Xəbərlər

Soylu Atalı. Ayrı-ayrı sorulara yanıt

…Toplumun heyvana enməsini izləyirik. Ona görə toplumun saflaşmasına doğru enerji sərf edirik. Bunun üçün öz üzərimizdə iş aparırıq. Söz yox, bu bizim mahiyyətimizin tələbidir. Bununla belə, topluma gərək olmağımızı da düşünürük. Necə olaq, Ocaq olaraq, gərək olaq, öndər olaq, mənəvi öyrətmən olaq?! Böyük məsələdir, asan deyil. Uğurla Pərvanəyə (Bilənlə Göytəkinin uşaqlarına) ata-analıq eləməyə nə var, hünərin var çevrəndə əyilmiş, pozulmuş topluma ata-analıq elə. Hünər odur, fədakarlıq odur, qeyrət odur, ruhaniyyat odur, quruluş odur, dəyişmək odur.
Mən özümün fiziki varlığım üçün yaşamıram, mənim ideallarım var. Ocaq bu idealları öyrədir. Ona görə Ocaq böyük məktəbdir, hər kəsin asan anlayacağı, asan qəbul edəcəyi, asan yaşayacağı məsələ deyil. Çox dərinliklərə baş vurmaq gərəkdir.Toplumla bizi dənizdə iki birey kimi tutuşdurun. Onlardan biri qayıqda oturub üzür, biri də əl-qol atıb özü üzür. Biz öz qolumuzla üzənlərik, qayıqda gəzənlər deyilik. Öz əzabımızla, əziyyətimizlə üzənlərik. Öz zəhməti ilə üzən hünərli olur, güclü olur, qüdrətli olur. O birinin altından qayığı çəksən düşüb öləcək. Onun varlığı ora qədərdir.Toplum odur – özüylə uğraşmayan, özündə güc yaratmayan. O, doğal taleyini (əslində bioloji-heyvani taleyini) yaşamağa məhkumdur. Biz o taledən özümüzü ayırmışıq. Biz heyvani tale yaşamaq istəmirik. Topluma da belə yaşamamaq önəririk. Ona görə özümüz ayrılırıq ki, toplumun ayrılmasına yardımçı olaq…

xxx

…Yerə, insan varlığına Kosmik etkilərin olmasından sözaçırlar. Bu mümkündür. Əslində planetlərarası etkilər vardır. Qravitasiya qüvvəsi deyilən bir şey var. Yəni istənilən halda, hər biri bəlli bir etki yaradır…
Bəzən insanlar deyirlər, ahım-ünüm ərşə dayanıb. Məncə boşuna deyilən bir söz deyil. Bunu xurafat düzeyinə endirə bilərlər. Ancaq anlamına yanaşanda başqa bir mənzərə də açılır. Planetimizdə o qədər ahlar, fəryadlar var. Qırğınlar, savaşlar var, silahlar var. Bunların yaratdığı dalğalar, bunların yaratdığı etkilər yaşama qayıdıb genel nizama dəyməyə bilməz. Alimlər sübut ediblər ki, bitikinin yanında xoş bir musiqi çalanda inkişaf qabağa gedir, ancaq səs-küy, danqıltı yaradıblar, görüblər geri qalır. Genelliklə, xoş səs, xoş söz, xoş aura inkişafa yol açır. İnsanda da belədir. İnsana xoş üz göstərərsən, yaxşı davranarsan onda mənəvi inkişaf gedər. Daim onu basqı altında saxlayarsan, aşağılayarsan, bu, mənfi etki yaradar. Xarakteri də pozur, inkişaf da dala qalır, manqurtlaşır insan. Belə insan cinayət də edə bilər.

xxx

…Türkü İslam dünyasına aid eləmək – “Türk Dünyası” anlamını rədd eləməkdir. Başqa bir dünyanın içində dünya olmaq mənasızlıqdır.
Türk Dünyası – Türk Birliyi bir şeydir. O, yoxdur, qurulmalıdır.
Türk Dünyası – türkün öz varlığından, mahiyyətindən gələn Ulusal Dəyərlə qurula bilər. Yadlıq əsasında birlik olmur. Bu cəhətdən Güney Azərbaycan – Türk Dünyası məzmununu izah edən bir məsələdir. Həm də Güney Azərbaycan Doğu məsələsinin açarıdır. Çünkü Azərbaycanın bütövləşməsi, böyüməsi bütövlükdə dünyanın düzənini (layihəsini) dəyişə bilər…

(Səsdən yazıya çevirdi: Göytəkin Atalı).
44-cü il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir