Xəbərlər

Soylu Atalı. Ərdoğandan Azərbaycana xeyir gəlməz

 Soylu AtalıSiyasi xaos, ikiüzlülüyün oyunları, qaraya ağ, ağa qara deməkdən çəkinməyənlərin eybəcərliyi elə bir iyrənclik yaradır ki, hər şey gözdən düşür. Xalqın mənəviyyat ölçüləri, dövlətin millilik prinsipləri elə kökə salınıb ki, heç bir etkisi qalmayıb. Kim necə gəldi danışır, necə gəldi davranır. Qabağa çıxan hər kəs dövlətçiliyin gələcəyi, millətin ləyaqəti üzərində alver edir. Hakimiyyət ölkəni dağıdır, talayır, xalqı ayaqlayır, alçaldır, onunla alverə girənlər isə xalqın güvəncini, ümidini hakimiyyətin ayaqları altına sərir. Bütün bunlar göründükcə xalq onun adından danışıb sonra da hakimiyyətə satılanlardan ayrılıb üz döndərir. Hakimiyyət də artıq xalqın üz döndərdikləri ilə alverə getmir, öz bildiyini edir. Bilir ki, boşuna çığır-bağır salanların xalqa heç bir etkisi yoxdur.
Biz bunları illər öncədən yazırıq, deyirik, bu gün gəldiyimiz sonuc deyil. Azərbaycandakı siyasi təşkilatlar Batının ayaqları altına papaq atanda biz yazırdıq ki, “siyasi təşkilatlarımız Batı ilə birləşir, xalqla yox. Ona görə xalq onların arxasında durmayacaq. Batı isə siyasi təşkilatlarımızı öz çıxarlarına uyğun qullanır. Ancaq arxasında xalq olmayan təşkilatları qullanmaq da bir zaman özünü doğrultmayacaq. Sonucda Batı hakimiyyətimizlə araçsız (vasitəsiz) olaraq alverə gedəcək”. Əlbəttə, bizim kimi siyasətçi olmayanların dediklərinə, yazdıqlarına qarşı siyasi təşkilatlarımızın eqoizmini anlamaq olar, ancaq onların bu gün xalqı passivlikdə suçlamalarını, Batının Azərbaycanla bağlı istəklərinin sömürgəçilik olduğunu vurğulamalarını isə anlamaq çətindir. Axı Batının hakimiyyətimizlə birgə Azərbaycanı talamasında, onun bizə qarşı sömürgəçilik siyasəti yürütməsində siyasi təşkilatlarımızın rolu az deyil. Əgər illər öncə, biz bunları yazanda, siyasi təşkilatlarımız da bunları bilirdilərsə nə üçün səslərini çıxarmırdılar, tərsinə, Batını Azərbaycan hakimiyyətinə qarşı çağırmaqla talançılığa ortam yaradırdılar. Yox, əgər bilmirdilərsə, bu bilməzlərin hakimiyyət uğrunda döyüşlərinin anlamı nədir? Anlamayanların, bilməyənlərin hakimiyyətə gəlməsi xalqa uğurlu nə vəd edə bilər?! Bir-birindən oğurlanıb Batıya, Azərbaycan hakimiyyətinə satılanları xalq necə qəbul eləsin?! Ya da bunlar xalqdan nə istəyirlər, hansı üzlə istəyirlər?! Hakimiyyət siyasi meydanı boş görüb necə gəldi davranır. Qanunsuzluqlardan, ədalətsizliklərdən, işsizlikdən, aclıqdan ayrı-ayrı hallarda etirazlar olur, təngə gələn toplum ayağa qalxıb etiraz edir. Bütün bunlar özbaşına törəyir, yönətən bir lider olmur. Ona görə də asanlıqla, polisin dəyənəkləri altında yatırılır. Bu zaman siyasi təşkilatlar onlara yaxın durmurlar. Tutula bilməkdən, ölkədə xaos yaradıcısı adlanaraq vurulmaqdan, damğalanmaqdan qorxurlar. Çünkü dağınıqdırlar, bir-birinə qarşıdırlar, çoxlarının da hakimiyyət qarşısında gizli öhdəlikləri var. Xalqın həqiqi lideri olmuş olsaydı, hakimiyyət onu tutuqlamaqdan qorxardı, xalq cəza evlərini dağıdardı, hakimiyyəti başından düşürərdi. Təəssüf ki, xalqın ortada lideri yoxdur, ayrı-ayrı qrupların liderləri var, onlar da, dediyimiz kimi, gücsüz və etkisiz.
Biz bu dediklərimizi xalqa muştuluq kimi sunmuruq, adama deyərlər, bəs nə olsun? – Bunu da biz zaman-zaman vurğulamışıq ki, indiki qrupların, satılmışların, intriqaçıların içərisində gücə çevrilmək mümkünsüzdür. Vətənə, millətə umacaqsız sevgisi olanlar siyasi təfəkkürlərini birləşdirib yeni siyasi kadrlar yetişdirməklə Milli Qüvvə formalaşdırmağa çalışmalıdırlar. Şöhrətə, varidata tamahlanmayan, özünə və tayfasına karyera qurmağı millətin şərəfindən üstün tutmayan liderə (liderlərə) böyük ehtiyac var. Qurtuluş onların ləyaqətinə dayana bilər.
…Xalqın heysiyyatını ayaqlamağı ört-basdır eləməyin bir üsulu da “Qarabağ”  yörəsindəki söz-söhbətləri illərlə çək-çevirə salmaqdır. Hakimiyyətimiz hər dəfə Qarabağ məsələsində güzəştə getməməyini tutalqa edib xalqın əzilməsini yozmağa çalışır. Onun bu əməlinə quyruq bulayan basın orqanları, özlərini müxalifətçi sayan siyasətçilər və yazarlar da az deyil. Budur, Putinin, Ərdoğanın, Əliyevin şəkillərindən birlik simgəsi düzəldib Qarabağın 5 rayonunun qaytarılması üçün proseslərin getməsindən bəhs edənlər ard-arda düzülüb. Sanki dünyanın siyasi düzəni dəyişir, Ərdoğanla Putin sükanı ələ keçirib planeti başqa səmtə sürürlər. Doğrudan da, söz meydanını siyasi möhtəkirlərin, ikiüzlü basın alverçilərinin qapsaması olduqca acınacaqlıdır. Simasızların qurduğu təbliğata baxın: “Öncə Rusiya-Azərbaycan-Türkiyə birliyi yaranacaq. Sonra İran bu birliyə qoşulacaq… Ermənistan təklənir, bundan əndişə keçirib ABŞ-a üz tutur. Ancaq Sərkisyana qandırırlar ki, Qarabağ konflikti bir yerə qədər çözülsə, Türkiyə sınırları açacaq, Ermənistan iqtisadi cəhətdən gəlişəcək, regional layihələrə qoşulacaq. Putin də Sərkisyanla görüşündə deyib ki, konflikt həm Azərbaycanın, həm də Ermənistanın xeyrinə çözüləcək…
Özlərini müxalif sayan yozumçuların toplumumuzu bu cür yalanlarla aldatmaları, bizə görə, gələn ay keçiriləcək referendumu sakit qarşılamağa və hakimiyyəti bərkitməyə hesablanıb. Öncə onu deyək ki, 5 rayonun qaytarılması nağıldır, qaytarılsa belə, nağıldır. 25 ildir Qarabağ üzərində Batı ilə Rusiya alver edirdi, indi isə Ərdoğanla Putin alver eləmək istəyir. Hərçəndi Batı bu alverdən qıraqda deyil, olmayacaq da. 5 rayon qaytarılsa belə, Azərbaycanın xeyrinə olmayacaq. Nədən ki, bundan sonra uzun illər susmaq tələb olunacaq. Sonrakı aşamada daha böyük qurbanlar istəniləcək, hətta böyük ehtimalla Dağlıq Qarabağ biryolluq erməniləşəcək.
Nə Putindən, nə də Ərdoğandan Azərbaycana xeyir gəlməz. Ermənistanın əndişə keçirməsindən danışmaq isə boş sözdür. Ermənistan toplumu əndişə keçirə bilər, ancaq Rusiya onu heç vaxt türkün ayağına verməz. Məgər Rusiya Qarabağı erməni üçün işğal eləmişdi ki, onu erməninin əlindən alıb Azərbaycana qaytarsın?! Məgər Rusiya Qarabağ konfliktini çözər ki, Türkiyə ilə Azərbaycan güclənsin, sonra da Türk Dünyasının birliyi qarşısında özü yenilsin?! Erməninin məkrli, tamahkar, işğalçı olduğunu Rusiya hamıdan yaxşı bilir. Qriboyedovun çara məktubu hər kəsə bəllidir. Ona görə onu öz içinə buraxmır, türkün içinə buraxıb onu özünün siyasi varlığı üçün qoruyur. Bu gün də, yarın da Ermənistan türk birliyinin yaranmasının qarşısını almaq üçün Rusiyanın başlıca yarağıdır. Ermənistan Türkiyənin və Azərbaycanın qarşısını kəsməsəydi, Sovetlər dağılandan sonra Rusiyanın içindəki türk subyektləri bağımsızlıq uğrunda ayağa durub birləşərdilər.
Bu açıdan yanaşanda türklüyə qarşı çıxan Ərdoğanın Türkiyə Cümhuriyyətinin başına gətirilməsi də planauyğun baş verdi. Ərdoğanın antiAtatürk siyasəti yürütməsi, türklüyü sıradan çıxarıb mollaçılığı hakimiyyətə gətirməsi Rusiyanı parçalanmaqdan qoruyan gedişlərdir. Ərdoğan mollaçılığın yayılmasına deyil, türk birliyinə çalışsaydı Rusiya əsarətinin kölgəsi türklərin üzərindən çəkilərdi.
Bu gün Putin ermənini qorumaqla, türklüyü parçalanmış durumda saxlamaqla Pyotrun vəsiyyətlərini gerçəkləşdirməkdədir. Ərdoğan isə özünün mollaçılıq siyasəti ilə Atatürkün vəsiyyətini (“Vaxt gələcək Sovetlər dağılacaq. O zaman Türkiyə Cümhuriyyəti Sovetlərin əsarətində olan türklərin bağımsızlığına yardımçı olmalı və onlara sahib çıxmalıdır”) aradan qaldırmaqdadır.
İndi sual olunur: Türkiyədə türklüyü ərəb cəhalətinin – mollaçılığın ayağına verən, Atatürkün Cümhuriyyətçilik sistemini dağıdan Ərdoğandan Azərbaycan hakimiyyəti, eləcə də siyasətdəki ayrı-ayrı kimsələr, yazarlar Azərbaycanın xeyrinə nə umurlar görəsən?! Axı Türkiyəni çökdürən biri Azərbaycana hansı xeyiri verə bilər?!
Azərbaycan hakimiyyətini anlamaq olar – onun üçün türk kimliyinin, türk dövlətçiliyinin önəmi yoxdur, olsaydı, bu xalqı qanunsuzluq, ədalətsizlik girdabında çabalatmazdı. Bəs o birilər Ərdoğandan nə umurlar, – sorunun önəmli cəhəti də budur. Lütfən, heç kim deməsin ki, Ərdoğan Qarabağa görə Ermənistanla sınırları açmadı. Bu məsələyə geniş toxunmayıb qısaca desək, sınır məsələsi təkcə Azərbaycan üçün deyil, onun öz hakimiyyəti üçün də bir qarantiyadır. İkincisi, dünyada Türkiyəyə qarşı qondarma soyqırım oyunu aparıldığı halda, sınırların açılmasından söz gedə bilməzdi.
Demək istədiklərimiz odur ki, Ərdoğanın özü üçün, eləcə də buyruğunda durduğu qüvvələr üçün yerinə yetirdiyi oyunlar türklüyü, türk dövlətçiliyini sevənlərin, düşünənlərin ağlını oynatmamalıdır. Bu adamı hakimiyyətə gətirənlər də yaxşı bilirdilər ki, istər Türkiyədə, istər Azərbaycanda və başqa türk bölgələrində türklərin baxışları parçalanacaq – Cümhuriyyətçiliyin dayağı olan Atatürkə bağlı olanlarla mollabaşı Ərdoğanın ətəyindən tutanlar arasında qarşıdurmalar yaranacaq. Sonucda, türklüyü yüzillərlə yıxan “şiə-sünnü” oyununa yeni adda bir oyun əlavə ediləcək. Türklər ayılmalı, belə faciəyə yol verməməlidirlər. Ərdoğanı Atatürk səviyyəsinə qaldırıb Türkiyədə (və bütün türk dünyasında) vətəndaş-soydaş qarşıdurması yaradanların diləklərini gözlərində qoymaq gərəkdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

 

17 Qürub Ayı, 38-ci il. Atakənd.
(avqust, 2016. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir