Dağlar öz daşının qədrini bilmir,
Adamlar başının qədrini bilmir.
Lağlanmaya dönüb həyat yamanca
Gədalar kişinin qədrini bilmir.
İllər tələsiyir, aylar yox olur,
Sellər qan-qan deyir, çaylar yox olur,
Ürəkdə məhəbbət, heyrət itdikcə
Ürəkdən-ürəyə yollar yox olur.
Qullar dövlətiylə fəxr edir indi,
Nadan qəflətiylə fəxr edir indi,
Yağılıq ağıla hakim kəsilib
İnsan nifrətiylə fəxr edir indi.
Yol seçmək istəyən yolunu görmür,
Nə görüb boş görüb, dolunu görmür,
Lotu ağsaqqallar artdıqca bu gün
Nəsillər aldanır, ulunu görmür.
Füzuli yaşıyla ağlayan yoxdur,
Ömrünü amala bağlayan yoxdur,
Özgəliyə meyil yaman çoxalıb
Ulu türk ruhunda çağlayan yoxdur.
Adam dost olmağa meymun, it gəzir,
İmtahan özünə başdan küt gəzir,
Namus, ar hərraca qoyulur daha
Kişi yarımçılpaq, qadın lüt gəzir.
Adam var kinindən ayrıla bilmir,
Pis, qara günündən ayrıla bilmir,
Alnıma bədbəxtlik yazılıb deyir
Avamlıq dəmindən ayıla bilmir.
Bəzənib deyilən dürlü sözə bax,
Həyasız, qeyrətsiz, arsız üzə bax,
Riyasız yaşamaq olmaz deyirlər
İnadla deyilən “haqqa”, “düzə” bax.
Cır ağac meyvəyə peyvənd olubdur,
Kamillik adama bir dərd olubdur,
Yurdum parçalanıb, şaqqalanıbdır
Dərdim Bakı, Təbriz, Dərbənd olubdur.
İçindən kök atıb yara içində,
Hərislik yaranıb vara içində.
İlahi qüdrəti gəzmə qıraqda
Axtar öz ömründə, ara içində.
Qaytarmaq gərəkdir ötən harayı,
Müqəddəs yollarda itən harayı,
Vətən yaratmadı talançı dünya
Salsa türk salacaq vətən harayı.
Fədakar ömrünü qatar sabaha,
Kamillər üzünü tutar sabaha,
Həqiqət min il də danıla bilər
Yenə ürəklərdə çatar sabaha.
Dünyanı Yaradan biçdi deyirlər,
İnsanın vüqarı heçdi deyirlər.
Dədələr dünyaya gəlməyib hələ
Dədələr dünyadan köçdü deyirlər.
Günəşdə qızınan donmaz heç zaman,
Ömür ucalıqdan enməz heç zaman,
Varlığı yaradıb öldürdü allah
Var olan varlığı danmaz heç zaman.
İnamım aşiqlər yetirəcəkdir,
Avamlar yalanı götürəcəkdir.
Həqiqət güzgüsü sınsa da belə
Yenə həqiqəti göstərəcəkdir.