Xəbərlər

Soylu Atalı. Dəyişiklik istəyi sorumluluq deməkdir

İnsanda daim dəyişmək, dəyişiklik etmək meyli yaşayır. Hesab eləmək olar ki, bu, olanaqda olan gəlişmə tələbindən irəli gəlir. Ancaq insanın bütün hallarda atdığı addım gəlişmə ilə sonuclanmır, geriləmələr də baş verir. Bu ona görə olur ki, olanaqda yaşayan gəlişmə tələbini insan tanıya, dərk edə bilmir. Bu halda insanın əməlləri Tələb yönündə yox, bilməzlik yönündə gerçəkləşə bilir. “Tələb” bəlirlənməsə (ölçü kimi) əməli gerçəkləşdirməyə gəlmir.
Ancaq bütün hallarda (həyatının bütün sahələrində) insan dəyişiklik, dəyişmək istəyir. Hətta cinsi istəklərində belə, dəyişiklik istəyir, sərbəst olmaq istəyir. Ruhaniyyat ondan ötəridir ki, bu dəyişiklik istəklərini yoluna qoysun, gəlişməyə yönəltsin. Nə qədər ki, insan ruhaniyyat tələbiylə yaşamır, bioloji sərbəstlik istəyir, onda onun ömrünə heyvani qanunlar etki göstərir. Heyvan üçün fərqi yoxdur, bala anasıyla, bacısıyla, çoxsaylı dişilərlə azad, sərbəst şəkildə cinsi təmasda ola bilir. Dişi cinslər üçün də bunun heç bir fərqi yoxdur, istənilən erkək cinsi yaxına buraxır. İnsanda da təbiətən belə istəklər var. Məsələn, bir kişi təkcə öz qadını ilə yetərlənmir, başqa qadınlara da meyil edir. Eləcə də qadınlarda, başqa kişilərə qarşı içdə gizli meyil yaşayır. Yaşlı qadın cavan, cavan qadın yaşlı kişiyə, eləcə də yaşlı kişilər gənc, cavan qadınlara gizli meyil edirlər. Bu da insanın təbiətən heyvana yaxın olduğuna görədir, başqa sözlə biolojiliyinə görədir. Ruhaniyyat insanı sürüləşməkdən, heyvandan ayırır, Mənaya, İnsaniliyə bağlayır, genel nizam, uyum yaradır.
İnsan ömründə ruhaniliyi yaradıb yaşatmırsa onun üçün heyvanilik ölçü olur, fəzilətlər boş, dəyərsiz görünür ona. Oğurluqlar, zorakılıqlar, qadına qarşı təcavüzlər, onu aldadıb yoldan çıxartmalar, məişət sevinci, cinsiyyət sevinci, varidat sevinci heyvani ölçü əsasında ömrə gəlir.
Asif Ata insanı özüylədöyüşə çağırır, içindəki heyvandan ayrılmağa yönəldir. İnsan özünü ruhani tərbiyə elədikcə heyvani duyğular onun ömründə gücünü, etkisini itirir…

8 Günəş Ayı, 35-ci il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir