Xəbərlər

Soylu Atalı. Bu, xalqın davamlı tələbi olmalıdır

Günaydın sayğılı Vətən övladları!
Hər kəsə bəllidir, bu günlərdə döyüş bölgələrimizin od-alova bürünməsi geopolitik bir avantüradır. Bu Vətən savaşı deyil. Uzun illərdir bölgədə çıxarları olan güclər Qarabağ uğrunda savaşımızın qarşısını kəsib erməninin torpaqlarımızda oturuşmasına ortam yaradırlar. Milli varlığımıza yad olan hakimiyyətimiz də onların buyruğunda durmaqla bu işə qatqı göstərmiş olur. Düşmən hər il, hər addımda torpaqlarımızı qurtarmağımız üçün bizə səbəb verir – əsgərlərimizi şəhid edir, dinc toplumumuza güllə sıxır. Bundan yararlanmaq istəməyən hakimiyyətimiz isə çağaşırı təbliğat qurur, topluma (Elman Nəsirov kimi) zavallıları ilə ağıl öyrədir. Guya heç kimin anlamadığı, baş açmadığı bir siyasi müdriklik göstərir. Yəni biz torpaqlarımızı qurtarmaq istəsək, Rusiya erməninin yanında durub bizimlə döyüşəcək, yeni torpaqlar itirəcəyik. Beləcə, hakimiyyət illərdir xalqımızı öz qorxaqlığına ortaq eləməyə çalışır, qeyrətimizi susduraraq talançılıqla, sərvət toplamaqla uğraşır.

Biz, geopolitik durumları az-çox anlayaraq, bu düşüncəyə gəlirik ki, dünyada nə baş verməsindən asılı olmayaraq, Vətən torpağı azad edilməlidir.

Belə bir görsəniş də var, Azərbaycanın yaxın dostu qardaş Türkiyənin baxışlarını Orta Doğudan Güney Qafqaza, yəni Azərbaycan-Ermənistan toqquşmalarına çəksinlər, Türkiyənin diqqəti bölünsün, Orta Doğuya təsir imkanları azalsın. Yəni belə bir hiylə də var. Ancaq nə olur olsun, ayağa qalxıb erməniyə yerini göstərmək gərəkdir. Biz böyük oyunlara qurban hazırlanan bir dövlətik. Hansısa prosesləri gözləməklə daha böyük itkilər verməyə sürüklənirik. Eyni halda, xalqımızın mənəvi-psixoloji halı daha kritik duruma yuvarlandırılır.

İllərlə bu xalqı incitdiyinə baxmayaraq, xalq hakimiyyətinin arxasında durmağa söz verir, bunu əməli olaraq sübut etməyə çalışır. Ayrı-ayrı təxribatçı qruplar belə, sağlam xalq axımı qarşısında heç bir əngələ çevrilə bilməz. Ancaq yazıqlar olsun, xalqın bu istəklərini doğrulda biləcək sağlam bir hakimiyyətimiz yoxdur. Ona görə hər şey çətin, mümkünsüz görünür. Dövlət varsa, hər gün təbliğ olunduğu kimi, güclü ordu varsa, üstəlik xalq ayağa durub ölüm-qalım savaşı istəyirsə heç nə mümkünsüz deyil. Onsuz da bizi addım-addım parçalayıb tarix səhnəsindən sıxışdırırlar. Gücümüzü getdikcə azaltmağa çalışırlar. Gücümüz tükənəndə isə ayağa durmaq bir yana, düşünməyimizə belə imkan qalmaz. Çıxış yolu budur ki, bir an öncə casuslar gözaltına alınmalı, dövlət sağlamlaşmalı, gücünü ortaya qoymalıdır…

 

17 Od Ayı, 42-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir