Xəbərlər

Soylu Atalı. Böyük oyunlar Azərbaycanı içinə almağa doğrudur

Son günlər “xalqların sülhə hazırlanması” adlı Bolton “canıyananlığından” çox danışılır, dərin kökləri olmayan düşüncələr sərgilənir. Yenə də Azərbaycanın çevrəsində qurulan başqatıcı oyunlara düzgün qiymətlər verilmir. Söz yox, dünyada siyasi etkisi olmayan, ya da etkisi  sadəcə strateji bölgədə yerləşməsinə bağlı olan (özündən asılı olmadan) bir dövlətin siyasi yönəticiləri də, siyasi araşdırmaçıları da “suyu üfürə-üfürə içmək” zorunda qalırlar. Belə yanaşmalar isə onsuz da ölkənin çıxarına uyğun heç nəyi dəyişmir. Sadəcə, bölgə uğrunda dartışan güclərin öz çıxarlarına uyğun davranışlarından, bunlar da özləri üçün, yararlanmaq gərəkliyini düşünürlər, bu yöndə də təbliğat qururlar. Boltonun davranışlarına, bəyanatlarına yanaşma da bu yöndədir. Ancaq düşünmək gərək, nədən ABD Boltonun diliylə Azərbaycanın xeyrinə erməni hökumətinə basqı göstərsin. Ortadoğu projesinin həlledici aşamasında bu basqı ABD-yə nə qazandırır ki?! ABD-nin çoxillik planına əsasən Quzey İraqda Kürdüstan dövləti qurulub. O statusda olmasa da, biri də Suriyada qurulub. Yəqin birini də Türkiyədə qurmaq istəyir. Belə getsə, birini də İranda qurar. Sonra bunların hamısını bir bayraq altına gətirib, bölgədə özünün əyalət dövlətinin oluşmasını başa çatdırar. Bizə görə bu işlərin yeriməsi üçün bu projenin çevrəsində, bəlli bir dövrə qədər, sabitlik yaranmalıdır. Yəni Azərbaycanın bir neçə rayonunu qaytartdırıb onu sakitləşdirmək gərəkdir. Tərsinə olarsa, öz sınırında yeni dövlətin yaranması ilə baxışların buna yönəlməsindən (başların qarışmasından) yararlanıb, Azərbaycan ordusu Qarabağa yeriyər. Geney Azərbaycanda isə bağımsızlıq devrimi başlaya bilər. Deməli, bir neçə rayon qaytarılsa, Azərbaycan sonrakı aşamanı gözləmək siyasəti yürüdər, yəni Qarabağın statusu ilə bağlı nə olacağını gözləyər, Güney Azərbaycanın aktivliyinin genişlənməsinə də yardım eləməz. Türkiyə Ermənistanla sınırları açar, erməni hökuməti iqtisadi blokadadan çıxar, Azərbaycan da onun beynəlxalq layihələrə qatılmasına əngəl olmaz. Beləliklə, xalqını inandıran Batıyönlü bir erməni hökumət formalaşar. Rusiyanın zaman-zaman bu bölgədə siyasi etkisi azalar.

Ancaq bütün bunlar bunca sadə, asan bir məsələ deyil. Birincisi, burada Azərbaycanın strateji çıxarları ödənə bilməz. Böyük ehtimalla, Batı Ortadoğu projesinin birinci aşamasını başa çatdırandan sonra Qarabağı erməni ərazisi kimi tanıya bilər. Yön oradır.

Dediyimiz kimi, Türkiyənin parçalanması böyük planda olduğu halda, nədən Batı Azərbaycanı parçalanmaqdan qurtarmağa çalışsın ki?! İkincisi, Rusiyanın, əlini-qolunu sallayıb, Azərbaycanın ərazilərinin bərpasına göz yumması olası deyil. İllərdir Azərbaycan hakimiyyətinin “lazım gəlsə, Qarabağı iki günə azad edərik” deməsi boşuna deyil. Yəni bu, “Rusiya qabağımızı kəsməsə, erməni ilə məsələni yoluna qoya bilərik” deməkdir. Rusiya da Azərbaycanın qabağını təkcə hərbi gücü ilə deyil, həm də siyasi etkisi ilə kəsir. Heç kimə sirr deyil, Azərbaycan hakimiyyətində Rusiyayönlü kadrlar oturub. Azərbaycanın başda duranından ayaqda duranına qədər bir çoxlarının Rusiyada böyük biznesləri də var, kiçik alverləri də. Bir sözlə, Bolton lap Azərbaycanın xeyrinə addımlar atsa belə, indiki hakimiyyət Rusiyadan uzaqlaşıb onun arxasınca gedə bilməz. Üstəlik, Azərbaycanda hakimiyyətlə xalq arasındakı münasibətlər də, addımların Azərbaycanın xeyrinə atılmasına ümid yaratmır. Ona görə hər yerdən asılı olan, xalqı ilə ilişkiləri də sağlam olmayan bir hakimiyyətin verdiyi bəyanatlar, vədlər ötəri duman etkisi bağışlayır. Əgər günlərin bir günü dünyanı yönətən aparıcı güclər Qarabağı erməninin ərazisi kimi tanısalar, Azərbaycan hakimiyyəti nə edəcək ki?! Belə götürəndə, Qarabağ “Bişkek” protokolu ilə o çağlardan itirilib. Göz görəki “atəşkəs bağlaşması”ndan üzü bu yana erməni Qarabağda əməli-başlı oturuşdu.

Milli strategiyası olmayan bir hakimiyyətin yürütdüyü siyasətdən uğur gözləmək olası deyil.

Azərbaycanda Paşinyana yersiz ümidlər bəsləyənlər Batının da, Rusiyanın da Azərbaycanla bağlı qorxulu planlarını gözə almalıdırlar. Dediyimiz kimi, Türkiyə parçalanmağa hazırlanır. Bir an düşünmək gərək, Türkiyə güney-doğu bölgəsində parçalansa (ABD-nin Kürdüstan xəritəsinin sınırları bu bölgəyə düşür), Naxçıvanı kim qoruyacaq, necə qoruyacaq?..

Biz bədbin ovqat yaratmağa meyilli deyilik. Sadəcə, bir vətəndaş olaraq, rahatsızlıqlarımızı dilə gətiririk, buna borcluyuq. Göz görə-görə çevrəmizdə uçurumlar dərinləşir, biz də durub yalançı nikbinlik sorağı verə bilmərik. İstəyimiz də odur, ciddi düşünərlərin baxışları bir araya gəlsin, həyəcan təbliğatları qursunlar. Bizim də yanlışlarımıza irad bildirsinlər.

Atamız Var olsun!

27 Qar Ayı, 40-cı il. Atakənd.

(yanvar, 2019. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir