Xəbərlər

Soylu Atalı. Alimin Fal Daşı, ya da Kül Aləmin Gözünə

Bir vaxtlar Azərbaycanda rusçuluğa sevgi çox qabarıq idi. Rusun orta səviyyəli bir yaradıcısına yarınmaq istəyənlərin içərisinə iynə atırdın yerə düşmürdü. İndi avropalıların xoşuna gəlmək yarışı başlayıb. Kim harda nə tapırsa, ona kosmetik bəzək verib öz doğmaca xalqına sırımağa çalışır. Hər araçla toplumu inandırmağa çalışırlar, Avropada azərbaycanlıların bilmədiyi böyük kişilər varmış. Bizim toplumumuz onlardan soraqsız imiş. Azərbaycana dışarıdan kişilər tanıtmaq gələnəyi yaradanlar elə bilirlər, öz əməlləri ilə bu xalqı şərəfləndirirlər. Çağdaş azərbaycanlıların öz böyüklüyü isə dışarıdakı böyükləri öz xalqına sırıya bilmək bacarığından oluşur. Baxın, bir sıra azərbaycanlılar öz içimizdəki dəyərə üz tutmur, böyükləri üzə çıxarıb göstərmir. Tərsinə, böyüklərimizi  “qəhrəmani bir şövqlə” aşağılayırlar. Ya da vəzifəyə, mənsəbə, hökmdara, yadlara, yadlığa qulluq göstərənlərdən böyüklər uydurub sunurlar.  Bəllidir ki, balacaların uydurulmuş böyüklüyü heç uyduranın özü üçün başucalığı gətirmir, qala ki, vətənin xeyrinə bir iş görə. Bir də ki, uydurmaçıların məqsədi heç vətən də deyil axı. Öz öləri şöhrətləri, hansısa çıxarları ödənilsin deyə çalışırlar.
Uydurmaçılar, Quramaçılar Dədə Qorquda, Babəkə, Koroğluya, Ş.İsmayıla, Atatürkə ağız əyməkdən, yamaq vurmaqdan belə çəkinmirlər. Azərbaycandan avropalılara da klassiklərimizi, qədimliyimizi aşağılayanlar sunulur. Avropalılar içimizi uçuranları bizim böyüklərimiz kimi qarşılayırlar. Bizimkilər Avropadan ödül umurlar. Azərbaycanı aşağılayan istənilən azərbaycanlı alqışlanır, səfirliklər araçılığı ilə onlara “sayğı” göstərilir.
Azərbaycana qarşı aşağılayıcı, inkaredici əməlləri bu gün gözümüzün qabağında İran da həyata keçirir. Onun burada yetərincə buyruqçuları var. Bakıçevrəsi kəndlərdə də, təhsil ocaqlarında da, Elmlər Akademiyasında da İranın ayağını yuyub kirini üstümüzə səpələyənlər var. Özəllikcə bir çox məscidlərdə İranın buyruğunda duran haytalı, hikkəli adamlar Yurdumuza barmaq silkələyirlər. Məsciddə hazırlanan adamlar Azərbaycan dövlətinin Anayasasına, dövlətçiliyinə “nəcis” deməkdən çəkinmirlər. “Sənət”qəzetinin başına açılan bəlli qalmaqallarla bağlı keçirilən məhkəmə iclaslarında heç bir yurddaşlıq məsuliyyəti daşımayan adamlar çox nikbin, cəsarətli davranırdılar, İranı təmsil etmələrindən qürur duyurdular. İran dövlətinin onlara maddi, fiziki, siyasi dayağı bizim yurddaşlarımızın mənliyinə qarşı yönəlib. Öz əməllərini Allaha qulluq kimi göstərənlər, əslində Yerlə Göyün arasında ən böyük küfr işlətmiş olurlar. Yurdunun sabahını düşünməyən, insana qarşı olmazın həqarətlər yağdıran, ömründə bir dəfə də olsun yüksək həqiqətlə görüşməyən miskin, zavallı qaragüruh Allahı öldürdüyünün fərqinə vara bilmir.
Bizim sunmaq istədiyimiz qonu ilə bu qonunun yalnız genel bağlılığı var. Ona görə bu qonunu davam etmirik. Burada əsas qonumuz  “alimin” antielmi, eləcə də antiinsani gedişə bac verməsindən irəli gələn qayğılardır. Biz burada Azərbaycanın tanınmış yazarlarından biri Qəzənfər Paşayevin böyük zəhmətlərlə başa gətirdiyi “Nostradamusun möcüzəli aləmi” kitabının ayrı-ayrı çalarlarına toxunacağıq.
Doğrusu, kitab adamda elə təəccüb doğurur ki, münasibət bildirməyin də gərəksiz olduğunu düşünürsən. Kitab səviyyə baxımından çox aşağıdır. Adam belə bir səviyyəyə çağ ayırmaq da istəmir. Ancaq nə etməli, Azərbaycanda bu səviyyəyə enən diplomlu adamlar, necə deyərlər, yetərincədir. Bunların vurğunluğu sayəsində Nostradamus adlı bir falçı sadə insanların dilinin əzbəri olub. Nə yazıqlar, toplum küyə öyrəşdirilib.
Bununla belə, Qəzənfər Paşayev adı topluma çoxdan tanış olduğu üçün onun başqa yaradıcılığı da ilgimizi çəkdi. Yazarın “6 il Dəclə-Fərat sahillərində” kitabını oxuyub tutuşdurmalı olduq. İraqın təbiətini, kənd təsərrüfatını, şəhərlə kənd həyatını, mədəniyyətini, məişətini, iqlimini, milli gələnəklərini ciddi, qapsamlı, dolğun, bundan da yaxşı təsvir eləmək bəlkə də çətindir. Yazar işinin gərəkliyini yaxşı anlayıb. İraq haqqında deyilənlər, Doğu mədəniyyətinin bir parçası, genelbəşər mədəniyyətinə özgün olan bir keyfiyyət haqqında deyilən sözdür.
Kitabının “Füzulinin nəvə-nəticələri arasında” bölməsində ciddi məsələlərə toxunur. Buradakı araşdırma yazarın hədəfini bildirir, yaxşı bir niyyətdə olduğunu göstərir. Azərbaycanı ikiyə bölən, türk sözünü, adını ona yasaq edən rus-sovet hökmranlığı dönəmində Kərkük nisgilini Azərbaycana gətirmək, onu öz soydaşlarının qəlbinə oxumaq – bizi soydaş qayğısı ilə yaşayan bir aydına yaxınlaşdırır. Türk soyuna bağlı yurdların, gələnəklərin, folklorun unudulduğu, unutdurulduğu bir vaxtda bunları yenidən yaddaşlara qaytarmaq, sevmək çağırışıyla çıxış etmək – yazarın qayğılarını bizə doğmalaşdırır, onun urvatını artırır. Yazar orada yaşayan soydaşlarımızın tarixi aqibəti ilə bağlı yayılan yanlış bilgilərə qarşı haqlı etiraz edir, öz soykökünə yanaşma yönündən cəsarət sərgiləyir. Ancaq nə yazıqlar, Azərbaycanla Osmanlı münasibətlərinə yazar üzdən yanaşıb. Bu iki türk qardaşı üz-üzə qoyanların niyyətlərinə aldanıb, yadlığa bac verib. Burada o, Osmanlını suçlayan əhvalla danışır. Osmanlının Azərbaycana qarşı zorakı niyyətdə olduğunu aşılayır. Halbuki bu iki qardaşı bir-birinə qarşı qaldıran niyyətlər Avropada hazırlanmışdır, bizim Şah İsmayılımız da öz qardaşına – Oğuz soyuna qarşı şübhələnməklə “Çaldıran” fəlakətinə sürüklənmişdi. “Çaldıran” türkə baha başa gəldi, türkün yağılarına fürsət qazandırdı. Sovet imperiyasının, özünə də, Azərbaycana da düşmən elan elədiyi Türkiyəni gözdən salmaq yolverilməzdir. Osmanlı Türkiyəsini öz qəlbiylə duymaq, öz ağlı ilə bilmək, çatışmazlıqlarını da Türklüyə sevgi ilə dilə gətirmək hər bir türk övladının borcudur.
Yazar Kərkük folkloru, eləcə də yer adları arasında sübuta ehtiyacı olmayan bağlılıqdan danışarkən çaşdırıcı, inkaredici mövqeləri rədd edir, süni fərq yaradan tarixi haqsızlığa etirazını bildirir. “Bütün bunlar qəti nəticəyə gəlməyə, Əta Tərzibaşının təbirilə desək, “əkiz qardaşlar” olduğumuz, Nəsiminin, Füzulinin nəvə-nəticələri olduğumuz haqqında hökm verməyə əsas verir. Bunlar isbatına ehtiyac duyulmayan bir həqqət olsa da, tarixin amansızlığı insanı heyrətə gətirir. Zamanın vəfasızlığı adamı sarsıdır. Məcbur olursan ki, gün kimi aydın həqiqətləri bir daha təsdiqə, isbata çalışasan. İstər-istəməz fikirləşirsən ki, yoxsa bir vaxt da Arazın o tayında yaşayan qardaş-bacılarımızın Azərbaycanca danışdıqlarını, Şəhriyarın hansı bulaqdan su içib “Heydərbabaya salam” adlı şah əsərini kimin üçün yazıb-yaratmağını təsdiqə çalışacağıq?!”

(“6 il Dəclə-Fərat sahillərində”, səh.65).

Yazarın içdənliklə vurğuladığı bu düşüncələr aydın bir qəlbin hıçqırıqları kimi oxunur. Burada gərəkli bir mövqenin ortaya qoyulduğu aydınca görünür. Özünə yadlaşmanın doğurduğu ağrılar dilə gətirilir. Bunların nədənini bilmək gərək, biz, xalq olaraq, öz Dünyabaxışımızı yaratmırıq, öz gələnəklərimizlə yaşamırıq. Bu səbəbdən də varlığımızı, milli bəlirtimizi aydınlaşdırmaq, başqalarına isbatlamaq üçün mücərrəd tarixdən səxavət umuruq. Çağdaş qonşularımızdan da bizi görmələri üçün mərhəmət diləyirik. Mahiyyətimizin doğduğu gözəllikləri ömrümüzə, aqibətimizə yazmırıq, sonradan onun izlərini axtarıb tarixə çevirməyə çalışırıq. Özümlüyümüzə həsrət qalmağımız özümüzün yaratdığımız mənəvi-ruhani sınırların yadlığa söykənməsindən baş verir. Türkə qarşı olan qıraq qüvvələrin işi bu yadlıq yaradan sınırları uzun ömürlü etmək olur. Bizim əhvalımız bizə qarşı olan qüvvələrlə birləşir. Ağrı-acı başımızdan yağır, başımızı itiririk.
Belə ağrılı gedişlərin içində bəzən bir nəfərin belə doğmalıq göstərən zəhməti necə də gözəl əhval yaradır! Doğmalarla ilişkilərin yolunu axtarıb tapmaq, bu ilişkiləri ədəbi ortamın çalışmalarına qoşmaq, onu gəlişdirmək bəzən bir institutun gördüyü işdən artıq, önəmli olur. Qürur duyğusu ilə işə girişmək, ilişkiləri bəlli bir aşamaya çatdırmaq üçün, yazara olanaq yaradıb. Söz yox, xalqın bütövləşməsini qapsayan ilişkilər yaratmaq ayrı bir hünər tələb edir. Bu cür əməlçilik daha ciddi, əsaslı olaydır. Bu işin başa gəlməsi isə zəhmətdən daha çox döyüş tələb edir. Döyüş Birlik yaradır, aqibət birliyi qurur, ulusal varolmanın təsdiqini yetirir. Bu isə nə ədəbiyyatın işidir, nə də bilimin. Bu, İnamla, irfanla bağlı bir qonudur…
Kitabın 113-cü səhifəsində deyilir:“İraqlıların adət-ənənələrinə əməl etdikdə işləmək çox asan olurdu”. Çox qəribədir, bizim yurdumuzda isə tam tərsinə olub. Elə bu gün də tam tərsinədir. Azərbaycana gələn hər kəs özüylə gələnəklərini (adət-ənənəsini) də gətirir, bizimkiləri öz gələnəklərimizdən əl çəkdirib gətirilənlərə əməl etməyə yönəldə bilirlər. Biz də “qonaqsevərliyimizin” tələblərinə uyğun olaraq, hər kəsi yuxarı başa keçirir, özümüz isə ayağa düşürük.
Nə yazıqlar, Qəzənfər Paşayevin doğmalıq yolunda çəkdiyi zəhmətlər də ulusumuzun ayağa düşməsinə əngəl olmaq məqsədi daşımayıb. Tərsinə, yuxarıda da vurğuladığımız kimi, bizi aşağılayan qüvvələrin, ideoloji baxışların qarşısında addımı dala qoyub, onların dediklərini təkrarlayıb.
Kitabın 67-68-ci səhifələrində oxuyuruq: “Məlum olduğu üzrə XVI əsrdə İraqın Osmanlı hakimiyyəti təsiri altına düşməsindən sonra,  az da olsa, yazı dilində türk dili ünsürləri özünü göstərmişdir. Lakin bu cəhətdən xalq dilinə olan nüfuzu bir o qədər də qüvvətli olmamışdır”.
Kərküklülərin danışığında Türkiyə şivəsinin çalarlarını yazar, acıyaraq, elə vurğulayır ki, elə bil böyük bir tarixi fəlakət baş vermişdir. Bununla o, Osmanlı şivəsinin Türklükdən uzaqlaşmasını demək istəmir…
Sonrakı düşüncələri ilə oxucusuna təsəlli verməyə çalışır:“Rüstəm Əliyev “Vətəndən uzaqlarda” məqaləsində İraqlı müsahibi ilə söhbətində də bu məsələyə toxunur: Ondan İraqda yaşayan azərbaycanlılar haqqında danışmasını xahiş etdim:
– Nə üçün siz özünüzü gah türk, gah türkman, gah da azəri türkləri adlandırırsınız? Türk mənşəli xalqlar çoxdur: türklər, özbəklər, türkmənlər, qazaxlar, biz azərbaycanlılar… Bəs siz özünüzü hansı xalqa aid edirsiniz?
– Füzuli və Nəsiminin mənsub olduğu xalqa”.
Burada rus-sovet imperiyasının tələblərinə bac verildiyi aydınca görünür. Türkiyə ilə süni şəkildə arada sınır yaratmaq türklük olayına ziyan verməkdir. Böyük türk etnosunu özbək, qazax, türkmən, azərbaycan tərkibinə elə bölürlər, soydaşlarımızın ruhuna Stalin siyasəti yeridilmiş olur. Ola bilər ki, “Sovet dönəmində başqa cür danışmaq olumsuz idi” deyə etiraz edənlər olsun. Belədirsə, bilmək istəyirik, bu etirazların məntiqi nədir, nəyə qulluq edir?! Bəs onda Ulusal dayanıqlığımızı uçuranların yeri haradır?! Mübarizə aparmaq, doğruları topluma öyrətmək, bunun yolunda şəhid olmaq daha böyük qulluq, daha böyük şərəfdir. Yurdumuzu, Ulusumuzu düşünənlər varsa, qoy onlar bizə şərəfliləri sevdirsinlər.
…Kərkükü Türkiyədən “qorumağı”, ayırmağı, süni yiyəlik duyğusunu qabartmağı hansı gərəklik qaçılmazlığa çevirmişdi? Kərkükün taleyini Türkiyədən, Türklükdən ayırmaq onu yiyəsiz qoymaqdır. Antitürk qüvvələr, o sıradan SSRİ də elə bunu istəyirdi. Kərküklülərə qondarma münasibətin acı sonucunu bu gün onlar yaşayırlar, biz də qıraqdan izləyirik. Kərküklülərin həyatında Amerika-kürd vəhşilikləri son həddə çatıb.
Sovet dönəmində Kərkükü Türkiyədən “qoruyan” bizimkilər indi Türkiyədən onlara yardım umurlar!…
Anlamağımız gərəkdir, bizim nəyimiz varsa (o sıradan Füzulimiz, Nəsimimiz) Türkiyəyə, Türkiyənin nəyi varsa, bizə bağlıdır. “Azərbaycan türkün beyni və ürəyi, Türkiyə türkün qolu və kürəyi” (Asif Ata).
Kitabda ciddi yanlışlığa yol verilir. Yazarın axtarışları doğmalar arasında doğal bir fərqin olduğunu deməkdən çox, Türkiyə ilə Azərbaycanın arasında (guya) ögeyliyin olduğunu izah eləməyə yönəlib. Bu yanaşma çoxdankı qorxudur, – aydınlarımızın yanlışlığı ucbatından sabahımıza daşınır.
“6 il Dəclə-Fərat sahillərində” kitabı ayrı-ayrı çelişkili çalarlarının da olmasına baxmayaraq, bütövlükdə Qəzənfər Paşayevin içdənliyini, zəhmətini yaxşı ifadə etmişdir. Ancaq sonradan elə bil Q.Paşayev yorulur, çaşır, gərəksiz bir işə başlayır. Özünün dediyi kimi, 7 il üzərində işlədiyi “Nostradamusun möcüzəli aləmi” kitabını başa gətirir. Acınacaqlı haldır! Alim falçılıqdan elm düzəldir, aləmin gözünə kül üfürür. Bu sayaq elmi falçılıq “Danabaş kəndi” deyimini hələ də qüvvədə saxlayır. Azərbaycanda bir sıra başqa alimlərin bilim zəhmətləri də falçılığa işıq tutur.
Başqasının doğru baxışlarına işıq tutmaq idraklı hünərlə başa gələndə gözəl birlik alınır, bu birlik genel gəlişməyə (ümumi tərəqqiyə) qulluq edir. Başqasının baxışları üzərində tutuquşuluq eləmək əllaməçiliyə çevrilir, istedadsızlığı ört-basdır eləmək üçün oyunbazlıq yaradır. Alim bireysəl (fərdi) uğurlar əldə edə bilməyəndə çoxluğun bilərəkdən, ya da bilməyərəkdən fenomenləşdirdiyi, ideallaşdırdığı birisini öyməkdən özünə nüfuz, sayğı yaratmağa çalışır. Bizim Yurdumuzda yaradıcı sayılan bir çox adamlar başqalarının önəmsiz bir uğuruna heyrətlə yanaşırlar. Nostradamusu öyənlər də eləcə. Adam Yurdunda belə səviyyələr görəndə xəcalət çəkir. Nəyi sübut edirlər, nəylə öyünürlər, nəyə sevinirlər, nəyi sevirlər? – bəlli deyil. Bayağılıq, məchulluq, idraki kallıq, körpə naşılığı kimi təəccüblü bir səviyyə nümayiş etdirirlər – Yurdumuzun taleyini düşünməli olanlar.
Gəlin indi Qəzənfər Paşayevi heyrətləndirən səviyyənin hardan başlanğıc götürdüyünə baxaq:
“Nostradamusun iş üsulu belə olmuşdur. Axşamlar köməkçisi Jan de Şavinye ilə evin damındakı xəlvəti otağa çəkilərdilər. Mişel su ilə dolu tunc ləyəni otağın ortasında səma görünən yerdə qoyar, üstünə içində ətirli maddələr olan boşqab yerləşdirərdi. Bu maddələrə qurudulmuş çətənə və dəfnə yarpaqları qarışdırardı. Sonra onu alışdırar və oturanda çox çökən, yumşaq qoltuqlu kürsüsünə əyləşərdi. Çubuqla suyun üzünü dalğalandırardı. Tezliklə vəcdə gələrək tanınmaz hala düşər, real aləmdən uzaqlaşar, fövqəltəbii xüsusiyyətlər kəsb edər, özünün dediyi kimi, “indiki zamandan keçmişə və gələcəyə baş vurar”, əsrlərlə sonralar baş verəcək hadisələrdən danışardı”.

(“Nostradamusun möcüzəli aləmi” səh.19-20)

Ləyənlərdə, qazanlarda vəhy qaynayır, elm bişir, bizim də sorağımız yoxmuş. Molla İbrahimxəlil Kimyagərə min şükür!
Bu kitabı oxuyub həvəslənmək üçün gərək feodalizm təfəkküründə olasan.
Yuxunu, ruhun bədəndən ayrılıb keçmişə, gələcəyə baş vurmasını əsas götürən yazar Qurandan, tibb alimi Aleksis Karrelin söyləmələrindən alıntılar götürərək falçılığın “əsaslarını” möhkəmlətməyə çalışır. Özü də deyir:“Gələcəyi ilahi vergisi olanlardan başqa heç kim görə bilməz” (səh. 25).
Sonra kitabda Qurandan alıntı da oxuyuruq: “Göylərdə və yerlərdə (Allahdan qeyri) bir kimsənin onu (gələcəyi) bilməsi mümkün deyil”. Bu çelişkilərdən belə çıxır ki, Nostradamus Allahın işinə qarışmış, bir çox alın yazılarını oxumuşdur… Bir cəfəngiyyat o biri cəfəngiyyata qarşı danışmaqla cəfəngiyyatı yaşatmağa qulluq edir.
Başqa bir məqama baxaq:
“Əgər mən onların başına nə gələcəyini açıb göstərsəydim, böyük və qüdrətli hökmdarlar, məzhəb və din rəhbərləri gələcəyin onlara çox cüzi oxşarlığını, davranış, əxlaq və sairdə tam dəyişikliklər baş verəcəyini görərək gələcəkdə labüd olaraq baş verəcək, gələcək nəsillərin görə və anlaya biləcəyi hadisələri əsrlərlə öncə lənətləyərdilər… Bu isə gələcəyə zərbə olardı”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 30)

Həm hər şeyi bilir, deyir, həm də özü bilərəkdən anlaşılmaz (müəmmalı) deyir. Bu – oyundur, oyuna haqq qazandırmaqdır, bu, həqiqətə qarşı həqarətdir. Həyat necə də bəsitləşdirilir, adiləşdirilir, urvatsızlaşdırılır, proqramlaşdırılır! Bunların açıqlamalarında, inamlarında, təqdimatlarında insan nə eləyirsə, şüursuz eləyir, elədiyini qanmır. O, yalnız proqramda nəzərdə tutulanları yerinə yetirir. Nostradamus da ləyəndə suyun üzərindəki çubuq dalğalarının ritmləri ilə bu proqramları oxuyub köməkçisinin qələminə ötürür. (Necə deyərlər, “Molla Həmid, körüyü bas!”). Nostradamus necə də “humanist” imiş. Açıb proqramı olduğu kimi göstərmirmiş ki, adamlar gələcəyə lənət oxumasınlar. Görəsən Nostradamus proqramı (gələcəyin sirlərini) insanlara olduğu kimi öyrətsəymiş, adamlar bu proqramı dəyişməyə cəhd edərdilərmi, yəni başqa cür davranardılarmı? Davransaydılar, deməli, alın yazısını pozmuş olardılar. Yoxsa alın yazısını pozmağa qüdrətləri çatmazdımı?! Əgər çatmazdısa, onda təkbətək döyüşdə gözü çıxarılmış, bundan sonra ölmüş çağdaşı II Henrini niyə döyüşdən geri çağırırdı, niyə çağıra bilmədi?! Birdən Henri onu eşidib döyüşdən əl çəksəydi?! – Deməli, proqram (alın yazısı) pozulacaqdı. Yox, əgər pozmaq mümkün deyilsə, onda onun görümünün, çağırışının anlamı nədir? Əgər çağırırsa, deməli, olayın qabağını almaq istəyir. Bu isə dinin Allahla bağlı məntiqinə ziddir. Onda Allah Nostradamusu İblisin yardımçısı elan etməliydi ki. Onun yazdığı alın yazılarını oxuyan, pozan Nostradamusa başqa nə ad vermək olar?!
Bizim məqsədimiz Nostradamusu dinin açısından yalana çıxarmaq deyil. Bizim həqiqətə, eləcə də həqiqətsizliyə yanaşma ölçümüz Mütləqilikdir. Bu tutuşdurmaları isə ona görə aparırıq, yazar çox böyük həvəslə Nostradamusu Allahın qüdrətindən doğan möcüzə kimi qələmə verir. Onun tanıdığı Allah da dinin obrazlaşdırdığı Allahdır. Oyunlara yeni pərdələr çəkilir, faktlar toplanır: “Deməli, insanın öz gələcəyini bilməsi arzuolunmazdır. Rus çarı II Nikolay öz taleyini dəqiq bildiyindən iztirablı anlar keçirib. Elə iztirablı anlar ki, bunu yalnız ölümünə fitva verilmiş şəxsin, cəlladın gələcəyi ana qədər keçirdiyi iztirabla müqayisə etmək olar. Bütün bunları yaxşı bilən Nostradamus yuxarıda göstərdiyimiz kimi, gördüklərini dumanlı və müəmmalı şəkildə, poeziya dili ilə tapmacavari izah etmişdir”.

 (“Nostradamusun möcüzəli aləmi” səh. 31).

Çox qəribədir, deyilmi?! Nə üçün bunlar anlaşılmazlığı ölçü götürür, tapmacalara gərək duyurlar?! Tutaq ki, gərək var. Özləri bilər. Nə üçün öz gərəksiz istəklərini topluma sırımağa çalışırlar. Oyunlar yaradırlar, oyunları doğrulamağa yollar düşünürlər. Oyunu bəzəməklə guya (insanları düşünərək) humanistlik göstərilibdir. Oyuna humanistlik donu geydirmək köhnə dəbdir. Başqalarının “humanizmini” bizimkilər yamsılayıb yeni əda ilə şirinləşdirərək oxucuya sırıyırlar. Tez-tez “böyük görücü” ifadəsini iftixarla işlədən yazar, görünür, bunu türkcəmizin dilçilik baxımından “inkişafı” üçün kəşf etmişdir. Böyük xadim, böyük alim, böyük filosof… ifadələrini eşitmişdik. “Böyük falçı” sözünü də indi eşidirik.
Falçılığa güc verən başqa bir “sübuta” baxaq:“Deyirlər ki, Nyuton Nostradamusun işlətdiyi kodlar üzərində çox baş sındırıb, lakin onun sirrinin açarını tapa bilməyib”.

 (“Nostradamusun möcüzəli aləmi” səh. 33).

Çünkü Nostradamusun çubuqla dalğalandırdığı suda (ləyənin içində) elmi, riyazi metodlar işləmir. Nyuton Nostradamusun fəndlərini bilmək üçün alim-fizik yox, falçılıq “elminin” vurğunu olmalıydı – bizimkilər kimi.
“Burada diqqəti çəkən bir məsələ də vardır. Tədqiqatlardan görünür ki, Nyuton 45 yaşdan sonra demək olar ki, ciddi axtarışlarla məşğul olmayıb. Bizə qalırsa, bu da yaradanla bağlı məsələdir”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 34).

İnsanın olanaqlarını “Yaradan”ın əli ilə qısıtlayan (məhdudlaşdıran) yazar bu yandan falçılığı da, ilahi bir nemət olaraq,“Yaradan”ın adama bağışladığını sübut etməyə çalışır. Yaradanın “proqramını” öyməklə köhnə hava çalır. Köhnəlmiş deyimlərə yeni elmi nəfəs vermək niyyətiylə özünü yaradıcı kimi göstərmək çabaları çox gərəksiz çalışmalardır. Elmin qabaqcıl olanaqlarına ağlın gücü çatmayanda təxəyyülü fantaziyaların yanına göndərmək idraksızlığın gizlədilməsinə qulluq edir. İdraksızlığın boyaları, neqativləri çəkici görünə bilər, ancaq həqiqəti göstərə bilməz.
Bunlar harada gəldi insanı aşağılayırlar, bununla öyünürlər. Hünər sayırlar insanı olanaqsız göstərməyi, alət səviyyəsinə endirməyi. Baxın: “İnsan səmaya səpələnmiş ulduzlar və bürclər altında yaranır, ömür boyu planetlərin və bürclərin qarşısıalınmaz təsiri altında olur. Taleyi bu ulduzlar və bürclərlə müəyyən olunur”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 35).


İnsan bunların düşüncəsində bioloji səviyyədən yuxarı qalxmır, dərk olunmur. Heç nəyə qadir olmayan, ulduzlardan mərhəmət gözləməli olan insan… xülyalar boşluğu.
Yazar Edqar Keys adlı birisi haqqında yazır: “1909-cu ildən başlayaraq, 1945-ci ilin yanvarında dünyasını dəyişənə qədər, 14256 dəfə Nostradamus kimi özü-özünü cuşa gətirmiş, huşdan gedərək gələcəkdən danışmışdır”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 42).

Q.Paşayevin bu qəhrəmanı olayların adıyla, tarixi ilə görüşmək üçün 14256 dəfə huşsuzlaşır. Deməli, gələcəyə baxmaq üçün idraklı olmaq deyil, huşsuz olmaq gərəkmiş. Huşsuzluqdan başlayan yol uzaq gələcəyə aparırmış. Huşsuzlaşmaq – duyğuüstü (fövqəlduyğu), həyatüstü (fövqəlhəyat) olayı imiş. Bayılanda həqiqətin gerçək faktlarına yetmək olurmuş. Həqiqət hallüsinasiyalı sayıqlamalardan başqa bir şeylə kəşf edilə bilməzmiş. 21-ci yüzildə “rədd olsun elm, yaşasın falçılıq, ofsunçuluq, cadugərlik” demək gərəkmiş.
Bu tip adamlar toplumu avam, qanmaz görmək həsrətiylə yazıb-yaradırlar. Avamlarla təmasa girmək, onlara özünün qabiliyyətli olduğunu sübut etməyə çalışmaq miskin bir xudbinlik boşluğudur. Həqiqətlə dola bilmirlər, idraksızlıq danqıltıları salırlar.
“Edqar Keysin dedikləri arasında xüsusi yeri onun bəşəriyyətin inkişafı tarixində 1958-1998-ci illərin ikinci böyük inkişaf mərhələsi olacağını göstərməsi tutur. Doğrudan da, bu qırx il ərzində bəşəriyyət irəliyə doğru böyük addım atmış, indiyə qədər görünməmiş inkişaf mərhələsi yaşamışdır”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 43).

Bu da Edqar Keysin bayılmalarını mənalandırmaq cəhdidir. Onsuz da texnologiyaların gəlişməsi qaçılmazdır, gözün gördüyünü fantastik dillə bağırmağa gərək yoxdur. İkincisi, texnologiyaların gəlişməsi hələ toplumsal gəlişmə demək deyil. Bəşəriyyətin qabağa getməsi texnologiyalardan daha çox toplumsal gəlişməyə bağlıdır. Belə götürəndə bu gün də texnologiyaların gəlişməsi ilə bağlı aydın baxışlar söyləmək mümkündür. Bəşəriyyətin inkişafı məsələsinə gəldikdə isə əslində bəşəriyyət indiki qədər geriləməyə uğramayıb. Ekoloji, siyasi sarsıntılar həyatı təhlükə ilə üz-üzə gətirib. İqtisadi ağalıq, savaşlar, qırğınlar, bəşəriyyətin qədim abidələrinin sıradan çıxarılması, xalqlararası münasibətlərin yağılıq həddinə gətirilməsi i.a. bəşəriyyətin həyatına gətirilən uğursuzluqlardır.
Yazarın yorucu “fakt”larından birini kitabın 44-cü səhifəsində oxuyuruq: “1918-ci ildə anadan olan amerikalı bilici Cin 8 yaşında olanda təsadüfən qaraçı falçı onun əlinin cizgilərinə baxaraq: “Əldə belə cizgilərə yüz ildə bir dəfə rast gəlmək olar” deyir və əlavə edir ki, bu qız gələcəyin böyük bilicisi olacaq. Cinə büllur şar bağışlayır və xüsusi vurğulayır ki, Cin gələcəyi bu şarda görəcək. Cin Dikson sonralar gələcəyi doğrudan da bu şara baxaraq görüb”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 44).

Bu dərəcədə bayağı, bəsit düşüncə söyləmək sözün doğru anlamında adamın əl-ayağını yerdən üzür!… Yalnız heç bir kitab, qələm görməyən, bəsit bir yazını hecalaya-hecalaya oxuyan adam bu cür düşünə, danışa bilər. Kimsənin də onu qınamaq ağlına belə gəlməz. Bilim adamlarının isə belə cəfəng xülyaları bizdə çox ciddi üzücülük doğurur. Görünür, bu da Yaradanın bir zarafatıdır ki, bəşəriyyyətin gələcək həyatının sirlərini bir qaraçının şarına doldurub, bu şarın arxasında “dahi” bir falçı ecazı proqramlaşdırıb.
“1923-cü ildən dünya işığına həsrət qalan Vanqa, 1940-cı ildə yuxusunda görür ki, gözəl bir gənc atlı onlara gəldi. Paltarı bərq vuran bu atlı işıq saçırdı. Evin astanasından içəri girər-girməz qərib dedi: Yaxınlarda bütün dünya təlatümə gələcək. Saysız-hesabsız insanlar qırılacaq. Sən insanların taleyi və ölümünü biləcəksən. Qorxma, hər vaxt sənin yanında olacam. Sən insanlara mənim sözlərimi çatdıracaqsan”.

 (“Nostradamusun möcüzəli aləmi” səh. 46).


Bu səviyyədə danışanların sayı Azərbaycanda daha çoxdur. İndi çox adam ağ atlı, düz boylu oğlanlarla, qarasaqqallı, qaraçuxalı kişilərlə, ağsaqqalları sinələrində yorğan olan babalarla, tunellərin içərisində gur işıqlara doğru şütüyən xəyali qatarlarla ilişkidə olurlar.
Ancaq nədənsə ağ atlıların heç biri “yaxınlarda dünya gözəl olacaq” demir. Ağ atlılar dünyanı qaranlığa qərq edirlər, bunu görmək üçün xülyaçıların gözlərinə də işıq salırlar.
Yazıçı daha sonra Dumitri Duduman adlı görücüdən söz açır: “Dumitrinin açıqlamaları çoxdur. O, 1984-cü ildə Kaliforniyada məskunlaşan kimi, mələklər ona bir çox məlumatlar vermişdi. Onların arasında aşağıdakılar da vardı:
“Gün gələcək. Los Ancelos, Las Veqas, Nyu-York və başqa şəhərlərin sakinləri günahlarına görə yaradan tərəfindən cəzalandırılacaqlar. Onların günahları göylərə çatıb. Onları Babildəkilər kimi cəza gözləyir. Mələk onu da əlavə etdi ki, gün gələcək ABŞ əmin-amanlığa inanacaq. Bu vaxt ruslar onların nüvə silahları saxladıqları yerə nüvə silahı ilə hücum edərək ABŞ-ı yandıracaq, ABŞ-da dövlətə qarşı çıxacaqlar. ABŞ-ın başı öz daxili problemlərinə qarışacaq. Bu vaxt Çin, Yaponiya və başqa dövlətlər ruslara qarşı çıxacaqlar. Sonra rusları başçı seçəcəklər. Bundan sonra onlar İsrailə qarşı çıxacaqlar”.
1991-ci ildə Dumitri yazırdı: “Çoxları soruşurlar, bu nə vaxt baş verəcək? Amerika nə vaxt od tutub yanacaq? Mən Allaha yalvardım ki, mənə yardım et, məni insanların sorğularından azad et. Həmin gecə mələk gəldi və məni yuxudan oyatdı. “Bibliyanı oxu: Hosla 4:6 – 9 və 6:1 – 3… Amerikalılara de ki, yaradanın bir günü min ilə, min ili isə bir günə bərabərdir. Əgər onlar peşiman olaraq tövbə etsələr, Allaha pənah gətirsələr, 2-ci gündən (yəni eranın 2-ci minilliyi) 3-cü günə (eramızın) III minilliyinə keçiriləcək”.

 (“Nostradamusun möcüzəli aləmi” səh. 49).

Nə yazıqlar ki, bəşəriyyət min ildir bu nağıllara qulaq asır. 21-ci yüzilin alimi 1-ci yüzilin “mömini” kimi düşünür. Olsun. Axı dini yayanların gümanına görə, Mehdi Şərqdə “zühur” etməliydi. Bu kitabdan görünür ki, Mehdi eşşəyə Amerikada minib.
İndi Nostradamusun ayrı-ayrı katrenlərinə göz gəzdirək. Aydın görünür ki, özlərini Nostradamusşünas adlandıranlar ayrı-ayrı olayları bu katrenlərə zorla pərçimləyirlər. Sanki böyük elmi araşdırmalar prosesi gedir.
“Sehrli dəmir çubuğu cama salıb fırlayıram. Su ətrafa sıçradıqca əbamın ətəyi və ayağı islanır. Qorxudan çıxardığım səsdən əbamın enli qolları titrəyir.
İlahi əzəməti canıma vəlvələ salır.
Deməli, İlahi yaxındadır, dayağımdır”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 75).

Əcəb işdir, Nostradamusun tutması tutanda ilahi onun yanına merac edirmiş…
“Ədavət, qərəz və daxili düşmənçiliyə görə Krala qarşı böyük sui-qəsd hazırlayacaqlar. Xəbər tutub təhlükəli düşmənləri gizli olaraq müəyyən edəcəklər.
Güc strukturları kralın düşmənlərinə qarşı duracaqlar”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 82).

Aydındır ki, yüz illər boyu hakimiyyət çəkişməsi gedir. Saraylarda gedən proseslər, çəkişmələr tarixə çevrilib tarixdən də bilinir, zamanında Sarayın genel əhvalından da.
Bugünümüzdə də oxşar proseslər gedir. Hərə bir yana çəkir, yeri düşəndə sui-qəsd hazırlanır. Heç bir hökmdar sui-qəsddən sığortalanmayıb. Onun qazancı, eyş-işrəti hər kəsi tamahlandırır, fürsət düşəndə həmin üstünlüyü ələ keçirməyə can atırlar. Güc strukturlarını əsasən hökmdarların öz adamları (tayfaları) nəzarətə götürürlər, öz yerlərini əldə saxlamaq üçün hökmdarlarını qorumalı olurlar. Onların başqa çıxarları olanda satıla da bilirlər. Bunu isə gediş özü göstərir. Beləliklə, tarixdəki oxşar olayları bugündə dilə gətirmək, sabah da belə bir gedişin olacağını bəyan eləmək peyğəmbərlik deyil. Bu gün də ibtidai münasibətlərdən üstün olan axtarışlar davam edir,olayları araşdırıb bəlli dəqiqliklərlə qiymətləndirmələr var. Ağıllı adamlar olayların gedişindən asılı olaraq, durumu qiymətləndirə bilirlər. O ki qaldı yüz illər sonra doğulacaq uşağın işini söyləmək, – deməliyik ki, bu, Şeyx Nəsrullahın ölünü diriltməsini “gözləri ilə görənlərin” mülahizələri kimi bir şeydir.
Falçılıq assosiasiyalarını öz xalqına yeritməkdə də bizim oxumuşlar öndə gedirlər. Fransa üçün cadudan din, cadugərdən peyğəmbər quraşdıran geriçilər, əgər az da olsa yaradıcılıq hünəriniz varsa, onu öz Yurdunuzda işə keçirin. Hər cür oyunu, yalanı rədd eləyin, xalqınızın uca dəyərlərini onun yaşam ölçüsünə qaytarın.
“Uzaqgörənlik” oyunlarının başqa bir bəndində deyilir:
“Kölə halına salınmış xalqdan mahnılar, mətnlər tələb edirlər. Şahzadələr və zadəganlar zindana atılıblar. (Gələcəkdə başsız başlar bütün bunları – bu tələbləri ilahi səda kimi qəbul edəcəklər”.

 (“Nostradamusun möcüzəli aləmi” səh. 83).

Gələcəyin sorağına baxın. Bunun içindən Fransa inqilabı, Böyük Oktyabr inqilabı çıxarırlar. Napoleonun, Robespyerin, Leninin, Stalinin adlarını çəkməklə bu katreni həqiqət biçiminə salmağa çalışıblar.
Başqalarının oyunları isə boyunduruğun yaratdığı avamlığı qidalandırır. Bəziləri dəridən-qabıqdan çıxır ki, elm başlanğıcını Qurandan götürür. Məsələn, Mendeleyevin dövri sistem cədvəli, Nyutonun qanunları… Quran ayələrindən çıxarılıbmış (bax: “Mühakimə” qəzeti, 21 iyun 2007, N22).
Nostradamusun katrenlərindən də azərbaycanlıların başına doğramaq üçün soğan çıxarırlar.

“Göründüyü kimi, Nostradamus gələcəkdə baş verəcək mühüm tarixi hadisələrin vaxtını dəqiq hesablaya bilirmiş. Lakin oğlu Sezara və Fransa kralı II Henriyə yazdığı məktubda göstərdiyi kimi, faktı dəqiq ona görə verməyib ki, bununla bəşəriyyətə zərbə vurmuş olardı. Böyük görücü bu məqamla əlaqədar xüsusi qeyd edir ki, insanlar başlarına nələr gələcəyini və onun vaxtını bilsələr, onların həyatı bir məşəqqətə bənzəyər”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 93-94).

Bu mülahizə katrenlərdə də, yazıçının öz izahlarında da bir neçə yol təkrar olunur. Burada əcayib bir minnətlə danışılır. Bu, insanlığa qarşı çox kobud bir istehzadır. İnsanı şüurlu mexanizm sayırlar. Dünyanın mövcud halı, qırğınlar, qarətlər, yaramazlıqlar təbii qəbul olunur. Bunların heç birinin qarşısını almaq mümkün deyil. Elə-belə də olmalıymış. Yaradıcılıq-filan hamısı oyundur. Vicdan, dostluq, Həqiqətə sevgi hamısı oyunmuş. Heç nə insanın özünün deyil. Onun ağlı, düşüncəsi, gələcək fəaliyyəti hamısı plana salınıb, proqramlaşdırılıb. İnsan heç nəyi dəyişdirməyə qadir deyil. Həyat yeknəsək, məzmunsuz bir qəlib imiş. Allahın işi-gücü proqram tərtib eləməkdən oluşurmuş. Nostradamus da Allahın planlarından, proqramlarından xəbər tuta bilirmiş. Suyu dalğalandırıb huşdan gedir, ruhu canından qopub Allahın yüz illər sonrakı proqramının “d” bəndinə yaxınlaşır, onu oxuyub qayıdır. İnsanlara soraq verir ki, mən sizin həyatınızın proqramda nəzərdə tutulduğu durumunu bilirəm. Ancaq alicənablıq edib demirəm ki, kefiniz pozulmasın. Elə-belə qapalı deyirəm ki, biləsiniz mən dahilər dahisiyəm. XX, XXI yüzillərdə sizin gələcək soylarınızın ağzının suyunu axıdacam, onları sərçə heyrəti səviyyəsinə “yüksəldəcəm”.
Din deyir insanlar İblisin etkisinə düşüb şər işlər görürlər. Həm də deyir, taleni öncədən Allah proqramlaşdırıb (fatalizm). Yəni “yazıdan” qaçmaq mümkün deyil. Deyilsə, bəs İblisin etkisi (insanları şər işlərə təhrik eləməsi) nə deməkdir?! Ancaq deyəsən yeni sivilizasiya insanların taleyinə etkini də yeniləşdirmək tələb edir. Allah insanlara artıq mələkləri araçılığı ilə deyil, ulduzlar, planetlər araçılığıyla etki göstərir.
“Tədqiqatçılar göstərirlər ki, bir çox bəlalar, çaxnaşmalar, müharibələr və müharibə ilə bağlı zillətlər bu planetlərlə bağlıdır…”.

 (“Nostradamusun möcüzəli aləmi” səh. 113).

Şərin fitnəsi kainatın mayasındaymış. Planetlər insanları qana, qırğına şirnikdirir, yönəldir. Saturn, Mars İblisin əkiz qardaşları imiş. İnsanın ağlı, iradəsi bir heçmiş. Onun iradəsi yönətilən mexanizm imiş.
Onda dünyada insanı əməlinə görə tutuqlamaq yersizdir. Cinayəti insan törətmir, o “qıraqdan” buna zorlanır, onun ömrünün proqramına cinayət əməli salınıb. O istəsə də, bundan qaça bilmir. Bəlli el məsəli: “eşşəyə gücü çatmır, palanı toqqaşdayır”. Saturna, Marsa gücü çatmır, həbsxanalar qurulur…
Günəşin, planetlərin təbiətə, iqlimə bəlli qarşılıqlı etkiləri olur söz yox. Ancaq “bunlar insanın ağlını, iradəsini əlindən alır” məntiqi yaratmaq çox aşağı səviyyədir. Bu məntiq falçılıqdan başqa heç nəyə uyğun deyil. Əslində fəlakətlər (mənəvi pozuntular) insanın idarə olunması ilə deyil, heyvana əyilməsi ilə başa gəlir.
“Qeyd etməyə dəyər ki, keçmiş sovet məkanından başqa, dünyanın hər hansı bir yerində əlamətdar, diqqət çəkən bir hadisə baş verən kimi, tədqiqatçılar Nostradamusun həmin hadisə barədə nə dediyini araşdırırlar”.

 (“Nostradamusun möcüzəli aləmi” səh. 137).

Deməli, olay baş verəndən sonra yozumçular Nostradamusun sözlərini canlandırırlar, “mənalandırırlar”. Əslində heç bir konkretliyi olmayan cümlələri yozumçular olaylara bağlamaqla “fenomen” yaradırlar. Hay-küy doğuracaq hər hansı bir dəqiqliyə katrenlər boyu rast gəlinmir. Həyatda bəs qədər oxşar olaylar var. Bu olayların biri haqqında qapalı, müəmmalı, lap nisbətən aydın elə hiperbolik cümlələr yazırlar ki, onun xəyali əyrisini tutub sabahkı olayların oxşarının yanında görünürlər.
Adamlar həyatı məna üstə yaşamırlar, onu xülya üstə yozurlar. Bu səbəbdən də həyat ən çox oyuna bənzəyir. Həyatı səhnəyə çevirirlər. Orada hərə bir cür oynayır.
Ali həyat dərk olunmayanda, ali yaşanılmayanda hər şey – bütün münasibətlər yozulur. Bu yozumlardan siyasət törəyir. Siyasət həyata yuxu gətirir. Ayıq münasibət olmur, hər kəs yuxulu olur.
“Ağac sütunlar möhkəm titrəyəndə
Cənub küləyi canın qurtaracaq.
Vyana və Avstriya tir-tir əsəcək”.
Bu katreni yazıçı aşağıdakı kimi yorumlayır: “Bu katren də tədqiqatçılar üçün bir müəmma olaraq qalır. Əksər tədqiqatçılar bu katrenin gələcəkdə baş verəcəyini söyləyirlər.
Lakin inanmaq olmur ki, qırmızı rəngə boyanan ağac sütunlara XXI əsrdə – özü də Vyanada rast gəlmək mümkün olacaq.
Çox güman ki, söhbət Avstriyanın cənub-şərqində olan Türkiyədən gedir. Osmanlı imperiyası iki dəfə Avstriyanı almağa cəhd etmişdir. İkinci dəfə bu, 1683-cü ildə olmuşdur. Katrenin 1-ci və 2-ci sətirlərində söhbət çoxyaruslu türk hərb gəmilərinin səs salan, ətrafdakıları lərzəyə gətirən avarlarından gedə bilər.
Nostradamusun yaradıcılığına qırx ildən artıq ömür həsr edən, milliyyətcə İtaliyalı olub fransız təbəəliyini qəbul etmiş, ingilis qadını ilə ailə həyatı quran David Ovason isə heç bir əsas olmadan katrenin Fransa inqilabı zamanı Dr.Gilyotinin (Guillotin) 1789-cu ildə icad etdiyi və 15 aprel 1792-ci ildə bir cinayətkar üzərində təcrübədən keçirilən başkəsən maşından bəhs etdiyini qeyd edir…
Erika Çitəm isə göstərir ki, katren Avstriya və orada baş verən inqilabi hərəkatla bağlıdır. İnqilabi dəyişikliklər nəticəsində istibdad üsul-idarəsinə son qoyuldu. Tədqiqatçı göstərir ki, Türkiyə və Balkan dövlətləri bu vaxt Avstriyanı çox narahat edirdi”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 139-140).

Çox qəribədir, deyilmi?! Bu qədər çək-çevirin, başağrıtmanın anlamı nəymiş?! Belə şeylərə ağıl işlətmək doğrudanmı elmdir, bu doğrudanmı gərəklidir?! Bunun gərəyi nədədir?! Bəşər tarixinin ayrı-ayrı dövrlərini dörd sətirlik bir katrenin içinə yığmaqla nə dəyişilir, nə baş verir, hansı uğur əldə olunur görəsən?! Nostradamusu dahi, peyğəmbər elan eləməkdən ötrü min illik bəşər tarixini cızma-qaraya çevirməyin adı nəymiş?! Burada fəlakətlər dərk olunmaqdan çox uzaqdır. Fəlakətləri məzhəkəyə çevirirlər. “Nostradamus filan şeyi də deyib, filan olay da onun katrenində aydın göstərilib” çabaları ilə sadə insanların ağızlarına saqqız atanlar süni şəkildə Nostradamus erası icad edirlər – heç kimə gərək olmayan.
Nə yazıqlar ki, XX, XXI yüzillərdə idrak inkişaf etməliykən, qeyri-ciddilik aləmi bürüyür. Yozumçuluq, falçılıq bəzən elmləri kölgədə qoyur.
Toplumsal həyatda pirlər, seyidlər, falçılar, yozumçular bir-birinə qarışıb. Çünkü toplumsal həyatda bilimin etki (elmin təsir) yeri boşdur. Bilim pulçuların əlindədir – onlar bilimi özlərinin həyat ortamları üçün işlədirlər, varidat əldə etmək üçün qullanırlar elə bil. Bilim ortamı ilə gerilik ortamı arasında anlaşma var sanki. Nə “elm sahibləri” onların işinə qarışırlar, nə də gerilik ortamının kefli yönəticiləri (cəhalət mühitinin sərxoş idarəçiləri) “elm sahiblərinin” işlərinə. Pulçu bilimin köməyi ilə qazanır, başqa cəbhə isə geriliyi yaymaqla. Bunların biryerdəliyindən də hibrid bir toplum əmələ gəlir…
“Port selində (İstanbul) müstəbid (tiran) ölümə məhkum edilib.
Bununla belə, azadlıq hələ hər yerdə bərqərar olmayıb.
Yeni Mars (müharibə Allahı) intiqam alacaq, hamı əsəcək.
Qorxu hissini dəf edərək xanıma təzim etməyəcəklər”.
Bu katrenə kitabın yazarı öz yozumunu aşağıdakı kimi vurğulayır: “Qərb tədqiqatçılarının da göstərdiyi kimi, Türkiyə Respublikasının banisi və ilk prezidenti (1923-1938) Atatürk Türk dünyası qarşısında ölçüyəgəlməz xidmətləri olan bir şəxsiyyət olmuşdur ki, bütün böyük şəxsiyyətlərdən söz açan Mişel Nostradamus bunu görməyə bilməzdi”.

 (“Nostradamusun möcüzəli aləmi” səh. 150).

Yazıçı özünün naşı inamı ilə üzdən dərin türksevər kimi görünür. Bilmək gərəkdir, Atatürkün qüdrəti zamanüstü olaydır. O, heç bir planda, proqramda yox idi. Bu səbəbdən də Mişel Nostradamusun gələcəyə uçan ruhu zamanın içində Atatürkü tapa bilməzdi.
Yozumçular çox vaxt katrenlərdə bütün sətirləri eyni dövrə bağlaya bilmirlər. Sətrin biri tutaq ki, Fransa olayları ilə bağlaşdırılır, başqa sətirə uyğun bir şey tapa bilmirlər, olayı Amerikada axtarmalı olurlar. Özü də az qala yüz, iki yüz il fərqlərlə. Məsələn, 1 k 100 (səh. 154).
Tarixi olayları elə çılpaqlığıyla sadalayırlar ki, katreni oxuyan ordakı cümlələrin fərqinə varmır, olayların özünə olan maraq onu faktlarla ünsiyyətdə azdırır. Nə yazıqlar ki, faktlar burada tarixi bilgi kimi deyil, hipnoz aracı kimi çıxış edir.
“Arıq hökmdarın hakimiyyəti 9 il əmin-amanlıqla keçəcək.
Sonra onda qan tökməyə şiddətli hərislik baş qaldıracaq.
Qanunsuzluq və inamsızlıq ucbatından böyük xalq məhv olacaq.
O, özündən daha çox tanınmış şəxs tərəfindən öldürüləcək”.
Gəlin bunun izahına diqqət yetirək, görək hansı olayları buraya yamaq vururlar.
“Bizə qalırsa, bu katren bizim zəmanəmizdən bəhs edir. Katreni eyni ilə Rusiyanın prezidenti Putinə və eləcə də ABŞ-ın prezidenti C.Buşa aid etmək olar. Onların hər ikisi arıqdır…
Bu baxımdan XV əsr rus görücüsü Nemçinin fikirləri maraq doğurur. Nemçin göstərir ki, Rusiyada iğtişaş dövrü olacaq. Bu vaxt ölkəyə titan (nəhəng) və ya ayı rəhbərlik edəcəkdir. Huşsuzluq (unutqanlıq, yaddaşsızlıq) onun yol yoldaşı olacaq. Elə hey səhvlər buraxacaq. Titandan sonra hakimiyyətə bəstəboylu, cılız və “qara üzlü” adam gələcəkdir”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 163).

Yazıçı sanki böyük bir elmi ixtira ortaya qoyur. Qəribə iftixar hissi ilə dolur. Öz qənaətlərini doğrultmaq üçün Nemçini irəli çəkir, onun sözlərinə təsdiq kimi söykənir. Nemçinin “qara üzlü” adam deyimini də loru bir anlayış kimi şərh edir – keçmişdə kəşfiyyatçı casusların bu cür adlanmasını əsas götürür. Halbuki Putin sarı deyil, qarabəniz olsaydı, yazıçı sevinc içində bəyan edərdi ki, görücünün dediyi yüzdə yüz yerini alıb. Ancaq harda hansı söz uyğun gəlmirsə, dərhal ona məcaz donu geydirir, görücünü “xilas edirlər”. Qoymurlar görücü yanlış çıxsın.
Zamanın üzqaralığı görücülərin xoşbəxtliyidir. Zaman mənəvi, idraki gəlişmə baxımından ən çox yerində sayır. Əski çağların uca mənəviyyat, düşüncə adamları bugünün mənəvi-idraki halında öz əksini tapmır. Ancaq ibtidai təsəvvürlərlə çıxış edənlərin düşüncələri çox hallarda bugünün ağlıyla səsləşir. Bu da o deməkdir ki, zaman psixologiyası dairə cızır. Dairənin cızqısı bir nöqtədən başlayıb yenə o nöqtəyə qayıdır. Zamanın bu cür dairə cızması onun üzqaralığıdır. Yuxarıda qeyd elədiyimiz kimi, bu dairədə daim gündəliyə gətirilənlər özlərini xoşbəxt saya bilərlər. Ancaq biz arzulamırıq, kimlərsə zamanın üz qaralığının aktuallaşdırdığı səviyyələrə söykənsin.
Sayğılı oxucular, nə qədər ağır, yorucu olsa da, bu səfeh qarmaqarışıqlıqlara uyan (aludə olan) oyunçumuzun uzun illər çəkdiyi zəhmətin hədər getdiyini axıra qədər çözək, bu cür mənasız çabalarla enerjilərini küləyə verənlərə dur deyək.
“Romalıların uzaqda olmağından və əcnəbilərin ucbatından,
Onların əzəmətli şəhəri su çatışmazlığından çox bədbəxtliklərə düçar olacaq.
Qızın əlindən bütün var-dövlət çıxacaq.
Başçı tutulacaq, qəsr isə talan olunacaq”.

Bu qənbərqulu cümlələrə bizim yazarın heyranlığına baxın:
“Katrendə kimdən, nədən, hansı dövlətdən bəhs olunduğunu demək çətindir. Nostradamusun sirri də elə bundadır. Hadisə baş verənə qədər böyük görücünün kodlaşdırılmış katrenlərini açmaq, həqiqəti üzə çıxarmaq qaranlıqda iynə axtarmaq kimi bir şeydir”.

 (“Nostradamusun möcüzəli aləmi” səh. 201).

“Bu quş dilidir, – onu Süleyman bilir ancaq” demək gərəkdir.
Naşı inamın hüdudları genişləndikcə, oxucunun həvəsini yoruculuq, üzücülük izləyir. Görünür, bu da yeni “kəşfdir”. Bir adamın söylədiklərini heç kim qanmırsa, deməli, o, dahidir, böyükdür.
Nostradamusun araşdırmaçıları oturub gözləyirlər ki, olay baş versin, onlar da sevincək araşdırmalara başlasınlar, – deyilmiş katreni olaya pərçimləsinlər.
“Şərqdə böyük səs-küy olacaq, qırğınlar baş verəcək, göydən yerə alov püskürəcək; Avropa titrəyəcək, sonra sakitləşəcək, kral qaçacaq, yolunun üstündə çoxlu tikanlar olacaq…” (parodiyalar bizimdir – S.A).
Yozumlar: “Səddamı edam etdilər, Amerika yeraltı bazalara raket zərbələri endirdi; Hitler Avropanı lərzəyə saldı, sonra hər şey arxada qaldı. Avropa ittifaqı yarandı; Kral sui-qəsdi başa düşüb gecəyarı qaçdı, tikanlı məftillərin altından keçdi”… (parodiyalar bizimdir – S.A).
Bir nəfər sehrli çubuğu ilə bəşəriyyətin hərb tarixini dürtmələyir. Adam belə şeylər oxuduqca dünya gözündə cizgi filminə bənzəyir. Necə asanmış dünyanın falına baxmaq! Necə də dünya boş, mənasız göstərilir! Yumurta qabığının arxasında olaylar baş verir. Bu yanda dayanıb kralların, müstəbidlərin saray söhbətlərini eşidirsən. Yüzillər məsum yuxu kimi gözlərimizə qonur. Yüz ilin həyat sistemi bir anın içində təhnəyə dolur, burum-burum tüstülərlə havaya qalxıb möhtəşəm eskizlərə çevrilir. Hər şey bir anın içində həndəsi fiqurlar kimi fəzada öz yerini tutur, sonra Nostradamusşünasların ixtiyarına buraxılır. Fiqurlaşan dünya, sxemləşən gələcək kod-kod açılır, neçə-neçə adamlar heyrətdən dana kimi gözünü döyməyə başlayır. 20-ci yüzilin elmi uğurları “peyğəmbər kəlamının” yanında çox cılız, sönük görünür…
“Baş verəcək hadisələri səma cisimlərinin düzülüş qanununa əsasən bilmək olur. Bunlar insanın cəhdi, vəcdə gəlməsi və ən başlıcası yaradanın iradəsi ilə bağlı məsələlərdir. Əbədiliyə qarışan axın bu iradə ilə idarə olunur. Keçmiş də, Gələcək də axıb bir araya gəlir, qovuşur və aşkar olur”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 359).

Gəl indi bu kimyəvi cümlələrdən baş çıxart, görüm necə çıxarırsan. Adam söz deyəndə, düşüncə yürüdəndə onun məsuliyyətini yaşamırsa, fantastik müddəalarla kimyagər rolu oynayır.
“Kahin əlini krala toxunduracaq,
Gəlib İtaliyada sülh naminə ibadət edəcək.
Hökmranlıq əsası (skipetr) sol ələ keçəcək.
Bu kraldan dünyaya sülhsevər hökmdar gələcək”.
Dalınca yazıçı öz yozumunu sunur:
“Bizə qalırsa, bu katren Roma papası II İohan Pavelin Azərbaycana səfəri (22.05 – 23.05.2002), prezident Heydər Əliyev və oğlu İlham Əliyevlə bağlıdır…
Onu da deyək ki, Roma papasının bir xristian ölkəsinə səfəri böyük hadisə kimi Nostradamusun diqqətini cəlb etməyə bilərdi. Lakin qədim zamanlardan ərazisində yəhudilərin əmin-amanlıqla, toplum halda yaşadığı, dünyaya neçə-neçə görkəmli yəhudi musiqiçisi, alim və s. töhvə etmiş Azərbaycan, milliyyətcə yəhudi olan görücünün diqqətini çəkməyə bilməzdi”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 362-363).


Bu nə pis dilənçilikdir! Yazıçı falçıdan Azərbaycana diqqət umur. Sən demə, Nostradamusun səxavətindən Azərbaycana da pay düşübmüş.
Bu yaxınlarda Azərbaycanın televiziya kanallarının birində (Lider tv) bu kitabın yazarı müsahibə verirdi. Ona Asif Atanın insana baxışı ilə bağlı sual verirlər. O da bu suala cavab vermək yerinə başqa şey danışır. Deyir ki, o, Asif Ata yox, Asif Əfəndiyevdir. Halbuki bu cür bilimlə uğraşmalı olan adamların milli qeyrəti, normal idraki səviyyəsi olsaydı, Asif Əfəndiyevə nəinki “Asif Ata” deyər, Onun yaratdığı Dünyabaxışdan yapışıb, bu xalqı bəşəriyyətə ciddi təqdim edə bilərdilər. Bunun yerində insanlığa heç bir özgünlüyü, gərəyi olmayan falçını elədən-belə sürüyüb topluma sırıyırlar…
Gəlin, “fövqəlduyğularla” tanışlığı davam edək:
“Peyğəmbərlik ruhuna uyğun olaraq
Günəş və Veneranın qanunu çəkişmədədir.
Nə o, nə də bu ümumi razılığa gəlməyəcək.
Böyük Xilaskarın Qanunu Günəş tərəfindən qorunacaq”.
İndi bu cümlələrə yazıçının gətirdiyi yorumla tanış olaq:
“Tədqiqatçılar haqlı olaraq bu katrendə İslam, Xristian və s. dinlərdən bəhs olunduğunu qeyd etməklə məqbul sayılması çətin olan mülahizələr də irəli sürmüşlər. Bəzi tədqiqatçılar göstərirlər ki, 2-ci sətirdə söhbət xristian (Günəş) və islam (Venera) dinlərinin mübarizəsindən gedir. Və guya axırda xristian dini qalib gələcək və dünya xalqlarının ümumi dininə çevriləcək. 4-cü sətirdə yer alan “Böyük xilaskar” İsa peyğəmbərə işarədir.

(“Nostradamusun möcüzəli aləmi” səh. 387-388).

Yorumçu şüuraltı bu deyilənlərlə razılaşır. Razılaşmadığını hansısa düşüncə ilə əsaslandırmır. Sadəcə mülahizələrə açıq qoşula bilmir, çünkü müsəlmanlardan qorxur. “Guya” sözcüyünü işlətməklə özünü müsəlmanların “satılmış” adlandırmalarından sığortalayır.
O ki qaldı Nostradamusun bu katrenini yozumçuların dinlərə özgün eləməsinə, burada qeyri-adi bir şey yoxdur. Onsuz da dinlər Nostradamusun doğulmasından çox-çox öncələrdən bir-biriylə döyüşürdülər. Xristianlığın qələbəsi məsələsinə gəlincə – hər kəs bilir ki, bu gün dinlər siyasətaltı olaylardır. Daha doğru desək, siyasətin alətləridir. Siyasi çəkişmədə isə Xristian sayılan dövlətlər İslamı qəbul etmiş dövlətlərə hegemonluq edirlər. Bunu yazıçı görür, ancaq boynuna almağa (etiraf etməyə) cəsarət eləmir. Ümumilikdə isə gələcəkdə hansısa dinin qalib olacağı yanlış deyimdir. Bizə görə, dinlər ortadan qalxacaq, onların yerini İnam tutacaq. Başqa cür bəşəriyyətin gələcəyindən danışmaq olumsuzdur…
“Böyük dünyanın mərkəzində qızılgül,
Yeni əməllər naminə hamının gözü qabağında qan axıdılacaq”.
Yazıçının yozumu: “Məlumdur ki, qızılgül sükut rəmzidir. Bundan istifadə edən Qərb tədqiqatçıları bu katreni Şərq Sufizmi və onun nümayəndələri Mexer Baba, Svami Prabxupada və başqaları ilə bağlayırlar. Lakin 2-ci və 3-cü sətirlərdən göründüyü kimi, burada “qızılgül” məcazi mənadan daha çox, həqiqi məna ifadə edir və həm də bu məqamda bu sözü Nostradamus istehza ilə işlədir”…

(“Nostradamusun möcüzəli aləmi” səh. 413-414).

Yazıçı Nostradamusun halını öncə təsvir edərkən vurğulayır ki, “tezliklə vəcdə gələrək tanınmaz hala düşər, real aləmdən uzaqlaşar, fövqəlbəşəri xüsusiyyətlər kəsb edər”.
Maraqlıdır, bu əhvalda olan adam necə istehza edə bilər?!
Buna bənzər ziddiyyətli söyləmələri Nostradamusun öz izahından oxuyuruq: “Mən indiki zamandan keçmişə və gələcəyə baş vuraraq katrenlərdə təsvir etdiyim, gələcəkdə bütün ölkələrdə baş verəcək hadisələrin vaxtını dəqiqliklə hesablamışam. Lakin həqiqəti taxt-tac sahibi olanlardan gizlətmişəm”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 697).

Kitabda bir neçə dəfə vurğulanır ki, qeyri-adi əhvala düşəndən sonra olayları görüb köməkçisinə diktə edib. Burada isə deyir ki, olayların vaxtını dəqiq hesablamışam. Axı hesablama ağıllı-başlı əhval tələb edən, oturub ciddi düşünməklə başa gələn prosesdir. Bəs necə olub, – öncə vəcdə gəlib, olayı görüb. Sonra anın da ölçüyəgəlməz bir hissəsində vəcdli haldan çıxıb, gördüklərini hesablayıb, sətiraltına salıb, kodlara çevirib?! Bu sürət bilgisayarın imkanlarından da üstün görünür. Bəs nə əcəb bilgisayarın Nostradamusun vəcdindən törədiyini yazmırlar?!
Bu kitabda hər bir cümlə beşbaşlı görünür. Baş da çox olanda məzmun itir, dibi görünməyən qaranlıqda “həqiqət” axtaranların ağıllarını qarabasmalar təhdid edir.
Bir-birini inkar edən sayıqlamalar kitabda yetərincə yer tutur.
“Mən ilahidən gələnləri kağız üzərinə köçürürəm. Bu həqiqət mənə planetlərin hərəkəti və ulduzların sayrışması ilə aşkar olub…
Bu yandan da fikirləşdim ki, təhlükə barədə gələcək nəsillərə məlumat verilməsə, nəticə daha ağır olar”.

 (“Nostradamusun möcüzəli aləmi” səh. 704).

Bunlar açıq-aşkar hoqqabazlıq edirlər, utanmırlar. Axı gələcəyə hansı dəqiq bilgilər verilib, hansı olayın tam, ya da qismən qarşısı alınıb?! Məgər olay olub qurtarandan sonra katrenlərə pərçimləmirlər?! Bu kitabın yazarı dönə-dönə vurğulamır ki, olay baş vermədən onun katrenlərini yorumlamaq heç bir araşdırıcıya qismət olmayıb?!
Heç bir danışıqda, deyilişdə içdənlik (səmimiyyət) görünmür, vicdanlı davranış özünü göstərmir. Dünəndən bugünə ötürülən xülyaların heç biri dirəniş görmür. Qaranlıq zamanın gözünə elə sarılır ki, toplum bütünlüklə yuxulu davranır.
“İnsan görücülük qabiliyyətini əzəli və əbədi Tanrının mərhəməti, iradəsi və onun mələklərinin köməyi ilə əldə edir. Yalnız Yaradanın mərhəməti uzaq cisimləri və uzaq gələcəyi dərk etməyə imkan yaradır. Çünki Tanrının iradəsi xaricində heç nə baş vermir. Yaranmışların qəlbinə günah və rəzalətlər yol tapana qədər tanrının öz bəndələrinə mərhəməti sonsuz olur…
Ümumiyyətlə, gözəl vəhylər ilahinin iradəsi ilə, bəşəri əməllər mələklərin iradəsi ilə, rəzil işlər isə şeytanların iradəsi ilə baş verir”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 706).

Toplumun mövhumatçılıq səviyyəsinə uyğun danışılır. Özünün guya peyğəmbər olduğu sırınır: – ilahi vəhylər, mələklərlə “iş birliyi”, Tanrı ilə ünsiyyət – yalanlar seriyası! Yalan danışmaq ilkin xətadır, yalan danışanda utanmamaq böyük xətadır. Ən böyük fəlakətlər adamın utanmaq duyğusunu itirməsindən sonra başlayır. Həqiqətə xəyanətdən utanmayanın ömrü yalanlarla dolur.
Mövcud dünyabaxışın aşıladığı düşüncələri olduğu kimi təkrar eləməklə yeni peyğəmbərlik həvəsinə düşmək əllaməçilikdən başqa bir şey deyil. Diqqət yetirin, dalbadal bir-birini inkar edən iki cümlə işlənir: – “Çünki Tanrının iradəsindən kənarda heç nə baş vermir”. Başqa bir cümlə: “Yaranmışların qəlbinə günah və rəzalət Yol tapana qədər”… – bəs bu necə yol tapır – əgər tanrının iradəsindən qıraqda heç nə baş vermirsə?! Ya da“gözəl vəhylər İlahinin iradəsi ilə, rəzil işlər şeytanların iradəsi ilə baş verir”. Düşüncəyə, bilimə ayıb gətirəcək ziddiyyətlər! Həm Tanrının iradəsindən başqa iradə yoxdur, yaranmışlar da yalnız bu iradəylə mövcud olub yaşayırlar, həm də mələk, şeytan iradəsi də var, bunlar yaranmışlara etki göstərirlər. Ayıbdır, insanın idrakına istehza eləmək olmaz. Nostradamus öz falçılığını peyğəmbər əməli kimi sırımağa çalışır. Görünür ki, Nostradamus təbəbətdə ciddi uğurlar əldə edə bilməyib. Təbabəti öyrənən elmlər belə xülyalara yol açmaz. Kitabda idraksızlığın dalınca mənəviyyatsızlığa meydan verilir. Bu da bir ənənədir, – Allahın adını çox çək, hər şeyi onun iradəsinə bağla (hələ demirik ki, Allahın iradəsi nə deməkdir?), özünü nə qədər istəyirsən uydur. Burada məsuliyyət yada düşmür. Əsas odur ki, toplumun xoflandığı, həyat baxışı üçün ehkama çevirdiyi adamaoxşar Allah obrazını qabağa ver. Onda sənin qopardığın tozanağı toplum İlahinin nuru kimi qəbul edəcək. Heç kim ona idrakın gözüylə baxmayacaq, özünü Allahın adı çəkilən yerdə “günahkar” eləməyə girişməyəcək. Beləliklə, Allahın adından istifadə eləməklə hər cür oyunları həyata keçirirlər. Oyunların mürəkkəbləşdirdiyi həyat bütöv mahiyyəti ilə üzə çıxmır, ədalətsiz, qeyri-estetik, antiinsani biçim alır.
Kainat bunlar üçün evcik anlamı daşıyır. Hər şey haqqında asan, məsuliyyətsiz danışırlar. Dünyanı necə istəyirlər yozurlar, dəyişirlər. Uçururlar, qururlar. İnam, etiqad da içsəl sayılmır, qıraqdan gətirilib ürəyə yerləşdirilir (Allahın nümayəndələri – mələkləri araçılığı ilə).
Quyuya su tökürlər ki, quyu sulu olsun. İnsanın öz mənliyi, öz iradəsi yoxdur. Onun həyatı cizgi filmi kimi cızıqlanır, proqramlaşdırılır, enerji ilə süni şəkildə yüklənir. O, fəaliyyətə başlayır, hərəkətə keçir.
Bəşəriyyətə tale quraşdırırlar. Dünyanın falına baxırlar, yaramaz işlərlə uğraşırlar bekarçılıqdan.
Yuxarıda vurğuladıq ki, Azərbaycanda bir qisim adamlar var, gecə-gündüz sübut etməyə çalışırlar ki, bütün elmlərin uğurları Quranda kodlaşdırılıb. Hətta Mendeleyev də kimyəvi elementlərini Quranın dediyinə əsasən düzüb (bax: “Mühakimə” qəzetinin həmin sayı). Bu kitabın yazarı, eləcə də ayrı-ayrı bu tip adamlar da bəşəriyyətin bir çox məsələlərdə Nostradamusa borclu olduğunu sübutlamağa çalışırlar. Fizika, kimya, təbabət, astronomiya… öz gəlişmələrinə görə Qurana, ya da Nostradamusa borcludur.
Baxın, bu kitabın yazarı nə yazır?! “Təsadüfi deyildir ki, professor Vasim Məmmədəliyev yazmışdır: “Quran təfsiri İslam aləmində ən çətin elm hesab olunur. Təfsirə yalnız elmdə müctəhidlik mərtəbəsinə yetişən alim cürət edə bilər. Qurani-Kərimi təfsir etməyə girişən müctəhid iyirmi ana (əsas) elmi və ondan ayrılan altmış qolu mükəmməl bilməlidir ki, bunların da məcmuu səksən elm təşkil edir. Həmin elmlərə dərindən yiyələnməyən şəxsin etdiyi Quran təfsiri yarımçıq, naqisdir ki, bu da böyük günah sayılır… Təsəvvür edin, Qurani-Kərimi Azərbaycan dilinə uğurla tərcümə edən görkəmli şərqşünas və ilahiyyatçı alim, müsəlman dünyasında böyük nüfuz qazanmış, bir çox müsəlman ölkələrində istər ilahiyyat, istərsə də dünyəvi elmlər üzrə akademiyaların üzvü V.Məmmədəliyev Quranı təfsir etməyə özünü yalnız ahıl çağında – 2006-cı ildə hazır saydı”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 68).

Gəlin bu məntiqsizliyin içindən baş çıxarmağa çalışaq. Öncə onu demək gərəkdir ki, 80 elmi mükəmməl öyrənmək fiziki ömrə sığan məsələ deyil. Deməli, Quranın bütün təfsirləri yarımçıq, naqisdir ki, bu işə girişənlər də V.Məmmədəliyevin məntiqinə görə hamısı böyük günah sahibləridir. Ya da, V.Məmmədəliyev 80 elmi mükəmməl bildiyini iddia edir ki, bu da xudbinlikdən başqa bir şey deyil. Əgər Quranı təfsir eləmək üçün 80 elmin mükəmməl biliciliyi gərəkdirsə, onda Quranı heç kim qanmır. Bəs qanmadıqları şeyə bunlar necə inanırlar, onun ali (?) olduğunu nədən bilirlər?! Başqa yandan, 7-ci yüzildə bədəvi ərəblər doğrudanmı 80 elm öyrənib, Quranı şərh edənlərin sayəsində imana gəldilər?! Bu ərəblərin Allahı nə qədər qəliz kitab göndəribmiş onlara?! Axı məntiqlə bu kitab aydın, sadə, anlaşıqlı göndərilməliydi ki, haqqın yolunu itirənlər başa düşüb iman yoluna gəlsinlər.
Bu kitabın yazarı da Nostradamusu şərh eləməklə özü haqqında gərəksiz iddiaya düşüb, xudbinlikdən özünü qoruya bilməyib. Baxın: “Müqəddəs kitabları təfsir etmək üçün iyirmidən artıq elm sahəsini bilmək tələb olunduğu kimi, Nostradamusu katrenlərini də düzgün anlamaq və şərh etmək üçün dünya tarixini, coğrafiya, astrologiya, astronomiya, dəqiq elmlər, ilahiyyat, ədəbiyyat, mifologiya, xüsusən də qədim Roma, Yunan və Şərq mifologiyasını və dilləri bilmək vacibdir. Fransa, İtaliya, İspaniya, Britaniya tarixini və coğrafiyasını da bilmək zəruridir”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 68-69).

Deməli, yazıçı adı sadalanan elmləri, sahələri mükəmməl bildiyini iddia edir. Başqa yandan, Nostradamus falçılığının nə qədər böyük elmlərə söykəndiyini sübut etməyə çalışır. Bu, elmə vurulan ən böyük zərbə, rüsvayçılıq demək olardı, əgər bu yazıçını dünya ciddi elm adamı kimi qəbul etmiş olsaydı.
Nostradamus siyasətin çeynədiyi saqqız olub. Bu gün atıblar onu bir sıra adamların ağzına gövşədirlər. Yazıçı özü də onun siyasi araç kimi işləndiyini kitabında boynuna alır. Ancaq o bunu Nostradamusun böyüklüyü kimi anlayır. Əgər ABŞ, Almaniya, Britaniya Nostradamus falçılığıyla müharibədən dəhşətə gəlmiş adamların ağıllarını sərinlətmək üçün Nostradamusu gündəliyə gətirirlərsə, deməli, o, böyükdür.
“Almaniyada 1940-cı ilin mart ayında “Təbliğat Nazirliyi”ndə Hebbelsin rəhbərliyi ilə qərar qəbul olunmuşdur ki, Nostradamusdan təbliğat vasitəsi kimi istifadə edilsin. Beləliklə, 1940-cı ilin ortalarına yaxın adamlar fransız, ingilis, holland, italyan, serb, xorvat, rumın, isveç dillərində 83 min nüsxə kitab buraxmışdılar. Uydurma kitablarda guya Nostradamusun almanların qalib gələcəyi barədə fikirləri verilmişdi. ABŞ-da isə ekranlarda bu deyilənlərin tam əksinə yönəlmiş “Nostradamus belə demişdir” adlı film çıxmışdı. Filmdə Hitlerin məğlub olacağından, müttəfiqlərin mütləq qalib gələcəyindən danışılırdı. Onu hətta cəbhədə göstərirdilər ki, əsgərlərin əhval-ruhiyyəsi yüksəlsin. Əmin olsunlar ki, çəkdikləri zəhmət, əzab-əziyyət, veriləcək qurbanlar əbəs getməyəcəkdir. Müharibədən sonra Nostradamus ABŞ-da görkəmli şəxsiyyətlərdən biri kimi qəbul olundu. Təsadüfi deyildir ki, indi ABŞ-da “Amerika Nostradamus cəmiyyəti” vardır”.

(“Nostradamusun möcüzəli aləmi” səh. 66).

ABŞ-ın çağdaş dönəmdə də apardığı təbliğat ən inandırıcı görünən vasitələrə əsaslanır. Bu cür siyasi çıxarları üçün falçını zaman-zaman ünlüləşdirib peyğəmbər etmişlər…
Beləliklə, 760 səhifəlik bir kitabın məğzini izah eləmək üçün çoxsaylı sitatlar göstərməklə sözün oynadılmasının, yamaqlanmasının şahidi olduq.
Toplumsal gəlişmənin olmaması ucbatından antiinsani pozuntular həyatı qapsayıb. Əslində falçılıq da bu tip pozuntuların içərisində aktiv olur. Toplum insani intibah yolu keçərsə, xülya kodları ilə onun başını qatmaq heç kimə nəsib olmaz.
Biz Azərbaycanı yaratmaq istəyirik. Azərbaycanın aydınları isə gözünü Azərbaycandan qırağa dikir. Burada sağlam, güclü, doğru nə deyirsən de, qəbul olunmur. Ancaq qıraqdan bəsit, məntiqsiz söylənilən düşüncələr göylərə qaldırılır. Göylərə baxanda başının üstündə yad kölgələr görən xalq böyük ola bilərmi?! Bu xalqın seçkinləri başımız üzərindəki aydın göylərə kölgələr daşımaqla nəyə qulluq edirlər?! Niyə bulaqdan deyil, gölməçədən su içmək onlara bu qədər şirin gəlir?! Bunların köksündə ürək yerinə nədir döyünən?! Əsarətə pərəstiş etmək nədəndir?! Hanı bunların hədəfi?!…
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir