Xəbərlər

Soylu Atalı. Dərd Yolu

Ürək istəyirəm
Dodaqlarımı
Söykəyim
titrəsin döyüntüsüylə.
Doldurub həşirlər qulaqlarımı,
Yaşamın yorucu görüntüsüylə.

Eh! Ürəksiz dünya, könülsüz zaman,
Niyə duyğulara qapın qapalı?!
Niyə tapılmayır, niyə, dərd qanan,
Niyə yuyulmayır dövrün babalı?!

Dərdin içindədir bugün, gələcək,
Keçmiş də bu dərddən qıraqda deyil.
Bəs haçağ ümidə vüsal gələcək?! –
Sevinc də görünmür, sırada deyil.

Nə qədər doğmadır həsrət ürəyə,
Elə hey alışır, külə dönməyir.
Hansı hikmət var ki, əlac eləyə,
Hansı qüdrət qoymur odu sönməyə?!

Qoy təkcə yürüyüm dərdin içinə,
Qoy təkcə qalanım oduna, gülüm.
Bəlkə onda biləm dərdin gücü nə,
Bəlkə dərd yazılıb adıma, gülüm.

Dərdlə yeriyirəm yollar uzunu,
Dalımca kim düşər, oddan keçirəm.
Bəlkə Amal yazıb tale yazımı,
Bəlkə Amal üstə dərdə köçürəm.

Eh! Nə çox yazıram “dərd” sözünü mən,
Yaza da bilmirəm, sevincdən yazım.
İçimi ələmdən ayıra biləm,
Bir az da dərd bilməz gülüncdən yazım.

Yox! Dərdsiz olana inanmaq olmaz,
Dərdlə sağalacaq ürəyim, gülüm.
Balaca dərdlə də vüsal doğulmaz,
Elə böyük dərddir gərəyim, gülüm.

Dərd özü dərmandır deyib ulular,
Ulunu anlayan bilər yol nədir.
Ölümlü dincliklə dolan yorular,
Yaşa, ölməzliyi bil sətir-sətir,
Dərdi yaşayanlar bilər yol nədir.

 

25 Sərt Ayı, 38-ci il. Atakənd.
(dekabr, 2016. Bakı)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir