Xəbərlər

Soylu Atalı. Aşağıdan yuxarı atılan daşlar boşuna gedər…

Bu gün bir yazı oxudum, başlıq belə idi: “Xaliq Bahadır İslamı söyə bilmədiyi üçün İranı söyür”. Yazarı Elçin Qəhrəmanovdur. Doğrusu, Elçin Qəhrəmanovu tanımıram. Tanınmayan, tanımadığım birilərinin yazısını oxumağa vaxt da olmur. Ancaq illərdir millətimizin dili, dəyərləri uğrunda savaşın ön sıralarında duranlardan birinin – Xaliq Bahadırın haqqında olduğu üçün yazını oxudum. Yazar kimdirsə, antitürk olduğu, İran rejiminin buyruğunda durduğu açıq görünür. “Xaliq Bahadır nə istədiyini bilmir” deyə vurğu edir. Onun yazdığına görə Osmanlı ilə Atatürk, İranla İslam arasında vurnuxurmuş Xaliq Bahadır. Yazarın vurğuları olduqca yayğındır. Yayğın olduğu dərəcədə də yersizdir. Çünkü heç bir məsələni (burada vurğu edilənləri) doğru-düzgün araşdırıb öyrənməyib. Anri Masseni də İslamın təkcə araşdırmaçısı kimi bilir. Bilmək gərəkdir: İslam haqqında təkcə Anri Masse yazmayıb. Onlarca filosof, bilim adamları ciddi araşdırmalar ortaya qoyub. Ona görə yalnız Anri Masssenin qarşısına dikilib İslama vəkillik eləmək özünü doğrultmaz. İkinci, istənilən bir dinin haqqında uzman düşüncə adamları söyüş yazmır, doğruçu araşdırmalar, bəlirtilər ortaya qoymağa çalışırlar. Onların araşdırmalarında yanlış çalarlar da ola bilər. Bu isə söyüş anlamına gəlməz. Ona görə bu yazının yazarı, eləcə də, bunun kimi başqa buyruqda duranlar aranı qatmağa çalışmasalar doğrudur. İdrakın, düşüncənin gəlişməsi əngəl tanımaz. Əngəl olmağa çalışanların bunu bilməsi gərəkdir.

Yazar Xaliq Bahadırın yazısından alıntı göstərir: “İslam uzmanları – bilginləri Məhəmmədi daha çox peyğəmbər kimi tanıtmağa çalışırlar, məncə, bu, çox da düzgün yanaşma deyil”. Elçin Qəhrəmanov bu cümlənin yarısını kəsib, “o həm də, dövlət xadimi olmuşdur” deyilişini gizlətməklə Xaliq Bahadıra qarşı məkrli fənd işlətməyə çalışmışdır. Yəni, “görürsünüzmü, Xaliq Bahadır Məhəmmədin peyğəmbərliyinə qarşı çıxır” demək istəyir. Bununla da, özünə yersiz nifrətdaşlar qazanmağa çalışır. Belə “priyomlar” ləyaqətə qarşı davranmaqdan doğan çabalardır. Bəyəm Elçin Qəhrəmanov bilmirmi, 7-cü yüzildə İslam xilafəti yaranmışdı, Məhəmməd də onun başında dururdu?! Bunu danmaq hansı doğru faktı ortaya çıxarır, ya da, belə bir doğru fakrtı deməkdə pis olan nədir?!

Elçin Qəhrəmanov öz yazısının bir yerində Xomeyninin dediklərinə dayanır. Ancaq ondan başqa hər kəs bilir, Xomeynini Fransa diplomatiyası hazırlayıb gətirmişdi İran İslam İnqilabının başına.

Yazının başqa bir yerində Bakını erməni vəhşətindən qurtaran Osmanlı ordusu ilə Atatürkün arasına sınır çəkməyə çalışılır. Bilmək gərəkdir, ordu dövlət quruluşu yaratmır, onu yönətən dövlətin toplumunu, sınırlarını qoruyur. Ordu Türk ordusudur, dövlət Osmanlı adlansa da, cümhuriyyət adlansa da. Atatürk Batı Avropa dövlətlərinin (250 illik plan əsasında) yıxdıqları Osmanlının xarabalıqları üzərində Türkiyə Respublikasını yaratdı. Ancaq o bunu Bakını qurtaran Osmanlı ordusu ilə, yəni Türk əsgərləri ilə gerçəkləşdirdi.

Elçin Qəhrəmanov kimi bir çoxları Atatürkün Azərbaycanı Leninə satmasından danışırlar. Nə yazıqlar, belələrinin ağzı işləyir, ancaq görünən odur, ağlı işləmir. Lenin Azərbaycanı 1920-ci ilin aprelində (Müsavatın qurduğu Respublikanı devirərək) Rusiyanın etkisinə aldı. Türkiyə Respublikası isə 1923-cü ildə odun-alovun içində quruldu. Avropa dövlətləri Türkiyə torpaqlarını öz aralarında bölmüşdülər. Onların niyyətlərini güc-bəla ilə pozan Türkiyə ordusunun gücü sarsılmışdı. Özü güclə ayaqüstə dura bildiyi halda, güclü bir inqilabla hər yeri tutan Lenin Rusiyasının əlindən Azərbaycanı necə qurtara bilərdi?! Atatürkün sonərkini xatırladıram: Heç bir imperiya yaşarı deyil. Zaman gələcək sovetlər çökəcək, Türkiyə Respublikası buna hazır olmalı, bağımsızlıq əldə edən qardaşlarına yiyə çıxmalıdır.

Bunları kimlər bilmək istəməsə də, biz bilirik. Atatürkü bizim gözümüzdən kimsə salmağa çalışmasın. Yazarın da Xaliq Bahadırın yaşam-döyüş yoluna göz yetirə bilməsini diləyərdim. Xaliq Bahadır Doğrusevər, millətsevər, bəşərsevər bir düşüncə-əqidə yolçusudur. O, aydın baxışı, aydın hədəfi, aydın döyüşü olan Azərbaycan Aydınıdır. Ürəyinizi məkrdən uzaq tutun, onu gücdən salmayın. Doğrusevər olsanız Xaliq Bahadırı daha yaxşı anlayarsınız!

 

12 Köçəri Ayı, 39-cu il.

(fevral, 2018).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir