Məhəbbətin, cismani ehtirasların xudbinləşməsimi, yoxsa Annanın düşdüyü çıxılmazlıqmı Vronskidən «hər şey heç nə, Anna hər şey» qənaəti tələb edirdi? Bunun müqabilində isə Vronskinin Annaya xaslığı bütövləşmirdi və bu tələbin qırılması – münasibətlərin inamdan məhrum olmasını sürətləndirirdi. Məhəbbət coşğunluğunda müəyyən mərhələyə qədər yaxınlaşma baş verir, – vəhdəti-vücud baş vermirsə, uzaqlaşma labüd şəkildə meydana çıxır.
Anna hisslərinin əsiri idi. O, elə hisslərin təsirində olub ki, özünü bütöv görmək çətinləşib. Anna üçün müşahidə elədiyi həyatla içərisindəki həyatın nə qədər ziddiyyətli olduğu aydınlaşdıqca onda varlığa qarşı ikrah hissi böyüyür.
Bayaqdan Anna dəlicəsinə yaşamaq istədiyi, həyatı qanmaq istəyirdi. Həyatla dil tapa bilməmək onu o qədər çaşdırmışdır ki, nə eləməli olduğunu kəsdirə bilmirdi. Çünki o, həyatı özünün arzuladığı kimi yaşamaq istəyirdi. İndi bunun mümkünsüz olduğunu gördükdə hər şey onun üçün aydınlaşmağa başlamışdı. Artıq o, həyata həyatın təsirindən baxmırdı. Anlayanda ki, bu həyatda o, itirdiklərini itirib, daha itirəcəyi heç nə qalmamışdır, – içi aydınlaşır, sərbəst mühakimələr edə bilir. Bayaqdan onu çulğayan iztirab, həyəcan ondan idi ki, Vronskiyə olan son ümidi can verirdi. Son itkilərinin fəryadı onun varlığını təlatümə gətirmişdi. Ürəyin sonuncu qapısı açılmış, könlündən keçənə qovuşmaq üçün sonuncu cəhd iflasa uğramışdı. Adamın həyatda itiriləsi bir şeyi qalmayanda ölüm ona daha yaxın və doğma olur. Anna Vronskiyə qovuşmaq səadətini düşünəndə anlamamışdı ki, onun məşəqqətli həlakəti başlayır.
Bütün dünya, həyatdakılar Annanın gözündən düşmüşdü, çünki Anna özü öz gözündən düşmüşdü. Dünya insanın özündən başlayır, öz gözündən düşürsə, dünya onun üçün mənasını itirir.
Bura qədər Anna öz şübhələriylə Vronskini bezdirdiyi üçün onun gözündən düşməməyə çalışırdı. Lakin çalışdıqca onda ikrah hissi yaradırdı, çünki Anna öz gözündən düşmüşdü. Öz gözündən düşən – başqasının gözündə ucala bilməz.
Ruhun toxunulmazlığına inanmayanda cismani yaşamağın fərəhi tükənir. Annanın ruhu məhv olduğu üçün indi onun yeganə arzusu ölümlə görüş olur.
Vronskinin anası Annanın ölümünü dərin bir kədərlə xatırlayır. Lakin bu kədər Annanın ölümü ilə deyil, öz oğlunun bədbəxtliyi ilə bağlı olduğu üçün ictimai biganəliyin təzahürü kimi görünür. O, Annada dinsizlik və pozğunluq görür. Çünki bu faciənin ictimai əsasını dərk eləmir. İnsanın həlakəti bəşəri faciəni bütünlüklə açıb göstərəndə o, din səviyyəsinə qalxır. Din də bəşərin faciəsini göstərmək və aradan qaldırmaq üçün yaranır. Hərçəndi din əsasən insandan kənarda dayanır. Burada isə insanın daxili iztirabları həyatı elə çuğlayır ki, həyatın iç qatları pərdə-pərdə açılıb görünməyə başlayır. Vronskinin anası bircə nəfərin bədbəxtliyinə acıyır – öz oğlunun. Oğluyla bir-birinə təbii olaraq ana-bala kimi bağlı olduqları üçün oğlunun iztirabları ona sirayət edir. Və o təkcə cinsi əlaqələri görür. İnsanlığın, Anna-Vronski əlaqələrində həm səadətə, həm də faciəyə bağlı olduğunu duya bilmir, bu səbəbdən də bu əlaqədə yalnız pozğunluq görür. Ölümün gözəlliyini də duymur. Bu adi ölüm deyildi. Təsadüfi, təbii fəlakət deyildi. Həyat özünü doğrulda bilməyəndə ölüm daha gözəl görünür. Və buna görə də həyat ali səviyyədə, arzu olunan kimi səadətə bərabər qurula bilməyəndə öz yerini ölümə təhvil verməsi – bəşəri məzmunda düşüncələrə işıq tutur. Tolstoy Həyat və ölüm qarşılaşmasını nə qədər cazibədar təsvir edir! Burada əslində həyat təsdiq olunur. Ali məhəbbət, ülvi səadət zədə götürəndə insan bununla razılaşmır, nisbini qəbul eləmir. Nisbidə eyni zamanda ölüm atributları var, – o bunu qəbul etmir: həyat bütöv və gözəl olmalıdır. Bu tələb həyatın həqiqi urvatını göstərir. Təkcə ana olmaq azdı. Ana balasının əzabını görür, bəşəriyyətin faciəsini isə görmür. Bəşərin faciəsini görməyəndə balanın bədbəxtliyini də dərk eləmir…
Vronskinin anası adi qadındır. Adilər isə yalnız bu cür düşünə bilər. Elə buna görə də onun günahı aradan qalxır və təkcə öz övladının əzablarına şərik olmaqla yetərlənməsi anlaşılır…
Vronski Annanın ölümündən sonra anlayır ki, onun üçün həyat Anna deməkdir. O da artıq başa çatıbdır. Bundan sonra həyatda qalmaq yalnız iztirab demək olur. Ölüm bu kimi duyğuları yenidən canlandıra bilir – əlbəttə özünün hüznlü təsirilə. Hansı qüvvə Annanı əvəz edə bilərdi ki, yaşamaq üçün Vronskiyə ümid və fərəh versin? Tolstoy sübut edir ki, həyatda ali nə varsa, insanla bağlıdır, insan üçündür.
Din də, allah da, cəmiyyət də, məişət də, təbiət də insan üçündür…
Tolstoy Annanın ölümündən sonra əsəri dayandırmır, başqa bir obrazın – Levinin diliylə həyatı araşdırır. Annanın bu aqibətinin bütövlükdə varlıqla bağlı olduğunu israr edir. Sanki əsər bundan sonra başlayır. Bu səviyyə Tolstoy xislətinin və istedadının gözəlliyindən soraq verir. O, oxucunu düşündürür və onun diqqətini kitaba, kitablara deyil, həyatın daxilinə yönəldir. Oxucunu kitabçılıq marağında məhdudlaşmağa qoymur, onu gözəl həyat sevgisinə çağırır. Var olmaq üçün həyatı dərk etməyin zəruriliyini sübut edir. Gözün görə bilmədiyini, ruhun isə bildiyini bütün aydınlığı ilə izah edir. Var ol, Tolstoy!
Əsərin Levinlə davam edən hadisələri son dərəcə ibrətlidir. İnsanın daxilində gedən gərgin axtarışlar həyatın hər cür mürəkkəb vəziyyətini çox böyük uğurlarla aydınlaşdırır və münasibətlərə xeyirin ülvi sorağını çatdırır. İnsanın özüyləgörüşü «həyat nədir», «cəmiyyət necədir» suallarına tutarlı cavablar verir. İnsan bioloji həyatın yeknəsəkliyində cılızlaşıb qalmır, öz mənliyinin tələbləri qarşısında məsuliyyətini dərk edir və həyatın təsirsiz bir ünsürünə çevrilməkdən özünü xilas edə bilir. Azadlığın müqəddəs yolu da elə buradan keçir. Azadlığa çıxmaq üçün gərgin, sarsıdıcı düşüncələrdən asılılığı qəbul etmək gərəkir. Beyni tüfeyli meyllərdən, ürəyi hərcayi nəşələrdən qorumadan səadətinə qovuşmaq insana nəsib olmur.
İnsana – ən ləziz həyat neməti, ən möhtəşəm məişət rahatlığı əbədiyyət yolunu göstərə bilmir. Adama elə gəlir ki, varidat bolluğunda onun düşünmək imkanı daha geniş olur. İnsan gerçək rahatlıq və vaxt çoxluğu ilə deyil, həqiqəti tanımaq, aramaq narahatçılığı ilə yaşamağın gözəlliyini dərk edir.
Levinin firavan həyat tərzi ömrünün heç bir mərhələsində onun daxili həyəcanlarını, sarsıntılarını əvəz edə bilmir. Daxili nizamın əsasında həqiqət yoluna düşmək bacarığı durur. Levinin tərəddüdləri, sarsıntılardan doğan fikir dəyişkənliyi ona həqiqətə qovuşmaq səadəti bağışlayır. Levinlə ilk tanışlıqdan, yəni əsərin lap əvvəlindən biz onun gərgin axtarışlarda olduğunu müşahidə edirik. Levinə elə gəlir ki, onun əsas qayğıları yalnız ailə qurmaq məsələsiylə bağlıdır. Əgər nəzərə alsaq ki, Levinin ailə qurmaq yaşı da ötüb keçir, onda onun narahatçılığının məhz bundan ibarət olması zahirən heç bir şübhə doğurmaz. Lakin taleyinin mürəkkəbliyi ilə Levinin özünü nəhəng sınaqlar qarşısına çəkdiyini izləməli oluruq.
O Kitini sevir. Onun sevgisi təmiz, müqəddəs bir sevgidir. O, öz sevgisinə qarşı hansı münasibətin olacağını bilmir. Ona görə də həyəcanlı, əzablı anlar onu təqib edir. Çünki o özünün varlığının mənasını bu anda məhz bu məhəbbətin uğurla vüsala çevrilməsində görür. Levin ilk dəfə Kitiyə məhəbbətin həyəcanlı çağırışıyla baxanda, onun üçün bütün axtarışlarının, həyatın hər cür gözəlliyinin məzmunu bu baxışda cəmləşmişdi. O, özünün bütün suallarının cavablarını da bu əlaqədə tapacağına ümid bəsləyirdi. Və nəhayət, onun bütün həyat axtarışlarının mərkəzində Kitiyə yönələn izdivacının durduğunu düşündüyü bir vəziyyətdə rədd cavabı alması dünyanı gözündə qana çalxalayır. Bu vəziyyətdə onun üçün həyatın mənasının nədən ibarət olduğunu, yaxud olacağını təsəvvürünə gətirə bilmir. O dərəcədə gərgin yaşayır ki, nə üçün ölmədiyini, niyə yaşamalı olduğunu kəsdirə bilmir. Bioloji həyatın yeknəsəkliyi onu iyrəndirir. Ali münasibətlərin olmadığı, insanın özünü tanımadığı, dərk eləmədiyi bir həyatda yaşamağın əhəmiyyətini görə bilmir. Bundan sonra onun ağlını həyat haqqında deyil, ölüm haqqında düşüncələr qaplayır. Uzun müddət o bu ağır hisslərin təsiri altında yaşayır. Həyatda nəyə inansın, nəyi sevsin, necə sevsin – bu sualların cavabı tapılmayanda insan həyatda yaşamağın gərəklimi, gərəksizmi olduğunu ayırd edə bilmir. Levin etiqadsız yaşaya bilmir. Fəqət o özünü qanmadığı, hamının kor-koranə yapışdığı etiqada tapşıra bilmir. Onu həqiqi etiqad, mütləq səmimiyyət düşündürür. O, dindəki zahiriliyi görür və onu bütünlüklə yalan və gərəksiz sayır.
Levin həyatın əsasında inamı oyuna çevirən ibadətçiliyin deyil, insana həqiqi insani münasibətin durmalı olduğunu düşünmək və buna görə də xidmət göstərməkdən fərəhlənmək istəyirdi. O, öz dediyi kimi zehni məqsədlər üçün deyil, həyat üçün gərəkli addımlar atmağı doğru sayırdı. Lakin bu həyat nədir axı? Levin burada ilişirdi.
Kiti – saf, məsum bir qız olmaqla yanaşı hələ həyatda öz müstəqilliyini yaratmayan və dərk etməyən bir qızdır. O öz duyğularının körpə sevincləri ilə yaşadığı üçün həyatına daxil olan gözlənilməz uğursuzluqlar onun inamına sarsıdıcı zərbələr vurur və uzun müddət məşəqqətli bir ömür sürməli olur. Tolstoy özünün bu gənc obrazını müxtəlif mürəkkəb şəraitlərə çəkib aparmaqla onda yeni daxili keyfiyyətlər üzə çıxarır. İnsanı çətinliklərlə görüşdürüb mətinləşdirir və ləyaqətli həyat qurmağa sövq edir. Burada ailə məsələsinin son dərəcə ciddi olduğunu da hər an diqqətə çatdırır. Deməli, insan sevir və bu sevgisi əsasında ailə qurmayanda sarsılır, həyat onun üçün az qala mənasını itirir. Lakin bir müddət dözümlə yaşayandan sonra bəlli olur ki, bundan sonra da yaşamaq mümkündür, həyat davam edir. Amma bu davam edən həyat insanın itirdiyi səadəti ona qaytara bilmir. Kiti Vronskini sevirdi. Lakin demək olmazdı ki, bu sevgi Kitinin daxili mənliyinin hökmdarı idi, o Vronskiyə sadəcə məsum duyğularının və anasının gözüylə baxmışdı.
Sonralar Levinin yeni izdivacı Kiti üçün, ümumən Şerbatskilər ailəsi üçün səadətin üzündən pərdəni götürür və çətin anları arxada qoyur. Kitinin qəlbindən ötən günlərin ağrıları götürülür. Bəlkə də Kiti öz xoşbəxtliyini indi tapır. O daha sevimli və cazibədar görünür. Adam öz xoşbəxtliyi ilə bir olanda bütün insanlara, hadisələrə sevginin gözüylə baxır. Adam xoşbəxt olanda duyğuları saf və sağlam olur.
Levinin də bu izdivacdan sonra qəlbi sevgi işığına elə qərq olur ki, ölüm haqqında, yox olmanın vahimələri haqqındakı çırpınmalar onun daxilini tərk edir. Kitidə başqa qızlardan fərqli nə var idi ki, Levinə bu cür estetik bir həyat bağışlayırdı?! Adam ilahi bir sevgi ilə vurulduğu adamı çox vaxt dərindən tanımır. Və niyə sevdiyini də çox vaxt bilmir. Məhəbbətdə bir bilməzlik də var. O içəridən gəlir və adamın bütün varlığını qaplayır. Məhəbbətin ilahiliyi elə bundadır. Bundan sonra Məhəbbət dərk olunsa da, öz ilahi qüdrətini azaltmır, – inamı təsdiq edir. Bu inam Levinə varlığın dərki istiqamətində yeni qapılar açmağa imkan verir. Məqamın bu dərəcədə həlledici qüdrətə malik olması bədii təxəyyülün və ya şairanə etirafın təzahürü deyil, həyatı duymağın və sonrakı taleni müəyyən etmənin əsrarəngiz gəlişi və ecazkar təsir eləmək imkanıdır! Levin düşüncələri ilə gerçək həyat arasındakı uyğunsuzluğu mühakimə edir. Hər dəfə ömrünü təbii həyatın tələbləri ilə təmin etməyini də özünün suallarının həqiqi cavabı olduğunu zənn edir. Lakin hər dəfə o, yeni suallar qarşısında qalır. Sakit vəziyyətdə onun zehni imkanları dini, onun elan elədiyi ilahi qüvvənin gerçək həyata təsirini qəbul etmədiyi halda, Kitinin doğum ərəfəsində qeyri-ixtiyari olaraq İlahi qüvvədən imdad diləməsi və Kitinin xilasını da məhz Allahdan rica etməsi onun axtarışlarının çox ziddiyyətli durumda olmasını sübut edir.
Həyat haqqında düşüncələr, daxili axtarışlar və gerçəkliyin öz qanunları, gedişatı, bütün bu ziddiyyətli görünən dünya, Təbiət Levinin öz daxilində bir müəyyənliyə gəlib çıxmasına mane olurdu. Artıq Levində vəziyyətin özü özünü izah eləməyə başlamışdı – daxilin ali kəşfləri bunu deməyə əsas verirdi.
İnsan yaxşı yaşayıb pis düşünürsə həyatı mövcud edən şərtlər icra olunur, amma həyat ifadə olunmur, başqa sözlə, mənasına layiq olmur. Həyatı qanmayanda o, mənasına deyil, mənasızlığa uyğun olur. Həyat dərk olunanda insan gözəlliyi seçir, eybəcərliyi seçmir. Müqəddəslik də bu səviyyədə yaşayır. İnsan intuitiv olaraq yaxşı iş görəndə müqəddəslik görünüb yox olur, yaşamır. Görünüb yox olmaq – yaşamağın əlaməti deyil, həyatla ölümün (olmaqla olmamağın), varlıqla yoxluğun əvəzlənməsinin əlamətidir.
Levin ata da olur, firavan həyatı davam edir, lakin onun məna axtarışları başa çatmır. Onun üçün həm həyat var, dünya var, məişət var, təsərrüfat var, həm də bu həyatda, bu dünyada onun öz həyatı, öz dünyası var. O, cismani həyata zəruri olaraq nə qədər tez-tez baş vurmağa məcbur olsa da, dərhal öz sevimli dünyasına qayıdır, özüylə təması bərpa edir.
Levin ona təklif olunan etiqada doğmalaşa bilmirdi. Özünün tapmaqda olduğu və dərk etməyə çalışdığı həqiqət isə onun üçün təkrarolunmaz, əlçatmaz bir etiqada çevrilməkdə idi. Etiqad daxilin aydınlığında yaşaya bilər və buradan dünya başlaya bilər. Etiqad kortəbii təsirə malik olanda dünya nəinki gözəlləşmir, əksinə, gözəlliyindən məhrum olur.
İnamsız kimi tanınan Levin əslində əsl din axtaran fərddir. Elə bir din ki, o insanı aldatmadan onu həyatın bütün sirlərinə doğmalaşdırsın və etiqadda hər cür saxtakarlığı aradan qaldıraraq insanla dünyanın həqiqi əlaqəsini dərk etməyə yardımçı olsun.
Kiti inamsız tanınan Levinə çox inanırdı. Çünki o, Levinin daxilində gedən axtarışları dərk etməsə də, bu axtarışların təzahürlərini müşahidə edib görürdü. Levin hamı kimi yalandan və qorxudan kortəbii olaraq inana bilmirdi. O, həqiqəti bilmək istəyirdi. Hamı həqiqəti kilsədə axtarırdı, Levin isə öz daxilində. Hamı yaxşı əməlləri kilsədən gözləyirdi, Levin isə özü həyata keçirməyə can atırdı. Allah – kilsənin uydurması kimi hamıdan kənarda idi, Levinin isə öz içində idi. Hamı Allahdan həyata yaxşılıq göndərməsini rica edəndə Levin bu çağırışın insana yaraşmayan yalan olduğunu düşünürdü. Kiti hamının Allahdan umduğunu, – dərk etməsə də, Levində öz gözləri ilə görürdü. O, dərk etməsə də, səadətlə təmasda idi. Levin də bütün bu gedişlərin mahiyyətini axtarırdı. Levin öz axtarışlarının həyatda cücərtilərini görmək üçün fikirlər dənizinin coşğunluğuna atılırdı. Daxildəki tapıntını həyata keçirmək çox çətindir. Bu çətinliyi – Ruh və bədən təzadı yaradır. Bu səbəbdən də gərək özün ruhuna bənzəyəsən ki, bu cür ali istəkləri həyata keçirmək mümkün olsun.
Naqisliklərdən təmizlənmək, ruhaniyyata bənzəmək çətin mərhələdir. Təmizlənməyin necəliyi min illərdir bəşəriyyəti düşündürür. Ömrə ruhun gəlişi o vaxt mümkün olur ki, ruhun nəliyi bilinsin. Yüzillərdir bəşəriyyət başqa şeyləri ruh adlandırıb ömrə gətirir, bu isə istəniləni doğrultmur. Yalnız ayrı-ayrı böyüklər həqiqətlə görüşə biliblər. Lakin bu həqiqəti bəşəriyyətə verməyin üsullarını tapa bilməyiblər.
Mənəviyyatdan asılı olmayanların yaratdığı dünya Mənəvi keyfiyyətlərə qol-qanad verə bilməz. Bu dünya Tolstoyun istədiyi dünya deyil. Onun üçün dünyanı (onun halını, şəraitini) başqaları yaradıblar, özü də çox pis yaradıblar. Pis dünyada özünü xoşbəxt hiss eləmək mümkün deyil. Ona görə də o, öz dünyasını yaratmaq haqqında gərgin düşünüb, gərgin yaşayıb. Elə bir dünya ki, sevgiyə, müqəddəsliyə istehza yoxdur. Elə bir dünya ki, inamı oyuna çevirmək mümkün deyil.
İnam Ata Ocağı olaraq, biz də belə bir dünya yaradırıq və insanları bu ülvi dünyaya səsləyirik. Gələcəklər onlar, – yeknəsək, cansıxıcı dünyadan bizim ülvi dünyamıza.
Fəqət bu dünyanı biz ciddi yaratmalıyıq, uydurmalı deyilik. Böyük sözlərdən pərdə tutmayaq üzümüzə. Bizdən kənardakı dünyanın bizə göstərdiyi oyuncaq «səadət»dən imtina edək. Bizi şirnikdirmək istədiyi yalançı nemətlərə həvəslənməyək. Qurban verməyək öz dünyamızın dəyərini, fərəhini dəbdəbəli çağırışlara, aldadışlara. Yalanın üzünə gülməyək, həqarətin üzünə qapı açmayaq. Dünyamıza biclik nəfəsini yaxın qoymayaq, məkr sədasını yaxın qoymayaq, əyri baxışları rədd edək. Müqəddəsliyi qoruyaq – Dünyamızdan müqəddəslik odu götürsünlər. Özümüzün ruhani dünyamızda Tolstoylara havadar çıxaq ki uluların axtarışlarının sirli, sehrli gözəlliyi yaşama gəlsin.
22-29 Günəş Ayı, 26-cı il.
Atakənd. Saray-Soylu.