası bir sonuca varmaq üçün qurtuluş yolunun işartılarını göstərmək.
Atagün Elinə Ruhsal səfər, orda Ailə Günü keçirmək – bölgədə Ocaq harayının çəkilməsi üçündür. Günev Atalının orada söz deməsi həmin tədbirlərdən, amaldaşlarından güc almasının sonucudur. Apardığı söhbətlər hesabatdan tam bilinməsə də, çağırışındakı haray, titrəyiş alt qatlara yeriyir. Bunu daha dərindən anlamağa başlamışam, ortama bu inamla söz deyirəm. Ata deyir, ağac-ağac, hal-hal, fərd-fərd işıqlanacağıq, işıqlandıracağıq. Hesab eləyirəm, Ruhsal Səfərin çətinliklərini yaşayandan sonra, bu düşüncəni daha dərindən dərk eləyib, yaşayacam.
Atamız Var olsun!
Soylu Atalı: Mən sənə bir-iki kəlmə söz demək istəyirəm bilgin üçün. Mənim diləyim odur, konkret, Göylüylə Üstün özlərini bərpa eləsinlər. Ömürtayla sən də ciddi şəkildə işə girişəsən. Sən bəlli anlamda başlamısan. Sənin tədbirləri işləməyin məni yaxşı etkiləyir. Çünkü bu tədbirləri işləyəndə mızıldamırsan. Sorumluluqla, istəklə içəridən yanaşırsan. Özünü ona zorlamırsan. Bu yaxşı bir şeydir. Sonra, deyirsən, iş yerində arada söhbət eləyirsən. Ocaq ədəbiyyatlarını arada oxuyursan. Onlar işin artıq bəlli bir biçimdə ortaya gəlməsidir. Bunu artırmaq üçün başqa ünvanlarda söz deməyə çalışmaq, söz demək üçün bir az da oxu işlərini artırmaq gərək. Düşünürəm, bədii ədəbiyyat oxumaq gərəkdir. Bədii ədəbiyyat oxumayan adam heç bir vaxt duyğularıyla, söz demək qabiliyyətiylə dolmur. Natiqlik onun əsasında yaranır. Natiqlik o deyil, bəlağətli danışasan. Natiqlik odur, aydın, dolğun düşüncə ortaya qoyasan. Bunun üçün bir az internet məsələlərində səngimək gərəkdir. Telefon, filan. Oxu işinə daha çox vaxt ayırmaq gərəkdir. Çalışmaq gərək, gündə 2 saat oxumaq baş tutsun. Buna başlayarsansa, mənə elə gəlir, sənin gəlişmən artar. Yenə deyirəm, sizin çalışmalarınız aktiv şəklə düşərsə, dediyim kimi, Göylüylə Üstün özünü bərpa eləyərsə, onda bizim axsamalarımız aradan qalxacaq. Nurtəkindən gileyli deyiləm. Günevin də işindən gileyli deyiləm, şövqlü işləyir. Günev bir kəndçinin bacarmalı olduğunu eləyir.
Bu işlər bölünərsə, Nurtəkin bir az başqa işlərə çağ ayırar. Çox sorumluludur.
Sizin işə bir az aktiv yanaşmanız olarsa, mən düşünürəm, Ocağın işlərində axsamaq olmaz. İnternetdən son çağlar izləyirəm, görürəm adamların mənimlə danışmalarında, öncə belə baxırdılar, bunlar, yəni biz, arı adamlardır, ancaq boşuna zəhmət çəkirlər. İndi görürəm, hər birinin halında, sözündə “elə deyəsən Ocaq doğru iş görür” tərpənişi var. Bu halı ayaqda saxlamaq, qorumaq gərəkdir. Çünkü heç yerdə heç kim özünü doğrultmur. Heç bir örgüt özünü doğrultmur, ümid vermir. Ocaq davamlı görünür öz işində. Ancaq bəlli bir səviyyədə son çağlar passivlik yaranıb. Bunu aradan qaldırmaq olanağı var, özül var.
Bir də bir yanlışını ortadan qaldır, kağızlarda ötəri yazı yazmalarını yığışdır. Dəftərə yaz, qoy dediyin, yazdığın qalsın.
Göylü Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Səfər xalq quruculuğu olayıdır. Özündə başlayır, xalqda davam eləyir. Tədbirə hazırlaşarkən öz-özümə düşündüm, son bir ildə heç səfərim olmadı. Bundan çox ciddi qayğılandım. Söhbət təkcə Ocaqdan getmir. Hər hansı yoldasansa, ikinci, beşinci adam olmaq başqa şeydir. Bir də var işin yiyəsi olmaq. Mən o yiyəlikdən çıxmışam. Bunun anlamına vardım. Nədənini araşdırdım, deyək, bizi oxullara qoymurlar. Oxul yoxdur, başqa yer var. İstəsən nədən tapa bilərsən. Addım atmaq üçün özünə zəmin yarada bilərsən. Bu yoxdur, niyə yoxdur?! Bunun nədənini özüm üçün araşdırmağa çalışdım. Mənim anladığım odur, başlıca nədən – hədəfimdən çaşmışam. Yəni məqsəd, məram, hədəf get-gedə başqalaşır. Həyata oxşayır, başqalarına oxşayır.
Əslində xalqa yanaşma balaya yanaşma kimidir. Balanı, özün yemirsən, yedirirsən, geymirsən geyindirirsən. Sevgini, sayğını əsirgəməmək. Bəzən bir borc kimi yanaşmaq. Mənim yadıma gəlir, o vaxt beynimdə tuturdum, həftədə üç yol getməliydim oxullara. Səhər dururdum əhvalım heç yoxuydu. Ancaq özümü zorlayırdım, bu gün söz veribsən, getməlisən. Umacaqsızlıq kimi, qeyrət kimi yanaşanda vətənə, xalqa yanaşma olur. Bu yoxdursa, hər şey boğazdan yuxarı sözdür. Mən, uzun müddətdir, Atanı oxumuram. Elə-belə ara-sıra nələrsə oxuyuram. Atanın fəlsəfəsi nədirsə, çox şeyləri unutmuşam artıq. Halbuki mənim əzbərimdəydi.
Yanırsansa, mütləq o işığa, istiyə gələcəklər. Bir az yanıb közərirsənsə, yenidən yanmaq çətin olur. Davamlı yanmaq gərəkdir. Toplumu dəyişmək istəyiriksə, özümüzü dəyişməliyik. Yol burdan başlayır.
Atamız Var olsun!
Soylu Atalı: Dünən işdəydim. Həmid gəlmişdi. Deyir, Göylü xanım Atanın aydın çatan düşüncələrini paylaşıb.
Adam ortaya çıxan kimi görünür. Ocaq elə bir aşama yaradıb, elə bir aşamaya gəlib çıxıb, istənilən bir Ocaqçı ortaya çıxan kimi görünür. Ortadan çəkilən kimi yenə görünür. Gərək çəkilməyəsən. Bu saat söz, düşüncə boşluğu olduğu bir çağda, əməl boşluğu, ümid yoxluğu olduğu bir çağda bu addımları atmaq gərəkdir. Ocağın varlığı çox gözəldir. Ona görə çıxın ortaya, görünün.
Üstün Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Səfər Günü törənimiz qutlu olsun. Adından göründüyü kimi, səfər tələb eləyən törəndir. Nəinki evdən qıraqda, evin içində özü-özünə səfər eləmək. İnsan özü öz içini daha yaxşı tanıyır. Özüm özümü təpərləməli, toplamalı. Toparlamaq üçün, aydın məsələdir, nizam gərəkdir. Nizamsız bir düzən qurmuşam özümə, ona görə də çıxa bilmirəm. Toparlanmayanda elə bil, xəstə kimi gəzirsən.
Atamız Var olsun!
Soylu Atalı: Gələn ay biz iki dəfə toplanacağıq. Bir dəfə Ailə Gününə, bir dəfə də burda mənim evimdə Doğmalıq gününə. İstəyim odur, Türkel, Göylü, Üstün konkret olaraq, bugünkü gündən sonra nə kimi, hansı addımı atıblar, nə kimi hala dolublar, ya da hansısa bir işi görüblər, onunla bağlı təpərli sözlə gəlsinlər. Görün halınızı necə tərpədə bilirsiniz. Bu passivlikdən sonra onun çox böyük rolu var. Belə bir şey gələn ay diqqətinizdə olsun.
Mən bir neçə söz yenə deyim. Dünyanın halı çox əyilib. Həm də bu əyilmə bəzən insanlara ayrıntılı biçimlərdə görünür. Bəzi əyintilər əyinti kimi görünmür. Bu, dünyanın indiki anarxiya durumu ilə bağlıdır. Anarxiya o qədər güclənir, insanların ağlı anarxiyanın içində aydınlaşa bilmir. Niyə aydınlaşa bilmir?! Baxın, bir yandan gəlişmə var. Elmin, texnologiyaların gəlişməsi var. İnformasiya bolluğu var. Ancaq infomasiyalar insanın ağlında aydınlıq tapmır. Çünkü ağıl güclənmir, böyümür. Ona görə də aydınlıq olmur. İndi ən azından Ocaqçılarla hərdən bir araya gəlib diskussiyalar aparmaq olar. Öz ağlınızın analitik olanaqlarını ortaya çıxara bilərsiniz. Həm bireysəl söhbətlərdə qoya bilərsiniz, həm də internetdə qoya bilərsiniz. İndi belə birerysəl söhbətlər eləmirlər. Kim ağlına nə gəlir, onu sosial şəbəkələrə qoyur. Bir dənə dərin, kəsərli düşüncəyə rast gəlmirəm. Çünkü insanlar ancaq internet səviyyəsində bəyənilən sözləri danışırlar. Bəyənilən söz axtarırlar yazsınlar. Bəyənilməyən (laik edilməyən) söz demirlər. Əsil söz isə bəyənilməyən sözdür. Bəyənilməyən söz hamının ortaq mövqeyi deyil. Niyə? Çünkü burda qorxaq olan, cəsarətsiz olan var. O qütbü təmsil eləyən, bu qütbü təmsil eləyən var. Obyektiv mövqelər yoxdur. Ona görə doğru söz deyəndə, dərin düşüncə deyəndə, düşündürücü düşüncələr ortaya qoyanda heç kim onu bəyənmir. O da bəyənilmədiyinə görə, az-çox düşüncəsi olan adamlar da, onu ortaya qoymurlar. Hər kəs öz xoşuna gələn açısından baxır, həqiqətlə baxmır. Dünya burda elə anarxiya yaradır, hər kəs burada ayrı-ayrı yanaşmalar sərgiləyir. Dünyanın indiki çağında Türkiyənin, Azərbaycanın durumuna yönəlik nə qədər toqquşan düşüncələr səslənir. Heç kim bu toqquşmalarda duruma aydınlıq gətirmək istəmir. Aydınlıq gətirənin də mövqeyinə ortaq olmaq istəmir. Belə bir çelişkili durum yaranıb. Ocaq üçün onlar bəlli olmalıdır, bilinməlidir. Türkiyə, Azərbaycan getdikcə daha qorxulu duruma girirlər. Halbuki üzdə görünən ayrı bir şey var. Ərdoğan Afrikaya, Sudana gedir. Toplum küçələrə axışıb çığır-bağırla, güllə-çiçəklə qarşılayır. Bunu Türkiyənin uğuru kimi sunurlar. Türkiyənin dünyaya meydan oxuması kimi görürlər. Əslində bu, Türkiyənin ölümə doğru getməsidir. Niyə?! Ərdoğana Afrikada söz yiyəsi olmaq üçün meydan verirlər, get Afrikanın ucqarlarında qaralarla uğraş. Get böyür-başında ərəblərlə uğraş, ancaq Türklüklə uğraşma. Tarix boyu ərəbləri bir araya gətirmək alınmayıb. Tarix boyu ərəb türkə arxadan vurub, türkü sevməyib. Bu gün birlik olması üçün ərəblərin ortamına girmək olası deyil. Bir olmağın üçün, bir türk olaraq, sənin öz gücünü, qüdrətini yaratmağın gərəkdir. Öz ideologiyanı, dünyabaxışını, həyat sistemini yaratmağın gərəkdir. Bunu yaradarsansa, ərəbə köməyin dəyər, qatqın olar. Halbuki ərəblərin hamısının başı Batının əlindədir. Başı Batının, Avropanın əlində olan ərəbin quyruğundan Ərdoğan bərk-bərk yapışıb. Belə hesab eləyir, bununla o, müsəlman birliyi yaradacaq. Əslində o bilir neylədiyini. İnsanlar elə bilirlər o, doğrudan birlik yaradacaq.
Eyni halda, Azərbaycanı elə duruma soxublar, buradan heç kim baş açmır. Bir ara yalançı siyasi müxalifət vardı. İndi də müxalifətin bir qolu aktiv görünür. Ancaq onların hədəfi bəlli deyil. Onların hamısı bəlli proqramlarla çalışırlar. Bəlli proqramlar əsəsında söz deyirlər. Çox ehtiyatlı davranışlar var. Ehtiyatlı, qorxacaq davranışlar ona görədir, onların davranışına hər cür ad qoymaq, don geydirmək, qapının arxasına tıxamaq olur. Niyə?! Çünkü sağlam deyil insanları, ortamları, düşüncələri. Sağlam olmadığına görə havadadırlar. Yönətilirlər. Dediyim kimi, bu, Türkiyədə də belədir. Mən hər zaman vurğu eləyirəm, Ərdoğan Türk birliyinin yaranmamsı üçün hazırlanan proyektləri həyata keçirir. O yanda Qazaxla Rusiya kəllə-kəlləyə gəlib. Bu yandan Avropa, Batı Rusiyanı sanksiyalarla sıxışdırdı. Ərdoğan başladı ona soluğ verməyə. Bu da yenə həmin planın iç çalarıdır. Bunu da yönətənlər var. Bir şeyi Ocaq bilməlidir, başqalarına da bildirməlidir: Dünyanı yönətən 4 imperiya var. Bu imperiyaların heç biri Türkiyənin güclənməsini istəmir. İstəməyəcək. Nə Rusiya, nə Çin, nə Batı, nə də Avropa Birliyi. Bir ara çox deyirdilər, Rusiya dağılacaq. Heç yana dağılmır, dağılmayacaq da. (Dağıtsa Türk Birliyindən sonra dağılar). Mən bunu yazılarımda dönə-dönə vurğulamışam. Rusiyanı dağıtmağı nə Çin istəyir, nə Avropa Birliyi. Ona görə istəmir, Rusiyanın dağılmasıyla planetin orta zolağında türklər dirçəlir. Heç kim istəmir türk dirçəlsin, bağımsız türk subyektləri yaransın yenidən. Ona görə bütün gücü türk toplumlarının ayaqlanmasına, bir araya gəlməsinə yönəltmək gərəkdir. Dəyişiklik bundan sonra ola bilər. Bu bizim, Ocaq olaraq, gücümüz dışındadır. Ancaq Ocağın varlığı, düşüncəsi, ideyası hamısına yön verir – Türk Birliynə yön verir, Türkün dünyaya insani etkisinə yön verir, gələcəkli etkisinə yön verir. Çox böyük məsələdir bu. Dünyanın indiki gedişində Ocağı sıradan bir şey saymaq, etkisiz bir şey saymaq ən böyük axmaqlıqdır. Dünyanın indiki gedişində, lap elə siyasi nizamında, siyasi düzənində Ocağın etkisi ortaya gələ bilər. Çox uğurlu düzən yarana bilər. Dəyişiklik başlaya bilər. Türkün içinə bunu yeridərsən, şüuru bir araya gələr. Müsəlmanlıqdan, bu cür dağınıqlıqdan qurtara bilər. Qurtara bilərsə, Türk Birliyinin üfüqləri genişlənə bilər. Türk Birliyinin üfüqləri genişlənərsə, dünya düzəninə də etki göstərə bilər. Bu mənim ağlımda olduqca aydındır. Bu ideyalar gözardı olunmamalıdır. Dünyanın hər anlamda dəyişəcəyini istəyirsənsə, Ocaq məsələsi gec-tez gündəmə gəlməlidir. Başqa cür dünyanı dəyişmək olası deyil. Çünkü dünyanın üzdən dəyişməsi ilə bəşəriyyəti yoxluğa sürükləyirlər. Üzdən dəyişmə iqtisadiyyatdır, hərbdir, siyasətdir. Bunlar da bəlli qüvvələrin əlindədir, tərpənmir. İqtisadi üstünlüyü ələ almağa çalışarsan, hərbi üstünlüyü ələ almağa çalışarsan, savaşlar qızışar. Ancaq burda böyük bir milli birlik yaranması, millətin içində insani dünyagörüşün oturuşması, gəlişməsi dünyaya yeni bir yöndür. Heç kim onda militarizmi əsas götürməyəcək. Onda insanlar, doğrudan da, bəşəriyyətin qurtuluşunu diqqətə alacaq.
Bəşəriyyətin qurtuluşuna yönəlik çox institutlar çalışır. Ancaq heç biri uğur əldə eləyə bilmir. Burada gəlinən sonuc odur, millətlər dinc, yanaşı yaşamalıdır, hərbi toqquşmalar səngiməlidir, qorxulu yaraqların qullanılması dayandırılmalıdır, ya da azaldılmalıdır. Nə deyirlərsə, olmur. Çünkü bunlar olanda, başqa bir anarxiya gəlir. Kim meydanı ələ alsın məsələsi ortaya gəlir. Ona görə onların çalışmaları işləmir. Onların çalışmalarının içinə, düşüncələrinin içinə Ocağın baxışı, önərisi yeriyərsə, zaman-zaman bu yeni bir aşamanın başlamasına gətirib çıxara bilər. Bunun böyük məsələlərə də, görün, nə qədər qatqısı var. Sizə balaca görünməsin, sıradan gəlməsin. Ocaq yönündən çalışmalar elə-belə deyil. “Nə vaxt olacaq” məsələsi deyil. Sən çalış, onu böyüt, diqqətlərə sun. Sən ortaya çıxdıqca, diqqətdə var olduqca, diqqətlər bura yönələcək. Hər yerdən başlayarsan görünməyə. Gec-tez bu cür olacaqsa, bəşəriyyət var olacaq. Olmayacaqsa, dünyanı terrorlarla dağıda-dağıda gedəcəklər, xəstəlik törədicilərini artıra-artıra gedəcəklər. Ona görə Ataya çox böyük gərəklilik var.
Ancaq biz o cür siyasi ünsiyyətlərə, dartışmalara gedəsi deyilik. Biz Ocağın qarşımızda qoyduğu tələbi həyata keçirdikcə, Ocağı diqqətə, ortaya, etkiyə gətiririk, gətirməliyik. Bunun üçün səfər məsələsinin çox böyük önəmi var. Eybəcərlik baş alıb gedir. İnsanların bir-birinə inamı azalıb, oğurluq baş alıb gedir. Hər kəs əyilir. Əyiləndə də hər kəs hər kəsi damğalayır. Öncə əyilir, sonra da damğalayır, ləkələyir. Bunlar hamının qonusu, həyat tərzi olur. Ocaqçılar ayrı həyat tərzinə ortam yaratmalıdırlar. Ömürlərində, özlərində, düşüncələrində, davranışlarında göstərməlidirlər. Ölçü verməlidirlər. Yenə deyirəm, görün Ataya inanırsınızmı? Ataya inanan Atanın işinə doğru addım atar. Atanın işinə inanmadan özünə inam da aradan gedir, həyata inam da aradan gedir, evinin içinə inam da aradan gedir. Hər şeyə inam aradan gedir. Varlıq pozulur. Bunu ciddiyə almaq gərəkdir. Bireysəl söhbətlərinizlə bunu anladın. Hamı internetdədir. İnternet dünyasıdır. Bireysəl görüşlərin yerinə gətirməyin bunları. Ancaq onu da eləyin, paylaşın yazıları. Bir az aktivliyinizi artırın. Ürəyiniz sevinsin, könlünüz sevinsin, Ata da sevinsin.
Bununla da sözümü bitirirəm. Zamanın korşaldığı bir çağda, özümün də çalışmalarımın mənə açdığı ortamlarda Atanın böyüklüyünü daha çox anlayıram. Onun niyə ortaya gəldiyini, niyə çağırdığını daha çox anlayıram.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Bayrağımızı öpürəm.
Sözünüz yoxdursa, Nişanələrimizi Atamızın adından sunuram.
Ocaq Yükümlüsü Soylu Atalı Nişanələri Yol sözü ilə paylayır.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən sona yetir.
Qar Ayı, 39-cu il. Saray-Soylu.
(yanvar, 2018).