Xəbərlər

Soylu Atalı. Dirəniş ləyaqəti imtinalarla təsdiqlənir

Topluma, istər yazılı qanunlarla, istər ideoloji etkilərlə yaşam tərzi hazırlanır. Başlanğıcda toplum heç nəyə etiraz eləmir – hara deyirlər gedir, necə deyirlər yaşayır. Yəni toplum ona hazırlanan yaşam tərzini araşdırıb öyrənmədən yaşayır. Bu, qaçılmaz bir gedişdir. Bazardan tərəvəz almırsan ki, o üzünə, bu üzünə çevirib yoxlayasan.
Ancaq seçilən həyat tərzi özündə neqativ hallar daşıyırsa, gec-tez onun pis etkisi özünü göstərməyə başlayır. Bununla da, toplumun mənəvi-əxlaqi durumunda pozuntular yaranaraq onu özünə yadlaşdırır. Hətta yağılaşdırır. Biz bunu Sovetlər dağılandan sonra daha yaxşı izləyirik.
Sözsüz ki, çox şeylərin özülü Sovetlər dönəmində qoyulmuşdu. Sadəcə rejim düşüncələrin üzünə qapalı olduğuna görə, bunun fərqinə varmaq da çətin idi. İndiki dönəmdə isə, milli pozuntuların sürətlənməsi, tam olaraq, ortadadır. Totalitar rejim anarxiya rejimi ilə əvəz olunduğuna görə (bizdə totalitar-anarxiya rejimi var), pozuntular gözlə görüləcək qədər qabarır. Düzdür, çoxluq sosial ağırlıqlar altında bu pozuntuların o qədər də fərqinə varmır. Fəlakət isə gündən-günə böyüyür, insanların üzərinə yeriyir. Biz sosial şəbəkələrdə, fəlakətin ayrı-ayrı etkilərinə etiraz edənləri də görürük. Ancaq bu etirazlar elə də kəsərli olmur. Nədən? – Bir var etiraz, bir var imtina. Etiraz başlanğıcdır, imtina isə prosesdir – gedişə dirəniş göstərmək, onun yönünü dəyişmək prosesi. Dediyimiz kimi, etirazlar olur, imtinalar isə yetişmir. Təbii ki, pozuntuya uğramış mövcud gələnəklərdən imtina eləmək asan da deyil. Bunun üçün köhnəliyə qarşı əvəz olmalıdır. Yaranacaq boşluğu doldurmaq üçün ortada ideya-məzmun olmalıdır.
Bəzən ayrı-ayrı insanlar, yaşamda yox, şüurda lokal imtinalara gedirlər. Bu zaman onlar düşüncələrində yaranan boşluğu milli-insani keyfiyyətlərlə deyil, başqa yadlıqlarla doldururlar. Yəni bir yadlıqdan çıxıb başqa yadlığın içinə girirlər. Bu isə bütöv toplumun yaşamı üçün nizam, örnək sayıla bilməz. Gərək milli-insani ideya-məzmun meydana çıxarılsın, bunun yeriməsi, yaşaması üçün ciddi əməklər çəkilsin. Bu əməklər az sayla başlasa da, getdikcə çox saya çevrilsin. Bu işdə təfəkkür yiyəsinə çevrilmək, fədakar olmaq başlıca şərtdir. Sosial sorunlar, qıraqdan yeridilən gələnəklərin arxasındakı maddi-fiziki güclər bəhanə olmamalıdır. Dirəniş – ürəyin, beynin gücü, təpəri ilə yaranır. Mən inanıram ki, Yurdumuzda bu cür oğullar, qızlar yox deyil. Sadəcə onlar, mənəvi, ideoloji baxımdan, zaman-zaman səfərbər olunmalıdırlar.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

15 Şölə Ayı, 39-cu il.
(iyun, 2017).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir