Nəsimi Nəimini 1394-cü ildə tapdı, 1395-ci ildə Nəimi öldürüldü. Aşağı-yuxarı bir il birgə oldular. O çağa qədər Nəsimi sufi idi. Sufi yönlü olmasını onun yaradıcılığının ayrı-ayrı örnəklərində də izləmək olur. 1394-dən 1417-ci ilə qədər, yəni öldürüldüyü (dərisi soyulduğu) günə kimi, Nəsiminin yaradıcılığının bütün örnəkləri Hürufilik təliminin mahiyyətinə yönəlikdir. Belə götürəndə, onun Nəimiyə qədərki yaradıcılığı da böyüklüyü, yenilməzliyi insana öyrətmək yönündə idi. Dinin mifoloji çalarlarına, tarixi olaylarına, bu olaylarda adları keçən şəxsiyyətlərinə yönəlik qəzəllərini səbəb göstərib Nəsimini dindar sayanlar yanılırlar. Əgər doğru, düzgün araşdırılsa, o qəzəllərin Nəsimi adı ilə deyil, başqa adlarla (məsələn Seyid Əli) yazıldığını da görmək olar.
Nəsimi 1369-cu ildə doğulub. O, Nəimini tapanda 25 yaşı vardı. Yaradıcılığa hansı yaşından başlayıbsa, həmin yaşdan 1394-cü ilə qədərki arada Nəsimiliyi görmək, göstərmək gedişi yanlışdır. Dediyimiz kimi, Nəsimilik – onun yaradıcılığının 2-ci aşamasında, yəni 1394-1417-ci illərdə formalaşıb yetginləşmişdir. Bu aşamada isə Nəsimi dindar (islama bağlı) deyil, Hürufi olub.
Asif Ata deyirdi, Hürufilik sufilikdən bir addım önə keçdi. Ancaq bu bir addım min ilə bərabər oldu. Bizə görə bu min illik fərqi yaradan səbəb – Allaha, insana münasibətdə idi. Sufi özünü Allaha qul sayırdı, Hürufilik – insanın özünü Allah sayırdı…
Çox ilginc bir məsələdir, bu gün Asif Ataya münasibət də Nəsimiyə münasibət kimidir. Nəsiminin “Ən-əl-Həqq” çağırışını dana bilmirlər, ona görə çalışırlar Nəsimini yaradıcılığının birinci aşamasından tanıtsınlar. Bu da özünü doğrultmur, çünkü ortada Hürufiliyə bağlı danılmaz fakt, ömür, tarix var.
Asif Atanı da dana bilmirlər, çünkü ortada onun böyük ədəbi tənqid örnəkləri var. Asif Atanın yaradıcılığını, yaşamını da iki aşamaya ayırmaq olar: 1) Ədəbiyyatşünaslıqda səs salmış Asif Əfəndiyev dönəmi; 2) Bu dönəmi yetərsiz sayan, filosofluq, peyğəmbərlik düzəyinə yüksələn Asif Ata dönəmi. Bu gün hər kəs çalışır Asif Atanı Asif Əfəndiyev dönəminə bağlasın, bu dönəmlə tanıtsın. Mütləqə İnam yaradıcısı olaraq tanınmasından qorxurlar. Şəxsiyyətlərimizə bu cür yanaşmalar böyük ayıbdır, özgəliyə bac verməkdir, milli kimliyin gəlişmə aşamasına keçməsinə əngəl olmaqdır.
Biz ədəbiyyatşünaslığa gərəksiz bir sahə kimi baxmırıq. Yəni bizim yuxarıda dediklərimizdən belə bir anlam çıxarmaq doğru deyil. Biz Asif Atanın ədəbiyyatşünaslıqda sınırlanmasını, Dünyabaxış – İnam yaradıcılığının gözardı edilməsini yanlış sayırıq.
Biz millət olaraq, Milli Dəyər yaratmaq kimliyimizi yenidən göstərmək, özümləşmək yolu tutmaq şansı qazanmışıq. Bu şansı danmağa çalışanlara acıyırıq, onları qınayırıq.
İçimizdəki böyüklüyə kor baxmaq balacalığından qurtulmaq gərəkdir.
Yükümüzdən böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!
23 İşıq Ayı, 41-ci il. Atakənd.