Xəbərlər

Ruhsal “Səfər Günü” törənindəki çıxışlar

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ruhsal “Səfər Günü” törənindəki çıxışlar

Ocaq Günsırası ilə 27 Sərt Ayı, 40-cı ildə (dekabr, 2019) Asif Atanın Mütləqə İnam Ocağı Ruhsal “Səfər Günü” törənini həyata keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Bu gün Ruhsal “Səfər Günü” törəni həyata keçirirk. Ocaqçıların işiylə, sorunlarıyla bağlı, son dönəmlərdə, törənlərin vaxtını qabağa, dala çəkirik. Eləməməliyik. Ancaq biz zorən buna gedirik. Ocaqçıların işini gözə almalıyıq, dolanışığını gözə almalıyıq. Günevgil burda yoxdur, Rusiyadadır. Güntayı iş yerindən ezam ediblər Bərdə rayonuna. Göylü xəstələnib gələ bilmir, Ulusəsin bacısı xəstələnib gələ bilmir. Ancaq nə olursa olsun, Ocağın törənlərinin həyata keçməsi davam eləməlidir. Ocaq törənləri çox ciddi oxuldur. Əsaslandırmışıq, bu gün də deyirik. Toplum gün-gündəın uçurulur, gün-gündən ağır duruma salınır. Ancaq toplumun dartınmağa nə gücü var, nə şüuru. Ona görə onu pis duruma soxanlara sadəcə boyun əymək zorunda qalır. Uzun çağlar belə davam edə bilər. Ancaq zorun, ölümün bir sınırı var. Bir yerə qədərdir. O yer haradır, o çağ haçandır, onu mən bilmirəm. Ancaq onu bilirəm, insan nə qədər sürüləşməyə meyil edirsə, bir o qədər faciələr yaşayır. Sürü heç vaxt xoşbəxt ola bilməz, xoşbəxt yaşaya bilməz. O ancaq bədbaxt yaşaya bilər. Sürülükdən çıxmaq istəyən də rahat yaşaya bilmir. Ona görə sürülükdən çıxmaq istəyən iki yol ayrıcında qalır. Necə edim? – Hamı kimimi olum, özüm kimimi olum? Özüm kimi olanda çətinlik yaşayıram. Hamı kimi olanda da sürüləşirəm. Tapmaca sual var: yemək üçün yaşayırsan, yoxsa yaşamaq üçün yeyirsən. Sual boşuna yaranmayıbdır. Yemək üçünmü yaşayırsan? Toplum elə bil, yemək üçün yaşayır. Standart bir həyat, özü də bəsit bir həyat. Məna yox, get, gəl, çalış. Baxıram işlədiyim kollektivə, səhərdən axşama yüyürür, bir qarın çörək qazanır. Onun üçün yaşayır. Böyük faciədir.

Belə bir gedişin içində ayrı-ayrı ölkələrdə, ayrı-ayrı yerlərdə, dünyanın ayrı-ayrı bölgələrində rahatsız olanlar ortaya çıxır. Dirəniş göstərmək istəyənlər ortaya çıxır. Ancaq dirəniş göstərmək sadə deyil, asan deyil. Onun çətinliyinin iki yanı var. Bir var yalınlıq, yarağı yoxdur. Yalınsan. Yaraq nədir, ideya. İdeya sistemi, düşüncə sistemi, yaşamın ölçü sistemi. Ancaq istək var, təpər var. Dirəniş göstərirsən. Bir də var, ideya var, sistem var. Ortada nəzəri güc var. Ancaq təpər yoxdur, istək yoxdur. Bu gün dünyada toplum belə yaşayır.

Mən Türkiyənin bir neçə alimlərini izləyirəm You-tubedə. Heyran qalıram. Onlar necə də cəsarətlə dinə dirəniş göstərirlər. Nə qədər gözəl məntiqləri var onların. Ərəb dilini də bilirlər, araşdırırlar, deyirlər. Faktlar qoyurlar ortaya, insanları divara dirəyirlər, cavab verin deyə. Mənə sadəcə etiraz eləməyin, cavab verin. Mənim dediyimin yalanlığını isbatlayın. Mən dediyimin doğruluğunu isbatlayıram. Sən də mənim dediyimin yalanlığını isbatla. Heç kim də cavab vermir, cavab verə bilmir. Onlar alimdirlər. Biri var, televiziyada açıq danışır. Başqası var, 10-15 dəqiqəlik görüntülərlə çıxış edir. Quranı ayə-ayə açır, aydınlıq gətirir. Həm də çox maraqlı deyir. Çox anlaşılan səviyyədə deyir. Ancaq bunların etirazları var, yaraqları yoxdur. Yaraq ideyadır. Ölçü, yaşam sistemi yoxdur. Mən onlarla bağlantı qurmaq istədim, “İlahi Xəta” yazımı göndərdim, Azərbaycanda sistemli olduğumuzu göstərdim. Sayımız az olsa da, biz sistemik. Sistemimizin gücü var. Başqa biri var, Güney Azərbaycanı gündəlikdə saxlayır. Türkiyəlidir. Deyir, mən inanıram, Güney Azərbaycanla Quzey Azərbaycan birləşməlidir. Başqa yol yoxdur. İş getməlidir, filan. Yenə istək, hərəkət, məntiq var, ancaq sistem yoxdur.

Rusiya Dumasından bir qadın, bir-iki yol onu izləmişəm, həyəcanla məsələ qaldırır, deyir hara gedir Rusiya? Gənclik hara gedir? Yaxın gələcəkdə Rusiyada Rusiyalıq qalmayacaq. Nəylə dirəniş göstərək? İnsanlıq ölüb gedir. Millətin ölümü də İnsanlığa bağlıdır. Biz nə etməliyik, necə qurtaraq? Göz yaşlarını saxlaya bilmir, ağlayır. Durub oradan çıxır.

Batı Avropa ölkələrindən birisini dinlədim, deyir Doğu batır, Avropa da elə bilir qurtarır. Halbuki Avropa Doğunun dalınca başqa bir biçimdə batır. İqtisadiyyat var. İqtisadiyyat üstə çəkişmə gedir. ABD, eləcə də Avropa içində bir-birini sevmir. Bir yerdə olsalar da, bir-birini sevmirlər. Nədən sevmirlər? Bəs nə etməli? Hara baxırsan, İnsanlığın ölümünə, dövlətçiliyin ölümünə, bəşəriyyətin ölümünə fəryad qoparırlar. Mənim izlədiyim, izləmədiyim çox şeylər var. Mən bunları izlədikcə Atanın ideyasının gərəkliyini daha yaxşı anlayıram. Ocaqçıların başları həyatlarına qarışır, işlərinə, qayğılarına qarışır, zəifləyirlər, filan eləyirlər, mənim içim alovdur, zəifləmir. Mən ölənəcən belə olacam. Ayrı yol yoxdur. Yaşamağın başqa anlamı yoxdur. Harda görəcəklər, eşidəcəklər, biləcəklər tutacaqlar, yapışacaqlar, aktivləşdirəcəklər, bu artıq məndən qıraqdakıların işidir. İstər Azərbaycanda olsun, istər Azərbaycandan qıraqda. Mən içimdə hikmətlə yaşayıram. Mənim nə həvəsim, nə istəyim gücdən düşür. Doğru bildiyimdə yanılmıram, peşman deyiləm. Anladıram, anlatmağa çalışıram. Doğru olan budur. Adamları inandırıram. Fakt qarşısında qalırlar. İndi cəsarətləniblər. Qabaqlar qorxurdular, deyərlər bu da onlara qoşulub. Birdən deyərlər kafirdir, birdən nəsə deyərlər. İndi cəsarətlənirlər. İnsanların gözünü açmaq gərək. Bunun üçün ürəkli olmaq gərək. Doğru bildiyimizi sunmaqdan geri durmamaq gərəkdir. Avamın qarşısında gözükölgəli olmamaq gərəkdir. Qürurlu olmaq gərəkdir. Doğru budur. Mən bununla uğraşıram. Toplum haram yaşayır, pozğun, şərəfsiz yaşayır. Özündən fərqli olana belə baxır, elə baxır. Ancaq zaman-zaman qəbullanır. Məktəb ciddi məsələdir. Bizim həyatımızda belə bir məktəb var. Bu məktəb hər kəsə üstünlük olanağı verir. Üstünlü xudbinliyə çevrilməkdən qoruyur.

Mən hər gün işləyirəm. Ara-sıra adamlarla görüşürəm. Maddi-fiziki əngəlləri ortadan qaldırmaq üçün də çabalar göstərirəm. Ata hər zaman söz deyəndə, törənə kimin gəlməsindən asılı olmayaraq, elə bil minilliklərə söz deyirdi. Elə bil böyük auditoriyaya söz deyirdi. O qədər öz işinin doğruluğuna inanırdı.

Cəsarətli, döyüşkən insanlar gərəkdir. Ayrı-ayrı məqamlarda Gedişə “dur” desin. Hamı deyir mənlik deyil, mənim nəyimə gərəkdir. Sənin nəyinə gərəkdir, onda sürüləş. Yaşayışdan, gedişdən, dövlətdən, maaşdan, filandan gileylənməyən adam yoxdur. Ağlamayan adam yoxdur. Ancaq dirəniş göstərən adam da yoxdur. Səsini çıxaran adam da yoxdur. Qeyrətsizləşir insanlar, öz içində deyinə-deyinə, öz pərdəsinin arxasında. Deyinə-deyinə əli bir yerə çatmır qeyrət­sizləşir. Toplum ikiüzlü yaşayır. Əxlaqsız yaşayır. Tək Azərbaycandan danışmıram. Türkiyədə də belədir. Türkiyədə çığır-bağır başlayıb. Məhv olurlar. Mən bilirəm, Ocağı Türkiyə götürəcək. Nə vaxt görtürəcək, bilmirəm, ancaq götürəcək. Orta Asiyada əməlli-başlı millilik sürəci başalyıb. Çünkü Çin canavar kimi bunları yeməyə hazırlaşır. Azərbaycan sabah yenidən Rusiyanın əsarətinə düşsün, ya erməni iki rayonu alsın, bu millətin öz evinin içində yaşaması soruna çevriləcək. Səksəkəli yaşayacaq. Doğu Türküstanda, 80-ci illərdə, sayları 30-32 milyon idi. İndi deyilənə görə 11 milyon qalıb. Uyğurları qırıb tarix səhnəsindən çıxaracaqlar. Heç kim də səsini çıxarmır. Qazax, qırğız qorxur. İdeoloji güc yoxdur, dirəniş yoxdur. Bir gün gözünü açacaqsan, nə əxlaq qalıb, nə mənəviyyat qalıb, nə ailə qalıb. Dirəniş göstərən sistemi var Atanın. Bunu götürməyə bilməzlər. Bunu yaşatmaq, ayaqda tutmaq gərəkdir görsünlər. O yaşamasa, ayaqda durmasa, görünməyəcək. Sabah kimsə arxivdən eşələyib axtarmaz. Mən görürəm üz tutanlar, filanlar artır. Ocağın içində zəifləmə gedir, Ocağın yörəsində Ocağa meyil isə artır. Belə bir təzad var. Dözümlü olmaq gərək, bir az qürurlu olmaq gərək. Ocağın qurallarını, prinsiplərini öyrənmək, yaşatmaq gərək. Mənəviyyatlı olmaqdan qorxmaq gərək deyil. Halal, doğru, ləyaqətli, əxlaqlı olmaqdan qorxmaq gərək deyil. Sürüləşməkdən qorxmaq gərəkdir.

Xoşbəxt adam görmürəm. Siz də yəqin görmürsünüz. Küy var. Öz içində bir dünya yaratmaq gərək. Özündən öz içində bir dünya yaratmaq gərək. Mən çətinliyi yaşamağa hazıram, ancaq pessimist, mənəvi düşkün, ölü yaşamağı həzm edə bilmərəm. Sürü kimi yaşamağı həzm edə bilmərəm. Çətinlik insan üçündür. Çətinlik bu gün var, sabah aşarsan. Bizim “Səfər Günü” törənimizin anlamı odur. Dünyanı öyrənmək, görmək, faciələri anlamaq, dərk eləmək, tanıtmaq. Faciəni, fəlakəti bizdən daha yaxşı dərk eləyənlər var. Ancaq bizdən yaxşı dərk eləyənlərin əlində bizimkindən yaxşı sistem yoxdur, ölçü yoxdur. Bizim üstünlüyümüz budur, bunu verməliyik. Ocaq olmaq mənəviyyatlı olmaq deməkdir. Ocaq olmaq optimist olmaq deməkdir. Ocaq olmaq dünyaya örnək olmaq deməkdir. Ocaq olmaq xoşbaxtlığın qapısını açmaq deməkdir. Ocağa uğurlar diləyirəm. Ocaq heç vaxt siyasiləşməyəcək. Zəifləyəcəyik, ancaq siyasiləşməyə­cəyik. Kiminsə əli içimizə girməyəcək. Siyasiləşən qurumlara maddi yatırım qoyurlar, satın alırlar. Onların məişət sorunlarını həll edirlər, aylıq verirlər, qurum da onların qulu olur. Ocaq heç vaxt belə olmayacaq. Ocağın işi dayanar, ancaq siyasiləşməz. Siyasiləşmək mənəviyyatı itirməkdir, oyuncağa çevrilməkdir. Sonunda heç olmaqdır. Ona görə mən əlimdən gələni eləmişəm, bu çağa qədər.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Mərasimimiz qutlu olsun. Hər Ocaq mərasimi bir köklənmədir mənim üçün, fərəhdir. İllərlə Ocaqdan öyrəndiyim Amal fərəhi, Ocaq fərəhi. Nə qədər idrakca, inamca artmışam o qədər də fərəhlənmişəm. Nə qədər düşüncələrimi paylaşıram, o qədər fərəhlənirəm. Nə qədər əməl görürəm, o qədər fərəhlənirəm. Öncələr əməllərimin sayı da, ölçüsü də böyük idi. İndi çox azalıb. Ocaqçı olmağım hər zaman mənim fərəhimdir. Ancaq Ocaqçılığımı da təsdiq edən mənim əməllərimdir. Əməllərim azalıbsa, fərəhim də azalıb. Hər şey dəyişir həyatda. Amalda sabitlik var. Ortam, zaman dəyişilir. Görəcəyim işlər isə sabitdir, dəyişməzdir. Çünkü insanlığa hər zaman ehtiyac var. Amalda varamsa, yox olmuram. Həyatda isə cismaniliyim fizikiliyə bağlıdır. Bunu anlayıram. Yox olmamaq üçün artmaq gərəkdir. Ata sovet vaxtı milliliyə, insaniliyə çağırırdı. Milliliyə, insaniliyə çağırış o zaman da aktual, zəruri idi. İndiki kapitalizm dövründə də aktualdır, hər zaman da aktual olacaq. Bizlərə, Ata ideyasına hər zaman ehtiyac var. Spartak haqqında bir film verirlər. Spartak qul idi, Romaya çağırış eləyir. Azadlığa həsrəti olanlar da ona qoşulur. Orda belə bir səhnə var. Hansısa yerdə romalılarla qarşı-qarşıya gəlirlər. Döyüşün başında duran deyir, yəqin bizi ölüm gözləyir. Silahdaşı ona cavab verir, düzdür, biz öləcəyik. Ancaq biz azad öləcəyik. Orada insan kimi azad olmaq məsələsi var. Ancaq məsələ burasındadır, indi adamlarda din, zaman, siyasət hər bir şey düşüncələri buxovlayıb. Bundan azad eləmək isə bizim üzərimizə düşür. Hər kəs həyatdan nəsə qoparmağa çalışır. Həyatdan nəsə qoparmaq mümkün deyil. Özümlü olmaqdan, özünəxas olmaqdan məhrum olur adam. Bizim xoşbəxtliyimiz hər zaman bu fərqi görmək, bu fərqi yaşamaqdır. Fərqi yaşamaq özünü artırmaq, ruhsal əməllərlə bağlıdır. Fərəhli yaşamaq, həyatdan üstün olmaq üçün əməllərim artmalıdır. Atamız Var olsun!

Soylu Atalı: Bizim saytların olması gərəkli bir faktdır. Çünkü izləyirlər, oxuyurlar. Ölkədə milli düşüncə qurumları yaradırlar. Ancaq o qurumlarda hansı milli düşüncələr ortaya gəlir bilmirəm. Milli düşüncə ortamı yaratmaq asan məsələ deyil. Məktəbi qorumaq, davamlı söz demək, hal yaratmaq, inandıra bilmək asan deyil. Dediyin söz boğazdan yuxarı olmamalıdır. Bir az da sənin ömründə olmalıdır. Söz özü həqiqi, doğru olmalıdır. Bunlar ona görə sabit, bir yerdə olmurlar. Ona görə axtarırlar. İndi başlayırlar Atanı axtarmağa. Bunların fəlakəti ondadır, işığın çevrəsinə girmək istəmirlər, özləri işıq olmaq istəyirlər. Ola da bilmirlər. Bax budur bunların çatışmazlığı. Eqoizm mane olur. Ancaq bu cür adamların ya bərkiyib düşüncələri artacaq, həqiqi düşüncəni tutacaqlar, ya da hamısı əriyib sıradan çıxacaq. Ayrı yol yoxdur. Öz deyə bir şeyi asan deyil yaratmaq. Dünyada düşüncə məsələsi çox geniş olub. Nəhəng düşüncə adamları olub. Oxuyuram onları, düşüncələrimi də yazıram. Geniş axtarışlar, düşüncələr olub. Bu qədər zəngin düşüncələrin içində yenidən zəngin düşüncəli olmaq asan deyil. Nə qədər güclü, dərin idrak adamı olmalısan. Ona görə işığın çevrəsinə gəlmək gərəkdir, qaçmaq gərək deyil. Düşüncənin çevrəsində olmaqdan, onu gəlişdirməkdən qorxmaq gərək deyil. Bunu insanlara zaman-zaman anlada bilsək, onda Ocağın çevrəsi böyüyər. Eqoizm səngiməlidir, azalmalıdır. Azərbaycanlı­larda olub həmişə. Bunlar doğrudan da, ya o qədər yaxşı mənəviyyatlı olmalıdırlar, düşüncəni görüb onun işığına gəlsinlər, ya da onların başına kimsə zopa vurub, itaətə götürməlidir. Bunu gələcəkdə Ocaq dəyişəcək, dəyişməyəcək, bunun üçün çabalar gərəkdir.

Türkel Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Neçə vaxtdır öz balaca dünyamla sınırlaşmışam. Ruhsal, fiziki durumum gözlədiyimdən çox aşağıdır. Buna bənzər əhvallar qabaqlar da olub. Bunun özülündə duran isə belə bir düşüncə olur, kaş uşaq yaşlarda qapalı həyat keçirməzdim, bəzi peşmançılığını çəkdiyim şeylər olmaya bilərdi. Bunlar qısa şəkildə özümlə bağlı düşündüklərim. Bunların üstündə çox dayanmıram. O səbəbdən, düşünürəm gecdi artıq. Bunları düşünməklə heç nə əldə eləyəsi deyiləm.

İnternetdən Atanın bütün videolarını telefona yükləmişəm. İş növbəsində olanda baxıram. “Muğamlığımız”a, “Tovuz səfəri”nə ordakı yoldaşın biriylə baxdım. Özü seyid soyuna bağlı olsa da, dinə münasibəti sərbəstdir. Ordakı başqa yoldaşlarla söhbətə özüm səy göstərmirəm. Bir dəfə söhbətimiz oldu. Gördüm bu avamlarla söhbətin sonucu yodur, bunları dəyişməyəcək.

Xeyli vaxtdır kitab oxumağa həvəsim azalıb. İş kollektivi, toplumun hər yerində olduğu kimi, çox pis gündədir. Ən pis mühitdə belə özün olaraq qalmaq səndə mühitə qarşı acıq, nifrət hissi yaratmır. Hər dəfə Ata görüntüsünə baxanda adamın içi elə dolur, özünü göylərdə hiss eləyirsən. Tədbirlər, mərasimlər bir başqa kökləyir, zənginləşdirir. Atanı dinləmək, seyr eləmək bir başqa. Ocaq Yükümlüsünün dediyi kimi, elə bil səni fərəh gölünə atırlar, için, halın hər şeydən arınır, durulur. O məqamda içimə baxıram. Düşünürəm, içimə ruhsal səfər edib, özümü tam dərk eləməmişəm. Bu həm də Ocağın qarşımda qoyduğu tələbdir. Bu tələbin nə demək olduğunu anladığım dərəcədə ruhsal səfəri anlayaram. Atamız Var olsun!

Soylu Atalı: Özüylədöyüş qutsal olaydır. Çünkü özüylədöyüş mətin, biryönlü xarakter yaradır. Xarakter insanın halını da gözəlləşdirir, üzünü də gözəlləşdirir. Adamın halı, davranışı aktiv olur, insani olur. Bunun özü çəkici olur. Ona görə nikbin olmaq gərək. Nikbin olanda adamın xarakteri yaxşı formalaşır. Bəzən insan o sistemi ömründə qura bilmir. Bilmir, ciddiyət nədir, ciddiyətsizlik nədir. Bilmir, şən olmaq nədir, onun tərsi nədir. Bilməməkdən də çaşır. Ancaq bunu biləndə adam o qədər gözəl əhvallarla dolur, görürsən, ömrün başqa çalarları da var. Əqidə də bunu yetirir, bundan ötrüdür. Oxulu düzgün mənimsəmək gərəkdir. Oxul adamı pis durumlardan çıxarır. Təki sən onu düzgün qiymətləndirəsən, düzgün anlayasan. Atanın yolu gözəl yoldur. Bu yolda yürüyən ürəklər də gözəl ürəklərdir. Axıra qədər gözəl ürəkli olmaq, yolda uğurla yürümək gərəkdir. Mən törənimizi bununla bitirmək istəyirəm. Quralımıza görə ruhsal bağışlamaları sunmaq istəyirəm. Nurtəkinin hazırladığı arxiv disklərini qəbul eləmək istəyirəm. Bunları Nurtəkin bir yerə yığsın, aparaq verək texniki arxivə. Millətin içində yaşadılsın. Bunlar ləyaqətli zəhmətdir. Bu zəhməti Nurtəkin çəkir, Atanın dediyini doğruldur. Ata deyir, Amalımızla bağlı ən cüzi məsələ belə itməməlidir, qorunub sabaha çatdırılımalıdır. Qutlayıram, alqışlayıram. Ata hüzuruna sunuram.

Evladlıq nişanələrimizi götürək.

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə törən sona yetir.

 

 

Qar Ayı, 40-cı il.

(yanvar, 2019)

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir