1. Xadimlik
Bu gün bir sıra üzdə olanlar milli olaylara qarşı danmaq (inkar eləmək) yolu tutub. Bu yanaşma Ş.İ.Xətaiyə qarşı da yönəlib. Bir var yanlışları görmək, göstərmək – bundan dərs götürmək, bir də var, yağılığın xeyrinə şəxsiyyətin, dəyərin üstündən biryolluq cız çəkmək. İçimizdə başqalarının buyruğuna çalışanlar, nəyimiz varsa, hamısının üstündən biryolluq cız çəkirlər. Ölkə insanları da ən çox onların təbliğatını görürlər, onların yazdıqlarını oxuyurlar. Milli özünə inam o qədər zədələnib, hər şeyimizin pis olduğu, uğursuz olduğu görsənişi yaranıb ağıllara yeriyir. Doğrunu yazanlara isə elə də ciddi inanmırlar. Halbuki doğrunu yazanların sayı çox da deyil. Eyni halda, tərs yazanların yayılması, etki göstərməsi üçün ortam daha genişdir. Televiziyalar, basın yayınları onlara daha çox meydan verirlər. Ya da onların özləri basın yayınları işlətmək üçün maddi cəhətdən təmin edilirlər. Əlində telefon, bilgisayar olanlar da milli-mənəvi uğurlarımızın olacağına, yaranacağına inanmaq istəmirlər. Yüksək texnologiyalar yaradanlara daha çox inanırlar. Deməli, yüksək texnologiya yaradanın ağlı bizdən üstündür. Deməli, ağlı üstün sayılanların mənəviyyatı da üstündür. Deməli, onlar hər şeyə qadirdir, biz yox. Şüur belə formalaşır – düşüncə yanılır, aldanır. Ancaq bu yanılmaları sadə toplumumuza özgün eləmək olar, bilə-bilə yağının buyruğunda duranlara yox. Buyruqda duranlar dönükdürlər, milli şüura tərs yaşayanlardır. Onlar şöhrət üçün, sərvət üçün, yüksək görəvlərdə yer tutmaq üçün özgələşməni özümləşmədən üstün tutanlardır. Onların bir kəsiminə “5-ci kolon” adı qoyublar. 5-ci kolon Rusiyanın çıxarlarına çalışanlardır. Bəs Batının çıxarlarına çalışanlara, ərəbçiliyə, farsçılığa çalışanlara hansı adı qoyaq?! 5-ci kolona qarşı söz deyənlər də ən çox Batıçılığa qulluq göstərənlərdir. Guya Rusçuluq bizə yaddır, Batıçılıq doğma.
İçimizdə olan özgəçilər bir neçə cəbhədə çalışırlar. Hər biri o birinə qarşı söz deyir, özünü millətə gərəkli kimi sırıyır. Bununla da özünün ziyankarlığını pərdələməyə çalışır. Özümləşməyə – millətləşməyə qulluq edənlərə isə “şovinist”, “radikal” “antidemokrat” i.a. damğalar vurmağa çalışırlar…
İndi qayıdaq sözümüzün başına. Dedik, bir çox olaylarımıza özgəçilər danıcı yanaşırlar. Burada önəmli bir məsələni vurğulamaq yerinə düşər. Bir var şəxsiyyət özüylə, ideyasıyla, düşüncəsiylə bağlı tərs danışanlara səbəb versin. Bir də var, tarix – qarışıq-dolaşıq yazılaraq, çaşdırıcılıq yaratsın. Məsələn, Babək haqqında yazanlar, danışanlar ən çox Babəkə qarşı obyektiv olmayan xilafət qaynaqlarına üz tuturlar. Bu zaman heç bir məntiqə, olayların mahiyyətinə, milli qeyrətə, fəhmə söykənmirlər. Ona görə də Babəki özgələşdirirlər, savaşının yönünü başqa cür dəyərləndirib kölgələyirlər. Daşıdığı ideyanı çirkli düşüncələrə bağlamağa çalışırlar. Eləcə də Nəiminin, Nəsiminin daşıdığı ideyanın mahiyyətini dəyişdirib (təhrif edib) ərəbçiliyə bağlı yozurlar.
Bu yazıda bizim üz tutduğumuz əsas qonu Şah İsmayil Xətai ilə bağlı olduğuna görə başqa qonuları genişləndirməyəcəyik.
Yuxarıda vurğu elədik, şəxsiyyət özü, ideyası, düşüncəsi haqqında çelişkili (ziddiyyətli) baxışların ortaya çıxmasına özü də səbəb verə bilər, ona qarşı qərəzli də yanaşa bilərlər. Acıyaraq (təəssüf hissiylə) deməliyik, Xətaimiz belə bir səbəbi vermişdir. Bu da onun ömründə ikiləşən taleyi ilə bağlıdır. Xətai həm özünü sufi kimi təsdiq eləməyə çalışırdı, həm də hökmdarlığını dərinləşdirirdi. Nə yazıqlar, bu şəxsiyyətimizin taleyindən doğru sonuclar çıxarmaq yerinə, yenə də özgəçi çoxluq qərəzli təbliğatlar qururlar. Bizə görə qərəz Azərbaycanın dövlətçilik tarixinə qarşı yönəlib. Eləcə də, sağlam Türk Birliyinin yaranmasını əngəlləmək məqsədi güdür. Tarixdən bəllidir, Şah İsmayıl Xətai Azərbaycanı birləşdirmiş, böyük gücə çevirmişdir. Zaman-zaman Batı fəndgirliyinin yardımı ilə Rusiya Azərbaycanı parça-parça eləmiş, bir parçamızda erməni dövləti yaratmışlar. Bu gün Şah İsmayıla qarşı düşüncə – Bütövlük şüuruna qarşı yönəlibdir. Eləcə də Osmanlı-Səfəvi döyüşünün fəsadlarını bu günə daşımaqla Türkiyə-Azərbaycan yaxınlaşmasını əngəlləməyə çalışırlar. Yuxarıda vurğuladıq, Ş.İsmayıl dövlətçilik baxımından Bütövlük şüuru yaratdı. Millətin türk dilinə “dövlət dili” statusu vermiş, mədəniyyətin gəlişməsinə yol açmış, elm, sənət adamlarına dövlət qayğısı göstərmiş, aşıq-saz sənətini milli strategiyanın önəmli faktlarından biri kimi qoruyub gəlişməsinə ortam yaratmışdır. İzlənilən (təqib olunan), qovulan Hürufilərə yiyə duraraq onları qorumuşdur. Yaradıcılığında Hürufilik baxışlarından ciddi bəhrələnmişdir. (Bununla bağlı aşağıda özəl vurğular edəcəyik).
Ordunun milliləşməsi, orduda qullanılan bütün anlayışların milli sözlərlə ifadə olunması, Dış siyasətdə yazışmaların, məktubların türk dilində gerçəkləşməsi Şah İsmayılın danılmaz uğurlarıdır.
Söz yox, onun ideoloji, siyasi yanlışları da yox deyil. Ən böyük siyasi yanlışı Osmanlı dövləti ilə döyüşüdür. Venesiya böyük elçiliyinin fitnəkarlığına aldanaraq, iki qardaşın bir-birinə qılınc çalması – “Çaldıran Faciəsi” Azərbaycanın, bütövlükdə türklüyün taleyində yanlışlara yol açmışdır.
İdeoloji baxımdan şiəliyi qabartma, Ağ atın üstündə özünü zamanın yiyəsi imam Mehdi elan eləməsi zərərli addım idi. Osmanlıdan tez-tez Azərbaycana gələn emisarların sünnülük təbliğatına qarşı şiəlik ideolijisi ilə dirənməyi yersiz sayırıq. Ancaq bu ideolojiyə görə Səfəvilərlə Osmanlı arasında gedən savaşı Türklüyə qarşı addım kimi dəyərləndirənlərin baxışlarını da rədd edirik. Sultan Səlimlə Şah İsmayıl iki imperiyanın başında dururdular. Hər ikisinin öz imperiya çıxarları vardı. Onlar birgə dış siyasət yürüdə bilməzdilər. Eyni zamanda, onların qarşısında türklüyü ortadan qaldırmağa çalışan başqa güclər yox idi. Dönəm Türkçülük-Millətçilik dönəmi deyildi. Bu iki Türk gücünün dünyanın siyasi yönətilməsində (idarə olunmasında) xas etkiləri vardı. Onlar, yönətdiklərindən daha çox, bir-birindən çəkinirdilər. Türk dövlətləri olsalar da, gündəmdə onları bir-birinə bağlayan Türkçülük tələbi də yox idi. Özəllikcə, Osmanlıda fars mədəniyyəti, dili dövlət qurumlarında aparıcılıq təşkil edirdi.
Bir sözlə, bu iki dövlətin savaşı, Türklüyə ziyan versə də, məqsədli deyildi. Ortada xəyanət deyə bir şey yox idi. Özünü milli adlandıran yalançı təbliğatçılara görə guya Ş.İ.Xətai heç türk də deyildi, türkə qənim kəsilmiş qatil idi. Onun poetik yaradıcılığı da yox imiş, başqa İsmayılın imiş i.a. Şah İsmayılın siyasi çalışmalarına rəng qataraq başqa cür yozub yaza bilərlər. Ancaq onun yaradıcılığı adına heç kim özünü sırıya bilməz. Sovet tarixçiliyini bizə qarşı “mərhəmətli” sırıyanlar yalanları həqiqət kimi uydurmaqdan daşınsalar yaxşı olar. Necə ola bilər, sovet tarixçiliyi bizə Türk dövlətçiliyi uydursun?! Tərsinə, sovet tarixçiliyi bizim dövlətçiliyimizi danar, milli Türk kimliyimizi dandığı kimi. Sovet ideolojisi bizi əsarətdə saxlayıb yönətmək üçün bütövlük şüurumuza daim balta çalıb. 37-ci il repressiyalarının üzünə necə pərdə çəkmək olar?! Bir sözlə, Ş.İ.Xətainin yaratdığı türk dövlətçiliyi gerçək bir tarixdir, sovetlərin bizim üçün uydurduğu tarix deyil.
Ş.İ.Xətainin milli kimliyinə gəlincə, onun türklüyü poeziyasında qabarıq şəkildə özünü göstərir – həm dil baxımından, həm də üslub-xarakter baxımından…
Yuxarıda da vurğuladıq, seçdiyi, yaşadığı taleyə görə Ş.İsmayılın həyatını iki cəbhədə öyrənmək olar: bunlardan biri haqqında qısaca söz açdıq. O, dövlət xadimi idi – güclü, tədbirli, bacarıqlı – türk dilinə siyasi status verən, milli mədəniyyətin gəlişməsinə yol açan, dövlətçilik yönündə bütövlük şüuru yaradan dövlət xadimi.
İkinci cəbhə onun yaradıcılığı ilə bağlıdır. Sevən, inanan, mərd, bədii-fəlsəfi düşüncəyə bağlı sufi şair. Onun bu cəhətində babalarının etkisi danılmazdır. Özəllikcə Şeyx Cüneydin. Ancaq burada da onun şəxsiyyəti haqqında bütövlük təsəvvürü yaranmır, çelişkili düşüncələrə yol açılır. Asif Atanın dediyi kimi: sufiliklə hökmdarlığı birləşdirə bilmədi. Çünkü sufiliklə hökmdarlıq bir-birinə əngəl olan məsələlərdir. Eyni halda, sufi olmaq istəyi, hürufilik baxışlarından bəhrələnmələr şiəlik addımlarına tərs idi. Hürufiliklə Əlinin baxışını birləşdirmək necə özünü doğrulda bilərdi?! Şiəlikdə Allah fövqəl qüvvədir, hürufilikdə Doğanın özü. Hürufilik təriqət kimi yaransa da, özül ideyalarında Türk panteizminə dayanırdı. Bu səbəbdən də onun özünü imam adlandırması, şiəliyi hallandırması bizə görə, siyasi bir gediş idi. Bir yandan Osmanlının sünnülük təbliğatından imperiyasını qoruyurdusa, bir yandan da sufi-hürufi baxışlarına görə içdə qarşıdurmaların, parçalanmaların qarşısını almaq gedişlərini savunurdu. Bizə görə şiəlik Şah İsmayılın siyasi taktikası idi. Bu ayrıca bir araşdırma qonusudur…
İndi isə Ş.İ. Xətainin taleyindəki təzadlı məsələlərlə bağlı bir neçə söz deyək:
2. Bütövlük həsrəti
İnsan qəlbinin sirlərlə dolu dərinliyi Dünyanın əzəli əsrarlı möcüzəsidir. Göz qabağında yaşayan, məişət quran, şahlaşan, fəhlələşən, qan axıdan, göz yaşı tökən, dünyanı quran, uçuran, bir ovuc insan qəlbi nə böyük sirlər dünyasıdır. Bu dünyada gah ikrahedici bəsitliklər, gah möhtəşəm təzadlar, gah da sadə həqiqətlər, müqəddəsliklər görsənir (təzahür edir). Bəsitlik, ziddiyyətlilik insan Qəlbinin əsrarlığına tərsdir, bu səbəbdən də o, daim yüksəkliyə, bütövlüyə, Mütləqiliyə can atır. Bizim axtarışlarımızda Xətai ömrü də daim bütövlüyə can atır, ancaq şahlıq bu bütövlüyü yarımçıqlayan əngəl kimi Ş. İsmayılın ömründən qırağa durmur. Aqibətinin təzadlı olmasına baxmayaraq, onun sevgi nəğmələri insanlığın anlamından danışır. Qəzəllərinin fəryadında ülvilik təranələri dinləyirik.
Genel olaraq, böyük ürəklərin sevgi çağırışlı şerləri, onların insan xislətini tanıya bilmək qüdrətindən gəlir. Çağdaş şeirlərin “gözəlsən, göyçəksən” öygülərindən yüksəkdə durur. Ədəbiyyat nəzəriyyəsinin tələblərinə uyan çağdaş yazarların böyük kəsimi məna tələbindən çox uzaq durur. İnamla, sevgi gözəlliyi ilə mömünləşməyən şair dünyəvi bilikləri nə sinirə bilər, nə də söyləyə. Sevgi ürəyi Gülüstana döndərməsə, şeirdə pərvanənin adını çəkməklə, aşiqlik qatında var olmaq olmur. Hicran – qafiyələri deyil, ürəyi atəşə tutmalıdır. İndi kapitalizmin çağdaş şeir örnəkləri klassikanın ortadan qaldırılması üzərində qurulur, bu səbəbdən də gücsüzləşir. Klassik özül üzərində ucalmayan poeziya binası abad ola bilməz. Bu başqa qonudur, davam eləmədən qayıdırıq Xətai poeziyasının ağılarını dinləməyə.
Çün təcəlla nurini görmək təmənna eylərəm,
İmdi Mənsurəm, məni bir dara göndərmək gərək.
Görəsən, bunu şah deyə bilərdimi?! Şahlıq Xətainin sanki əlində, əməlində olub, qəlbində tam olmayıb. Şahlıq – topluma hökm etsə də, ilk növbədə şahın öz qəlbinə hökm edir axı. Qəlbini şahlığa verən əhaliyə hökmdarlıq edir. Şah – insandan ayrılıb, şahlıqla birləşəndə hökmdar olur. Bunları göz önünə alanda Xətainin faciəsi üzə çıxır. Xətainin qəlbində iki hökmdar fərman verir – şahlıqla sufilik. (Sufilik də mənəviyyatın “hökmdarlığı”dır).
Çün qul oldun, ey Xətai, bəndəfərman ol yəqin,
Bəndə fərman olmayanlar layiqi-şah olmadı.
Şah olan sufi ola bilməz, sufi olan şah. Xətainin faciəsi də elə bu yarımçıqlıqdadır. Onun qəlbində nə sufi mistisizmi tam qələbə çalıb, nə də şahlıq. Sufi duyğular ehtiraslananda şahlıq geri çəkilib, şahlıq hökm edəndə sufi duyğular susub.
Qılınc çalan, qan axıdan kəs, həqq dediyi, mənaca Allah olan insana aşiq olmaqdan fərəh duya bilərmi?! Ya da bunca özünü Mənsur Həllac kimi görən kəs Həqqə – insana qılınc çala bilərmi?! Nə böyük təzaddır. İsmayılın qəzəllərindən göz yaşı axır. Damla-damla axan göz yaşı şahlığın qəzəb dalğalarına qarışır. Ona görə də bir ömrü müqəddəslik suyunda çimizdirmək mümkün olmayıb. Şah İsmayıldan ən çox dövlətimiz qazanıb (bütövlük baxımından dövlətçilik gələnəyi yaranıb), ruhaniyyatımız qazanmayıb. Heç bir dövrdə şahlıq ruhani dünya yaratmayıb, yarada da bilməz. Ruhaniyyatı xalq yaradır – şahlıqdan qıraqda. Ərəb xəlifəliyinin yaratdığı ruhaniyyat antiruhaniyyat oldu. Bu gün də xəlifəliyin qalıqları dünyaya teror verir. Din bayrağı altında ruhaniyyat yaratmağa deyil, terrorla özünü qorumağa çaba göstərir…
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən irəli pərgar idim.
İnsanın əzəliliyini duyan, dərk eliyən ürəkdə şahlıq necə tab gətirə bilirmiş?! Xətai sufiliyə şahlıqdan yol getməyib, mənadan yol gedib. Şahlıq sufiliyə doğru yol göstərmir, şöhrətə, hökmə, xəzinəyə doğru yol göstərir. Xətai içində şahlığı ötüb sufilik sarayına addım qoyub, ancaq qala bilməyib, yenə şahlığa qayıdıb.
Xətai gah könül dünyasına əsir düşüb, gah da gerçək aləmin sultanı kimi yaşaya bilib.
Mürid oldur, ola əhli iradət,
Hər işdə var ala pirdən icazət.
Haram edə uyxusun dost yoluna,
Yana pərvanə tək eşqin oduna.
Eşqə mürid olur Xətai. Mürşid səviyyəsinə isə qalxa bilmir. Qəlb oduna şahlıq sərinlik gətirir. Buna baxmayaraq, mürid olanda belə şahlığı bütöv olmur Xətainin. Ancaq şahlığa qayıtdığı üçün mürşid də ola bilmir.
Dəmbədəm yol gözlərəm, ol suvlu yarım gəlmədi!
Qalmışam qış möhnətində, nobaharım gəlmədi!
İxtiyarım getdi əldən, canü dildən əl yudum,
Ol mənim canü könüldən ixtiyarım gəlmədi!
Şahlığa müti olan qəlb “Büt”ü görməz. Xətai şahlıqdan yüksəyə qalxır. Qəlbini bütxanaya çevirib ay üzlü pərini – “Büt”ü oraya səsləyir.
Şahın ən gözəl qıza elçi göndərməsi ilə vüsala yetməsi yolunda hansı əngəl ola bilər, bu qədər hicran odunda yandım desin?! – Bunu şah Xətai demir, sufi Xətai deyir. Üzdə vüsallı görünən şah gizlində həsrətlə yaşayır.
Sevibdir sim ilə zəri, qoyubdur vəsli-dildari,
Əgər doğrusini dersəm olur xəşm ilə nər sufi.
Xətai, mürşidi pirlər əlini tutub ar etmə,
Əgər arif isən anla, kərəm qıl olma xər sufi.
Xətai sufiliklə şahlığı birləşdirə bilmir. Ancaq heç birindən də əl çəkmir. Özü öz yarımçıqlığına acıyır. Sufi dərd əhlidir, şah isə eyş-işrət peşində olur. Bir ürəkdə keflə dərd qol-boyun ola bilməz. Bunlardan biri olanda o biri olmur. Bunların əvəzlənməsində bütövlük ortadan qalxır. (Biz Ş.İ.Xətaini bütöv bir kef düşkünü saymasaq da, şahlığının yaratdığı yarımçıqlığı görürük). Bütöv olmayan xöşbəxt ola bilməz, xöşbəxt eləyə bilməz.
Xətaimiz xətamız deyil, dərsimizdir. Öyrənməliyik, Bütövlüyə yetməliyik.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
(Bildiriş: Yazının 2-ci parçası 2003-cü ildə yazılıb.)
13 Çiçək Ayı, 43-cü il.
(aprel, 2021.)