Söz Tanrıdan sonradır. Ancaq Tanrını da tanıdan Sözdür. Ona görə Sözü Tanrı ilə cərgələşdirmək yox, vəhdətdə götürmək gərəkdir. Tanrı ilə vəhdətdə olan Söz hansı könüldə nəğmə qoşursa, o könül yiyəsi mürşidə çevrilir: Dərdi tanıyan, bəsləyən, sevən bir mürşidə; Dərddən ümid yaradan, ümidi könüllərə yazan bir mürşidə.
Könül əhlinin dünyası dərd özüllü dünyadır, ona görə də əlçatmazdır. Əlçatan dərd şəxsin fərdi-fiziki taleyinin ifadəsi olur…
Dərd də yaşamaq istəyir. Yaşayır ki, könül əhlinin dünyası var olsun.
Dərd yaşamağa həmişə böyük ürəklər axtarır. Balaca ürəklər Dərd yükünü daşımağa qadir olmur. Böyük ürəkdə dərd böyüyür, artır, ürək sahibini torpağa gömənə qədər şiddətlənir. Ancaq özü torpağa gömülmür. Yaşadığı ürəyin gözəlliyi ilə birgə yeni ürəklərdə bərqərar olur…
Beləcə, dərd yüzillər yol gəlir, ürəklərdən ürəklərə yol olur, ürəkləri bir-birinə bağlayır. Biz, dərdli ürəklərin harayında yüzillər öncəki könüllərin gözəlliklərini tanıyır, sevdalarını sevir və keçmişlə gələcəyin əlaqəsini dərk edirik.
Dərddən qaçan Tanrını tanımaz. Tanrıya qovuşmaq – Tanrılaşmaq Yolu – Dərd Yoludur, kədər yoludur, zəhmət yoludur. Bu yolu başlayanın ömrü İşığa çıxır və dünyaya işıq gətirir. Dərd və İşıq – fərqli görünsə də vəhdət təşkil edir. Şeiriyyət işıq deməkdir, o, balaca ürəklərdə yanmır. Ümumən balaca şeir olmur. O, ya var, ya da yoxdur. Şeiriyyət say deyil, riyazi hesablanmır, şeiriyyət könüllərdə bəstələnən əbədiyyət nəğməsidir. Əbədiyyət nəğməsi oxuyan könüllər ölməz. Çünki başqa könüllərə sevda bəxş edər. Sevdalı ürəklər müqəddəs münasibətlər ahəngini yaşadar.
Budur şair ömrü, şeiriyyətin varlığı – Dərddən başlayır, İşığa çevrilir. Saf düşüncələr, saf niyyətlər, saf əməllər qaynağı olur Dərdli Ürəklər…
Bu yazıda biz dərdinə qonaq olmaqla işıqlı düşüncələri ilə tanışlaşdığımız Akif Səmədi təqdim edirik. Akif Səməd tək-tək yaşayan yaradıcılardandır. Onun üstün cəhətidir ki, çağının tələbləri ilə yaşamadı, şeiriyyətin nəğməkarına döndü. Əsil şeiriyyət də çağı ifadə eləmir, olmalını öyür, çatdırır. Bu baxımdan Akif Səməd şeiriyyətə çağından başlamır, qədimlərdən, böyüklərdən başlayır.
Qırıq Sazın nə simiyəm?
Baharın son nəsimiyəm,
Mən ki, haman Nəsimiyəm
Nə bağ-bostan alveridi..
Başqa bir yerdə
Verirsən yelə – toxumdu…
Kim deyir, hədərdi, hədər,
Yaxşılıq elə toxumdu,
Ürəklə ək, daşda bitər.
Bu, Qədimlikdən gələn ümiddi, çağın boz-bulanlıq havasında qırılmır, Xeyirə qovuşur, Xeyiri yaşadır….
Bəzən şair, çağın azğınlığı, amansızlığı dəyərləri əzib, üstündən keçəndə fəryad edir.
Adətə bax, vərdişə bax,
Şam yanır, şamdan ağlayır,
Zamana bax, gərdişə bax,
Bağ gülür, bağman ağlayır.
Aldanıb dünya malına,
Alıb dünyanı dalına,
Akif Səmədin halına,
Nə gündü, şeytan ağlayır.
Şeytan qiyafətindəki adamlar əhatəsində yaşayır, amma çaşmır, qorxmur, inildəmir. İçində haqqı yaşadan insan mühitdəki haqsızlıqdan sızıldamaz. Belə adamlar mühitin haqsızlığından əndişəyə düşüb ağlamır, içindəki haqqı mühitə verə bilməməkdən dərdlənir. Belələrinin dərdi “niyə yoxdur” məntiqindən yaranmır, “niyə almır” məntiqindən doğur.
Könül harda, Akif orda,
Yolu olan qalmaz darda,
Nə tapıbsan adamlarda,
Məhəmməd, dərdiş, gəl gedək.
Yaxud,
Yatıram yuxum ağrımaz,
Bir misra duyğum ağrımaz,
Sevinmə, ruhum ağrımaz,
Mənimki can ağrısıdır.
Bir sözün var yüz ağrısı,
Hər ağrının öz ağrısı,
Şair kəsin söz ağrısı,
Dünyanın söz ağrısıdır.
Başqa bir yerdə
Qarışqaya dən gətirdim,
Buz ürəyə gün gətirdim,
Hər çətini mən götürdüm,
Dost məni görmədi, könlüm.
…Akif Səmədin özünəməxsus bir üstünlüyü də var. O, dərdini də, sevincini, sevgisini də çox sadə bir dildə ifadə edir. Keçmişimizə çevrilən böyük şəxsiyyətlərimizdə böyük dərdin mənasını sığışdırmaq, ifadə eləmək üçün böyük misralar gərək olub. Sonralar bu, dərdin musiqiləşməsində – muğamlaşmasında haraylanıb. Akif Səməddə isə yaşadığı dərdin məzmunu 6-lıqda, 8-likdə ifadə oluna bilib. Təcnisdə, gəraylıda, ağıda nəğməyə çevrilə bilib. Bu həm də çətindir. Ancaq çətin olan hər məsələ saz sevdalı könüllərdə sadələşə, asanlaşa bilir…
Akif Səmədin şeirlərində dərd əhatəli ifadə olunub: Dövrün dəyərlə, yaradıcının sözlə, nadanın qeyrətlə, şairin hikmətlə oyun oynaması, xalqın sözünü deməli olanların şaha, vəzifəyə, titula əyilməsi, satılması Akif Səmədin şeirlərində özünəməxsus bir üslubla hədəfə alınıb rədd edilir:
Şaha razılıq eləmək,
Ya da tazılıq eləmək,
Qalıb qazılıq eləmək,
Düzlük deyil, çıxaq gedək.
Yaxud,
Qanan qaçır mən dəlidən,
Zəhər içim mərd əlindən,
Bu sahil dərd, dərd əlindən,
Qopar məni, ay gəmiçi.
Akif Səmədin doğulduğu elə, yurda bağlılığı da ümumAzərbaycan kontekstində dərk oluna bilir. O, öz dağlarının, çöllərinin gözəlliklərini belə, seyr edəndə Azərbaycan boyda dərdlə danışır. Vətəninin parçalanması, satılması, yiyəsizləşməsi ağrıya çevrilir, sözü ağrıda-ağrıda qulaqlarımıza dolur və qəlbimizə çatır:
Qollar qanrılsın, çatılsın
Sürü sürüyə qatılsın.
Torpaq verilsin, satılsın,
Satan padşaha dinməyim.
… Deyirəm daha dinməyim,
Çəkilən aha dinməyim,
Satan padşaha dinməyim,
Göydə Allaha dinməyim.
Yaxud,
Öz dərdimi bölürəm,
Öz dərdimə gülürəm.
“Araz” deyib ölürəm –
Qardaş, mən şeir yazmıram.
Ayrı yerdə,
Neçə kəhərlər nal salıb,
Neçə igidlər ad alıb,
At səsinə həsrət qalıb,
İndi İncənin yolları.
Başqa yerdə,
İçimizdə boğuluruq,
Üzdə hələ şeir yazırıq.
Ürəyimiz quru budaq,
Sözdə hələ şeir yazırıq.
Bu sətirlərdə milli varlığımızın zədələnməsinin doğurduğu narahatlıq da var, ideoloji savaşın yoxluğuna edilən eyhamlar da.
Şairdə bəşəri duyğular yaşayır. Ancaq o, həm də Vətən övladıdır. Dünya – şair üçün Vətəndən başlayır. Vətənə ağlayan göz insanı Bəşər səviyyəsində görür! Şair Akif Səməd yaradıcılığı boyu bu zirvələrə qoşub, bu zirvələrə can atıb!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
18 Od Ayı, 36-cı il.
(iyul, 2014).