Xəbərlər

Soylu Atalı. Akif Səməd – İşıqlı şeiriyyət yolçusu

Söz Tanrıdan sonradır. Ancaq Tanrını da tanıdan Sözdür. Ona görə Sözü Tanrı ilə cərgələşdirmək yox, birlikdə götürmək gərək­dir. Tanrı ilə birlikdə olan Söz hansı könüldə nəğmə qoşursa, o kö­nül yiyəsi mürşidə çevrilir: Dərdi tanıyan, bəsləyən, sevən bir mür­şidə; Dərddən ümid yaradan, ümidi könüllərə yazan bir mürşidə.
Könül əhlinin dünyası dərd özüllü dünyadır, ona görə də əlçat­mazdır. Əlçatan dərd şəxsin bireysəl-fiziki taleyinin ifadəsi olur…

Dərd də yaşamaq istəyir. Ona görə yaşayır, könül əhlinin dün­yası var olsun.

Dərd yaşamağa həmişə böyük ürəklər axtarır. Balaca ürək­lərin, Dərd yükünü daşımağa, gücü olmur. Böyük ürəkdə dərd böyüyür, artır, ürək yiyəsini torpağa gömənə qədər şiddətlənir. Ancaq özü torpağa gömülmür. Yaşadığı ürəyin gözəlliyi ilə birgə yeni ürəklərdə yuva qurur…

Beləcə, dərd yüzillər yol gəlir, ürəklərdən ürəklərə yol olur, ürəkləri bir-birinə bağlayır. Biz, dərdli ürəklərin harayında yüzillər öncəki könüllərin gözəlliklərini tanıyır, sevdalarını sevir, keçmişlə gələcəyin bağlılığını dərk edirik.

Dərddən qaçan Tanrını tanımaz. Tanrıya qovuşmaq – Tanrı­laşmaq Yolu – Dərd Yoludur, kədər yoludur, zəhmət yoludur. Bu yolu başlayanın ömrü İşığa çıxır, dünyaya işıq gətirir. Dərdlə İşıq – fərqli görünsə də birlik təşkil edir. Şeiriyyət işıq deməkdir, o, bala­ca ürəklərdə yanmır. Belə götürəndə, balaca şeir olmur. O, ya var, ya da yoxdur. Şeiriyyət say deyil, riyazi hesablanmır, şeiriyyət könüllərdə bəstələnən qalıcılıq (əbədiyyət) nəğməsidir. Qalıcılıq nəğ­məsi oxuyan könüllər ölməz. Çünkü başqa könüllərə sevda bağışlayar. Sevdalı ürəklər qutsal münasibətlər uyumunu yaşa­dar.

Budur şair ömrü, şeiriyyətin varlığı – Dərddən başlayır, İşığa çevrilir. Arı düşüncələr, arı niyyətlər, arı əməllər qaynağı olur Dərdli Ürəklər…

Bu yazıda biz dərdinə qonaq olmaqla işıqlı düşüncələri ilə ta­nış­laşdığımız Akif Səmədi sunuruq. Akif Səməd tək-tək yaşayan yaradıcılardandır. Onun üstün cəhətidir, çağının tələbləri ilə yaşa­madı, şeriyyətin nəğməkarına döndü. Əsil şeiriyyət də çağı ifadə eləmir, olmalını öyür, çatdırır. Bu baxımdan Akif Səməd şeiriyyətə çağından başlamır, qədimlərdən, böyüklərdən başlayır.

Qırıq Sazın nə simiyəm?
Baharın son nəsimiyəm,
Mən ki, haman Nəsimiyəm
Nə bağ-bostan alveridi..

Başqa bir yerdə:

Verirsən yelə – toxumdu…
Kim deyir, hədərdi,hədər,
Yaxşılıq elə toxumdu,
Ürəklə ək, daşda bitər.

Bu, Qədimlikdən gələn ümiddi, çağın boz-bulanlıq havasında qırılmır, Xeyirə qovuşur, Xeyiri yaşadır….

Bəzən şair, çağın azğınlığı, amansızlığı dəyərləri əzib üstündən keçəndə, fəryad edir.

Adətə bax, vərdişə bax,
Şam yanır, şamdan ağlayır,
Zamana bax, gərdişə bax,
Bağ gülür, bağman ağlayır.

Aldanıb dünya malına,
Alıb dünyanı dalına,
Akif Səmədin halına,
Nə gündü, şeytan ağlayır.

 Şeytan qiyafətindəki adamlar çevrəsində yaşayır, ancaq çaş­mır, qorxmur, inildəmir.  İçində haqqı yaşadan insan ortamdakı haq­sız­lıqdan sızıldamaz. Belə adamlar ortamın haqsızlığından ən­di­şəyə düşüb ağlamır, içindəki haqqı ortama verə bilmə­məkdən dərdlənir. Belələrinin dərdi “niyə yoxdur” məntiqindən yaranmır, “niyə almır” məntiqindən doğur.

Könül harda, Akif orda,
Yolu olan qalmaz darda,
Nə tapıbsan adamlarda,
Məhəmməd, dərdiş, gəl gedək.

Ya da,

Yatıram yuxum ağrımaz,
Bir misra duyğum ağrımaz,
Sevinmə, ruhum ağrımaz,
Mənimki can ağrısıdır.

Bir sözün var yüz ağrısı,
Hər ağrının öz ağrısı,
Şair kəsin söz ağrısı,
Dünyanın söz ağrısıdır.

 Başqa bir yerdə:

Qarışqaya dən gətirdim,
Buz ürəyə gün gətirdim,
Hər çətini mən götürdüm,
Dost məni görmədi, könlüm.

 …Akif Səmədin özünəxas bir üstünlüyü də var. O, dərdini də, sevincini, sevgisini də çox sadə bir dildə ifadə edir. Keçmişimizə çevrilən böyük şəxsiyyətlərimizdə böyük dərdin mənasını sığışdır­maq, ifadə eləmək üçün böyük misralar gərək olub. Sonralar bu, dərdin musiqiləşməsində – muğamlaşmasında haraylanıb. Akif Səməddə isə yaşadığı dərdin məzmunu 6-lıqda, 8-likdə ifadə oluna bilib. Təcnisdə, gəraylıda, ağıda nəğməyə çevrilə bilib. Bu həm də çətindir. Ancaq çətin olan hər məsələ saz sevdalı könüllərdə sadələşə, asanlaşa bilir…

Akif Səmədin şeirlərində dərd qapsamlı ifadə olunub: Dövrün dəyərlə, yaradıcının sözlə, nadanın qeyrətlə, şairin hikmətlə oyun oynaması, xalqın sözünü deməli olanların şaha, görəvə, ödülə əyilməsi, satılması Akif Səmədin şeirlərində özünəxas bir üslubla hədəfə alınıb rədd edilir:

Şaha razılıq eləmək,
Ya da tazılıq eləmək,
Qalıb qazılıq eləmək,
Düzlük deyil, çıxaq gedək.

Ya da,

Qanan qaçır mən dəlidən,
Zəhər içim mərd əlindən,
Bu sahil dərd, dərd əlindən,
Qopar məni, ay gəmiçi.

Akif Səmədin doğulduğu elə, yurda bağlılığı da bütövyurd kon­tekstində dərk oluna bilir. O, öz dağlarının, çöllərinin gözəlliklərini belə, seyr edəndə Azərbaycan boyda dərdlə danışır. Vətəninin par­çalanması, satılması, yiyəsizləşməsi ağrıya çevrilir, sözü ağrı­da-ağrıda qulaqlarımıza dolur, ürəyimizə çatır.

Qollar qanrılsın, çatılsın
Sürü sürüyə qatılsın.
Torpaq verilsin, satılsın,
Satan padşaha dinməyim.

 … Deyirəm daha dinməyim,
Çəkilən aha dinməyim,
Satan padşaha dinməyim,
Göydə Allaha dinməyim.

Ya da,

Öz dərdimi bölürəm,
Öz dərdimə gülürəm.
“Araz” deyib ölürəm –
Qardaş mən şeir yazmıram.

………………………..

Neçə kəhərlər nal salıb,
Neçə igidlər ad alıb,
At səsinə həsrət qalıb,
İndi İncənin yolları.

Başqa yerdə,

İçimizdə boğuluruq,
Üzdə hələ şeir yazırıq.
Ürəyimiz quru budaq,
Sözdə hələ şeir yazırıq.

Bu sətirlərdə milli varlığımızın zədələnməsinin doğurduğu ra­hat­sızlıq da var, ideoloji savaşın yoxluğuna edilən vurğular (ey­ham­lar) da.

Şairdə bəşəri duyğular yaşayır. Ancaq o, həm də Vətən övla­dıdır. Dünya – şair üçün Vətəndən başlayır. Vətənə ağlayan göz insanı Bəşər səviyyəsində görür! Şair Akif Səməd, yaradıcılığı boyu, bu zirvələrə qoşub, bu zirvələrə can atıb!

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir