(İmam Mustafayevlə Sadıq Murtuzayevin
“İmam Şamil” kitabı üstə bəzi düşüncələr)
İnsanda öymək, öyülmək meyli yaşayır. Ancaq bu meyli gerçəkləşdirmək, yaşatmaq olanağı həmişə olmur. Çağdaş dünyanın gedişində elə bir anarxiya var, ideal yaratmaq, onunla öyünmək az qala suç sayılır. Bunun qarşılığında toplumu bütövlükdə antiideala doğmalaşdırma əməlləri həyata keçirilir. Belə burulğanlarda işıq axtaran tək-tük adamlar isə ideal sorağıyla tarixə üz tutmalı olurlar. Bu cür adamlar yaşadıqları tarixi, toplumsal ortamın ölçüsüzlüyünü doğru qiymətləndirə bilmədikdə, tarixi faktlardan da düzgün sonuc çıxara bilmirlər, onları dəyişirlər (təhrif edirlər). Bu dəyişmələr toplumsal anarxiyanı daha da uzunömürlü edir. Başqa bir cəhət odur ki, çağdaş gedişdə öymək, öyülmək həm siyasi motivlərə söykənir, həm də kütlə psixologiyasının etkilərinə dayanır. Belə ki, kimlərinsə siyasi çıxarlarına uyğun olan olayı, ya da hansısa şəxsləri ideallaşdırmaqla siyasi qruplar, tayfalar üçün “istehkam” yaradırlar. Bizim çağımızda H.Əliyevdən yararlananları misal göstərmək olar. Bəzən isə kütlə psixologiyasına qarşı çıxış edərək əsil böyüklük, qəhrəmanlıq haqqında söz deməkdən qorxanlar nisbi qəhrəmanlığı ideallaşdırır, gözə kül üfürürlər.
Yurdumuzun böyüklərinə – Nəsimiyə, Babəkə münasibət də bu cür sərgilənir. Kütlənin istəyinə uyğun davranmaq, bu istəyə boyun əyməklə yalançı münasibət formalaşdırmaq qeyrətsizlik əməlləridir. Bizim ölkəmizdə çağdaş ziyalı təbəqəsi qeyrətsizlik bayrağının altına toplaşmaqdan ar etmir. Buna görədir, xalq kütlə durumundan yüksəyə qalxa bilmir. Ziyalı küt, qorxaq olanda xalq mənliyini qura bilmir. Bu dediklərimiz yurdumuzun dəyərlərinə, böyüklərinə münasibətlərin ulusal quruculuq səviyyəsindən çox-çox aşağıda dayanması ilə bağlı yaranan qayğılarımızdır. Elə bu qayğılarımız kontekstində bizə örnək kimi sunulan, eləcə də hünər, qəhrəmanlıq simgəsi sayılan Şeyx Şamilin həyatına, döyüş yollarına (bu kitaba dayanaraq) açıqlama verməyə çalışacağıq. Söz yox, Şamilin ruslara qarşı savaşında doğal bir qanunauyğunluq var idi. Rusların çevrəsindəkiləri assimilyasiya etmək əməlləri yaxın tarixin bütün dönəmlərində özünü göstərib. Xalqları alçaltmaq, bir-birinə qarşı qoymaq imperiyaçılıq əməlidir. Rusiya bu əməli çox kəskin şəkildə, ardıcıl həyata keçirib. İş orasındadır ki, xalqların bağımsızlığını ortadan qaldırmaq İmperiyanın özünü də asılı duruma gətirir. İmperiya üçün xalqları əsarətdə saxlamaq həmişə qanlı əməllərlə gerçəkləşir. Azadlığa dartınan insanlara qarşı qanlı cinayətlər törədən Rusiya öz xalqını heç vaxt bəşəri dəyərlər əsasında qabağa apara bilməz. Rus xalqının psixologiyası, demək olar, korlanıbdır. Rusiya toplumu həyatı – başqa xalqların, eləcə də kiçik etniklərin əsarəti üzərində düşünüb dərk etməyə alışdırılıb. Özünü mədəni sayan, qanunsevər göstərən rus toplumu heç zaman öz imperiyasının qanlı əməllərinə qarşı etiraz etmir. Tərsinə, imperiyaçılıq siyasətini doğru sayır. Kiçik xalqların özlərini rus imperiyasına qarşı qoymalarına avantüra kimi baxır, onları axmaq sayır. Bu səbəbdən, Rusiya azadlıq anlayışına öz imperiyasının rahatlığı kontekstində yanaşır, bəşəriyyətə həmişə meydan oxuyur. Ona görə də Şamilin imperiyaya qarşı savaşı alqışlanmalıdır. Söz yox, bu savaşın hansı sonucu verəcəyi də düşündürücü idi. Burada söhbət təkcə Şamilin savaşından getmir, həm də ondan sonrakı savaşların aqibəti ilgimizi çəkir. Çeçenlər də ruslarla savaşırlar. Bəlli ki, Rus imperiyası Qafqazda siyasi etkisini heç vaxt itirmək istəmir. Ona görə hər cür qanlı əməllərə gedir. Çeçenlər özlərini rus imperiyasına qarşı qoymaqla onu dünyada ifşa etmək istədilər. Ancaq nə yazıqlar, çağdaş dünyanın azadlıq istəyənlərə qarşı münasibəti göz qabağındadır. Çağdaş dünya azlığın deyil, güclünün yanındadır. Bəs necə olsun, azadlıq istəyən bu kiçik toplumlar yanlışmı addım atırlar, onlar əsarətlə barışmalıdırlarmı?! Məsələnin yönü, göründüyü kimi, çox mürəkkəbdir. Bu mürəkkəbliyin əsas cəhətlərindən biri odur ki, Qafqaz çoxdilli, çoxmillətli bir bölgədir. Belə rəngarənglik burada yaşayanların taleyinə ciddi etki göstərir. Söhbət Quzey Qafqazdan gedir. Bu bölgədə yaşayan millətlərin ayrı-ayrılıqda sayı, demək olar, milyona çatmır. Eləcə də bu xalqların heç birinin böyük dəyəri, özünəxas böyük mədəniyyətləri olmayıb. Ona görə heç bir xalq başqa xalqa birləşməyi qəbul etmir, Rus imperiyası da bunu “ayır-buyur” siyasəti üçün qullana bilir. İmperiya ağıllara yeritməyə çalışır ki, bu cür xırda etnikləri yalnız Rus mədəniyyəti bir araya gətirə bilər. Ancaq durum doğru araşdırılsa, bəlli olar ki, Qafqaz xalqlarının həyatında, məişətində türk ruhunun, türk mədəniyyətinin etkisi daha güclüdür. Ayrıca Qafqaz mədəniyyəti anlayışı, yönü yoxdur. Rus mədəniyyətini də Qafqaz mədəniyyəti saymaq həqiqətə uyğun deyil. Bu səbəbdən də Qafqazın qurtuluşu ayrıca Çeçenistan, Dağıstan məsələsi deyil, bizcə, Türk Dünyasının birliyinə bağlı məsələdir. İnamla demək olar, Azərbaycanın Güneyli, Quzeyli olmaqla bütövləşməsi məsələsi uzandıqca, Qafqazın qurtuluşu məsələsi də çözümünü tapmayacaq. Qafqaz xalqları türk mədəniyyətinin etkisində assimilyasiyaya uğramayıblar, uğramazlar da. Çünkü türk ruhuna “ayır-buyur” eybəcərliyi yaddır. Əgər Türk birliyi baş tutarsa (biz bunun baş tutacağına içdən inanırıq), onları parçalamaq deyil, birləşdirmək addımları atar. Şeyx Şamilin savaş dövrü ciddi araşdırılsa, bu dediklərimizi təsdiq eləmək mümkündür. Baxın: Şamil bir aulu özünə tabe edib, başqa aula yürüş edəndə, öncəki aul onun nəzarətindən çıxıb, yenidən rusların əsarətinə düşür. Sanki axan gur çayın qabağına Şamil torba ilə torpaq daşıyıb tökür. Genel olaraq, azadlıq üçün Şamilin çevrəsində toplaşıb birlik yaratmaq çabaları olduqca yetərsiz olub. Şamil özü heç bir böyük mədəniyyət, böyük dəyər yaratmayan etnik tayfaları İslam dini çevrəsində birləşdirməyə çaba göstərirdi. Ancaq alınmırdı. Çünkü Şamil bu işi özünün fiziki olanağı ilə, döyüş bacarığı ilə həyata keçirirdi. Dərk olunmayan, bəşəri məzmununun nə olduğu bilinməyən, dünyanın insan üçün gərəksiz olduğunu ağıllara yeridən, insanları ölümün arxasındakı axirətə çağıran bir baxış, bir ideologiya sağlam birlik yarada bilməz. Şamil mövhumatın təbliğatıyla heç kimi birləşdirə bilmirdi, aulları qılıncla, qorxu ilə, cəza ilə boyun əydirirdi. Dini təbliğatın güclü olmasına baxmayaraq, xəyanət, satqınlıq, parçalanma onların içərisində adi hal idi.
Quzey Qafqazda çoxmillətliliyin Şamil üçün əngələ çevrilməsi son anda onun təslim olmasına gətirib çıxartdı. Çoxbaşlılıqdan monolit güc yaratmaq ən qüdrətli şəxsiyyətə belə qismət olmur.
Söz yox, Şamilin mübarizəsi ətalətə qarşı tərpəniş kimi, insanların yaddaşlarında etkiyə çevrilərək, sonrakı çağlarda, azadlıq istəklərinə gərək olması baxımından önəmlidir. Ancaq təbliğ olunduğu kimi cahanşümul bir olay deyil. Şamilin yaşamı da, şəxsiyyəti də olduqca çelişkilidir (ziddiyyətlidir). Bunu biz kitabı oxuduqca açıqca görürük. Çox qəribədir, Şamilin ömür yolundan danışan bu kitabda araşdırılası faktların üstündən elə keçilir, elə bil bilərəkdən gözə kül üfürmək istəyirlər. Başqa sözlə, Şamilin ömür yolundakı qüsurları sübuta yetirən faktlar yetərincə olduğu halda, ondan yan keçilir, bir çox hallarda isə bəyənilir (təqdir olunur).
Qəhrəmanlığa zidd olan məsələlərdən biri ailə məsələsinə münasibətdə qırağa çıxmalarla bağlıdır. Kitabın verdiyi bilgiyə görə, Şamilin səkkiz arvadı olub. Çox əcaib faktdır – azadlıq uğrunda savaşan adamın özünü, bir-birinin ardınca, bu cür asılılıqlara salması! Axı ailə özü insandan ciddi diqqət, qayğı tələb edir. Ailə ilə xalqın azadlığı uğrunda mübarizəni yanaşı qoymaq ömrü, fəaliyyəti yarımçıqlayır. Ailə qurub savaşa başlamısansa, yenə də anlamaq olar. Ancaq sonradan dalbadal arvadlar almaq böyük suçdur. Kitabdan bir alıntıya baxaq: “Şamilin ailəsini çox çətinliklə Koysu sahilində sıldırım qayadakı mağaraya köçürürlər. Ailə orada üç gün ac-susuz qalır. Yaralanmış arvadı Cavharat, körpə oğlu Səid aclığa, susuzluğa dözə bilməyib mağarada ölürlər. Səid iki gün ölmüş ananın soyuq döşünü hıçqırıqlarla sormuş və ağzı anasının döşündə can vermişdi”.
(“İmam Şamil” səh. 98)
Sonra da oxuyuruq: “Boyan aulunda oğlu Məhəmməd Şəfi anadan olur. Şamil ailəsini Oydan aulunda qoyub, iqamətgah üçün münasib yer axtarır…” (həmin əsər, səh. 104).
Yuxarıda “faktlardan yan keçilir” deyəndə bu cür məqamları göz önündə tuturuq. Bir yerdə oxuyuruq ki, Şamilin ailəsi mağarada ölür, heç bir əlavə bilgi verilmədən ardınca yazılır ki, onun Məhəmməd Şəfi adında oğlu dünyaya gəlir. Ailənin faciəsi asanlıqla unudulur, qəflətən yeni ailə meydana çıxır. Deməli, Şamil yenidən ailə qurmaq istəyini Azadlıq uğrunda savaşına qurban verə bilməyib. Azadlıq yolunda ailənin faciəvi ölümü hansısa bir qəza olayının faciəsi ilə eyniləşir təsəvvürümüzdə.
Daha sonra kitab Haqverdi Mohumanın Mozdokdan ayrılıb səfərə çıxmasını, uğursuzluğa görə Şamilin qəzəbindən qurtarmasını təsvir edir: “Şamil hətta xəncərini siyirərək onun (Haqverdi Mohumanın – S.A.) üzərinə atılmaq istərkən qapı açılır, qız bütün gözəlliyilə otağa daxil olur. Şamil ona baxarkən sanki özünü itirir, gözlərini qolu ilə örtmək üçün əlini qaldırarkən xəncər əlindən düşür, – Haqverdi Mohumanın – “əvəzində sizə belə bir hədiyyə gətirmişik” sözlərinə əhəmiyyət vermədən qızı üzü divara oturtmağı əmr edir. Erməni olduğunu bilərkən qazını çağırtdırır və ona tapşırır ki, əgər bu qız islamı qəbul etsə, Quranı öyrənsə və avarca danışa bilsə, mən ona evlənəcəm…” (həmin kitab, səh.116).
Gözlərimiz qarşısında necə acınacaqlı səhnələr canlanır. Bu səhnədə biz qəhrəman Şamili deyil, şəhvət düşkününü görürük. Bu cür xarakterlə qəhrəmanlıq bir araya sığmaz. Qadın gözəlliyi yaxşı şeydir, ancaq bu gözəllik Azadlıq üçün döyüşən bir kişinin əlindən xəncəri salırsa, onun başından papağını da sala bilər.
İki tutuşdurmanı burada xatırlatmaq yerinə düşər. Məhəmməd Peyğəmbər qapını açıb içəri girəndə oğulluğu Zeydin arvadını çılpaq görür. Üzünü çevirib (üzr diləyərək) çıxmaq yerinə, gəlinini başdan-ayağa süzür, “əhsən səni yaradana” söyləyir. Sonra da Allahdan “vəhy” gəlir ki, oğulluğu Zeydin boşadığı arvadı ilə peyğəmbər evlənməlidir. Bu “Vəhy” heç Məhəmmədin o biri arvadları Aişənin, Həfsənin… duyğularını gözə, hesaba almır da.
Atatürk dövlət adamlarıyla, yavərləriylə önəmli dövlət məsələlərini çözərkən arvadı Lətifə onların toplaşdığı zalın üst qatında səs-küy salardı. Atatürk “evlənmək – həyatımda yol verdiyim qüsurlardan biridir” söyləyir. Lətifənin şıltaqlığı aşırı həddə çatanda ondan ayrılır, bir daha ailə qurmur. Ömrünün axırınadək Türkiyənin qurulması ilə uğraşır.
Kitabda Şamilə Türk, Müsəlman dünyasının qəhrəmanı deyərək öyürlər. Müsəlman dünyasının qəhrəmanı məntiqi anlaşılır. Çünkü Şamil Dağıstan, Çeçenistan aullarında şəriəti təbliğ edirdi. Bəs Türk Dünyası üçün hansı hünəri göstərmişdir?! Emosiyaya qapılmadan demək olar, bu deyiliş türk hünərini anlamamaqdan irəli gəlir. Hətta onu Babəklə tutuşdururlar. Bu da qəribədir. Babək ərəbin dini imperiyasına qarşı döyüşürdü, özünün inamı, fəlsəfəsi vardı. Şamil isə yerlilərinə ərəbcə düşünmək öyrədirdi. Burada Babəki kiçiltmək əməli görünür. Bu isə öz dəyərinin miqyasını dərk eləməməkdən irəli gəlir.
Şamilin ailə məsələsinə münasibəti adamda ikrah hissi oyadır. Baxın, özündən 38 yaş kiçik olan çeçen qızı Aminatla evlənir, özü 64 yaşında ikən Zaydət adlı arvadından oğlu dünyaya gəlir. Həm də böyük, qəhrəman, müqəddəs…
Şamil aullara gedəndə “sözünü və hərəkətini uyğun et”, “öz nəfsinin qulu olma” söyləyir. Ancaq özünün sözü ilə əməli təzad təşkil edir.
Kitab Hacı Murad haqqında yazır: “Hacı Muradın köhnə düşməni Aslan xanın dul arvadı ilə ləyaqətsiz hərəkətləri ruslar üçün göydəndüşmə dəstəvuz idi” (həmin kitab, səh. 178).
İlginc məsələdir, bəs niyə Şamilin çoxarvadlılığında ləyaqət axtarırlar?! Hacı Muradın rusların yanına qaçması ifşa olunur, ancaq Şamilin rusların “mərhəmətinə” sığınması ayıb sayılmır.
Kitab Şamilin sürgün illərini təsvir edir: “Şamil bütün görüşlərdən unudulmaz təəssüratla ayrılır. Kursk, Tula görüşləri də bu qaydada keçir. Sentyabrın 22-də Moskvaya gəlir və ertəsi günü general Yermolovun görüşünə gedir. Üçüncü günü Moskva Kremlinə tamaşa edir, axşam baletə baxır” (həmin kitab, səh. 200).
“Oktyabrın 10-da Şamil Kaluqaya gəlir. Onun ailəsinə ayrılmış evin təmiri başa çatdırılmadığından, bir müddət mehmanxanada yaşayır. Bu vaxt Qazi Məhəmməd Şamilin ailəsini gətirmək üçün Temikan şuraya yola düşür.
Oktyabrın 31-də polkovnik Boquslavskini ştabs-kapitan Rinovski əvəz edir (bunlar Şamilə nəzarət edən hərbçilər idi – S.A.). Boquslavskilərdən ayrılması ona ağır təsir bağışlayır. İki aylıq ünsiyyət onları bir-birinə möhkəm bağlamışdı. Çox həssas, alicənab bir insan olan Boquslavski Şamildən ayrılarkən elə kövrəlir ki, göz yaşlarını çətinliklə saxlayır. Şamil də eyni hala düşür” (həmin kitab, səh. 202).
Rinovskidən ayrılanda da eyni hisslər təsvir olunur. İnsanların millətindən asılı olmayaraq, bir-birini sevməsi mənəviyyat tələbidir. Ancaq yurdunun azadlığı uğrunda savaş apardığı düşmənin hərbçiləri ilə bu sayaq qaynayıb-qarışmaq, onlardan ayrılmağa gözyaşı tökmək adamda Şamilin şəxsi prinsipiallığına, ciddiliyinə qarşı şübhələr yaradır. Rus çarı dünyaya humanist olduğunu sübut etmək üçün düşməni Şamili firavanlığa, mərhəmətin siyasi cazibədarlığına qərq edir. Şamil bu qayğıdan məmnun qalır, imtina etmir, özünü öldürmür. Rusların əsarətinə, istilasına buraxdığı yerlilərinin taleyini unudur. Rusların aullarda minlərlə qocaları, qadınları, uşaqları yandırmaları Şamilin bu hərəkətiylə əslində bəraət alır. Dünyanın gözü qarşısında Rus imperiyasının qanlı əməlləri, cinayətləri Şamilə, ailəsinə mərhəmətli, humanist münasibətinin təntənəsi ilə ört-basdır edilir. İki silahdaşdan heç biri – nə Hacı Murad, nə də Şamil ölməyi bacarmadı.
Azadlıq axtaran Şamil rusun dəbdəbəli hədiyyələrini necə qəbul edə bilir?! Rus zabitləri üçün necə kövrəlib ağlaya bilir? Hacı Murada qarşı amansız ola bildi, özünə qarşı amansız ola bilmədi. Özünə qarşı amansız ola bilməyənin başqalarına qarşı amansız olmasında tabeçilik intizamı yarana bilər, mənəvi qalibiyyətin qüdrəti isə təsdiq olunmaz.
Döyüşdə amansızlıq, hərbdə tabeçilik intizamı olmalıdır, bunsuz savaşı aparmaq mümkün deyil. Ancaq elə hal yaranmalıdır ki, savaşda yenilmə baş versə belə, yüksək məqsəd soyların qəlbində yenilməsin (məğlub olmasın). Şamilin azadlıq uğrunda savaşı elə sonuclanır ki, deyirsən burada Qafqazın istilasına qarşı dirəniş yox, xırda tayfalar arasında şəriəti möhkəmləndirmək məqsədi güdülürmüş. Əslində isə buna heç bir gərək yox idi. Burada dinin olum-ölüm məsələsi həll olunmurdu. Birincisi, dinin dayağı təkcə Qafqaz deyil, başqa sözlə, dinin qaynağı Qafqazdan qıraqdadır. İkincisi, rusların məqsədi qafqazlıları dindən döndərmək də deyildi. Bu gün də göründüyü kimi, qafqazlılar elə islam dininin etkisindədirlər. Sadəcə burada Şamilin rusların “səxavətinə” küsənməsi, yaşaması – onun Böyük Azadlıq idealını dərketməsini şübhə altına alır. Hərçənd bu da doğal görünür. Çünkü “o dünyanın” cənnətini düşünən, bu dünyanı fani, mənasız, axirəti (əslində xülyanı) isə əbədiyyət sayan kəs bu dünyanın azadlığını, başqa sözlə, bu dünyada azad yaşamağın xoşbəxtliyini yetirə bilməz.
Burada başqa bir məntiq də odur ki, Şamil təbliğ elədiyi axirət üçün də ölümü seçmədi. Elə bizim araşdırıcılar da nə bu dünyanın həqiqətini bəlirləyə (təyin edə) bilirlər, nə də axirətin “əbədiliyini” suna (təqdim edə) bilirlər. Elə bu səbəbdən də olay öz anlamında bilinmir, təhrif olunur. Araşdırıcılıq sorumluluq tələb edir. Yarımhəqiqəti həqiqət kimi göstərəndə heç kim həqiqətə yetmir, elə yarım həqiqətlə yetərlənir. Belədə isə azadlıq uğrunda savaş başa çatmır, daha doğrusu, işi başa çatdırmır.
Həqiqəti sevmək gərəkdir ki, Azadlıq yaşasın!
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!
(arxiv)