Xəbərlər

Soylu Atalı. Bosna Hersek Türk Bizim Ocak Törəninə Uğurlama

Ürəyinizdə Günəş olsun, sayğılı dostlar!
Aramızda olan məsafə uzun olsa da, qəlbimizlə, sevgimizlə yaxınıq sizlərə. Həm də yalnız sevgimizlə deyil, işimizlə, mübarizəmizlə sizlərə doğmayıq, gərəyik – çiyin-çiyinə, ürək ürəyə söykəyik. Dünyanın harasında olursa olsun, sağlam düşüncəli türk insanlarımızın ancaq bir istəyi olur – barış, özgürlük. Bu istəklərə bir az dərin məna verib düşüncələrimizi dəqiqləşdirə bilərik. Türk fitri azadlıqsevərdir. Ona görə də bugün ən çox onun qəlbi Azadlıq sevgisiylə döyünməli və Amacı da Azadlıq uğrunda savaş olmalıdır. Demokratiya, söz azadlığı Türkün Azadlıq istəyinin yanında çox sönükdür. Bugün demokratiya və söz azadlığı hakimiyyət uğrunda mübarizədə işlədilən terminlərdir, yaxud metodlardır. Azadlıq məsələsini bu sözlərə söz kimi də, məzmun kimi də yerləşdirmək mümkün deyil. Azadlıq – milli-insani varolma deməkdir – Ali dəyərlərlə yaşamaq, dünyaya öz sözünü demək, özünəxaslığı bəşər məzmununda tapmaq deməkdir. Bəs kimdən, nədən azad olmaq gərəkdir?! – Bizə görə bu vaxtacan türkün göstərdiyi hünərlər, çəkdiyi əməklər türk adı, türk kimliyi üzərində zəmin tapmayıb, – əsasən Özgəliyi yarıdıb, Özgələrə gərək olub. Türk eşqi, türk enerjisi, türk qüvvəti türkün cahanşümul hikmətini, fəlsəfəsini, dünyabaxışını ortaya qoymalı idi. Qoymadı. Bu səbəbdən də gücümüz parçalandı, girdilər içimizə, yadlaşdıq Özümüzə. Yadlardan barış umduq, səxavət umduq, aqibət istədik. Bizə nəinki istədiklərimizi verdilər, əksinə vəhşi damğası vurub böhtanlara məruz qoydular (bu böhtanlar sizlərə bəllidir). Qədim totemimiz olan Bozqurdu bizim xislətimizdə olan vəhşilik simvolu kimi qiymətləndirib təbliğ elədilər. Bu təbliğat ona görə yeriyə bildi ki, biz böyük dəyərlər yaradıb ona yiyə durmadıq. Hər kəs öz yaratdığını bizə göndərdi, arxasınca da gəlib içimizdə oturuşdu. Deməli, Türk olaraq biz bu fəlakətlərdən dərs götürməliyik. Bizim böyük Azadlığımız bu nöqtədən başlayır.

Asif Atanın baxışına görə türk böyük azadlığına qovuşmaq üçün böyük imtinalara yetməlidir – Dairələrdən çıxmalıdır: – Batılaşma dairəsindən, ərəb xurafatçılığı dairəsindən, beynəlxalq birliklər dairəsindən…

Böyük Türk Birliyi yaranmalıdır. Bunun üçün türkün öz dünyabaxışı olmalıdır, öz fəlsəfəsi olmalıdır – Biz, Mütləqə İnam Ocağı onu veririk; Ulusumuzun özümləşən mədəniyyəti olmalıdır –  Biz onun əsasını yaratmışıq; öz kuralları olmalıdır – Biz onu ortaya qoymuşuq; yazı (əlifba) birliyi olmalıdır – Orxon-Yenisey abidələri əsasında biz onu yaradıb işlədirik. İnanc Birliyi olmalıdır – bu, çox prinsipial məsələdir. Biz böyük Türk Etnosu olaraq nə qədər ki, ayrı-ayrı toplumlarımızla fərqli mədəniyyətlər daşıyıcılarıyıq, yabançı qüvvələr aralarımızdakı uzaqlığın qalmasına çalışacaqlar – bir-birimizə yad yaşamağımızı təmin edəcəklər.

Biz başqa xalqların mədəniyyətlərinin əleyhinə deyilik, nə də mədəniyyətlərin qarşılıqlı təsirlərinin (etkilərinin) əleyhinə deyilik (bu, bizim istəyimizdən asılı olmayaraq olur). Ancaq başqa mədəniyyətlərin bizi özümüzdən almasına, ayırmasına qarşı amansızıq.

Biz Türk Birliyi deyəndə öz milli-insani dəyərlərimizi yaradıb onun yörəsində olmağı, yaşamağı nəzərdə tuturuq. Biz Türk birliyini imperiya kimi təsəvvür etmirik. İmperializm –bəşəriyyətə qarşı duran dağıdıcılıqdır, həm də imperializmə mənsub olan millətin mənəvi ölümüdür. Türk fitri insançıdır, birsifətlidir, mərddir, həqiqətsevərdir, təbiətsevərdir, bütövlükdə bəşərsevərdir. Türkün uca ruhunu bərpa eləmək və yaşatmaq düşüncəmizin əsas qayəsi, savaşımızın əsas hədəfidir. Düşünürük ki, türkün pərakəndəlikdən qurtarması üçün Asif Atanın yaratdığı Mütləqə İnam Dünyabaxışı öyrənilməli və yaşadılmalıdır. Bu yöndə hər yerdə ciddi maarifçilik işi qurulmalıdır.

Sayğılı dostlar, mənim təkliflərimi, çağırışlarımı bir türk övladının doğma ərki kimi qəbul etməyinizi xahiş edirəm. Bizim insanlarımızın enerjiləri, eşqləri, həvəsləri qısa ömürlü təşkilatlar yaratmağa deyil, uzun ömürlü quruculuq işlərinə həsr olunmalıdır. Özgələrdən aldığımız, öyrəndiyimiz ideyalar bizləri həmişə yarıyolda buraxıbdır, davam edə bilməmişik. Çünki ruhumuza qovuşa bilməmişik. İdeyaları özümüzdən almaq, özümüzdən öyrənmək vaxtıdır.

İnanırıq ki, Bosniyada toplaşan dəyərli dostlarımız bugünkü təşkilatlanmaları ilə prinsipial addımlar atmağa hazırlaşırlar. Yəni Bosna Hersek Türk Bizim Ocağı böyük Türk Birliyi yönündə ciddi axtarışlar edəcək, möhtəşəm bir hərəkata çevriləcəkdir.

Hər birinizi tək-tək təbrik edirəm, uğurlar diləyirəm.

 Atamız var olsun!

 Sayğılarımla Mütləqə İnam Ocağının Yükümlüsü
Soylu Atalı

22 Qar Ayı, 31-ci il. ( 22.01.2010)
Azərbaycan – Türkel.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir