Xəbərlər

Soylu Atalı. Asif Ata Amalı

Ruhani İntibah (Dirçəliş).         

 Asif Atanın məqsədi insanı, dünyanı dəyişməkdir. O deyir: Yeni İnsan yaranmalıdır, Yeni Xalq yaranmalıdır, Yeni Bəşər halı yaranmalıdır. Bu İstək siyasətlə həyata keçməz, inqilabla baş tutmaz. Bu İstəyin baş tutması üçün İntibah gərəkdir, içsəl Təkamül Yolu keçilməlidir.
Ruhani İntibah altı ideyadan oluşur.
Bunlardan sonuncusu – “Ləyaqətli Bəşər” əslində nəticədir. Yerdə qalan beş ideya isə Yoldur.

  1. Mütləqə İnam. Bu ideya Asif Ata Dünyabaxışının həm də ümumi adıdır: “Mütləqə İnam Ocağı”, “Mütləqə İnam Dünyabaxışı”, “Mütləqə İnam Təlimi”, “Mütləqə İnam Erası”, “Mütləqə İnam Fəlsəfəsi” kimi anlayışlarımız, adlandırma­larımız var.

Mütləqə İnam Allaha, yəni transsendentala, fövqəltəbii qüvvəyə, göylər səltənətinin hökmdarına; adam kimi danışan, düşünən, görən, qəzəblənən, qisas alan, dünyanı yox yerdən bir işarəsiylə yaradan uydurulmuş qüvvəyə inamı rədd edir. Mütləqə İnam Dünyabaxışına görə Dünya oyun-oyuncaq kimi yaradılmayıb, bəzədilməyib, uçurulmağa hazırlanmayıb. Dün­ya – Özünün Əzəli, Əbədi, Kamil, Sonsuz Dünyalıq mahiy­yə­tindən, Mənasından yaranıb. Dünyalıq Dünyadan kənarda deyil, onun özündədir, öz ahəngində, nizamındadır. Dünyanın bənnası yoxdur, ağası yoxdur, idarəçisi yoxdur. Dünya mənaca əzəlidir, yəni Dünyanın olmayan vaxtı olmayıb. Dünya mənaca əbədidir, yəni Dünyanın olmayan vaxtı olmayacaq. Axirət, Qiya­mət cəfəngiyyatdır. Dünya dəyişir, təzələnir. Dünyalıq dəyişmir, ancaq öz təzahürləri ilə Təzələnir. Yəni dünyadakılar ölür, uçur, dağılır. Ancaq yenisi yaranır – dağ uçur, yenisi yara­nır, çay quruyur, yenisi yaranır, bulaq soğulur, yenisi yaranır; təbiət bir yerdə ölür, başqa bir yerdə dirilir. Bütün bun­lar Dünyanın özündən baş verir, Xarici İradənin gözağartması ilə oluşmur.
Həyat Özündən – Əzəli, Əbədi, Sonsuz, Kamil Həyatlıq Mənasından yaranıb. Həyat ölür, dəyişir, ancaq Həyatlıq ölmür, dəyişmir. Yalnız öz təzahürləri ilə Təzələnir.
İnsan Özündən – Əzəli, Əbədi, Kamil, Sonsuz İnsanlıq Mənasından yaranıb. İnsanın palçıqdan əmələ gəlməsi, sonra qabırğasından düzələnlə cütləşib artıb-çoxalması cəfəngiyyat­dır. Habelə elmi nəzəriyyələrin insan haqqındakı yanlışları qəbuledilməzdir. Meymunun təkamül yolu ilə insanı əmələ gətirməsi cəfəngiyyatdır. “İnsan daxilində Mütləq daşıyan, şəraitdən, mühitdən, gerçəklikdən yüksək olan, Mütləqiliyə meyil eləyən və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır” (A. Ata).
Asif Atanın İnsanlaşma Təlimi, İnamı İnsan haqqındakı bu tərifə əsaslanır. Asif Atanın “Kamil İnsan” ideyası insanın canlı növlər arasında ən mükəmməli və şüurlusu olduğuna görə ortaya qoyulmayıb. Asif Atada İnsan başqa növlərlə deyil, Mütləqlə müqayisə edilir. İnsan Gerçəklik və Məna birliyidir. Gerçək insan biolojidir, təbiət xislətlidir. Ancaq dərinə getdikcə onda ali keyfiyyətlər görünür. Müqəddəslik, ülviyyət insanın mahiyyətindədir. İnsan öz gerçək xislətini ötdükcə ruhaniləşir – mənasına – İnsanlığa bərabər olur. İnsanın Özüm­lüyü – gerçəkliyi deyil, Mütləqiliyidir, İnsanlığıdır. İnsan dün­ya­ya görünüb yox olmağa gəlmir, öz Mənasına çatmağa – İnsanlaşmağa gəlir. İnsan gerçəkliyə bərabər yaşayanda ölümlü olur, ötəri, keçici xassələri ilə bitib qurtarır. Yalnız nəsil artımında iştirak edir. Lakin özümləşən İnsan ölməzliyə qovu­şur. Özünün ali, mənəvi keyfiyyətləri ilə Xəlqi məna daşıyır – Nəsimi kimi, Budda kimi, Tolstoy kimi…
Asif Atada İnsanın İnsanlaşması üç mərhələdən keçir: özünü tanıma, özünə yadlaşma, özünə doğmalaşma – özünü təsdiq. Özünü yaratmağın bu yolu “özüylədöyüş” ideyasıdır. Hər bir fərd etiraf yolu ilə özündəki bütün naqis cəhətləri aşkara çıxarmalı, tanımalıdır. Özünü aldatmamalıdır, özünü, əslində balaca “mən”ini qoruyan instinktlərin təsirini aradan qaldırmalıdır. Etirafdan qorxmamalı, özündəki pislikləri görüb göstər­məkdən utanmamalıdır. Bu hal olduqca çətindir. Adamda özünüqoruma instinkti güclü olur. Fərd ömrünü xalisliklə dol­dura bilmədiyi üçün, bioloji həyatın təsirlərindən imtina eləyə bilmədiyi üçün naqisliklərini etiraf eləməyi bacarmır. Toplum­dan gizlənməyə çalışır. Ancaq ilk növbədə o özünü aldadır, özünü öz mahiyyətindən ayırır. Elə buna görədir ki, bəşər tarixində kamil insanlar barmaq sayda olubdur. Buna baxma­yaraq, hər bir fərdin kamillik haqqı və imkanı var. Kamil­lik seçilmişlər üçün deyil. Etirafı bacaran, ömründəki naqislikləri tanıyan fərd naqis duyğuları ömründən silməyə başlayır. O, özünü tanıdıqca, yəni özünü aldatmadıqca daxili gücü artır və getdikcə böyük imtinalar mərhələsinə başlayır: şöhrət­pərəstlikdən imtina, şəhvətpərəstlikdən imtina, hakimiy­yətsevərlikdən imtina, nəşəsevərlikdən imtina; xudbinlikdən, xudpəsəndlikdən, xəbislikdən, adilikdən, bəsitlikdən ayrılma. Daxili şəri yenən ictimai şərlə döyüşür. İnsansevərliyi təsdiq olunur, Vətənsevərliyi, Həqiqətsevərliyi, Ədalətsevərliyi, Azadlıqsevər­­liyi, Bəşərsevərliyi təsdiq olunur. Fərd özündən, yəni balaca “mən”indən ayrıldıqca özümlüyünə, yəni ali “Mən”inə qovuşur. Özüylə döyüşməyən həqiqətin qədrini bilməz, azadlığın qədrini bilməz, xalqlaşa, vətənləşə bilməz. Özüylə döyüşməyib başqasıyla döyüşən, yəni özündəki naqis­lik­ləri gizləyib başqasında naqisliklər axtaran şərə xidmət edir. Heç kim heç kimin əvəzinə onun naqis duyğuları ilə döyüşə bilməz. Daxili döyüşü yumruq döyüşü ilə əvəz eləyən cəmiyyət özündən ayrılmış, özünə yadlaşmış cəmiyyətdir. Özü xalisləş­məyən cəmiyyətdəki naqisliklərə qarşı söz deyə bilməz, onu aradan qaldıra bilməz. Yalnız Kamil Fərdlərin yaratdığı cəmiyyət Kamil, Ruhani Cəmiyyət olur. Asif Atanın “Ruhani Cəmiyyət”, yaxud “Xəlqi Birlik” ideyası özünü Kamil Fərdlərlə doğruldur. Asif Ataya qədər demək olar ki, bütün nəzəriyyələr ictimai dəyişikliyi insandan kənarda başlayıblar. Ona görə də dəyişiklik üzdə gedib, inkişaf üzdən əmələ gəlib. Ağalıq-nökərlik aradan qalxmayıb, ictimai təbəqələşmə aradan qalxmayıb, insanın insan üzərindəki zorakılığı, qanlılığı aradan  qalxmayıb, ədalətsizlik, bərabərsizlik, vicdansızlıq hökm sürüb. “Dünya belə gəlib, belə də gedəcək” deyə antiinsani gedişata bəraət verilib. Əlbəttə, özünü yaratmayan insan icti­mai tərəqqinin baş tutacağına inana bilməz. Ancaq bununla belə, dünyada antiinsani gedişata qarşı dirəniş həmişə olub. Nəhayət, bu Dirəniş daha kamil səviyyədə Asif Atada özünü göstərib. Asif Ata insandan, yəni, daxili, mənəvi tələblərdən kənarda formalaşan Quruluşları rədd edir. “Nə Kapitalizm, nə Sosializm, Ruhani Cəmiyyət yaranmalıdır” deyir. “Kapitalizm fərd ağalığıdır, Sosializm dövlət ağalığı”. Hər ikisi insan üzə­rin­də zor yaradır. Zor altında olan insan xalq yarada bilməz. “Xalq – Azad, Müstəqil fərdlərdən yaranır” (Asif Ata). Asif Atanın “Ruhani Dövlət” ideyası var. Onun fikrincə, Dövlət Ruhaniyyata əsaslanmalıdır və çox az funksiyaları olmalıdır:

1) Fərdi özünüidarə; 2) Mülkiyyət bərabərliyi yaratmaq; 3) Cəmi fərdin zorundan, fərdi cəmin təzyiqindən qorumaq; 4) İmtiyazsız başçı, ağalıq əvəzinə Atalığın bərqərar olması.

Dövlət ruhaniyyata əsaslanmadıqda xalqı sürüləşdirir və idarə edir. Dövlət – onun başında duranların imtiyaz üstünlü­yünü qoruyan zor hadisəsinə çevrilir. Xəlqi Birlik yarandıqda isə dövlət bu Birliyə xidmət edir.
Asif Atada Ruhani Dövlət Dini Dövlət anlamına gəlmir. İran İslam Dövləti ən pis zorakılıq hadisəsidir. Orada ruhaniy­yat yoxdur, yəni Dövlət Ruhani prinsiplərə əsaslanmır.
Yeri gəlmişkən, Mütləqə İnam Dünyabaxışının “Ruh”, “Ruhaniyyat” anlayışlarına da burada qısaca izah verək. Bu vaxta qədər ruh məsələsinə müxtəlif dünyabaxışlar fərqli mənalar veriblər. Məsələn, Qitaupanişadda ruh – kosmik enerji­­dir. Saçın ucunun neçə milyardda bir hissəsi olan mikrocandır. Semitlərdə ruh mövcudluğun təminatı olan can­dır. İnsan öləndə ağzından hava ilə birlikdə çıxır və uçub gedir… Asif Ata Təlimində Ruh – İnam, İdrak, Mənəviyyat, İradə Birliyidir. İnsanı İnsan eləyən bu İnsani keyfiyyətlərin Mütləq halıdır. Ruhun ölməzliyini də fantastik əlamətlərlə deyil, bu keyfiyyətlərin nəsildə, xalqda, bəşərdə yaşaması ilə müqayisə eləmək doğrudur.
İnsan öz ruhunu – İnamını, İdrakını, Mənəviyyatını, İradə­sini yaratdıqda o, ölməzliyə çatır. İnsan böyük mənada ruhunu yaratmırsa, necə var, elə qalırsa, onda o, ruhun adi əlamətləri ilə xatirat səviyyəsindən uzağa getmir və ruhani imkanlarının çoxunu özüylə qəbrə aparır. Ancaq insan fiziki olaraq da tam itmir. Ayrı-ayrı əlamətləri övladlarında, nəsildə, xalqda davam edir. Ölüm yalnız cismani bütövlüyü parçalayır. İnsan genlə, qanla, təbiətlə yaşama qayıdır – əlamətləriylə. “Ölümlə görüş” izharında Asif Ata yazır ki, “əllərim birinə qismət olacaq, gözlərim digərinə, saçlarım bir başqasına…”
Mütləq İnam – Dünyanın əzəli, əbədi, kamil, sonsuz Mənasına İnamdır. Dünya heç vaxt ölməyəcək. Bu, yaşamağa və insanlaşmağa nikbinlik yönündə təməl yanaşmadır.
Mütləq İdrak – İnsanın Ruhani varlıq olduğunu dərk etmək, İnsanı qorumaq və təsdiq etməkdir.
Mütləq Mənəviyyat – Təmənnasızlıq, Fədakarlıq və Vicdan­çılıq əsasında yaşamaq – İnsani ləyaqətin təsdiqi.
Mütləq İradə – Zamandan üstün yaşamaq, şəraitə, mühitə əyilməmək, Mütləq Həqiqətə tapınmaq, Mütləq Azadlığa qovuşmaq – bu cür aqibəti ən ali nemət saymaq.
Ruhani İntibahın 4-cü ideyası “Müstəqil Vətən” ideyasıdır. Bəşər tarixində heç bir peyğəmbərin Vətən ideyası olmayıb. Asif Ata Vətən müstəqilliyini ideya səviyyəsində qoyur və bunun üzərində ardıcıl vurğu edir. Ruhani İntibah Vətəndən kənarda yarana bilməz. “Dünya Vətəndən başlayır” deyir peyğəmbərimiz Asif Ata. Vətənləşə bilməyən Dünyalaşa bil­məz. Vətən sadəcə toplumun yaşadığı coğrafi məkan deyil, toplumu xalq səviyyəsinə yüksəldən insani, bəşəri dəyərlərin yarandığı, qorunduğu müqəddəs ünvandır. Vətənçiliyin əsas meyarı müstəqillikdir. Vətən müstəqil deyilsə, xalq da müstəqil deyil. Asif Ata deyir: “Dünyadan asılı olmadığın dərəcədə müstəqilsən”. Yəni siyasi birliklərin boyunduruğunda azad və müstəqil xalq olmaq mümkün deyil. Vətənin müstəqil olması üçün dövlətin Müstəqil İqtisadiyyatı, Müstəqil Mədəniyyəti, Müstəqil Diplomatiyası olmalıdır. Bu isə Milli İdeologiya əsasında formalaşa bilər. İdeologiya isə Mütləqə İnamdan qaynaqlanarsa, milliləşə bilər. Asif Atanın İnamı mücərrəd bəşəri deyil, Millilikdən başlayıb Bəşəriliyə doğru inkişaf edən Dünyabaxışdır. Milliliyimizin yaranması və qorunması Yurdu­mu­zun Bütövlüyünü və Müstəqilliyini tələb edir. Yurdumuz bu gün bölünmüş, parçalanmış durumdadır. Onun bir parçasında yaranan Müstəqillik nisbi müstəqillikdir, əslində formal xarakter daşıyır. Ona görə də Asif Ata “Uluyurd Hərəkatı” ideyasını irəli sürür. “Uluyurd Hərəkatı” özündə 5 prinsip daşıyır: 1) Tayfaçılıqla mübarizə; 2) Dinçiliklə mübarizə; 3) Etnik bölücülüklə mübarizə; 4) Özgəçiliklə (Qərbçiliklə, Rusçuluqla…) mübarizə; 5) Azərbaycanın siyasi bərpası – Bütöv Azərbaycan.
Ruhani İntibahın 5-ci ideyası “Özümlü Şərq” ideyasıdır. Asif Ata dünyanın Şərqə-Qərbə bölünməsinin əleyhinədir. Bu bölgünü Qərb yaradıb və Şərqə ikinci növ bölgə kimi baxır. Asif Ata Özümlü Şərq deyəndə ona coğrafi mənada yanaşmır, Şərqi dəyərləri əsas götürür. Və hesab edir ki, Şərqi Dəyərlərə arxa çevirməklə dünyanı bütöv dərk eləmək mümkün deyil. Bu mənada Kürəsəlləşmə əslində Dünyalaşma deyil, Qərbləş­mədir. Qərbdə isə demək olar ki, mənəvi dəyərlər aşılanıb. Yalnız elmi-texniki inkişafı əsas götürürlər və bu imkandan istifadə edib dünya üzərində ağalıqlarını həyata keçirirlər. “Bir vaxtlar Şərq müəllim idi, indi uşaqcasına Qərbin dalınca sürünür” (A.Ata). Dünyanın gedişatı elmi-texniki tərəqqi ilə nizamlanmır, daha da pozulur. Bu səbəbdən də Şərqin fitrə­tin­də və halında olan mənəviyyatçılıq, insançılıq bərpa olunmalı və dünyanın halına qayıtmalıdır. Asif Ata özünün yaratdığı Mütləqə İnam hadisəsi ilə bu müqəddəs vəzifəni öz üzərinə götürmüşdür.
Ruhani İntibahın sonuncu ideyası “Ləyaqətli Bəşər” ideya­sı­dır. Yuxarıda vurğuladığımız kimi, bu ideya həm də nəticə­dir. Bəşər xalqların müxtəlifliyi – Müxtəliflərin Birliyi demək­dir. Hər bir xalq özünəməxsusluğu ilə Bəşərdir. Xalqların özünəməxsusluqlarına qarşı çıxmaq Bəşərə qarşı çıxmaqdır. Xalqları əsarətə salmaq, özünə yadlaşdırmaq yolverilməzdir. Xalqlararası münasibətlər humanizmə əsaslanmırsa, bəşəriyyə­tin sabahından danışmaq çətindir. Xalqlar bir-birinə inan­ma­yanda sevgi və sayğı yarana bilməz. Xalqların bir-birinə nifrət eləməsi bəşəriyyətin ölümüdür. Bu nifrəti xalqlar arasında yaradan Siyasi Güclərin ağalıq əməlidir. Elə ona görə də “Siyasət Həqiqətlə əvəz olunmalıdır”.

Mütləqə İnam Ocağının iç Quralları (qaydaları) və yaşam tərzi

Hər bir Dünyabaxışın olduğu kimi Mütləqə İnam Ocağının da öz qaydaları, yaşam tərzi və anlayışları (terminləri) var. Təbiidir ki, köklü dəyişikliklər eləyən Yeni İnam əski qay­daların saxlanması ilə özünü təsdiq edə bilməz, baxmaya­raq ki, cəmiyyət hansısa qaydalara, ənənələrə uyğun­laşıb. İnam xalqının formalaşması üçün əvvəlki vərdişlərdən, üsullardan imtina etməsi qaçılmazdır…
İnamçılar bir-biri ilə görüşəndə “salam” əvəzinə “Ürəyində Ata Günəşi olsun”, “xudahafiz” əvəzinə “Atamız Var olsun” deyirlər. “Ata Günəşi” – İnsana inamı, insanlığın meyar kimi qəbul olunmasını, ruhani varolmanı uğurlayan bir sözdür. “Atamız Var olsun” – yəni İnamımız var olsun, Ocağımız var olsun, Ruhaniyyatımız var olsun anlamı daşıyır.
Ocaq quruculuğu ən çox Tədbirlərdə öz əksini tapır. Tədbirlər 7 mərasimdən, 2 Mərasim-Törəndən və 4 Bayramdan ibarətdir. Mərasimlərdə ancaq Ocaq Evladları iştirak edir. Mərasim-Törənlərdə və Bayramlarda isə Ocaqsevərlər və maraqlananlar da iştirak edirlər. Ocaq Ruhani Ailələrdən təşkil olunur. Hər Ailənin ayda bir dəfə aylıq toplantısı – mərasimi keçirilir. Ocaq vaxtdan asılı olaraq ayda bir dəfə, yaxud iki ayda bir dəfə “Amallaşma-Doğmalaşma günü” keçirir. Amalı öyrənmək və öyrətmək, ruhani fikir bölüşmələri əsasında doğmalaşma. Üsulumuz: xalqın içinə səfərlər eləmək, görüşlər keçirmək – Amalı öyrətmək, Ocağa dəvət eləmək; eləcə də mətbuat vasitəsiylə ideyaları yaymaq, ədəbiyyatlar hazırlayıb yaymaq; fərdi ünsiyyətlər qurmaq – ardıcıl İnama çağırmaq. Atamızın dediyi kimi, İnsanlaşmaq və İnsanlaşdırmaq. Məbəd­lər (İnam Evləri) tikmək, xalqa öz Ruhaniyyatını tanıtmaq və öz Ruhaniyyatıyla yaşamaq öyrətmək.
Ocaq öz ilsırası (tarixi) və Günsırası (təqvimi) əsasında yaşayır. Və bunu ümummilli ənənə halına gətirməyi məqsədi sayır. Habelə milli yazı sistemi (Orxon-Yenisey əlifbası əsasında) ortaya qoyur və müqəddəsatını (arxivini) bu əlifba ilə hazırlayır.
Ocaq öz Ruhaniyyatı əsasında “Ölügötürmə” və Evlənmə (“Beşikbaşı mərasimi”) qaydalarını yaradıb və imkan düşdükcə bunları ictimai həyata tətbiq edir.
Ocaq Asif Atanın İrsini – Müqəddəs Kitablarını (“Qutsal Bitiq”lərini) 13 cilddə hazırlayıb, arxivləşdirib və imkan düşdükcə üzünü artırıb yayır.
Ocaqçı gündə 3 dəfə Ataya Rica deyir və Mütləqlə Təmas sözü söyləyir. Bu Rica və Təmaslarda özüylə – öz mənasıyla üz-üzə durmaq, özünü kökləmək və günə hazırlamaq insanda sabit hal yaradır. İnsanın özünə inamı yetkinləşir, qüsurlara enməmək üçün qətiyyəti artır. Yolda olduğunu anlayır, Yük altında olduğunun məsuliyyətini dərk edir.
Ocaq Atalıq və Evladlıq hadisəsinə əsaslanır. Ata İnamın Atasıdır, Evlad İnamın Evladıdır, Atanın Davamçısıdır, əski dövrlərdəki Apostoldur, İmamdır, Müriddir. Atanın tələbi budur ki, Ata Əməli Evlad Əməlində, Ata fəlsəfəsi Evlad fəlsəfəsində davam eləməlidir. Evlad icraçı deyil, Qurucudur, Yaradıcıdır. Ata deyir – Evlad özündə üç keyfiyyəti yaratmalıdır: Yazarlıq, Natiqlik, Təşki­lat­çılıq. Bu, Evladın Ocaq Quruculuğundakı əsas silahıdır.
Ocağa Evlad qəbulu mərasimləşən bir hadisədir. Xalqın içindən ayrı-ayrı insanlar Ocağa üz tutur. Məramını, məqsədini Asif Atanın adına rica şəklində yazır. Atadan “Ruhani Ad” alır və Ocaqlaşmağa başlayır. Mərasimdə Ocaqçılara təqdim olunur və Ocaqçılığını təsdiq edən Ruhani Sənəd – “Evladlıq Nişanəsi” alır. Atanın sağlığında bu əməllər Ata tərəfindən həyata keçirilirdi, onun ölümündən sonra isə Ocaq Yükümlüsü (Soylu Atalı) tərəfindən yerinə yetirilir.
Ata öləndən sonra Ocağın Ruhani Nizamını yaradan və qoruyan, Ocağı ruhani idarə edən Ocaq Yükümlüsü hadisəsi yaranmışdır. Asif Atanın ölümündən bu günə qədər bu məsuliyyəti yazı müəllifi (Soylu Atalı) öz üzərində daşıyır. Yuxarıda vurğuladığımız kimi, Ocaqda Atalıq və Evladlıq hadisəsi var. Ocaq Yükümlüsü Atanın yerinə keçmir, o, elə Evladdır. Sadəcə Ocağın bir Qurum olaraq yaşayıb idarə olunmasını təmin edir. Təbii ki, gənc Ocaqçıların ağlının, qəlbinin böyüməsində rol oynayır. Bununla belə, Ocaqda vəzifə, titul, rütbə yoxdur və olmayacaq. Ocağın Atası, Ruhani Başçısı əbədi olaraq Asif Atadır. Asif Ata Peyğəmbərdir. Peyğəmbər əvəz olunmur, Yolu davam olunur, Ocağı nizamlanır, ruhani idarə olunur.

(ardı var)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir