Xəbərlər

Soylu Atalı. Azərbaycanın siyasi yeri Türk Dünyasındadır

Soylu AtaliÇağdaş dünyanın mənzərəsini göstərməyə çalışan qüvvələr, eləcə də ayrı-ayrı yazarlar olduqca qarışıq fikirlər formalaşdırırlar. Söz yox, bu qarışıqlığı bilərəkdən, istiyərəkdən yaradırlar. Çünkü bütün yanaşmalar qrup, partiya, hakimiyyət maraqlarına uyğunlaşdırılır.
Çoxları elə düşünürlər, Batı ölkələrində hər cür yanaşma hakimiyyət maraqlarına deyil, dövlət maraqlarına hesablanır. Biz burada hər bir incə məsələnin yerini gözləmək üçün “əsil dövlət”, ya da “çağdaş dövlət” anlayışları işlətmək istiyərdik. Nədən? Çünkü əsil dövlət çəkişmə (rəqabət) aparatı rolu daşımır (daşımamalıdır). Çağdaş dövlətlərin maraqları isə çəkişmələrdə gücünə, gücsüzlüyünə görə doğrulur. Söz yox, marağı ödənən dövlətlər əsasən güclü dövlətlərdir. Gücsüz dövlətlərin marağı isə güclülərin ixtiyarında ödənir. Ona görə də, biz fikrimizi ifadə eləmək üçün, dövlət anlayışını deyil, imperiya anlayışını qullansaq doğru olar. Bəllidir ki, çağdaş dünya dörd əsas siyasi imperiyanın basqısı altında yaşayır. Bu imperiyalar aşağıdakılardır: ABŞ, Avropa Birliyi, Rusiya, Çin. ABŞ-la Avropa Birliyi bir-birinə bağlı çalışdıqları üçün daha böyük etkiyə yetkidir (malikdir). Bunların etki çevrələrini genişləndirən əsas faktor iqtisadiyyat üstünlüyü, eləcə də ideoloji sistemliliyidir. Onlar Rusiya imperiyasını bu üstünlükləri ilə üstələyirlər. Çindən üstünlükləri isə əsasən ideoloji sistemliliklərinə görədir… Bu yazıda istəyimiz məsələni bu yöndən araşdırmada davam eləmək deyil. Sadəcə bu dediklərimizin fonunda dövlətimizin çağdaş durumuna qısaca aydınlıq gətirmək istəyirik. Bu gün dövlətimiz adı çəkilən dörd imperiyadan ən çox üçünün (ABŞ, Avropa, Rusiya) basqısı altındadır. Bununla belə, hələ də bəlli deyil, bizim dövlətimiz kimin yanında yer alıb. Bu da onun bağımsız siyasət yürütməsinə görə deyil, seçim eləməyin çətinliyinə görədir. Bu çağa kimi Azərbaycan hakimiyyəti balanslaşdırılan siyasət yürütməsi düşüncəsindəydi. Axıra kimi də belə olacağını kəsdirmişdi. Başqa sözlə, bu komandanın hakimiyətdə olduğu sürəcdə balanslaşdırmanın (əslində Batı ilə Rusiya arasında vurnuxmanın) yetərli siyasət olduğunu hesablamışdılar. Ancaq zaman çox iti gedişlərlə irəliləyir. Siyasi durum çox tez-tez dəyişilir. Dünyanı bölmək uğrunda savaş yeni-yeni istəklər, tələblər ortaya çıxarır. Bu gedişdə qurbanların sayı da çoxalır. Ona görə də kiçik ölçülü dövlətlər, qaçılmaz olaraq,  böyük şəxsiyyətlər, yetkin siyasi öndərlər ortaya çıxarmalıdır.
Böyük güclər çəkişmədə udmaq üçün süni şəkildə balaca milli dövlətlər yaradırlar. Onların haqqını, hüququnu qorumaq adıyla bir-birinin sınırlarını daraltmağa, öz hərbi-siyasi sınırlarını genişləndirməyə çalışırlar. Böyümək, güclənmək olanağı (imkanı) olan dövlətlərin isə içində anarxiya yaratmaqla, onların özləri üçün “əngəl”ə çevrilməsinin qarşısını alırlar.
Onlar üçün gələcəkdə əngələ çevriləcək dövlətlərdən biri Azərbaycandır. Ancaq bu gün Azərbaycan elə bir duruma gətirilib ki, onlar üçün əngələ çevrilə bilməsi, yəni böyüyüb güclənməsi yaxın çağlar üçün gözlənilən deyil. Çünkü dövlətin gələcəksəl baxış sistemi (milli strategiyası) yaradılmayıb. Bütünlüklə zor əsasında yönətilir.
Bu gün sosial  şəbəkələrdə, eləcə də basın yayınlarında düşüncə dolaşmaqdadır. Biri budur: Batı Azərbaycana qarşı ikili standartlarla davranır, Azərbaycanı gözümçıxdıya salır; ikincisi isə: “Batı Azərbaycan hakimiyyətindən insan haqlarına sayğı tələb edir” fikridir.
Hər iki fikir doğrudur. Eyni halda hər ikisi Azərbaycana qarşıdır. Öncə birinci fikrin Azərbaycana qarşı olmasına aydınlıq gətirək. Batı Azərbaycanı sevmir, bu aydındır. Ancaq Azərbaycanı talayan, dağıdan bir hakimiyyətin Batını suçlaması necə özünü doğrulda bilər?! Axı Azərbaycan hakimiyyətinin özü Azərbaycana ikili deyil, çoxlu standartlarla yanaşır. Batını suçlamaqla Azərbaycan hakimiyyəti kimi kimdən qorumuş olur?! Öncələr Azərbaycan hakimiyyəti özünü Azərbaycan xalqından Batının köməyi ilə qorumurdumu?! Necə oldu, indi xalqı Batıdan qoruyur?! Bu gün bu ritorik sorğuların yanıtı (cavabı) əslində hər kəsə bəllidir.  Sadəcə, yuxarıda dediyimiz kimi, hər kəs qrup, partiya tələbləri ilə davrandığına görə sözdə, çalışmada səmimi ola bilmirlər…
İndi də “Batı Azərbaycan hakimiyyətindən insan haqlarına sayğı tələb edir” fikrinin Azərbaycana qarşı olduğuna göz yetirək. Öncə “Batı üçün insan haqları nə deməkdir” sorusunu yanıtlasaq, bizi rahatsız edən məsələlərin mahiyyəti bütünlüklə üzə çıxar.
Azərbaycanın torpağı parçalanıb. Batı özünün dünyaya zorla sunduğu demokratiya ideolojisini özgürlüyün, bağımsızlığın qarantı sayır. Ancaq Azərbaycan torpağını parçalayan Rusiyanı, buna görə, bir dəfə də olsun suçlamır. Tərsinə, Qarabağ sorunumuzu guya çözmək üçün, Rusiya ilə ATƏT-in “Minsk Qrupu”nda bir arada durur. İllərdir, gözgörəsi bu sorunun çözülməsinin (həllinin) qarşısını alır. Azərbaycanda hər kəs də bunu bilir. Ancaq düşünürlər ki, Batı başqa cür də edə bilməz, çünkü öz maraqlarına uyğun davranır. Necə olur, ayrı-ayrı dövlətlərin hakimiyyətlərini diktator olmaqda suçlayaraq çevriliş (demokratik devrim) elətdirir, “özgür” düşüncəli adamları (əslində əlaltılarını) hakimiyyətə gətirir, ancaq başqasının torpağını parçalayanlarla barış (sülh) dilində danışmağı tələb edir?! Əgər doğrudan da, Batı dünyada insan haqlarına önəm verirsə, onda başqasının vətənini parçalayan bir dövlətin hakimiyyətini də demokratik devrimlə (inqilabla) dəyişib, başqalarının haqqına sayğı duyanları orada hakimiyyətə gətirsin…
Bax, bizim müxalif düşüncəli insanlarımızın bunu deməyə səmimiyyətləri çatmır. Azərbaycan hakimiyyətini, xalqın birliyini yaratmaqla deyil, imperialist Batı ilə hədələyirlər. Sonucda vətənimizin, dövlətimizin maraqları ayaqlar altına atılır. Batının Azərbaycanda demokratik devrim eləməsini istəyənlər vətəndaş qarşıdurmasının hansı səviyyəyə kimi gəlib qorxuya çevrilməsini gözə almalıdırlar.
Batı Azərbaycanda devrim eləməyə ona görə tələsmir ki, Rusiyanın Azərbaycanlı kadrlarının, Batının Azərbaycanlı kadrlarından gücsüz olmadığını bilir. İkinci bir yandan, Türkiyənin Azərbaycanda etkisinin də güclü olduğunu gözardı eləmir.
Bu gün Azərbaycan düşünərləri, yazarları topluma bir fikri yeritməyə çalışırlar: Azərbaycan dövləti Batı-Rusiya çəkişməsində Batının yanında yer almalıdır. Doğrusu, çağdaş gediş də bunu tələb edir. Ancaq bununla belə, biz başqa cür düşünürük. Gedişin asan tələbinə boyun əyməyi deyil, varolmanın çətin tələbinə üz tutmağı doğru sayırıq. Yaranmış tarixi ortamdan yararlanaraq Türk Dünyasının birliyini yaratmaq, Türk Dünyasında yer almaq gərəkdir. Tərsinə olarsa, heç bir imperiyanın basqısı altında, istər dövlət varlığımızı, istər ulusal varlığımızı qoruyub saxlaya bilməyəcəyik.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir