Xəbərlər

Soylu Atalı. Erməni dəyirmanında Azərbaycanın çıxarları üyüdülür

“Siyasət” anlayışı – dövlətin, istər içəridən, istərsə də dışarıdan qorunması ilə, eləcə də dövlətin toplumu yönətimi ilə bağlı yozulan, qiymətləndirilən bir anlayışdır. Ancaq olduqca mürəkkəb, qarışıq-dolaşıq çalarlarla özünü göstərir. Bu anlayışın təsiri ilə formalaşan münasibətlər, sərgilənən düşüncələr, verilən vədlər yüzdə doxsan beş yalana dayanır, saxta olur. Bunu hamı bilir, ancaq hamı bununla barışır. “Elə-belə də olmalıdır, başqa cür mümkün deyil” kimi bir inam formalaşıb bu anlayışa yönəlik. Dinlərin uydurduğu “dünya fanidir, gec-tez qiyamət qopacaq, dünya dağılacaq” kimi anlamsız bir ehkamdır siyasətin uydurduğu ehkam. Siyasi güclər şüurda allahlaşdırılır, bütün dünyanın siyasi taleyini bu güclər bəlirləyir, bəlirləyə bilər. Başqa alternativ düşüncələr ortaya gəlmir, sözdə nələrsə deyilsə də, heç bir etkisi olmur. Elə buna görədir ki, siyasət dünyasında heç bir ədalət yoxdur, zor var, güc var. Kütləvi qırğın silahlarına yiyələnmək, dünya iqtisadiyyatının yönətiminin mərkəzləşdirilməsi – vurğuladığımız zoru oluşduran başlıca faktorlardır. Zora boyun əyməyənlərin taleyi çıxılmazlığa düşür. Bu çıxılmazlıq dövlət səviyyəsində qazanılan bir sorundur ki, bu da bütövlükdə insanlığa yansıyır. Zor istədiyi addımları atır, ancaq həqiqət dilində danışır, ədalətin təmsilçisi kimi özünü qələmə verir.

Uzaq faktlara getmədən, bunu öz dövlətimizin, öz xalqımızın taleyində izləyə də bilirik, aydınlaşdıra da bilərik. Bu gün bizim torpaqlarımız “siyasi güclər”in yardımı ilə işğal altında saxlanılır. Söz yox, siyasi hakimiyyətimiz qorxaqdır, xalqı deyil, özünü düşünəndir. Xalqla heç vaxt birliyi olmayıb, çünkü xalqın qayğısı ilə uğraşmayıb. Tərsinə, xalqı əzən, talayan rejim formalaşdırıb. Ona görə torpaqların işğaldan qurtulması ilə bağlı hərbi-siyasi addımlar atmır, atmaz. Atsa, “Beynəlxalq Zor” onu, narazı saldığı xalqının əliylə hakimiyyətdən devirər… Bu məsələdə üç tərəf qarşı-qarşıyadır: Siyasi hakimiyyət, “Beynəlxalq Zor”, bir də Əzilən Xalq. Siyasi hakimiyyətlə Xalq görünən tərəflərdir, “Beynəlxalq Zor” isə görünməyən tərəfdir. Xalq – görünməyən düşməni dövlətinin əliylə dışlayar. Dövlət isə, dediyimiz kimi, başında duranların ucbatından, xalqa yağı kəsilib. Bu səbəbdən də, görünməz “Beynəlxalq Zor” adlanan yağı, istədiyi anda Xalqla birləşə bilir. Başqa sözlə, xalqın öz siyasi hakimiyyətinə qarşı onun təşkilatçısına çevrilə bilir…

Bu, məsələnin bir cəhəti. İndi isə bir neçə daha konkret məsələlərə aydınlıq gətirək. Azərbaycan hakimiyyəti Ermənistanda baş verən siyasi olayları daim bizim toplumumuzun gündəliyində saxlayır. Sanki oradakı hakimiyyət çəkişmələri, düşmən ölkədəki siyasi xaos Azərbaycan hakimiyyətinin yürütdüyü “uğurlu siyasət”in sonuclarıdır. Bununla göstərməyə çalışırlar ki, “Qarabağ” sorunu yönündə addımlar atırlar. Ancaq süni şəkildə özlərinin fəal olmalarına inam yaratmağa çalışsalar da, heç kim artıq belə oyunbazlıqlara inanmır. İnanmaq üçün heç bir gerçək səbəb də yoxdur. Xalq hər şeyə özünə münasibətdən baxır. Sosial, siyasi hüquqları ödənməyən xalqı, hakimiyyətin qıraqda hansısa uğurlu addımlar atacağına inandırmaq olası deyil. Hər addımda haqqı danılan xalqı ölkədə həyata keçirilən tikinti-abadlıq işləri belə ovundurmur. Çünkü hər kəs artıq düşünür ki, ölkədə gedən tikinti-abadlıq işləri onların oğurlanan haqqını ört-basdır eləmək, görünməz eləmək üçün göstərilən çabalardır. Bir sözlə, bizdə talançılığın, oğurluğun, aldatmaların, ölkəni viran qoymağın adına daxili siyasət deyirlər. Belə bir “siyasət”i anlamaq üçün isə siyasi məktəb keçməyə gərək yoxdur, hamı adi gözlə də bunu görə bilir. Ölkə içində ən sadə ədalətə belə təminat verməyən hakimiyyət təmsilçiləri “Qarabağ” məsələsi ilə bağlı da erməni dezinformasiyalarından toplumumuz üçün yalançı ümidlər hazırlayırlar. Bu işdə hakimiyyətə yarınan media da özəl canfəşanlıq göstərir. Məsələn, Ermənistan Milli Təhlükəsizlik Qurumunun keçmiş rəhbəri Artur Vanetsyan Rusiyaya güvənib Qərbyönümlü Paşinyana qarşı təbliğat aparır. Bu təbliğatın bir çaları da odur ki, Paşinyan Ermənistanı Azərbaycanla Türkiyənin iqtisadi blokadasından çıxarmaq qarşılığında işğal olunmuş torpaqları boşaldacaqdır. Bundan öz xalqına qarşı yalançı ümid görsənişi yaratmaq, hakimiyyət üçün, gerçəkdən utancvericidir. Üstəlik, öz vətəninin torpaqları ilə bağlı, davranışlarını Rusiyanın istəklərinə hesablamaq daha böyük utancvericilikdir. Daha doğru anlamda dönüklükdür. Qərbyönümlü Paşinyanı Rusiya sevmir, ona görə Azərbayan hakimiyyətinin sərt bəyənatlar səsləndirməsinə yol verir. Rusiya bu davranışları erməni toplumu içərisində Paşinyanın siyasi zədə götürməsinə hesablayır. Halbuki Azərbaycana qarşı Paşinyandan daha aqressiv mövqe sərgiləyən Vanetsyanın çıxarları üstünlük qazanır. Bir sözlə, Azərbaycan hakimiyyətinin, sözdə gah loyal, gah da sərt davranışları, bu ya başqa şəkildə, erməni dəyirmanının fırlanmasını sağlayır. Bu dəyirmanda isə Azərbaycanın siyasi çıxarları “üyüdülür”.

Bölgədə bu cür gedişlər dünyanın siyasi güclərini qane edir. Özəllikcə indiki durumda. Yeni siyasi düzənlə bağlı planların çək-çevir edildiyi bir çağda, bölgəsəl siyasi probləmlərin diqqət çəkməsi güclərin arzulamadığı bir gedişdir. Ya da dirçəlməsini istəmədikləri tərəfin – Azərbaycanın doğruçu çabalar göstərməməsi gərəkdir. Ermənistanın siyasi ortamında zaman-zaman aqressiv, radikal çıxışlarla ortaya çıxanları, sürəkli şəkildə, “beynəlxalq güc”lər dəstəkləyiblər. Əsasən də Qarabağla bağlı ortaya çıxan radikalları dəstəkləyiblər. Ancaq Azərbaycanda öz torpaqlarını açıq istəyən sivil adamlar belə dəstəklənməyib, nəinki radikallar. Düzdür, Azərbaycanda öz torpaqlarını istəyən radikal qüvvə siyasi ortamda yoxdur da. Azərbaycanda Qarabağı açıq şəkildə istəyə bilən qüvvə nəinki hakimiyyətə gələ bilər, heç aktiv siyasi meydanda yer tuta bilməz. Çünkü hər şeyi “beynəlxalq güc”lər bəlirləyir, xalq bəlirləmir. Çünkü hər kəs “beynəlxalq güc”lərlə işləyir, xalqla işləmir. Xalqla işləməyən qüvvəyə isə xalq güvənməz, onu qorumaz!

Yükümüzdən Böyük Fərhimiz Yoxdur!

Atamız Var olsun!

5 İşıq Ayı, 42-ci il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir