Xəbərlər

Soylu Atalı. Ayıltmalar

Gizlinlik dövründə gizlənmək çətin idi, Aşkarlıq dövründə gizlənmək xeyli asanlaşıb.

xxx

Etiraf:Özünü tənqid edənlər özgəliyi müdafiə edirlər.

xxx

 İndi dəbdə olan söz: Din yaxşıdır, dinçi pisdir; Demokratiya yaxşıdır, demokrat pisdir.

xxx

Adam özünü qura bilmir, cəmiyyət onu uydurur. Cəmiyyət ən çox uydurulanı sevir. Allaha sevgi də uydurulmuş sevgidir. Uydurulmuş sevginin ömrü naşılığın ölümünə qədərdir.

xxx

Çağdaş ədəbiyyat cəmiyyətin həyatını yazır, həyatın mənasını yazmır.

xxx

Hərdən bir şəri də döyürlər ki, xalqı öldürmələri şübhə doğurmasın.

xxx

Güney Azərbaycan da Quzey Azərbaycanın yoluyla getməkistəyir – demokratiya uğrunda mübarizə və Avropanın qoltuğu. Bəs azadlığa nə vaxt çıxacağıq?

xxx

Bizim həmişə iki dilimiz olub: ərəb – türk, fars – türk, rus – türk, ingilis – türk. Türk dili ana dilimiz sayılıb, bəs o birilər?!

xxx

İndi millətçilik millətə qarşı yönəlir, yönəldilir.

xxx

Siyasətdə həqiqət yoxdur, həqiqət siyasət üçün onun Qırmızı Kitabında ola bilər yalnız.

xxx

Dövlətlər siyasi dostluqdan danışırlar. Dostluq – həqiqət əsasında doğmalıq deməkdir. Siyasət aldatmaq məharətidir, bəs siyasi dostluq nədir?!

xxx

Aqibətimiz: Asılı olanda təhlükəsizliyimizi “təmin” edirlər, müstəqil olanda “təhlükəmizdən” qorxurlar.

xxx

İran daxili işlərimizə qarışmayanda vahimələnir. Rusiya daxili işlərimizə qarışmayanda boğulur. Batı daxili işlərimizə qarışmayanda uzaqlaşır.

xxx

Qarabağ məsələsi: Qarşıdurmadan qaçmamaq üçün qarşımızı kəsiblər.

xxx

ATƏT: Qarşıdurmanı qarışdıran. Bizə zor göstərir ki, erməniyə zor göstərməyək.

xxx

“Qarabağ”ın həlli Türk Birliyi üçün açar deyil, Türk Birliyi “Qarabağ”ın həlli üçün açardır.

xxx

Hamı antixəlqi əməllərə yüyürür. Dövlət də bu əməlləri tənzimləyir.

xxx

Parlament hər gün qanun qəbul edir.Bu, özü qanunsuzluqdur. Xalq bir qanuna alışmamış onu başqalaşdırırlar, əvəz edirlər. Parlamentin həqiqəti gündə dəyişir.Bu, çox pis həqiqətsizlikdir. Bu ona görə baş verir ki, qanunlarda insani meyar yox, qazanc meyarı hökm sürür.

xxx

Dünya üçün Güney Azərbaycan problemi yoxdur. Çünki Dünya Azərbaycanı müstəqil, vahid görmək istəmir.

xxx

Siyasi dünyanın dəstəklədiyi beynəlmiləlçilik – əsarətə salmaq üçün düşünülmüş humanizm oyunudur. Əsil humanizm Millətçilikdir. Milləti sevən onu qurur. Bu, əslində bəşəri sevmək deməkdir.

xxx

Azərbaycanın siyasiləri ölkəni Batıya satırlarki, xalqı soysunlar. Batı qazanc əldə elədikcə, öz xalqını talayanlara demokrat adı qoyur. Batı istədiyini hakimiyyətdən ala bilməyəndə özünü bizim xalqın mənafeyini qoruyan kimi qələmə verir. Bu, əslində hakimiyyətə “səni xalqının həşiri ilə devirərəm” xəbərdarlığıdır. İstədiyini alanda isə hakimiyyətdəkiləri xalqdan qoruyur.

xxx

Ölkələrin bir-birindən asılılığı artdıqca düşmənçilik böyüyür. Müstəqillik dostluq yaradar, asılılıq düşmənçilik. Bu səbəbdən siyasi müstəqillik yaranmalıdır ki, maddi asılılıqlar düşmənçilik əsarətinə çevrilməsin.

xxx

Siyasi himayədarlıq: Elə xilas edirlər ki, əsarətə düşürük.

xxx

Elə bilirlər dini ateizm xəstələndirib. Sosializm çökəndən sonra dini diriltmək istəyirlər. Əslində din xəstələnməyib, özü xəstəlik kimi gəlib.

xxx

Pulçu vətəninin başındankeçir, pulunun başından keçmir.

xxx

Azərbaycan rəhbərləri xalqına qıyır, əsarət gətirənə (Rusiyaya, İrana, Batıya) qıymır. Qoltuqdan qıraqda korluq çəkirlər başıbəlalılar.

xxx

Ayılmaq: Dünənki faciələrimizi görə bilmələri ilə fəxredirlər, mübarizə aparmaqla fəxr eləmirlər. Dünənki faciəni görürlər, bugünkü faciəni görmürlər.Əslində iş işdən keçəndən sonra ayılırlar.Gerçəkliyi görmürlər, tarixi görürlər. Bəxtimiz yatanda bunlar ayılır.

xxx

Demokratiya Pulçuluq siyasətini qorumaq intizamıdır. Bu intizamda mədəniyyət, mərifət dəyirmanın çaxçaxı rolunu oynayır.

xxx

Bundan öncəTürkiyə bizə Batıçılıq öyrədirdi, indi dinçilik öyrədir. TürkiyəyəTürkçülük öyrətmək gərək! Azərbaycanın nicatı da buradan başlayacaq.

xxx

Demokratiya dinin ifrata varmasının hardasa qarşısınıalır, amma həm də avamlığa ehtiyac yaradır.

xxx

Güney Azərbaycana etnik azlıq deyirlər ki, İranı öz məqsədləri üçün suçlaya bilsinlər. Əslində Güney Azərbaycan böyük bir millətin – Türk Dünyasının tərkib hissəsi olduğuna görə İranı vura bilmirlər. Güney Azərbaycan Türk Dünyasının gücünə çevrilmə imkanı olmasaydı, İranı da Əfqanıstana döndərərdilər.

xxx

Amerika – tarixi xalqların məhv olmasına çalışır. Qədim kökləri olmayan Amerika gündən-günə vəhşiləşir. Qədimliyəağalıq eləmək bəşəri cinayətdir. Dünya qədimliyin süqutuna göz yumduğu üçün məhvə doğru gedir. Yaponiyada (Naqasaki, Xirosima), Vyetnamda, Fələstində, Əfqanıstanda, İraqda törədilən qanlı qırğınları Avropa müdafiə edib, bunlarda iştirak edib. Türkiyənin özünü müdafiəsini isə – “erməni soyqırımı” adlandırırlar. Avropa demokratiyasına ağız suyu axıdanlar əslində qanlılığa şərik çıxırlar. Xalqların ləyaqəti ilə oynayan, onların qədimliyinə rişxənd edən demokratiya humanizmin ləğvidir.

xxx

Tələb: Xalqı qurmadan onu mübarizəyə qaldırmaq olmaz.

(arxiv: 2010-cu il)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir