Xəbərlər

Soylu Atalı. Biz necə türkləşirik

Yazının başlığı çaşdırıcı görünə bilər. Sual oluna bilər, biz türk deyilikmi, başqa millətik də türkləşmə yolumu tutmuşuq?! Bu sualın ortaya çıxması da bir açıdan yanlış deyil. Ancaq nə yazıqlar ki, biz hər mənada özünə yadlaşmış toplumuq. Özünə dönməli, özümləşməliyik. Bizim özümləşməyimizin adı türkləşmədir. Biz türk üzümüzü, türk kimliyimizi itirmişik…
…Çağdaş bilim adamlarından bir çoxları bəşər soyunun ən qədim köklərindən biri kimi türklərin adını hallandırırlar. Bu bilgini tarixin antropologiya bölümü qazıntılar sonucunda üzə çıxan insan sümüklərini öyrənməklə möhkəmləndirir. Bu faktlar artıq yetərincə genişlənməkdədir. Ən qədim mədəniyyətin, sivilizasiyanın türklərə özgün olması da təsdiqini tapmaqdadır. Bunu öyrənmək, bilmək hər kəsə gərəkdir. Başqa sözlə, milli düşüncə yaratmaq istəyənlərin bunları bilməsi önəmlidir. Ancaq bunları bilmək milli şurun özümləşməsi üçün ilkin bilgilərdir. Bununla bağlı daha nələri bilməyin gərəkli olduğunu aydınlaşdırmağa çalışsaq, bir sıra çətinliklərlə üzləşəcəyik. Nədir bu çətinliyi doğuran səbəblər? – Genel olaraq götürəndə, xalqların millətləşmə sürəci son yüzillərdə bir sistem halına gəlmişdir. Öncəki yüzillərdə belə bir sürəcə tarix tanıqlıq eləmir. Bununla belə son yüzillərdə millətləşmə sürəci bəlli bir yol keçmişdir. Avropa xalqlarında millətləşməni renesans aşamasının sonucu kimi götürmək olar. Nə yazıqlar ki, millətləşməni siyasi açıdan dəyərləndirirlər. Millətləşmə anlayışının özünə də siyasi anlam verirlər. Eyni halda, millət sözünü, daha doğrusu, anlayışını kapitalizmin məhsulu sayırlar. Əslində isə bu anlayışın, hansı dönəmdə meydana çıxmasından asılı olmayaraq, daşıdığı məna yükü var. Baxış da bu yükün yerdən qaldırılmasına, oluşmasına, bitkin şəklə düşməsinə yönəlməlidir. Millətləşmə üçün nə gərəkdir, hansı addımlar atılmalı, işlər görülməlidir? Nə yazıqlar ki, çalışmalar bu yöndə deyil. Daha çox anlayışların doğru olub-olmamasını dilə gətirmək yönündə özünü göstərir. Gərəksiz qovğalar, dartışmalar baş alıb gedir. Bəzi hallarda millətçilik sözünü şovinizm sözü ilə eyniləşdirib dışlayırlar da. Millətçilik sözünün yerinə milliyyətçilik ifadəsinin işlənməsini önərənlər də var. Ancaq bu milliyyətçilik nədir, necə olmalıdır, özündə hansı yükü daşıyır, buna əsaslı bir aydınlıq gətirilmir. Söz yox, millətçilik bir ideologiyadır. Ancaq sırf siyasi xarakterlərə dayanıq bir ideologiya deyil. Konkret dəyərlərə bağlı bir ideologiyadır. Əgər siyasi xarakterlərə dayanıq olsaydı, o zaman millətçilik dəyişkən, sönük bir baxış olaraq ortadan gedə bilərdi. Ancaq biz düşünürük millətçilik əbədi bir sürəcdir. Siyasət isə çıxarılara bağlı bir gedişdir, hər dönəmdə dəyişilə bilir. Millətçilik isə milli varlığın qorunmasının qarantıdır. O gəlişə bilər, dəyişilə bilməz. Bu qarantı itirmək qaranlıqda yerimək kimi bir şeydir. Doğrudur, millət öz varlığını dövlət araçılığı ilə sürdürür. Dövlət siyasi olaydır. Ancaq millət bütün ixtiyarını dövlətə verib passiv düşünən, kortəbii yaşayan varlıq deyil, dövlətin formalaşmasını, gəlişməsini, mədəni yenilənməsini həyata keçirən birlikdir. Millət dövlətin qaynağı, dayağıdır. Dövlət millətin özünüqoruma mexanizmidir. Bu mexanizm millətin yaradıcı olanaqlarını üzə çıxarmalı, birgə yaşayışın mənəvi sınırlarını bəlirləməyə yardımçı olmalıdır. Olurmu, demək çətindir. Çünkü dövlət özünü millətdən üstün tutur, milləti özünün qulluqçusu kimi görür. Başqa sözlə, dövlətin başında duranlar dövləti belə bir duruma gətirirlər. Bu üzdən millətçi olmayanların, milli şüura yad olanların dövlət başına keçməsi, keçirilməsi yolverilməzdir. Tərsinə olanda millətin varlığını hədələyən bir görsəniş ortaya çıxır. Buna Osmanlı dövlətinin son durumlarını daha parlaq bir örnək olaraq göstərə bilərik. Sarayda hərcayilik,  eyş-işrət baş alıb getdiyindən dövlət bütünlüklə milli dayaqlarını itirməyə başlamışdı. Sonucda yox olmaqdan güclə qurtuldu. Atatürkün milli ərdəmliyinin yönətiçiliyi ilə türk toplumu toparlana bildi. Doğrudur, bu toparlanma çox iş gördü, ancaq getdikcə zəiflədi. Çünki toparlanma toplumun özünü qoruma gücü olsa da, özünü qoruma sistemi deyildi. Özünü qoruma sisteminin əsas dayağı milli şüurun milli dəyərlərə bağlı olaraq gəlişməsidir. Millət özümləşməsə dövləti qorumaq çətin duruma düşür. Millət öz dövlətini “özünüqoruma sistemi” olaraq yaratmalıdır. Bunun üçün dövlətin bütün atributlarını yaşatmalıdır. Dil, gələnək, mədəniyyət sıradan çıxmamalıdır. Çıxarsa millət assimilyasiyaya uğrayar, özünün tarixi dövləti gücünü itirə bilər. Dil millətin varlığının birinci koşuludur. Çünkü özünəxaslığı, mədəniyyəti ifadə edən, formalaşdıran anlayışların, adın, soyadın etnik xüsusiyyətlərini kodlaşdıran açardır. Etnik xüsusiyyətlər də öz növbəsində milli dəyərləri yaradır. Deməli, dili zənginləşdirib qoruyan milli dəyərlərdir. Bu üzdən milli dəyərlər sıxışdırılanda dil gücünü itirməyə başlayır. Bizim dilimizə ən böyük zərbəni islam dininin gəlişi vurdu. Dəyərlərimiz sıradan çıxarıldı, islam özüylə anlayışlar gətirdi, ərəb sözləri aşırı düzeydə dilimizdəki anlayışları, sözləri dışlayıb əvəz elədi. Getdikcə doğmaca ana dilimizdəki bir çox sözlər köhnəlmiş statusu ilə damğalandı. Bu gün də dilimizin özəlliklərini qorumağa çalışanların sayı az, içimizdə onlara qarşı duranların sayı çoxdur. Əgər dövləti qorumaq istəyirsən dinin ümmət anlayışının millət anlayışını dışlamasının qarşısını almalısan.
Millətçilik “özünüqoruma sistemi”ndə dayaqlardan biridir. Dediyimiz kimi, bu bir ideologiya kimi qəbul oluna bilər. Ancaq konkret millətin öz dəyərlərinə bağlı bir ideologiyadır. Məsələn, Azərbaycanda alman millətçiliyi, ya da tərsinə, Almaniyada türk millətçiliyi yarada bilməzsən. Almaniyanın millətçiliyi alman dəyərlərinə, Azərbaycanın millətçiliyi türk dəyərlərinə bağlıdır. Yəni Azərbaycan dövlətçiliyini alman millətçiliyi ilə, eləcə də, alman dövlətçiliyini türk millətçiliyi ilə yaşada, qoruya bilməzsən. Ona görə də bir dövlətdə neçə millətin nümayəndələrinin yaşamasına baxmayaraq, dövlətin konkret milli dəyərlərə dayanıqlığı olmalıdır. Başqa cür dövlət yaratmaq, ya da yaşatmaq olumsuzdur. Heç kimin, heç bir millət nümayəndəsinin haqqının, hüququnun danılmasından söz gedə bilməz. Ancaq hər millətin nümayəndəsi dövlətin yönətiminə öz dilini, mədəniyyətini daşımağa çalışarsa dövlətdən dövlət qalmaz. Bəzən bu sadə həqiqətləri etnik toplumların ayrı-ayrı nümayəndələrinə anlatmaq çətin olur. Bu cür adamlar dövlətin əsas toplumunun millətçiliyini gözdən salmaq üçün yalançı, başı-ayağı bilinməyən humanizmdən, liberalizmdən danışırlar. Onlar siyasi baxımdan ələ alınmış adamlar olurlar, aranı qatıb dövlətdə milli gəlişmənin qarşısını kəsməyə çalışırlar.
Bu cür addımları millətin öz nümayəndələri də ata bilirlər. Anlayışların başına kəndir salıb yersiz söz güləşdirmələrlə, araqarışdırmalarla uğraşırlar. Məsələn, millətləşmənin yolunu aydınlaşdırıb öyrətmək yerinə millətçilik anlayışına dirəniş göstərirlər. Ancaq bu anlayışın yerinə daha uğurlu bir ideya, eləcə də bu ideyanın işləmə mexanizmini önərən yoxdur. Çünkü dirəniş göstərənlərin mənəvi yetkinliyi olmur. Mənəvi yetkinlik millətləşməni ortaya gətirər, özünə yadlaşmanı deyil.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Çiçək Ayı,  46-cı il. Atakənd.
(aprel, 2024. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir