Ürəyinizdə Günəş olsun,
istəkli soydaşlarımız!
Bu gün Asif Ata Ocağının Yükümlüsü Soylu Atalı Bakı şəhərində 50-dən çox gənclərlə görüş keçirmişdir. Görüşdə gənclərə Asif Atanın Dünyabaxışı izah edilmiş, onların diqqəti Azərbaycançılıq-Türkçülük birliyinə yönəldilmişdir: “Zaman çox sərtdir, Azərbaycanın durumu isə çox həssasdır. Yabançı ideya daşıyanlar yurdumuzda zərərli təbliğatlarla məşğuldur. Gəncliyin münasibəti ziddiyyətlərlə dolur, Vətənə, Millətə münasibət sıradan çıxarılır. Cəhalətə sürülən, bivecliyə, biganəliyə alışdırılan gəncliyi xilas edib vətənə, milli dəyərlərə bağlamaq üçün Asif Atanın ideyaları ciddi öyrənilməli, Onun Ocağının çağırışı eşidilməlidir. Toplumu küyə salanların qabağını Asif Atanın Baxışı ilə almaq mümkündür…”
Bu söhbətdə gənclərə milli abenin – Ocaq-Türk abesinin varlığından bəhs edilmiş, eləcə də Ocağın milli-insani quralları geniş biçimdə izah edilmişdir. Sonda gənclərin hər birinə fərdi qaydada Ocaq ədəbiyyatları – qəzet biçimli Buraxılışlar, Asif Atanın yeni çapdan çıxmış kitabları bağışlanmışdır. Görüş olduqca maraqla qarşılanmış və gənclərə yüksək təsir bağışlamışdır. Görüşü İnamlı Atalı təşkil etmişdir.
Mütləqə İnam Ocağı