Xəbərlər

Soylu Atalı. Ağgünlülük örnəyi

İçimdə sürəkli bir sevinc dalğası yaranır. Çox vaxt bu dalğanın nədəni bəlli olmur. Sevinirəm, gümrahlaşıram, uçuram. Amaldaşlarımın hamısına bir-bir zəng edirəm. Səbəbsiz etkisi bağışlayır zənglər eləməyim. Hər kəsi, hər şeyi sevmək istəyirəm. Dünyanı qucaqlamaq istəyirəm…
Məncə bu, Ağgünlü olmağın görsənişidir (xoşbəxtliyin əlamətidir). Özüm özümə bəxt yaratmışam. Özüm özümə tale yaratmışam. Özümün kimliyimi özümdən soruşuram. Dünyanın nəliyini özümdən soruşuram. Suallar sel kimi axır içimdən, cavablar günəş şölələri kimi oynaşır içimdə. İçim güvəndiyim evimdir. İçimdə yaşayıram, ancaq içimə sığmıram. İçimdən qırağa çıxanda dünyayla görüşürəm. Dünyanın içimə yad olmadığını görürəm. Dünya içimdən başlayırmış, sonsuzluğa qədər uzanırmış. Əslində içim də dünyanın sınırı deyil. Dünya içimdən də dərinliklərə uzanır. Dünyanın uzantıları boyu düşünürəm. Düşüncələrimin niyə başa çatmadığını indi anlayıram. Düşüncələrim dünyanın uzantıları boyu sonsuzluğa üz tuturmuş. Sonsuzluqda çirkinlik yox imiş, yalnız gözəlliklər var imiş. Ona görə düşüncələrimə çirkinliklər axıb dola bilmir, gözəlliklər axıb dolur. Gözəlliklər könlümü oxşayır, duyğularıma zənginlik gətirir. Ona görə hara baxıram gözlərim gözəlliklər axtarır.
Bax, indi səbəbsiz yerə sevinmələrimin səbəbini tapıram, anlayıram. Deməli, səbəbsiz sevinmələrimin səbəbini anlamağım da ağgünlülüyün (xoşbəxtliyin) davamıdır…
Bu nədir, ruhum Atayamı qovuşur, Mütləqəmi doğmalaşır?! Cavab ver, sual verən könlüm. Cavab ver ki, alqış deyim, sevim, sevinim!
Atamız Var olsun!


(Bu yazıya qısa bir yorum vermək istəyirəm)
İnsanda hallar yaranır. Hansısa bir anda yaşadığımız hallar var. Bizim hansısa anda keçirdiyimiz duyğular, hallar təkcə səninlə məndə deyil. Toplumun istənilən fərdində ayrı-ayrı hallar ola bilər. Bu məsələnin bir ayrı yönüdür. Ancaq keçirdiyim hal mənim indi gəldiyim sonuc deyil.  Yəni toplumun fərdlərinin hansısa bir məqamda keçirdiyi  hallar mənim indi  dilə gətirdiyim hal deyil. Bu fərqli bir şeydir. Mən deyirəm səbəbsiz sevinmələrim olur, ancaq bəlli olur ki, səbəbsiz deyil. Uzun illərin yaşantılarının sonucudur, görsənişləridir. Bir anda ortaya çıxmır. Toplumun hər bir fərdində bir anda yaranan hallar olur, – birdən nəyisə düşünər, duyğulanar, birdən özünü qərib hiss edə bilər, birdən hansısa bir məqamla üz-üzə qala bilər. Kədərlənib göz yaşı tökə bilər. Bu, bir anda ortaya çıxan haldır. Ancaq dediyim kimi, mənim bu halım bir anda ortaya çıxan hal deyil, fərqli bir haldır. Bir anda ortaya çıxmır. Özü də çağaşırı olur. Mən nəyə görə bunu dedim, toplumdakı ayrı-ayrı fərdlərin halından nəyə görə fərqləndirdim?! Onların yaşadıqları bir anda ortaya çıxan hallar da yaxşı bir şeydir. İnsan hansısa bir məqamda məna ilə, ülviyyətlə, dərin kədərlə görüşür, onda həmin insani hallar özünü göstərir. Bunlar gözəl bir şeylərdir. Ancaq mənim dediyim odur ki, yaşadığım hallar Ocaqçılığın mənə verdiyi, məndə yaratdığı, üzə çıxardığı bir ömür sonucdur. Bu ayrı bir şeydir. Bir ana, bir məqama bərabər olmayan bir şeydir. Onun üçün deyirəm, düşüncələrim sonsuzluq boyu uzanır, içimdə suallar qaynaşır…
Yol gedən istənilən bir kəsdə, hətta kobud, dünyaya sevgisi olmayan birinin də bir anda gözünə doğada elə bir şey görünər, sevinər. Ya da qürub çağı onda hansısa bir etki yaradar, kədərlənər. Bunlar gözlənilən bir şeydir, insandır axı. İnsan halları insanlarda özünü bu cür göstərir, – bir məqamda, bir anda ortaya çıxan hallar olur. Bu hallar bütöv bir yaşantının sonucu deyil. Mənim halım bir yaşantının sonucudur. Bu da, dediyim kimi, Ocaqçılıq prosesinin ortaya çıxardığı bir görsənişdir. İnsanda belə bir şey yarana bilər, – bundan daha böyük, daha zəngin, daha geniş.
Bu, əslində Ocaqçılığın gəlişmə (inkişaf) tendensiyalarıdır. Yoxsa hər bir kəsdə də ağlamaq, gülmək, sevinmək ola bilər, birdən-birə.
Körpədə daha gözəl ağgünlülük (xoşbəxtlik) halları olur, çünkü heç bir qayğısı olmur. Sevinir, deyir-gülür, oynayır, sanki dünya bunundur. Bu, körpədəki naşı xoşbəxtlikdir. Bir azdan o böyüyəcək, onunla bir yerdə sonsuz suallar, sonsuz sorunlar əmələ gələcək. O zaman o sonsuz sorunlarla necə görüşəcək, necə onlarla  dil tapacaq, necə onları uğurlayacaq, ağırlayacaq . Qırağa qoyacaq, ya həll edəcək, bunlardan asılı olaraq, o insanın taleyində ya ağgünlülük (xoşbəxtlik), ya qaragünlülük (bədbəxtlik) özünü göstərməyə başlayacaq. Ancaq Ocaqçılığa yetəndən sonra dediyimiz bu sorunlar qırağa durur. Adamı içindən tarıma çəkən qaragünlülük qırağa durur. Gerçəkdən adamın içindən daş kimi sallaşmır, asılmır. Çünkü onu ürəyindən açıb qırağa qoymusan. Ürəyinə, düşüncənə azadlıq vermisən. Sənin içində səni aşağı çəkən, yerə dartan, yerə bağlayan bir şeylər saxlamamısan. Ona görə daim uçursan, göyə uçursan, ürəyin göylərə qalxır. Budur Ocaqçılığın verdiyi sonuc. Bu, özüylədöyüşdən verilən bir soraqdır. Bizdən qıraqdakılara, bizdən sonrakılara verilən bir soraqdır. Mən bunların hamısını ona görə yazıram, saxlanmasını istəyirəm ki, özümüzdən sonrakılara Ocaqla bağlı bir soraq veririk – Ocaq insana nə verir, nə verə bilir, Ocaqda insan uğrunda hansı mübarizə gedir. Bunlar hamısı bir məktəbdir. Yoxsa yaşantılarımızı reklam eləmək kimi bir diləyimiz yoxdur…

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir