Asif Atanın “Dairələr” başlığı altında deyimi var: “Bəşər dairəyə düşüb, çıxa bilmir – Kapitalizm- Sosializm dairəsinə; Din-Ateizm dairəsinə; Totalitarizm- Demokratiya dairəsinə”.
Məncə, bu dairələr bəşəriyyətin ruhaniyyatsızlıq sorunundan əmələ gəlir. Ya da nisbi ruhaniyyatçılıq sorunundan oluşur. Asif Atanın İnsanlıq ölçüsünə görə nisbi ruhaniyyatçılıq da elə ruhaniyyatsızlıq deməkdir. İnsanlığın ölçüsünə görə nisbilik anlayışı, yəni dəyişkən, yarımçıqlıq elə yoxluğa bərabərdir. Nisbi həqiqət – yarımdoğru deməkdir. İstənilən bir məsələnin yarısı doğrudursa, tam doğru deyilsə, deməli, yarısı da yalandır. Yalanla doğrunun qarışığı istənilən adamda ikrah doğurur. Ömrü yalanla doğrunun qarışığından oluşan adama heç kim sevgi bəsləməz, nə də güvənməz. Yarımçıq xarakter bilmirsən hansı məqamda səni aldadacaq, güvəninə dönük çıxacaq. Adamların xarakteri nisbi olduğu üçün, düşüncəsində nisbiliyə bərabər yaşayır. “Nöqsansız adam yoxdur” deyib yalanın, eybəcərliyin, dönüklüyün, fəlsəfi anlayışla desək, nisbiliyin genişlənməsinə, çoxalmasına ortam yaradırlar. Adamların düşüncəsində hər bir eybəcərliyə güzəşt olduğu üçün insani münasibətlər qurulmur. Çünkü doğmalıq yaranmır. Doğmalıq – insanlardakı üstün keyfiyyətlərə sevgidən yaranır. Üstün keyfiyyətlər yoxdursa, münasibətlərdə yaşadılmırsa doğmalıq da yoxdur. Din deyir, adam günahkar quldur, Allah isə bağışlayandır. Allah günahı bağışlayandırsa, deməli, günahın yaşayıb toplumda genişlənməsinə haqq tanıyır. Hərçəndi günahların bağışlanmaması ilə bağlı “cəhənnəm” ideyası da var. Elə bu özü nisbilikdir. Həm bağışlayandır, həm də cəhənnəm əzabı.
(Dindar deyər: Allah şans verir düzəlmək üçün, düzəlmirsə cəhənnəm gözləyir adamı. Bizə görə adamın İnsanlaşmadan yaşaması elə ən böyük əzabdır, cəhənnəmdir. Bir də insan öz mahiyyətinə yaxın buraxılmırsa, səndən asılı deyil deyə yolu bağlanırsa, şans məsələsi anlamını itirir.)…
Ziddiyyətlərlə dolu olan bir baxış doğru ola bilməz. Ona görə yuxarıda vurğuladıq ki, “dairələr ruhaniyyatsızlıq sorunundan əmələ gəlir”. Baxmayaraq dinlər var, ancaq ruhaniyyat nisbidir. Nisbidirsə, əslində yoxdur.
Yuxarıda vurğuladıq ki, günah bağışlananda artır, çoxalır, toplumun varlığına hakim olur. Bununla belə, biz günahkarın döyülməsinin, öldürülməsinin gərək olduğunu demək istəmirik. Günahkarla deyil, günahla döyüşmək gərəkdir. Bunun üçün ruhaniyyatı yalanlardan təmizləmək gərəkdir; İnsanlığa İnamı ölçüyə çevirmək gərəkdir; başqalarıyla deyil, özüylə döyüşmək gərəkdir; içindəki eybəcərlikləri tanımaq, keçici meyilləri rədd etmək, xarakteri ruhaniləşdirmək, ədaləti, xeyiri ömürə gətirmək, əməllərdə yaşatmaq gərəkdir. Bütün bu əməllər özündə ruh yaratmaq anlamı daşıyır. İnsanın ruhu xeyirlə, ədalətlə, həqiqətlə doğmalaşanda başqaları ilə münasibətlərində gözəlliklər bərpa olunur.
Ölümlə həyatın birliyi xəstəlik deməkdir. Bütün xəstəliklərin qaynağı toplumdakı ruhsuzluqda, yanlış düşüncələrdədir. Toplum ruhun nisbiliyini, bu nisbilikdən yaşamında ortaya çıxan sorunları dərk eləmir. Yalnız ruhun ağır duruma düşməsindən sonra, normal davranışları belə, itirəndən sonra adamın ruhi, psixi xəstə olduğunu bilir. İnsani münasibətlərdə, davranışlarda doğmalığın olmaması, başqasının haqqının danılması, ədalətsizliyin geniş yayılması ruhani keyfiyyətlərin itirilməsinə görədir. Ruhun nisbi olması-yarımxəstə olması deməkdir. Ədalətsizlik toplumda anormallıq sayılmır, ya da mütləq ədalətin olmasına inanılmır (“Nöqsansız insan yoxdur” məsələsi). Ancaq birisi şüurunu itirmək üzündən öz-özünə danışırsa, bunu anormallıq kimi qiymətləndirirlər. Əslində isə ədalətsizlik eləyənlə öz-özünə sayıqlayan arasında bircə addım yol var. Fəlsəfi dillə desək, nisbi ruhla xəstə ruh arasında çox az fərq var. Toplum bu az fərqi görüb dərk eləsə, nisbi ölçülərlə barışmaz, mütləq ölçüyə can atar. Nisbi ruhaniyyat kimi mövcud olan dinlərlə, insanı alçaldan quruluşlarla barışmaz. Kapitalizm nisbilikdən yaranıb, dövlət düzeyində mövcud olan xaos, anarxiya nisbilikdən yaranıb. Nisbiliyi qaçılmaz saymaq – ədalətsizliyə, şərə haqq tanımaqdır. Ona görə dünyada gedən mübarizələr uğurlu dəyişikliklər yarada bilmir. Mübarizə aparan adam ağlındakı, düşüncələrindəki nisbiliklərlə meydana girir. Ədalət istəyib yarımədalətlə barışmaq mübarizədə özünü aldatmaqdır. Dinə toxunmayıb mübarizə aparmaqla ruhaniyyat qurmaq olmaz. Eləcə də ədalətsiz quruluşun içində, tələbində mübarizə aparıb ədaləti bərpa eləmək özünü doğrultmaz. Nisbi istəklər, ideyalar toplumun düşüncəsini köhnəlikdə saxlayır, əslində geriyə aparır.
İllər öncə, hələ sovet dönəmində Dağ Borçalının Daşlı (sonrakı Kalinino) rayonunda “Hacıxalıl ocağı” deyilən bir ziyarətgah vardı. Uzaq bölgələrdən insanlar oraya ziyarətə gedərdilər. Bir yol atam da öz “vilis” maşını ilə qohumları oraya apardı. Aralarında mən də vardım. Məktəb yaşlarında idim. Qaraxaç yaylağında binə düşmüşdük. Daşlı rayonuna da oradan getmişdik. Qaraxaç yaylağından oraya bir neçə saatlıq yol idi. Hacıxalıl kişinin də basdırıldığı bir sonevlik (qəbirstanlıq) vardı. Onun yaxınlığında uçuq, köhnə anbara oxşar bir yerdə (samanlıqda ) yaşlı bir kişi gələnləri qarşılayır, meyxana oxuyub nələrdənsə danışardı. Bəlkə də yaşımın az olduğuna görə o məclis mənim üçün bir anlam daşımırdı. Ona görə içəridə oturmaq darıxdırıcı oldu. Bayıra çıxanda gənclərin, bir yerə toplaşaraq, deyib-güldüklərini gördüm. Onların şən əhvalları məni oraya çəkib apardı. Gedəndə gördüm, köhnə paltarda (yay günü olmasına baxmayaraq, üstündən palto da geymişdi) bir kişi ortalıqda fırlanır. Şalvarın balağını corablarının içinə yığmış, ayaqlarında qaloş, başında papaq, çiynində torba (içində nələrsə vardı) əlində çəlik, üzü tüklü. Gənclər onu çevrələmişdilər, özləri də gülürdülər. Soruşdum ki, nə baş verib, bu kişi kimdir? – Dedilər adı Əlləzdir, çevrəsinə çubuqla cız çəkmişik, onun içindən çıxa bilmir. Öncə inanmadım. Yaxınlaşıb cızı ayağımla pozdum. Bu anda kişi üzüaşağı qaçmağa başladı. Dedilər, xəstədir. O çağlarda ruhi (psixi) xəstə olmağın nə demək olduğunu dərk eləmirdim. Hər halda, insanın belə bir duruma düşməsinin nədənlərini bilməsəm də, acıdım. Ancaq bu kədər gözün gördüyünə, ağlın kəsə biləcəyinə qədər idi. Sonralar insanı dərk elədikcə toplumun bütövlükdə ruhi sorunlar içərisində yaşadığını düşündüm. Hər yerdə insanlar qarabasmalar etkisi altında yaşayır. İş yerimdə biri var, deyir, “mən bir iş dalınca gedərkən, yanımda kimsə “tək səbir” gətirirsə dala qayıdıram, bilirəm ki, işim alınmayacaq”. Bu cür adamlar toplumda çoxdur. Sanki onların işi, taleyi kimlərinsə burnuna düşüb qıcıqlandıran toz hissəciyindən asılıdır. Kənddə olduğum çağlarda biri mənə kağız parçası göstərib nə olduğunu soruşmuşdu. Kağız parçasında ərəb abesinə oxşadılmış cızma-qaralar vardı. Dedi, “dua” yazıblar. Dedim, sizin taleyinizi ərəb abesi, ya da ona bənzər cızma-qaralarmı bəlirləyir?! (Kimsə, ərəb abesini heç bilməyən biri, cızmalarıyla adamı aldadır, o da, ağlının korluğu üzündən bunun fərqinə vara bilmir). Bütün bu hallar qarabasmalardır, ruhi xəstəliklərdir. Din nisbi ruhaniyyat yaratdı, nisbiliklərdən oyunlar, yalanlar törədi, artdı, genişləndi- toplumsal gəlişmələrin qarşısını aldı. Ona görə Asif Ata yazır, bəşər dairələrə düşüb. Dairələrdə insanın ləyaqəti aşağılanır, dəyəri azalır. 21-ci yüzil öncəki yüzillərə bənzəyir. Asif Ata insanı dairələrdən qurtarmaq üçün yeni ölçü verir – Mütləqilik ölçüsü. Bu ölçü İnsanlaşmağın yaşamda bərqərar olması deməkdir.
Yükümüzdən böyük fərəhimiz yoxdur!
Atamız Var olsun!
11 Sərt Ayı, 42-ci il. Atakənd.
(dekabr, 2020. Bakı.)