Xəbərlər

Soylu Atalı. Dəyərləri söyməyin  

Bu günlərdə ADP-nin başçısı Sərdar Cəlaloğlunun bir internet tv-də yayımlanan müsahibəsini dinlədim. Söhbət Azərbaycanın bəzi dəyərlərindən gedirdi. S.Cəlaloğlu Babəkə, Koroğluya qarşı özülsüz, tutarsız qınaqlarla, ələşdirmələrlə yanaşır. Qaçaqlarla da bağlı düşüncələrini sərgiləyirdi. Qaçaqlarla bağlı dediklərinə yönəlik nəsə deməyə gərək yoxdur, çünkü qaçaqçılığı milli dəyər saymıram. Ancaq Babək haqqında danışanda, dediyim kimi, çox tutarsız arqumentlər uydurur. Babəkin Xürrəmilik Baxışının daşıyıcısı olduğuna toxunmur, Xürrəmiliyin hardan qaynaqlandığını, ideya-prinsiplərinin nədən oluşduğunu araşdırıb öyrənmədən danışır, ya da qərəzli danışır. Bilmək gərəkdir, dəyərlərə baxış siyasət deyil, nə də bu dəyərlər hansısa ideoloji düşüncələrlə kompromisə girməli faktor deyil.
Çoxları Babəki sovet şüurunun məhsulu sayırlar. Sovet şüuru ilə Xürrəmiliyi bir-birinə bağlayan heç nə yoxdur. Məzdəkizmin ümumiçilik prinsiplərini də Xürrəmiliyə qarışdırıb Sovet şüuruna bağlamaqda qabaqcıl təfəkkür yoxdur. Xürrəmilik ideya başlanğıcını Tanrıçılıqdan götürmüş bir baxışdır. Şirvin – İnsanla Doğanın birliyində yaşayan qüdrətdir. Bu qüdrət, insanda dönməz döyüş əzmi yaratmaqla, ölməzlik həqiqətini anladan dəyər ölçüsüdür. Babək də ərəb azğınlığına qarşı döyüşəndə bu qüdrətin işığıyla yol açırdı. Döyüşkənliyə, Yenilməzliyə inam (söhbət fiziki yenilməkdən getmir) Babəkdə olduğu qədər, dünyanın heç bir qəhrəmanında olmayıb. Çünkü Babəkdə şəxsiyyətin gücü – Döyüşkənliklə Dünyabaxışın birliyindən formalaşmışdı. Babəkdə “Ən-Əl Həqq” ideyasının parlaq bir gerçəkliyi vardı – İçində Şirvin gəzdirirdi. İçində Şirvin gəzdirəndən (əslində Həqq mənəm deyəndən) ərəbbaşlar o qədər qorxurlar ki, Babəkə qarşı Mötəsimdən daha betər böhtanlar yağdırırlar.
Koroğluya gəlincə, Sərdar bəy, niyəsə, Koroğluda ancaq qol-qıç görür, ideyaya çevrilən həyat salnaməsini görmür. Baxın, Sərdar bəy nə deyir, “Koroğlunun nəyi qəhrəmandır ki, Dəli Hasana, Dəmirçioğluna, Giziroğluna yenilir”? – Ancaq nədənsə, Sərdar bəy, Dəli Hasanların, Dəmirçioğullarının Koroğlunun buyruğuna gəlməsinin niyəsini demir. Dastandan aydın anlamaq olur ki, Koroğluda olan qol-güc başqalarında da ola bilir. Ancaq Koroğlu kimi uzaqgörənlik, tədbirli olmaq, Dədə Qorqud kimi böyüklük edib 7777 Dəlinin yaşamında nizam yaratmaq hər qəhrəmanın işi deyil. Böyük bir toplumda hamı halaldır, mərddir, ədalətlidir, bir-birinin haqqına, malına göz dikmir. Paşalardan, Xotkarlardan aldıqları da eldən, xalqdan oğurlanan sərvətdir. Məgər bu gün xalqı soyan məmurların banklara topladıqları sərvətlərin xalqa qaytarılmasını, bir partiya başqanı olaraq, Sərdar Cəlaloğlu istəməzmi?!
Koroğlunun saza tapınması, Qırata bağlanması – onların arxasında gizlənməsi anlamına gəlməz. Bu birlik Türk kimliyinin göstəricisidir. Türk atsız, sazsız doğanı sevə bilməz, göylərlə əlləşə bilməz, yəni Türk olmaz. Koroğlu, Dədə Qorquddan başlayaraq, Azərbaycan türklərinin obrazlaşmış yaşam sistemidir, bədii dillə desək, həyat salnaməsidir. Bütün bunları gözardı elədiyinə görə, Sərdar bəy Koroğluya alternativ irəli sürür – Qaraca Çobanı. Görəsən, Qaraca Çobanda, xalqa qəhrəmanlıq örnəyi kimi, nələri ölçüyə çevirir Sərdar Cəlaloğlu?! Ağasına sədaqət göstərərək yağılarla döyüşə girən Qaraca Çobanlar örnəyi həyatda azdırmı?! Burda ideya səviyyəsinə qalxan özəl üstünlük nədədir görəsən?! Bir də görürsən döyüşdə qumbara partladıb üç düşmənlə özünü öldürən bir şəhidi Babəklə tutuşdururlar. Şəhidlərimizə sevgimiz yetərincədir, ancaq böyük ideya səviyyəsinə qaldırmaq, guya şəhidi uca tutmaqdır?! Hər şey öz yerində, öz mərtəbəsində qiymətlidir…

Cəlaloğlu S.Vurğunla da bağlı danışır. Biz S.Vurğunla bağlı, 2004-cü ildə, mətbuatda ciddi araşdırmalarla çıxış eləmişdik, kitaba da, “Zamanın içində” adlı bir əsər kimi, salındı (İnamçı Harayı, Adiloğlu nəşriyyatı, 2007). Bu zaman biz, S.Vurğunun bədii gücünü, ilahi istedadını, təbiət-saz nəğmələrini gözardı eləməmişdik. Gərək ələşdirəndə də (tənqid edəndə) ədalətli edəsən…

Bir sözlə, istər dəyərlərə, istər dəyərsizliklərə qiymət verəndə, insan gərək ilk növbədə özünü görə bilsin, imkanlarını üzə çıxarıb özünü ciddi qura bilsin – Dəyərlərə Özündən baxa bilsin. Onda xeyirlə şərin yeri dəyişik düşməz.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

24 Od Ayı, 39-cu il.
(iyul, 2017).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir