Xəbərlər

Soylu Atalı. Doğal yaşam – Toplumsal yaşam

Doğal yaşamla toplumsal yaşam arasındakı bağlılığı dərk eləmədən mənəviyyat ölçülərinin sınırlarını bəlirləmək, onunla yaşamaq çətin olur. Mümkünsüz olur da demək yerinə düşər. Bu da, əslində İnsanlığın dərk olunması anlamı daşıyır. Bunu aydınlaşdırmağa çalışaq: “İnsan necə bir varlıqdır” – bu soruya olduqca mürəkkəb, fərqli açılardan cavablar verilib. Bu cavabların içərisində uyumlu, yetərli olanları da var, yanıltmacalar yaradanları da. İnsanın yaşamı çelişkilərlə o qədər doludur ki, onun necə bir varlıq olduğunu dilə gətirmək çətin olur. Xarakter mürəkkəbliyini bu çətinliklərin nədəni saymaq olar, ancaq mürəkkəbliyin arxasında zənginliyinmi, yoxsa boşluğunmu olduğunu görməklə insanla bağlı aydın düşüncə sərgiləmək heç də olumsuz deyil. Öncə onu deyək, insandakı xarakter müxtəlifliyi, eləcə də xarakter mürəkkəbliyi onun özündə daşıdığı Məna sonsuzluğuna görədir. Ancaq bilmək gərəkdir, xarakter ömürdə nəyi ifadə eləyir –zənginliyimi, boşluğumu?! Bəs xarakterdə zənginlik nədir, boşluq nədir?! – İnsan dünyaya gəlir, böyüyür. Bu zaman o, başlıca olaraq özünün  mövcudolma şərtlərini düşünür. Əgər o, fərqinə varmırsa ki, onun mövcudolma şərtləri həm də başqasının mövcudolma şərtləridir, bu zaman o, öz növündən olanların doğal haqqını unudur. Özünüqoruma instinktləri ilə davranaraq, başqaları ilə açıq, ya da gizli mübarizə aparmağa başlayır. İnsanlar arasında qarşılıqlı etimadsızlıq hökm sürür ki, bu da toplumsal münasibətlərdə uçuruma çevrilən boşluqlara yol açır. Təbəqəçilik, ağalıq, pulçuluq, heyvani davranışlar – bu boşluqlarda yaşayır. Söz yox, mürəkkəb xarakterlərin arxasındakı bu boşluqlarda “insan necə bir varlıqdır” sorusuna cavab vermək olumsuzdur.
Bəs mürəkkəb xarakterlərin arxasındakı zənginlik nə deməkdir?! – Asif Atanın fəlsəfəsinə görə insan özündə Mütləq gəzdirir. İnsan özündəki Mütləqə (İnsanlığa) yaxınlaşdıqca xarakterində halallıq, doğmalıq, xeyirxahlıq, mərhəmətçilik, bir sözlə, özünü başqasında, ya da başqasını özündə görmək kimi qutsal dəyərlər özünü göstərməyə başlayır. İnsana birinci açıdan baxıb dəyərləndirənlər onu bioloji varlıq (ictimai heyvan) adlandırırlar. 2-ci açıdan baxanlar insanı ruhani (ilahi) varlıq sayırlar. İnsana bu iki xarakterin birliyi kimi baxmaq, onunla bağlı düşüncələri daha qarışıq bir duruma soxar.
Bizə görə insanın bioloji fakt olduğunu qabartmadan, onun daha çox ruhani varlıq olduğuna əsaslanmaq gərəkdir. Onsuz da insanın bioloji fakt olduğunu danmaq heç kimin ağlına gəlməz. Sadəcə bir həqiqəti dərk etmək gərəkdir: İnsan bioloji varlığını sürdürmək üçün başqalarının haqqına zərər verməməlidir. Yəni birgəyaşayışın ruhani nizamını qorumalıdır. Bunun üçün mənəvi ölçülər bəlirləməli, bu ölçülərə əməl etməlidir.
Dinlər mənəvi ölçülər bəlirləməyə çalışıblar, insanları bu ölçülərə çağırıblar. Ancaq insana inam olmayıb. İnsana inam olmayanda, istənilən ölçü nizam yarada bilməz.
Fəlsəfə, bədii ədəbiyyat insana inam axtarışlarında olublar. Ancaq insanın xarakterindəki mürəkkəblik dərk olunmadığına, insana ictimai nizamın pozuntularından qiymət verildiyinə görə insana inam axtarışları başa çatdırılmayıb, çağımıza kimi sorun olaraq da qalıb.
Söz yox yaşamda müsbət etkilərin olması da yox deyil. O sıradan bədii ədəbiyyatın çabaları. Böyük ədəbiyyat həm təbii həyatın uyumunu anlatmağa çalışıb, həm də, təbii həyatda ilahi məqamların olduğundan danışıb. Buna bir misal göstərmək də olar: Biz qadını ən çox evdə, məişətdə görürük. Qadın xörək bişirir, paltar yuyur, inək sağır, evinin, ailəsinin başqa qayğılarını ödəyir. Ancaq aradabir qadın toya, şənliklərə də gedir, qonaq da gedir. Bu zaman o, ən yaxşı paltarlarını geyinir, gözlərinə sürmə çəkir, saçlarına, əllərinə həna yaxır. Bayaq məişətdə köhnə paltarda, saçları dağılmış, əlləri bulaşıqlı gördüyümüz qadını tamam fərqli bir görsənişdə görürük. Bu qadın haqqında təsəvvürlərimiz genişlənir, duyğularımız yenilənir. Bir an da olsa, insanın göründüyündən fərqli olduğu düşüncəsinə yetirik.
İnsan öz evində təbii yaşamını sürdürür, toplumsal ortama çıxanda isə başqalarının zövqünü hesaba alır, təbii yaşamına bir az bəzək vurur. Bu, görsənişdə olduğu kimi, düşüncələrdə də belədir, davranışlarda da. Bu hal təbii yaşamla toplumsal yaşamın bağlılığını ifadə edir. Burada pis şey də yoxdur.
Deməli, bədii ədəbiyyatın anlatdığı təbii həyat qadının məişət başında görünməsidirsə, ilahi məqamın olmasından bəhs etməsi isə onun bəzənib toplumsal həyata çıxmasıdır. Bəzək – poeziyada özünü daha çox göstərir.
Bununla belə bu məsələlərə aydınlıq gətirmək insanı dərk eləmək açısından yetərsizdir. Bu yanaşmalar nə qədər zəngin ifadə olunsa da, insana inam yaratmağı axıra kimi doğrulda bilmir. Bayaq paralellik apardığımız bir məsələnin başqa bir çalarına baxmaqla nə demək istəyimizi bir az da sadələşdirək: Biz dedik, insan başqalarının estetik durumunu hesaba almaq üçün evindən toplumsal ortama çıxanda yaxşı geyinir, uyğun davranır. Ancaq yaxşı geyinməyin, davranışların arxasında başqa niyyətlərin də olması mümkündür. Məsələn, sosial durumu üstün olan adamlar toplumsal ortamlarda öz üstünlüklərini qabartmağa, başqalarına üstdən baxmağa meyillidirlər. Bu isə təbii yaşamda formalaşan mənəmliyin toplumsal ortamın nizamını, estetik uyumunu pozması demək olur. Belə olan halda, insanı dərk eləmək sürəci yenə də sorunlarla qarşılaşır. Səbəb isə birdir – İnsana İnam əsasında mənəvi ölçülərin olmaması…

 Atamız Var olsun!

 18 Çiçək Ay, 42-ci il. Saray-S.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir